10:49 04 Dekabr 2017
660 dəfə oxunub
Çap versiyası
İbrahim Əliyev
Tarix üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan Türkiyə münasibətləri qədim və zəngin tarixə malikdir. Bu münasibətlər özünəməxsus xüsusiyyətləri və coxşaxəli istiqamətləri ilə həmişə fərqlənmiş, müstəsna əlamətlərə malik olmuşdur. Dərin tarixi kökləri ilə bağlı olan bu ölkələri hər şeydən əlavə etnik doğmalıq birləşdirir. Buna görə də bu dövlətin tarixini, ictimai-siyasi və mədəni həyatını bir-birindən ayrı təsəvvür etmək mümkün deyildir.
Azərbaycan-Türkiyə münasibətləri tarixin müxtəlif mərhələlərində həyatın ağır sınaqlarından keçmiş, özünün qırılmazlığını praktikada təsdiq etmişdir. Bu münasibətlər barəsində kifayət qədər geniş tədqiqatlar aparılmış, onun müxtəlif dövrləri haqqında xeyli elmi tədqiqat əsərləri yazılmışdır. Hazırkı məqalədə isə diqqəti Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən sonra Azərbaycan – Tütkiyə münasibətlərinin müxtəlif cəhətlərinə yönəltmək istərdik.
Bu iki dövlət arasında münasibətdən danışarkən hər şeydən öncə onu qeyd etmək istərdik ki, onların hər ikisi böyük Türk dünyasının tərkib hissələri olmaqla bu sistemdə özünəməxsus yerə və rola malikdir. Bu münasibətlər ictimai həyatın bütün sahələrini əhatə edir və strateji əhəmiyyət daşıyır.
Türkiyə dövlətinin Qafqaz regionuna olan maraqları, onun bu regionda dayaqlarını yaratmaq istəyi son yüzillikdə yeni bir mərhələyə daxil olmuşdu. Hələ Osmanlı dövləti özünün qüdrətli dövrlərində regionda nüfuz dairəsi uğrunda digər qonşu dövlətlərlə rəqabət aparmışdı. Lakin son yüzilliklər ərzində onun zəifləyərək müxtəlif regionlarda mülklərini və nüfuz dairəsini itirməsi Qafqaza da aid idi. Buna baxmayaraq Türk dövlətinin qlobal maraqları azalmamış, onlar həmişə bu regionda təsirlərini bərpa etməyə çalışmışdılar. Xüsusən Birinci dünya müharibəsi dövründə Osmanlı imperiyasının regionda başlıca rəqibi olan Rusiya imperiyasının inqilablar nəticəsində iflasa uğraması onun qarşısında yeni imkanlar yaradır.
Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gündən Türkiyə dövlətinin rəğbətli münasibətini öz üzərində hiss etmişdi. O, 1918-ci il 4 iyulda Azərbaycan Xalq Cümhuriyyətini tanıyaraq ona siyasi və hərbi dəstək verir. Məhz həmin dövrdə türk ordusunun Qafqazda fəallaşması, müstəqillik astanasında dayanmış Azərbaycana dəstək verməsi, ona qarşı yönəlmiş soyqırımı dalğasının qarşısının alınmasında öz töhfəsini verməsi türk-azərbaycan birliyinin parlaq səhifələrindən birini təşkil edir. 1918-ci ilin martında Nuru paşanın rəhbərliyi altında türk ordusunun Azərbaycana uğurlu gəlişi onun taleyində dərin iz qoymuşdur. Lakin Birinci dünya müharibəsində Osmanlı Türkiyəsinin daxil olduğu blokun məğlubiyyəti onların xilasedici missiyasını dayandırmasına səbəb oldu. Bununla belə türklər imkanları daxilində Azərbaycana dəstəklərini hər vasitə ilə davam etdirirdi. 23 aylıq mövcudluqdan sonra Azərbaycan Cümhuriyyəti tarixi inkişafının obyektiv nəticəsi olaraq öz müstəqilliyini itirdi. Burada bolşeviklərin hakimiyyətə gətirilməsi ilə Türkiyənin strateji gedişləri arxa plana keçmiş, özünün yeni məqamını gözləmişdir. Lakin yeni şəraitdə də Türkiyənin dəstəyi ən həlledici məqamlarda zaman-zaman özünü büruzə vermiş, bir sıra prinsipial problemlərin həllində öz təsirini göstərmişdir. Buna müsal olaraq Azərbaycanın sovet hakimiyyəti dövründə onun formal müstəqilliyinin qorunub saxlanmasında və xeyli ərazilərinin mühafizə edilməsində müstəsna əhəmiyyətə malik olan Türkiyə ilə Rusiya arasında imzalanmış Moskva müqaviləsi və Cənubi Qafqaz respublikaları ilə bağlanmış Qars müqaviləsini qeyd etmək istərdik.
Azərbaycanın SSRİ tərkibində olduğu dövrdə Türkiyə dövlətinin buraya əli çatmasa da, Azərbaycana olan isti münasibəti daim hiss olunmuşdur. Sovet rəhbərliyi Azərbaycanı Türkiyə təsirindən uzaq saxlamağa, onların yaxınlığına imkan verməməyə çalışırdı. Bütün bunlara baxmayaraq, bu doğma münasibətləri zəiflətmək mümkün olmamışdır.
Türkiyə-Azərbaycan münasibətlərinin yeni mərhələsi XX əsrin axırlarında başlandı. 1990-cı illərdə SSRİ-nin dağlması nəticəsində yeni türk dövlətlərinin öz müstəqilliklərini bərpa etməsi ilə türk dünyasının genişlənməsi və möhkəmlənməsi üçün əlverişli şərait yarandı. Belə bir məqamda Türkiyənin həmin dövlətlərlə hərtərəfli əlaqələrinin güclənməsi, qarşılıqlı təmasların intensivləşməsi, onların bütün məsələlərdə vahid mövqedən çıxış etməsi məsələsi aktuallaşır. Bu münasibətlər sistemində Azərbaycan-Türkiyə münasibətləri xüsusi əhəmiyyətə malik idi.
SSRİ parçalanana qədər Türkiyə Respublikası türk dünyasının dünya dövlətləri sırasında yeganə təmsilçisi idi. Sovet imperiyasının iflası türk dövlətləri sırasının genişlənməsinə gətirib çıxardı və bu, türk dünyasının güclənməsi yolunda böyük imkanlar açdı.
Azərbaycan, Qazağıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın simasında tarix səhnəsinə çıxmış yeni türk-müsəlman dövlətləri dünyanın, xüsusən də Qafqaz-Mərkəzi Asiya regionunun yeni durumunda ciddi dəyişikliklərə gətirib çıxarmış, onun siyasi mənzərəsinə yeni qeosiyasi reallıq gətirmişdir. Belə bir məqamda Türkiyə Respublikasının qarşısında yeni perspektivər açılması ilə yanaşı, yeni qlobal vəzifələr ortaya çıxırdı. Tarixi inkişafın öz gedişi ilə açılan bu imkanlar Tütk dövlətinin məsuliyyətlərini də artırdı. Yeni şəraitdə Türkiyə Respublikasının müstəqilliyini bərpa etmiş türk-müsəlman dövlətləri, o cümlədən Azərbaycan Respublikası ilə münasibətləri regionun taleyində və onun inkişaf perspektivində böyük təsirə malikdir.
Azərbaycan öz coğrafi mövqeyinə görə türk dünyası üçün son dərəcə vacib bir ərazidə yerləşir, Türkiyənin bu dünyaya çıxışının bağlanğıcını təşkil edirdi. Digər tərəfdən, sosial-iqtisadi, siyasi, mədəni durum, müasir inkişaf səviyyəsi, ictimai həyatın bütün sahələrində malik olduğu səviyyə Azərbaycanın unikal mövqeyini və ictimai-siyasi mahiyyətini qabarıq şəkildə ifadə edir, onun tarixi missiyasını və rolunu şərtləndirirdi. Bu mənada Azərbaycan təkcə müstəqilliyini bərpa etmiş yeni dövlət olaraq dəstəyə ehtiyacı olan bir dövlət deyildi. Onun malik olduğu təbii ehtiyatlar, iqtisadi potensialı, mədəni intellektual səviyyəsi ilə Türkiyənin özünün müasir inkişafında əsaslı dönüş yarada biləcək imkanın daşıyıcısı idi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra problemlərini həll etdikcə və müstəqil iqtisadiyyatını yaratdıqca onun regionda və bütöv dünyada təsiri artır. Bu mənada Azərbaycan regionda bütün qonşuları ilə münasibətdə müstəqil aktor kimi nüfuzunu və təsirini günbəgün gücləndirir. Bu mənada hazırkı dövrdə Azərbaycan-Türkiyə münasibətlərindən danışılarkən hər kəs tərəfindən bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi etiraf edilir. Bu məqamda tarix bir daha sübut edir ki, dövətin təsir gücü ərazisinin böyüklüyü, əhalisinin sayı ilə ölçülmür. Düzgün aparılan daxili və xarici siyasət, resurslardan düzgün istifadə edilməsi, ölkənin maraqlarından çıxış edən balanslasdırılmış xəttin yeridilməsi dövlətin uğurunun təminatında əhəmiyyətli rol oyanayır.
Əlbəttə, bu məqamda Türkiyə və Azərbaycanın qarşılıqlı münasibətlərinin strateji əməkdaşlıq səviyyəsində qurulması hər iki dövlətin müasir dünyadakı durumunda özünü qabarıq şəkildə göstərir. Həyatın bütün sahələrində tərəfdaşlıq münasibətləri yuksək səviyyədə qurulur. Bu da onları öz güclərini birləşdirərək vahid mövqedən çıxış etməyə, həyata keçirilən transmilli layihələrin reallaşdırılması sayəsində daha da yaxınlaşmağa imkan verir.
Azərbaycanın Türkiyə ilə siyasi əlaqələri müstəqilliyin bərpası anından başlamışdır. Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət Türkiyə olmuşdur. 1991-ci il oktyabrın 18-də Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra noyabrın 9-da Türkiyə Azərbaycanın müstəqilliyini tanıdı. 1992-ci il 14 yanvar tarixində isə Azərbaycan-Türkiyə diplomatik əlaqələri yarandı, Bakı şəhərində Türkiyənin səfirliyi fəaliyyətə başladı, Bir qədər sonra – Türkiyədə Azərbaycan Respublikasının səfirliyi açıldı. Diplomtik münasibətlər qurulduqdan sonra bu iki dövlət arasında əlaqələr daha intensiv xarakter aldı. Müstəqilliyin ilk illərində Azərbaycanda mürəkkəb icitmai-siyasi proseslər zamanında Türkiyə dövləti Azərbaycan xalqının yanında olmuş, onun problemlərinin həllinə dəstək vermişdir. Xüsusən Azərbaycana edilən erməni təcavüzü şəraitində onun köməyi bütün məsələlərdə hiss olunurdu. Konkret olaraq, ermənilər Qarabağla yanaşı Naxçıvana da həmlələr edir, onu işğal etməyə çalışırdı. Naxğıvanın erməni təcavüzündən qorunmasında Türkiyənin hərtərəfli dəstəyinin, o cümlədən diplomatik səylərinin əhəmiyyəti böyükdür.
Azərbaycanın müstəqillik dövrünə bütöv nəzər saldıqda onun Türkiyə ilə münasibətlərinin daim yüksələn xətlə inkişaf etdiyini müşahidə ettmək olar. Bu münasibətlər ilbəil genişlənərək ictimai həyatın bütün sahələrini əhatə etmişdir. Azərbaycan - Türkiyə münasibətlərinin inkşafında hər iki tərəfin maraqları üst-üstə düşür. Hər şeydən öncə Azərbaycan üçün Türkiyə dünyada ən yaxın müttəfiq və dayaqdır. Azərbaycanın güclü dövlət olması isə Türkiyənin regionda və dünyada gücünün və rolunun artırmasına təkan verir. Başlanğıcını Azərbaycandan götürən enerji və nəqliyyat layihələrinin Türkiyə istiqamələnməsi bu ölkənin iqtisadi və siyasi durumunda yeni bir dövrün başlanmasını şərtləndirmişdir. Hətta Azərbaycandan keçməyən tranzit layihələrdə də Türkiyənin yerinin möhkəmlənməsində də bu iki ölkənin birgə fəaliyyətində qazanılan uğurun təsiri şübhəsizdir.
Türkiyə Azərbaycan əməkdaşlığının mühüm istiqamətlərindən biri türk dünyasının birliyinə nail olmaq, onları həyatın bütün sahələrində təsir imkanına malik vahid mövqe ətrafında birləşdirmək olmuşdur. Hələ müstəqilliyin ilk illərindən başlayaraq belə bir birliyin yaradılmasına və əməkdaşlığın genişləndirilməsinə ehtiyac hiss olunmuş, vacib vəzifə kimi ortaya çıxmışdır. Qeyd etmək lazımdır ki, bu məsələdə Türk dünyası dövlətlərinin üzərinə fərqli vəzifələr düşdüyü kimi, onların hər biri bu prosesdə fərqli mövqe nümayiş etdirmiş, hər bir dövlət özünəməxsus rola və təsirə malik olmuşdur. Azərbaycanın və Türkiyənin üzərinə düşən vəzifə oxşarlığı ilə seçilirdi. Bu iki dövlət bir növ həmin birliyin generatoru, öndəgedəni rolunu oynamış, bu ideyanın reallaşmasına daha şox töhfələr vermişlər. Müstəqilliyin ilk illərindən türkdilli dövlətlərin zirvə toplantılarının əsası qoyulur və vaxtaşırı keçirilir. Bu zirvə toplantıları ilk vaxtlar obyektiv səbəblər üzündən müəyyən çətinliklərlə üzləşsə də bu birliyin formalaşmasında irəliləyiş göz qabağında idi. Onların gedişində daha ciddi məsələlər qoyulur və daimi fəaliyyət göstərən strukturların yaranmasına nail olunur. Bundan sonra isə 2006-cı ildə liderlər TÜRK Parlament Assambleyası adı altında Türk dövlətlərinin parlamentlərinin birliyini hədəfləyən Asssambleyanın yaradılması yolunda fəaliyyət göstərmişlər. 2009-cu ildə Naxçıvan zirvə toplantısında Türkdilli dövlətlərin əməkdaşlıq Şurasının yaradıldı.
Son illərdə keçirilən zirvə toplantılarında türk dünyasının hər bir dövləti üçün önəmli olan məsələlər qoyulur, və həll olunurdu. Artıq Naxçıvan sammitində iqtisadi əməkdaşlıq məsələlərindən tutmuş təhlükəsizlik, beynəlxalq aləmdə birgə fəaliyyət məsələlərinə qədər problemlər müzakirə edilərək vacib qərarlar qəbul edilmişdir.
Azərbaycan Respublikası yarandığı gündən Türkiyə Respublikasının hərtərəfli dəstəyini öz üzərində hiss edirdi. Həmin dövrdə Azərbaycanın güvəndiyi xalqlar və dövlətlərin sırasında Türkiyə birinci yerdə dayanırdı. Lakin Azərbaycanda 1991-93-cü illərdə gedən siyasi proseslərdə ümumilikdə vəziyyət ağır idi və bu iki dövlətin münasibətlərində də özünü göstərirdi. Azərbaycanda yaranmış qarışıqlıqdan istifadə edən xarici və daxili qüvvələr vəziyyəti daha da ağırlaşdırır, ölkəni yaranmış böhrandan çıxmağa imkan vermirdi. 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev ölkədə hərc-mərcliyin qarşısının alınmasına, xarici təcavüzün dayandırılmasına nail olması ilə ölkə daxilində normal quruculuq işləri başlanır. Bu vaxt xarici dövlətlərlə münasibətlərin düzgün məcraya gətirilməsi qonşularla konstruktiv münasibətlər qurmağa şərait yaratdı. Hər bir qonşu dövlətin əsl siyasətinə qiymət verildi, onların hər biri ilə özünün mövqeyinə müvafiq xətt müəyyənləşdi və yeridildi. Elə həmin vaxtdan etibarən Türkiyənin də yeri və rolu düzgün qiymətini aldı. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yeni Əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etdiyi kimi: “Azərbaycan-Türkiyə münasibətləri iki qardaş xalqın mənafelərinə xidmət etməklə yanaşı, dünyada və bölgədə sülhün və əmin-amanlığın bərqərar olması işinə də öz töhfəsini verir.”
Hakimiyyətdə olduğu müddətdə Heydər Əliyev Türkiyə ilə əlaqələrini gücləndirir. Onun atdığı hər bir addımda Türkiyənin maraqları nəzərə alınır. Onun 1994-cü il fevralında Türkiyəyə ilk rəsmi səfəri zamanı Türkiyə Böyük Millət Məclisində çıxış edərək iki ölkənin əlaqələri və bu əlaqələrin genişlənməsi üçün Azərbaycan tərəfinin düşüncələri haqqında məlumat verib. Səfər çərçivəsində Türkiyə ilə əməkdaşlıq və qarşılıqlı yardım haqqında mühüm sənədlər imzalandı. 1997-ci və 2001-ci illərdəki növbəti rəsmi səfərlərində Türkiyə ilə bütün sahələrdə əməkdaşlığın gücləndirilməsi istiqamətində yeni-yeni sazişlər imzalanmış, real addımlar üçün zəmin yaradılmışdır.
2003-cü ildən Azərbaycana rəhbərlik edən İlham Əliyev Azərbaycanın Türkiyə ilə münasibətində götürülmüş kursu davam etdirmiş, bu münasibətlərin yeni bir səviyyəyə qaldırılmasına nail olmuşdur. Azərbaycanın Türkiyə dövləti ilə əməkdaşlıq əlaqələri ictimai həyatın bütün sahələrində ən yüksək səviyyəyə qaldırılmışdır.
Türkiyə-Azərbaycan iqtisadi münasibətləri iki dövlət arasında əməkdaşlığın mühüm tərəflərindən birini təşkil edir. Müstəqilliyin ilk illərində Türkiyənin humanitar yardımları ilə başlayan bu əməkdaşlıq zaman keçdikcə genişlənərək dərinləşmiş, strateji xarakter almışdır. 1994-cü ildə Türkiyənin “Əsrin müqaviləsinin” tərəfdaşlarından biri kimi çıxış etməsi artıq ciddi planların başlanğıcı idi. Ümumiyyətlə, Azərbaycanın neft-qaz sektoru ilə bağlı 5 müqavilədə Türkiyənin payı vardır.
Xüsusən, neftin və qazın dünya bazarına çıxarılması üçün tikilən boru kəmərlərinin, nəqliyyat dəhlizlərinin planlaşdırılması zamanı Türkiyənin bu layihələrdə iştirakı həmişə diqqət mərkəzində olmuş, hər iki ölkənin səyi sayəsində reallaşmışdır. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri, 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın və Türkiyənin birgə səyi sayəsində ərsəyə gəlmişdir. Hazırda isə tikilməkdə olan nəhəng TANAP, TAP kəmərləri də bu tərəfadaşlığın uğurlu nəticələrindəndir. Hazırda bu sahədə aparılan işlər və reallaşdırılan layihələr bu əməkdaşlığın dərinləşməsindən və genişlənməsindən xəbər verir. Qeyd etmək lazımdır ki, yaradılan nəqliyyat dəhlizləri region dövlətlərinin bu sahədə əməkdaşlığının nəticəsi olaraq təkcə bu dövlətlər üçün deyil, daha qlobal problemlərin həllinə təkan verir. Avropanın və dünyanın enerji təhlükəsizliyinin həllinə, yük daşımalarının optimallaşdırılmasına xidmət etməklə yanaşı ölkələrin bir birinə yaxılnlaşmasına, səmərəli əməkdaşlığın güclənməsinə öz töhfəsini verir. Bununla yanaşı ölkələrimizin dünya iqtisadi-siyasi, mədəni durumunda rolunu gücləndirir.
İqtisadiyyata yönəldilən xarici investisiyalar sahəsində Türkiyə Azərbaycanın əsas tərəfdaşlarından biridir. Türkiyənin iş adamları və şirkətləri 2002 - 2010 illər ərzində Azərbaycanın neft və qeyri-neft sektoruna 1,653 mlrd. AZN həcmində investisiya yönəltmişlər, bu da həmin dövr ərzində ölkəyə yatırılan sərmayələrin 7%-ini təşkil etmişdir. Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Hazırda iki dövlət arasında ticarət dövriyyəsi 10 mlrd. dollar təşkil edir. 2020-ci ilə bu rəqəmin 20 mlrd. dollara çatdırılması planlaşdırılır.
Qarabağ münaqişəsi başladığı gündən Türkiyə Azərbaycanın ən yaxın müttəfiqi kimi çıxış etmişdir. Onun So­vet dövləti ilə bağladığı müqavilələr də bu məsələdə öz müsbət rolunu oynamışdır. Türkiyə ATƏT-in Qarabağ probleminin həlli üzrə yaradılmış Minsk qrupunun həmsədrləri sırasına düşməsə də, bu qrupun üzvüdür və orada Azərbaycanın güvəndiyi dövlətlərdən birincisidir.
Türkiyənin hərbi-təhlükəsizlik məsələlərində Azərbaycana dəstək olması, son dərəcə böyük əhəmiyyətə və təsirə malikdir. Türkiyənin Azərbaycanla vahid mövqedən çıxış etməsi ən təsirli amillərdən biridir. Bu yaxınlıq təkcə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə deyil, bütövlükdə regionda gedən bütün təhlükəli proseslərə, terrora və provakasiyalara münasibətdə də öz rolunu oynayır.
Xüsusən son illərdə hər iki ölkə üçün həlledici məqamlarda onların bir-birinə münasibətdə tutduğu mövqe və nümayiş etdirdikləri konkret hərəkətlər həmin reallığın ifadəsidir. Son illərdə regionda gedən mürəkkəb proseslər şəraitində onların addımları bir-birini tamamlamış, təkcə iki dövlətin deyil, bütövlükdə regionun problemlərinin həllində mühüm rol oynamışdır. Azərbaycanla Türkiyə arasındakı hərbi əməkdaşlığın inkişafı Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasında da müzakirə olunub. Prezident İlham Əliyev bildirib ki, Ankara ilə hərbi əməkdaşlıq Azərbaycanın marağındadır. Qeyd edək ki, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasından sonra imzalanan sənədlərdən biri “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş”dir.
Azərbaycan və Türkiyə arasında günbəgün artan və möhkəmlənən əməkdaşlığın strateji səviyyəyə yüksəlməsi özünü bir daha 2011-ci ildə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulmasında ifadə etdi. Bu Şuranın çərçivəsində hər il keçirilən görüşlərdə hər iki dövlət üçün vacib olan ən mühüm məsələlər müzakirə edilir, birgə fəaliyyət istiqamətləri müəyyənləşdirilirdi. 2017-ci ilin oktyabrında bu şuranın altıncı iclasında da strateji əlaqələrin müxtəlif aspektləri müzakirə edilib. Diqqət mərkəzində duran məsələlərin sırasında hərbi əməkdaşlığın bir sıra məsələləri müzakirə edilmiş, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmışdır. Azərbaycanla Türkiyə arasındakı hərbi əməkdaşlığın inkişafı müzakirə olunarkən Prezident İlham Əliyev bildirib ki, Ankara ilə hərbi əməkdaşlıq Azərbaycanın marağındadır. Rəcəb Tayyib Ərdoğan öz çıxışında qeyd etmişdi: “Biz hər məsələdə olduğu kimi, bu məsələdə də Azərbaycanın bu haqq işində onun yanında olmağa davam edəcəyik”. https://azertag.az/xeber/1107046
Azərbaycan və Türkiyə dövlətləri arasında strateji əməkdaşlıq səviyyəsinə yüksəlmiş münasibətləri regionda formalaşmaqda olan yeni münasibətlər sisteminə öz təsirini göstərir. Belə bir ziddiyyətli zamanda bu münasibətlərin qorunub saxlanması, inkişaf etdirilməsi təkcə regionun deyil, bütün dünyanın maraqlarına xidmət edir. Dünyada qarşıdurmaların, terrorizmin, etnik və dini zəmində alovlandırılan münaqişələrin genişləndiyi şəraitdə Azərbaycan-Türkiyə dostluq və qarşılıqlı faydalı əməkdaşlıq modelinin dünyaya təlqin edilməsi bəşəriyyətə bir humanist çağırışdır.

 

"GEOSTRATEGİYA" jurnalı №05 (41) SENTYABR-OKTYABR 2017


Müəllifin digər yazıları

  1. AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜSTƏQİLLİYİNİN BƏRPASI VƏ İNKİŞAFI DÖVRÜNDƏ AZƏRBAYCAN-TÜRKİYƏ MÜNASİBƏTLƏRİ
  2. 1980-ci İLLƏRDƏ SSRİ-də Y.ANDROPOV HAKİMİYYƏTİ VƏ ONUN İSLAHATLARI
  3. SSRİ-nin beynəlxalq münasibətlər sahəsində Heydər Əliyevin xidmətləri
  4. SSRİ-NİN İFLASININ SƏBƏB VƏ NƏTİCƏLƏRİ HAQQINDA
  5. AZƏRBAYCAN RESPUBLİKASI 25
  6. Müasir Azərbaycan dövlətçiliyində Konstitusiyalar
  7. Azərbaycanda müasir demokratik dövlətçiliyin təkamülü
  8. Qarabağ problemi son hadisələr işığında
  9. Müstəqil Azərbaycan Respublikasında turizmin inkişafı
  10. Azərbaycan Respublikasında dövlət-din münasibətlərinə dair
  11. Ali təhsildə keyfiyyətin müasir vəziyyəti və onun aktual problemləri
  12. Azərbaycanda III sektor və onun mövcud vətəndaş cəmiyyətində yeri
  13. AZƏRBAYCANDA MİLLİ DÖVLƏTÇİLİYİN DİRÇƏLİŞİ VƏ ONUN TARİXİ KÖKLƏRİ
  14. Postsovet məkanında müstəqil dövlətlərin yaranması və onların müasir dünya durumunda yeri
  15. “Erməni soyqırımı” əfsanəsi və müasir dövrdə onun hədəfləri
  16. BEYNƏLXALQ ALƏMDƏ AZƏRBAYCANA QARŞI TƏZYİQLƏRİN ARTMASI VƏ ONUN REAL MAHİYYƏTİ
  17. Müasir dünya durumunda Azərbaycanin aktual problemləri
  18. Müasir Azərbaycan beynəlxalq norma və prinsiplər kontekstində
  19. Azərbaycan Respublikasında təhsilin aktual problemləri - EKSKLÜZİV
  20. Prezidentin çıxışı söykəndiyi reallıqlarla güclü idi
  21. Qarabağ münaqişəsi ətrafında bəzi mülahizələr
  22. Yenidənqurma dövründə Sovetlər İttifaqında milli məsələ və etnik konfliktlər
  23. DAĞLIQ QARABAĞ KRIM DEYİL ...
  24. Sovet xalqının insanların yeni tarixi birliyi olmasiı haqqında tezis və onun 1970-80-ci illərində sovet dövlətinin milli siyasətində yeri
  25. AZƏRBAYCANIN HAZIRKI İNKİŞAF KURSUNA ALTERNATİV YOXDUR
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
16-12-2017
15-12-2017
15.12.2017 Neft bahalaşır
14-12-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6793 san