10:07 29 Oktyabr 2017
2924 dəfə oxunub
Çap versiyası

 

 

Xalqımızın ziyalı təbəqəsinə – düşünən, yaradan və öncüllük edən beyinlərinə qarşı 1937-ci ildən başlayan repressiya dalğasının son qurbanları arasında Azərbaycan ədəbiyyat tarixində əhəmiyyətli işlər görən dövlət xadimi və yazıçı, Azərbaycan Xalq Cümhuriyyətinin ilk diplomatlarından olmuş Yusif Vəzir Çəmənzəminli də vardı. Qarabağın mərkəzi Şuşada dünyaya göz açan Y. V. Çəmənzəminlinin həyat və fəaliyyəti çətinliklərlə, ağrılı, bir qədər də maraqlı hadisələrlə müşayiət olunmuşdur.

 

Qarabağdan Orta Asiyaya

Yusif Mirbaba oğlu Vəzirov (Yusif Vəzir Çəmənzəminli) 12 sentyabr 1887-ci ildə Şuşada anadan olub. Yusif Vəzirin atası Məşədi Mirbaba Şuşa bəylərindən idi. Yusif Vəzirin soyadı XVIII əsr Qarabağ hökmdarı İbrahimxəlil xanın vəzirlərindən olan Mirzə Əliməmmədağanın tutduğu vəzifəsinə görə nəsildən-nəsilə keçib. Yusif Vəzir əvvəlcə Şuşada mədrəsədə oxuyur. Daha sonra Məşədi Mirbaba Yusifi işlədiyi Ağdama aparır və onun təhsili ilə özü məşğul olur. Ona türk və fars dillərini öyrədir. Yusifin atası onun rusca öyrənməsini də istəyirdi. Ağdamda rus məktəbi olmadığı üçün Yusif Muradbəyli kəndindəki rus məktəbinə getməli olur. Yusif bir il bu məktəbdə oxuyandan sonra 1896-ci ildə Şuşaya qayıdır və imtahan verib Şuşa realnı məktəbinə daxil olur. O zaman Şuşa realnı məktəbi Qafqazın məktəbləri sırasında birincilərdən sayılırdı. Qardaşı 21 yaşlı Əbülhəsənin ölümü onu sarsıdır. Bu hadisə Yusifdə ümidsizlik doğurur və onun uzun müddət dərsləri ilə məşğul ola bilməməsinə səbəb olur.

Bir müddət keçəndən sonra qardaşı Əbülhəsənin yaratdığı zəngin kitabxana Yusifə verilir. Yusif Vəzir kitabxanadakı rus və əcnəbi klassiklərin kitabları ilə yaxından tanış olandan sonra onda ədəbiyyata böyük maraq oyanır. Y.Vəzir Şuşa realnı məktəbində təhsilini rus dilində aldığı üçün 1904-cü ildə həyatından şikayət tərzində "Jaloba" adlı ilk şeirini rusca yazır. Y.Vəzirin atası 1906-ci il fevral ayının 20-də vəfat edir. Onun vəfatından sonra ailə 19 yaşlı Yusifin himayəsində qalır. Atasının vəfatından sonra Yusif əvvəl dükanlarını satmaq üçün Ağdama gedir. Bir neçə gün orada qaldıqdan sonra xəstələnib Muradbəylidə yaşayan Telli bibisigilə gedir. İki ay yatalaq xəstəliyindən yatıb, ağır böhranlar keçirir. Sonra Yusifin bibisi onun sağalacağına olan ümidini itirib Şuşaya göndərir. Xəstəlikdən zəif düşmüş Yusifin üç ay yataqdan qalxa bilməməsi ailəni böyük çətinliklər qarşısına qoyur. Yusifin anası onun həyatını xilas etmək üçün əlindən gələni edir. Ailənin ağır vəziyyətində Yusif hələ uşaq ikən Cənubi Azərbaycanın Çəmənzəmin kəndindən Şuşaya pənah gətirib, Yusifgilin həyətlərində sığınacaq tapmış Həsənxan, Nifti və Fərəc qardaşlarından basqa heç kim kömək etmir.

Şuşada erməni-müsəlman toqquşmaları nəticəsində vəziyyət gərginləşir, azərbaycanlı tələbələr məktəblərini tərk etmək məcburiyyətində qalırlar. Vəzirovlar ailəsi Aşqabada köçməli olur. Y.Vəzir isə təhsilini davam etdirmək üçün Bakıya gedib realnı məktəbin altıncı sinfinə daxil olur. O, oxumaqla bərabər ictimai işlərlə də məşğul olur. Y.Vəzir xalqın məişətini, onun adət-ənənələrini, həyat tərzini bilərək 1907-ci ildə "Şahqulunun xeyir işi" adlı hekayəsini yazır. Bu hekayə ilk dəfə 1911-ci ildə "Səda" qəzetində çap olunur. Yusif Vəzir 1909-cu ildə Bakı realnı məktəbini bitirir, təhsilini davam etdirmək üçün Peterburqa gedib sənədlərini instituta verir, lakin riyaziyyat imtahanından kəsiləcəyini hiss edib sənədlərini geri götürür. Orada qaldığı vaxtdan istifadə edib məşhur "Cənnətin qəbzi" hekayəsini və Şeyx Şamil haqqında şeirini yazır. Bir aydan sonra Y.Vəzir Peterburqdan Aşqabada qayıdır. O, Aşqabadda qaldığı müddətdə latıncanı öyrənməyə başlayır. Sonra isə Daşkəndə gedib altı ay kursda oxuyur və Daşkənd gimnaziyasında imtahan verib universitetə girmək hüququ qazanır.

 

Çox gəzən çox bilər: Kiyev-Simferopol-Odessa...

Y.Vəzir 1910-cu ildə Kiyevə gedib, Müqəddəs Vladimir adına İmperator Universitetinin hüquq fakültəsinə daxil olur. Yusif Vəzir Kiyevdəki 5 illik tələbəlik dövründə də Vətənlə heç bir zaman əlaqəni kəsmir. Bakıda nəşr olunan qəzetləri və jurnalları müntəzəm olaraq alır və Azərbaycanda baş verən hadisələrlə yaxından tanış olurdu. Eyni zamanda öz yazılarını da Bakıda çıxan qəzetlərdə çap etdirirdi. Y. Vəziri düşündürən əsas məsələlərdən biri də Azərbaycan dilində kitabların nəşri və yayılması olub. O, bu məqsədlə Kiyevin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrdən ibarət xüsusi nəşriyyat heyəti təşkil etmişdi. Yusif Vəzirin xalq nağıllarından götürülmüş uşaqlar üçün yazdığı məşhur "Məlik Məmməd" nağılı 1910-cu ildə Kiyevdə yazılmış və 1911-ci ildə kitabça şəklində nəşr olunmuşdu. Kiyevdəki nəşriyyat heyəti Azərbaycanın tarixinin yazılması təşəbbüsünü də irəli sürürdü. Yusif Vəzir 1912-ci ildə "Yeddi hekayə", 1913-cü ildə isə "Həyat səhifələri" adlı kitablarını Kiyevdə çap etdirir.

Beləliklə, Yusif Vəzirin Kiyevdəki 5 illik tələbəlik həyatı ədəbi və elmi sahədə çox əlverişli olub. O zaman o, dini məsələ, qadın məsələləri və uşaq tərbiyəsi ilə bağlı "Arvadlarımızın halı", "Qanlı göz yaşları", "Ana və analıq" kitablarını yazır. 1915-ci ildə Birinci Dünya müharibəsində olaraq alman hücumundan çəkinən çar höküməti Kiyev Universitetini müvəqqəti olaraq Saratova köçürdüyü üçün Yusif Vəzir universiteti 1915-ci ildə Saratovda bitirir. Saratov Məhkəməsində, daha sonra Odessada vəkil-məsləhətçi olaraq çalışır. 1917-ci ildə yenidən Kiyevə gələn Y.Vəzir orada oxuyan azərbaycanlı tələbələri ətrafına toplayaraq Türk Ədəm-Mərkəziyyət firqəsi – "Musavat”ın Kiyev şöbəsini yaradır.

Müstəqil Ukrayna Respublikası yarandıqdan sonra Azərbaycan Xalq Cumhuriyyəti Yusif Vəziri Ukraynada diplomatik nümayəndə təyin edir. Yenicə işə baslamış diplomatik nümayəndəliyi Azərbaycanı tanıtmaq üçün onun tarixi, ədəbiyyatı, mədəniyyəti, ticarəti və iqtisadiyyatı haqqında çoxlu məqalələr yazıb mətbuatda çap etdirir. 1918-ci ildə Rusiyadakı vətəndaş müharibəsi ilə əlaqədar Azərbaycanla rabitə kəsilir. Y.Vəzir vətəndə baş verən hadisələrdən heç bir informasiya almadığı üçün tutduğu vəzifəsini müavininə tapşırıb Simferopola (Ağməscidə) gedir. Orada bir neçə ay ləngidiyi üçün Krımdakı "Millət" qəzetində "Azərbaycan və azərbaycanlılar" adlı məqaləsini çap etdirir və Litva tatarlarının tarixi ilə maraqlanaraq onlar haqqında tədqiqat aparıb yazdığı "Litva tatarları" adlı kitabçasını 1919-cu ildə Simferopolda çap etdirir. Yol şəraiti yaxşılaşan kimi Y.Vəzir Odessaya gedir və orada iki ay qalmalı olur.

 

Türkiyədə səfir, Fransada fəhlə

O, vətənə qayıtdıqda "Azərbaycan" qəzetində "Xarici siyasətimiz", "Milli və mədəni islərimiz" başlığı ilə silsilə məqalələrini çap etdirir. Y.Vəzir bir müddət Bakıda qaldıqdan sonra Azərbaycan Xalq Cumhuriyyətinin Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəylinin təklifi ilə 1919-cu ildə yeni yaranmış Respublikanın səfiri kimi İstanbula göndərilir. Yusif Vəzir İstanbulda diplomatik işlə məşğul olmaqla yanaşı, öz ədəbi fəaliyyətini də davam etdirir. Belə ki, Azərbaycanı və Azərbaycan ədəbiyyatını türk aləminə tanıtmaq üçün elmi müşahidələrlə zəngin olan "Azərbaycan ədəbiyyatına bir nəzər", "Tarixi-coğrafi və iqtisadi Azərbaycan" adlı kitablarını yazıb 1921-ci ildə onları İstanbulda çap etdirir. Y.V. Çəmənzəminli 1918–1920-ci illərdə Krımın Ağməscid (Simforopol) şəhərində nəşr olunan "Millət" qəzetində 30 yaxın məqaləsi çap etdirir.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Y.Vəzir tutduğu vəzifəsinin artıq bitmiş olduğunu elan edib, Parisdə Siyasi Elmlər İnstitutunun diplomatiya fakültəsində təhsil alan kiçik qardaşı Mirinin (Mirabdulla) yanına gedir. Fransada hər hansı bir əcnəbinin hüquq sahəsi üzrə işləməsi qeyri-mümkün olduğu üçün Y.Vəzir maddi vəziyyətinin ağır olması ilə əlaqədar Paris yaxınlığındakı Klişi şəhərində zavodlarda fəhləlik etmək məcburiyyətində qalır. O, "Paris xəbərləri" qəzeti ilə əməkdaşlıq edib "Şərq məktubları" başlığı altında cürbəcür yazılar çap etdirir. Qardaşı Miri 1922-ci ildə təhsilini başa vurub Paris banklarının birində məmur işləyirdi, lakin o, 1924-cü ildə qəflətən xəstələnir, 1925-ci ildə 29 yaşında Parisdə vəfat edir.

 

Mühacirətdən qayıtma səbəbləri

Yeganə qardaşının vaxtsız vəfatından sonra Y.Vəzir Parisdə böyük çətinliklərlə üzləşir və onu gözləyən təhlükələrə baxmayaraq, Azərbaycana qayıtmağı qərara alır. 1937-ci ildə Stalinə ünvanladığı məktubunda Vəzirov çarəsiz vəziyyətini və on il əvvəl Sovet Azərbaycanına qayıtmasının səbəblərini açıqlayırdı. Vəzirov yazırdı: “Mənim üçün Vətən, dənizdə fırtınalı səyahətdən sonra sığındığım sakit bir liman kimidir”.

Başqa mənbələrdən fərqli olaraq, onun istintaq işində qayitma prosesi barədə maraqlı məqamlar var. Xüsusilə ora əlavə edilən B.V. Çobanzadənin 02.08.1937-ci il tarixli ifadələrində deyilir: “1920-ci ildə Y.Vəzir Müsavat hökumətinin nümayəndəsi olan zaman İstanbulda tanış olmuşuq, bu hökumətin devrilməsindən sonra Parisə köçdü və 1927-ci ildə Sovet rəhbərliyinin icazəsi ilə vətənə qayıtdı”. Başqa qaynaqlardan məlum olduğu kimi, onun qayıdış tarixi 1926-cı ilin aprel ayı olmuşdur. Daha etibarlı mənbə sayılan Hüseyn Cavid ifadəsində 1933-cü və ya 1934-cü ildə Yusif Vəzirlə tanış olduğunu yazır və keçmişi ilə əlaqədar yalnız onun danışdıqlarını nəql edir: “Türkiyədə müsavatçıların nümayəndəsi oldu, onların devrilməsindən sonra işsiz qaldı, Parisə gedərək zavod və fabriklərdə çalışdı. 1920-ci illərin ortalarında xaricə gedən Ruhulla Axundov onun ölkəsinə qayıtmasına kömək etdi”(Hüseyn Cavidin istintaq işi, s. 36-37).

Əvvəlki yazılarda haqqında bəhs etdiyimiz mühəndis Ruhulla ilə eyni soyadı daşıyan A. Axundov 20.10.1938-ci il tarixində verdiyi ifadədə 1925-ci ildə Parisdə “Azərbaycan dekorativ sənət sərgisi”ndə iştirakı zamani Yusuf Vəzirin ona yaxınlaşdığını və Vətənə qayıtmaq üçün kömək istədiyini qeyd edir. Fransadan qayıdanda Ruhulla Axundovla Almaniyada görüşən A. Axundov Yusuf Vəzirin bu istəyini ona yönəldir. Sovet rəhbrəliyinin məşhur müsavatçının qayıtmasına icazə verməsi bir qədər təəccüblü görünsə də, onun guya Sovet ideologiyasını mənimsəməsinin sonradan Azərbaycan kommunistləri tərəfindən təbliğat məqsədli istifadə edilməsi məqsədi aydınlaşdırdı.

Qürbət ellərdən vətəninə qayıtmış Y.Vəzir ilk əvvəl "Bakı işçisi" nəşriyyatında bədii şöbənin redaktoru, sonralar Dövlət Plan Komitəsinin ictimai-mədəni bölməsində ixtisası üzrə vəkil işləmiş və eyni zamanda müəllimliklə də məşğul olmağa başlamışdı. Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq və pedaqoji fakültəsində, Pedaqoji, Tibb və Neft İnstitutlarında Azərbaycan və rus dilləri kafedrasında dərs demişdi. Eyni zamanda Y.Vəzir Ruhulla Axundovun redaktəsi ilə çıxmış "Rusca-Azərbaycanca lügət"in müəlliflərindən biri olmuşdu. Digər tərəfdən, Y.Vəzir Çəmənzəminlinin Azərbaycan dilində terminologiyanın yaradılmasında da böyük xidməti olmuşdur.

 

Yaradıcılığın parlaq dövrü

Yazıçının öz tərcümeyi-halında ifadə edildiyi kimi: "1926-cı ildən sonra onun çoxyönlü yaradıcılığının yeni bir dövrü başladı. Onun haqqında bəzən doğru, bəzən ziddiyyətli və mübahisəli bir çox fikirlər danışıldı, mühakimələr ortaya atıldı. Bu müzakirələr müxtəlif məsələlərlə əlaqəli idi: Ruhulla Axundov başda olmaqla Yusif Vəzir Çəmənzəminlini repressiyadan qoruyanlar var idi. Belə ki, 1920-ci illərin sonunda köhnə "Müsavat" üzvlərinə qarşı təzyiqlər əsnasında ona toxunulmadı, amma bu vəziyyət "proletar" tənqidçilərdə şübhələr oyatdı.

1920-ci illərdə müəllifin daha sonra topluya daxil edilən "Keçmişin səhifələri" (1926) və "Dolanışıq axtarışı içində" (1927) adlı genişhəcmli avtobioqrafik hekayələri nəşr olundu. 1930-cu illərdə Y.Vəzir Azərbaycan Sovet tarixi romanının yaradılması və inkişaf etdirilmə sahəsində əhəmiyyətli bir rol oynayır. Bu romanlara mövzu olan hadisələr fərqli dövrlərə aid idi. Y.Vəzir gənclik dövründən bəhs edən “Studentlər” (“Tələbələr”) romanı 1935-ci ildə tam olaraq nəşr olundu, bu romanın davamı olaraq "1917-ci il" romanı yazıldı. Amma o, tarixi romanlar da yazıb: "Qızlar bulağı" və "Qan içində". Fransadakı həyatından bəhs edən "Cənab Parisə gedir" komediyasını nəşr etdirdi. Onun son əsəri müasir mövzuda 1937-ci ildə rus dilində yazılmış "Altunsaç" kinossenarisidir. Yusif Vəzir Yazıçılar İttifaqından çıxarılmazdan 3-4 ay əvvəl yazdığı "Altunsaç" kinossenarisini "Azərfilm"ə vermişdi. Y.Vəzir 1937-ci ilin aprel ayında tamamladığı "İki od arasında" adlı tarixi romanı işdən çıxarıldığı üçün çap etdirə bilməmişdi. Öz

sağlığında nəşr etdirmək qismət olmayan Yusif Vəzirin bu tarixi romanı ilk dəfə 1964-cı ildə "Azərbaycan" jurnalında müəyyən ixtisarla "Qan içində" adı ilə çapdan çıxdı.

Y.Vəzir 1930–35-ci illərdə Azərbaycan Neft İnstitutunda işləyən zaman "Neft İnstitutunun əxbari" jurnalında "Neft və onun tarixi" adlı məqaləsi ilə bərabər bir çox məqalələr çap etdirir. Y.Vəzir bir çox hekayələri "Maarif və mədəniyyət" jurnalında və başqa mətbuat orqanlarında işıq üzü görür. Y.Vəzir tərcümələr üzərində də işləyirdi. O, L.Tolstoy, İ.Turgenev də daxil olmaqla, bir çox rus yazarlarının əsərlərini dilimizə çevirib. Azərbaycan dilində ilk səsli film olan məşhur "Çapayev" filminin ssenarisini də Azərbaycan dilinə 1936-cı ildə Y.V.Çəmənzəminli tərcümə edib.

 

Yusif Vəzirin təxəllüsləri və “Əli və Nino” əsəri

“Çəmənzəminli” Yusif Vəzirovun təxəllüslərindən biridir. Yuxarıda qeyd olunduğu kimi, Yusifin atası Məşədi Mirbaba Cənubi Azərbaycanın Çəmənzəmin kəndindən pənah gətirən 3 qardaşa öz həyətində sığınacaq vermişdi. Yusif Vəzirin "Çəmənzəminli" təxəllüsünü qəbul etməsi onun həmin ailəyə bəslədiyi hörmət və məhəbbətdən irəli gəlirdi. Vəzirov “Çəmənzəminli” təxəllüsündən 1911-ci ildən etibarən istifadə edirdi. 1926-cı ildə Sovet Azərbaycanına qayıtdıqdan sonra o, yenidən bu təxəllüslə yazmağa başlayıb. Lakin bir çox əsərlərindən görürük ki, Yusif Vəzirov 1904-cü ildən etibarən öz kimliyini gizli saxlamaq üçün ən az 15 təxəllüsdən istifadə edib: “Əli Xan”, “Qurban Səid”, “Bədbəxt”, “Haqq tərəfdarı”, “Müsavi”, “Stradayuşiy”, “Sərsəm” və s.

1911-ci ildə Vəzirov “Məlik Məmməd” adlı xalq nağılını “Əli Xan Çəmənzəminli” adı altında çap edib. Maraqlıdır ki, “Əli Xan”, “Əli və Nino” əsərində baş qəhrəmanın adıdır. Onilliklər boyu “Əli və Nino” əsərinin, həqiqi adını “Qurban Səid” təxəllüsü altında gizləməyə çalışan müəllifinin kimliyi məsələsi fikirayrılıqlarına səbəb olub. Dünyada geniş tanınmış və bestsellerə çevrilmiş "Əli və Nino"nun Y. V. Çəmənzəminlinin qələmindən çıxdığını iddia edən ədəbiyyatşünaslar var. Araşdırmalar Çəmənzəminlinin ilk dəfə 1937-ci ildə Avstriyada “Qurban Səid” adı altında çap edilmiş "Əli və Nino" adlı sevgi romanının əsil müəllifi olduğuna işarə edir. Onun müəllifliyini həm şəxsi həyatında yaşadığı hadisələr də sübut edir. Belə ki,1907-ci ilin yayında Yusif Vəzirov Aşqabada anasına baş çəkməyə getdiyi zaman orada Aşqabad Gimnaziyasının 3-cü sinif şagirdi Berta Maiseyeva ilə tanış olur. Bertanın "Əli və Nino" romanındakı Ninonun prototipi olduğu ehtimal edilə bilər. Əslində gündəliklərinə əsasən demək olar ki, romandakı tarixi hadisələrin bir çoxu Y.Vəzirovun Bakıda realnı məktəbdə oxuduğu dövrə təsadüf edir.

Müəlliflik məsələsi ilə bağlı aparılan geniş araşdırma romanın çap edilmiş son variantının ərsəyə gəlməsində iştirak edən bir neçə müəllifin adını təqdim edir. Lakin bəzi müəlliflər Əsəd Bəy adı altında yazan Lev Nussimbaumun əsərin yeganə müəllifi olduğunu iddia edir, alman dilində çap edildiyi üçün bu dili bilməyən Çəmənzəminlinin müəllifliyi ehtimalını, ümumiyyətlə, qəbul etmirlər. Halbuki arxivdəki sənədlər Yusif Vəzirin orta məktəbdə ikən alman dilini kifayət qədər yaxşı öyrəndiyini göstərir. Çəmənzəminlinin müəllifliyi versiyasını sadəcə dil faktoru səbəbilə rədd etmək əslində 1920–1930-cu illərdə baş verən siyasi böhranı, yaranmış iqtisadi böhranı və nəticədə Avropa paytaxtlarına axışan yüz minlərlə qaçqının yaşadığı çətinlikləri inkar etmək deməkdir. Qaçqın düşmüş ziyalılar oxucu kütləsini itirdikləri üçün çox zaman əsərlərini çap etdirə bilmək üçün ədəbiyyat brokerlərinə müraciət etməli olurdular.

Romanın “Əli Xan” adlı italyan nəşri 1944-cü ildə Məhəmməd Əsəd Bəy adı altında çap edilmişdi. Qəribədir ki, bu kitabda Nino Kipiani “Erika Kipiani” kimi təqdim edilirdi, bu isə gürcü adı deyildi. Nussimbaumun həyat yoldaşının adı Erika idi, lakin o, Əsəd Bəyin həmkarı Rene Füllöp Millerlə qaçmış və onlar qalmaqallı şəkildə boşanmışdılar. Bu italyan nəşri özünü “Əhməd Cəmil Vakka Mazzara” adlandıran Əsəd Bəyi tiryəklə təmin edən Vakka Bello tərəfindən onun ölümündən sonra müəmmalı şəkildə dərc edilmişdi. O, Əsəd Bəylə dörd nəsil əvvələ gedib çıxan qohumluğu olduğunu iddia etməklə, Əsəd Bəyin sağ qalmış yeganə varisi olduğunu irəli sürür və onun müxtəlif kitablardan gələn gəlirlərini əldə etmək məqsədi daşıyırdı. Əsər “Əli Xan” adı altında yalnız bir dəfə çap edilmişdi. Həmin nəşrdə bir sıra digər

dəyişikliklər də edilmişdi. Əli ilə Ninonun Tiflisə və İrana səyahətləri ilə bağlı hissələri gürcü yazıçı Qriqol Robakidzenin “İlan dərisi” (Das Schlangenhemd, 1928) əsərindən götürülmüşdü. Robakidzenin bu “köçürmədən” xəbəri olub-olmadığı məlum deyil. Orijinalından fərqləndirmək üçün mətnin üzərində çoxlu iş aparmaqla əslində plagiat olduğuna şübhə yaradılır.

Digər tərəfdən, Avstriya baronessası Elfrida Ehrenfels “Əli və Nino” romanını alman reyesterlerində qeydiyyatdan keçirmiş və “Qurban Səid” təxəllüsünün özünə aid olduğunu göstərmişdi. Halbuki onun romanın yazılmasında iştirakı sübut edilməmişdir.

 

Saxta ittiham, 8 illik cəza və ucuz ölüm

Hüseyn Cavidin istintaq işinə əlavə olunan 10–12 iyun 1937-ci il tarixli Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin qərarında Y.Vəzir "Azərbaycan Sovet Yazıçılar Birliyinə soxulan və cəzasız fəaliyyət göstərən ifrat müsavatçı, pantürkçü və şovinist-millətçi" olaraq xarakterizə edilir. Y.Vəzir də hədəfə alınmış 20-yə yaxın yazıçı arasında idi. Azərbaycan Yazıçılar İttifaqının III Plenumunda (mart 1937-ci il) İttifaqın sədri Seyfulla Şamilov bəzi yazıçıları tənqid atəşinə tutdu. Onun "Tələbələr" romanı "inqilab əleyhdarı" kitab olaraq adlandırıldı. Qərarın mətnindən də aydın olacağı kimi, Y.Vəzir Yazarlar Birliyindən xaric edildi. Bundan sonra onun dərhal həbs olunacağı zənn edilirdi. Ancaq Mircəfər Bağırov, bəzi səbəblərə görə tələsik qərar vermədi.

Y.Vəzir özünü günahsız saydığı üçün 1937-ci il may ayının 20-də M.C.Bağırova ərizə ilə müraciət edir. Y.Vəzir M.C.Bağırova yazdığı ərizəyə cavab gəlməsindən əlini üzərək 1937-ci il iyun ayının 8-də İ.V.Stalinə ərizə ilə müraciət edir. Bu ərizədən də cavab gəlmədiyi üçün paytaxta yola düşür. Y.Vəzir 20–25 gün Moskvada qalıb Stalinə yazdığı ərizə barədə Mərkəzi Komitəyə müraciət edir. Lakin ordan da heç bir cavab ala bilmir. Çarəsiz qalan Y.Vəzir Bakıya qayıdır. 1938-ci ildə "Kommunist" qəzetində Özbəkistanın Urgənc şəhərindəki Xarəzm Vilayət Pedaqoji İnstitutunda rus dili müəllimi yeri tutmaq üçün müsabiqə elanına rast gəlir. Y.Vəzir sənədlərini toplayıb Urgənc şəhərinə göndərir. Müsabiqədən keçib rektorluqdan dəvət alır. 1938-ci ilin avqustundan Y.Vəzir Urgənc Pedaqoji İnstitutunda baş müəllim və eyni zamanda institut kitabxanasına müdir təyin olunur.

1937–1938-ci illərdə represiyaya məruz qalan B.Çobanzadə, H.Zeynallı və başqalarının verdikləri ifadələr əsasında 1940-cı il yanvar ayının 25-də Yusif Vəzir Urgəncdə həbs edilib Bakıya gətirilir. Hüseyn Cavidin istintaq işindəki bəraət qisimində olan geniş sənəddə də ifadə edilir ki, Y.Vəzir Çəmənzəminli (Yusuf Vəzirov) 1937-ci ildəki ifadələr əsas alınaraq həbs olundu. Onun istintaq işində bildirilir ki, o ittihamları rədd etdi və Xüsusi Yığıncağın 11 iyun 1940-ci il tarixli qərarı ilə səkkiz il həbs düşərgəsi cəzasına məhkum edildi. Tarixlər və istintaq işinin daha sürətli getməsi istisna olmaqla onun istintaq işi Hüseyn Cavidinkinə oxşardır. Ona qarşı Bakıda əlavə olunan casusluq ittihamı da Moskvada götürüldü.Altı aya yaxın Keşlə həbs düşərgəsində saxlanıldıqdan sonra 1940-cı ilin iyul ayının 3-də onu Nijni Novqorod (Qorki) vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsinə göndərirlər. Hüseyn Cavid kimi, Y.Vəzir də həbs düşərgəsindən qayıda bilmədi. Yusif Vəzir 1943-cü ildə 3 ilə yaxın qaldığı həbs düşərgəsində ürək tutmasından vəfat edir və Betluqa çayının sahilindəki qəbiristanlıqda dəfn olunur. Bir neçə mənbədə onun vəfatı 3 yanvar 1943-cü il kimi göstərilir. 1956-cı ildə Yusif Vəzirə bəraət verilir.

 

“İki od arasında” Bağırovun və dövrün təsviri

Sonda yazarın bəlkə də ən məşhur əsəri olan və iki dəfə rus dilinə tərcümə edilmiş "Qan içində" romanı ilə bağlı maraqlı məqama toxunmaq istərdik. Bu mükəmməl tarixi roman bizdən çoxda uzaq olmayan – müasir Fransa inqilabı dövrünü, XVIII əsrin son on ilini və Şimali Azərbaycanın Rusiyaya birləşdirilməsindən əvvəlki tarixi əhatə edir. Hadisələrin mərkəzində – Azərbaycan şairi və eyni zamanda Qarabağ xanının vəziri olan Molla Pənah Vaqifin faciəvi taleyi dayanır. Maraqlı olan odur ki, romanın adı yazarın adlandırdıği variantda deyil və çap olunanda verilib. Yalnız ölümündən sonra nəşr olunan romanın obrazlarının yazarın da taleyinə oxşar olduğunu vurğulamaq istərdik.

Həqiqətən də, romanda çox qan axır. Romanın, demək olar ki, bütün qəhrəmanları bir vaxtlar güclü Azərbaycan dövlətinin yavaş yavaş zəifləməsi ilə yaranan tarixi şəraitdə kiçik türk xanlıqlarının öz aralarında çəkişməsi əsnasında qanlı qarşıdurmaların qurbanları olan tarixi şəxsiyyətlərdir.Və demək olar ki, az qala romandakı obrazların heç biri döyüşdə ölmür: daha sonra digər rəqiblərinin qurbanı olmaq üçün qazananlar itirənləri cəzalandırır.

1937-ci ildə romanın bəhs etdiyi hadisələrdən 140 il müddət keçsə də, Azərbaycanda insan həyatının dəyəri dəyişməmişdi. Ruhulla Axundovun həbs olunduğu gün başladığı, B.Çobanzadə və digərlərinin azadlıqda olmadığı, öz həbsini gözləyərkən bitirdiyi “Qan içində” (“İki od arasında”) romanında Y.Vəzir əhəmiyyətli düşüncə və duyğularını sətirlərə tökmüş ola bilərdi.

Belə ki, 1937-ci il haqqında bəhs edildiyi zaman vərdişlə o dövrün hadisələrini, rus inqilabı ilə başlanan proseslərlə əlaqələndiririk. Amma o dövrdə çox güman ki, Azərbaycanda yerli ənənələr təlqin edilirdi. Ruhulla Axundovun həyat yoldaşı Frida Şlyomovanın xarakterizə etdiyi kimi, ailə içində "köhnə dünya"da yaşadığı və "Şərq xüsusiyyətləri"nə sahib M.Bağırov daha çox rus mədəniyyəti ilə əlaqəli Azərbaycan liderləri arasından ənənəvi düşüncə ilə önə çıxmışdı. Yəqin ki, onun davranış normaları Yusif Vəzirin xarakterizə etdiyi xanların və bəylərin adətlərindən çox fərqli deyildi. Kürsüdə Marks və Leninin adları üzərinə and içərək ürəyində özünü Şimali Azərbaycan xanı elan edən M.C.Bağırov gürcü mənşəli böyük Şimal İmperiyası şahının vassalı olaraq düşünə bilərdi. Xan şahın icazəsi ilə vəzirləri başda olmaqla kimi istəsə cəzalandıra və ya bağişlaya bilirdi. 1956-ci ildə Moskvada hakimiyyətə gələn yeni rəhbərlik milli ziyalılarımızın qanına susamış “xanı” da (M.Bağırovu da) cəzalandırmağı uyğun gördü...


Müəllifin digər yazıları

  1. Türkiyə cənubundakı terror yuvalarını təmizləyəcək
  2. Seçki-2018: namizədlər, vədlər və reallıqlar
  3. QANİÇƏN REJİMƏ MEYDAN OXUYAN PEDAQOQ
  4. KƏNGƏRLİ NƏSLİNİN SONUNCU GENERALI
  5. PROFESSORU CASUS KİMİ İTTİHAM ETDİLƏR - Foto
  6. VƏZİR NƏSLİNİN SƏFİR ÖVLADI - Repressiyanın 80-ci ili (VII yazı)
  7. BOYNU BÜKÜK ACARA (III yazı – Siyasi təhlil)
  8. 15 SENTYABR ZƏFƏRİNİN 99-CU İLDÖNÜMÜ
  9. Bir səfərdən üç yazı - AVROPA HARA, BİZ HARA (II yazı-müşahidə)
  10. Bir səfərdən üç yazı - MƏN GEDİRƏM BATUMA (I yazı–təəssürat)
  11. Repressiyanın 80-ci ili - SAĞLIĞINDA BƏRAƏT ALAN YEGANƏ ALİM - (VI yazı)
  12. Repressiyanın 80-ci ili (V yazı) - ÖLÜMÜ SÜRGÜNDƏN ÜSTÜN TUTAN ALİM
  13. SARKİSYAN VƏ DİGƏR MÜHARİBƏ CİNAYƏTKARLARINI HƏRBİ TRİBUNAL GÖZLƏYİR
  14. Müharibə zamanı KİV-də obyektivlik problemləri
  15. Repressiyanın 80-ci ili (IV yazı) - UNUDULMUŞ ŞƏRQŞÜNAS: Zifeld-Sumumyaqi
  16. Reklam mədəniyyətsizliyi - Prezidentin yaratdığı yeni qurumun fəaliyyəti bu problemin qarşısını ala bilər
  17. Repressiyanın 80-ci ili (III yazı) - GƏNCƏLİ ABDULLANIN BAKIDAKI NAKAM SONU
  18. SİLAHLI QÜVVƏLƏRİMİZİN 99 YAŞI
  19. AVROPASAYAĞI ƏDALƏT: İraqı və Suriyanı bölənlər Kipri birləşdirmək istəyir
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
17-08-2018
16-08-2018
15-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.5545 san