08:42 23 Noyabr 2017
3792 dəfə oxunub
Çap versiyası

Repressiyanın 80-ci ili (IX yazı)

 

 

 

1937–1940-cı illərdə Azərbaycanın elm sahəsində mühüm işlər görən, yaradıcılıqla məşğul olan əksər ziyalı təbəqəsi ilə yanaşı, hərbi və siyasi rəhbərlikdə təmsil olunan qabaqcıl insanlar da məhv edildi. İ.Stalinin cəza tədbirləri nəticəsində Sovet Ordusu da, Azərbaycan milli diviziyası da özünün ən yaxşı komandirlərini itirdi. Repressiya dalğasında məhbus edilib alçaldılan və dərhal güllələnənlər arasında o dövr üçün Azərbaycanın barmaqla sayılan generallarından biri olan Cəmşidxan Cəfərquluxan oğlu Naxçıvanski də vardı.

Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizələrdə göstərdiyi şücaətlərlə milli hərb sənəti tarixinə dəyərli töhfələr vermiş C. Naxşıvanski 23 avqust 1895-ci ildə Naxçıvan şəhərində general Hüseynxan Naxçıvanskinin qardaşı, istefada olan kapitan Cəfərquluxan Naxçıvanskinin ailəsində anadan olub.

 

Döyüşkən peçeneqlər – Kəngərlilər Cəmşidxanın (Cəmşid Xan) babası Kəlbəlixan Naxçıvanskinin atası Ehsanxan isə Kəlbəlixan Kəngərlinin oğlu idi. Yəni C. Naxçıvanski məşhur Kəngərli nəslindən idi. Azərbaycan hərb sahəsinin qocaman araşdırmaçılarından olan Şəmistan Nəzərli “ARXİVLƏRİN SİRRİ AÇILIR” kitabında “MƏŞHUR SOYADLARIMIZ” bölməsində tarixi mənbələrdən alınan məlumatlar əsasında kəngərlilərin peçeneq-türk tayfalarından olduqlarını və V əsrdən Naxçıvan ərazisində yaşadıqlarını yazır. Mənbələr göstərir ki, kəngər, peçeneq etnonimləri ilə bağlı toponimlər Azərbaycan tarixinin qədim dövrlərinə gedib çıxır. Bizans tarixçisi Konstantinin verdiyi məlumata görə, 948–952-ci illərdə Yavdiertim, Kuvarçicur və Kabukşinyula adlı üç vilayətdəki peçeneqlər digər peçeneqlərlə muqayisədə daha mərd və nəcabətli olmalarına görə “xəngər” ləqəbi daşıyırdı. Kəngər adını daşıyan üç uruğun əsl peçeneq sayılması peçeneqlərin kəngərlilərdən təşəkkül tapmalarını bir daha sübut edir.

Azərbaycan xalqının formalaşmasında iştirak edən qədim türk tayfalarından olan kəngərlilər Səfəvilər hakimiyyəti illərində də ölkənin həm siyasi, həm də hərbi həyatında fəal iştirak etmişlər. Bütün müharibələrdə Kəngərli nəslinin oğulları döyüşkənliyi ilə xüsusi fərqlənirdi. Tarixi romanlar müəllifi Yusif Vəzir Çəmənzəminli XVIII əsr hadisələrindən bəhs edən “Qan içində” romanında yazır: “Birdən uzaqdakı bir bağın arxasından toz qopdu. Bu – Kəngərli süvariləri idi ki, o zaman öz igidlikləri ilə məşhur idilər”.

Kəngərlilərin döyüşkənliyi Rusiyanın Qafqazı işğalından sonra da özünü göstərdi. Belə ki, 1829-cu ildə Kəngərli nəslinin igidləri ayrıca beşinci alay yaratdılar. Kəngərlilərin beş yüz nəfərdən ibarət suvarisi və yüz nəfərlik köməkçi dəstəsi bir döyüşdə duşmənin iki bayrağını ələ keçirib, yüz nəfərini öldürüb, əlli dördünü isə əsir almışdı. Yeri gəlmişkən, 1913-cü ildə nəşr olunmuş “Qafqaz hərbi-tarix muzeyinin sorğu kitabı”ndakı bir qeyd cəsur və igid kəngərlilərin təkcə Qafqazda deyil, bütün Şərqdə şöhrət tapması haqqındadır: “Kəngərli süvarilərinin bayrağı yaşıl olub. Əfsanəyə görə bir neçə əsr bundan əvvəl ilk Naxçıvan xanı xəlifə Murad özünün Kəngərli qəbiləsi ilə Ərəbistandan köçüb gəlmişdir. Bu qəbilə Araz çayının sahilinə gələrək Naxçıvanı fəth etmiş və xanlığın əsasını qoymuşdu. Kəngərli süvariləri bütün Şərqdə cəsurluğu ilə şöhrət qazanmışdı. Onlar döyüşə girərkən ölümə ikrah əlaməti olaraq atlarının boynuna qırmızı kaporlar geyindirirlər ki, düşmən tərəfindən tez gözə çarpsınlar. Bu, həm də düşməni vahiməyə salmaq üçün fənd idi”.

Başqa bir mənbə isə kəngərlilərin Ərəbistandan gəlməsini inkar edir. Rus tarixçisi Viktor Qriqoryev Sankt-Peterburqda nəşr etdirdiyi “Naxçıvan əyalətinin statistika təsviri” kitabında yazır: “Kəngərli tayfaları Türkiyə ərazisindəki Diyarbəkirdən Naxçıvana gəliblər. Onlar doqquz yüz iyirmi ev olublar. Kəngərlilər möhkəm, dözümlü, işgüzar, uzun vaxt aclığa dözən

adamlardırlar, hərbçidirlər. Qonaqpərvər, dostluğa möhkəmdirlər, lakin heç vaxt təhqir və incidilməyə dözmürlər və yaddan çıxarmırlar”.

“Kəngərli” adına “Kitabi Dədə Qoqud”da “Kanqalı” formasında rast gəlinir. Zaqafqaziya ərazisinə gələn yüz iyirmi min ailədən ibarət kəngərlilər onun müxtəlif regionlarında məskunlaşmışlar. Kəngərliləri hun soyuna aid edənlər də yox deyildir. Beşinci yüzillikdə kəngərlilər o qədər güclü olmuşlar ki, Sasanilər imperiyasını lərzəyə salmışlar.

Ən nəhayət, onu da qeyd etmək yerinə düşər ki, Naxçıvan xanlarının məşhur döyüşkən türklərin nəslindən gələn 4 nəfər Rusiyada general rütbəsinə yüksələmişdilər – Ehsanxan, Kəlbəlixan, Hüseynxan və İsmayılxan... Onlardan biri Cəmşidxanın əmisi general-leytenant Hüseynxan idi. O, Rus-Yapon müharibəsinin qəhrəmanı olmuşdu.

 

"Vəhşi diviziya"da alay komandiri

Cəmşidxanın böyüməsində yaşdığı ziyalı mühiti önəmli rol oyanmışdı. Belə ki, Cəmşidxanın anası Fərrantac xanımın sayəsində 7 yaşında Azərbaycan dilində yazmağı, dayəsi Anna İvanovna Nikolayevadan isə rus və fransız dillərində danışmağı öyrənmişdi. Rus ordusunun zabiti olan atası Cəfərquluxan 8 yaşlı Cəmşidi 1904-cü ildə Tiflisdəki yunkerlər məktəbinə (kadet korpusuna) qoyur. 1911-ci ildə həmin məktəbi fərqlənmə diplomu ilə bitirən Cəmşidxanın gələcək həyatında Tiflis mühiti də mühüm rol oynayır və bir peşəkar hərbçi olmaq qərarına gəlir. Gənc yunker C. Naxçıvanski Qərbi Ukraynanın Yelizavetqrad (indi Kirovoqrad) qvardiya məktəbinə sənədlərini təqdim edir. Məktəb zabitlər hazırlamaq, yüksək hərbi təhsil vermək təyinatı daşıyırdı. Cəmşidxan qəbul imtahanlarını uğurla verir və bu məktəbə qəbul edilir. Təhsil 3 il idi və məzun olan Cəmşidxan zabit - kornet rütbəsinə layiq görülür.

23 avqust 1914-cü ildə II Nikolayın əmri ilə tərkibinə Tatar (Azərbaycan) süvari alayının da daxil olduğu "Qafqaz yerli süvari diviziyası" yaradıldı. Tarixdə adı daha çox "Vəhşi diviziya" kimi hallanan diviziyada C.Naxçıvanski Tatar (Azərbaycan) alayında eskadron (bölük) komandiri təyin olunur. Həm diviziya, həm də Kabardin, 2-ci Dağıstan, Çeçen, Tatar (Azərbaycan), Çərkəz və İnquş alayları Rusiya ordusunun tarixində şərəfli yer tutmuşlar. Bu, həqiqətən qardaşlıq, həmrəylik və qarşılıqlı hörmət əsasında vəziyyətin hökm sürdüyü unikal çoxmillətli hərbi qurum idi. C. Naxçıvanski öz hərbi məharəti ilə ilk dəfə I Dünya müharibəsində ad-san qazandı. I Dünya müharibəsində "Brusilov cəbhəsi"nin yarılmasında iştirak edən “Qafqaz süvari diviziyası" Rusiya ordusunun Karpat dağlarındakı döyüşlərində Cənub-qərb Cəbhəsinin VIII və IX ordularının tərkib hissəsi kimi fəaliyyət göstərirdi. 1915-ci ilin fevralın əvvəlində Qalitsiyanın, Polşanın şəhər və kəndlərində, Karpat dağlarında və vadilərində ağır mübarizə aparan Qafqaz alayları şərəflə onların döyüş missiyasını yerinə yetirdi və məğlub olan düşmən cəbhəni yara bilmədi. 31 may 1916-cı ildə Tatar süvari alayına Tişkovitı kəndindən (İvano-Frankovsk vilayəti) düşməni sıxışdırıb çıxarmaq əmri verildi. Bu döyüşdə kornet C. Naxçıvanski xüsusilə fərqləndi.

“Brusilov cəbhəsi”nin yaranmasına görə “Müqəddəs Georgi” ordeninin IV dərəcəsilə təltif olunmuşdu. Avstriya və Rumıniya cəbhələrində üç dəfə yaralanan C. Naxçıvanski igid bir süvari zabiti kimi 1916-cı ilin fevralından 1917-ci ilin yanvarınadək xidməti müddətində gümüş silahla (qılıncla) təltif edilmiş və II, III və IV dərəcəli “Anna”, II, III dərəcəli “Stanislav” ordenləri ilə mükafatlandırılmışdı. C. Naxçıvanski 9 may 1917-ci ildə poruçik (leytenant) rütbəsinə, elə həmin ilin 30 oktyabrında isə ştabs-rotmistr (qərargah kapitanı) rütbəsinə layiq görülmüşdü. C.Naxçıvanski hərbi şücaətinə görə 15 aprel 1917-ci ildə “III Müqəddəs Anna” ordeni, 22 avqustda isə “ IV Müqəddəs Georgi” ordeni ilə mükafatlandırılmışdı.

 

Naxçıvanskilər istiqlaliyyət uğrunda və ermənilərə qarşı mübarizədə

I Dünya müharibəsində Rusiyanın məğlub olmasından və Cənub-Qərb cəbhəsi dağıdıldıqdan sonra ştabs-rotmistr C.Naxçıvanski başçılıq etdiyi süvari alayı ilə birgə Azərbaycana qayıtmışdır. Bu zaman Rusiyanın silah yardımı ilə erməni millətçilərinin Türkiyənin şərq vilayətləri hesabına erməni dövləti yaratmaq üçün iki cəhdi (1895-1896 və 1914-1916-ci) müvəffəqiyyətsizliyə düçar

olmuş, bundan sonra daşnak silahlılarının qalıqları Zaqafqaziya qaçmış və Azərbaycan vilayətlərində erməni dövləti yaratmaq cəhdinə başlamış, torpaqlarımızın bir hissəsini ələ keçirmiş, mülki əhalini məhv etmişdilər. Bu dövrdə İrəvan və Qarabağ vilayətlərində Andronik, Dro və digər erməni quldurlarının dəstələri qətllər törətməkdəydi. Cəmşidxanın atası Cəfərquluxan oğulları Ehsanxan, Kəlbəlixan (Kəlbalıxan) və Davudxanla birlikdə ermənilərin hücumlarına qarşı Ordubad, Naxçıvan, Vedibasarda müsəlmanların qorunması ilə məşğul olurdu. Bu çətin dövrdə Cəmşidxan Tiflisdən Naxçıvana qayıtdı və onlara bu mübarizədə kömək etdi.

Bu vaxt artıq Rusiya qoşunları Zaqafqaziyanı tərk etmiş, Tiflisdə azərbaycanlılar, gürcülər və ermənilərin iştirakı ilə Zaqafqaziya seymi formalaşmış, ancaq ermənilər tərəfindən boykot edilməsindən sonra bu qurum parçalanmışdı.

28 may 1918-ci ildə Azərbaycan istiqlaliyyətini elan edən gənc respublikanın sərhədlərini qorumaq üçün Azərbaycan Xalq Cümhuriyyəti (AXC) qoşunlarının yaradılmasında görkəmli Azərbaycan sərkərdələri ilə yanaşı, C.Naxçıvanski də iştirak edirdi. Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə qoşulan C. Naxçıvanski 15 sentyabr 1918-ci ildə Qafqaz İslam Ordusu və Azərbaycan Əlahiddə Korpusu ilə birgə Bakını erməni və ingilislərə arxalanan "Sentrokaspi diktaturası" qüvvələrindən təmizlənməsində də inamla döyüşürdü. Bakı şəhəri azad olunub paytaxt elan edilsə də, 1918-ci ilin oktyabrında Türkiyə müharibədə məğlub tərəf olduğu üçün Mudros müqaviləsi ilə öz qoşunlarını Qafqazdan çıxardı. Britaniya Bakının Azərbaycan qoşunlarından təmizlənməsini tələb etsə də, Azərbaycanın qalan hissəsi AXC hökumətinin və onun ordusunun nəzarətində idi.

 

II Qarabağ süvari alayının komandiri

İstiqlaliyyət dövründə işğalçılara qarşı mübarizə üçün general-mayor İbrahimağa Usubov Ağdamda 1-ci Cavanşir piyada alayının (podpolkovnik Səmədbəy Rəfibəyov) 2-ci Zaqatala piyada alayının (polkovnik Əhmədbəy Dibirov), 3-cü Gəncə piyada alayının (polkovnik Seyfulla Mirzə Qacar) və 4-cü Quba piyada alayının (polkovnik Hüseynbəy Ququşev) daxil olduğu I piyada diviziyasının formalaşmasına başladı. Bununla yanşı, daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin hərb naziri, artilleriya generalı Səmədbəy Mehmandarovun əmri ilə iki süvari alayı yaradıldı: 1-ci Tatar (polkovnik Nuh Sofiyev) və 2-ci Qarabağ (polkovnik Cəmşidxan Naxçıvanski). Yəni C.Naxçıvanski II Qarabağ süvari alayının komandiri təyin edildi.

Bu dövrdə – 1918-ci ilin payızında Cəfərquluxan Naxçıvanski oğulları ilə birlikdə Naxçıvan və ətraf ərazilərin Ermənistana birləşdirilməsi üçün "böyük dövlətlərin" cəhdləri pozan Araz-Türk Respublikasının yaradılmasında iştirak etdi. Ermənilər yaxşı silahlanmışdılar və Britaniya zabitlərinin rəhbərlik etdiyi erməni dəstələri iyun 1919-cu ildə sonunda Naxçıvanı işğal etdi. Araz-Türk Respublikası ləğv edildi. Naxçıvana AXC-nin müntəzəm qoşunları köməyə gəldi. Bu döyüşlərdə polkovnik Cəmşidxan Naxçıvanskinin rəhbərliyi altında olan 2-ci Qarabağ Süvari alayı fəal iştirak etdi. Görülən bütün tədbirlərə baxmayaraq, 1920-ci ildə də Naxçıvan, Ordubad, Zənəzur, Gəncə, Şuşa, Xankəndi, Tərtər, Əsgəran rayonlarında toqquşmalar oldu. 1920-ci ilin martında C.Naxçıvanskinin Qarabağda (Şuşada) yerləşən alayı daşnaklara və daxili düşmənlərə qarşı döyüş əməliyyatlarında fəal iştirak etmişdi.

28 aprel 1920-ci bolşevik Rusiya, AXC-nin şimaldan müdafiə olunmamasından istifadə edərək, X1 Qızıl Ordu qüvvələri Bakını işğal etdi. Azərbaycanda sovet hakimiyyəti quruldu. Azərbaycan Xalq Komissarları sədri Nəriman Nərimanov oldu.

 

Qardaşı Cəmşidxanın yerinə canını qurban verir

Bu məqamda həmin dövrə aid olan və Şəmistan Nəzirlinin kitabında yer alan Cəmşidxanın qardaşı Ehsanxanın faciəsindən bəhs edən hadisəni xatırlatmaq yerinə düşər. Yaşda ondan kiçik olan Ehsanxan da peşəkar hərbçi idi. Moskvada kadet məktəbini bitirmişdi. Azərbaycan ordusunda isə 3-cü Şəki süvari alayında qərargah zabiti idi. Göstərdiyi qəhrəmanlığa görə Ehsanxan da podpolkovnik rütbəsi almışdı. Cəmşidxan böyük qardaş kimi onun şücaətinə, döyüşlərdə aldığı ordenə və rütbədə sürətlə irəliləməsinə çox sevinirdi.

Azərbaycan hökuməti buraxılmış, ordusu dağılmışdı. AXC əsgər və zabitlərinin sorğu-sualsız güllələnməsi hələ də davam edirdi. Cəmşidxanın xidmət etdiyi II Qarabağ süvari alayı Şuşada yerləşirdi. Podpolkovnik Ehsanxan Qarabağı daşnaklardan qorumağa gəlmişdi. Bir gün gecədən xeyli keçmiş qaldığı evin qapısı döyüldü. Qardaşı Ehsanxan onun qonağı idi. Qapı döyüləndə Ehsanxan hamıdan tez ayıldı. Cəmşidin oyanmasına qıymayıb durub qapını açdı. Bolşevik-daşnak zabiti soruşdu: “Cəmşidxan Naxçıvanski sizsiniz?”. Ehsanxan dərhal məsələni anladı. Bir anlığa ləngidi, “bəli, Cəmşidxan mənəm”, - dedi. Onu şəhərin kənarına aparıb AXC zabiti olduğuna görə sorğusuz-sualsız güllələdilər... Beləcə balaca qardaş Ehsan xan qardaşının sağ qalması üçün öz canını qurban verdi. Amma silah və zor gücünə yaranan rejim ona xidmət etməsinə baxmayaraq, 18 il sonra Cəmşidxanı da məhv etdi.

Digər qardaşlar Davudxan və Kəlbəlixan Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra onlar rəsmi icazə alıb İrana getmiş, qısa müddətdə ad-san qazanıb Şah qvardiyasında xidmət edərək yüksək rütbələrə çatmışdılar. Sovet hökuməti onların antisovet fəaliyyətini dayandırmaq üçün İran hökumətinə təzyiqlər etmiş, notalar vermişdi. C. Naxçıvanskinin Sovet ordusunda briqada komandiri olmasını, ata-babalarının isə rus ordusunun tərkibində İran ordusuna qarşı vuruşmasını bilən şah iki qardaşı – Davudxanı və Kəlbəlixanı güllələtmişdi. Beləcə, igid Kəngərli qardaşlarına nə o tayda, nə də bu tayda xidmətlərinə qiymət verən tapılmadı. Hərb yolunu seçən dörd qardaşdan heç biri sağ qalmadı...

 

1-ci həbs və ona qarşı münasibətdəki müəmmalar 1920-ci ilin aprelində Azərbaycanda sovet hakimiyyəti bərqərar olduqdan sonra Respublika Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanov C. Naxçıvanskiyə dərhal Bakıya qayıtmaq, milli ordu hissələrinin təşkilinə başlamaq haqqında teleqram göndərmişdi. C. Naxçıvanskinin komandirlik etdiyi II Qarabağ süvari alayı könüllü olaraq sovet ordusu tərəfinə keçdikdən sonra birinci fəhlə-kəndli alayı adı ilə XI Qızıl Ordunun tərkibinə daxil edildi.

Bu müraciətdən sonra onun süvari alayı bolşeviklər tərəfinə keçsə də, 31 may 1920-ci il tarixində C.Naxçıvanski AXC-nin keçmiş zabiti kimi həbs olunur və avqust 1920-ci ilə qədər Nargin adasında həbsdə qalır. İddialar sübut olunmadığı üçün azad edilir. Lakin bu həbs onun üçün sonuncu olmur.

Çox güman ki, N.Nərimanovun köməyi ilə həbsdən azad edildikdən sonra C. Naxçıvanski Bakıda yaradılmış Azərbaycan Birləşmiş Komanda Məktəbinin təsərrüfat müdiri, daha sonra rəis müavini, 1921-ci ilin dekabrında isə Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri təyin edilmiş, yüksəkixtisaslı hərbi kadr hazırlığında mühüm rol oynamışdı. C. Naxçıvanskinin özü az sonra ilk Azərbaycan Birləşmiş Komanda məktəbinin rəisi təyin olundu.

İgid komandir kimi ilk günlərdən ləyaqətlə xidmət edən C.Naxçıvanskiyə həmişəmüsbət xasiyyətnamələr verilmişdi. İstedadlı sərkərdənin xalqına, Vətəninə sədaqəti, yüksək hərbi biliyi XI Qızıl Ordunun komandanı M.İ.Levandovski, Hərbi İnqilab Şurasının üzvü S.Orconikidze, Azərbaycan Hərbi Dəniz Xalq Komissarı Əliheydər Qarayev tərəfindən yüksək qiymətləndirilmişdi. Bu münasibətə baxmayaraq, onun həbs olunması barədə məlumatlar, həbsi və azad olunması tarixlərindəki ziddiyyətlər bəzi müəmmaların yaranmasına səbəb olur.

 

“Hərbi bilik” jurnalının redaktoru və 2-ci həbs C.Naxçıvanski 1923–1924-cü illərdə Fəhlə-Kəndli Qızıl Ordusu (FKQO) Hərbi Akademiyasının Ali akademik kurslarında təhsil almışdır. 1928-ci illərdə Moskvada qısa müddətli Frunze adına Ali Hərbi Akademiyasının kurslarında oxumuş, Azərbaycana qayıtdıqdan sonra yenidən diviziya komandiri olmuşdur. C.Naçıvanski 1922–1929-cu illərdə general Əliağa Şıxlinskinin təşəbbüsü ilə 1922-ci ilin sentyabr ayında fəaliyyətə başlayan Azərbaycan dilində nəşr olunan "Hərbi bilik" (əvvəllər “Savadlı Qırmızı Əsgər”) jurnalının redaktorlarından biri olub. Ş.Nəzərlinin araşdırmalarına görə, ayda bir dəfə nəşr olunan siyasi, ictimai, ədəbi-elmi məcmuə yeni yaranmış Azərbaycan atıcılıq diviziyasının orqanı idi. “Hərbi bilik”in məsul redaktorları komissar Hüseyn Rəhmanov və diviziya komandiri Cəmşidxan Naxçıvanski idilər.Əsgərlərin savadlanması üçün nəzərdə tutulan jurnalda döyüş hazırlığı, silaha qulluq

qaydaları, əsgər və ordu həyatından yumorlar, ədəbi-bədii yazılar dərc edilirdi. Eyni zamanda bu nəşr ordudakı vəziyyətlə bağlı bir növ ictimai məlumatlandırma məqsədini qarşıya qoymuşdu.

Sovet hakimiyyəti dövründə C.Naxçıvanskinin ikinci dəfə həbsi 22 fevral 1931-ci ildə baş verir. O, Qızıl Ordunun Tiflisdəki Qafqaz qərargahında həbs edilib. C. Naxçıvanski Azərbaycanda Sovet hakimiyyətini devirmək məqsədi ilə millətçi əks-inqilabçı təşkilatın iştirakında ittiham olunurdu. Beləliklə, 1931-ci ilin iyununda FKQO sıralarından xaric edildi. Bir neçə ay həbsdə qaldı. Daha sonra azad olundu və hərbi sahədə işə bərpa edildi. Onun həbs sənədlərində diqqətəlayiq bir qeyd var idi: "Maddi sübutlar mövcud deyil". C.Naxçıvanski 1931-ci ildə Moskvaya M.V.Frunze adına Ali Hərbi-Siyasi Akademiyaya oxumağa göndərilmişdi. 1933-cü ildə akademiyanı fərqlənmə diplomu ilə bitirdikdən sonra C. Naxçıvanski orada müəllim saxlanılmış, 3 il ümumi taktika kafedrasına rəhbərlik etmiş, akademiyada əsas fakültənin kurs rəisi olmuşdur. O, 1935-ci ildə briqada komandiri vəzifəsinə təyin olunmuşdur.

 

Üçüncü həbs və son...

Qızıl Ordunun məşhur komandanlarından biri olmasına baxmayaraq, M.İ.Levandovski də 1938-ci ilin martında həbs olundu. Martın 23-də çekistlər ondan zor gücünə Cəmşidxanın əleyhinə belə bir ifadə aldılar:“Mənim Cəmşidxan Naxçıvanski ilə 1927-ci ildən yaxın dostluq əlaqəm vardır. Elə o zaman – 1927-ci ildə Naxçıvanski Azərbaycan MK-nın keçmiş katibi Əliheydər Qarayev tərəfindən burjua-millətçi əksinqilabi təşkilata cəlb olunmuşdu. Bu barədə mənə şəxsən Qarayev özü demişdi. Eyni zamanda o, mənə bildirmişdi ki, C.Naxçıvanskinin nüfuzunu orduda artırmaq üçün onu Sov.İKP sıralarına keçirmək lazımdır. Qarayev öz kabinetində mənə kollektivin zəmanətini öz imzası ilə hazırlamışdı. Xatırlaya bilmirəm, deyəsən Bakı şəhər partiya komitəsinin keçmiş katibi Levon Mirzoyan da ona imza atmışdı. Azərbaycan KP MK-nın Naxçıvanskiyə həsr olunmuş iclasında qərar qəbul olunmuşdu ki, mən “şəxsən” açıq şəkildə onunla söhbət aparmalıyam. Mən Cəmşidxan Naxçıvanskini “Avropa” mehmanxanasına öz yanıma çağırdım. Ona aid olan ittihamların hamısını dedim. Yəni ki, onun qubernator işləyən əmisi ilə əlaqələri və casusluq işləri barəsində danışaraq ittiham etdim. Naxçıvanskini qorxutduqdan sonra mən ona mənimlə birgə keçmiş zabitlərin əksinqilabi təşkilatın üzvü kimi işləməyi təklif etdim. C.Naxçıvanski razılıq verdi. Mən ona məsləhət gördüm ki, şübhələri öz üzərindən götürmək üçün yığıncaqlarda çıxış etmək, riyakarlıq edərək sözdə Sovet hökumətini müdafiə etmək mövqeyində durmalıdır. Bundan sonra C.Naxçıvanski mənə bildirdi ki, onun tərəfindən təşkilata Azərbaycan alayının keçmiş komandiri Veysov və digərləri də cəlb olunmuşlar”.

Fəhlə-Kəndli Qızıl Ordusunda kütləvi repressiyaların başladığı bir dövrdə C.Naxçıvanski 20 may 1938-ci ildə antisovet təşkilatın işində iştirakda günahlandırılaraq üçüncü dəfə həbs edildi (Черушев Н.С., Черушев Ю.Н: Расстрелянная элита РККА. 1937–1941. Комбриги и им равные”. https://www.labirint.ru/books/441709). “Onun dalınca gecə gəldilər. Axtarış aparmaq üçün şahid gərək idi. Dalandar şahidlik etməkdən boyun qaçırdı: “Kim olsaydı gedərdim, bircə C.Naxçıvanskidən başqa. Mən onun gözünə necə baxaram?”. Həbs barədə orderlə gələnlərdən biri pillələri tələsik qalxdı. Qapını açan ev sahibəsinə dedi: Qiymətli nəyiniz varsa, gizləyin”. Qızıl ordunun xan nəsilli briqada komandiri C.Naxçıvanski pula, mala qətiyyən tamah salmayan bir insan idi. Vidalaşarkən o, qızı Aliyənin yuxulu gözlərindən öpdü, həyat yoldaşına dedi: “Özündən və uşaqlardan muğayat ol. Mənim heç bir günahım yoxdur. Tezliklə qayıdacağam…” (Qreqori Akselrod, “Xan nəsilli briqada komandiri”. “Nedelya” qəzeti, №17, 1988-ci il).

12 avqust 1938-ci il tarixli ittihamnamədə Cəmşidxan Naxçıvanski Ə.Qarayev tərəfindən cəlb olunduğu Azərbaycan Milli Mərkəzi adlanan Azərbaycan antisovet millətçi təşkilatın fəal iştirakçısı kimi Azərbaycanın Sovet İttifaqından ayrılmasında iş aparmaqda, 1921-ci ildən 1926-cı ilə kimi casusluqla məşğul olmaqda, Azərbaycanda Sovet hökumətinin devrilməsi və Azərbaycanda hərbi üsyan planlarını hazırlamaqda, İran ordusunda xidmət edən qardaşı, mühacir Kəlbəlixanla əlaqə saxlamaqda, Azərbaycanda üsyan başlanarkən qardaşına hərbi dəstələr göndərmək tapşırığı verməkdə günahlandırılırdı.

Bu ittihamnamələrdən 14 gün sonra – 26 avqust 1938-ci ildə Lefortovo zindanında Vasili Vasilyeviç Ulrixin sədrliyi ilə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qapalı məhkəmə iclası keçirildi. Keçirilən səyyar məhkəmə iclasında o, Sovet hökumətinin devrilməsi məqsədilə sui-qəsddə iştirakda və casusluqda günahkar hesab edildi. V.V.Ulrixin və 3 nəfərin şahidliyi ilə cəmi 15 dəqiqə çəkən məhkəmə iclası saat 12:50-də general Cəmşidxan Naxçıvanskiyə ölüm hökmü oxudu. Hökm oxunandan sonra ona son sözünü deməyi təklif etdilər. Döyüldükdən sonra ağır yaralar almış Cəmşidxan kəkələyə-kəkələyə danışmağa utandı. Əmlakı müsadirə edilməklə güllələnmə cəzasına məhkum edildi və Kəngərli nəslinin sonuncu generalı C.Naxçıvanski həmin gün güllələndi. O, Moskvada, Kaluqa şossesi yaxınlığında "Kommunarka" adlanan, Stalin repressiyası bir çox qurbanlarının uyuduğu məzarlıqda dəfn olundu (https://ru.openlist.wiki).

 

“Oğul, bizim xalqımıza yaxşı hazırlıqlı kadrlar lazımdır”

Cəmşidxanın cəmi 43 illik ömrünün 26 ili hərbidə keçdi. Ömrünün ən fəal dövründə 30-cu illərin haqsız qurbanlarından biri oldu. Guya XX əsrin 30-cu illərinin ortalarında C.Naxçıvanskinin başçılıq etdiyi "casus təxribat dəstəsi" ilə mühacirətdə olan qardaşları Davudxan və Kəlbəlixanla əlaqəsi olub. Halbuki Cəmşidxan güllələnəndə qardaşları artıq 4 il əvvəl İranda qətlə yetirilmişdilər.

Vaxtilə 77-ci Azərbaycan atıcı diviziyasının sıralarında zabit kimi xidmət edən professor Əyyub Əsgərov C.Naxçıvanskinin son günlərinin şahidi olub: “1937-ci ilin payızında Sankt-Peterburqda keçirdiyim məzuniyyətdən geri qayıdırdım. Moskvada hərbi kursda oxuyan yoldaşlarımla görüşmək üçün Frunze adına Akademiyaya getdim. Yaxın dostum və Akademiyanın müdavimi Hacıbaba Zeynalovun qonağı oldum, həmyerlilərimiz Cəlil Əliyev, Əhmədəli Əliyev, Bayram Şıxıyev, Fərhad Şahbazov və başqaları ilə də burada görüşdüm. Bir gün Hacıbaba Zeynalovun otağında şam yeməyinə toplaşmışdıq. Bu vaxt C.Naxçıvanski otağa girdi. Biz hamımız ayağa qalxdıq, ehtiramla, rəsmi təzim edərək onu salamladıq. Görkəmli sərkərdə hər birimizlə ayrı-ayrılıqda görüşdü. O, 77-ci Azərbaycan atıcı diviziyasında xidmət etdiyimi biləndə məni söhbətə tutdu. Azərbaycan xalqının həyatı ilə yaxından maraqlandı, diviziyanın siyasi döyüş hazırlığı sahəsində əldə etdiyi uğurlar barədə məlumatları çox diqqətlə dinlədi və ürəkdən sevindi. O, Vətənin müdafiə qüdrətini daim möhkəmləndirməyin, dövrün tələblərinə uyğun olaraq, yüksəkbilikli kadrlar hazırlanmasının, xüsusilə yeni texnikaya yiyələnməyin vacib olduğunu bildirdi. Sonra: “Oğul, bizim xalqımıza yaxşı hazırlıqlı kadrlar lazımdır”,- dedi. Gedərkən hamıya müraciət etdi: “Bu ali hərbi məktəb - Akademiya əsl siz gənclərin yeridir, sizin üçündür, əfsus ki, bizim nümayəndələrimiz burada çox azdır”. 1956-cı ildə C.Naxçıvanski tam bəraət aldı. Onun bu vəziyyətini Azərbaycanın Ümummilli lideri Heydər Əliyev yerinə yetirdi. Hələ sovet dövründə Azərbaycanda ilk milli hərbi lisey yaratdı və onun adını bu məktəbə verdi. Bu məktəb yaxşı hazırlıqlı kadrlar hazırlamaq üçün bünövrə oldu. Bakıda küçələrdən biri C.Naxçıvanskinin adını daşıyır, onun vətəni Naxçıvanda xatirə muzeyi fəaliyyət göstərir.

Onun xidmətlərinin qiymətləndirilməsi sahəsində təkcə bizim tədqiqatçılar deyil, vaxtilə xidmət etdiyi Rusiya mütəxəssisləri də böyük işlər görüb. Qafqaz tarixi üzrə mütəxəssis olan Rudolf İvanov 3 cilddən ibarət “Именем Союза Советских... : жизнь и гибель комбрига Нахичеванского” kitabını Azərbaycan xalqının şanlı oğlu Cəmşid Xan Naxçıvanskiyə, onun deyimi ilə "Qırmızı xan"a həsr edib. Müəllif burada milli hərbi birləşmələrin tarixi ilə bağlı maraqlı məlumatlar verir. Kitabda sənədlər əsasında Azərbaycan SSR-də ordunun necə yaradıldığından geniş bəhs edilir. R. İvanov, bir qayda olaraq, əvvəllər nəşr olunmayan materiallar üzərində bir povest qürur. Kitaba 300-dən çox ordu əmri, 80 partiya, 70-dən çox istintaq və məhkəmə sənədi, bir çox digər əsas mənbələr daxildir. Onların əksəriyyətinin əvvəllər "məxfi" möhürü var idi.Yeri gəlmişkən, Kitabda Zaqafqaziya tarixinin bu az tanınmış dövrü geniş əks olunur, 1920–1930-cu illərdə SSRİ-də partiyadaxili mübarizə, təmizlənmə, intriqalar, təxribatlar və cəzalandırmalar barədə məlumatlara yer verilir (http://1937god.info/node/1430)

Sonda onu qeyd edim ki, həmin illərdə C.Naxçıvanski ilə yanaşı, Qambay Vəzirov, Seyfulla Mehdiyev, Murtuz Talıbzadə, Abdulla Məlikov, Heydər Vəzirov, Cabir Əliyev, Cəlil Əliyev,

Seyfulla Mehdiyev, Qalib Vəkilov və Soltanhəmid Paşayev kimi yüksəkrütbəli hərbçi oğullar repressiyanın qurbanı oldular...


Müəllifin digər yazıları

  1. Türkiyə cənubundakı terror yuvalarını təmizləyəcək
  2. Seçki-2018: namizədlər, vədlər və reallıqlar
  3. QANİÇƏN REJİMƏ MEYDAN OXUYAN PEDAQOQ
  4. KƏNGƏRLİ NƏSLİNİN SONUNCU GENERALI
  5. PROFESSORU CASUS KİMİ İTTİHAM ETDİLƏR - Foto
  6. VƏZİR NƏSLİNİN SƏFİR ÖVLADI - Repressiyanın 80-ci ili (VII yazı)
  7. BOYNU BÜKÜK ACARA (III yazı – Siyasi təhlil)
  8. 15 SENTYABR ZƏFƏRİNİN 99-CU İLDÖNÜMÜ
  9. Bir səfərdən üç yazı - AVROPA HARA, BİZ HARA (II yazı-müşahidə)
  10. Bir səfərdən üç yazı - MƏN GEDİRƏM BATUMA (I yazı–təəssürat)
  11. Repressiyanın 80-ci ili - SAĞLIĞINDA BƏRAƏT ALAN YEGANƏ ALİM - (VI yazı)
  12. Repressiyanın 80-ci ili (V yazı) - ÖLÜMÜ SÜRGÜNDƏN ÜSTÜN TUTAN ALİM
  13. SARKİSYAN VƏ DİGƏR MÜHARİBƏ CİNAYƏTKARLARINI HƏRBİ TRİBUNAL GÖZLƏYİR
  14. Müharibə zamanı KİV-də obyektivlik problemləri
  15. Repressiyanın 80-ci ili (IV yazı) - UNUDULMUŞ ŞƏRQŞÜNAS: Zifeld-Sumumyaqi
  16. Reklam mədəniyyətsizliyi - Prezidentin yaratdığı yeni qurumun fəaliyyəti bu problemin qarşısını ala bilər
  17. Repressiyanın 80-ci ili (III yazı) - GƏNCƏLİ ABDULLANIN BAKIDAKI NAKAM SONU
  18. SİLAHLI QÜVVƏLƏRİMİZİN 99 YAŞI
  19. AVROPASAYAĞI ƏDALƏT: İraqı və Suriyanı bölənlər Kipri birləşdirmək istəyir
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
17-08-2018
16-08-2018
15-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.3331 san