AFR DİN rəhbəri federal kanslerə güzəşt edir

AFR DİN rəhbəri federal kanslerə güzəşt edir

 

Almaniyada yaranmış kəskin hakimiyyət böhranı Angela Merkelin rəhbərliyi ilə dördüncü müddətə hakimiyyətə gəlməsindən 100 gündən bir qədər çox keçmiş koalisiyanın parçalanmasına gətirib çıxara bilər. Lakin dünən axşamdan xeyli keçmiş məlum olub ki, Merkelin kanslerliyi üçün təhlükə yoxdur - ən azı hələlik.

İyulun 1-də əsas hadisələr Berlində deyil, Bavariyanın paytaxtı Münxendə cərəyan edib. Xristian Sosialistlər İttifaqının (XSİ) burada keçirilən geniş tərkibdə təcili iclasında toplaşan idarə heyətinin üzvləri və Bundestaqın deputatları hökumətin qaçqınlar barəsində siyasəti ilə əlaqədar tələblərinin Angela Merkel tərəfindən yerinə yetirilib-yetirilmədiyini müəyyən etməlidirlər.

Hakim koalisiyanın və ənənəvi mühafizəkar XDİ/XSİ blokunun üzvü olan partiyanın Bavariya regional bölməsi bu tələbləri iyunun ortalarında əslində ultimatum şəklində kanslerə təqdim edib. İyunun sonunda həmin ultimatumun müddəti başa çatıb. Partiyanın sədri və AFR-in daxili işlər naziri Horst Zeyehofer həmin tələbləri səsləndirib.

Bütün bu əhvalatlarda mühüm rol oynayan bir amili nəzərə almaq lazımdır: oktyabr ayında Bavariyada əyalət seçkiləri keçiriləcək. Belə seçkilərdə mütləq səs çoxluğu qazanmağa adət etmiş XSİ-ni narahat edən budur ki, onun ənənəvi seçicilərinin çoxu bu dəfə Merkelin istefa verməsini və miqrasiya siyasətində sərt xətt yürüdülməsini tələb edən “Almaniya üçün alternativ” Partiyasına səs verə bilər.

XSİ-nin Angela Merkelə təqdim etdiyi sərt ultimatumun səbəbi də budur. Merkel hakim koalisiyanın parçalana biləcəyini başa düşərək Avropa İttifaqının iyunun 28 və 29-da Brüsseldə keçirilmiş sammitində Aİ-nin digər liderləri ilə birlikdə qaçqınlar məsələsini əsas müzakirə mövzusu edib. Cümə axşamından cümə gününə keçən gecə təxminən on saat davam etmiş gərgin danışıqlardan sonra miqrasiya siyasəti sayəsində qərarlar paketi qəbul edilib. Merkelin və onun rəhbərlik etdiyi Xristian Demokratlar İttifaqının fikrincə, bu siyasətin həyata keçirilməsi məhz XSİ-nin can atdığı nəticəyə gətirib çıxaracaq.

Bazar günü yaranmış intriqa bavariyalı tərəfdaşların Aİ sammitinin nəticələrinin bu cür şərhi ilə razılaşıb-razılaşmayacağı ilə bağlı idi. Almaniya KİV-lərinin çoxu həmin günü Merkel üçün taleyüklü gün adlandırıblar.

.

 

 

02 İyul 2018 20:51
http://strategiya.az/?do=xeber&id=127373