Kəlbəcərin Ağdaban kəndi Dağlıq Qarabağdan əvvəl işğal edilmişdi

Kəlbəcərin Ağdaban kəndi Dağlıq Qarabağdan əvvəl işğal edilmişdi

 

                              Ağdaban kəndi

 

Ağdaban kəndi Kəlbəcər rayonunda, Ağdaban çayının sağ silsiləsində, Ağdaban dağının yamacında, Murovdağ silsiləsinin cənub ətəyində,rayon mərkəzindən 56 km şimal-şərqdə yerləşir.Kəndin 460 nəfər əhalisi vardı. Tütünçülük, heyvandarlıq kənd əhalisinin əsas məşğuliyyəti sayılırdı. Kənddə orta məktəb, klub, kitabxana, tibb məntəqəsi var idi.

Kəndin indiki ərazisində Dəmirçidam kəndinin binəsi olmuşdur. 1905-ci ildə həmin kənddən dəlikli, məmmədli, məhərrəmli, feyzalılar adlı nəsillərə mənsub olan ailələr buraya daimi məskən salmışdır. Kənd də Ağdaban dağının adı ilə əlaqədar olaraq belə adlandırılmışdır. Daban türk dillərində “dağ keçidi” ,“aşırım” mənası daşıyır. Toponim “ağ rəngli aşırım”, “ağımtıl dağ keçidi” mənasındadır. Daban sözü geniş arealda yayılmışdır. Azərbaycanda (Ağdərə,Şərur rayonları) Ağdaban adlı dağlar da mövcuddur.


                        Ağdaban soyqırımı

1992-ci il aprel ayının 8- də səhərə yaxın erməni quldurları Ağdaban yalındakı gözətçi məntəqəsinə qalxıb, burada keşik çəkən 3 nəfəri qətlə yetirdilər. Ermənilərin Ağdərə rayonunun Capar kəndi istiqamətindən Kəlbəcər rayonunun Çayqovuşan və Ağdaban kəndlərinə silahlı hücumu nəticəsində Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılmış, 779 nəfər dinc sakininə amansız işgəncələr verilmişdir. Ağdaban kəndində ermənilərin həyata keçirdikləri soyqırım nəticəsində 39 nəfər xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Onların arasında 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri odda yandırılmış, 2 nəfər itgin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir. Ermənilər tərəfindən tarixi, memarlıq və mədəniyyət abidələri dağıdılmış, talanmış və məhv edilmişdir. Azərbaycanın klassik aşıq şeirinin ustadı Aşıq Qurbanın və oğlu Aşıq Şəmşirin əlyazmaları yandırılmış və məhv edilmişdir.

1992-ci il aprel ayının 8-də baş verən, Azərbaycan tarixində törədilmiş ən böyük cinayətlərdən biri, Qarabağın strateji əhəmiyyətli Kəlbəcər rayonunu ələ keçirmək üçün erməni millətçilərinin "Böyük Ermənistan" yaratmaq xülyasıyla Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqırımı idi. Ağdaban soyqırımı - bütöv bir kəndin tamamilə yandırılması, yüzlərlə dinc sakinə qeyri-insanı işkəncələr verilməsi, yurdundan didərkin salınması yaddaşlardan heç vaxt silinəsi hadisə deyil.

Qeyd etmək vacibdir ki, Agdaban soyqırımı Yuxarı Qrabağın bütünlüklə işgalından hələ əvvəl baş vermişdi. Bu hadisə onu göstərir ki, ermənilərin təkcə Dağlıq Qarabağ deyil, işğalçılıq siyasətinin təməlində uydurma “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün daha geniş ərazilər həyata keçirmək xeyli əvvəllər planlı şəkildə hazırlanmışdı.

 

.

 

 

08 Aprel 2014 08:29
http://strategiya.az/?do=xeber&id=6620