10:11 17 Yanvar 2018
535 dəfə oxunub
Çap versiyası
...

İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı, qlobal informasiya cəmiyyətinin formalaşması milli və beynəlxalq aləm üçün imkan və yeniliklər gətirməklə yanaşı, təhlükəsizlik mühiti üçün yeni problemlər yaradır. Bu səbəbdən dövlətin informasiya təhlükəsizliyi müasir beynəlxalq münasibətlərin əsas problemlərindən birinə çevrilir.

Dövlətin qarşısına qoyduğu qlobal informasiya sahəsinin sürətli inkişafına səbəb olan təhlükələr sırasında informasiya terrorizmi və cinayətkarlığını, həmçinin, dövlətlərarası informasiya mübarizəsini qeyd etmək lazımdır. İnternet medianın geniş yayılması ilə sosial şəbəkələr, informasiya təhlükəsizliyi və xarici siyasət sahəsi informasiya fəaliyyətinin yeni aspektləri ilə zənginləşdi.

Müasir dövrü haqlı olaraq informasiya əsri adlandırırlar. Yeni texnologiyalar, qlobal kommunikasiya şəbəkəsi həyatımızın demək olar, bütün fəaliyyət sahələrini əhatə edir. Onlar insanların həyat keyfiyyətini dəyişir, iqtisadiyyat və humanitar məkanın qloballaşmasına köməklik göstərir.

Eyni zamanda, informasiya sahəsində mövcud olan risklər və təhlükələri də nəzərə almaq lazımdır. Aydındır ki, ayrı-ayrı ölkələr qlobal informasiya məkanında həm iqtisadi, həm də hərbi-siyasi məqsədlərinə çatmaq, öz maraqlarını təmin etmək üçün informasiya sistemlərindən fəal istifadə etməyə çalışırlar.

Son dövrlərdə qlobal şəbəkələrdə terror və ekstremist yönümlü materiallar açıq şəkildə yayılır. Məsələn, informasiya texnologiyalarından yararlanmaqla kredit-maliyyə müəssisələrinin korporativ şəbəkələrinə qeyri-qanuni daxil olaraq törədilən cinayətlərin, eləcə də dini ekstremist çağırışlar edən, məzhəblərarası və konfessiyalararası münasibətlərə ciddi zərbə vuracaq təhrikedici materialların sayı artıb.

İnternetin Azərbaycan seqmentinin dayanıqlığı və təhlükəsizliyini təmin etmək vacibdir. Burada söhbət internet şəbəkəsinə çıxışı məhdudlaşdırmaqdan, total nəzarət altına almaqdan, insanların qanuni haqlarını, ictimai təşkilatların, biznes və informasiya sahəsində mənafelərini məhdudlaşdırmaqdan getmir. KİV azadlığı, vətəndaşların məlumat almaq və yaymaq hüququ hər bir demokratik dövlətin və cəmiyyətin, eləcə də istənilən demokratik hakimiyyətin idarəetmədə baza prinsiplərini təşkil edir.

Həmçinin, dövlət vətəndaşları artıq qeyd etdiyim bu risklərdən qorumağa borcludur, o cümlədən bunun üçün dünyanın bir çox ölkələrində tətbiq olunan təcrübədən də istifadə etmək vacibdir. Ayrı-ayrı internet saytlarında terrorizm və ekstremizm, ksenofobiya və dini düşmənçilik təbliğatı aparılır, uşaq pornoqrafiya görüntüləri qlobal şəbəkədə yerləşdirilir, intihar aktı və ya narkotik hazırlamaq haqqında ətraflı danışılır ki, buna göz yummaq, biganə qalmaq mümkün deyil. Bu faktlar bir daha göstərir ki, bu sahəyə dövlət nəzarətinə xüsusi ehtiyac var və internet üzərindən yayılan zərərli təbliğat-təşviqatın qarşısının alınması üçün preventiv tədbirlər görülməlidir.

Müasir şəraitdə mətbuat, radio və televiziya ölkənin informasiya təhlükəsizliyinin təmin edilməsində, eləcə də əhalinin və indiki müharibə şəraitində hərbçilərin mənəvi ruh yüksəkliyinin, psixoloji durumunun qorunub saxlanmasında, bütövlükdə ictimai rəyin formalaşdırılmasında mühüm amildir. Bir çox hallarda müharibə şəraitində olan ölkədə informasiya dəstəyi olmadan hərbi əməliyyatlar aparılması, əslində, cəmiyyətdə gözlənilən təsiri və reaksiyanı vermir.

İnformasiya siyasəti hər bir cəmiyyət və dövlət təsisatları kimi, xüsusi yaradılmış orqanlar tərəfindən həyata keçirilir. İnformasiya sahəsində siyasətin təşkili və idarəetmənin əsas institutunu qanunvericilik, icra və məhkəmə hakimiyyəti təşkil edir. Dini ekstremizm və beynəlxalq terrorizm mənbəyi olan informasiya təhlükələrinə qarşı mübarizə mexanizminin təşkilati komponentləri dövlət orqanları hesab olunmalıdır.

Dövrümüzdə dini ekstremistlərin təhlükə mənbəyi olduğu informasiya təhdidlərinə qarşı mübarizənin səmərəliliyinin artırılması prioritet vəzifəyə çevrilir. Cəmiyyət həyatının bu və ya digər sahəsində, eləcə də hərbi-siyasi məqsədlərə səmərəli şəkildə nail olunması və qarşıya qoyulan vəzifələrin uğurlu həlli üçün dövlətin siyasi, hüquqi, iqtisadi, elmi-texniki, mənəvi-əxlaqi, informasiya, hərbi və digər ehtiyatlarından kompleks istifadə yalnız informasiya təhlükəsizliyinin təmin olunduğu şəraitdə mümkündür.

Son onilliklər ərzində beynəlxalq terrorizm, bəlkə də, dünyada baş qaldıran gərginliklərin əsas mənbəyi olub. Siyasi hakimiyyətə can atan ekstremistlər, ilk növbədə guya maraqlarını qoruduqları etnik və dini qrupların dəstəyinə ümid edirlər. Ən acınacaqlısı odur ki, onlar bəzən maliyyə vəsaiti şəklində, bəzən də siyasi lobbiçilik səviyyəsində dəstək alırlar. Nəticədə radikal fanatik qüvvələr bəzi hallarda de-fakto hakimiyyətə gəlirlər. Məsələn, Liviyada, Əfqanıstanda və Kosovoda belə bir təcrübə yaşandı. Bu gün planetin müxtəlif regionlarında qanuni hakimiyyəti devirmək cəhdləri davam etdirilir.

Azərbaycan Respublikasında mövcud dini durumu təhlil edərkən əvvəlcə "dini vəziyyət''in mahiyyətini açıqlamaq lazımdır. Qeyd etmək lazımdır ki, ciddi elmi-nəzəri mənbələrin heç birində bu anlayışın konkret izahı yoxdur. Dini vəziyyətə özündə müəyyən dövr ərzində cəmiyyətin sakral və sekulyar proseslərini xarakterizə edən şərtlərin məcmusu və sosial-siyasi vəziyyətin müxtəlifliyi kimi baxmaq olar.

Dini sahədə informasiya mübarizəsi aparmaq aşağıdakı şəkildə ortaya çıxa və informasiya məkanına təsir göstərə bilər (müxtəlif dövlətlərin timsalında):

– Müxtəlif konfessiyalar (İslam, Xristianlıq, Yəhudilik) arasında;

– Ənənəvi dinlər və qeyri-ənənəvi dini cərəyanlar arasında;

– Qeyri-ənənəvi dini qrupların öz aralarında (vəhhabilər, xəvariclər);

– Bir konfessiyanın müxtəlif cərəyanları və ya məzhəbləri, məsələn, Rusiya Federasiyasının Dağıstan vilayətində təriqətçilər və vəhhabilər arasında;

– Dövlət və ictimai təhlükəli dini hərəkatlar (indiki halda ənənəvi dinlərin ruhaniləri dövlət tərəfində çıxış edirlər) arasında;

– Dünyəvi hakimiyyətlə hakimiyyətə iddialı dini təşkilatlar arasında (Tatarıstanda islamçılar, Tacikistanda radikal dini qruplar, Qırğızıstanda "Təbliğ camaatı'' və s.);

– Totalitar sektaların fəaliyyətindən zərər çəkmiş insanlar və tərəfdarları arasında (Aum Sinrike-Satanist kultlu yapon təriqətinin fəaliyyəti).

Dini ekstremistlərin və təhlükəli dini hərəkatların informasiya təhdidlərinə qarşı mübarizə mexanizminin təkmilləşdirilməsi günümüzün ən vacib məsələlərindən biridir. Azərbaycanda informasiya təhlükəsizliyi cəmiyyətin siyasi stabilliyinin möhkəmlənməsinə və informasiya azadlığının təmin olunmasına yönəlib.

Sözsüz ki, Azərbaycanın informasiya sahəsində təhlükəsizliyinin təmin olunması üçün son illər bir sıra mühüm addımlar atılıb. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası qəbul edilib. Konsepsiyaya əsasən, Azərbaycan Respublikasının təhlükəsizlik mühiti deyildikdə, onun suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, milli maraqları, davamlı inkişafı, əhalisinin rifah və dəyərlərinin qorunmasına təsir edən amillərin məcmusu başa düşülür.

İnsan hüquqları, şəxsi həyatın toxunulmazlığı, müstəqil iqtisadi siyasət hüququnun pozulması dövlətlərin suverenliyinin birbaşa pozulması hesab olunmalıdır. Milli təhlükəsizliyin əsas komponentləri Konsepsiyanın "Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlər'' bölməsində geniş izah olunub. Bölmədə respublikamızın milli təhlükəsizliyinə təhdidlərdən söz açılır və bu təhdidlər "Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu əleyhinə qəsdlər'', "Qanunun aliliyinə nail olunması, ictimai asayişin qorunması və insan hüquq və əsas azadlıqlarının müdafiəsi sahəsində dövlət funksiyalarını yerinə yetirməyə qarşı fəaliyyət'', "Separatçılıq, etnik, siyasi və dini ekstremizm'', "Terrorçuluq və kütləvi qırğın silahlarının yayılması'', "Regional münaqişələr və transmilli mütəşəkkil cinayətkarlıq'', "Azərbaycan Respublikasının enerji infrastrukturuna qarşı fəaliyyət'', "Xarici siyasi, hərbi və ya iqtisadi asılılıq'', "İqtisadi qeyri-sabitlik'', "Peşəkar insan ehtiyatlarının çatışmazlığı'', "Regional hərbiləşdirmə'' və "Ekoloji problemlər'' adları altında qruplaşdırılır.

İnformasiya təhlükəsizliyinin möhkəmləndirilməsi Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasında mühüm uzunmüddətli vəzifələri sırasında göstərilir. İnformasiya təhlükəsizliyinin rolu və onun yeri ölkənin milli təhlükəsizlik sistemində müəyyən edilir.

İnformasiya siyasəti dövlətin təhlükəsizlik siyasəti Konsepsiyasına uyğun olaraq informasiya sahəsində Azərbaycanın milli maraqlarını əks etdirən məqsədlərinin məcmusunu özündə əks etdirir. Dövlətin informasiya təhlükəsizliyi özündə müxtəlif amillərin təsiri altında formalaşan və fəaliyyət göstərən sistemi ehtiva edir.

Dövlətin informasiya təhlükəsizliyi siyasətinə etnosiyasi, milli, dini, iqtisadi, ekoloji və digər amillər təsir göstərir. Bu faktorlar təsir gücünə görə eyni deyil.

İnformasiya təhlükəsizliyi Azərbaycan Respublikasının milli təhlükəsizliyinin tərkib hissələrindən biri kimi cəmiyyətin və dövlətin həyatının müxtəlif sahələrində milli maraqların müdafiəsini ön plana çəkir.

Söhbət fövqəladə hallar şəraitində informasiya və telekommunikasiya sistemlərində, ümumdövlət, müdafiə sahəsində, hüquq-mühafizə və məhkəmə, iqtisadiyyat, daxili və xarici siyasət, elm və texnika sahələrində dövlətin informasiya təhlükəsizliyinin təmin edilməsindən gedir.

İnformasiya təhlükəsizliyi ölkə vətəndaşlarının maraqlarının və tələbatlarının, ictimai təsisatların və müəssisələrin, dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin təmin edilməsi üçün zəruri olan inkişafı, səmərəli fəaliyyət göstərməsini və kifayət qədər yüksək səviyyədə müdafiəsini nəzərdə tutur.

Bu mənada informasiya təhlükəsizliyinə din faktorunun təsirini araşdırmaq üşün bir neçə məqamı xüsusi araşdırmağa ehtiyac duyulur:

– Kütləvi informasiya vasitələri və dövlətin informasiya təhlükəsizliyinin təmin olunması sahəsində fəaliyyətin əlaqələndirilməsi üzrə dünyadakı mövcud tendensiyaları müəyyən etmək;

– Dinlər arasında qarşılıqlı, eləcə də ənənəvi və yeni dini cərəyanlar, dini ekstremizm və ehkamlar arasında əlaqələrin səviyyəsini müəyyənləşdirmək;

– Dövlətin informasiya siyasətinin formalaşması, dinin informasiya təhlükəsizliyi sisteminə təsir mexanizmini və xüsusiyyətlərini, istiqamətlərini və həddini müəyyən etmək;

– Dindən istifadə edərək milli düşmənçilik və konfessiyalararası münaqişələrin qızışdırılması məqsədilə yayılan informasiya təhlükələrinin mənbələrini aşkarlamaq;

– Müxtəlif konfessiyalar arasında dini zəmində etnosiyasi münaqişələrin informasiya mübarizəsinə keçməsi ehtimalını müəyyən etmək;

– Dövlətin ictimai təhlükəli dini hərəkatlar və dini ekstremist qruplar tərəfindən informasiya təhlükələrinə qarşı mübarizə mexanizminin təkmilləşdirilməsi istiqamətlərini müəyyən etmək.

Qərbin inkişaf etmiş dövlətlərində din amilinin milli təhlükəsizliyə təsiri problemlərinə həsr olunmuş araşdırmalar göstərir ki, xarici müəlliflər öz ölkələrinin milli təhlükəsizliyinə və dünyada stabilliyə əsas təhlükə qismində "İslam terrorizmi''ni və "İslam ekstremizmi''ni görürlər. Bu nəticə isə beynəlxalq aləmdə İslamla bağlı yanlış fikir formalaşmasından qaynaqlanır. Halbuki, heç bir din, yüksək bəşəri dəyərləri, əxlaqi-mənəvi keyfiyyətləri özündə əks etdirən inanc sistemi terrorizm və ekstremizm üçün istinad mənbəyi ola bilməz.

Müsəlman ölkəsi kimi Azərbaycan Respublikasının milli və dini müxtəliflik mənzərəsi olduqca zəngindir. Məhz bu amil, eyni zamanda, informasiya təhlükəsizliyi sahəsindəki həssaslığı, milli informasiya resurslarının qorunmasının vacibliyini önə çəkir və bu sahədə mümkün təhdidlərin qarşısının alınmasında effektli tədbirlərin gücləndirilməsini zəruri edir.

Yaqut Əliyeva


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
23-02-2018
23.02.2018 Qızıl ucuzlaşdı
23.02.2018 Neft ucuzlaşıb
22-02-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4277 san