Azərbaycan mətbuatında varislik prinsipi cümhuriyyət dövrünün mediasının milli təfəkkürün inkişafındakı rolu kontekstində

Azərbaycan mətbuatında varislik prinsipi cümhuriyyət dövrünün mediasının milli təfəkkürün inkişafındakı rolu kontekstində

 

1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş verdi. Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoydu, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırladı.
2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur. Bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli 2867 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb. Bu tədbirlərlə yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkədə və ölkə xaricində silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bununla yanaşı, Prezident İlham Əliyev 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncam da imzalayıb. [5]
Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar çıxışında deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi: “Bu il biz müstəqilliyimizin yüz illiyini qeyd edəcəyik. Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq. Ancaq onu da qeyd etməliyəm ki, indiki Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti ilə müqayisə edilə bilməz. Çünki o vaxt çətinliklər də olub, müstəqilliyimiz tam imkan vermirdi ki, Azərbaycan müstəqil siyasət aparsın. İqtisadi çətinliklərimiz olub, torpaq itkilərimiz də olub və bizim tarixi şəhərimiz olan İrəvan Ermənistana verilmişdir. Ona görə, biz Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini çox düzgün təhlil etməliyik. Bu müsbət və çətin məqamları gizlətməməliyik. Amma bütün çətinliklərə və əlbəttə ki, bizim üçün sağalmayan yara olan İrəvanın Ermənistana verilməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini Azərbaycan dövləti və xalqı yüksək qiymətləndirir”. [6]
Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli dəyəri olması onunla bağlı araşdırmaların aparılmasında mətbuat da fəal rol oynayır. Əlbəttə ki, elə AXC-nin yaranmasında o dövrün mətbuatı da xüsus rol oynamışdı.
XX yüzilliyin əvvəllərində Azərbaycanda ictimai şüurun formalaşmasında, özünüdərkin güclənməsində 1905-1907 və 1918-1920-ci illər mətbuatının çox böyük rolu olub. Çünki bu zaman mətbuatı məşğul edən problemlər arasında siyasi məsələlər xüsusi yer tuturdu. Hətta o dövrü tədqiq edənlər o zaman jurnalistikanın mühüm bir sahəsinin siyasiləşdiyini də söyləyirdilər.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları, dövlət xadimləri, ideoloqları milli mətbuatımızın təməlini qoyan mütəfəkkirlər idi. İstiqlalçılıq, dövlətçilik, cümhuriyyətçilik fikrən milli mətbuatımızda təbliğ olunurdu. Məhz mətbuat dinamikasında siyasiləşən, proqramlaşan ideyanın gerçəkləşməsi oldu. Azərbaycan Xalq Cümhuriyyəti «Əkinçi» dən qidalanan, «Ziya», «Kəşkül», «Şərqi-Rus», «Molla Nəsrəddin», «Həyat», «İrşad», «Füyuzat», «Tərəqqi», «Kaspi», «İqbal», «Açıq söz», «Dirilik», «Təkamül» və digər mətbuat orqanları ilə cilalanan milli məfkurənin əməli təntənəsi oldu. Cümhuriyyətin banilərindən Məhəmməd Əmin Rəsulzadə siyasi mübarizəsini «Şərqi-Rus», «Hümmət», «Təkamül», «Dirilik», «Açıq-söz»də xalqına anladırdı və ardınca səsləyirdi. Əlimərdan bəy Topçubaşovun redaktorluğu dövründə «Kaspi»nin məzmunu, siması dəyişdi. İsmayıl bəy Qaspıralı, Həsən bəy Zərdabi düşüncəsinə kökləndi. Həsən bəy Ağayev Gəncədə çıxan «Yujni Kafkaz» qəzetinin redaktoru olub, maarifçilik ideyalarını yaymışdır. Nəsib bəy Yusifbəyli Qaspıralının «Tərcuman» qəzetində əməkdaşlıq edib, M.Ə.Rəsulzadə ilə tanışlığı da «Açıq söz» qəzeti redaksiyasında baş verib. Milli kimliyimizin düsturunu yazanlar Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə mütləqiyyət caynağından qopan ilkin fürsətdə mətbuatımızın «ağır artilleriyası» oldular. [4]
Azərbaycan hakimiyyətinin ən gərgin günlərində, Tiflisdən Gəncəyə köçdükdə yaşanan hökumət böhranı dövlətçiliyi zərbə altına aldığı şəraitdə yenicə çıxmış ikinci kabinet rəsmi mətbuat orqanının nəşrinə qərar verdi. 1918-ci il iyunun 25-də hökumət qəzetinin nərşrinə dair verilmiş qərarda həmin orqanın smetasını tərtib eləyib, hökumətin təsdiqinə vermək və Gəncədəki mətbəəni həmin nəşrin çapı üçün hazırlamaq tapşırılırdı. Tiflisdə mətbəə ləvazimatı almaq da nəzərdə tutulmuşdu. Bir həftədən sonra «Azərbaycan hökumətinin xəbərləri»nin nəşri haqqında qərar verildi. Həmin nəşrin avadanlıqlaşdırılması ərzaq nazirinə həvalə olunurdu. «Hökumət xəbərləri»nin nəşrinə rəhbərlik isə 27 iyul tarixli qərarla xalq maarif nazirinə tapşırılırdı.
Azərbaycan milli mətbuatı ilk dəfə idi ki, dövlət səviyyəsinə qaldırılırdı. Azərbaycan dövlət mətbuatının yaradılmasına imza atılırdı. Azərbaycan hökumətinin orqanı da «Azərbaycan» qəzeti idi. Qəzetin ilk nömrəsi çox əlamətdar günə təsadüf etmişdi - Bakının Azərbaycan Cümhuriyyəti hakimiyyəti altına keçdiyi günə. Bakının qurtuluş gününə həsr olunmuş təbrik teleqramları ilə rövnəqlənən ilk nömrədən başalayaq «Azərbaycan» qəzeti 1920-ci il aprelin 28-nə, yəni AXC-nin süqutuna qədər 443 nömrədə işıq üzü görmüşdür.
Cümhuriyyət dönəmində milli mətbuatın ixtisaslaşmış nümunələri geniş fəaliyyət göstərirdi: «İstiqlal», «Gənclər yurdu», «Əfkari-mütəllimin», «Mədəniyyət», «Övraqi-nəfisə», «Şeypur», «Zəmbur» və s. Bu milli mətbuat orqanları milli dirçəliş ocaqları idi. Ədəbi-mədəni mühiti yaradan, yönəldən, milliləşdirən, milli ruhlu yeni nəsil yetişdirən, istiqlala dayaq olan, cəmiyyəti müasirləşdirən, demokratikləşdirən mətbuat bayraqdarları idilər. [3]
Çox zəngin tarixi ənənələri olan, milli demokratik ideyaları təbliğ edən «Açıq söz», «İstiqlal», «Azərbaycan», «Qurtuluş yolu», «Bəsirət», «Zənbur», «Övraqi-nəfisə», «Əfkari-mütəəllimin» və s. bu tipli mətbuat orqanları daha çox seçilirdi. Onlar 1918-1920-ci illər dövründə yeni mədəniyyətin, incəsənətin və ədəbiyyatın bərqərar olması, demokratik və müstəqil dövlət quruculuğunun təbliğ edilməsi uğrunda mübarizədə əsas rol oynayırdılar. [2]
Bu dövr Azərbaycan mətbuatının uğurları birbaşa Azərbaycanın istiqlalı, dövlət müstəqilliyi ilə bağlıdır və dövr mətbuatı milli dövlət quruculuğu prosesində ön mövqedə dayanaraq ideoloji fəaliyyətin azadlığını öz üzərinə götürmüşdü. Təbii ki, bu ideoloji mübarizədə partiya və cəmiyyətlər bütün vasitələrə əl ataraq təbliğat işi aparırdılar.
Məhz Azərbaycanda KİV-in hüquqi bazasının yaradılması prosesi də Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə başlandı. Demokratik prinsiplər üzərində qurulan AXC müstəqil və azad jurnalistikanın zəruriliyini anlayaraq bir sıra qanun və sərəncamlar qəbul etdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə mətbuat sahəsində əldə edilən ən böyük uğur 1919-cu il oktyabrın 30-da qəbul olunan «Mətbuat haqqında Nizamnamə»dir. «Mətbuat haqqında Nizamnamə» qısa müddətdə olsa belə, Azərbaycan jurnalistikasının inkişafına güclü təkan vermiş, milli mətbuat tarixində silinməz bir iz qoymuşdu. Müasir dövrümüzdə KİV sahəsində qəbul olunan qanunvericilik aktlarında da bu iz hiss olunmaqdadır. Sözsüz ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə senzuranın ləğvi də bu inkişafı sürətləndirmişdi. 1918-ci il noyabrın 9-da qəbul edilən bu sərəncam ölkədə azad mətbuata yol açdı.
1919-cu ildə qəbul edilmiş «Mətbuat haqqında Nizamnamə»dən KİV-miz bu gün də bəhrələnir. Belə ki, Azərbaycan Respublikası müstəqillik əldə edən kimi özünün müstəqil Konstitusiyasını yaratdı. Konstitusiyanın xalqa verdiyi azadlıq hüququndan biri mətbuat, söz, fikir azadlığı ilə bağlıdır. Konstitusiyanın 47-ci maddəsinin 1-ci bəndində deyilir: «Hər kəsin fikir və söz azadlığı vardır». Təbii, bu azadlıq kütləvi informasiya vasitələri ilə gerçəkləşir. Ona görə də bu azadlığın hüquqi bazasını təşkil edən KİV haqqında qanun hazırlandı. [1]
Göründüyü kimi, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün mətbuatı milli təfəkkürün formalaşması və inkişafı prosesində aktiv rol oynaması tarixi reallıq olub. Əlbəttə ki, müasir Azərbaycan AXC-nin varisi olduğu kimi bugünkü mətbuatımız da Cümhuriyyət dövrünün mediasının davamçısı, varisidir.


ƏDƏBİYYAT
1. Azərbaycan Respublikasının Konstitusiyası. http://www.e-qanun.az/framework/897
2. “Bugünkü mətbuatımız Cümhuriyyət dövrünün xələfidir”. http://www.kaspi.az/az/az/bugunku-metbuatimiz-cumhuriyyet-dvrunun-xelefidir/
3. “Milli mətbuatımız Azərbaycan Xalq Cümhuriyyəti dövründə”. http://xalqqazeti.com/az/news/news/73852
4. www.academia.edu/32050446/Azərbaycan Xalq_Cümhuriyyəti Ensiklope-diyası I cild
5. https://azertag.az/xeber/2018_ci ilin Azerbaycan Respublikasinda Azerbaycan Xalq Cumhuriyyeti Ili elan edilmesi haqqinda Azerbaycan Respublikasi Prezidentinin Serencami-1127282
6. https://azertag.az/xeber/Prezident Ilham Aliyevin sedrliyi ile Nazirler Kabinetinin 2017 ci ilin social iqtisadi inkisafinin yekunlarina ve qarsida duran vezifelere hesr olunan iclasi kechirilib -1127351

 

Açar sözlər: Mətbuat, Azərbaycan Xalq Cümhuriyyəti, azad fikir, söz azadlığı, milli kimlik, müstəqil Azərbaycan, siyasi varislik

Ключевые слова: пресса, Азербайджанская Демократическая Республика, cвободная мысль , свобода слова, национальная идентичность, независимый Азербайджан, политическая реликвия


Вугар Рагимзаде

Принцип наследования в азербайджанской прессе в республиканский период в контексте роли средств массовой информации в развитии национального менталитета.

Резюме

28 мая 1918 года в жизни азербайджанского народа произошло беспрецедентное событие. На Мусульманском Востоке была создана первая парламентская республика Азербайджанская Демократическая Республика. Прожив всего два года Азербайджанская Демократическая Республика, обладавшая богатым опытом государственного строительства, оставила неизгладимые следы в истории национальной государственности, заложила прочную основу для будущей независимости республики путем укрепления ее свободы и независимости в сердцах людей.
В начале двадцатого века пресса 1905-1907 и 1918-1920 годов сыграла большую роль в формировании общественного сознания и укрепление идентичности в Азербайджане. Потому что проблемы которые в то время прижимали средства массовой информации, политические вопросы заняли особое место. Даже те, кто изучал этот период, также говорили, что оснавная часть журналистики была политизирована.

 

 

"GEOSTRATEGİYA" jurnalı №03 (45) MAY-İYUN 2018

.

 

 

11 İyul 2018 12:00
http://strategiya.az/?do=xeber&id=128104