10:41 01 Dekabr 2017
2061 dəfə oxunub
Çap versiyası
...

Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Prezidentinin müvafiq Sərəncamı görkəmli şairin həyat və yaradıcılığının yenidən tədqiqinə, öyrənilməsinə və əsərlərinin çapına böyük töhfə oldu. Sərəncama uyğun olaraq hazırlanan tədbirlər planına əsasən öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz ədibin xatirəsi ölkəmizdə silsilə tədbirlərlə yad olunmaqdadır. Bu istiqamətdə görkəmli alimlərimizin, ədəbiyyatşünas tədqiqatçıların da Vaqif irsinə verdikləri töhfələr yetərincədir. Onlar da Vaqif irsinin azərbaycançılıq məfkurəsi işığında daha dərindən araşdırılıb öyrənilməsi istiqamətində elmi axtarışlarını davam etdirirlər. Belə alimlərimizdən biri də filologiya üzrə elmlər doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Buludxan Xəlilovdur. AZƏRTAC alimin bu mövzuda növbəti yazısını təqdim edir.

Təsadüfi deyil ki, Molla Pənah Vaqifin şər qüvvələrdən qorunmasında Molla Vəli Vidadi də əlindən gələni əsirgəmir. Xalq Şairi Səməd Vurğunun “Vaqif” dramında da bu məsələ özünün qabarıq şəkildə göstərir. Əsərdəki bəzi parçalara diqqət yetirək:

Vaqif

Bu da haqqı-salam, bu da duz-çörək...

Dünyada dərd varmı mənim dərdim tək?

Bu xan bir ilanmış, saray yuvası,

Zəhrimar qoxuyur onun havası.

Vidadi

Vaqif, sabah məni yola sal gedim,

Torpaq evciyimi ziyarət edim.

Ordadır dünyanın zövqü, ləzzəti.

Sən də öz boynundan at bu minnəti,

Kəndimizə qayıt!

Vaqif

Yox, qayıtmaram.

İş ki belə düşdü, meydanda varam!

Vidadi

Əl çək bu tərslikdən, qulaq as mana!

Vaqif

Ölsəm də, ölməyim xoşdur mərdana!

Vidadi

Sən öz dediyindən dönməyəcəksən,

Səni yalnız qoyub gedəmmərəm mən.

Vidadi şair dostunu Qacarın cəzasından qurtarmaq üçün onun hüzuruna gəlir, ona təzim edir və deyir:

Şairdir... qəlbi var, şirin sözü var,

Böyük bir ölkənin onda gözü var,

O ölsə... dağlar da dil deyib ağlar,

Əfv edin... yaxşılıq qalır yadigar.

Bir məsələni də qeyd etmək yerinə düşər. Bu da odur ki, Vaqifi həm xalq, həm də Vidadi yaxşı başa düşür. Hə iki şair arasındakı anlaşma o qədər güclüdür ki, onlar bir-birinin sözündən heç vaxt incimir, birisi xalqın içində, digəri sarayda olsa da, hər ikisi xalqa bağlıdır, xalqla nəfəs alır. Hətta Vidadinin “Di gəl, durnalara bir şeir deyək” söyləməsi, saz çalması, deyişməsi Vaqifə olan ərkidir. Həm də onların bir-birini duymaları və başa düşmələridir. Xalqın, el-obanın, yurdun problemlərini onlar qədər bilən, duyan yoxdur. Odur ki, durnalara şeir demək, bu mövzuda deyişmək simvolik bir mahiyyət daşıyır. Burada xalqın, el-obanın, yurdun dərdi simvollaşır. Əsərdən bir parça:

Vidadi

Qatar-qatar olub qalxıb havaya,

Nə çıxıbsız asimanə, durnalar?

Qərib-qərib, qəmgin-qəmgin ötürsüz,

Üz tutubsuz nə məkanə, durnalar?

Vaqif

Bir zaman havada qanad saxlayın,

Sözüm vardır mənim sizə, durnalar!

Qatarlaşıb nə diyardan gəlirsiz?

Bir xəbər versəniz bizə, durnalar!

Vidadi

Bir baş çəkin dərdi-məndin halına,

Ərzə yazsın, qələm alsın əlinə,

Vidadi xəstədən Bağdad elinə

Siz yetirin bir nişanə, durnalar!

Vaqif

Nazənin-nazənin edərsiz avaz,

Ürək təzələnər, edər sərəfraz,

Vaqifin də könlü çox edər pərvaz,

Hərdəm sizin ilə gəzə, durnalar!

Molla Pənah Vaqifin hadisələrə münasibətində onun xarakterindəki özünəməxsusluğun bir neçə məqamını da xatırlamaq yerinə düşər. O, dünyadan hər an zövq almağa hazırdır. Hər günün ömürdən getdiyinin fərqinə varır, hətta cənnəti də, cəhənnəmi də bu dünyada axtarır. Bütün cənnətləri bu dünyanın özündə insanların quracağına inanır. Vaqif hər dərdi, bəlanı, qəmi özündən uzaqda tutur, dərdin, ələmin əlacını gözəllərdə axtarır, gözəlləri özünün Məkkəsi, Mədinəsi sayır. Bu xüsusiyyətlər onun özünəməxsusluğunun bir tərəfidir. Şairin özünəməxsusluğunun ikinci bir tərəfi Şuşa qalasında səhər vaxtı, günəş yenicə çıxan zaman divara yazdığı şeiri Əli bəyə oxuduqda fərqli bir Vaqifə çevrilməsidir. Fərqli Vaqif yazdığı şeirdə deyir:

Mən cahan mülkündə mütləq doğru halət görmədim,

Hər nə gördüm əyri gördüm, özgə babət görmədim.

Aşinalar ixtilatında sədaqət görmədim,

Beyəti-iqrari-imani-dəyanət görmədim.

Molla Pənah Vaqifin bu cür dəyişməsi real həyatın dəyişməsidir, yoxsa onun özünün dəyişməsidir? Bu, Vaqifin özünə tarixin gözü ilə baxmaq üçün Səməd Vurğunun yaratdığı bədii bir priyomdur. Həmin bədii priyom imkan verir ki, M.P.Vaqif bütün tarixi dövrlərdə yaşaya bilsin. Odur ki, Vaqifə tarixin hansı gözü ilə baxılsa, o, şair və ictimai-siyasi xadim kimi müdrik, cəsarətli, qeyri-adi görünür. Bu cür görünüşü Molla Vəli Vidadidə də müşahidə etmək olur. Onun xarakterindəki özünəməxsusluğun göstəricisi odur ki, o, Cavad xanın sarayına getmir, sarayda yaşamağı qəbul etmir, kasıb və azad yaşamağı hər şeydən üstün tutur. Vaqifdən fərqli olaraq dünyanın etibarına və varına inanmayandır. Bu dünyanın möhnəti içərisində axirət dünyasına inanandır. Vidadi dünyanın dərdini, qəmini çəkəndir. Namaz qılarkən titrək bir səslə namazın arasında əllərini göyə qaldırıb aşağıdakı şeiri söyləyən şairdir:

Xudaya! İnsanın halı yamandır,

Nələr çəkdiyimiz sənə əyandır,

Mənası varmıdır min təriqətin?

Aç... aç qapısını sən həqiqətin.

Nə olur, bir yeni işıq ver bizə,

Bizim kor yaranmış gözlərimizə –

Bəlkə də yaxşını seçək yamandan,

Ta ki, qansız keçən bir güzərandan

Biz də ilham alaq, sevinək barı!

İşıqlat bu dibsiz qaranlıqları...

Yazıqdır dünyanın əşrəfi insan,

Böyüksən, aqilsən, keç günahından!

Qoyma ki, yerlərdə sürünsün bəşər,

Dünyada qalmasın nə pislik, nə şər.

Yaxşılıq insana bir sənət olsun,

Dünya başdan-başa bir cənnət olsun...

Ancaq bununla belə, göylərin dərinliyinə əl qaldıraraq:

“Tfu, sənin taxtına, ey çərxi-fələk!

Daşdan yaranmamış, ətdəndir ürək!..”

deyir. Yenə də onun təzadlı mövqeyinə tarixin gözü ilə baxdıqda o, insanların, oxucuların gözündə ucalır. Eyni zamanda Səməd Vurğunun real həyat hadisələrinə münasibətdə seçdiyi ədəbi priyom Vidadini xarakterizə edə bilir.

Yeri gəlmişkən hər iki şair arasındakı dostluğun bəzi məqamlarına toxunmaq yerinə düşər. Əvvəla onların dostluğu o deməkdir ki, onların hər ikisi öz dövründə məşhur olmuş, bu məşhurluq sayəsində bir-birinə rəğbət bəsləmişlər. Nəticədə onlar dost, ən yaxın həmdəm olmuşdur. Bir-birinə ərk etməyi, söz deməyi, şeir söyləməyi, deyişməyi bacarıblar. Onlar bunu bir tərəfdən istedadları ilə, digər tərəfdən yaşadıqları dövrün nüfuz sahibi olmaqla yerinə yetiriblər. Vaqifin Vidadi ilə deyişməsində hər iki şairin sərbəstliyini, cəsarətini, reallığa münasibətlərini açıq şəkildə müşahidə etmək olur. Məsələn:

Vaqif

Ey Vidadi, sənin bu puç dünyada

Nə dərdin var ki, zar-zar ağlarsan?

Ağlamalı günün axirətdədir,

Hələ indi səndə nə var, ağlarsan?

Vidadi

Vaqif, nə çox yan, baş-ayaq atarsan,

Mənə dersən, nə bu qədər ağlarsan?

Sənin də başında məhəbbət beyni

Əgər olsa, eylər əsər, ağlarsan!

Vaqif

Toy-bayramdır bu dünyanın əzabı

Əqli olan ona gətirər tabı,

Sənin tək oğlana deyil hesabı,

Hər şeydən eyləyib qubar ağlarsan!

Vidadi

Oğlan, sən uşaqsan, cavansan hələ,

Yenicə cisminə düşüb vəlvələ,

Təzəcə dəyənək alıbsan ələ,

Qaim tut ki, nagah düşər, ağlarsan.

Molla Pənah Vaqiflə Molla Vəli Vidadinin bir-birinə bağlılığı, etibarı, sədaqəti güclü olmuşdur. Bunun sayəsində onlar bir-birinə müraciətlə şeirlər yazmış, birisinin yazdığı şeirə o birisi şeirlə cavab vermişdir. Məsələn, Molla Pənah Vaqif “Durnalar” rədifli şeirini:

Bir zaman havada qanad saxlayın,

Sözüm vardır mənim sizə, durnalar!

Qatarlaşıb nə diyardan gəlirsiz?

Bir xəbər versəniz bizə, durnalar!

Molla Vəli Vidadinin aşağıdakı qoşmasına cavab yazmışdır:

Qatar-qatar olub qalxıb havaya,

Nə çıxıbsız asimana, durnalar?

Qərib-qərib, qəmgin-qəmgin ötərsiz,

Üz tutubsuz nə məkana, durnalar!

Molla Vəli Vidadi ilə Molla Pənah Vaqifin bir-birinə cavab yazmaları XIX əsrin məşhur şairi Qasım bəy Zakirə də təsir etmişdir. Qasım bəy Zakir Bakıda sürgündə olduğu zaman Molla Vəli Vidadiyə və Molla Pənah Vaqifə cavab olaraq durnalar mövzusunda şeir yazmışdır. Bu da daha bir üçlüyün (Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Qasım bəy Zakir) ədəbiyyat tariximizdəki xidmətlərini xarakterizə etməkdə az rol oynamır.

Molla Vəli Vidadi ilə Molla Pənah Vaqif arasında olan dostluğu təsdiq edən faktlardan biri də odur ki, 1797-ci ildə Ağa Məhəmməd şah Qacar öldürüldükdən sonra Molla Pənah Vaqif “Ey Vidadi, gərdişi-dövrani-kəcrəftarə bax” şeirini yazıb Vidadiyə göndərmişdir. Bu şeirdə Molla Pənah Vaqif dostu Molla Vəli Vidadini zəmanədə baş verən hadisələrdən ibrət dərsi almağa çağırır.

Ey Vidadi, gərdişi-devrani-kəcrəftarə bax!

Ruzigarə qıl tamaşa, karə bax, kirdarə bax!

Əhli-zülmü necə bərbad eylədi bir ləhzədə,

Hökmü adil padşahi-qadirü qəhharə bax!

Sübh söndü şəb ki, xəlqə qiblə idi bir çırağ,

Gecəki iqbalı gör, gündüzdəki idbarə bax!

Taci-zərdən ta ki, ayrıldı dimaği-pürqürur,

Peyimal oldu təpiklərdə səri-sərdarə bax!

Mən fəqirə əmr qalmışdı siyasət etməyə,

Saxlayan məzlumu zalimdən o dəm qəffarə bax!

Qurtaran əndiqədən ahəngəri-biçarəni,

Şah üçün ol midbəri təbdil olan mişmarə bax!

İbrət et, Ağa Məhəmməd xandan, ey kəmtər gəda,

Ta həyatın var ikən nə şahə, nə xunxarə bax!

Baş götür bu əhli-dünyadan ayaq tutduqca qaç,

Nə qıza, nə oğula, nə dusta, nə yarə bax!

Vaqifa, göz yum, cahanın baxma xubü ziştinə,

Üz çevir ali-əbayə, Əhmədi-Muxtarə bax!

Azərbaycan ədəbiyyatı tarixində Molla Pənah Vaqifi Molla Vəli Vidadisiz və Molla Vəli Vidadini Molla Pənah Vaqifsiz təsəvvür etmək mümkün deyildir. Bu mənada “Vaqif böyüklüyü bir müstəvidə Vidadi özünəməxsusluğu, bədii estetik düşüncənin sxemləri daxilində açılır, eləcə də əksinə Vidadinin sənətkarlığı, onun həyat fəlsəfəsi Vaqiflə müqayisəsiz birtərəflidir. Bütün deyilənlərə, fərqli baxışlara baxmayaraq, bu belədir və sırf reallıqdır” fikri yerinə düşür.

Molla Pənah Vaqiflə Molla Vəli Vidadi arasındakı dostluğu yüksək səviyyədə təqdim edən mənbələrdən biri Yusif Vəzir Çəmənzəminlinin “İki od arasında” əsəridir. Əsərdə qeyd olunur ki, Molla Pənah Vaqif yemək süfrəsi arxasında “Mənim qazaxlılarım da köçüb, gəlirlər, – dedi. – Əhməd ağa min beş yüz ailə ilə tərpənib, gəlmək istəyir”. Onun dediklərini Ömər xan təsdiq edir. Deyir ki, Qazax, Şəmşəddin İraklinin sağ əlidir. Onlar köçüb getsə, İraklinin qoşunu olmayacaqdır. Ömər xan onu da deyir ki, qazaxlılar çox igid tayfadır, onlar oddur. Söhbətin bu yerində Molla Pənah Vaqifə xəbər verirlər ki, şair Molla Vəli Vidadi gəlibdir. Əsərdən oxuyuruq: “Vaqif xandan izin alıb, tələsik evə gəldi. Dostu Vidadinin pəncərənin içində oğlu Qasım ağa ilə söhbətdə gördükdə, onu ayağa qalxmağa qoymayıb, özü irəlilədi, öpüşüb-görüşdülər.

Vaqif soruşdu:

– Hələ de görüm, toxsan, acsan?

Vidadi mütəvazi bir halda:

– İltifatın artıq olsun, xörək verdilər, yedim, – dedi. Vaqif oğlu Qasım ağaya yönələrək:

– Bizə qəhvə bişirt! – dedi. – Sonra Vidadi ilə qarşı-qarşıya oturub, çoxdan bəri həsrətində olduğu dostu ilə şirin söhbətə başladı”. Vaqiflə Vidadinin öpüşüb-görüşməsi, Vaqifin “Hələ de görüm, toxsan, acsan?” söyləməsi, qarşı-qarşıya oturub söhbət etmələri – bunların hamısı səmimi dostluqdan, yaxın münasibətdən, bir-birinə olan inamdan irəli gəlir. “İki od arasında” əsəri vasitəsilə Vidadinin necə bir insan olması, Qazaxdan Qarabağa köçməsi haqqında da məlumat əldə edirik. Bu barədə oxuyuruq: “Vidadi ortaboylu, çalsaqqal, arıqvücudlu və nurani sifət bir kişi idi: çox dindar və dünyadan əl üzmüş bir adam idi. Yeddi-səkkiz yaş Vaqifdən böyük, təbiətcə şən və nəşəli Vaqifin əksi olmağına baxmayaraq, aralarında bir dostluq var idi. Daima bir-birilə yazışar və biri digərinə öz şeirini göndərərdi.

Vaqif dərin bir sevgi saçan gözləri ilə dostunu oxşayaraq:

– Yaxşı, – dedi, – nə əcəb? Bilərsən ki, səni çoxdan gözləyirdim.

Vidadi əllərini ovxalayaraq:

– Köçdüm, mən də köçdüm, – dedi. – Qazaxda yaşamaq çətin olub, dedim, gedim bir Qarabağa bələd olum, sonra, mümkün olsa, arvad-uşağı da yığışdırım.

– Yaxşı eləmisən, mənim kimi əvvəl Cavanşir, sonra da “qızılbaş” olarsan! Ha-ha-ha!..

Vaqif şaqqıldayıb, istehza ilə güldü.

Vidadi yumşaq gülümsəmə ilə dostunu süzüb:

– Pənah, – dedi, – neçə vaxtdır, səni görmürəm: nə qocalmısan, nə nəşədən düşmüsən”.

Vaqifin nikbinliyi, Vidadinin bədbinliyi, bu dünyanın gəliş-gedişi barədə əsərdən oxuyuruq: “Vaqif təkidlə:

– Ay Molla Vəli, – dedi, – bu, insanın özündən asılıdır: insan gərək üzdən getsin, çox dərinə əl aparmasın. İnsana bir yaşayış bağışlanmışdır, doyunca yaşamaq lazımdır. “Öl!” – deyəndə də öləcəyik. Amma bu dur dünyanı gərək elə keçirəsən ki, öləndə arxaya baxıb həsrət çəkməyəsən! Hikmət bundadır.

Vidadi bu fikrə qane olmurdu:

– Bu sən deyənlər insanın özündən asılı olmasa?

– Necə yəni olmasa? İnsan faili – muxtardır. Hər şeyi özünə tabe etməlidir.

Vidadi Vaqiflə heç razılaşmayaraq dedi:

– Ölkədəki bu davaları, nahaq qanları, başkəsmə, gözçıxarmaları görüb də, rahat olmaq olarmı?” Deməli, M.V.Vidadidən fərqli olaraq M.P.Vaqif ömrün nəşəsindən sevinən, əzabını toy-bayram sanan, hər şeydən ləzzət almağı bacaran bir şairdir. M.P.Vaqifin diplomat olması, siyası dünyagörüşü, müxtəlif təbəqənin nümayəndələri ilə olan əlaqəsi imkan verir ki, o, M.V.Vidadidən fərqli olaraq pis, yaxşı gördüklərinin hər birində sabahkı günün xoş müjdəli işartılarını axtarsın. Belə olmasa, o, şair kimi nikbin ruhlu şeirlər yaza bilməz, diplomat, siyasət adamı kimi fəaliyyət göstərməyi bacarmazdı. Axı Vidadidən fərqli olaraq ona ümid, inam bəsləyənlər, etibar göstərənlər tək saray əhli deyil, həm də bütövlükdə Qarabağ və digər xanlıqların əhlidir.

Y.V.Çəmənzəminli Vaqif və Vidadi obrazını hər birinin özünəməxsusluğunu nəzərə alaraq yaradıb. Bu baxımdan da Y.V.Çəmənzəminlinin “İki od arasında” əsəri mənbədir. Həm də hər bir kəsin oxuyub anlaya biləcəyi mənbədir. Bu mənbədən həm ədəbiyyatşünaslar, həm də oxucular istifadə etməklə Vaqif və Vidadi obrazının özünəməxsusluqları barədə geniş məlumat əldə edə bilərlər. Əsərdəki çoxlu sayda bədii detallardan bəzilərinə müraciət edək: Vidadi deyir:

– A Pənah, insan yanı axırda ölməyəcək? Bu beş gün dünyanın cahu-cəlalı üçün bu qədər baş ağrısı çəkməyə dəyərmi? Şah da, gəda da ölüb, torpağa qoyulacaq. Axırı ki, ölümdür, bu fani dünyanı zöhd və təqva ilə keçirmək daha yaxşı olmazdımı?

Vaqif dostunun bu tərk-dünyalığına cavab olaraq gülümsədi, Vidadi məsələni anlayıb, cəld:

– Bilmirəm, – dedi, – zöhd və təqva işinə gəlmir. Bir az da qocalarsan, ölüm qorxusu canına çökər, onda məsələnə Vaqif olarsan. Hələ Vaqif deyilsən, fəna dünyaya bel bağlayan Pənah oğlansan.

Vaqif güldü:

– Ay molla Vəli, – dedi, – axı ölümü də Tanrı yaradıb, eşqi də, nəgəni də, gözəli də. Tanrı axirətdə mənə deməzmi, “Ay yassar, sənə ürək verdim – sevmədin, dodaq verdim – öpmədin, göz verdim – o yaşılbaş sonalara doyunca tamaşa etmədin?” Onda mən Tanrıya nə cavab verərəm?

Vidadi güldü:

– Vallah, Pənah, toy-bayramsan! – dedi. – Sənnən danışanda adamın ürəyi açılır”. Bu bədii detaldan Vaqifin nikbinliyini, Vidadinin bədbinliyini aydın şəkildə görürük və hər iki sənətkarın özünəməxsus keyfiyyətləri barədə dürüst məlumat əldə edirik.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Saqqallı uşaq
10:25 29.11/2017
Sevdiyi qadını öldürmək
14:13 19.09/2017
 
Xəbər başlıqları
16-01-2018
16.01.2018 Paytaxtda yanğın
16.01.2018 Neft bahalaşıb
15-01-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.3731 san