17:33 13 Noyabr 2017
399 dəfə oxunub
Çap versiyası
...

Bakı Şəhər Prokurorluğu və Şəhər Baş Polis İdarəsi paytaxtda fəaliyyət göstərən apteklərdə güclü təsir edən dərmanların qanunsuz satılmasına dair kütləvi informasiya vasitələrində yayılmış məlumatlarla əlaqədar zəruri tədbirlər həyata keçirməkdədir.

Bakı Şəhər Prokurorluğunun və Şəhər Baş Polis İdarəsinin  daxil olan birgə məlumatında bildirilir ki, “Best Pharma” MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 148 ünvanında fəaliyyət göstərən aptekdə işləyən Natiq İsmayılovun həkim resepti olmadan narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan, güclü təsir edən maddə hesab edilən tramadol 225 mq-lıq tərkibli “Royal” adlı və preqobalin tərkibli “Paden” adlı 7 ədəd həbi qanunsuz satmasında əsaslı şübhələr müəyyən edilib. Fakta görə noyabrın 11-də Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 240.2.2-ci (təkrarən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri zamanı həmin aptekə baxış keçirilərkən hər biri 300 mq olan 42 ədəd “Lyrica pfizer” həbi, güclü təsir edən dərmanların dövriyyəsi ilə bağlı qeydiyyat dəftərləri, təhlükəsizlik kamerasının yaddaş qurğusu aşkarlanaraq maddi sübut kimi götürülüb.

İstintaqla, həmçinin aptekdə güclü təsir edən dərman vasitələrinin ayrıca satıldığı, həmin dərmanların pulunun ayrı yığılması, qeyd olunan dərman vasitələrinin aptekdə xüsusi hazırlanmış gizli yerdə saxlanılması müəyyən olunub. Həmin yerdən dəyəri 40 min manatdan artıq olan müxtəlif tərkibli güclü təsir edən maddələr aşkar edilərək götürülüb.

N.İsmayılov iş üzrə Cinayət Məcəlləsinin 240.3.2-ci (narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satma, külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. Ona qeyd edilən maddədə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, aptekin faktiki rəhbəri İlham Yusifovun Cinayət Məcəlləsinin 308.1-ci və 240.3.2-ci maddələri ilə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilib. Lakin sonuncu istintaqdan gizləndiyi üçün barəsində axtarış elan olunub.

Hazırda güclü təsir edən maddələrin qanunsuz dövriyyəsində iştirak edən digər şəxslərin dairəsinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
24-11-2017
23-11-2017
23.11.2017 Neft ucuzlaşıb
22-11-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4126 san