"Orada bir evim var"

"Orada bir evim var"

 

İnsan olaraq, vətəndaş olaraq hər kəsin borcudur ki, tarixini bilsin və onun əlamətdar və eyni zamanda bu və ya digər səbəbdən unudulmaz olan günlərini xatırlasın və xatırlatsın.
Qan yaddaşını xatırlatmaq və özü də unutmamaq isə ən vacib vətəndaşlıq borcudur. Ağır da olsa qeyd edirik ki, bu gün Şuşamızın işğalından 26 il ötür. Lakin biz inanırıq ki, gün gələcək bu tarix qələbə günü ilə əvəzlənəcək. Şuşa hər birimizin bir gün yenidən açmaq ümidi ilə açarını ürəyimizdə daşıdığımız qapımızdır.

"Bu gün hər birimiz Şuşanı öz evimiz, ocağımız bilməliyik. Şuşa hər birimizin qapısı bağlanan evimizdir. Biz öz gücümüzlə, mübarizəmizlə o qapını açmalıyıq və bundan sonra Şuşanın qədrini bilməliyik. Mən Şuşanı görməmişəm, amma mənə elə gəlir ki, Şuşa mənim evimdir. Qarabağ məsələsində iqtidar və ya müxalifət olmasından asılı olmayaraq hamımız bir düşüncədə olmalı, bir amal uğrunda mübarizə aparmalıyıq”.

"Orada bir evim var"

Orada bir evim var,
qapısını bağlayıb,
açarı ələ keçməsin deyə
ürəyimdə gizlətmişəm.
Min ildir ömrümü götürüb
o evdən səfərə
çıxmışam.
Orada mənim bir evim var,
şamlarını yanılı
qoymuşam, –
qayıdan yollarıma
işıq düşsün...
Orada mənim bir evim var, 
qapısında gülləri
qayıdacağımı eşidib, 
təzədən çiçəkləyib.
Yuxuda o gülləri öpən
küləklər
müjdəyə gələr,
gözləyən var,
tələs, 
tələs – deyər. 
O evdə bir beşiyim var,
əvvəl mənim olub,
indi körpəsiz yellənir.
Körpəliyimin ağlaması 
hər gün yuxuma gəlir.
Orada bir evim var,
qapısında hörümçəklərin yazdığı
ayrılıq dastanı,
görən tapılacaqmı
bu xəttin oxuyanı?!
Orada tək qoyub gəldiyim,
gözləri yol çəkən,
məndən küsən
bir evim var.
Bağında hüt-hüt quşu oxuyar.
Deyirlər məni çağırar:
– İtən yolu tapdın? 
– Yox!
– Gəlib çıxdın? 
– Yox!
– Bu evin açarını tapdın? 
– Yox!
Biri sual, biri cavab,
ömrüm beləcə,
otaylı, butaylı
sual-cavab.
Gərək vaxtında çatam,
çatmasam,
o qapını kim açacaq?
Çatmasam, o evdəki
divarda xalı üstəki
qılınc da paslanacaq.
O qılınc sıyrılan gün
Şuşadan Təbrizə
yol görünəcək.
Sonra, sonra
bu qılınc Tanrıdan
dualı don geyəcək,
Üçrəngli bayrağa
dönəcək,
Şuşada yellənəcək,
Savalanı öpəcək.
“Oxay!” deyəcək
bütövləşən torpaq,
sağalan torpaq...
Orda bir evim var,
Eheyy! Açılan yollar,
yaxınlar, 
gözü yolda qalanlar!
Orda min ildir məni gözləyən
ruhumun evi var.
Tanrım, 
möhlət ver mənə,
ömür ver mənə,
gedim, evimi görüm,
gedim evimdə
ölüm.

 

.

 

 

08 May 2018 13:01
http://strategiya.az/?do=xeber&id=121650