Prezidentlər bu məsələləri müzakirə etdilər

Prezidentlər bu məsələləri müzakirə etdilər

 

Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında görüş 4 saat davam edib. Bu, iki ölkə prezidentinin cari ildə artıq beşinci görüşüdür.

İki ölkə prezidentləri əvvəlcə məhdud tərkibdə, sonra isə geniş tərkibdə görüş keçiriblər. Danışıqlardan sonra prezidentlər mətbuat üçün bəyanatlarla çıxış ediblər.

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, iki ölkə arasında əmtəə dövriyyəsi ötən 9 ayda 36 faiz artıb. Qarşılıqlı ticarət məhdudiyyətləri aradan qaldırılıb, Türkiyədən bir çox məhsulların Rusiya bazarına idxalına yenidən başlanılıb.

Rusiya lideri enerji sektorunun inkişafının da diqqət mərkəzində olduğunu deyib. Onun sözlərinə görə, “Akkuyu” və “Türk axını” layihələrinin inkişafına xüsusi diqqət yetirilib. V.Putin “Rosatom” şirkətinin tezliklə “Akkuyu” AES-in tikintisinə başlayacağını və ilk reaktoru 2023-cü il, Türkiyə Respublikasının 100 illik yubileyi münasibətilə istifadəyə verilməsinin planlaşdırıldığını diqqətə çatdırıb.

Tərəflər Suriya münaqişəsinin nizama salınması, münaqişədən sonra bərpa dövrü ilə bağlı məsələləri müzakirə ediblər. Rusiya Prezidenti qonağa ABŞ Prezidenti Donald Trampla Suriya Sülh bəyannaməsinin qəbul edilməsi, Tehrana səfəri barədə məlumat verdiyini söyləyib. Türkiyə və İranla birgə fəaliyyətin nəticələr verdiyini bildirib. Görüşdə Suriyada BMT-nin himayəsi altında münaqişənin həllinə nail olunmasının vacibliyi vurğulanıb. V.Putin Türkiyə Prezidenti ilə qeyri-rəsmi görüşlər ənənəsini yüksək qiymətləndirib, bu görüşlərin operativ, bürokratiyadan uzaq şəkildə və müsbət nəticələrlə keçdiyini qeyd edib.

Öz növbəsində Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu, onun cari ildə Rusiyaya 3-cü səfəridir. O, budəfəki görüşdə Rusiya lideri ilə münasibətlərin dərnləşdirilməsi, Yüksə Səviyyəli Əməkdaşlıq Şurasının 7-ci iclasının keçirilməsi barədə razılığa gəlindiyini söyləyib. Tərəflər kənd təsərrüfatı məhsullarının ixracı, eləcə də “Akkuyu” və “Türk axını” layihələrinin reallaşmasını müzakirə ediblər. Türkiyə Prezidenti Rusiya Prezidentini “Akkuyu” AES-in təməlqoyma mərasiminə dəvət edib. Rəcəb Tayyib Ərdoğan 2018-ci ildə qarşılıqlı Türkiyə və Rusiya illərinin keçirilməsi barədə razılıq əldə olunduğunu da söyləyib.

Suriya münaqişəsinin siyasi yolla həlli üçün zəmin yarandığını, iki ölkə arasında münasibətlərin yeni səviyyəyə qalxdığını qeyd edən Türkiyə lideri tərəflərin bu əməkdaşlığı daha da genişləndirmək əzmində olduğunu da bildirib.

Fəridə Abdullayeva

.

 

 

14 Noyabr 2017 08:20
http://strategiya.az/?do=xeber&id=104002