REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU

REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU

 

Özümün də məzunu olduğum Bakı Dövlət Universitetinin qədim ənənəsi var. Bu ənənəin az qala 100 yaşı tamam olsun. Bütün rektorlar buna əməl edib, yaşadıb, estafeti bir-birilərinə ötürüblər. Ənənələrə qeyd-şərtsiz əməl ediblər. İnkişaf da etdirəni olub. Amma pozmağa heç kim cəhd etməyib. Bircə rektor Abel Məhərrəmovdan başqa. Bunu çox az adam bilir. Fevralın 28-də yazdığım “Rektor Abel Məhərrəmov kimdir” adlı yazıda Abel müəllimin xalqımız, elmimiz qarşısında xidmətlərini qeyd etmişdim. Əgər bunu yazmışamsa, pozduğu ənənədən də yazmağı özümə borc bildim. Ona görə yox ki, bu məqalədən nəticə çıxarıb, bir vaxtlar buraxdığı səhvi düzəltsin. Əsla. İstəsə də alınmaz. Gəlin Abel müəllimi tənqid etməkdə tələsməyək. Məsələdən sizi də xali edim, ondan sonra bir yekun rəy verərik.

 2001-ci il

Onu da qeyd edim ki, atamın 81 illik ömür yolunda cəmi bir dəfə yubileyi xüsusi qeyd olunub. O da 70 yaşında. 2001-ci ildə 75 yaşı tamam olanda heç bir səbəb olmadan yubileyinin keçirilməsini istəmədi. Heç Anarı yuxarılara təqdimat yazmağa da qoymadı. Sadəcə Prezident Heydər Əliyev evə zəng edib təbrik etdi. Digər təşkilatlardan da zənglər gəlir, yubiley keçirmək istəyirdilər. Amma atam razılıq vermirdi. Beləcə 75 – i də  ötürdük.

2005-ci il.

AzTV-də “Xəbərlər” redaksiyasında işləyirdim. İş çox idi. Bu yandan da növbətçiydim. Birdən cib telefonumun özəl sirena zəngi çalındı. Telefonu cibimdən çıxarmamış zəngdən bildim ki, atamdır.

-         Hə, papa.

-         Hardasan?

-         İşdə.

-         İş qaçmır. Get evə. Maşını çıxart qarajdan. Gəl Bakı dövlət Universitetinə. İstəyirəm atova olan xüsusi ehtiramı görəsən.

-         Papa, vallah işim çoxdur.

-         Gəlməlisən. Gəlməsən Nizami Xudiyevə zəng edəcəyəm.

-         Yaxşı, gəlirəm.

“Ehtiram”, yaxud da “xüsusi ehtiram”. Atan bununla məni heyrətləndirmək istəyirdi? Guya mən bilmirdim ki, atama hər yerdə hörmət-ehtiram göstərirlər? Xüsusilə də Universitetdə. Bir də ki, universitetə gəlmək lazımdırsa, daha maşını neyləyir ki? Nə isə, məcbur olub mindim taksiyə, evə gedib maşını qarajdan çıxarıb gəldim Universitetə. Qalxdım qəbul otağına. Məni Qabilin oğlu kimi yox, Az.TV-nin əməkdaşı kimi tanıyan rektor köməkçisi Namiq qabağımı kəsdi.

-         Mahir, Abel müəllim, məşğuldur. Yanında iclas var. Başqa vaxt gəl.

-         Yaxşı, onda mümkünsə çatdırarsan ki, gəlmişdim. Mən getdim.

Sevinirdim. Bəhanəm var idi. Gəldim, köməkçi içəri buraxmadı.  Bu dəm qəbul otağına Fikrət Şiriyev girdi. O bilirdi ki, kimin oğluyam.

-         Mahir, salam. Gəlmisən? Keç içəri, gözləyirlər.

-         Fikrət müəllim, rektorun yanında qonaqlar var. İclas keçirilir.

-         Elə Mahiri gözləyirlər də... ki, gəlsin, iclas başlasın.

İçəri keçdim. Uzun stolun arxasında tanıdığım insanlar oturmuşdular. Prorektorlar, dekanlar, tanınmış alimlər. İyirmi nəfər olardı. Başda isə Abel müəllimlə Qabil oturmuşdu. Atam məni görcək.

-         Mahir, gəl tanış ol Abel müəllimlə, müəllimlərinlə. Qara Namazovu tanıyırsan, müəllimin olub.

Hamıyla görüşdüm. Tanış olmadım. Çünki hamısını tanıyırdım. Onlar da məni. Çünki BDU-da çəkilişlərdə çox olmuşdum. Amma yenə də atamın  məni bura çağırmasının məqsədini başa düşmürdüm.

-         Qabil müəllim, hazırdır. Gətirsinlər?

-         Hə. Başlayaq.

Qapı açıldı. Ağ qısa xalat geyinmiş iki nəfər içəri daxil oldu. Stolun üstündəki kitab-dəftəri yığışdırdılar. Ağ süfrə saldılar. Boşqabları, badələri düzdülər.  İki cür blinçik,  soyutma toyuq, turşu xiyar və başqa salatları ortaya düzdülər. Abel müəllim atama:

-         Qabil müəllim, siz deyən kimi. Blinçik iki cürdür. Həm ətlə, həm kəsmiklə.

-         Denən süzsünlər.

Xidmət edənlər qədəhlərə  içki süzdülər.

-         Hörmətli Qabil müəllim, siz bizim universitetə xoş gəlmisiniz. Sizi 75 illiyiniz münasibətilə kollektivimizin adından təbrik edirəm. Cansağlığı, uzun ömür, yeni yaradıcılıq uğurları arzulayıram.

Hamı durdu. Qədəhləri toqquşdurdular və içdilər. Birdən Abel müəllim köməkçisi Namiqə baxaraq “Nə oldu?” dedi. Köməkçi otaqdan çıxıb tezcənə də qayıtdı.

-         Çatırlar, Abel müəllim.

Bi azdan köməkçi əlində böyük gül dəstəsi otağa girdi. Abel müəllimlə atam yerlərindən durub otağın orta hissəsinə keçdilər. Abel müəllim böyük gül buketini atama təqdim etdi. Sonra köməkçiyə baxdı. O da balaca bir bağlamanı rektora verdi. Abel müəllim də bağlamanı açıb içərisindəki qızıl təsbehi çıxartdı. “Qabil müəllim, bu da kollektivimiz adından sizə xatirə hədiyyəsi” deyərək atama təqdim etdi. Süfrənin başında oturanlar da əl çaldılar. Sonra yerlərinə oturdular. Atamın təsbehə xüsusi məhəbbəti vardı. Ona görə də ləzzət etmişdi ona bu hədiyyə. Yanında oturana göstərdi. O da əlinə götürüb “Qabil müəllim, bəh-bəh” dedi. Bu vaxt onun yanındakı təsbehi aldı ki, yaxından baxsın. Beləcə təsbeh stolu başına fırlanıb gəldi çatdı mənə. Mən də götürüb qoydum cibimə. Bu vaxt atam:

-         Ver mənə təsbehi.

-         Vermirəm. Mənimdir.

-         Ver, heç olmasa baxım. Qaytarıram.

-          Vermirəm.

Nə qədər elədisə vermədim. Qabına salıb qoydum cibimə. Atamın 70 illiyində nazir Ziya Məmmədov da belə bir təsbeh bağışlamışdı. Atam da “qızıl bədbəxtçilik gətirir” deyərək dayıma vermişdi ki, aparıb satsın. Pula ehtiyac olmaya-olmaya. Ona görə də işimi əvvəlcədən ehtiyatlı tutmuşdum.  Amma bu qızıl əhvalatından  nə Abel müəllimin, nə də ki,  məclisdəkilərin xəbəri vardı. Ona görə də ata-balanın oyuncaq üstündə dava edən balaca uşaqlara xas dialoquna təəccüblə qulaq asırdılar.

Hər şeyi başa düşür, atama olan böyük ehtiramı görürdüm. “Xüsusi ehtiram” sözünü və məni bura dəvət eləməklərinisə yox. Bircə şeyi də anlamırdım ki, 2005-cü ildə 79 yaşı tamam olan Qabili Abel müəllim niyə 75 yaşı münasibətilə təbrik etdi. Məclis qızışdı. Sağlıqlar bir-birini əvəz edirdi. Atamı tərifləyirdilər, təbrik edirdilər. Mən də  yeyir, sağlıqlara badə qaldırırdım. Eləcə tamaşa edirdim. Gözləyirdim ki, nə vaxt məclis başa çatacaq, mən də işə qayıdacağam.  Nəhayət atam söz demək üçün ayağa qalxdı.

-         Bu gün Abel müəllim məni universitetə dəvət etdi. Gördüyü işlərlə  tanış etdi. Nə qədər dəyişikliklər olub burada – xəbərim yox idi. Düzü tanımadım universiteti. Prezidentimizin mənim üçün doğma olan universitetə xüsisi diqqət və  qayğısının şahidi oldum. İdman-üzgüçülük kompleksi tikilib, kitabxana, fənn kabinələri yenidən qurulub, yeni korpuslar ucaldılıb. Abel müəllim universitetin inkişafı üçün çox iş görüb. Mənə də neçə ildir deyir ki, Qabil müəllim, sənin 75 illiyini universitetdə qeyd etmək istəyirəm. Razı olmurdum. Bu gün universiteti gəzib kabinetə qayıdandan sonra yenə  də dedi. Soruşdum ki, ay Abel müəllim, yubileyi necə keçirəcəksən? Cavab verdi ki, qədim təhsil ocağının öz ənənəsi var. İndi göstəriş verəcəyəm, hamı Böyük akt zalında toplaşacaq. Siz kresloda əyləşəcəksiniz. Yubileyi mən açacağam.  Filologiya fakültəsinin dekanı Qara Namazov sizin yaradıcılığınız barədə məruzə edəcək. Tələbələr şeirlərinizi oxuyacaq. Sonra çıxış üçün söz veriləcək sizə. Arzu etsəniz şeirlərinizi də oxuyarsınız. Sonra mən Sizə universitetin təbrik diplomunu təqdim edəcəyəm. Xatirə hədiyyəsi bağışlayacağam. Televiziyaları da, qəzetləri də dəvət etmişik. Soruşdum ki, Abel müəllim, nə hədiyyə? Dedi ki, əl işi olan bahalı, böyük keramik vaza. Sonra da gedib bir başqa yerdə  yubileyi “bədii hissə” ilə davam etdirərik. Mən də Abel müəllimə minnətdarlığımı bildirdim. Dedim ki, Abel müəllim, yubileyi mənimçün eləmirsən? Dedi ki, bəli. Dedim onda belə elə. Akt zalı-zad lazım deyil. Heç kimə də əziyyət vermə. Hamı, özüm də yaxşı bilirəm ki, yaxşı şairəm. Tərifləməyəcəksiniz? Təbrik etməyəcəksiniz? Bunun üçün elə sənin kabinetin yaxşıdır. Prorektorları,  dekanları dəvət elə bura. Restoranlardan birindən sifariş et, yaxşı bir süfrə aç. Yeyib-içən Qabilçün bundan yaxşı yubiley ola bilməz. Hədiyyəyə gələndə isə vaza istəmirəm, qadın deyiləm a... qızıl təsbeh yaxşıdır. Onu da, gülü də burda təqdim edərsən. Abel müəllim də razılaşdı. Mənə olan xüsusi ehtiramının xətrinə kabinetində süfrə açılmasına icazə verdi.  İndi Mahir özün fikirləş, hansı şairin yubileyi universitetin rektorunun kabinetində, yemək-içmək məclisiylə qeyd edilib? Amma Abel müəllim buna razılıq verdi. Bax buna deyərəm şair Qabilə xüsusi hörmət-ehtiram. Səni də çağırdım ki, bu xüsusi ehtiramı gözünlə görəsən.

Yubiley məclisi başa çatdı. Universitetdən çıxdıq. Maşına oturdu. Hələ də həyəcanlıydı. Ləzzət eləmişdi ona Abel müəllimin təşkil elədiyi bu yubiley tədbiri. Dedi ki, sür sahilə. Hava almaq istəyirəm. Gəldik Şıxova. Gəzişdi, hava aldı. Sonra evə gəldik. Maşını qaraja saldım. Açarları verdim.  Təsbeh yadından çıxmırdı. Dedi ki, qalx yuxarı anana göstər, o da görsün. Dedim ki, “yox e... vermərəm ki, vermərəm”. Bu gün də qızıl təsbeh, diplom, bir də fotoşəkillər o gündən bir yadigar kimi atamın  arxivini bəzəyir.

O vaxtdan on il ötüb. Bu illərdə Universitetdə qədim ənənələr bir dəfə də olsa pozulmayıb. Bircə dəfə pozulmuşdu. O da Rektor, alim, ziyalı Abel Məhərrəmovun Şair Qabilə xüsusi, təkrar edirəm XÜSUSİ EHTİRAMININ təzahürü idi. Naxışa bərabər yanlışlığa isə alqış düşür.

Atamın Bakı Dövlət Universitetindəki 75 illik yubileyi həmin gün nə televiziyada göstərildi, nə də mətbuatda getdi. Üstündən on il keçəndən sonra isə  qərar verdim ki, yazım. Yazdım ki, ürəyimdə yaşatdıqlarım, xatirələrdə də yaşasın.

.

 

 

23 Sentyabr 2014 08:36
http://strategiya.az/?do=xeber&id=16210