08:32 08 Yanvar 2018
1033 dəfə oxunub
Çap versiyası
...

 

Başa vurduğumuz 2017-ci ildə də rəsmi Bakı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səmərəli fəaliyyət göstərdi.

Məlum olduğu kimi, Azərbaycanın xarici siyasətinin əsas istiqaməti ölkəmizə qarşı xarici təhdidlərin, eləcə də Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüz və işğalının nəticələrinin aradan qaldırılması, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi, işğal olunmuş ərazilərimizdə qeyri-qanuni əməllərin qarşısının alınmasıdır. Unutmaq olmaz ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən başqa, beynəlxalq münasibətlərdə gərginliyin artdığı, beynəlxalq hüquq norma və prinsiplərinin kobud şəkildə pozulduğu, beynəlxalq terrorizm təhlükəsinin artdığı, dövlətlərin daxili işlərinə müdaxilə edildiyi, qonşu regionlarda toqquşmaların davam etdiyi, yeni münaqişə ocaqlarının yarandığı, geosiyasi çətinliklər, eləcə də erməni lobbi dairələri və onları dəstəkləyən qüvvələrin Azərbaycana qarşı apardıqları dezinformasiya, təxribat kampaniyaları şəraitində müstəqil xarici siyasət həyata keçirir.

2017-ci ildə də Ermənistanın Azərbaycana qarşı təcavüzü və Azərbaycan ərazilərinin işğalını davam etdirməsi ölkəmizin təhlükəsizliyi üçün ən başlıca təhdid olaraq qaldı. Ermənistanın Azərbaycan ərazilərinin işğalına əsaslanan mövcud status-kvonu saxlamaq məqsədilə siyasi və hərbi təxribatlar törədərək danışıqlar prosesini pozmaq cəhdləri nəticəsində münaqişənin siyasi yolla nizamlanmasında irəliləyişə nail olmaq mümkün olmadı. Bununla belə, Azərbaycanın siyasi-diplomatik təzyiqləri nəticəsində ümumilikdə düşmənin bu cəhdlərinin qarşısı alındı və Ermənistan danışıqlar masasına oturmağa məcbur edildi.

Bu təxribatlara misal olaraq ötən il fevralın 20-də Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimdə “konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı” qanunsuz referendumun keçirilməsini göstərmək olar. Azərbaycanın səyləri nəticəsində bu “referendum” beynəlxalq ictimaiyyət tərəfindən rədd edildi, bir daha Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə olundu.

İyun və iyul aylarında da Ermənistan hərbi təxribatlara əl atdı, qoşunların təmas xətti boyunca vəziyyəti gərginləşdirməyə çalışdı. Bunun nəticəsi olaraq iyulun 4-də Azərbaycanın işğal edilmiş Füzuli rayonunun Alxanlı kəndində mülki şəxslər – 51 yaşlı Sahibə Allahverdiyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyeva düşmən gülləsindən öldü, 52 yaşlı Sərvinaz Quliyeva isə ağır yaralandı. Bu, Ermənistanın münaqişənin siyasi həllində maraqlı olmadığını, belə təxribatlar vasitəsilə danışıqları pozduğunu, həmçinin cəzasız qaldığını görərək yeni hərbi avantüralara əl atdığını bir daha nümayiş etdirdi.

Lələ Təpənin düşməndən alınması ilə ötən il Cocuq Mərcanlı kəndinin bərpasına başlanması hələ 2016-cı ilin aprel döyüşlərində məğlub olaraq özünə gələ bilməyən ermənilərə növbəti ağır zərbə oldu. Əslində, bununla Azərbaycan Ermənistan kimi dağıtmaqda deyil, qurub yaratmaqda, sabitlikdə maraqlı olduğunu bir daha sübut etdi.

Yanvarın 24-də Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasına 4 milyon manat ayrıldı. İlkin mərhələdə 10 hektar ərazidə geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparıldı, ümumi sahəsi 3850 kvadratmetr olan 50 fərdi yaşayış evi, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edildi, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkildi.

İyunun 14-də Böyük Qayıdışın başlanğıcı olan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası başa çatdı. Azərbaycan Prezidenti İlham Əliyev yenidən qurulan Cocuq Mərcanlı kəndində görülən işlərlə tanış oldu, sakinlərlə görüşdü.

Dövlət başçısının 15 iyun tarixli sərəncamına əsasən isə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən 100 fərdi yaşayış evinin, uşaq bağçasının, həkim məntəqəsinin, digər zəruri sosial və infrastruktur obyektlərinin tikintisi məqsədilə 9 milyon manat ayrıldı.

Oktyabrın 16-da ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirildi. Bu, yuxarıda qeyd edildiyi kimi, danışıqlarda tərəf qismində qondarma rejimin iştirak etməli olduğunu şərt kimi irəli sürən Ermənistanın məhz özünün münaqişə tərəfi kimi danışıqlar masasına oturmağa vadar edilməsi idi. Azərbaycan və Ermənistanın xarici işlər nazirləri və həmsədrlərin birgə bəyanatında danışıqların müsbət ab-havada keçdiyi qeyd olundu, intensiv və substantiv əsasda danışıqların davam etdirilməsi üçün nazirlər qarşısında tapşırıqlar qoyuldu. Bundan sonra noyabrın 14 və 16-da Moskvada Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Minsk qrupunun həmsədrləri ilə görüşləri keçirildi. Dekabrın 6-da isə nazirlərinin görüşü ATƏT-in Vyanada keçirilən Nazirlər Şurasının iclası çərçivəsində baş tutdu. XİN rəhbərlərinin növbəti görüşünün bu ay keçiriləcəyi gözlənilir.

Ümumiyyətlə, rəsmi Bakı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların intensiv, substantiv və konkret əsasda aparılmasını dəstəkləyir. Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Helsinki Yekun Aktı əsasında münaqişənin tezliklə həll edilməsi və həmsədr ölkələrin dövlət başçıları səviyyəsində dəfələrlə bəyan edilmiş qəbuledilməz və qeyri-davamlı olan status-kvonun dəyişdirilməsi üçün səylərini davam etdirəcəyini bəyan edir.

2017-ci ildə erməni işğalı və təcavüzü, bunun ağır sosial-humanitar nəticələri, işğal olunmuş ərazilərimizdə qanunsuz əməllər beynəlxalq gündəliyə də çıxarıldı.

Mart ayında Prezident İlham Əliyevin iştirakı ilə İqtisadi Əməkdaşlıq Təşkilatının İslamabadda keçirilmiş 13-cü sammitinin yekun bəyanatında ECO regionunda həll edilməmiş münaqişələrin, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinin iqtisadi inkişafa, regional və daha geniş əməkdaşlığa ciddi şəkildə maneə olduğu ifadə olundu, belə münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin ərazi bütövlüyü və suverenliyi əsasında tezliklə həll edilməsinin vacibliyi bildirildi.

10-11 iyulda Abican şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 44-cü sessiyasında “Ermənistanın Azərbaycana qarşı təcavüzü”, “Xocalı qətliamının qurbanları ilə həmrəylik”, “Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam tarixinə və mədəniyyətinə aid abidələrin dağıdılması” adlı qətnamələr qəbul edildi.

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 21-də BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxış edərək Ermənistanın Azərbaycana qarşı təcavüzü, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Azərbaycanın prinsipial mövqeyini və strateji baxışını beynəlxalq ictimaiyyətin diqqətinə təqdim etdi. Həmçinin, BMT Baş Assambleyasının 72-ci sessiyasının gündəliyinə GUAM ərazisində həlli uzadılmış münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün təsirləri adlı bənd daxil edildi. Bu sessiya çərçivəsində Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin iştirakı ilə İƏT-in Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı Təmas Qrupunun ikinci iclası keçirildi.

Qeyd etmək lazımdır ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 822(1993), 853(1993), 874(1993) və 884(1993) qətnamələri beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüququn müvafiq prinsipləri əsasında münaqişənin həlli üzrə siyasi prosesin əsasını təşkil edən hüquqi çərçivəni müəyyən edir, Azərbaycan ərazilərinin işğalını pisləyir, güc tətbiq edərək ərazi əldə edilməsinin qəbuledilməzliyini vurğulayır, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını təsdiq edir və işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. BMT Təhlükəsizlik Şurası qətnamələrinin vaxt məhdudiyyəti yoxdur, hər zaman qüvvədədir.

Noyabrın 24-də Prezident İlham Əliyevin iştirakı ilə Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı sammitinin yekun Birgə Bəyannaməsində Azərbaycan daxil olmaqla bütün üzv ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinin dəstəklənməsinə dair Aİ-nin öhdəliyi, həmçinin regiondakı münaqişələrin beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq həll olunması üzrə vahid mövqe əks olundu. Dekabrın 13-də Avropa Parlamentinin qəbul etdiyi “Vahid xarici siyasət və təhlükəsizlik siyasətinin həyata keçirilməsinə dair illik hesabat” qətnaməsi də Aİ-nin Şərq Tərəfdaşlığı dövlətlərinin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsinə dair öhdəliyinə sadiq olduğunu bir daha təsdiq etdi. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, Şərq Tərəfdaşlığı sammitində yekun Bəyannamənin qəbul edilməsi Azərbaycanın böyük diplomatik nailiyyəti idi.

Noyabrın sonlarında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının Kiyevdə keçirilən 50-ci sessiyasında qəbul edilən bəyannaməyə Ermənistan nümayəndə heyətinin etirazı nəticəsiz qaldı. Belə ki ki, bəyannamədə quruma üzv ölkələrin ərazi bütövlüyünün bərpa edilməsi, işğal altında olan torpaqların ərazi bütövlüyü çərçivəsində azad edilməsi ilə bağlı bənd öz əksini tapdı. Bu, Ermənistanın QDİƏT-in sessiyasında iştirak edən nümayəndə heyətini razı salmadı və ermənilər həmin bəndin çıxarılmasını tələb etsələr də, əksəriyyət bu bəndin bəyannamədə əksini tapmasına razılığını bildirdi.

Dekabrın 12-də Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə Ermənistan hökumətinin münaqişə zamanı vurulan maddi və mənəvi ziyana görə qeyd olunan məhkəmə işinin hər bir iddiaçısına müvafiq maddi təzminatı ödəməsinə dair yekdil qərar qəbul edildi. Bu qərarla Azərbaycana qarşı təcavüz törədən, məsuliyyət daşıyan tərəfin məhz Ermənistan olduğu bir daha təsbit edildi.

Ötən il də Xocalı soyqırımı bir sıra xarici ölkələr tərəfindən tanınıb. Cibuti Milli Assambleyası (parlament) plenar iclasında mütləq səs çoxluğu ilə Xocalı soyqırımına dair qətnamə qəbul etdi. Kolumbiya Senatının Xarici əlaqələr komissiyası Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar sənəd qəbul etdi. Paraqvay Deputatlar Palatası 1992-ci ildə Azərbaycanın Dağlıq Qarabağ regionunun Xocalı şəhərində törədilmiş soyqırımın pislənilməsi və 25-cı ildönümünün anılması münasibətilə həmrəyliyin ifadə edilməsi barədə bəyanat qəbul etdi. ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatası Xocalı soyqırımının tanınmasına dair bəyannamə qəbul etdi.

Bundan başqa, 2017-ci ildə Ermənistanın əcnəbi vətəndaşları aldadaraq Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən tədbirlərə cəlb etməsinin qarşısı alınıb, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən, ərazi bütövlüyümüzün pozulmasına açıq çağırış edən və işğal olunmuş ərazilərdə yaradılmış qondarma rejimi təbliğ edən bəzi əcnəbi fiziki şəxslərə qarşı hüquqi təqib xarakterli addımlar atılıb və adları arzuolunmaz şəxslər siyahısına daxil edilib. Həmçinin, erməni lobbisinin dəstəyi ilə Avropa ölkələrində Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təbliği məqsədilə keçirilməsi planlaşdırılan bir sıra tədbirlərin qarşısı alınıb.

Azərbaycan Ordusunun gündən-günə güclənməsi, 2017-ci ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səmərəli fəaliyyət, Ermənistanın Azərbaycanın həyata keçirdiyi irimiqyaslı iqtisadi layihələrdən kənarda qalması, rəsmi Bakının dünyada nüfuzunun artması, Ermənistanda həyat şəraitinin getdikcə ağırlaşması və digər amillər düşmənin işğalçılıq siyasətini çox davam etdirə bilməyəcəyini, Azərbaycanın münaqişəni öz xeyrinə həll edəcəyini deməyə əsas verir.

Bəxtiyar Hacıyev – Trend


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-06-2018
19-06-2018
19.06.2018 Neft ucuzlaşıb
19.06.2018 Astarada faciə
18-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.704 san