10:00 07 Dekabr 2017
162 dəfə oxunub
Çap versiyası
...

Hər il dekabr ayının 2-si qul əməyinin ləğv edilməsi uğrunda beynəlxalq mübarizə günü kimi qeyd olunur. Bu tarix BMT-nin Baş Assambleyasının insan alverinə qarşı mübarizə haqqında 1949-cu il tarixli konvensiyanı (qətnamə 317(IV)) qəbul etməsi ilə bağlıdır [i] . BMT-nin hesablamalarına görə hazırda dünyada 40 milyon insan köləlik şəraitində yaşayır. Lakin bu rəqəm klassik mənada quldarlığı deyil, onun müasir təzahürlərini ifadə edir. 

Ancaq 14 noyabr tarixində CNN telekanalında yayımlanan bir reportaj dünyanı silkələdi. Həmin reportajda Liviyada qara dərili bir gəncin sözün əsl mənasında qul bazarında tender yolu ilə 400 ABŞ dolları müqabilində satışı həyata keçirilirdi [ii] 

Liviya qaçqınların dəniz yolu ilə Afrikadan Avropaya keçidi üçün əsas tranzit yollardan biri hesab olunur. Statistikalara əsasən, son 3 il ərzində orta hesabla hər il 150 min miqrant Liviyadan Aralıq dənizi vasitəsilə ümid səfərinə çıxmışdır [iii] . Beynəlxalq Miqrasiya Təşkilatının statistikasına əsasən isə son 4 ildə təxminən 3 mindən artıq miqrant bu səfərdə həyatını itirmişdir [iv] . Hazırda Liviya düşərgələrində Avropaya keçmək istəyən miqrantların sayının 700 min ilə 1 milyon arasında olduğu ehtimal edilir [v] . Bu insanların orqan tacirləri tərəfindən donor kimi istifadə edildiyi də iddia olunur [vi] 

Düşərgələrdəki humanitar vəziyyətin nə qədər ağır olduğunu BMT-nin insan hüquqları üzrə komissarı Zeid Raad Əl-Hüseynin cari ilin sentyabr ayındakı bəyanatından [vii] da aydın şəkildə hiss etmək mümkündür. 

BMT Baş katibi Antonio Quttereş vəziyyətlə bağlı dəhşətə gəldiyini və bunun bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirilə biləcəyini ifadə etsə də [viii] , ABŞ Prezidenti Donald Tramp öz tvitter hesabında bu xəbərlərin yalan olduğunu bəyan etdi [ix] 

Məsələnin müzakirə edilməsi məqsədilə Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə 28 noyabr tarixində BMT Təhlükəsizlik Şurasının təcili iclası keçirildi [x] . İclasın ən yaddaqalan məqamı isə İsveç nümayəndəsi Karl Skaunun Liviya hakimiyyətini qul ticarətinə əngəl olmamaqda ittiham etməsi idi [xi] . Axı bu ölkədə dövlətçilik Qəddafi hakimiyyətinin süqutundan sonra demək olar ki, iflasa uğramışdı. Axı bu gün Liviya torpaqları mərkəzi Liviya hakimiyyətindən çox, başqa güclərin nəzarətindədi. 

O zaman qəribə bir vəziyyət ortaya çıxır. Hər kəsin yaxşı yadındadır ki, 2011-ci ilin 17 mart tarixində BMT Təhlükəsizlik Şurası Liviyadakı vəziyyətlə əlaqədar 1973 sayılı qətnamə [xii] qəbul etmiş, 19 mart tarixində isə NATO bu qətnaməni icra etmək məqsədilə həmin ölkəyə qarşı səlib yürüşü xarakterli hərbi əməliyyata başlamışdı [xiii] . Sanki Liviyada vəziyyət dünyada sülhü və təhlükəsizliyi təhdid edəcək qədər ağır idi və gözləmək olmazdı. Sanki o zamana qədər BMT Təhlükəsizlik Şurasının qəbul etmiş olduğu bütün qətnamələr bu şəkildə təcili icra olunmuşdu. Bu dəfə NATO BMT TŞ qətnamələrinin icra edilməsi üzrə məsul orqan funksiyası yerinə yetirirdi. 

Madam ki, vəziyyət belə idi, o zaman beynəlxalq koalisiyanın uğurlu hərbi əməliyyatları vəziyyəti dəyişməli deyildimi? Əgər Qəddafi hakimiyyəti ölkə üçün, region üçün, dünya üçün böyük təhlükə kəsb edirdisə, o zaman Qəddafinin devrilməsi və fiziki olaraq məhv edilməsi problemi tamamilə həll etməli deyildimi? 

Şübhəsiz ki, Qəddafi öz ölkəsində ideal bir demokratiya nümunəsi deyildi, bəlkə də, o bir real problem mənbəyi idi. Lakin problemi fəlakətlə əvəz etmək nə dərəcədə düzgün yanaşmadır? Axı bu gün Liviyadakı qul bazarının Qəddafi dövrünün bir qalığı deyil, ondan sonrakı dövrün meyvəsi olduğu bir həqiqətdir. 

O halda, nədən dünya ictimaiyyətinin reaksiya verməsi üçün CNN-in reportajını gözləməsi zərurəti yarandı? Müəyyən ölkələrdə nə vaxtsa rejimi tənqid etmiş bir vətəndaşın tamamən başqa bir cinayət tərkibi ilə həbsi ilə əlaqədar az qalsın səfərbər olan "insan hüquqları” müdafiəçisi qismində iştirak edən bəzi qərb dövlətləri, beynəlxalq hökumətlərarası media nümayəndələri bu müddət ərzində hara baxırdılar?  Human Rights Watch, Amnesty International, Freedom House və bunun kimi digər qeyri-hökumət təşkilatları niyə susurdu? Axı bu vəziyyət bir gündə yaranmadı, əksinə aylardır davam edir. 

Elə bu səbəbdəndir ki, artıq müxtəlif media orqanlarında, çoxsaylı mütəxəssislər Liviyada vəziyyətin bu həddə yüksəlməsində Qərbin məsuliyyəti olduğunu bəyan edir [xiv] . O zaman Qərb Liviyaya nə üçün müdaxilə etdi? Oraya universal dəyərlər, demokratiya, insan hüquqları gətirmək üçün, elə deyilmi? Qərb ölkələrindəki dəyərlər, demokratiya, insan hüquqları budurmu? Hər halda belə deyil. O zaman niyə öz ölkələrindəki dəyərləri, demokratiyanı, insan hüquqlarını özləri ilə oraya aparmadılar? Olmaya oradakı insanların hüquqları Qərbin carçısı olduğu insan hüquqlarının əhatə dairəsindən kənarda qalır? Olmaya universal dəyərlər qitəsini dəyişdikdə universallığını, etnik mənsubiyyətə görə isə dəyərini itirir? O zaman bu çoxmilli hərbi əməliyyatlar quldarlığın yer üzündə yenidən bərpası üçünmü həyata keçirilirdi? 

Qərb yeni universal dəyərlər yaradır, yoxsa təkrar 210 il geriyəmi gedir? Halbuki qul əməyini ilk ləğv edən elə Qərb özü olmuşdur (qul əməyi ilk dəfə 1807-ci ildə ABŞ-da və İngiltərədə ləğv edilmiş, onları izləyən üçüncü dövlət isə Osmanlı İmperiyası olmuşdur). Qərbdə qul əməyinin ləğvinin 210 illiyinin qeyd edildiyi bu günlərdə onu bərpa etmək müsbət haldırsa, o zaman bunu niyə əvvəlcə öz ölkələrində bərpa etmədilər? 

O zaman BMT-nin qul əməyinin qadağan edilməsinə, ləğvinə dair sənədlərinin, 2 dekabr gününün buna həsr edilməsinin nə mənası var? Beynəlxalq hüququn nə mənası var? Beynəlxalq hüququn iflic olmasının məsuliyyəti kimin üzərinə düşür? Bəşəriyyətə bunun izahını, tarix qarşısında bunun hesabını kim verməlidir? 

Axı Qərb bu gün həm iqtisadi, həm siyasi, həm hərbi, həm elmi, həm texnoloji baxımdan inkişafın zirvəsində dayanır. İnkişaf səviyyəsinin özünün yaratdığı bir mənəvi məsuliyyət vardır-bəşəriyyət naminə məsuliyyət. İnsanlar, xüsusilə də Afrika, Yaxın Şərq kimi ölkələrin vətəndaşları Qərbi hər zaman bir model, bir nümunə, bir hədəf kimi görüblər. Qərbdən gözlənilən, Qərbə yaraşan da insanların bu gözləntilərini yarımçıq qoymamaq, onları məyus etməmək, onların yanılmış olduqları təəssüratı yaratmamaqdır. Ümidlərin puça çıxması çox ağır hissdir. Belə olanda inam, etimad, bir sözlə hər şey itir və dövlətlərarası münasibətlər indiki vəziyyətə düşür. 

Newtimes.az


[i] http://www.un.org/en/ga/search/view_doc.asp?symbol=A/RES/317(IV) 

[ii] http://edition.cnn.com/2017/11/14/africa/libya-migrant-auctions/index.html 

[iii] https://www.washingtonpost.com/news/worldviews/wp/2017/11/29/a-slave-auction-puts-the-global-spotlight-back-on-libya/?utm_term=.2b50b22bfd1a 

[iv] https://www.iom.int/news/migrant-drownings-top-3000-4th-straight-year-despite-reduced-migrant-crossings-mediterranean 

[v] http://fortune.com/2017/11/29/libya-slave-trade/ 

[vi] http://www.huffingtonpost.co.za/2017/12/03/lawyer-slaves-in-libya-are-used-for-organ-trade_a_23295417/ 

[vii] http://www.ohchr.org/EN/NewsEvents/Pages/DisplayNews.aspx?NewsID=22039 

[viii] http://www.un.org/apps/news/story.asp?NewsID=58127#.WiTi99Jl-M8 

[ix] https://twitter.com/realDonaldTrump/status/934551607596986368?ref_src=twsrc%5Etfw&ref_url=http%3A%2F%2Ffortune.com%2F2017%2F11%2F29%2Flibya-slave-trade%2F 

[x] https://www.un.org/press/en/2017/sc13094.doc.htm 

[xi] http://tr.euronews.com/2017/11/29/bmgkden-libyaya-kole-ticareti-tepkisi 

[xii] https://undocs.org/S/RES/1973(2011) 

[xiii] https://www.nato.int/cps/en/natohq/topics_52060.htm# 

[xiv] https://dearkitty1.wordpress.com/2017/10/24/natos-humanitarian-war-brought-libya-bloodshed-slavery/


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
16-12-2017
15-12-2017
15.12.2017 Neft bahalaşır
14-12-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5444 san