12:00 07 Dekabr 2017
393 dəfə oxunub
Çap versiyası
...

Beynəlxalq təhlükəsizliyin nəzəri-konseptual əsasları realizm, neorealizm, postklassik realizm, liberalizm, neoliberalizm, postklassik liberalizm, neomarksizm, “idarə olunan xaos”, postmodernizm, rasionalizm, qlobalizm nəzəriyyələrində, Yaponiya siyasi məktəbi və “Kopenhagen məktəbi” nümayəndələrinin baxışlarında müxtəlif aspektlərdən və mövqelərdən izah olunur.
Realizm qədim köklərə malik olsa da, bir nəzəriyyə kimi Edvard Karrın, Corc Kennanın, Reynhold Neyburun, Henri Kissincerin, Hans Morqentaunun və başqa müəlliflərin əsərlərində öz əksini tapmışdır. H.Morqentau siyasi realizm nəzəriyyəsinin banisi hesab olunur. Onun “Xalqlar arasında siyasi münasibətlər. Hakimiyyət və sülh uğrunda mübarizə” əsərində (2) siyasi realizmin əsas müddəaları özünə yer almışdır.
M.M.Lebedevanın fikrinə görə “realizm beynəlxalq münasibətləri maksimal dərəcədə dəqiq və “realistik” təsvir etməyi, yəni məqbul sayılan, yaxud gələcəkdə ola biləcəyi deyil, olanı tədqiq etməyi tələb edən, beynəlxalq tədqiqatlarda ən qədim nəzəri yanaşmalardan biridir” (10, s., 27). Ağalar Abbasbəyli və Etibar Nəcəfov realizmi aşağıdakı kimi xarakterizə edirlər: “Realizm təhlükəsizlik və hakimiyyət faktorlarının əhəmiyyətini nəzərə alan ideyalar məcmusudur. Bu ideyalar fərdin belə bir inamına əsaslanır ki, başqaları həmişə onu məhv etməyə çalışırlar. Buna görə də o, özünü qorumaq üçün başqalarını öldürməyə hazır olmalıdır. Realizmin əsasında xalqlar arasında mübarizə durur. Bu mübarizə təsadüfi deyil. O, qanunauyğun xarakter daşıyır” (1, s. 71).
Beynəlxalq münasibətləri dövlətlərin hərəkətlərinə nəzarət edəcək gücün olmadığı anarxiyaya bənzədən realistlər öz konsepsiyalarında “Morqentau üçlüyü”nü - güc (power), qüvvələr balansı (balance of power) və milli maraqlar (national interest) - əsas götürürlər. Realistlərə görə güc toplamaq dövlətin əsas məqsədini təşkil edir. Dövlətin bütün siyasəti, ideologiyası və prinsipləri məhz bu məqsədin legitimləşməsinə xidmət edir, istənilən siyasi akt gücün saxlanılmasına, artırılmasına və nümayişinə hesablanır (3, s. 48). Buradan belə bir nəticə əldə olunur ki, yalnız güclü dövlət anarxiya, xaos mühitində müəyyən qayda-qanun yaratmağa, sülhü, beynəlxalq təhlükəsizliyi qorumağa qadirdir.
Realist konsepsiyaya görə güc və onun toplanması həm də hakimiyyət uğrunda mübarizə ilə şərtləndirilir.
Realistlər qüvvələr balansını beynəlxalq təhlükəsizlik mühiti yaratmaq üçün ən səmərəli vasitələrdən biri kimi nəzərdən keçirirlər. Qüvvələr balansı güc uğrunda mübarizənin, öz imkanlarını genişləndirmək uğrunda mübarizə aparan dövlətlərlə mövcud “statusu”nun saxlanılmasında maraqlı olan dövlətlər arasındakı rəqabətin nəticəsidir (3, s. 49). O, rəqabət aparan tərəflərin hüquqlarına və maraqlarına qarşılıqlı surətdə hörmət edilməsinə əsaslanır, beynəlxalq sistemdə hər hansı bir qruplaşmanın üstün mövqe tutmasına yol verməməyə hədəflənir.
Milli maraqlar prinsipi realistlərin istinad etdikləri əsas prinsiplərdən biridir. Onlar milli maraqları güc və hakimiyyət ilə eyniləşdirir, beynəlxalq siyasətə iqtisadiyyat, din və etnik münasibətlərdən kənar, nisbətən müstəqil bir sfera kimi baxırlar (4, s. 76).
Nina Antanoviç və Yelena Dostanko siyasi realizm nəzəriyyəsi tərəfdarlarının baxışlarını ümumiləşdirərək qeyd edirlər ki, “...milli maraqlar beynəlxalq münasibətlər sferasında əsas hərəkətverici qüvvə kimi çıxış edirlər, bu sferanın özü isə “suverenitetlər plüralizmi” ilə xarakterizə olunur. Güc və qüvvələr balansı beynəlxalq siyasətin tənzimləyicisi kimi çıxış edir” (4, s. 81). Başqa sözlə, realistlər ona işarə vururlar ki, beynəlxalq münasibətlərdə “kim güclüdür, o da haqlıdır” prinsipi əsas yer tutur, beynəlxalq təhlükəsizlik isə həmin güclülərin iradəsindən asılıdır.
Tədqiqatçılar realizm nəzəriyyəsinin ziddiyyətli məzmuna malik olduğunu qeyd edirlər. O.V. Belova bildirir ki, realizmin əsas ziddiyyəti onun tədqiqat obyekti kimi nəyi əsas götürməsi ilə bağlıdır. Realistlər bir tərəfdən dövləti beynəlxalq münasibətlərin əsas aktoru kimi götürür, digər tərəfdən isə, şəxsiyyət səviyyəsində təhlillər aparır, problemlər araşdırılarkən insan təbiətinin xüsusiyyətlərinə istinad edilir (5, s. 49). Şübhəsiz ki, ağıl, emosional-psixoloji amillər üzərində qurulan insan fəaliyyəti ilə maraqlara və gücə əsaslanan dövlət fəaliyyətini konseptual baxımdan eyniləşdirməklə universal bir nəzəriyyə formalaşdırmaq qeyri-mümkündür. Bu səbəbdən də, beynəlxalq aləmdə cərəyan edən proseslərin, o cümlədən beynəlxalq təhlükəsizliklə bağlı problemlərin izahında realistlər müəyyən çətinliklərlə üzləşirlər.
Klassik realizmin izah etməli olduğu məsələlərə tam aydınlıq gətirə bilməməsi yeni bir istiqamətin, neorealizmin və ya struktur realizmin meydana gəlməsini şərtləndirdi. “Neorealizm” termini elmi dövriyyəyə Riçard Eşli tərəfindən gətirilsə də, bu nəzəriyyənin əsas müddəaları Kennet Uolts tərəfindən əsaslandırılmışdı. Sonuncu “struktur realizm” terminindən istifadəyə üstünlük verirdi (8, s. 51).
Neorealizm prinsip etibarı ilə klassik realizmdən bir o qədər də fərqlənmir, sadəcə əvvəllər də istifadə olunmuş bəzi anlayış və amillər burada yeni məzmun kəsb edir. Məsələn, neorealist konsepsiyada da güc, dövlətin hərbi potensialı təhlükəsizliyin təmin olunmasında əsas yer tutur, lakin bu konsepsiyanın tərəfdarları gücün ümumi sistemdəki yerini və rolunu daha da dəqiqləşdirməyə çalışırlar. Onların baxışlarına görə nəinki kifayət qədər gücün olmaması, hətta artıq, izafi gücün mövcudluğu da dövlət üçün təhlükə yaradır. Neorealistlər “latent güc” anlayışını dövriyyəyə daxil etdilər. Dövlətin latent gücünü onun hərbi potensialının artmasına təsir göstərən, qarşı tərəflə mübarizədə istifadə edə biləcəyi sosial-iqtisadi və demoqrafik faktorlar təşkil edir (3, s. 50). Klassik realizmdə isə bu faktorlar diqqətdən kənarda qalırdı.
K.Uoltsa görə hər bir dövlətin xarici siyasəti onun daxili quruluşu ilə deyil, beynəlxalq sistemin qüvvələri ilə müəyyən edilir. Beynəlxalq sistemin qüvvələri siyasi quruluşu müxtəlif olan ölkələrin xarici siyasətini oxşar edir (1, s. 85).
Neorealistlər beynəlxalq münasibətləri xaos, anarxiya kimi deyil, tərkib hissələrinin qarşılıqlı əlaqədə olduğu, məhdudlaşdırıcı xüsusiyyətlərə malik sistem kimi nəzərdən keçirirlər. K. Uolts qeyd edir ki, “beynəlxalq struktur dövlətlərin qarşılıqlı təsiri nəticəsində meydana gəlir, eyni zamanda onları müəyyən hərəkətlərdən çəkindirir və digər hərəkətlərə stimullaşdırır” (8, s. 63). Neorealistlər sistemə daxil olan dövlətlər arasında əməkdaşlığı mümkün hesab edirlər, bu da beynəlxalq münasibətləri fasiləsiz qarşıdurma kimi xarakterizə edən klassik realizmdən müəyyən qədər uzaqlaşma deməkdir.
K. Uoltsa görə sistemdəki bütün dövlətlər funksional cəhətdən oxşardır. Buna baxmayaraq, onlar funksiyadan daha çox öz təhlükəsizliklərinin qayğısına qalırlar, onların fəaliyyətinin əsas hissəsi məhz buna həsr olunur. Funksional cəhətdən oxşar olan dövlətlər qabiliyyətlərinə görə fərqlənirlər, sonuncu amil dövlətlərin böyük və kiçik dövlətlərə bölünməsini şərtləndirir (1, s. 87). Deməli, beynəlxalq təhlükəsizliyin iri dövlətlərin fəaliyyətindən asılılığı prinsipi neorealistlər tərəfindən də qəbul edilir.
Əgər klassik realizmdə dövlətin əsas məqsədi daha güclü olmaqdırsa, neorealistlərin əsas məqsədi daha çox təhlükəsizliyə nail olmaqdır, yəni həyata keçirilən siyasətin, güc toplamağın son nəticəsi təhlükəsizliyin təmin olunmasına xidmət etməlidir. Başqa sözlə, neorealizmin mərkəzi kateqoriyası güc deyil, təhlükəsizlikdir (3, s. 51).
Gücdən istifadə məsələsinə gəldikdə isə, neorealist konsepsiyada bununla bağlı iki nəzəriyyə formalaşmışdır. Onlardan birincisi, Kennet Uolts tərəfindən irəli sürülmüş “müdafiə realizmi” (defensive realism), ikincisi isə, Con Mirşaymerin irəli sürdüyü “hücum realizmi”dir (offensive realism).
K.Uoltsdan başqa, “dinamik dəyişikliklər” konsepsiyasının təmsilçisi D.Kopelend, “iri dövlətlərin əməkdaşlığı” konsepsiyasının təmsilçiləri R.Cervis və B.Miller, “təhlükələr balansı” konsepsiyasının təmsilçisi S.Uolt və digərləri də “müdafiə realizmi” nəzəriyyəsini müdafiə edirlər.
“Müdafiə realizmi”nin tərəfdarları mövcud sistem daxilində təhlükəsizliyi təmin etmək məqsədilə “status-quo”nu saxlamağın zəruriliyini iddia edirlər (7, s. 34). Onların fikirlərinə görə dövlət öz təhlükəsizliyini təmin etmək üçün hərbi gücünü artırmaqla, son nəticədə bu təhlükəsizliyi zəiflədən hadisələrin baş verməsinə şərait yaradır. Təhlükəsizliklə bağlı bu dilemmanın aradan qaldırılması üçün dövlət mütləq deyil, nisbi güc üstünlüyünə can atmalıdır. Eyni zamanda qeyd olunur ki, daxili siyasi vəziyyət dövlətin xarici siyasətinə əhəmiyyətli təsir göstərir. Dövlət başqalarını hədələmədən müdafiə siyasəti yürütməklə hücum deyil, müdafiə silahları əldə etməklə anarxiyanın neqativ təsirini azalda bilər. Yəni, anarxiya aradan qaldırıla bilən bir hadisədir. Təhlükəsizliyin özü də mütləq deyil, güc üstünlüyü ilə şərtləndirilən nisbi fenomendir, bu da dövlətlər arasında uzunmüddətli əməkdaşlığı mümkün edir (13).
“Hücum realizmi” nəzəriyyəsinin tərəfdarları isə əks mövqedə dururlar. C.Mirşaymer ilə yanaşı, “hegemonluq nəzəriyyəsi”nin banisi R.Gilpin, “gücün keçməsi” konsepsiyasının təmsilçisi C.Kulqar, “maraqlar balansı” konsepsiyasının təmsilçisi R.Şveller, “dövlət-mərkəzçi realizm” konsepsiyasının təmsilçisi F.Zəkəriyyə, “hegomonçu xarici siyasət” konsepsiyasının təmsilçisi U.Uolfort və başqaları da “hücum realizmi” nəzəriyyəsini müdafiə edirlər.
Qeyd olunan müəlliflər hesab edirlər ki, müxtəlif dövlətlərin maraqları üst-üstə düşə bilməz, onlar arasında həmişə münaqişə mövcuddur, çünki hər bir dövlətin əsas məqsədi resurslara çıxış əldə etməkdir. Buna nail olmaq, öz maraqlarını qorumaq üçün dövlət gücdən istifadə edir, güclü dövlətin hegemonluğu isə təhlükəsizliyin təmin olunması üçün şərtdir, çünki heç kim güclü rəqibə qarşı çıxmağa cürət etmir (13). Buradan belə bir nəticə hasil olur ki, yalnız güclü, bir-biri ilə rəqabətdə olan dövlətlərin mövcudluğu beynəlxalq sistemdə təhlükəsizlik mühitinin yaradılmasını şərtləndirir, maraqların uzlaşdırılmasına əsaslanan dövlətlərarası əməkdaşlıq imkanları isə inkar olunur.
Postklassik realizm nəzəriyyəsində də təhlükəsizlik məsələlərinə kifayət qədər geniş yer verilir. Bu nəzəriyyənin tərəfdarları güc kateqoriyasının məzmununu bir qədər də genişləndirir, hərbi amillə yanaşı, iqtisadi amil də eyni səviyyədə gücün tərkibinə daxil edilir, başqa sözlə, dövlətin iqtisadi imkanları gücü yaradan amil kimi deyil, onun tərkib hissəsi kimi qəbul edilir (5, 54).
Beynəlxalq təhlükəsizlik məsələləri digər bir konsepsiyanın, liberalizmin də əsas müddəalarından birini təşkil edir. Başlanğıcını Fukidid, Makiavelli, Hobbs və başqa mütəfəkkirlərin yaradıcılığından götürən, İ.Kant, C.Lokk, J.J.Russo, A.Smit və başqaları tərəfindən inkişaf etdirilən liberalizm, XX əsrdə daha çox siyasi mahiyyət kəsb etmiş, F.Haek, M.Fridman, F.Fukuyama və başqaları beynəlxalq arenada cərəyan edən proseslərin ümumi izahını verməyə çalışmışlar.
Realistlərdən fərqli olaraq, liberallar müharibə və münaqişələri beynəlxalq münasibətlərin dominant faktorları hesab etmirlər. Onların ümumi baxışlarına görə dünyada inteqrasiya proseslərinin dərinləşməsi, qarşılıqlı asılılığın artması beynəlxalq münasibətlərin aktorları arasında əlaqələrin və əməkdaşlığın genişlənməsinə gətirib çıxarır ki, bu da son nəticədə qlobal təhlükəsizliyin təmin olunması üçün əsas yaradır.
Liberalizmdə beynəlxalq münasibətlərin əsas aktorları kimi təkcə dövlətlər deyil, həm də beynəlxalq xarakterli hökümət və qeyri-hökumət təşkilatları çıxış edir. Dövlətlərin beynəlxalq fəaliyyəti isə müxtəlif qrupların, həmçinin mülki və hərbi sistemlərin maraqlarının uzlaşdırılmasından, kompromislər əldə olunmasından ibarətdir. Ümumilikdə, beynəlxalq münasibətlərin anarxiya xarakterli olmasını tam inkar etməyən liberallar, sistem daxilində iri dövlətlərin mütləq üstünlüyə, gücə sahib olmaları fikri ilə razılaşmırlar və hesab edirlər ki, beynəlxalq təşkilatların yaradılması və onların səlahiyyətlərinin getdikcə genişləndirilməsi, beynəlxalq hüquq normalarının təkmilləşdirilməsi, beynəlxalq münasibətlərin demokratikləşdirilməsi son nəticədə bütün dövlətlərin proseslərdə bərabər iştirakını təmin edir. Dünya birliyinin üzləşdiyi problemlər də ümumi xarakter daşıyır, çünki birliyin üzvlərini həm də ümumi maraqlar birləşdirir. Ümumbəşəri dəyərlərin və universal demokratik prinsiplərin prioritetliliyi, beynəlxalq aktorların çoxluğuna baxmayaraq, şüurlu surətdə tənzimlənən yeni dünya düzümünün formalaşmasına şərait yaradır. Demokratik dövlətlər ictimaiyyətin təsiri və yardımı ilə münaqişələri sülh yolu ilə, hüquqi vasitələrlə tənzimləməyə, kollektiv təhlükəsizlik mühiti yaratmağa qadirdirlər. Liberallara görə bütün bunlar sonda beynəlxalq münasibətlərin təbiətindəki anarxiyanı aradan qaldıra bilər (14, 107-108). Liberalizmin nümayəndəsi M.Doylenin sözləri ilə desək: “Liberal demokratiyalar bir-birilə münasibətdə gücün tətbiq edilməsindən çəkinmək istəyirlər” (11, 47). Şübhəsiz ki, müasir dünyada liberalların əldə rəhbər tutduqları müddəaları əsaslandırmaq üçün kifayət qədər fakt mövcuddur, eyni zamanda, tənzimləyici vasitə kimi onların istinad etdikləri beynəlxalq təşkilatların nüfuzunun azalmasını, beynəlxalq hüquq prinsiplərinin tez-tez pozulmasını, münaqişə ocaqlarının sayının artmasını da nəzərdən qaçırmaq mümkün deyil. Məhz bu məqamlara kifayət qədər diqqət yetirmədikləri, özlərinin düzgün hesab etdiklərini ideallaşdırdıqları üçün opponentləri liberalları idealizmə yuvarlanmaqda günahlandırırlar.
“Soyuq müharibə”dən sonrakı dövrdə F.Fukuyamanın liberalist baxışları xüsusi diqqət cəlb edir. 1990-cı ildə onun “Tarixin sonu” məqaləsi (16) işıq üzü gördü, bu məqalədə irəli sürülmüş fikirlər sonradan müəllifin “Tarixin sonu və sonuncu insan” əsərində (17) inkişaf etdirilmişdi. F.Fukuyama hesab edir ki, kommunist düşərgənin iflasa uğraması həm də dünyada ideoloji qarşıdurmanın sona çatması, liberal dəyərlərin təntənəsi ilə xarakterizə olunur. Onun baxışlarına görə bütün ölkələr sonda liberal demokratiya yolu ilə inkişaf etməyə məhkumdurlar, liberal demokratiyalar isə münaqişələrə deyil, sülhə və əməkdaşlığa üstünlük verirlər. Beləliklə də, beynəlxalq təhlükəsizliyin təmin olunması liberal demokratiyanın qalib gəlməsindən aslıdır. Lakin sonrakı illərdə müəllif öz mövqeyindən bir qədər geri çəkilmiş, demokratiyanın heç də təhlükəsizliyin birmənalı təminatçısı olmadığı qənaətinə gəlmişdi. Özünün “Güclü dövlət: XXI əsrdə idarəetmə və dünya nizamı” əsərində F.Fukuyama qeyd edir: “Demokratik çoxluq başqa ölkələrə münasibətdə qərar qəbul edə və dəhşətli nə isə edə bilər, özlərinin demokratik qaydalarının əsaslandığı insan haqlarını və əxlaq normalarını poza bilər” (15, 191). Müəllif R.Kaqanın fikirlərinə istinadən bildirir ki, “...avropalılar səmimi hesab edirlər ki, tarixin sonunda yaşayırlar – yəni elə bir dünyada ki, o, daha çox qanunların, normaların və beynəlxalq razılaşmaların köməyi ilə idarə olunur... Amerikalılar, əksinə, hesab edirlər ki, tarix heç də sona çatmır, təhlükəni aradan qaldırmaq üçün ənənəvi güc metodlarından istifadə etmək lazımdır... avropalılar yarıya qədər haqlıdırlar: suverenitetin dövlətüstü təşkilatlara güzəştə gedildiyi Avropa İttifaqının daxilində onlar özləri üçün həqiqətən tarixin sonunu yaradıblar. Lakin onlar başa düşmürlər ki, onların Avropa “sabun köpüyündəki” sülh və təhlükəsizlikləri son nəticədə Amerika hərbi qüvvələri tərəfindən təmin olunur” (15, 194-195). Belə yanaşmalar dünyada, o cümlədən Cənubi Qafqazda münaqişələrin, qarşıdurmaların, terrorun tüğyan etdiyi bir dövrdə demokratiya, hüquq, əməkdaşlıq yolu ilə beynəlxalq təhlükəsizliyin təmin edilməsinin mümkünlüyünü təbliğ edən liberalizmin reallıqdan müəyyən qədər uzaq olduğunun etirafı kimi qiymətləndirilə bilər.
Ümumiyyətlə, liberalizmin idealist məzmunu onun tərkib hissələri olan konsepsiyalarda (“utopizm”, “leqalizm” və “moralizm”) da müşahidə olunur. Utopistlər universal hökumətlərarası təşkilat vasitəsilə yeni dünya qaydasının formalaşmasını mümkün hesab edirlər. “Leqizm” konsepsiyasına görə, beynəlxalq təşkilatların sayının və təsirinin artması nəticəsində hüquq normaları təkmilləşir və beynəlxalq münasibətlər hüquqi xarakter alır. “Moralizm”in tərəfdarları siyasətə universal əxlaqi dəyərlər prizmasından yanaşır və hesab edirlər ki, müharibə əleyhinə olan ictimai fikir dövlətlərin davranışına da təsir göstərir (18, 120).
Liberalizmin davamı olan neoliberalizmə gəldikdə isə, bu konsepsiyanın tərəfdarları (R.Koheyn, S.Kuper, C.Nay) da beynəlxalq sistemin aktorları arasında qarşılıqlı asılılıqdan doğan münasibətləri əsas götürürlər.
İqtisadi qarşılıqlı asılılığa xüsusi fikir verən neoliberalistlər daxili iqtisadi maraqların dövlətin beynəlxalq siyasətini müəyyənləşdirdiyini, qarşılıqlı asılılığın bütün dövlətlər üçün ümumi olan maraqların və onlar arsında əməkdaşlığın yaranmasına səbəb olduğunu iddia edirlər. Dövlətlər öz iqtisadi potensialını artırmaq, itkilərini azaltmaq məqsədilə bir-birilə əlaqə saxlayır və bu da, sonda onların hərbi gücünün və hərbi qüvvələrinin rolunun azalmasına gətirib çıxarır (18, 120).
Beynəlxalq münasibətlərin anarxiya xarakterli olduğunu qəbul edən neoliberalistlər bunun neorealistlər tərəfindən şişirdildiyini iddia edirlər. Onların əsərlərində neoliberal institualizm mühüm yer tutur. Qeyd olunur ki, postbipolyar dünyaya keçid zamanı legitim, uyğun institutlara söykənən qaydanı yaradan inkişaf etmiş dövlətlər ABŞ-ın dünyada hegemon vəziyyətində olmasında elə bir təhlükə görmürlər. Legitim hegemonun olması nisbətən zəif və kiçik dövlətlərin digər güclü dövlətlər tərəfindən sıxışdırılmasının qarşısını alır (12, 25). Son illərdə dünyada baş verən bir sıra proseslər neoliberalistlərin institualizmini şübhə altına alır. Məsələn, ABŞ-ın hegemonluğu Gürcüstanın Abxaziya və Cənubi Osetiya regionlarının Rusiya tərəfindən işğalının və ya Ukraynanın şərqində separatçılara dəstək verən Moskvanın Kiyevə hərbi-siyasi təzyiq göstərməsinin qarşısını ala bilmədi.
M.Zaker, E.Moravçik, D.Messner və başqaları tərəfindən liberalizmdə yeni istiqamət - postklassik liberalizm konsepsiyası irəli sürülmüşdür. Qloballaşmanın təsiri altında milli dövlətlərin zəifləməsi, onların suverenliyinin erroziyaya uğraması, beynəlxalq proseslərə təsirinin getdikcə azalması, əvəzində Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Əmək Təşkilatı kimi təşkilatların rolunun artması, vahid bazarın, ümumi əxlaqi dəyərlərin və universal hüquq normalarının formalaşması, qlobal vətəndaş cəmiyyətinin yaranması və s. faktorlarla bağlı müddəalar bu konsepsiyanın əsasını təşkil edir (18, 121). Yəni, buradan belə bir nəticə hasil olur ki, öz maraqlarını qorumağa və bu zaman digərləri ilə müəyyən qarşıdurmaya getməyə meylli olan dövlətlərin rolunun azalması beynəlxalq təhlükəsizliyin təmin olunmasına müsbət təsir göstərir.
Tarixi inkişafı iqtisadi münasibətlər əsasında izah edən marksizmin böhranı neomarksizmin meydana gəlməsinə səbəb olmuşdu. Neomarksizmin əsasında “dünya kapitalizminin inkişafı nəticəsində “Şimal” və “Cənub”un varlı və kasıb ölkələrinin maraqlarının artmaqda olan ayrılmasına inam durur”. Neomarksist paradiqma özündə bir neçə nəzəriyyəni ehtiva edir. Onlardan biri R.Prebiş, F.Kardozo, E. Faletto və başqa müəlliflərin irəli sürdükləri “asılılıq nəzəriyyəsi”dir. Bu nəzəriyyəyə görə iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin firavanlığı digər ölkələrin istismarından, varlı və kasıb ölkələr arasında qeyri-bərabər mübadilədən ibarətdir. Müəllifi İ.Qaltunq olan “struktur qeyri-bərabərliyi” nəzəriyyəsinə görə eyni dövlətlərin beynəlxalq iqtisadi, siyasi, hərbi və s. strukturlarda qeyri-bərabər vəziyyəti beynəlxalq münaqişələrin yaranması üçün şərtait yaradır. “Dünya-sistem” nəzəriyyəsini irəli sürmüş İ.Vallerstayn müasir iqtisadiyyatın inkişafının nəticəsi olaraq, dünya kapitalizminin “mərkəzi” ilə “əyalətləri” arasındakı qeyri-bərabərliyin dərinləşdiyini iddia edir (18, 124). Göründüyü kimi, neomarksistlər klassik marksizmin sinfi mübarizə, ümumdünya inqilabı və s. müddəalarından imtina etsələr də, dünyada baş verən proseslərin, həmçinin təhlükəsizliyin iqtisadi münasibətlərdən aslı olduğunu qəbul edir, bütün problemlərin, münaqişələrin səbəbini iqtisadi imkanların, resurslara çıxışın qeyri-bərabərliyində görürlər.
“Soyuq müharibə”dən sonrakı dövrdə dünyada cərəyan edən proseslərə, o cümlədən təhlükəsizlik məsələlərinə konseptual yanaşmada Yaponiya siyasi məktəbinin nümayəndələri də fərqlənir. X.Sato, T.İnoguti yaxın onilliklərdə qlobal proseslərin inkişafının dörd ssenarisini təklif edirlər: 1) Pax Americana və ya Pax Teutonica; 2) Pax Nipponica; 3) rəqabət aparan regional blokların yaranması; 4) aparıcı dövlətlərin birgə liderliyi, bu zaman primus inter pares (bərabərlər arasında birinci) rolunu ABŞ oynayır.
Yapon siyasətşünasların fikirlərinə görə, Pax Americana ssenarisinin inkişafı çox da real görünmür, çünki münaqişəli bütün proseslərə ABŞ-ın təkbaşına müdaxiləsi sonda müəyyən yorğunluğa və motivasiyanın itirilməsinə gətirə bilər, bu səbəbdən də, ABŞ daha çox partikulyar maraqlarının təmin olunması qayğısına qalacaq. ABŞ-ın iqtisadi imkanları da beynəlxalq təhlükəsizliyi təkbaşına təmin etməyə imkan vermir. Əgər İkinci dünya müharibəsindən sonra dünya üzrə ÜDM-in 40%-dən çoxu ABŞ-in payına düşürdüsə, son illərdə bu 25 %-dən aşağı həddə düşmüşdür. Bundan başqa, ABŞ dünyada ən iri borca malik olan ölkədir (6, 102). Dünyada münaqişə ocaqlarının coğrafiyasının kifayət qədər genişlənməsi, sülhyaratma missiyalarının getdikcə daha çox maliyyə vəsaiti tələb etməsi, son illərdə XX əsrin sonları – XXI əsrin ilk illəri ilə müqayisədə ABŞ-ın münaqişələrə birbaşa müdaxilə intensivliyinin nəzərəçarpacaq dərəcədə azalması yapon müəlliflərin fikirlərinin həqiqətdən uzaq olmadığını göstərir.
Pax Nipponica və ya Pax Teutonika ssenari ABŞ-dan sonrakı cərgədə olan dövlətlərdən hansısa birinin təşəbbüsü ələ keçirməsinə əsaslanır. Müasir reallıqlar fonunda bu ssenari də az inandırıcı görünür, çünki ABŞ istər iqtisadi, istərsə də hərbi baxımdan ən yaxın izləyicilərindən xeyli irəlidədir (6, 102) və onun yaxın onilliklərdə təşəbbüsü asanlıqla əldən verəcəyini yalnız virtual olaraq düşünmək olar.
Sonuncu iki ssenarini yapon müəlliflər bir-biri ilə əlaqədə nəzərdən keçirirlər. Onların baxışlarına görə dünyada qarşılıqlı asılılığın artması iki cür reaksiya doğurur: 1) millətçi tendensiyaların güclənməsi; 2) coğrafi və mədəni cəhətdən yaxın olan ölkələrin qruplaşması. Eyni zamanda qeyd olunur ki, dünya hegemon dövlətlər və ya dövlətlər qrupu olmadan qeyri-müəyyənliyə, xaosa məhkumdur və buna görə də, böyük qrupların daxilində həmişə aparıcı rola can atan dövlətlər və dövlətlər qrupu olacaqdır (9, 103). Həqiqətən də, müasir dünyada regionlaşmanın, regional inteqrasiyanın geniş vüsət aldığını, aparıcı dövlətlərin sülh və sabitliyin əsas amillərindən olan balans yaratmaq potensialına malik olmalarını inkar etmək qeyri-mümkündür, lakin bununla yanaşı, onu da qeyd etmək lazımdır ki, çox vaxt aparıcı dövlətlərin özləri beynəlxalq təhlükəsizliyi risk altına qoyan, yalnız özlərinin dar çərçivədə götürülmüş maraqlarının təmin olunmasına hesablanmış hərəkətlərə planlı, düşünülmüş şəkildə yol verirlər, başqa sözlə, öz fəaliyyətlərini “idarə olunan xaos” nəzəriyyəsindən çıxış edərək qururlar.
“İdarə olunan xaos” nəzəriyyəsi də müasir beynəlxalq münasibətlərdə geniş tətbiq olunur. Bu nəzəriyyənin əsasında İ.Priqojin və İ.Stenqersin tədqiqatları durur. Bu müəlliflər “Xaosdan doğan qayda-qanun. İnsanın təbiətlə yeni dialoqu” adlı əsərlərində (9) təbiətdə cərəyan edən proseslərə fəlsəfi cəhətdən yanaşaraq, mürəkkəb sistemlərin qeyri-stabilliyini xaosun əsas səbəbi kimi göstərmişlər, başqa sözlə, onların tədqiqatlarının ümumiləşdirilmiş nəticəsi bundan ibarətdir ki, xaosun mərkəzində mürəkkəblik durur.
Məhz İ. Priqojin və İ. Stenqersin nəzəriyyəsi əsasında “idarə olunan xaos” adlı geosiyasi nəzəriyyə işlənib hazırlanmışdı. Z.Bjezinski, Ş.Cin, S.Mann dünyada ABŞ dominantlığının saxlanılmasına xidmət edən bu nəzəriyyənin baniləri hesab olunurlar (7). S.Manna görə bu və ya digər ərazidə idarə olunan xaos yaratmaq üçün istifadə olunan vasitələrə aşağıda göstərilənlər aiddir:
- liberal demokratiyaya yardım etmək;
- bazar islahatlarına dəstək vermək;
- əhalinin, ilk növbədə elitanın həyat standartlarını yüksəltmək;
- dəyərləri və ideologiyanı sıxışdırıb aradan çıxarmaq (8, 70).
Əgər dünyanın ya resurslarla zəngin olan, ya da geostrateji əhəmiyyətə malik coğrafiyada yerləşən müxtəlif regionlarında – MDB məkanında, Şimali Afrikada, Yaxın Şərqdə - cərəyan edən müharibələrə, rəngli inqilablara nəzər yetirsək, S. Mannın sadaladığı tezislərdən bu hadisələrin başlanğıc mərhələsində geniş istifadə olunduğunu müşahidə etmək, yəni idarə olunan xaosu yaradan gizli əli görmək mümkündür. Həmin hadisələrə nəticə etibarı ilə yanaşsaq, xaos yaratmaqla müxtəlif dividendlər əldə edən ABŞ və Qərbi Avropa ölkələrinin “sülhpərvər” bəyanatlarını, “sülhyaradıcı missiyalarını” bir kənara qoymaqla, yuxarıda qeyd olunan regionlardakı faciələri nəzərə alsaq, bu nəzəriyyədən istifadənin beynəlxalq təhlükəsizliyi nə dərəcədə risk altına qoyduğunu görə bilərik. Digər tərəfdən, idarə olunaraq başlanan xaosun müəyyən mərhələdə nəzarətdən çıxmayacağına, daha geniş əraziləri əhatə etməyəcəyinə qəti təminat vermək qeyri-mümkündür.
“Soyuq müharibə”nin başa çatması, dünyanın bipolyar strukturu ilə şərtləndirilən dövlətlərarası münaqişələrin yerini yeni növ münaqişələrin tutması mövcud nəzəriyyələrin və konsepsiyaların əsas müddəalarına yenidən baxmaq zərurəti yaratdı. Nəticədə, yuxarıda qeyd olunan nəzəri təlimlərlə yanaşı, təhlükəsizlik məsələlərini özündə ehtiva edən, daha çox mövcud nəzəriyyələrin elementlərinin sintezindən ibarət olan bir sıra yeni konsepsiyalar meydana gəldi. Belə konsepsiyalardan biri “postmodernizm” adlanır. J.Bodriyyar, P.Berqer, A.Giddens, Y. Habermas, S.Hantinqton, V.L.İnozemtsev, A.S.Panarin və başqaları postmodernizmi tədqiq etmişlər.
Tədqiqatçıların bir qismi postmodernizmi ayrıca bir nəzəriyyə kimi nəzərdən keçirmirlər. P.A.Tsıqankov qeyd edir: “Postmodernizmin təsirinin genişlənməsi klassik paradiqmaların transformasiyasına yardım etsə də, onların öz əsas müddəalarından imtina etmələrinə gətirmir” (18, 129).
Prosesləri postmodernist baxımdan izah edən S.Hantinqton özünün “Sivilizasiyaların toqquşnası” əsərində (21) kommunizmin iflasından sonrakı dövrdə dünya siyasətinin əsas aktorları kimi dövlətlərin deyil, sivilizasiyaların (qərb, induist, islam, konfutsi, Latın Amerikası, pravoslav-slavyan, yapon və Afrika) çıxış etdiyini göstərir. Sivilizasiyalararası əlaqələrin dövlətlərarası əlaqələrə nisbətən daha mürəkkəb olduğunu qeyd edən S.Hantinqton, dünya siyasətinin məhz bu sivilizasiyaların üstünlük uğrunda mübarizəsi ilə müşayət olunacağını qeyd edir. Bununla da, sivilizasiyalararası toqquşmanı real hesab edən müəllif, beynəlxalq təhlükəsizliyin təmin olunmasının mümkünlüyünü şübhə altına alır.
Təhlükəsizlik məsələləri digər bir nəzəriyyədə - rasionalizmdə də əsas yerlərdən birini tutur. Əsası XVII əsrdə holland hüquqşünası H.Qrosi tərəfindən qoyulmuş rasionalizm müasir dövrdə M.Vayt və H.Bull tərəfindən inkişaf etdirilmişdir. M.Vayt rasionalizmi belə xarakterizə edir: “Rasionalizm realizm və idealizm yanaşmalarının arasında yer tutur. Rasionalizmə əsasən, anarxiya dövlətləri öz təhlükəsizlikləri barədə düşünməyə vadar edir, universal mənəviyyat suveren dövlətin eqoizminin qarşısını alır. Hətta anarxiya şəraitində beynəlxalq nizamın yüksək səviyyəsi mövcuddur”(11, 90). Göründüyü kimi, müəllif rasionalizmin realizm və liberalizmdən qaynaqlandığını ön plana çəkir.
Rasionalistlər əvvəllər beynəlxalq nizamın yaradılmasına çağırırdılarsa, son onilliklərdə onlar beynəlxalq münasibətlərdə ədalətin müdafiəçisi kimi çıxış edirlər. Onlara görə “müxtəlif mədəniyyət və ideologiyalara mənsub olan dövlətlərin ümumi məqsədi olsa, onlar birləşə bilərlər” (11, 92). Şübhəsiz ki, bu tezisdə müəyyən utopizmi müşahidə etmək çətin deyil, çünki məhz bir-birinə yaxın olan mədəniyyətlər, dəyərlər sistemi bir-birindən fərqlənməyən ideologiyalar əsasında ümumi məqsədləri formalaşdırmaq mümkündür. Digər tərəfdən, dünyada hegemon dövlətlərin mövcud olduğu, həyat üçün vacib olan resursların sürətlə tükəndiyi və onlar uğrunda mübarizənin getdikcə daha kəskin xarakter aldığı, etnik-millətçi separatizmin tüğyan etdiyi bir dövrdə bütün dövlətlərin ümumi məqsəd ətrafında birləşməsi reallıqdan uzaqdır, bunu yalnız virtual olaraq, hipotetik səviyyədə təsəvvür etmək mümkündür.
Rasionalizmin ideoloqlarından olan H.Bull təhlükəsiz, qlobal cəmiyyət yaratmaq üçün bunları təklif edir: zorakılığa məhdudiyyət qoymaq; mülkiyyəti qorumaq; müqavilələrə əməl etmək (11, 92). Bununla yanaşı, o, dövlətlər arasında həmrəyliyin əldə olunmasının çətin bir proses olduğunu da etiraf edir. Dövlət suverenliyinin qorunmasını əsas məqsəd hesab edən H.Bull, eyni zamanda dünyada qlobal hakimiyyət balansını saxlamaq, daha böyük sülhə nail olmaq naminə kiçik dövlətlərin müstəqilliyinin, yəni nizam naminə ədalətin qurban veriləcəyini bildirir (11, 93), bununla da, güclü dövlətlərin beynəlxalq münasibətlərdə əsas rola malik olmaları barədə realistlərin mövqeyinə yaxınlaşır.
Beynəlxalq münasibətlərdə köklü dəyişikliklərin baş verməsi, inteqrasiya proseslərinin genişlənməsi, qlobal problemlərin çoxalması digər bir konsepsiyanın – qlobalizmin meydana gəlməsinə səbəb olmuşdur. C.Rozenau, R.Koks, R.Mansbaxa qlobalizmin əsas nümayəndələri sırasındadırlar.
Qlobalistlər dövlətin dünyadakı rolunun getdikcə azaldığını, əvəzində yeni subyektlərin, transmilli korporasiyaların və onların dövlət siyasətinə təsirinin artdığını iddia edirlər. Onların fikrincə siyasi həyat konkret dövlətin, beynəlxalq sistemin struktur elementləri ilə müəyyənləşir. Qlobalizm tərəfdarları əsas diqqəti iqtisadi münasibətlərə, mülkiyyət münasibətlərinə və siyasi mədəniyyətə yönəldirlər (12, 18). Qloballaşma haqqında tədqiqatçıların söylədikləri fikirləri ümumiləşdirən L.A.Korobeynikova qeyd edir ki, “bu proses azad bazarın qlobal iqtisadiyyatının formalaşması ilə başlamışdır... Qlobal iqtisadi məkanın sərhədlərində qlobal siyasi məkan formalaşır... dövlət, beynəlxalq əlaqələrdə aparıcı agent üçün xarakterik olan kompetentliyi, legitimliyi və hakimiyyəti itirir və yerini daha kompleksli olana verir...” (19, 158).
Qeyd etmək olar ki, qloballaşma iki yolla inkişaf edir. Birincisi, elmi-texniki və iqtisadi inkişafla şərtləndirilən təbii yoldur. İkincisi isə, iri güc mərkəzlərinin öz dəyərlər sistemini müxtəlif vasitələrlə, daha çox azad bazar münasibətləri adı altında digərlərinə qəbul etdirməkdən ibarətdir. V.A.Lisiçkin və L.A.Şelepinin qeyd etdikləri kimi, qlobal diktatura yaradanlar qlobalaşmadan maskalanmaq üçün istifadə edirlər (20, 26).
Qlobalizmin bir nəzəriyyə kimi qəti olaraq formalaşdığını iddia etmək düzgün olmazdı, çünki o, bir sistem kimi tam formalaşmamışdır, qərb dəyərləri bu sistemin əsası kimi daha çox qəbul edilir. Mövcud vəziyyətdə qlobalizm ziddiyyətlərdən də azad deyildir, belə ki, monomədəniyyətli qlobal cəmiyyət yaratmaq, mədəniyyətləri unifikasiya etmək istiqamətində atılan addımlar, şübhəsiz ki, milli mədəniyyətlərin, yerli və regional dəyərlər sisteminin müqaviməti ilə üzləşir, bu da dünyada münaqişə mühitinin saxlanılması üçün zəminin qalmasını şərtləndirir.
Təhlükəsizlik məsələləri “Kopenhagen məktəbi” tərəfindən özünəməxsus şəkildə izah olunur. Təhlükəsizliyin yalnız hərbi təhlükə və təhdidlərlə bağlı olmadığını bildirən bu məktəbin nümayəndələri (B.Buzan, L.Hansen, O.Vever və s.) siyasi, iqtisadi, etnososial, ekoloji təhlükəsizlik məsələlərini də önə çəkirlər. Siyasi təhlükəsizlik dövlətin siyasi sisteminin sabitliyini, idarəetmənin stabilliyini nəzərdə tutur. Dövlətin normal fəaliyyətini təmin etmək üçün zəruri olan iqtisadi və maliyyə resurslarına, bazarlara çıxışın əldə edilməsi iqtisadi təhlükəsizliyin əsasını təşkil edir. Etnososial təhlükəsizlik dedikdə isə “Kopenhagen məktəbi”nin tərəfdarları dövlətdə mövcud olan ənənəvi dilin, dinin, mədəniyyətin, adət-ənənələrin qorunub saxlanılmasını önə çəkirlər. Nəhayət, ekoloji təhlükəsizlik ətraf aləmin çirklənməsinin aradan qaldırılmasını, bunun vasitəsilə aclığın, yoluxucu xəstəliklərin qarşının alınmasını nəzərdə tutur (22, 118-131). Beləliklə, müasir dövr üçün xarakterik olan real problemləri önə çəkməklə realizmə yaxınlaşan “Kopenhagen məktəbi”nin nümayəndələri, beynəlxalq təhlükəsizliyin təmin olunması üçün qeyri-hərbi xarakterli təhlükələrin qarşısının alınmasının hərbi xarakterli təhlükələrin aradan qaldırılmasından az əhəmiyyət daşımadığını önə çəkirlər.


Ədəbiyyat
1. Abbasbəyli A., Nəcəfov E. Beynəlxalq münasibətlər nəzəriyyəsi. Dərslik. Bakı: Mütərcim, 2007, 208 s.
2. Morgenthau Hans J. Politics Among Nations. The Struggle for Power and Peace. Second Edition, Alfred A. Knopf: New York, 1955.
3. Белова О. В. Реализм, неореализм и постклассический реализм: эволюция основных категорий // Актуальні проблеми політики. 2014. Вип. 52, c. 47-56
4. Антанович Н., Достанко Е. Ганс Mоргентау: реалистическая теория
международной политики // Белорусский журнал международного права и международных отношений. 2000, № 1, c. 76—82.
5. Дериглазова Л.В. Проблемы обеспечения международной безопасности после окончания «холодной войны» // Вестник Томского государственного университета, 2005, № 288, c. 56-61
6. Иноземцев В.Л. Потерянное десятилетие. М.: Московская школа политических исследований, 2013, 600 с.
7. Камнева Е.И. Эволюция баланса сил великих держав в XXI веке // Историческая и социально-образовательная мысль. 2015, Toм 7 №5 часть 1, c. 34-38
8. Конышев В. Н. Американский неореализм о природе войны: эволюция политической теории. СПб.: Наука, 2004, 372 с.
9. Коробейникова Л.А. Глобализация: концептуальные изменения дискурса // Вестник Томского Государственного Университета. Философия. Социология. Политология, 2008, №2(3), c. 155-164
10. Ланцов С.А., Усмонов Ф.И. Проблемы безопасности в теории международных отношений. Политэкс, 2008, № 2.Электронный ресурс (http://www.politex.info/content/view/437/30/)
11. Лебедева М.М. Dünya siyasəti. Dərslik. Rus dilindən tərcümə. Bakı: “İqtisad Universiteti” nəşriyyatı, 2012, 315 s.
12. Лепский В.Е. Tехнологии управляемого хаоса – оружие разрушения субъектности развития // Информационные войны, 2010, №4 (16), c. 69-78
13. Листопад М.Е. Эволюция представлений об экономической безопасности // Теория и практика общественного развития, 2011, № 3, c. 385-387
14. Нурышев Г.Н. Доктрины «управляемого хаоса» в современной глобальной геополитике. Elekrtron resurs (http://economics.open-mechanics.com/articles/401.pdf)
15. Пригожин И., Стенгерс И. Прядок из хаоса. Новый диалог человека с природой. М: Эдиториал УРСС, 2000
16. Фукуяма, Ф. Сильное государство: Управление и мировой порядок в XXI веке. М.: ACT: ACT Москва: Хранитель, 2006, 220 с.
17. Фукуяма Ф. Конец истории? // Вопросы философии, 1990, № 3, c. 84—118
18. Фукуяма Ф. Конец истории и последний человек. Пер. с англ. М.: АСТ, 2007, 588 с.
19. Хантингтон С. Столкновение цивилизаций. М.: АСТ, 2003
20. Цыганков П.А. Тенденции классических парадигм в западной теории международных отношений //Общественные науки и современность, 2004, №2, c. 119-130.
21. Чугров С. Мир "после холодной войны" в концепциях японских политологов // Мировая экономика и международные отношения, 1999, № 9, c. 98-107
22. Эйвазов Дж. Безопасность Кавказа и стабильность развития Азербайджанской Республики. Баку: «Нурлан», 2004, 357

Summary
Security issues are at the center piece of international relations, while its provision constitutes one of the major tasks of states, international and regional organizations. Providing international security is stipulated by several factors such as historical, political, social, cultural and other aspects. Development stage, economic resources, military power, scientific-technical potential of the society or the state and other factors directly affect the security provision. Such theories as realism, neorealism, post-classic realism, liberalism, neoliberalism, post-classic liberalism, neo-Marxism, controlled chaos theory, post-modernism, rationalism, globalism, as well as representatives of Japanese political school and Copenhagen school describe various aspects and opinions concerning the theoretical- conceptual fundamentals of international security.

Резюме
Вопросы безопасности один из важнейших вопросов в международных отношений, в то время как ее обеспечение является одним из основных задач государств, международных и региональных организаций. Обеспечение безопасности зависит от некоторых факторов, как исторических, политических, экономических, социальных, культурных и других. Уровень развития, экономические возможности, военная сила и научно-технический потенциал общества или государства и другие факторы оказывают непосредственное влияние на безопасность. Теории - реализм, неореализм, постклассический реализм, либерализм, неолиберализм, постклассический либерализм, неомарксизм, "управляемый хаос", постмодернизм, рационализм, глобализм, а так же представители политической школы Японии и Копенгагенской школы объясняют теоретические и концептуальные основ международной безопасности с разных аспектов.

 

"GEOSTRATEGİYA" jurnalı №05 (41) SENTYABR-OKTYABR 2017

 

Şəhla Gülməmmədova
Azərbaycan Dövlət Pedaqoji Universiteti, Tədqiqat və inkişaf şöbəsinin müdiri


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
16-12-2017
15-12-2017
15.12.2017 Neft bahalaşır
14-12-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4771 san