Heydər Əliyev və milli dövlətçilik təlimi – azərbaycançılıq

Heydər Əliyev və milli dövlətçilik təlimi – azərbaycançılıq

 

“Milli mənsubiyyət hər bir insan üçün onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”

Heydər ƏLİYEV
Ümummilli lider

 


Dünyada təxminən irili-xırdalı 5000-dən artıq xalq mövcud olsa da, BMT iqamətgahında bayrağı dalğalanan müstəqil dövlətlərin sayı bu gün 200-dən bir qədər çoxdur. Azərbaycanın da bu sırada öz yerini tutması xalqımızın böyük tarixi nailiyyəti kimi qiymətləndirilməlidir.
Hər bir xalqın müstəqil dövlət quruculuğu yolu bir sıra mühüm daxili və xarici amillərlə şərtlənir. Azərbaycan xalqı əlverişli tari­xi şəraitdən və özünün siyasi, iqtisadi, mədəni və intellektual potensialından istifadə edərək XX əsrin sonunda öz istiqlal arzusunu gerçəkləşdirmişdir. Azərbaycanın müstəqil dövlətçilik tarixinin təhlili göstərir ki, dövlət qurmaq kimi çətin, mürəkkəb və şərəfli missiyaya iradəli, geniş və qlobal dünyagörüşlü, xalqın dəstəyinə malik və onun milli liderinə çevrilmiş şəxs rəhbərlik edə bilərdi. XX əsrin 90-cı illərinin sonunda Azərbaycanda belə rola iddia edə bilən və bu işlərin öhdəsindən gəlmək iqtidarında olan yeganə lider Heydər Əliyev idi.
Müstəqillik tarixinin araşdırılması ümummilli lider Heydər Əliyevin belə bir əsaslı fikrini təsdiq edir ki, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun qorunub saxlanılması, yaşadılması, daimi və əbədi edilməsi bundan da çətindir. O, 1993-cü ildəki müraciətlərindən birində qeyd edirdi ki, “Azərbaycan xalqının əsrlər boyu qəlbində yaşatdığı, həsrətini çəkdiyi günlər gəlib çatmışdır. Müstəqilliyi qazanmaq, dövlətin tam müstəqil olmasına nail olmaq üçün xalqımız çətin yollardan keçmişdir. Ancaq müstəqilliyi qorumaq, əldə saxlamaq, möhkəmləndirmək, dövlətin tam müstəqilliyinə nail olmaq, vətəndaşlara müstəqil dövlət şəraitində layiqli həyat şəraiti təmin etmək daha çətindir”(1).
Heydər Əliyevin əməli və nəzəri fəaliyyətinin mühüm bir hissəsini onun milli dövlətçilik təlimi, milli-mənəvi və ideya-siyasi dünyagörüşü təşkil edir. Onun bu sahə üzrə toplanmış zəngin irsinin tədqiqi təkcə bugünkü ictimai-siyasi dairələr üçün deyil, həm də gələcək nəsillər, Azərbaycana rəhbərlik edəcək bütün liderlər üçün örnək rolunu oynamağa layiqdir. Müasir Azərbaycanın möhkəm özülünü qoymuş bu tarixi şəxsiyyətin ideya dünyası onun davamçılarının yoluna həmişə işıq salacaq.
Heydər Əliyevin ideya və fikirləri, həyata keçirdiyi siyasət Azərbaycan şəraitində sosialist ictimai-iqtisadi sistemindən yeni cəmiyyətə keçidin elmi-nəzəri əsaslarını yaratmışdır. İmperiya və sosialist sistemindən azad olaraq müstəqillik yolu tutmuş, lakin region və dünya güclərinin üst-üstə düşməyən, kəsişən maraqları ilə üz-üzə qalmış, qloballaşan dünyada öz yerini axtaran, maraqlarını qorumağa çalışan gənc Azərbaycan üçün Heydər Əliyevin dövlətçilik təlimi əsl fəaliyyət strategiyası idi. Uzun illər öz dövlətçiliyindən və milli-mənəvi köklərindən ayrı salınmış, milli və dövlətçilik maraqları tapdanmış Azərbaycan xalqının özünəqayıdış və özünütəsdiqində Heydər Əliyevin əməli fəaliyyəti və ideya-siyasi baxışlarının çox böyük rolu olmuşdur.
Heydər Əliyev 1993-cü ildə yenidən Azərbaycanın rəhbərliyinə gələndə bitkin dövlət konsepsiyasına malik idi. Bu konsepsiyanın bəzi tezisləri onun 1992-ci ildə Azərbaycan ziyalılarına ünvanlanmış müraciətində və Yeni Azərbaycan Partiyasının proqramında öz əksini tapmışdır. Bu müraciətdə tezislər şəklində həmin dövrün ictimai-siyasi vəziyyəti, müstəqil dövlət quruculuğunun şərtləri, regionumuzda və beynəlxalq aləmdə baş verən hadisələr və cərəyan edən proseslərin xarakteri, Azərbaycanın daxili vəziyyəti, başlanmış iqtisadi, siyasi və milli böhran və ondan çıxış yolları və s. taleyüklü məsələlər özünün əsl elmi-nəzəri cavabını tapmışdır.
Heydər Əliyevin dövlət təlimində güclü dövlət anlayışı və özünün bütün atributları ilə birgə onun iqtisadi, siyasi, sosial və mənəvi əsasları öz əksini tapmışdır. Heydər Əliyevin düşündüyü güclü dövlət təkmil mərkəzi və yerli idarəetmə mexanizmi, ictimai-siyasi həyatı sabit, işlək qanunları, ədalətli cəmiyyəti olan, insanları dəyərləndirilən və qabiliyyətinə görə proseslərə cəlb edilən, milli birliyə malik bir sistem tələb edirdi.
Heydər Əliyev hər bir dövlətin varlığının əsasını təşkil edən iqtisadi inkişafı dövlət həyatının ən vacib vəzifəsi hesab edirdi. O, öyrədirdi ki, dövlət qurarkən cəmiyyətin yaşam tərzini, ictimai həyat normalarını, idarəçiliyi, qanunçuluğu, sabitliyi, vətəndaş birliyini, milli həmrəyliyi, beynəlxalq təhlükəsizliyi və s. vəzifələri o zaman dolğun və davamlı təmin etmək olar ki, dövlətin iqtisadiyyatı normal vəziyyətdə olsun və qarşıya qoyulmuş məqsədlərə cavab versin.
Heydər Əliyevin Azərbaycanın gələcək müstəqil milli inkişafı ilə bağlı siyasi dünyagörüşü və konseptual yanaşması ilk dəfə hələ SSRİ dağılmamışdan qabaq - 1991-ci ilin əvvəllərində Azərbaycan parlamentinin tribunasından səsləndirdiyi fikirlərdə öz əksini tapmışdır. Azərbaycanın yeni şəraitdəki inkişafı ilə bağlı onun həmin dövrdə parlament müzakirələrində səsləndirdiyi fikirlər, təklif və mülahizələr, mütəxəssislərin fikrincə, müstəqilliyə doğru uzanan yolda rastlaşılan yeganə rasional, praqmatik və uzaqgörən fəaliyyət nümunəsi idi (4). Heydər Əliyev hər bir Azərbaycan vətəndaşını milli əxlaqa və güclü iradəyə malik, qlobal və azad düşüncəli, təşəbbüskar, fəal, ölkədaxili və beynəlxalq proseslərdən baş çıxara bilən, təhsilli, ədalətli, vətəni və xalqı üçün gərəkli insan kimi görmək istəyirdi. Heydər Əliyev nəinki müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirdi, eyni zamanda Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında səfərbər edən milli təlim -azərbaycançılıq ideologiyasını da yaratdı.
1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndə Azərbaycanda keçmiş kommunist ideologiyasından imtina edilmişdi. Lakin xalqı səfərbər edən, onun kimliyini, yaratdığı dövlətin xarakterini, milli-mənəvi dəyərlərini qoruyub saxlayacaq və yönəldəcək milli sistem və ideya da ortaya qoyulmamışdı. Keçmişin bütün varlıqlarından, o cümlədən elmi, intellektual, mənəvi, ictimai dəyərlərindən total imtina meyili Azərbaycanda, sözün həqiqi mənasında, ciddi ideoloji boşluq yaratmışdı. Əlbəttə, cəmiyyətin ideyasızlaşdırılması meyili bir tərəfdən keçmiş kommunist rejiminə nifrətdən qaynaqlanırdısa, digər tərəfdən 1991-1993-cü illərdə Azərbaycanı idarə edənlərin aydın məqsəd və məramının yoxluğundan, idarə etdikləri dövlətin siyasi, iqtisadi, mədəni, mənəvi inkişafı haqqında dolğun təsəvvürə malik olmamasından irəli gəlirdi.
Heydər Əliyevin dövründə Azərbaycan vətəndaşlarını vahid amal, ideya və məqsəd ətrafında birləşdirəcək milli ideologiyanın yaradılması dövlət siyasəti səviyyəsinə qaldırıldı. Bir faktı xüsusi vurğulamalıyıq ki, başqa sahələrdə olduğu kimi milli ideoloji baxışlar sisteminin formalaşmasında da Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin varislik prinsipini saxladı və vaxtilə onların birləşdirici ideya kimi irəli sürdüyü azərbaycançılıq ideologiyasına müraciət etdi. Heydər Əliyev qeyd edirdi ki, milli ideologiya tarixi keçmişimizlə, millətimizin adət-ənənələri, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olmalıdır.
Məlum olduğu kimi, azərbaycançılıq ideyasının tarixi son iki əsri əhatə edir. XIX əsrin milli maarifçi hərəkat nümayəndələrinə qədər azərbaycançılıq əsasən vətənçilik, vətənsevərlik mənasında işlədilirdi və onun milli səfərbəredici təsiri çox aşağı idi. Lakin XIX əsrin maarifçilik hərəkatı nümayəndələri, xüsusən M.F.Axundov, A.Bakıxanov, H.B.Zərdabi, N.B.Vəzirov, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, N.Nərimanov və başqaları azərbaycançılığı xalqımıza qarşı həyata keçirilən işğalçılığa, milli məhrumiyyətlərə müqavimət reaksiyası, tarixi yaddaşın qorunması, ana dilinin, milli adət-ənənələrin, mənəviyyatın yaşadılması, inkişafı, milli şüurun oyanışı və s. vasitəsi kimi təbliğ edirdilər.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları ilk dəfə azərbaycançılıq ideyasını bir az başqa məzmunda dövlət siyasəti səviyyəsinə qaldırmağa cəhd göstərmiş və Cümhuriyyətin fəaliyyətini bu ideya istiqamətində qurmağa çalışmışlar. Lakin Xalq Cümhuriyyətinin süqutu ilə azərbaycançılıq ideyası da sıxışdırılaraq kommunist ideologiyasının kölgəsinə salınmışdır.
Sovet dövründə azərbaycançılıq ideyası yalnız bədii əsərlərdə, adət-ənənələrdə yaşamış və təbii ki, dövlət ideologiyasına çevrilə bilməmişdir.
Lakin bir faktı xüsusi vurğulamalıyıq ki, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə - 70-80-ci illərdə azərbaycançılığın inkişafı üçün əlverişli ictimai-siyasi, elmi-mənəvi şərait yaradılmışdır. Bu şəraitdən o dövrdə tarixçilər, ədəbiyyatçılar, dilçilər, filosoflar və başqa intellekt sahibləri geniş bəhrələnərək çoxsaylı əsərlər yaratmışlar. Bu illərdə yazılmış əsərlərdə azərbaycançılığın mühüm sahələri olan milli dilin, milli şüurun, adət-ənənələrin inkişafı və dünyada təbliğ edilməsi, gənc nəslin milli ruhda tərbiyə edilməsi sahəsində böyük irəliləyiş müşahidə olunmuşdur.
Azərbaycançılıq ideyasının formalaşmasında 90-cı illərdə, dövlət müstəqilliyinin bərpası ərəfəsində başlanmış əvvəlcə xalq, sonra isə milli azadlıq hərəkatının əhəmiyyətli rolu olmuşdur. Bu dövrdə azərbaycançılıqla bağlı müxtəlif əsərlərin yenidən çap olunması və yayılması, yeni məqalə və s. əsərlərin yazılması, milli şüurun, ruhun yüksəlişinə xidmət edən xalq hərəkatının vüsət alması insanların kütləvi düşüncə tərzinə öz müsbət təsirini göstərdi. Lakin təəssüf hissi ilə qeyd edilməlidir ki, o illərdə Azərbaycanı yönəldən qüvvələr, xüsusən AXC-Müsavat dairələri respublikanın milli-etnik xüsusiyyətlərini nəzərə almadan, meydan əhval- ruhiyyəsi altında azərbaycançılığın təbliğində kobud səhvlərə yol verdilər. Onlar azərbaycançılığı ümumtürklük ideyası ilə eyniləşdirərək ölkədaxili etnik və milli etimadsızlıq toxumu səpdilər ki, bu da azərbaycançılıq ideyasının mahiyyətinə uyğun deyildi.
1993-cü ildən Heydər Əliyevin siyasi rəhbərliyə gəlişi ilə bütün Azərbaycan vətəndaşlarının, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkənin istiqlaliyyətini dəstəkləyən insanların vahid dövlətçilik ətrafında birləşdirilməsi üçün ciddi iş aparıldı. Cəmiyyətdə hakim olan istiqlal arzusu, azərbaycançılığın müstəqil dövlətin bütün əhalisinin ali ideologiyasına çevrilməsi, ümummilli birliyin təmin olunması zərurəti tezliklə ictimai-siyasi və mənəvi dairələrin gündəliyinə çıxarıldı.
Heydər Əliyevin milli inkişaf siyasəti həm də uzun illər öz dövlətçiliyindən və milli-mənəvi köklərindən ayrı salınmış, milli və dövlətçilik maraqları tapdanmış Azərbaycan xalqının özünəqayıdış və özünütəsdiqində mühüm, səfərbəredici funksiya yerinə yetirmiş, dövlət strukturlarının rəsmi və praktiki fəaliyyətinin, həyata keçirilən iqtisadi-siyasi, hüquqi və sosial-mənəvi proqramların əsasında dayanmışdır. Çünki, Azərbaycana rəhbərlik etdiyi dövrdə, o, təkcə müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi, onun müstəqilliyinin dönməzliyinin təmin olunması və dövlətçilik atributlarının formalaşdırılması ilə deyil, mütəxəssislərin fikrinə görə, həm də, Azərbaycan xalqının dövlətçilik ənənələrinin qədim köklərinin üzə çıxarılması və müasir tarixi dəyərlərlə birləşdirilərək milli şüurun bərpa olunması sahəsində əvəzsiz rol oynamışdır (6).
Heydər Əliyev yeni şəraitdə etnik mənsubiyyəti xüsusi qabartmadan birləşdirici azərbaycançılıq ideyasının – ümumvətəndaşlıq, Azərbaycana mənsubluq, Vətənə bağlılıq, Azərbaycan dilinə və mədəniyyətinə sevgi, dövlətin sevinci və kədəri, dəyərləri və problemləri qarşısında ümumi və bərabər məsuliyyət hissi daşımaq kimi yeni konfiqurasiyanın - Azərbaycanın müstəqil dövlətçiliyi üzərində qurulmuş milli inkişaf siyasətinin ideoloji əsaslarını ortaya qoydu. Həm də xüsusi qeyd olunmalıdır ki, Heydər Əliyev daxili siyasətində vətəndaşların vahid amal və məqsəd ətrafında birləşdirilməsi istiqamətində addımlarını etnik-milli müstəvidən dövlətçilik və vətənpərvərlik müstəvisinə ustalıqla və mükəmməl formada keçirərək, respublikanın əsas vətəndaşları olan türk kökənli çoxluqla digər milli azlıqların, etnik qrupların birliyinə nail ola bildi. Heydər Əliyev milli ideologiyamızın əsasını müəyyənləşdirməklə bərabər, bilavasitə onun həyata keçirilməsini də təmin edirdi ki, bu da onun dövlət başçısı olmasından əlavə, həm də milli lider kimi üzərinə götürdüyü missiyaya necə böyük məsuliyyətlə yanaşmasına dəlalət edirdi (7).
Heydər Əliyev azərbaycançılıq ideyasına tamamilə yeni bir məzmun verərək onu Azərbaycanın milli-etnik xüsusiyyətlərinə, müasir dövrün tələblərinə və dünyanın müasir şəraitinə uyğunlaşdırdı. Odur ki, Heydər Əliyevi müasir azərbaycançılıq ideologiyasının - dövrün, zamanın tələblərini, dövlətçiliyin əsaslarını, milli-etnik şəraiti nəzərə alan milli təlimin banisi hesab etmək olar. Azərbaycançılıq ideologiyası məhz Heydər Əliyevin dövründə mükəmməl bir ideoloji təlim kimi ölkənin dövlət siyasətinə çevrildi.
Heydər Əliyev Azərbaycanda əksər vətəndaşları vahid amal, ideya və məqsəd ətrafında birləşdirəcək milli ideologiya məsələsini ümumdövlət səviyyəsinə qaldırıldı. Bir faktı xüsusi vurğulamaq lazımdır ki, başqa sahələrdə olduğu kimi, milli-ideoloji baxışlar sisteminin formalaşması prosesində də Azərbaycan Xalq Cümhuriyyətinin varislik prinsipi saxlanıldı və vaxtilə məhz onun birləşdirici ideya kimi irəli sürdüyü “azərbaycançılıq” ideologiyasına müraciət edildi. Milli ideologiya Azərbaycanın tarixi keçmişi, onun millət və xalqlarının adət-ənənələri, dövlətçiliyinin dünəni, bu günü və gələcəyi ilə sıx şəkildə əlaqələndirildi. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarının, ölkənin istiqlaliyyətini dəstəkləyən insanların vahid dövlətçilik ətrafında birləşdirilməsi üçün ciddi iş aparıldı. Cəmiyyətdə hakim olan istiqlal arzusu, azərbaycançılığın müstəqil ölkənin bütün əhalisinin ali ideologiyasına çevrilməsi, ümummilli birliyin təmin olunması zərurəti tezliklə ictimai-siyasi, elm, yaradıcı və digər ziyalı dairələrinin gündəminə çıxarıldı. Azərbaycançılıq ideyasına tamamilə yeni məzmun verildi və bu ideya ölkənin milli-etnik xüsusiyyətlərinə, müasir inkişafının tələblərinə və dünyanın yeni şəraitinə uyğunlaşdırıldı. Bütün bunları nəzərə alaraq, Heydər Əliyevi həm də müasir azərbaycançılıq ideologiyasının - dövrün, zamanın tələblərini, dövlətçiliyin əsaslarını, milli-etnik şəraiti nəzərə alan yeni milli təlimin banisi hesab etmək olar (5). Heydər Əliyev azərbaycançılıq ideyasını bütöv bir xalqın – bütün dünyada yaşayan azərbaycanlıların, Azərbaycanla bağlılığı olan bütün soydaşlarımızın və həmvətənlərimizin vahid milli birlik platformasına çevirdi. Əgər Heydər Əliyevə qədər bu ideya əsasən etnolinqvistik, etnoqrafik, ədəbi, mədəni-estetik, fəlsəfi və mənəvi dəyər kimi mövcud idisə, onun dövründə ciddi sosial-siyasi məzmun kəsb edərək ümumi və birləşdirici ideyalar sisteminə - dövlət quruculuğunun ayrılmaz tərkib hissəsinə çevrildi (8).
Heydər Əliyev azərbaycançılığı bütöv bir xalqın - bütün dünyada yaşayan azərbaycanlıların, Azərbaycanla bağlılığı olan bütün soydaşlarımızın və həmvətənlərimizin söykəndiyi milli birlik platformasına çevirdi. Əgər Heydər Əliyevə qədər bu ideya əsasən etnolinqvistik, etnoqrafik, ədəbi, mədəni-estetik, fəlsəfi və mənəvi dəyər kimi mövcud idisə, onun dövründə ciddi sosial-siyasi məzmun kəsb edərək ümumi ideyalar sisteminə - dövlət quruculuğunun ayrılmaz tərkib hissəsinə çevrildi.
Azərbaycan dilinin rəsmi dövlət statusu alması və latın qrafikasının tətbiqi, Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunması və inkişafı, azərbaycançılıq ideyalarının, milli dəyərlərin bütün dünyada yaşayan həmvətənlərimiz arasında geniş yayılması, hər il 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik günü kimi qeyd edilməsi və bu münasibətlə bütün xarici ölkələrdə yaşayan soydaşlarımızın iştirakı ilə təşkil edilən toplantılar, xarici səfərlər zamanı Heydər Əliyevin onlarla keçirdiyi görüşlər və s. 1993-cü ildən başlayaraq azərbaycançılıq ideologiyasının dövlət səviyyəsində həyata keçirilməsinin bariz nümunələri idi.
2001-ci ildə Bakıda tarixdə ilk dəfə Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi və minlərlə soydaşımızın iştirakı ilə azərbaycançılığın əsaslarının müzakirə edilməsi, mövcud vəziyyətin qiymətləndirilməsi və gələcək vəzifələrin müəyyən olunması milli ideologiyamızın inkişafında yeni bir mərhələ kimi dəyərləndirilə bilər.
Azərbaycançılıq ideyasını Heydər Əliyev həm də ölkədaxili ictimai-siyasi qüvvələrin, sosial, milli və dini qrupların birləşdirici amili kimi dəyərləndirirdi. O qeyd edirdi ki, hakimiyyətə, iqtidarlara və onların fəaliyyətinə müxalifətdə durmaq olar. Lakin dövlətə, dövlətçiliyə, milli birliyə, Vətənin, xalqın ümumi marağını ehtiva edən azərbaycançılıq ideyasına, milli-mənəvi dəyərlərə, milli məsləkə, milli dilə, milli varlığa heç zaman müxalifətdə durmaq olmaz. “Milli mənsubiyyət hər bir insan üçün onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”(2). Bu ifadələr ümummilli liderimizin milli-mənəvi dünyasını, vətəndaşlıq mövqeyini göstərən, öz milli köklərinə bağlılığını sübut edən və həm də böyük milli səfərbəredici gücü olan tarixi bir bəyanat idi. Müasir Azərbaycanın mürəkkəb və taleyüklü tarixi dövründə dövlətə rəhbərliyin ağır məsuliyyətini üzərinə götürmüş Heydər Əliyevin yaratdığı müstəqil dövlət və onun milli inkişaf strategiyası ölkəmizin bugünkü varlığının və gələcək geosiyasi inkişafının əsasını təşkil edir. 
Heydər Əliyevin bəhs etdiyi azərbaycançılıq ideologiyası və onun məzmununa daxil edilmiş əsas prinsiplər həm də 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmışdır. Bu ideologiya artıq hansısa siyasi liderin, partiyanın, yaxud siyasi təşkilatın deyil, bütün xalqın ümumi marağının ifadəsinə çevrilmişdir. Belə olan halda bu ideologiyaya müxalifətdə durmaq ümumxalq maraqlarına, ümumxalq fikrinə və mövqeyinə müxalifətdə durmaq kimi dəyərləndirilməlidir. Azərbaycançılıq ideologiyası bu anlamda xalqın istək və arzusu ilə, onun iradəsinin nəticəsi kimi qurulmuş dövlətin, bu dövlətin müəyyən olunmuş daxili və xarici siyasət strategiyasının, daimi yaşam və fəaliyyətinin əsasını, başlıca prinsiplərini təşkil edir. Deməli, onun həyata keçirilməsi və qorunması Azərbaycanda yaşayan, fəaliyyət göstərən, bu dövlətin idarəçiliyinə iddia edən hər bir vətəndaş və təşkilat üçün əsas olmalıdır. Əgər hər hansı şəxs və yaxud təşkilat yaşadığı cəmiyyəti, təmsil etdiyi dövləti, konstitusiya ilə müəyyənləşdirilmiş ölkədaxili münasibətlər və dəyərlər sistemini qəbul edirsə, deməli, dövlətin bu sistemin qarantı olmasını da mütləq qəbul etməlidir.
Heydər Əliyev azərbaycançılıq ideologiyasını müəyyən edərkən həm də beynəlxalq aləmdə cərəyan edən hadisələri, müasir dünya siyasətinin, qloballaşan və transmilliləşən dünyanın inkişaf tendensiyalarını nəzərə alırdı. Əlbəttə, qloballaşan dünyada ölkələrin milli sədlərini, milli-mənəvi dəyərlərini, vətəndaşların milli maraqlarını qorumaq o qədər də asan olmur. Transmilli şirkətlər və onların arxasında duran fövqəldövlətlər ölkələrin milli inkişafı, milli maraqları, milli-mənəvi dəyərlərin qorunması və s. proseslərini çox qısqanclıqla qarşılayırlar. Heydər Əliyev bütün bu reallığı nəzərə alaraq, bir tərəfdən azərbaycançılıq ideologiyasını ümumbəşəri dəyərlər fonunda formalaşdırır, digər tərəfdən dövlət quruculuğu proseslərində xarici təsirləri milli ideologiya süzgəcindən keçirirdi.
Heydər Əliyevin azərbaycançılıq ideologiyası milli-mənəvi dəyərləri, tarixi keçmişimizdən bizə irs qalmış milli varlığımızı və onu fərqləndirən bütün atributları qorumaqla, Azərbaycanı eyni zamanda müasir, inkişaf etmiş, xalqın maddi- mənəvi tələbatını təmin edə bilən, daxili həyatı sabit, milli-sosial birliyə qovuşmuş bir dövlət kimi görürdü. Heydər Əliyev azərbaycançılıq ideologiyasının əsasına, ilk növbədə, dünyada yaşayan 40 milyondan çox azərbaycanlının maraqlarını təmin edə biləcək, bütün ölkə vətəndaşlarının sabit, firavan və dinamik inkişafına cavab verən milli dövləti - müstəqil Azərbaycan dövlətini qoyurdu.
Heydər Əliyev çıxışlarında bu məsələyə belə şərh verirdi: Müstəqil Azərbaycan dövləti bizim üçün ən qiymətli tarixi nailiyyətdir və onun qorunması, əbədiyaşar edilməsi hər bir azərbaycanlının müqəddəs borcudur. Milli ideologiyadan danışarkən biz ilk növbədə bütün xalqımızı, xüsusən gəncləri Azərbaycanın müstəqil dövlətçiliyi prinsiplərinə sadiq olmaq ruhunda tərbiyə etməliyik.
Heydər Əliyev Azərbaycan dövlətini azad, ədalətli, demokratik, siyasi plüralizmin hökm sürdüyü, vətəndaş cəmiyyətinə malik bir ölkə kimi görmək istəyirdi və daim buna çalışırdı. 1995-ci ildə çoxpartiyalı sistem əsasında ilk parlament seçkilərinin keçirilməsi, ölkənin ilk Konstitusiyasının qəbul edilməsi, Avropanın demokratik institutları ilə Azərbaycanın əlaqələrinin gücləndirilməsi bu böyük liderin öz ölkəsinin gələcəyi ilə bağlı mövqeyinin göstəricisi idi. Azərbaycanda əsl çoxpartiyalı sistem, azad, plüralist cəmiyyət, qeyri-hökumət strukturlarının, müstəqil mətbuatın yaradılması və inkişafı da Heydər Əliyevin bilavasitə səyi ilə həyata keçirilmişdir (3).
Heydər Əliyevin dövlət təlimi və milli ideyasında ikinci əsas yeri insan faktoru - millətini və xalqını sevən, dövlətinin yolunda hər bir şücaətə hazır olan, milli-mənəvi dəyərlərini yaşadan, ana dilini bilən və sevən, ədalətli və təşəbbüskar, fəal mövqeli və iradəli Azərbaycan vətəndaşı tuturdu. Ulu öndər öyrədirdi ki, hər hansı dövlətin gücü heç də onun böyüklüyü, yaxud kiçikliyi ilə ölçülmür. Əgər ölkənin vətəndaşı gördüyü işin onun özünə, ailəsinə və xalqına gətirəcəyi xeyri əvvəlcədən anlayır və ədalət prinsipi ilə öz zəhmətinin nəticəsini alırsa, həmin ölkə vətəndaşları daha ideyalı, əzmli və iradəli, belə ölkələr isə bir qayda olaraq güclü, qüdrətli və əzəmətli olurlar.
Heydər Əliyevin dövlət təliminə görə dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq bütün ölkə vətəndaşları qanun və ədalət qarşısında bərabərdir. Təsadüfi deyil ki, 1993-cü ildə Heydər Əliyevin idarəçilik fəaliyyətinin mühüm bir sahəsini Azərbaycanda harmonik cəmiyyətin yaradılması, insan potensialının quruculuq işlərinə cəlb olunması, sosial ədalət prinsiplərinin bərqərar olması və insanların öz dövlətinə inamının artırılmasına xidmət təşkil etmişdir. Heydər Əliyevin milli həmrəylik və vətəndaş birliyi ideyası, insan resurslarından düzgün istifadə edilməsi, hər bir vətəndaşın özünü dövlətinə bağlı hesab etməsi, dövlətin hər bir insana, hər bir insanın isə öz dövlətçiliyinə xidmət etməsi amalı 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyada da əksini tapmışdır.
Azərbaycançılıq ideologiyasının mahiyyətini təşkil edən əsaslardan biri də Heydər Əliyev üçün milli-mənəvi dəyərlərin, ana dilinin və mədəniyyətin qorunub saxlanması və inkişaf etdirilməsi idi. Bununla bağlı ulu öndər qeyd edirdi ki, bizim milli ideologiyamızın konsepsiyası tarixi keçmişimizi, milli adət-ənənələrimizi, dilimizi, dinimizi və mədəniyyətimizi əks etdirməli, bu dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsinə xidmət etməlidir. “Milli mənsubiyyət hər bir insan üçün onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” Bu ifadələr ümummilli liderimizin milli-mənəvi dünyasını, vətəndaş mövqeyini və varlığını göstərən, öz milli köklərinə bağlılığını sübut edən tarixi bir bəyanat idi.
Heydər Əliyev azərbaycançılıq ideologiyasından danışarkən layiqli vətəndaş məsələsini də xüsusi fərqləndirirdi. O, qeyd edirdi ki, biz elə bir nəsil yetişdirməliyik ki, o öz dövlətini sevsin, onu qorumağı, yaşatmağı və bütün dünyada tanıtmağı, ölkəsini layiqincə təmsil etməyi bacarsın. Bundan başqa, Heydər Əliyev gənc nəslin öz milli adət-ənənələrinə sadiqliyini, əxlaqlı olmasını, dilini, mədəniyyətini dərindən bilməsini və sevməsini həmişə tövsiyə edir, eyni zamanda onları təhsilli, müasir, Avropa dəyərlərini və dillərini bilən insanlar kimi görmək istəyirdi. Heydər Əliyev Azərbaycan gənclərini sərbəst düşüncə tərzinə malik, cəmiyyətdə və dünyada gedən proseslərdən baş çıxara bilən, vətənpərvər, dövlətçilik təfəkkürü güclü olan savadlı, bacarıqlı, intellektli insanlar kimi görürdü.
Ölkəmizin mürəkkəb və taleyüklü tarixi dövründə dövlətə rəhbərliyin ağır məsuliyyətini öz üzərinə götürmüş Heydər Əliyevin dövlətçilik təlimi və onun ayrılmaz tərkib hissəsi olan azərbaycançılıq ideologiyası müstəqil Azərbaycanın bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil edir. Ulu öndərin siyasi xəttini davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev onun müstəqil dövlət quruculuğu yolundakı nəzəri və praktiki irsinə qiymət verərək demişdir: “1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi tarixdə qalacaqdır. Çünki məhz o illərdə həm dövlətçiliyin əsasları qoyuldu, Azərbaycan dövləti quruldu, 1995-ci ildə müstəqil dövlətin Konstitusiyası qəbul edildi, dövlətçiliyin ideoloji əsasları qoyuldu və bu gün də ölkəmizin əsas ideoloji şüarı Azərbaycançılıq məfkurəsidir. Məhz Heydər Əliyev tərəfindən qoyulan bu əsaslar bu gün Azərbaycan xalqına yol göstərir”(9).
Dövlət başçısı Azərbaycan xalqının zamanın sınaqlarına sinə gərərək, müasir dünya xalqları sırasında layiqli yer tutmasını öz dili və mədəniyyətini qoruması, milli-mənəvi dəyərlərinə arxalanması ilə sıx bağlı olduğunu qeyd edir. Buna görə də bu gün elm və mədəniyyətə, vətənpərvərlik tərbiyəsinə, xalqımızın tarixi irsinə yetirilən diqqət dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub Heydər Əliyevin dövlətçilik təliminin yaradıcı şəkildə inkişafının təzahürü kimi özünü göstərir. Prezident İlham Əliyevin rasional, uzaqgörən və praqmatik siyasəti, cəsarətli addımları, güclü liderlik keyfiyyətləri və yorulmaz gündəlik əməyi sayəsində Azərbaycan dövləti ulu öndərin müəyyənləşdirdiyi strateji vəzifələrin öhdəsindən uğurla gəlir və gələcəyə doğru inamla irəliləyir.
Azərbaycan Prezidentin rəhbərliyi ilə son 15 ildə Azərbaycan Respublikası öz tarixi inkişafının ən yüksək dövrünü yaşayır. Keçən dövr ərzində ölkədə ictimai-siyasi sabitlik qorunub saxlanılmış, demokratik institutlar möhkəmləndirilmiş, iqtisadiyyat 3,2 dəfə, əhalinin maaş, pensiya və müavinətləri 5-8 dəfə artmışdır. Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 35-ci, inkişaf etməkdə olan ölkələr arasında isə 3-cü yerdədir. Prezident İlham Əliyev müasir mürəkkəb geosiyasi vəziyyətdə düşünülmüş və tədbirli siyasət yürüdür, dövləti beynəlxalq səviyyədə ləyaqətlə təmsil edir (9).
Azərbaycan Prezidenti İlham Əliyev qazanılmış nailiyyətlərin səbəblərinə qiymət verərkən həmişə iki amili xüsusi qeyd edir: xalqın etimadı və Heydər Əliyev ideyalarına, onun siyasi kursuna sədaqət. Aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkilərində cənab İlham Əliyevin parlaq qələbəsi Azərbaycan xalqının yüksək etimadının və öz liderinə olan inamının əyani təzahürü idi. Bu qələbənin zəruri şərti isə ulu öndərin ideyalarına sədaqət, onun müəyyən etdiyi yolun bacarıqla davam etdirilməsidir.
Heydər Əliyev artıq 15 ilə yaxındır ki, aramızda yoxdur. Lakin Azərbaycanın tərəqqisinə və modernləşdirilməsinə yönəlmiş səmərəli dövlətçilik siyasəti başda Prezident İlham Əliyev olmaqla onun ardıcılları tərəfindən uğurla həyata keçirilir. Müasirləşən Azərbaycan Respublikasının özü 95 illiyini böyük ehtiramla qeyd etdiyimiz ulu öndərin işıqlı xatirəsinə həsr olunmuş ən böyük əsərdir. Bu əsər yazılmağa davam etdikcə Heydər Əliyev də Azərbaycan xalqının qəlbində yaşayacaq, onun nurlu ideyaları daim yolumuza işıq salacaqdır.


ƏDƏBİYYAT
1. Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, məktublar, müsahibələr. I-XXXXVI kitablar. Bakı: Azərnəşr, 1997-2015-ci illər. 
2. Dünya Azərbaycanlılarının I Qurultayında Heydər Əliyevin nitqi - 2001-ci il 9-10 noyabr // Dünya Azərbaycanlılarının I Qurultayı. Bakı, 2002, s.25.
3. Həsənov Ə.M. Azərbaycanın milli inkişaf və təhlükəsizlik siyasətinin əsasları. Bakı: Zərdabi, 2016, s.53-54.
4. Mehdiyev R.Ə. Yeni siyasət: İnkişafa doğru. l kitab, Bakı, 2008, s.28-29.
5. Mehdiyev R.Ə. Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi //”Azərbaycan” qəzeti, 26 may 2011-ci il.
6. Xəlilov S.S. Heydər Əliyevin dövlət quruculuğu fəlsəfəsi // Heydər Əliyev və Azərbaycan. Bakı, 2008, s.571.
7. Xəlilov S.S. Lider. Dövlət. Cəmiyyət. Bakı, 2001, s.87.
8. Bax: Vəliyeva S.M. Azərbaycançılıq milli ideologiya və ədəbi-estetik təlim kimi. Məsələnin qoyuluşuna dair. Bakı, 2002.
9. http://www.president.az

Açar sözlər: Ümummilli lider, dövlət müstəqilliyi, milli dövlətçilik, milli ideologiya, azərbaycançılıq.

Ключ: общенациональный лидер, государственная независимость, национальная государственность, национальная идеология, азербайджанство

Key words: Nationwide leader, state independence, national statehood, national ideology, azerbaijanism.

Али ГАСАНОВ
Помощник Президента Азербайджанской Республики
по общественно-политическим вопросам,
доктор исторических наук, профессор
Гейдар Алиев и учение о национальной
государственности — Азербайджанство

РЕЗЮМЕ
В статье широко анализируются идеологические основы политики национального развития общенационального лидера Гейдара Алиева, построенной на независимой государственности. Наряду с этим, в статье исследуется учение о национальной государственности, составляющее важную часть практической и теоретической деятельности Гейдара Алиева, его национально-духовное и идейно-политическое мировоззрение. Одновременно изучаются понятие сильного государства, нашедшее отражение в учении Гейдара Алиева о государстве, его экономические, политические, социальные и духовные основы.
Гейдар Алиев показан в статье как основоположник идеологии азербайджанства – нового национального учения, учитывающего веление времени, основы государственности, национально-этнические условия. В частности, в статье особо отмечается, что идеология азербайджанства, как совершенное идеологическое учение, именно при Гейдаре Алиеве превратилось в государственную политику страны.
Наряду с этим, в статье говорится о том, что идея азербайджанства расценивалась Гейдаром Алиевым еще и как фактор консолидации общественно-политических сил, социальных, национальных и религиозных групп в стране. В статье подчеркивается, что для Гейдара Алиева одной из основ, составляющих суть идеологии азербайджанства, являлись вопросы сохранения и развития национально-духовных ценностей, родного языка и культуры. В статье указывается, что, определяя идеологию азербайджанства, Гейдар Алиев также учитывал происходившие на международной арене события, современную мировую политику, тенденции развития глобализующегося и транснационализирующегося мира.

Ali HASANOV 
Assistant to the President of the Republic of Azerbaijan for Public
and Political Issues, Doctor of Science in History, Professor
Heydar Aliyev and national statehood teaching – Azerbaijanism

SUMMARY

The article analysis nationwide Haydar Aliyev’s ideological basis of national development policy on Azerbaijan’s independent statehood. At the same time, national state teaching, national-moral and ideological-political outlook which is an important part of the practical and theoretical activities of Haydar Aliyev are studied in the article. In addition, Haydar Aliyev’s strong state concept and its economic, political, social and moral foundations are studied.
In the article Heydar Aliyev is shown as the founder of the ideology of Azerbaijanism - considering modern times requirements, the essence of statehood, national-ethnic conditions to the new national teaching. The ideology of Azerbaijanism has turned on a state policy of the country as a perfect ideological teaching, especially in Heydar Aliyev’s era. At the same time, the idea of Azerbaijanism is regarded by Heydar Aliyev as a unifying factor of the domestic socio-political forces, social, national and religious groups.
According to Haydar Aliyev one of the basic principles of the essence of Azerbaijanism ideology is the preservation and development of national and spiritual values; mother tongue and culture. Haydar Aliyev while determining the ideology of Azerbaijanism took into consideration the events happening in the international arena, contemporary world politics, the development trends of globalized and transcendent world.

 

"GEOSTRATEGİYA" jurnalı №03 (45) MAY-İYUN 2018

.

 

 

10 İyul 2018 10:19
http://strategiya.az/?do=xeber&id=123240