Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və milli dövlətçiliyi uğrunda mübarizə dövründəki fəaliyyəti-(yanvar 1990 - iyun 1993-cü il)

Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və milli dövlətçiliyi uğrunda mübarizə dövründəki fəaliyyəti-(yanvar 1990 - iyun 1993-cü il)

 

Azərbaycanın dövlət müstəqilliyinin əldə olunması, qorunub saxlanılması və milli dövlət quruculuğu proseslərində  Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Görkəmli siyasətçi, ictimai-siyasi xadim və unikal şəxsiyyət kimi onun istər sovet, istərsə də müstəqillik dövründəki xidmətləri, Azərbaycana  rəhbərliyi illərində respublikanın sosial-iqtisadi tərəqqisi istiqamətində atdığı addımlar, xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və inkişafı sahəsində gördüyü işlər haqqında indiyə qədər çoxsaylı elmi-siyasi araşdırmalar aparılmış və kitablar yazılmışdır.

Heydər Əliyevin xarizmatik liderlik keyfiyyətləri və milli iradəsi, siyasi uzaqgörənliyi, idarəçilik istedadı və dövlətə rəhbərlik bacarığı, qlobal düşüncə tərzi və s. keyfiyyətləri  onun həyatının mühüm bir mərhələsini təşkil edən 1990-1993-cü illərdəki fəaliyyətində- Azərbaycanın müstəqilliyi və milli dövlətçiliyi uğrunda apardığı mübarizə dövründə daha qabarıq formada üzə çıxmışdır.  Xüsusən, 1990-cı ilin əvvəllərində Azərbaycan xalqının ciddi və taleyüklü problemlər qarşısında dayandığı bir dövrdə Heydər Əliyev öz həyatını təhlükə qarşısında qoyaraq milli mübarizə meydanına atılmış, misilsiz tarixi xidmətlər göstərmiş və Azərbaycanın müstəqilliyinin, milli dövlətçiliyinin, milli birliyinin qorunub  saxlanılmasında, xalqın məhv olmaq təhlükəsindən xilas edilməsində  qurtuluş missiyası həyata keçirmişdir. Nə qədər ağır və çətin olmasına baxmayaraq, həmin dövr  Azərbaycan dövlətçiliyinin və milli tariximizin parlaq səhifələrini təşkil edir.

Heydər Əliyevin müstəqil və demokratik Azərbaycan uğrunda apardığı mübarizə, respublikanın ağır faciələrdən,  siyasi, sosial-iqtisadi və mənəvi-psixoloji böhrandan qurtuluşu naminə öz üzərinə götürdüyü missiya müxtəlif mərhələlərdən keçmişdir. 1980-ci ilin sonlarında SSRİ və dünyada, keçmiş sosializm sistemində yaşanan proseslər bir çox digər xalqlar kimi Azərbaycan xalqının da çoxəsrlik müstəqil dövlətçilik  ideyalarının reallığa çevrilməsi üçün tarixi şans yaratdı. Lakin belə əlverişli tarixi şəraitdə Azərbaycan bir çox obyektiv və subyektiv çətinliklərlə üzləşdi, həm daxili, həm də xarici aləmdən qaynaqlanan   problemlər yaşadı, xalqın müstəqillik əzmi və iradəsi ciddi sınağa çəkildi. Həmin dövrdə bir  yandan ermənilərin Dağlıq Qarabağa ərazi iddiaları ilə çıxış etməsi və işğalçı rejimin SSRİ rəhbərliyi tərəfdən dəstəklənməsi, digər tərəfdən  respublikaya rəhbərliyinin səriştəsiz və məsuliyyətsiz siyasəti, milli maraqlara zidd mövqeyi,  vətəndaş birliyi və effektli dövlət idarəçiliyi yarada bilməməsi  ölkəni ciddi daxili böhrana düçar etmişdi. Xüsusən, 1988-1993-cü illərdə getdikcə dərinləşməkdə olan ictimai-siyasi və iqtisadi böhran, vətəndaş qarşıdurması, hakimiyyət uğrunda silahlı mübarizənin qızışması,  Dağlıq Qarabağ münaqişəsinin həllində rəhbərliyin cəsarətsiz mövqeyi və s. həm Azərbaycan torpaqlarının işğalına şərait yaratdı, həm də respublikada daxili siyasi böhranı dərinləşdirdi.   Bundan başqa, SSRİ rəhbərliyinin 1988-ci ilin martında Dağlıq Qarabağın "sosial-iqtisadi inkişafı", 1989-cu ilin  yanvar ayında isə "Muxtar Vilayətdə  xüsusi idarəçilik formasının tətbiqi" haqqında verdiyi qərarlar DQMV-nin faktiki olaraq Azərbaycanın tərkibindən çıxarılmasına şərait yaratdı. Respublikanın dövlət suverenliyinin və   ərazi bütövlüyünün  kobud şəkildə pozulmasına təminat yaradan bu qərarlar  Azərbaycan KP MK-nın və Ali Sovetin   Rəyasət Heyəti rəhbərliyinin razılığı ilə qəbul olunsa da, respublika əhalsinin kütləvi narazılığına  səbəb oldu. Təəssüf ki,  Azərbaycan  hakimiyyəti xalqın  tələblərini eşitmək, respublikanın ərazi bütövlüyünü qorumaq, mərkəzdən qızışdırılan təhlükəli separatçı meyllərinin aradan qaldırılması istiqamətində tədbirlər görmək əvəzinə, ermənilərin Dağlıq Qarabağla bağlı iddialarına etiraz edərək mübarizəyə qalxan  xalqa   təzyiq göstərmək yolunu tutdu. Əsas tələbi vətəndaşların təhlükəsizliyinin təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya haqlarının qorunması və ərazi bütövlüyünün  təmin edilməsi olan  ümumxalq hərəkatına qarşı  SSRİ  və respublika rəhbərliyinin eyni mövqedən çıxış etməsi həmin dövrdə Bakıda və respublikanın digər ərazilərində qanlı faciələrə gətirib çıxardı. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ Silahlı Qüvvələrinin hərbi kontingenti müxtəlif bəhanələrlə  Bakı  şəhərinə yeridildi,  ermənilərin Azərbaycan xalqına, onun konstitusiya hüquqlarına, ərazi bütövlüyünə qarşı həyata keçirdikləri məqsədyönlü fəaliyyətə və SSRİ rəhbərliyi tərəfindən dəstəklənməsinə  etiraz edən milyonlarla dinc insanların üzərinə ağır hərbi texnika yeritdi, yüzlərlə əliyalın vətəndaşın qanını tökdü və Bakı sakinlərini hərbi təcavüzə məruz qoydular.

Həmin dövrdə Moskvada  SSRİ rəhbərliyinin təqib və təzyiqləri altında yaşamasına baxmayaraq xalqınızın görkəmli oğlu Heydər Əliyev heç nədən qorxmadan və çəkinmədən   SSRİ və respublika rəhbərliyinin antimilli qərarına özünün kəskin etirazını bildirdi. 1990-cı il yanvarın 21-də Moskvadan Azərbaycan rəhbərliyinə və  xalqa göndərdiyi teleqramda 20 yanvar hadisəsini "SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı  antidemokratik, qanunazidd və düşünülmüş aksiyası" kimi qiymətləndirdi.1 O zamankı SSRİ rəhbəri Mixail Qorbaçovun və onun  əlaltılarının  istənilən an ona qarşı təxribat törədə biləcəyinə baxmayaraq, Heydər Əliyev öz həyatını təhlükə altına ataraq  1990-cı  il yanvarın 21-də  Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlmiş və orada sovet ordusunun Bakıda dinc əhaliyə qarşı törətdiyi vəhşi aksiya ilə bağlı mətbuat konfransı keçirmişdir. O,  mətbuat konfransında SSRİ-nin və Azərbaycanın siyasi rəhbərliyini bu  faciənin əsas təqsirkarları kimi ittiham etmiş, Azərbaycanın mövcud ictimai-siyasi vəziyyətinin və siyasi idarəçiliyinin  antidemokratik, hüquqi dövlət prinsiplərinə zidd olduğunu vurğulamışdır.2  SSRİ səviyyəsində  Heydər Əliyev ilk dəfə olaraq 20 yanvar faciəsinə siyasi qiymət verdi, faciədə əli olanların,  əsas günahkarların adını çəkdi, Azərbaycana qarşı aparılan  xəyanətkar siyasətin mahiyyətini açıqladı və təqsirkarların Azərbaycan xalqı qarşısında məsuliyyət daşıyacağını bəyan etdi. Heydər Əliyevin bu bəyanatı faktiki olaraq, o vaxta qədər  Azərbaycanda SSRİ rəhbərliyinin Dağlıq Qarabağ məsələsində nümayiş etdirdiyi siyasətə etiraz edən və mərkəzdən "ədalətli qərar" tələb edən kortəbii xalq hərəkatınınmütəşəkkilləşərək  müstəqillik uğrunda milli azadlıq hərəkatına keçidi üçün əsas oldu və respublikada ciddi ümummilli mübarizə ovqatı yaratdı. Həmin dövrdə SSRİ və respublika rəhbərliyi Heydər Əliyevin dünya ictimaiyyətinə və Azərbaycan xalqına ünvanlanmış müraciətindən və səsləndirdiyi fikirlərdən o dərəcədə təşvişə düşdü ki, dərhal ona qarşı mərkəzi və yerli mətbuatda qərəzli kompaniya başladı, əleyhinə sifarişli yazılar, məqalələr dərc etdirdi.

Heydər Əliyev Moskvada M. Qorbaçovun, onun ermənipərəst ətrafının təqib və təzyiqləri altında, böyük çətinliklə 1990-cı il iyulun 20-də Bakıya yola düşdü. Azərbaycan hakimiyyəti onun respublikaya dönüşündən ciddi təşvişə düşdü və ona qarşı müxtəlif təxribatçı hərəkətlərə rəvac verdi. Siyasi hakimiyyətin  təzyiq və təxribatları altında, iki gün sonra o,  anadan olduğu  Naxçıvana yollandı. 1990-cı ildən onun Naxçıvanda yaşaması, əhali ilə fəal təmasları, parlament seçkilərinə qatılması və qalib gəlməsi, respublika ictimaiyyətinin qabaqcıl nümayəndələrinin Naxçıvana üz tutması, Heydər Əliyevlə təmasa can atması, insanlarla günü-gündən genişlənən çoxsaylı və kütləvi görüşlər Azərbaycanda milli azadlıq hərəkatının vüsət almasına və getdikcə daha mütəşəkkilləşməsinə müsbət təsir göstərməyə başladı.

Həmyerliləri ilk gündən görkəmli dövlət xadiminin Naxçıvana gəlişini  böyük sevinc hissi ilə qarşıladılar. Azərbaycanın üzləşdiyi siyasi, sosial-iqtisadi və mənəvi-psixoloji böhrandan xalqı yalnız onun xilas edə biləcəyini nəzərə alaraq 1990-cı ildə Azərbaycan SSR və Naxçıvan MSSR xalq deputatlığına namizədliyini irəli sürdülər.  Heydər Əliyev 340 nömrəli Nehrəm seçki dairəsindən Azərbaycan SSR,  2 nömrəli Naxçıvan seçki dairəsindən isə Muxtar Respublika xalq deputatlığına namizəd göstərildi. 1990-cı ildə Nehrəm kənd seçiciləri ilə görüşündə Heydər Əliyev özünün seçki platforması ilə çıxış edərək ilk dəfə rəsmi formada Azərbaycanın gələcək inkişafı ilə bağlı siyasi fikirlərini açıq formada bəyan etdi. O,Azərbaycanı tam müstəqil, azad, demokratik respublika kimi görmək istədiyini xüsusi vurğulayaraq, bu  məqsədə gedən yolun xalqın  milli iradəsindən,  həmrəyliyi və vətəndaş birliyindən keçdiyini bəyan etdi.  O öz çıxışında qeyd edirdi ki, "indi hər şeydən əvvəl bütün siyasi qüvvələr vahid amal ətrafında birləşməli, Azərbaycanın  gələcəyi naminə birgə mübarizə aparmalı, xalqımıza düşmənçilik edən qüvvələrə qarşı durmalı, rəhbərliklə xalqın yekdilliyi tam təmin olunmalıdır".3 

 Azərbaycanın milli müstəqilliyi və demokratik dövlət quruculuğu hərəkatı uğrunda mübarizə platforması ilə seçkilərə qatılan Heydər Əliyev hər iki dairədə xalqın yekdil dəstəyi ilə qalib gəldi.

1990-cı il noyabrın 17-də  Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyasında  deputatlar iclasın  aparılmasını yekdilliklə görkəmli dövlət xadimi, 2 nömrəli seçki dairəsindən deputat seçilmiş Heydər Əliyevə tapşırdılar. Sessiyada Azərbaycanda gedən ictimai-siyasi proseslər, milli dövlət quruculuğu və suverenlik məsələləri geniş müzakirə olundu, tarixi əhəmiyyət kəsb edən bir sıra qərarlar verildi. Bu qərarların sırasında Naxçıvan Muxtar Respublikasının və Ali Sovetinin adından Sovet Sosialist sözlərinin çıxarılması, Azərbaycan Demokratik Respublikasının rəmzi olan üçrəngli  bayrağın rəsmi şəkildə dövlət bayrağı kimi qəbul  olunması və s. var idi. Bundan baçqa, Heydər Əliyevin təkifi ilə Naxçıvan MR Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın bütövlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. Ali Məclisin qəbul etdiyi bu rəsmi qərarlar  Azərbaycanda milli-azadlıq hərəkatının vüsət alması və müstəqil dövlətçiliyin yaranması yönündə atılan mühüm tarixi addım oldu. Ali Məclis bu qərarlarla bağlı 1990-cı il noyabrın 19-da Azərbaycanın siyasi rəhbərliyinə və rəsmi KİV-lərə müraciət etdi.4 Lakin bu  müraciətlər haqda rəsmi mətbuatda ictimaiyyətə hər hansı bir informasiya verilmədi.  Ən maraqlı cəhət isə o oldu ki, o zamankı Azərbaycan rəhbərliyi Naxçıvan MR Ali Məclisinin  atdığı addımları öz adına çıxmaq, dolayısı ilə respublikada guya hər şeyin əvvəlcədən planlaşdırılması görnüsünü yaratmaq məqsədilə, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi tələm-tələsik Ali Sovetin  növbəti sessiyasını çağıraraq Azərbaycan SSR-in  adının və dövlət rəmzlərinin dəyişdirilməsi haqqında qərar verdi. Partiya rəhbərliyi bu  addımı ilə özünün  səbatsız mövqeyini və siyasi naşılığını ört-basdır etməyə,  milli dirçəliş yolunda Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan MR Ali Məclisinin siyasi uzaqgörənliyinə və təşəbbüslərinə kölgə salmağa çalışırdı.

Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin ilk  sessiyalarında irəli sürdüyü təkliflərdən biri 1990-cı ilin  20 yanvar hadisələrinə qiymət verilməsi ilə bağlı oldu. O, Ali Məclisin  1990-cı il noyabrın  20-də keçirilən  sessiyasında çıxış edərək 20 yanvar faciəsinə siyasi-hüquqi  qiymət vermədiyinə görə Azərbaycan rəhbərliyini günahlandırdı, onu faciənin səbəblərinin  üstünü  ört-basdır etməkdə və təqsirkarları hələ də müəyyənləşdirməməkdə  ittiham etdi.  Həmin dövrdə ölkə ictimaiyyətinin ciddi  tələblərinə  baxmayaraq respublika rəhbərliyi bu yöndə hansısa prinsipial tədbirlər  görmək  istəmirdi.  Odur ki, Heydər Əliyev bu məsələnin ciddiliyini və prinsipiallığını nəzərə alıb "1990-cı ilin yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" Qərar layihəsi  hazırlayaraq Naxçıvan MR  Ali Məclisinin müzakirəsinə təqdim etdi.  Ali Məclis bu sənədi  qəbul edərək 1990-cı  il 21 noyabr tarixli Qərarı ilə  20 yanvar faciəsinə siyasi qiymət verdi. Qərarda SSRİ-nin və Azərbaycanın siyasi rəhbərliyinin  20 yanvar faciəsinə görə birbaşa məsuliyyət daşıdıqları göstərildi. Sənəddə, həmçinin bundan sonra 20 yanvar gününün  hər il Naxçıvan Muxtar Respublikasında milli matəm günü kimi qeyd edilməsi qərara alınaraq, Azərbaycan SSR Ali Sovetindən xahiş edilirdi ki, yanvarın 20-si  hər il Azərbaycanda  milli matəm günü kimi qeyd  olunsun.5

Naxçıvan MR  Ali Məclisinin 1990-cı il  noyabrın 21-də keçirilən sessiyasında isə  Heydər Əliyevin təklifi ilə Azərbaycanın ən ağrılı problemi hesab olunan Dağlıq Qarabağ münaqişəsi müzakirə olundu. Ali Məclis  1990-cı il dekabrın 14-də onun tərəfindən hazırlanmış "Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində, Şaumyan rayonunda və Xanlar rayonunun Çaykənd kəndində yaranmış vəziyyətə münasibət haqqında" Qərar qəbul etdi.  Qərarda Azərbaycanın partiya və dövlət rəhbərliyinin DQMV-də yaranan vəziyyətin qiymətləndirilməsi və normallaşdırılması məsələsində kobud  səhvlərə, yanlışlıqlara yol verdiyi, qətiyyətsizlik göstərərək respublikanın dövlət suverenliyini  və ərazi bütövlüyünü, Azərbaycan xalqının şərəf və ləyaqətini müdafiə etmədiyi bildirildi.6

Ali Məclisinin bu Qərarı təbii ki, respublika rəhbərliyinin maraqlarına uyğun deyildi və onun Dağlıq Qarabağ məsələsinin həllində tutduğu yanlış, prinsipsiz  mövqeyinin  mahiyyətini açıb göstərirdi. Xüsusən, Heydər Əliyevin Ali Məclisdə milli maraqlardan çıxış edərək Azərbaycanda müstəqil dövlətçiliyin yaradılması və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı əsaslandırılmış təkliflər irəli sürməsini siyasi hakimiyyət həzm edə bilmirdi.

1991-1992-ci illərdə  A. Mütəllibov hakimiyyətinin dünyada gedən prosesləri, o cümlədən respublikadakı ictimai-siyasi mühiti, əhalinin müstəqillik iradəsini və s. düzgün qiymətləndirə bilməməsi M.Qorbaçov tərəfindən SSRİ-nin qorunub saxlanması ilə bağlı "yeni ittifaq müqaviləsi" layihəsinin ortaya çıxarılmasına  münasibətdə də özünü göstərirdi. İmperiya iddialarından əl çəkə bilməyən SSRİ rəhbərliyinin hazırladığı bu  layihə Azərbaycan xalqının milli müstəqillik və dövlətçilik ideyalarına daban-dabana zidd idi. Ən təəssüf doğuran hal isə ondan ibarət idi ki, layihə SSRİ Ali Sovetinin sessiyasında müzakirə olunarkən Azərbaycan SSR Ali Sovetinin sədri orada çıxış edərək sənədi  müdafiə etmişdi. Bu isə müstəqillik əzmi ilə yaşayan Azərbaycan xalqından fərqli olaraq, respublikaya rəhbərlik edən bir qurup insanın hələ də imperiya boyunduruğunda yaşamaq istəyinin  bariz ifadəsi idi.

Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin 1991-ci il yanvarın 14-də keçirilən  sessiyasında bu məsələ ilə bağlı çıxış edərək yeni ittifaq layihəsinin milli maraqlara   zidd olduğunu  əsaslandırdı.  O, bildirdi ki, Naxçıvan MR Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olduğu üçün Ali Məclis  bu barədə çox təfsilatlı, mükəmməl  qərar qəbul etməli, onu təxirə salmadan Azərbaycanın və  SSRİ-nin Ali Sovetlərinə göndərməlidir.  Əsaslandırılmalıdır ki, hansı səbəblərə görə bu layihəni qəbul etmirik və yeni ittifaq müqaviləsinə qoşulmağın əleyhinəyik.7 Bu məsələ ilə bağlı, Heydər Əliyev 1991-ci il fevralın 5-də Azərbaycan  Ali Sovetinin  birinci sessiyasında da təkidlə söz alaraq tarixi bir çıxış etdi. O öz çıxışında xüsusi uzaqgörənliklə  "kommunist partiyası hakimiyyətinin sonunun çatdığını, SSRİ-nin tezliklə dağılacağını və respublikalarda başlanan müstəqillik müarizələrinin qalib gələcəyini dönməz bir proses olduğunu" xüsusi vurğuladı  öz mövqeyini tutarlı faktlarla əsaslandırdı.8

Ali Sovetin 1991-ci il martın 7-də  keçirilən sessiyasında Heydər Əliyev növbəti dəfə  Azərbaycanın milli müstəqillik və suverenliyi məsələsinə qayıtdı, müstəqilliyin tarixi şans olduğunu və vacibliyini, ona çatmağın yollarını, əsas vasitələrini, demokratik dövlət quruculuğunun prinsiplərini göstərən  tarixi  çıxış etdi. O, öz çıxışında onu da vurğuladı ki respublika rəhbərliynin  imzalamağa hazırlaşdığı "yeni İttifaq müqaviləsi" Azərbaycan üçün tam yararsızdır. ..Mən yeni İttifaqa daxil olmağın və bunun üçün hər hansı referendum keçirməyin  əleyhinəyəm. Bu,  bütün seçicilərimin, deputatı olduğum Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının yekdil fikridir. Azərbaycanın tam istiqlaliyyət, azadlıq, iqtisadi və siyasi müstəqillik yolu ilə getməsinin tərəfdarıyam. Azərbaycan xalqı artıq bu yola çıxmışdır".9

 Dövlət müstəqilliyinin təmin olunması ilə bağlı Heydər Əliyevin bu çıxışı və sonrakı fəaliyyəti, uzaqgörən çağırışları həmişə olduğu kimi, yenə də Azərbaycan xalqı tərəfindən xüsusi rəğbətlə, SSRİ və respublika rəhbərliyi tərəfindənsə ciddi hiddətlə qarşılandı. Rəsmi KİV-lərdə Azərbaycanın müstəqil dövlətçiliyinə  tərəfdar çıxanlara qarşı kompaniya başladılar,  önları tənqid edir, yeni ittifaq müqaviləsinin guya çox əhəmiyyətli olması haqqında birtərəfli təbliğat aparırdılar. Siyasi  hakimiyyət milli mənafelərin və xalqın etirazlarının əksinə olaraq, 1991-ci il martın 17-də "SSRİ-nin qorunub saxlanması ilə bağlı"  Azərbaycanda saxta bir  referendum  da keçirdi və guya əhalinin 98 faizinin İttifaqın saxlanılmaslna tərəfdar çıxması haqda mərkəzə yalançı məlumat verdi. Amma sonrakı hadisələr göstərdi ki, 1990-cı ildən başlayaraq  SSRİ-nin və kommunist idarəçiliyinin perspektivsizliyi, Azərbaycanın müstəqil, demoktatik dövlət qurmasının mümkünlüyü və mütləqliyi haqqında  Heydər Əliyevin uzaqgörən bəyanatları, bunu əsaslandıran siyasi baxışları öz işini görmüş, gələcək proseslərin gedişinə  həlledici təsir göstərmişdir.

90-cı illərinin əvvəllərində Azərbaycanın kommunist rəhbərliyinin müstəqillik və milli dirçəliş ideyalarına  zidd mövqe tutmaqda davam etməsi, ölkənin hələ də Kommunist Partiyası tərəfindən idarə edilməsi respublikadaxili ictimai-siyasi gərginliyi getdikcə  artırırdı. Xüsusən, 20 yanvar hadisəsindən sonra respublikanın kommunist rəhbərliyinə və bütövlükdə Kommunist Partiyasına ölkə əhalisinin münasibəti həddən artıq mənfi idi. Lakin mövcud hakimiyyət nə əhalinin münasibətini, nə də ki, bütövlükdə sovet məkanında gedən   proseslərin axarını nəzərə almaq istəmir və respublikada kommunist rejimini təkidlə sürdürməyə çalışırdı.  1991-ci il avqustun 19-da Moskvada  baş verən "Avqust qiyamı"ından  sonra Qorbaçov öz fərmanı ilə SSRİ Kommunist Partiyasının fəaliyyətini dayandırsa da, Kommunist Partiyasının tərkib hissəsi olan Azərbaycan Kommunist Partiyası öz fəaliyyətini dayandırmaq istəmirdi. Lakin, Naxçıvan MR Ali Məclisinin hələ 1991-ci il  avqustun 26-da keçirilən sessiyasında Naxçıvan vilayət partiya komitəsi və  onun bütün strukturları ləğv olunmuşdu. Ali Məclis Heydər Əliyevin təşəbbüsü ilə  1991-ci il sentyabrın  4-də  növbəti qətiyyətli addım ataraq  "Azərbaycan  Kommunist Partiyasının və onun strukturlarının fəaliyyətinə münasibət haqqında" Qərar qəbul etdi.  Sənəddə Azərbaycan Kommunist Partiyasının, onun Mərkəzi Komitəsinin fəaliyyətinin yolverilməz olduğu göstərildi,  Ali Sovetdən  xahiş edildi ki, ölkədə gedən demokratik proseslərə uyğun olaraq Azərbaycan Kommunist Partiyasının, onun Mərkəzi Komitəsinin fəaliyyətini dərhal dayandırmaq haqqında qərar qəbul etsin və  qısa müddətdə  partiyanın  bütün təşkilatlarının əmlakının milliləşdirilməsi təmin olunsun.10 

 Heydər Əliyevin istəyi o idi ki, ermənilərin xalqımıza qarşı ərazi iddiaları irəli sürdükləri və  bu məqsədlə hərbi təcavüzə əl atdıqları bir vaxtda  Azərbaycanda daxil qarşıdurmanın aradan qaldırılması, vahid ideya əsasında  milli birlik  və həmrəyliyin yaradılması, bütün əhalinin vahid məqsəd- müstəqil  dövlətçilik və demokratik idarəçilik ətrafında birləşdirilməsi vəzifəsi öz həllini tapmalıdır. Bunun üçün, ilk növbədə keçən illərdə xalqın gözündə özünü ifşa etmiş Azərbaycan Kommunist partiyası buraxılmalı və onun yerində milli etimad hökuməti yaradılmalıdır. Bu məqsədlə Heydər Əliyev Ali Sovetin 1991-ci il avqustun 29-da keçirilən  sessiyasında yenidən söz alaraq çıxış etdi. O bildirdi ki, Azərbaycan Kommunist Partiyası dərhal hakimiyyətdən getməlidir. Bu, Sovet İttifaqı Kommunist Partiyasının tərkib hissəsidir. Sovet İttifaqı Kommunist Partiyası isə dağılmışdır..11

Təbii ki, Heydər Əliyevin belə qətiyyətli fikirlər irəli sürməsi bütün xalqın istəyinə tam cavab versə də, o zamankı siyasi hakimiyyətin maraqlarına qətiyyən uyğun deyildi. Həmin dövrdə öz seçicilərinin iradəsinin əleyhinə gedərək, mövcud iqtidara yarınan bəzi deputatlar Ali Sovetin sessiyalarında Heydər Əliyevin çıxış etməsinə imkan verməməyə çalışırdılar. Amma sonrakı hadisələr  göstərdi ki, respublika rəhbərliyi  bu müdrik siyasətçinin getdikcə liderə çevrildiyi Azərbaycan xalqının milli azadlıq mübarizəsinin, müstəqil və demokratik dövlətçilik hərəkatının qarşısında tab gətirmək iqtidarında deyil.  Respublika Ali Sovetinin  1991-ci il avqustun 30-da "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Bəyannamə  qəbul etmək məcburiyyətində qalması faktı bu həqiqəti bir daha sübut etdi.  Həmin dövrdə Heydər Əliyev başda olmaqla Naxçıvan MR Ali Məclisi bu sənədi dəstəkləyərək  bəyan etdi ki, Azərbaycan Respublikası bəyannamə ilə kifayətlənməməli, özünün tam milli dövlət müstəqilliyini əldə etməli və mövcud SSRİ formatında yaradılacaq heç bir ittifaqa daxil olmamalıdır.

 Müstəqilliklə bağlı bəyannamə qəbul etməkdən uzağa getmək istəməyən  o zamankı Azərbaycanın kommunist rəhbərliyi Heydər Əliyevin siyasi qətiyyəti və günü-gündən  xalq arasında, milli-azadlıq hərəkatında artan nüfuzundan ciddi təşviş keçirir,  görkəmli şəxsiyyəti ləkələmək üçün müxtəlif təxribatlara əl atırdı. lakin bütün bu cəhdlər əbəs idi və respublika rəhbərliyi öz  qərəzli  niyyətinə nail ola bilmədil, əksinə, Heydər Əliyev 1991-ci il sentyabrın 3-də Muxtar Respublika deputatların yekdil qərarı ilə  Naxçıvan MR Ali Məclisinin sədri seçildi.  Bu hadisə bir tərəfdən, Azərbaycan xalqında  böyük sevinc hissi yaradaraq, onları Heydər Əliyeviin apardığı  müstəqil və demokratik dövlətçilik mübarizəsinə, ümummilli maraqların təmin olunması yolunda həyata keçirdiyi respublika səviyyəli tədbirlərə  qoşulmağa ruhlandırdı, digər tərəfdən, respublika rəhbərliyini  Heydər Əliyevə qarşı   daha kəskin addımlar atmağa, Naxçıvan MR Ali Məclisinin normal fəaliyyət göstərməsinə bütün vasitələrlə maneçilik törətməyə sövq etdi. Siyasi hakimiyyət tərəfindən idarə olunan bir çox qüvvələr ictimai rəydə belə bir fikir formalaşdırmağa çalışırdılar ki, guya Ali Məclis Naxçıvan  Muxtar Respublikasını  Azərbaycandan təcrid edir, respublikanın tərkibindən çıxmaq haqqında qərar qəbul etməyə hazırlaşır və s. Bu cür əsassız və qeyri-obyektiv informasiyalar yaymaqda əsas məqsəd Heydər Əliyev başda olmaqla   Muxtar Respublikada həyata keçirilən demokratik proseslərə kölgə salmaq, ümummilli liderin Naxçıvanda başladığı və getdikcə bütün Azərbaycanda vüsət alan milli-azadlıq və müstəqillik  mübarizəsindən xalqı çəkindirmək idi. 

Amma çox keçmədi ki,  pespublikanın siyasi hakimiyyəti Heydər Əliyev və Azərbaycan xalqının müstəqil və demokratik dövlətçilik uğurunda  apardıqları mübarizənin  qarşısında tab gətirə bilməyərək,1991-ci il oktyabrın 18-də nəhayət ki,  "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında  Konstitusiya Aktının"  qəbul edilməsinə razılıq verdi.  1991-ci il oktyabrın 19-da Azərbaycan Ali Sovetinin  sessiyasına ünvanladığı müraciətdə bu hadisəni yüksək qiymətləndirən Heydər Əliyev qeyd edirdi ki, "biz bu gün xoşbəxtik ki, nəhayət Azərbaycan Respublikasının ali hakimiyyət orqanı milli azadlıq niyyətlərimizin həyata keçirilməsi üçün ilk addım atdı.. Azərbaycan xalqı tam əmin ola bilər ki, bütün Naxçıvan əhalisi milli azadlıq hərəkatı uğrunda başladığımız mübarizəni heç vaxt dayandırmayacaq və bundan sonra daha əzmlə davam etdirəcəkdir".12

  Bunun ardınca, 1991-ci il dekabrın 5-də Naxçıvan MR Ali Məclisi Qərar verərək  həmin il martın 17-də SSRİ-nin qorunub saxlanması ilə əlaqədar Azərbaycanda  keçirilən referendumun nəticələrini  saxta elan etdi. Ali Məclisin  atdığı mühüm addımlardan biri də dünya azərbaycanlılarının həmrəylik günü ilə bağlı  idi. Belə ki, Ali Məclisin   1991-ci il 16 dekabr tarixli Qərarı ilə 31 dekabr dünya azərbaycanlılarının həmrəylik və milli birlik günü elan olundu, həmin günün  hər il bayram edilməsi nəzərdə tutuldu. Qərarda  dekabrın 31-nin Azərbaycan Respublikasında rəsmi qeyd edilməsi üçün qanunvericilik təşəbbüsü qaydasında Ali Sovetə  təklif verilməsi də öz əksini tapmışdı.13

Bəhs olunan dövrdə müxtəlif ictimai-siyasi qüvvələrin hakimiyyət uğurunda ölüm-dirim mübarizəsi aparması və öz məqsədlərinə çatmaq üçün silahlı qarşıdurmalar. vətəndaş müharibəsi törətməsi Azərbaycanı ciddi təhlükə ilə üz-üzə qoymuşdu. Ölkə əhalisi  yaranmış ağır və mürəkkəb vəziyyətdən çıxış yolunu yalnız müdrik dövlət xadimi Heydər Əliyevi ali hakimiyyətə dəvət etməkdə görürdü və bu istiqamətdə müxtəlif təşəbbüslərlə çıxış edirdi. Lakin respublika rəhbərliyi bu müdrik Liderin hakimiyyətə gedən yolunu bağlamaq üçün əvvəlcədən düşünülmüş bir çox tədbirlər görmüşdü. Belə ki, "Azərbaycan Respublikasının  prezident  seçkiləri haqqında" Qanununa son beş il ərzində respublikada yaşamayan və yaşı 65-dən yuxarı olan şəxslərin  namizəd verilməsini qadağan edən maddə əlavə  etmişdi. Əslində bu, qanun yalnız  Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsinin qarşısını almaq üçün məqsədli  şəkildə atılan  addım idi. Buna etiraz əlaməti olaraq 1992-ci il aprelin  25-30-da  Bakıda Ali Sovetinin binası qarşısında keçirilən kütləvi xalq mitinqlərində  çıxış edənlər  Heydər Əliyevin respublika prezidentliyinə namizədliyinin irəli sürülməsini məhdudlaşdıran maddənin qanundan çıxarılmasını, Milli Liderə qarşı təzyiq və təqiblərin dayandırılmasını,  Ali Sovetin sessiyasının çağırılmasını  və təcili tədbirlərin görülməsini tələb edirdilər.  Analoji mitinq 1992-ci il mayın 5-də Naxçıvan MR, sonrakı aylarda Azərbaycanın digər bölgələrində də keçirildi.  1992-ci il mayın 18-də Ali Sovetin  növbədənkənar sessiyasında parlamentin  yeni sədrini seçmək məsələsinin müzakirəsi zamanı bir qrup deputat tərəfindən Heydər Əliyevin namizədliyi irəli sürüldü. Lakin Cəbhə-Müsavat qüvvələrini və keçmiş kommunist nomenklaturasını təmsil edən bir qrup şəxs bu təkliflərin həyata keçirilməsinə cidd-cəhdlə  mane oldu.  Çünki onlar Heydər Əliyevin xalq arasındakı yüksək nüfuzunu, zəngin idarəçilik təcrübəsini qısqanclıqla qarşılayır və hesab edirdilər ki, onun Azərbaycanın rəhbərliyinə gəlişi onların hakimiyyətə yolunu bağlayacaq. Təəssüf ki, həmin dövrdə  bu birliyin anti-Əliyev və anti-xalq mövqeyi parlamentdə üstünlük təşkil etdi. 

1992-ci ilin mayında Azərbaycanın siyasi hakimiyyətində dəyişiklik baş verdi və   Cəbhə-Müsavat qüvvələri kommunist partiyası hakimiyyətini əvəz etdi. Bu dövrdə ermənilər Dağlıq Qarabağda və Azərbaycanın digər bölgələrində işğalçılıq siyasətini günü-gündən genişləndirirdi. Naxçıvanın Ermənistanla sərhəd kəndlərində vəziyyət xüsusilə  ağır idi. Ermənilərin kəndlərə hücumları intensivləşir, doğma torpaqları uğrunda mübarizə aparan yerli insanlar şəhid olurdu. Azərbaycanın yeni hakimiyyəti Naxçıvanın müdafiəsinə kömək göstərmək əvəzinə, yerli rəhbərliyə qarşı siyasi təzyiqləri artırır, ictimai-siyasi prosesləri nəzarətdən  çıxarmağa cəhd edirdi. Mərkəzi hakimiyyətin yarıtmaz siyasəti və idarəçiliyi fonunda xalq arasında Heydər Əliyevə günü-gündən Milli Lider və XİLASKAR kimi baxırdılar. Xüsusən, tanınmış ziyalılar Mütəllibov dövründə olduğu kimi, yeni  iqtidarın da  antixalq və antidövlət siyasətinə, Naxçıvan MR rəhbərliyinin qərarlarına sayğısız yanaşmasına, blokadada olan Naxçıvana təzyiq göstərməsinə etiraz edir, Heydər Əliyevlə həmrəy olduqlarını bildirir,  Azərbaycanın müstəqilliyi və suverenliyi naminə Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi tarixi qərarları yüksək qiymətləndirir, muxtar respublikada gedən demokratik proseslərə böyük dəyər verirdilər. Naxçıvanın blokadaya salınmasına baxmayaraq və siyasi hakimiyyətin qərəzli münasibətinə fikir vermədən Heydər Əliyev muxtar respublikanın sosial-iqtisadi böhran vəziyyətindən çıxarılması üçün mühüm addımlar atırdı. Onun həyata keçirdiyi məqsədyönlü siyasət  nəticəsində Naxçıvanın ermənilər tərəfindən işğalının qarşısı alındı, əhali aclıqdan və qışın soyuğunda donmaqdan xilas edildi, MR-in sosial-iqtisadi həyatı öz ahəngi ilə idarə olundu. Türkiyə Cümhuriyyəti tərəfindən  Azərbaycanla Türkiyə arasında sərhəd keçidi yaratmaq məqsədilə Araz çayı üzərində  körpü tikildi və 1992-ci il mayın 28-də  onun rəsmi açılışı oldu. "Ümid körpüsü" adlandırılan bu körpünün istifadəyə verilməsi Türkiyə ilə Naxçıvan arasında 1992-ci il martın 24-də imzalanmış əməkdaşlıq protokolunda göstərilən məqsədlərin  həyata keçirilməsi, qardaş dövlətin Naxçıvana maddi, texniki və mədəni yardımının  təmin olunması üçün geniş imkanlar açdı.

Heydər Əliyev İran İslam Respublikası ilə də müxtəlif sahələri əhatə edən  əməkdaşlıq münasibətləri yaratdı və blokadada olan Muxtar Respublikanın təhlükəsizliyinin təmin olunması, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində onun imkanlarından istifadə etdi. Heydər Əliyevin əldə etdiyi bütün bu  uğurlar onun xalq arasındakı  nüfuzunu daha da artırır,  respublika vətəndaşları bu müdrik dövlət xadiminin  Azərbaycan rəhbərliyinə gəlməsinin zəruri olması ilə bağlı çoxsaylı müraciətlər  edir və ayrı-ayrı təşkilati tədbirlər  həyata keçirirdi. AXC-Müsavat hakimiyyəti isə ona qarşı qərəzli mövqeyini daha da sərtləşdirirdi.  Onların Naxçıvandakı tərəfdarları Ali Məclisin işini pozmağa cəhd göstərir,  öz çıxışlarında muxtar respublikanın ali hakimiyyət orqanının qanuni seçilmiş sədrinin antikonstitusion, zorakı yollarla vəzifəsindən kənarlaşdırmağa çalışır, ona qarşı müxtəlif qanunsuz aksiyalar həyata keçirirdilər.  AXC-Müsavat hakimiyyətinin   1992-ci il oktyabrın 24-də onlar zorakı  vasitələrlə Naxçıvan MR-də dövlət çevrilişinə cəhd göstərdi.  AXC-yə məxsus yerli silahlı dəstələr Mərkəzi hakimiyyətin dəstəyi ilə Naxçıvan MR Daxili İşlər Nazirliyinin, Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin  binalarını zəbt etdi, xidməti vəzifə başında olan insanları fiziki və mənəvi təzyiqlərə məruz qoydular. Sözsüz ki, mərkəzi hakimiyyətin belə qanunazidd əməllərə əl atması Heydər Əlyevi milli maraqlara söykənən prinsipial və qətiyyətli mövqeyindən çəkindirə bilməzdi. Naxçıvanda dövlət çevrilişi cəhdi 1992-ci il oktyabrın 25-də Ali Məclisin  fövqəladə sessiyasında  müzakirə edildi və dövlət çevrilişinə cəhd  kimi qiymətləndirildi. Ali Məclis Naxçıvanda AXC-nin qanunsuz  silahlı dəstələrinin  ləğv olunması və onlara məxsus  bütün silahların  muxtar respublikada yerləşən Azərbaycan Müdafiə Nazirliyinin hərbi hissələrinə təhvil verilməsini tələb etdi.   

Təbii ki, AXC-Müsavat hakimiyyətinin respublikanı  gündən-günə uçuruma yuvarlayan yarıtmaz siyasət aparmaqda davam etməsinə Azərbaycan vətəndaşları biganə qala bilməzdi. Bu məqsədlə 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalı  "Səs" qəzeti vasitəsilə Heydər Əliyevə müraciət etdi. Müraciətdə Azərbaycan hakimiyyətinin səriştəsizliyi ucbatından respublikada siyasi hərc-mərcliyin getdikcə dərinləşməsi və  ictimai-siyasi proseslərin  nəzarətdən çıxması, cəmiyyətdə cinayətkarlığın artması, vətəndaş qarşıdurmasının vüsət alması, ictimai-siyasi, mənəvi, iqtisadi böhranın  gündən-günə  dərinləşməsi faktı qeyd olunur, dövlət idarəçiliyində və iqtisadi sistemdə, hüquqi dövlətin quruculuğunda real addımların   atılmadığı,  hakimiyyətin  fərsiz  kadr siyasətinin cəmiyyətin durumunu daha da  çətinləşdirdiyi və s. bildirilirdi. Müraciətdə  Azərbaycanı üzləşdiyi ağır vəziyyətdən yalnız müdrik siyasətçi və dövlət xadimi kimi Heydər Əliyevin xilas edə biləcəyi vurğulanır, onun rəhbərliyi ilə Azərbaycan xalqını  öz ətrafında səfərbər edərək, ölkəni ağır durumdan çıxarmağa qadir olan yeni bir  güclü siyasi təşkilatın yaranmasına ehtiyac olduğu qeyd edilirdi. Ziyalılar öz müraciətində ölkənin  milli elitasının,  on minlərlə fəal respublika əhalisinin və bütün xalqın adından Heydər Əliyevdən yeni bir partiyanın yaradılmasına və ona rəhbərlik edilməsinə razılıq  verməsini xahiş edirdi.14

Heydər Əliyev 1992-ci il oktyabrın 24-də ziyalıların müraciətinə cavab verdi. Cavab məktubunda   "Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsini, hüquqi  dövlət  və vətəndaş cəmiyyəti quruculuğunu, ölkə vətəndaşların  dövlətçilik ətrafında birləşdirilməsini, bütün imkanları səfərbər edərək  hərtərəfli, genişplanlı iş aparılmasını mövcud dövrün ən mühüm vəzifələri kimi qiymətləndirən Heydər Əliyev, bu istiqamətdə  respublikanın ictimai-siyasi, sosial-iqtisadi  və milli-mənəvi potensialından maksimum istifadə etməklə qarşıda dayanan əsas problemləri həll etməyin mümkün yolları haqqında öz fikirlərini söyləyir. O, qarşıda duran taleyüklü milli vəzifələrin həyata keçirilməsində yaxından iştirak etmək məqsədilə, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya,  siyasi plüralizm şəraitində yeni bir partiyanın yaradılmasının  obyektiv zərurətdən doğduğunu vurğulayaraq, bu istiqamətdəki fəaliyyətlərinə görə ölkə ziyalılarına öz təşəkkürünü bildirmişdir. Müraciətdə Heydər Əliyev qeyd etmişdir  ki, belə bir  partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin  möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazırdır. 15

Beləliklə,  1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyası təsis edildi və Heydər Əliyev  onun sədri seçildi. Həmin gün YAP-ın qəbul etdiyi bəyanatda partiyanın başlıca proqram  məqsədinin  dövlət  müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin olunması, demokratik hüquqi dövlətin yaradılması, sosial istiqamətli iqtisadiyyatın bərqərar  edilməsi  və s.  ibarət olduğu göstərilmişdir. YAP təsis olunduqdan sonra tezliklə respublikanın bütün bölgələrində partiyanın təşkilatlanması prosesi başladı. Azərbaycan xalqının Heydər Əliyevin şəxsiyyətinə, dərin və uzaqgörən siyasətinə bəslədiyi sevgi və inamının nəticəsi idi ki, partiyanın sıraları sürətlə genişləndi. Lakin YAP-a respublika vətəndaşlarının  kütləvi axını Cəbhə-Müsavat iqtidarını narahat etməyə başladı. Onlar bütün vasitələrlə partiyanın təşkilatlanması prosesinə maneçilik törədir, partiyanın yaranmasında iştirak edən insanları təqib edir və başqa təzyiqlərə əl atırdılar. Sonrakı müddətdə iqtidarın bu yanlış siyasəti son nəticədə Azərbaycanı vətəndaş müharibəsi və  dövlət müstəqilliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qoydu. 1993-cü il iyunun 4-də Gəncə şəhərində hökumət qüvvələri ilə ordu komandiri   Surət Hüseynovun  silahlı dəstələri arasında hərbi toqquşma baş verdi.  Naxçıvan MR Ali Məclisinin və Nazirlər Kabinetinin rəyasət heyəti Gəncə şəhərində baş verən hadisələrlə bağlı 1993-cü il iyunun 7-də  bəyanat verdi. Sənəddə Azərbaycanda faktiki olaraq vətəndaş müharibəsinin  başlandığı bildirildi və  bu,  Azərbaycanın ağır və  tarixən məsuliyyətli bir dövründə baş verən  dəhşətli hadisə kimi qiymətləndirildi.16

Respublikadakı ictimai-siyasi vəziyyətə nəzarəti tam  itirdiyini görən və hadisələrin sonrakı gedişindən ciddi təşviş keçirən AXC-Müsavat  hakimiyyəti çıxış yolunu Heydər Əliyevi Bakıya dəvət etməkdə gördü. Parlamentin  1993-cü il iyunun 15-də keçirilən iclasında Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi.  Parlamentdəki ilk çıxışında Heydər Əliyev Ali Sovetin sədri kimi qarşıda dayanan bir çox vəzifələr haqqında danışdı. Onların sırasında  dövlət müstəqilliyinin  qorunması və möhkəmləndirilməsi;   Ermənistan tərəfindən işğal olunmuş torpaqların azad edilməsi;  ölkədə demokratik  inkişaf və siyasi plüralizmə nail olunması; dövlət quruculuğu prosesində  demokratik prinsiplərin və qanunculuğun təmin edilməsi; bazar iqtisadiyyatı sisteminin formalaşdırılması və  inkişafı məsələsini xüsusi qeyd etmək lazımdır. Tarixi proseslərin sonrakı gedişi göstərdi ki, Heydər Əliyev həm Ali Sovetin sədri, həm də sonrakı illərdə Azərbaycan Respublikasının Prezidenti kimi, daim xalqına arxalanaraq və zəngin dövlətçilik təcrübəsinə, uzaqgörən siyasətinə söykənərək çox qətiyyətli,  müdrik və effektli idarəçilik həyata keçirdi, Azərbaycanın dövlət müstəqilliyini və milli inkişafını təmin etdi, respublikada demokratik dövlət quruculuğu, siyasi plüralizm, vətəndaş cəmiyyəti və bazar iqtisadiyyatı prinsiplərini dönməz hala gətirdi, ölkəni dinamik inkişaf yoluna çıxardı və öz  adını  xalqımızın dövlətçilik tarixinə müstəqil, demokratik Azərbaycan dövlətinin BANİSİ və LİDERİ kimi  həkk etdi.

 

 

QEYDLƏR:


1.Bax: Qayıdış (1990-1993). Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr. - Bakı, "Azərbaycan" nəşriyyatı, 2008, s.15

2. 1990-cı il 20 yanvar faciəsi ilə əlaqədar Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində 1990-cı il yanvarın 21-də keçirilmiş yığıncaqda Heydər Əliyevin çıxışı // Heydər Əliyev.  Şəxsi mövqe. - Bakı,  "Azərbaycan" nəşriyyatı,  1994., s.3

3. Qayıdış (1990-1993)., s.104

4. Azərbaycan SSR Prezidentinə, Azərbaycan SSR Ali Sovetinin sədrinə, Azərbaycan SSR Nazirlər Sovetinin sədrinə, Azərbaycan SSR  rəsmi mətbuat və informasiya vasitələrinin rəhbərlərinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müraciəti // Qayıdış (1990-1993)., s.134

5. "1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı // Qayıdış (1990-1993)., s.148-150

6. Bax: Qayıdış (1990-1993).,  s.150-157

7. Yenə orada, s.169

8. Azərbaycan Respublikası Ali Sovetinin birinci sessiyasında  Heydər Əliyevin çıxışı //Heydər Əliyev. Şəxsi  mövqe.,  s.6-14.

9. Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında Heydər Əliyevin çıxışı // "Səs" qəzeti, 15 mart 1991-ci il

10.Bax: Qayıdış (1990-1993)., s.200-201

11.Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında Heydər Əliyevin çıxışı //Qayıdış (1990-1993).,  s.182-183 

12. Yenə orada, s.239

13. "31 dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı // Qayıdış (1990-1993)., s.274

14. Azərbaycan ziyalılarının Heydər Əliyevə müraciəti // Qayıdış (1990-1993).,  s.503-507

15.  Heydər Əliyevin Azərbaycan ziyalılarının müraciətinə cavabı // Qayıdış (1990-1993)., s.507-511

16. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və Nazirlər Kabinetinin Rəyasət Heyətinin Bəyanatı //Qayıdış (1990-1993).,  s.797 

.

 

 

10 May 2016 10:53
http://strategiya.az/?do=xeber&id=57881