14:46 13 Noyabr 2017
179 dəfə oxunub
Çap versiyası
...

Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiya məkanındakı bütün polad magistralların birləşdiricisi funksiyasına malikdir. Bu şəbəkəyə qoşulmaq, öz siyasətini sülh və inkişaf prinsipləri ilə quran bütün ölkələrin maraqlarını tam şəkildə təmin edir.

Oktyabrın 30-da açılışı Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təşkil olunan Bakı-Tbilisi-Qars dəmir yolunun dünya daşımaçılıq sisteminin inkişaf perspektivləri üçün yeni bir mənzərə yaradıb. Hazırda iqtisadiyyat üzrə ekspertləri düşündürün çox mühüm məsələ budur: Avrasiya məkanındakı dəmir yollarını birləşdirmək üçün daha hansı layihələr perspektivli sayıla bilər. Əvvəlcədən qeyd etmək istərdik ki, Bakı-Tbilisi-Qars dəmir yolunun alternativi yoxdur və olmayacaq. Bu mühakiməni əsaslandıran aşağıdakı arqumentlər mövcuddur:

- Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu Qafqaz bölgəsini və Mərkəzi Asiya məkanını Cənubi Avropa və Uzaq Asiya ölkələri ilə birləşdirən ən səmərəli və o cümlədən artıq mövcud olan xətdir;

- Bakı-Tbilisi-Qars dəmir yolu NATO ölkəsi olan Türkiyədən keçməklə Cənubi Avropaya birbaşa birləşir;

- Yaxın gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolunun bütün Avropa və Uzaq Asiya ilə birləşməsində problemlər görünmür;

- Bu polad magistral Avrasiyada bütün ölkələrin idxal və ixrac maraqlarını tamamlayır və s.

Əlbəttə ki, hər bir beynəlxalq iqtisadi layihənin dünya üçün əhəmiyyətinin mühüm göstəricilərindən biri də dünya KİV-lərinin ona göstərdiyi diqqətdir. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi Azərbaycan, Türkiyə və Gürcüstanın birbaşa maraqlarını əks etdirdiyi üçün bu üç ölkə mediasında yayılan informasiyaları nəzərə almadan deyə bilərik ki, haqqında bəhs etdiyimiz polad magistralın açılışı və onun üzərindən ilk konteyner yük qatarının mənzil başına uğurla çatması dünya KİV-ləri tərəfindən geniş şəkildə şərh olunur. Məsələn: İordaniya Krallığının “Əmman əl-Urduniyyə” saytında və “Əş-Şahid” qəzetində, İspaniyanın “La Vanguardia” nəşrində, Moldovanın aparıcı xəbər portalı və böyük oxucu auditoriyasına malik Tribuna.md saytında, Avropa İttifaqı məsələlərini işıqlandıran "EurActiv" xəbər portalında, İtaliyanın “L’Opinione” qəzetində və “Notizie Geopolitiche” analitik portalında, Monteneqronun “Volimpodgoricu.me”, “Dijaspora.news”, Özbəkistanın “kun.uz” və “podrobno.uz” xəbər portallarında Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinə dair məlumatlarda və məqalələrdə bu yolun Avrasiya məkanında daşınmalar prosesinə təsiri, yeni istifadəyə verilən polad magistralın iqtisadi inkişaf üçün vədləri, eləcə də ona qoşulmaq üçün perspektivdə olan digər dəmir yolu layihələri barədə maraqlı informasiyalar var. Bundan başqa, Bakı-Tbilisi-Qars dəmir yolunun oktyabrın 30-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçirilmiş təntənəli açılış mərasimdə çəkilmiş foto Rusiyanın TASS agentliyinin “Həftənin ən yaxşı 13 fotosu” layihəsində təqdim olunub.

Qeyd etmək lazımdır ki, Qazaxıstanın Kokşetau stansiyasından Türkiyənin Mersin şəhərinə yola düşən birinci konteyner qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nin vaqonlarına yüklənmiş “NK “KTZ” SC-yə məxsus otuz 20 futluq konteynerdən ibarət olub. Qablaşdırılmış taxıl daşıyan qatar noyabrın 4-də 10 gün ərzində 5435 kilometr məsafə qət edərək mənzil başına çatıb. Ən son məlumata görə yaxın günlərdə ikinci konteyner qatarı Qazaxıstandan Türkiyəyə yola salınacaq.

Bakı-Tbilisi-Qars dəmir yolunun perspektivləri barədə fikir və mülahizələrimizi bölüşərkən təbii ki, ilk olaraq hazırda tikintisi uğurla aparılan Şimal-Cənub nəqliyyat dəhlizində dəmir yolu şəbəkəsinin qurulmasına toxunmamaq mümkün deyil. Çünki məhz Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti istifadəyə verilməsi ilə Azərbaycan Respublikasını ərazisi Avrasiya məkanının polad magistralında dörd yol ayrıcı funksiyası qazanacaq. Ən son məlumata görə, Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun xəttinin 2017-ci il dekabrın sonunda istifadəyə verilməsi planlaşdırılıb. Mütəxəssislər hesab edirlər ki, bu yol xətti istifadəyə veriləndən sonra yüklərin daşınması üçün tətbiq edilən tariflər azaldıla bilər. Bu isə tranzit daşımaları həyata keçirən, eləcə də istehsalçı və tədarükçü şirkətlər üçün ən yaxşı cəlbedicilik üsuludur. Məhz bu yolla gələn ilin sonuna kimi İran Azərbaycan üzərindən Belarusa və Rusiyaya 2 milyon tondan çox yükün daşınmasını planlaşdırır. Bundan başqa, İran tərəfinin rəsmi mövqeyinə görə, Qəzvin-Rəşt dəmir yolunun davamı olan Rəşt-Astara dəmir yolu 3 il ərzində inşa edilərək istismara veriləcək. Qeyd olunub ki, Belarusun, Baltikyanı dövlətlərinin və Finlandiyanın “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə maraq göstərmələri həyata keçirilən işlərin sürətlənməsinə səbəb olacaq. Bundan başqa, İranın dövlət büdcəsindən Zahedan-Səbəhar dəmir yolunun çəkilişinə 125 milyon dollar vəsait ayrılıb. 630 kilometrlik yolun çəkilişinə 2014-cü ildə başlanıb. Gələn ilin mart ayında Zahedan-Səbəhar dəmir yolunun 100 kilometrlik hissəsi istismara veriləcək.

Bu yaxınlarda Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin fəaliyyətə başlaması və Azərbaycan, Gürcüstan, Türkiyə vasitəsilə Avropaya yeni tranzit dəhlizinin açılmasına Əfqanıstan hökuməti də çox böyük maraq göstərir.

Qeyd edək ki, 2017-ci ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 38911,8 min ton, yük dövriyyəsi isə 8343,7 milyon ton-kilometr olub. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, yüklərin 24013 min tonu və ya 61,7 faizi avtomobil nəqliyyatı, 9589,8 min tonu və ya 24,7 faizi dəmir yolu nəqliyyatı, 5309 min tonu və ya 13,6 faizi dəniz nəqliyyatı ilə daşınıb. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 4,7 faiz artım müşahidə edilib. Dəhliz vasitəsilə daşınmış yüklərin 19 faizini və ya 7386,3 min tonunu tranzit yüklər təşkil edib. Əlavə edə bilərik ki, Azərbaycanın tranzit potensialını artıracaq digər marşrutlarla yanaşı “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi mühüm əhəmiyyət kəsb edən layihələrdən biridir. Dəhliz Hindistan-İran–Azərbaycan–Rusiya–Skandinaviya və Şimalı Avropa marşrutu üzrə fəaliyyət göstərir. Artıq sınaq məqsədilə “Şimal-Cənub” Nəqliyyat Dəhlizi ilə Rusiyadan İrana taxta daşınıb. Nəzərə almaq lazımdır ki, Bakı-Tbilisi-Qars dəmir yolu və “Şimal-Cənub” Nəqliyyat Dəhlizi sayəsində keçmiş SSRİ məkanından Azərbaycana daxil olan qatarların qısa zaman kəsiyində İran və Anadolu məkanına çatması təmin olunub.

Sona vaxtlar belə bir informasiya yayılmaqdadır ki, guya Qazaxıstan və Rusiya tərəfləri Çindən dəmir yolu çəkməklə Avropaya yeni çıxış eldə etməklə Bakı-Tbilisi-Qars dəmir yoluna alternativ polad magistral yaradacaqlar. Əvvəldə qeyd etdiyimiz kimi nə hazırda, nə də gələcəkdə heç bir polad magistral Bakı-Tbilisi-Qars dəmir yoluna alternativ ola bilməz. Çünki Bakı-Tbilisi-Qars dəmir yolu məhz Qazaxıstan və Rusiya üçün də Qafqaza, Anadoluya və Cənubi Avropaya birbaşa çıxış keçididir. Nəzərə almaq lazımdır ki, Rusiya Federasiyasının Cənubi Avropa ölkələri ilə birbaşa quru sərhədi yoxdur. Rusiya Cənubi Avropaya qurudan Baltikyanı ölkələr, Ukrayna və yaxud Belarus vasitəsilə çıxa bilir. Bundan başqa, daşımalar üzrə mütəxəssislər əsaslandırırlar ki, dəmir yolu nəqliyyatı şırkətləri üçün ən sərfəli variant qatarların bütün istiqamətdə boş hərəkət etməməsidir. Bakı-Tbilisi-Qars dəmir yoluna birləşən polad magistralların keçdiyi ölkələrin iqtisadi resursları, idxal etdikləri məhsullar fərqlidir. Odur ki, bu yolla vaqonların boş hərəkəti riski yox dərəcəsindədir. Bu hal Qazaxıstan və Rusiyaya da imkan verir ki, həm özlərinin idxal və ixracına, həm də tranzit daşımalarda fəal iştirak etsinlər. İkincisi zəngin təbii ehtiyatlara malik Qazaxıstan və Rusiya tarixdə ilk dəfədir ki, məhz Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə Yaxın Şərqə və Afrikaya dəmir yolu ilə çıxış perspektivi əldə ediblər. Təbi ki, bu Türkiyənin yaxın gələcəkdə öz dəmir yolu şəbəkəsini sərhədlərə doğru şaxələndirmək siyasətindən və Yaxın Şərqdəki sülh prosesindən asılıdır. Türkiyə rəsmilərinin bu barədə nikbin açıqlamaları isə deməyə əsas verir ki, belə bir prosesin baş verməsinə ümid etmək mümkündür.

 

Sabir Şahtaxtı


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Neft ucuzlaşıb
09:20 23.11/2017
 
Xəbər başlıqları
24-11-2017
23-11-2017
23.11.2017 Neft ucuzlaşıb
22-11-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5897 san