18:11 02 Yanvar 2018
251 dəfə oxunub
Çap versiyası
...

2017-ci il dünya kinosunda bir sıra itkilər, qalmaqallar və bəzi filmlərin başgicəlləndirici gəlirləri ilə xarakterik olub. AZƏRTAC Euronews telekanalına istinadla ötən il kino aləmində baş verən hadisələrlə bağlı xəbərləri təqdim edir.

 

Ötən ilin itkiləri

Avqust ayında dünya amerikalı aktyor Cerri Luislə vidalaşdı. O, tamaşaçıların yaddaşında ən çox komik rolları ilə qalıb. II Dünya müharibəsindən sonra Luis tərəf-müqabili Din Martinlə duetdə şən nömrələrlə çıxış etməyə başlayıb. Bu yaradıcı birlik 10 il davam edib. Daha sonra Luis parlaq kino karyersını qurub.

Agent 007 - Rocer Mur may ayında 89 yaşında vəfat edib. Aktyor düz 12 il Ceyms Bond obrazından ayrılmayaraq, dünyanın ən məşhur super casusundan bəhs edən üç filmdə çəkilib. Son 16 ildə UNICEF-in xoşməramlı səfiri olan aktyor cəngavər tituluna layiq görülmüşdü.

Fransız aktrisası Janna Moro iyul ayının sonlarında dünyasını dəyişib. Öz dövrünün tanınmış rejissorları ilə işləyən Moro 60 illik yaradıcılıq fəaliyyəti dövründə 70-dən çox filmdə rol alıb.

Ötən yay kinematoqrafiya üçün daha bir önəmli şəxsin itkisi ilə yadda qalıb. Qorxu filmlərinin “xaç atası” adlandırılan rejissor Corc Romero ağ ciyərlərinin xərçəngi ilə xeyli müddət mübarizə aparsa da, sonda məğlub oldu. Rejissorun 77 yaşı var idi.

İyul ayında Martin Landau da dünyasını dəyişdi. O, aktyorluq sənətinə Çarl Çaplinin filmlərinə olan məhəbbəti sayəsində gəlmişdi. Landaunun iştirakı ilə ilk ciddi ekran əsəri Alfred Hiçkokun “Şimal-qərbdən şimala doğru” filmi olub. Aktyor “Oskar”, “Qızıl qlobus” və “ABŞ Kino Aktyorları Gildiyası”nın mükafatlarına layiq görülüb.

Jon Roşfor - Fransa kinematoqrafiyası üçün daha bir məşhur addır. Karyerası ərzində 160-dan çox filmdə çəkilən aktyor ölkəsindən kənarda əsasən “Qara ayaqqabılı ucaboylu sarışın” filmindəki roluna görə tanınıb. Jan Roşfor iki ay əvvəl dünyasını dəyişib.

Ötən il dünya kinematoqrafiyası tanınmış operator Mixeil Ballhausla da vidalaşdı. O, sənətdə “yeni alman kinosunun” məşhur simalarından biri olan Rayner Verner Fasbinderın sayəsində uğur qazanmışdı. Ballhaus daha sonra Martin Skorsese, Frensis Ford Koppolo və Robert Redfordla birgə çalışmışdı.

Qalmaqal ardınca qalmaqal

Ötən il Hollivud böyük qalmaqallara səhnə olub. Ən böyük qalmaqal kino prodüseri Harvi Vanşteynin ünvanına səsləndirilən seksual təcavüz ittihamları ilə başlayıb. Harvi Hollivudun nüfuzlu şəxslərindən biri idi. Çox güman ki, bu onun karyerasının sonu olacaq.

Bənzər ittihamlarla üzləşən aktyor Kevin Speysi də pis vəziyyətə düşüb. O, “Qumar kartlarından tikilmiş ev” çoxseriyalı filmindəki işindən məhrum olub, Ridli Skot isə “Dünyanın bütün pulları” filmindən onun çıxış etdiyi səhnələri çıxarıb.

Ən çox izlənən filmlər

İndi isə ötən ilin ən uğurlu filmləri haqqında.

Baş rolda Emma Uotsonun çəkildiyi “Gözəl və bədheybət” filminin büdcəsi 160 milyon dollar təşkil edib. Lakin dünya prokatında bu film 1 milyard dollardan çox qazanc gətirərək ilin ən çox izlənən filmi olub və kino tarixində ən uğurlu 10 filmin sırasına düşüb.

İndiyə qədər yalnız 6 cizgi filmi prokatda 1 milyard dollardan artıq gəlir gətirib. Onların arasında ötən ilin yeniliyi – 80 milyon dollara başa gələn “Çirkin mən 3” filmi də var.

Super-qəhrəmanlar haqqında filmlər hər zaman olduğu kimi, böyük şöhrət qazanır. Hyu Cekmanın Rosomaxa obrazı ilə kino ekranına qayıtdığı “Loqan” filminin büdcəsi 97 milyon dollar təşkil edib. Bu film prokatlarda büdcəsindən 6 dəfə çox gəlir qazanıb.

Stiven Kinqin romanı əsasında çəkilən “Ono” filmi də kommersiya uğuruna imza atıb. Uşaqları qətlə yetirən Pennivayz adlı qorxulu kloun və 7 cəsur yeniyetmə haqqındakı film cəmi 35 milyon dollara başa gəlsə də, qazancı 700 milyon dollar olub.

“Dünkerk” dramı kinematoqrafiya tarixinə II Dünya müharibəsi mövzusunda ən çox izlənən film kimi düşüb. Kristofer Nolanın 100 milyon dollara başa gələn ekran əsəri dünya kinoprokatında 525 milyon dollar qazanc əldə edib.

Fransız rejissoru Lük Bessonun “Valerian və min planet şəhəri” ilin ən bahalı Avropa filmi olub. Onun büdcəsi 200 milyon dollar təşkil edib. Düzdür, başqaları ilə müqayisədə bu filmi uğurlu adlandırmaq bir qədər çətindir. Çünki prokatlarda büdcəsindən cəmi 25 milyon dollar çox gəlir gətirib.

Baş rolda İsrail aktrisası və modeli Qal Qadotun oynadığı “Möcüzə qadın” ekran əsəri super-qəhrəmanlar haqda çəkilən ən gəlirli film olub. Filmin yaradıcıları 800 milyondan çox qazanc əldə ediblər.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
16-01-2018
16.01.2018 Paytaxtda yanğın
16.01.2018 Neft bahalaşıb
15-01-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.3728 san