09:01 08 Dekabr 2017
5454 dəfə oxunub
Çap versiyası
...

Müstəqil xarici siyasət hər bir ölkənin suverenliyinin təminatıdır. Qlobal və regional miqyasda geosiyasi mənzərənin sürətlə dəyişdiyi bir vaxtda bu məsələ daha da aktuallaşır. Bu baxımdan, dövlətin maraqlarını məharətlə müdafiə etmək üçün xarici siyasətin qarşısında duran vəzifələr düzgün müəyyənləşdirilməli, məqsədə çatmaq üçün səmərəli və müasir diplomatik mexanizmlərdən yararlanmaq gərəkdir. Xarici siyasət kursunun prioritetləri isə bu prosesdə istiqamətverici rol oynayır.
Azərbaycanın xarici siyasət kursunun prioritetləri dövlətin maraqları ilə müasir geosiyasi vəziyyətin xüsusiyyətlərini maksimum dərəcədə nəzərə almağa əsaslanır. Ulu öndər Heydər Əliyev ölkənin xarici siyasətinin prioritetlərini ən incə məqamlarını belə nəzərə alaraq bəlli müstəvidə müəyyənləşdirmişdir. Məhz, ötən illərin təcrübəsi də göstərdi ki, bu siyasət kursu zamanın bütün tələblərinə cavab verir və çox perspektivlidir. Bu mənada, bu gün Azərbaycanın daxili və xarici siyasət kursu region dövlətləri üçün nümunədir. Çünki xarici siyasətin prioritet istiqamətlərində əldə edilən uğurlar daha dinamik diplomatik fəaliyyət göstərməyə imkan verir.[1]
Əlbəttə ki, xarici siyasətin prioritetləri sırasında beynəlxalq iqtisadi təşkilatlarla əməkdaşlıq, enerji layihələrinin hazırlanması və reallaşması, iki qitə arasında nəqliyyat dəhlizi funksiyasını yerinə yetirmək kimi istiqamətlər vacib yer tutur. Azərbaycan bu sahələr üzrə sistemli proqramlar həyata keçirən yeganə Qafqaz ölkəsidir. Azərbaycan Cənubi Qafqazın yeganə dövlətidir ki, tarazlı xarici siyasəti uğurla həyata keçirir. Cənubi Qafqaz kimi mürəkkəb bir regionda tarazlı siyasi kursu sistemli və ya yeni geosiyasi reallıqlar müstəvisində həyata keçirmək təcrübəsini yalnız Azərbaycan nümayiş etdirir. Rəsmi Bakı böyük dövlətlərin regiondakı maraqlarını məharətlə tarazlaşdırır, milli maraqlara cavab verən geosiyasi dividendlər əldə edir. Bu gün Azərbaycanın xarici ölkələrdə 70-dən çox diplomatik nümayəndəliyi və konsulluğu, o cümlədən 50-dən artıq səfirliyi, 5 beynəlxalq təşkilat yanında missiyası, 9 baş konsulluğu və 5 fəxri konsulluğu fəaliyyət göstərir. Azərbaycanda isə 50-dən çox dövlətin səfirliyi, 3 baş konsulluq, 12 fəxri konsulluq və 20 beynəlxalq təşkilatın nümayəndəliyi mövcuddur. Müasir dövrdə postsovet məkanında belə bir sistemli diplomatik aktivliyə malik ikinci bir ölkə hələ ki, yoxdur.[2]
Hazırda regional miqyaslı təşkilatlardakı fəaliyyətlə qlobal qurumlar çərçivəsindəki fəaliyyəti uzlaşdırmaq suverenliyin təminində həlledici rol oynayır. Azərbaycan regionda sistemli və çoxvektorlu xarici siyasət kursunu həyata keçirən nümunəvi dövlət səfiyyəsinə yüksəldilmişdir. Bütün bunlar isə ölkənin xarici siyasət kursunun səmərəliliyi və uzaqgörənliyini təsdiq edir.
Mütəxəssislər hesab edirlər ki, yeni tarixi şərtlər daxilində dövlətlərarası münasibətlərin tənzimlənməsi bütövlükdə diplomatiyanın məzmununu yeniləşdirə bilər. Çünki indi geosiyasətdə, beynəlxalq münasibətlər sistemində proseslər sürətlə cərəyan edir və əvvəlki zamanlarda müşahidə edilməyən faktorlar özünü göstəməkdədir. Bəzən qlobal, o cümlədən regional miqyasda hadisələr kəskin ziddiyyətlər və mürəkkəb dinamika ilə xarakterizə olunurlar. Belə vəziyyətlərdə siyasi-diplomatik fəaliyyətdə yeni yanaşmalara, qeyri-ənənəvi formatlara əl atmaq lazım gəlir.[3]
Digər tərəfdən, Cənubi Qafqaz dünyanın geosiyasi aspektində ən çətin regionlarından biri sayılır. Xüsusilə, son 20 ildə burada kəskinliyi ilə seçilən proseslər baş verməkdədir. Bir tərəfdən, böyük dövlətlər öz maraqlarını təmin etmək üçün təzyiqlər edirlər, digər tərəfdən isə bəzi ölkələr müstəqil xarici siyasət yeridə bilmirlər. Bu iki amilin birgə təsiri nəticəsində Cənubi Qafqazın geosiyasi mənzərəsi xeyli mürəkkəbləşmişdir.
Beləliklə də, Cənubi Qafqazda geosiyasi vəziyyət mürəkkəbləşdikcə adekvat əməkdaşlıq formatları tapmaq lazım gəlir. Bütövlükdə Azərbaycanın xarici siyasətinin prioritetləri məlumdur və burada ikitərəfli və üçtərəfli əlaqələrə böyük diqqət yetirilir, yeni əməkdaşlıq formatları yaradılır. Rəsmi Bakı daim əməkdaşlığın səmərəli modelinə, tərəflərin bərabər hüquqlara malik olmasına və beynəlxalq hüquq normalarının gözlənməsinə üstünlük verir. Bununla bağlı möhtərəm Prezident İlham Əliyev 28 May – Respublika Gününə həsr olunmuş rəsmi qəbuldakı nitqində bir məqamı ayrıca vurğulamışdır. Dövlət başçısı demişdir: “Bizim xarici siyasətlə bağlı təşəbbüslərimiz gözəl nəticələr verir. Biz xarici siyasətdə ikitərəfli formata üstünlük veririk. Mən hesab edirəm ki, bu, ən məqbul formatdır. Əlbəttə, digər formatlar da vardır. Onlardan da istifadə olunur. Ancaq ikitərəfli format ən böyük səmərə verən formatdır”.[3]
Bu da faktdir ki, bu gün Azərbaycan Ermənistan istisna olmaqla regionun bütün ölkələri ilə məhz ikitərəfli qaydada əlaqələri inkişaf etdirir. Sirr deyil ki, zaman-zaman böyük dövlətlər – istər yaxın dost, istərsə də nisbətən az yaxın dost ölkələr öz maraqları naminə təzyiq etməyə, “böyük qardaş” rolunu oynamağa çalışıblar. Belə vəziyyətdə beynəlxalq münasibətlərdəki balansı saxlamaqla kimsədən asılı olmayan siyasət yürütmək üçün incə diplomatiya və siyasi qətiyyət tələb olunur. Azərbaycan bu keyfiyyətləri nümayiş etdirir və bu prosesin reallaşma mexanizmi isə məhz, ikitərəfli əməkdaşlıq formatından ibarətdir. Bu gün Azərbaycanın Rusiya, İran və Türkiyə ilə konkret sahələr üzrə tərəflərə fayda verən müqavilələri vardır. Təsadüfi deyildir ki, hazırda Azərbaycan ikitərəfli münasibətlərini Avropa İttifaqının üzvü olan ölkələrlə də qurur. Hətta həmin ölkələrdən 9-u ilə strateji əməkdaşlıq haqqında müvafiq sənədlər də imzalanmışdır. Eyni zamanda, Rusiya-Türkiyə-Azərbaycan, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-İran-Rusiya, Azərbaycan-Türkiyə-Türkmənistan kimi üçtərəfli əməkdaşlıq münasibətləri də rəsmi Bakı tərəfindən formalaşdırılmışdır.
Bir neçə üçtərəfli format faktiki olaraq regional miqyasda “geosiyasi şəbəkə” yaratmağa imkan yaradır. Belə ki, Azərbaycan, Türkiyə, İran, Gürcüstan və Türkmənistan faktiki olaraq böyük geosiyasi məkanda bir-biri ilə dinamik əlaqələr strukturuna bağlanmış olur. Bununla da regional bir tərəfdən əməkdaşlığın sivil forması meydana gəlməklə, digər tərəfdən qeyd olunan olkələrlə birlikdə təcavüzkarı təcrid etmək mümkün olur.
Cənubi Qafqazda ikitərəfli formatdan üçtərəfli əməkdaşlıq modelinə keçid, əslində diplomatiyada yenilikdir. Bu təcrübənin digər dövlətlər tərəfindən istifadə ediləcəyinə şübhəmiz yoxdur. Həmin müstəvidə üçtərəfli əməkdaşlığın dərinləşən əlaqələrini strateji tərəfdaşlığa çevrilməsinin müasir tələblərə cavab verən bir mexanizm olduğunu qəbul etmək lazım gəlir. Üçtərəfli əməkdaşlıq formatı həmçinin böyük güclərin geosiyasi qarşıdurmalarını səngitməyin də konkret mexanizmidir. Bütün bunlar isə Azərbaycanın yeni əməkdaşlıq təşəbbüslərinin artıq konkret nəticələr verdiyini bir daha təsdiqləyir. Bununla da, Azərbaycanın müstəqil dövlət kimi geosiyasi statusu yüksəlir.
Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini də müsəlman və Şərq ölkələri ilə əməkdaşlıq təşkil edir. Bu gün həmin ölkələrlə geosiyasi istiqamətlər üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri qurulur. Professor Əli Həsənov yazır: “Azərbaycanın xarici siyasətində Yaxın və Orta Şərqin islam ölkələri ilə həm çoxtərəfli, həm də ikitərəfli əlaqələri xüsusi yer tutur. Bunun üçün Azərbaycan islam ölkələrini birləşdirən İslam Konfransı Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT), İslam İnkişaf Bankı (İİB) kimi qurumların imkanlarından bəhrələnməklə yanaşı, həm də ayrı-ayrılıqda hər bir müsəlman dövləti ilə qarşılıqlı faydalı əməkdaşılq əlaqələri yaratmağa səy göstərir. Bu əlaqələrdən müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın daxili və xarici problemlərinin həlli istiqamətində istifadə olunur”. [7]
Azərbaycanın Yaxın və Orta Şərq dövlətlərilə münasibətləri böyük potensiala malikdir. Bu münasibətlər Yaxın və Orta Şərqin geosiyasi əhəmiyyətini, zəngin enerji ehtiyatlarını və bu bölgədə böyük sərmayə potensialının mövcudluğunu əsas götürərək qurulur. Azərbaycan bu bölgə ölkələrinin ticarət, texnoloji və maliyyə imkanlarını çox cəlbedici hesab edərək, Yaxın və Orta Şərq dövlətlərilə qarşılıqlı faydalı münasibətərin daimi inkişafını müsbət qarşılayır.
Son zamanlar Azərbaycanın Körfəz ölkələri ilə olan münasibətləri yüksək səviyyəyə çatmışdır. Belə ki, Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv olan ölkələr tərəfindən Azərbaycan iqtisadiyyatına 1,3 mlrd. dollar, Azərbaycan tərəfindən isə 300 mln. dollar investisiya yatırılmışdır. Bu gün Azərbaycanda körfəz ölkələrindən olan 280 şirkət fəaliyyət göstərir. 2016-cı ildə Azərbaycan və körfəz ölkələri arasında ticarət dövriyyəsi 86 mln. dollar, 2017-ci ilin 8 ayı ərzində isə 40 mln. dollardan çox olmuşdur. Bu tendensiyanı nəzərə alsaq hətta, Azərbaycan və Körfəz ərəb ölkələri birgə investisiya fondları da yarada bilər. Bu baxımdan, Azərbayanda fəaliyyət göstərən körfəz ölkələri şirkətlərinin sayının artırılması, ticarət əlaqələrinin genişləndirilməsi üçün imkanlar genişdir.[5]
Bununla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında verdiyi tapşırıqların icrası ilə əlaqədar olaraq, insanlararası təmasları artırmaq, turizm səfərləri və işgüzar əlaqələri təşviq etmək məqsədilə Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşlarına 1 fevral 2016-ci il tarixindən etibarən Azərbaycanın bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsi təmin edilir. Bütün bunlar Azərbaycanın ərəb və Asiya ölkələrilə olan əlaqələrinin inkişafına müsbət təsirini göstərir.
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə, İran, Pakistan, Banqladeş, Malayziya, İndoneziya, Misir və Nigeriya kimi ölkələrin daxil olduğu İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) zirvə görüşündə iştirak etməsi də ölkəmizin beynəlxalq nüfuzunun və əhəmiyyətinin yüksəlməsinin bariz nümunəsidir. Azərbaycan D-8 çərçivəsində beynəlxalq əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə verə bilər və buna bir sıra aşağdaki səbəbləri göstərmək olar:
Birincisi, Azərbaycan dünyada ən ciddi təhlükələrdən biri olan islamofobiyaya qarşı fəal mübarizə aparan və islam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində konkret addımlar atan ölkədir.
İkincisi, Azərbaycan son 13 il ərzində iqtisadiyyatını 3 dəfədən çox artıran, yoxsulluğun səviyyəsini 10 dəfə aşağı salan, savadlılığı təxminən 100 faizə yüksəldən, 2 milyona yaxın yeni iş yerləri açan, strateji valyuta ehtiyatları ölkənin ümumi daxili məhsuluna bərabər, xarici dövlət borcu isə ümumi daxili məhsulun 20 faizindən az olan bir dövlətdir.
Üçüncüsü, Azərbaycan beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. Bu gün ölkəmiz tərəfdaşları ilə birlikdə dünyanın ən böyük infrastruktur layihələrini icra edir.
Dördüncüsü, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasında fəal iştirak edir.[6]
Söylənilənlər kontekstində Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatı ilə də səmərəli əməkdaşlıq münasibətlərini xüsusi qeyd etmək lazımdır. Belə ki, Azərbaycan təşkilata daxil olduğu ilk gündən ECO çərçivəsindəki çoxtərəfli regional münasibətlərə və üzv ölkələrlə ikitərəfli əlaqələrə böyük əhəmiyyət verir. Çünki ECO Xəzər-Qara dəniz hövzəsi, Cənubi Qafqaz və İran körfəzi bölgəsində, Mərkəzi Asiyanın Qazaxıstan və Türkmənistan kimi ölkələrinin zəngin karbohidrogen yataqlarında həyata keçirilən qlobal enerji layihələrinin, Şərq-Qərb nəqliyyat-kommunikasiya (TRASEKA), Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi kimi mühüm işlərin görüldüyü bir regionu əhatə edir. Bundan başqa, ECO-nun işləyib hazırladığı və inşaatında iştirak etdiyi digər transmilli və regional nəqliyyat-kommunikasiya magistralları İranı, Türkiyəni, Azərbaycanı, Pakistanı, Əfqanıstanı və Türkmənistanı bir-biri ilə birləşdirərək, eyni zamanda Avropa və Asiya qitələrarası nəqliyyat-kommunikasiya əlaqələrinə ciddi təsir göstərir. Bu xətt üzrə yaradılan yeni nəqliyyat-kommunikasiya magistralının bir başı Orta, Mərkəzi Asiya və Hind okeanını, Fars körfəzi və Afrikanı, digər başı isə Cənubi Asiyanı - Pakistanı, Əfqanıstanı və s. ölkələri Türkiyə və Avropa ilə birləşdirir.
Azərbaycanın xarici siyasətində Asiya qitəsinin böyük və kiçik dövlətləri ilə ikitərəfli və çoxtərəfli əlaqələr, bu regionda yaradılmış və müxtəlif sahələr üzrə fəaliyyət göstərən beynəlxalq, o cümlədən regional qurumlarla münasibətlər də xüsusi bir istiqamət təşkil edir. Professor Əli Həsənov yazır ki, Azərbaycanın Asiya ölkələri ilə əlaqələri 1991-ci ildə ölkəmiz müstəqillik əldə etdikdən və 1992-ci ildə BMT-yə üzv qəbul olunduqdan sonra başlanır və hazırda müvəffəqiyyətlə inkişaf edir.[8]
Ərazi və əhalisinə görə dünyanın ən böyük qitəsi Asiya hesab olunur. Asiyanın Rusiya nəzərə alınmadan, 27 milyon kvadrat kilometr ərazisində 40-dan artıq dövlət yerləşir ki, onların da ikisi - Çin və Hindistan kimi dünyanın ən nəhəng dövlətləridir. Əslində, bu qitədə yerləşən digər ölkələr də əhalisinin sayına görə dünyanın ən böyük ölkələrindən hesab olunurlar. Həmçinin, təbii ehtiyatlarına görə, Asiya ən zəngin qitələrdən hesab olunur. Fars körfəzinin düzənlik və yarımdüzənlik əraziləri həm təbii yataqlarla zəngindir, həm də əkinçilik üçün çox əlverişlidir. Dünyanın suvarılan əkin sahələrinin 70%-dən çoxu Asiyanın payına düşür. Asiya əhalisinin sayı 3.5 milyarda yaxındır ki, bu da yer kürəsi əhalisinin yarısından çoxu deməkdir.
Geosiyasi əhəmiyyətinə görə, Asiya qitəsi ölkələri müasir dünya siyasətinin əsas diqqət mərkəzindədir. Qitənin əmək resursları, satış bazarları, xammal ehtiyatları, nəqliyyat-kommunikasiya imkanları, geostrateji baxımdan mühüm ərazi xarakteristikası və nəhayət, texnoloji inkişafı diqqəti cəlb edir. Çünki Yaponiya, Çin, Tayvan, Cənubi Koreya, Sinqapur və Malayziya kimi ölkələr, sözün həqiqi mənasında, dünyanın iqtisadi rəqabət meydanından Avropanın böyük dövlətlərini sıxışdıraraq, Asiyanı və Sakit okean hövzəsini dünyanın ən güclü iqtisadi mərkəzlərindən birinə çeviriblər.[9]
Bütün bunların fonunda Uzaq Şərqin qabaqcıl dövlətləri olan Çin və Yaponiya ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişafının zəruriliyi Azərbaycanı “İpək Yolu” layihəsinin gerçəkləşdirilməsində daha iradəli olmağa sövq edir. Çinin artan beynəlxalq nüfuzu və Avrasiyada onun mövqelərinin möhkəmlənməsi Azərbaycan-Çin münasibətlərinin intensivləşməsinə təkan vermişdir. Yaponiyanın Azərbaycandakı iqtisadi layihələrə fəal qoşulması və ikitərəfli əməkdaşlığın daha da dərinləşməsinə olan qarşılıqlı maraq Azərbaycan-Yaponiya münasibətlərinin zəngin potensialının müntəzəm əsasda açılması üçün əlverişli zəmin yaradıb.
Cənub-Şərqi və Cənubi Asiyada yeni iqtisadi və siyasi güc mərkəzlərinin təşəkkülü Azərbaycanın xarici siyasətinin bu istiqamətə marağının artmasına səbəb olmuşdur. Burada dövlətimizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu ədalətli mövqeyi beynəlxalq səviyyədə tam dəstəkləyən Pakistanla olan münasibətlərinin tərəfdaşlıq, Hindistanla isə əməkdaşlıq səviyyəsinə gəlib çatmasını xüsusi qeyd etmək lazımdır.
Beləliklə, Azərbaycan Respublikasının apardığı uğurlu ölçülüb-biçilmiş və tarazlaşdırılmış xarici siyasət sayəsində Azərbaycan xalqının təhlükəsiz və xoşbəxt gələcəyini təmin edən xarici mühit formalaşdırılmış və Azərbaycanın həm dünya miqyasında mövqelərinin möhkəmləndirilməsi, həm də Xəzər-Qafqaz bölgəsində ən vacib ölkəyə çevrilməsinə nail olunmuşdur.

 

Ədəbiyyat
1.http://newtimes.az/az/geopolitics/2831
2.http://newtimes.az/az/organisations/1079
3.http://files.preslib.az/projects/azerbaijan/gl9.pdf
4.Mehdiyev R. Azərbaycan: Qloballaşma dövrünün tələbləri. Bakı: 2005, 463 s.
5.http://azpromo.az/news/view/azerbaijan-gulf-cooperation-council-gcc-member-states-business-forum-held?menu=true
6.İlham Əliyev İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşündə xüsusi qonaq qismində iştirak edib. http://www.president.az/articles/25590
7.Həsənov Ə. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. Dərslik. Bakı, “Azərbaycan” nəşriyyatı, 2005. 631 s.
8.Həsənov Ə. Heydər Əliyev və Azərbaycanın xarici siyasət fəaliyyətinin formalaşması // HeydərƏliyev və müasir Azərbaycan. Bakı: 2003. 29-52s.
9. Məmmədov N. Geosiyasətə giriş. (iki cilddə, ikinci cild). “Bakı”, “Azərbaycan” Nəşriyyatı, 2011. 416 s.
10. Hikmət Babaoğlu. Azərbaycan beynəlxalq münasibətlərin aktoru kimi (siyasi, ideoloji və diplomatik məsələlər). Bakı: Elm, 2007, 516 s.

 

 

Açar sözlər: Azərbaycan Respublikası, siyasi kurs, xarici siyasət, geosiyasət, Cənubi Qafqaz

Ключевые слова: Азербайджанская Республика, политический курс, внешняя политика, геополитика, Южный Кавказ

Key words: Azerbaijan Republic, political course, foreign policy, geopolitics, South Caucasus

Резюме
Ульвия Гулиева
Внешняя политика Азербайджана на современном этапе: новые тенденции и перспективы
В таком сложном регионе как Южный Кавказ только Азербайджан демонстрирует системный опыт реализации сбалансированного политического курса в новой геополитической реальности. Официальный Баку, профессионально балансируя интересы больших государств в регионе, приобретает дивиденды, отвечающие национальным интересам. И поскольку геополитическая ситуация на Южном Кавказе сложная, приходится искать адекватные форматы сотрудничества. В целом, приоритеты внешней политики Азербайджана известны, и большое внимание уделяется двусторонним и трехсторонним отношениям, создаются новые формы сотрудничества. Одним из приоритетов внешней политики Азербайджана является сотрудничество с мусульманскими и восточными странами.
Именно с этими странами в геополитических направлениях устанавливаются двусторонние и многосторонние отношения сотрудничества.

Summary
Ulviya Guliyeva
Foreign policy of Azerbaijan at the present stage:
new trends and prospects
In a complex region such as the South Caucasus, only Azerbaijan demonstrates the experience of implementing a balanced political course in a systematic or new geopolitical reality. Official Baku skillfully balances the interests of the great powers in the region, and receives geopolitical dividends that meet national interests. And as the geopolitical situation in the South Caucasus is complicated, it is necessary to find adequate cooperation formats. In general, the priorities of the foreign policy of Azerbaijan are known, and great attention is paid to bilateral and trilateral relations, new forms of cooperation are created. One of the priorities of Azerbaijan's foreign policy is cooperation with Muslim and Eastern countries. Bilateral and multilateral cooperation relations are established precisely with these countries in those geopolitical directions.

 

 

"GEOSTRATEGİYA" jurnalı №05 (41) SENTYABR-OKTYABR 2017

 

Ülvİyyə Qulİyeva
Bakı Dövlət Universiteti


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
23-09-2018
23.09.2018 Faktiki hava
22-09-2018
22.09.2018 Neft bahalaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.6523 san