11:52 25 Yanvar 2018
3078 dəfə oxunub
Çap versiyası
...

Müasir dövrümüzdə beynəlxalq münaqişələrin ən geniş yayılmış növü etnosiyasi münaqişələr hesab olunurlar. Etnosiyasi münaqişələr, bir qayda olaraq, maddi və mənəvi resursların bölüşdürülməsi uğrunda gedən geosiyasi mübarizədir. İkinci Dünya Müharibəsindən sonra çoxsaylı humanitar təşkilatlar etnik əsaslı beynəlxalq hərbi münaqişələrin baş verməsinin qarşısını almaqdan ötrü çalışmağa başladılar, lakin çoxsaylı insan ölümlərinə, böyük ekoloji, siyasi və iqtisadi problemlərə səbəb olan münaqişələrin sayı nəinki azalmadı, əksinə artmağa başladı. Bu səbəbdən etnosiyasi münaqişələrin öyrənilməsi və qarşısının alınması məsələsi çox aktual və çox müzakirə olunan bir məsələdir. Məqalədə etnik münaqişələrin öyrənilməsinin həm nəzəri aspektləri əks olunmuş, həm də müasir dünya siyasətinə olan təsirləri nəzərdən keçirilmişdir.
Bəşəriyyət tarixi münaqişələr və müharibələrin gedişi ilə inkişaf edir və dəyişir. Baxmayaraq ki, siyasi və yaxud ideoloji münaqişələrin baş vermə ehtimalı həmişə mümkündür, müasir dövrdə etnosiyasi münaqişələr daha aktual xarakter daşıyır və daha çox danışılır. İkinci Dünya Müharibəsindən sonra çoxsaylı humanitar təşkilatlar etnik əsaslı beynəlxalq hərbi münaqişələrin baş verməsinin qarşısını almaqdan ötrü çalışmağa başladılar, lakin çoxsaylı insan ölümlərinə, böyük ekoloji, siyasi və iqtisadi problemlərə səbəb olan münaqişələrin sayı nəinki azalmadı, əksinə artmağa başladı. İkinci Dünya Müharibəsindən sonrakı dövrdə baş vermiş vətəndaş müharibələrinin böyük əksəriyyəti etnik muxtariyyət və ya müstəqillik naminə aparılmışdır. 1950-ci illərdən başlayaraq etnik münaqişələrin sayı sürətlə atrmağa başladı və 1993-1994-cü illərdə özünün ən yüksək nöqtəsinə çatdı.
[4, s 2]
Müxtəlif etnik münaqişələrin dinamikasını və onların idarəolunma və nizamlanma strategiyalarının mümkünlüyünü anlamaqdan ötrü ilk öncə etnik azlıqları bir-birlərindən fərqləndirmək lazımdır. Etnik azlıqları 3 növə bölmək olar:
1) xarici azlıqlar, yəni bir dovlətin ərazisində yaşayan, amma digər dövlətin (çox vaxt qonşu dövlətin) titullu xalqı ilə etnik qohumluq təşkil edən etnik azlıqlar (məsələn, Kosovada yaşayan albanlar, Rumıniya və Slovakiyada yaşayan macarlar, Mərkəzi və Şərqi Avropada, Cənubi Tirolda, Belçikada, Danimarkada və Fransada yaşayan almanlar və s.);
2) transmilli azlıqlar, yəni vətənləri bir neçə dövlətin ərazisinə düşən, lakin bu dövlətlərin heç birində titullu xalq olmayan etnik azlıqlar (məsələn, İspaniya və Fransada basklar və katalonlar);
3) yerli azlıqlar, yəni bir dövlət daxilində öz tarixi vətənlərində yaşayan, lakin titullu xalq olmayan etnik azlıqlar (məsələn, İspaniyada qallar, Fransada korsikalılar və bretonlar və s.). [10, s 2-3]
Etnik azlıqlar məsələsinə ilk sistematik beynəlxalq yanaşma Birinci və İkinci Balkan Müharibələri dövründə meydana gəldi və Birinci Dünya Müharibəsindən sonra daha da genişləndi. Birinci Dünya Müharibəsindən sonra yaranan Millətlər Liqası azlıqların hüquqlarına, xüsusilə də, onların dil, təhsil və siyasi təmsil olunma məsələlərinə çox diqqətlə yanaşmağa başladı. Lakin Millətlər Liqası yeni müstəqillik əldə etmiş mandat ərazilərində etnik məsələlərin siyasiləşməsinin qarşısını ala bilmədi. [4, s 4]
İkinci Dünya Müharibəsindən sonra etnik münaqişələrə qarşı Qərbin siyasəti kökündən dəyişdi. Əgər Millətlər Liqası dövründə “azlıqların hüquqları” müdafiə olunurdusa, İkinci Dünya Müharibəsindən sonra yeni hegemon dövlət olan ABŞ insan hüquqlarının müdafiəsini daha çox təbliğ etməyə başladı. Bundan əlavə, Soyuq Müharibə dövründə kommunizm və kapitalizm cəbhələrinə ayrılmış dövlətlərdə azlıqların hüquqları, etnik ixtilaflar elə də önəmli məsələlərdən hesab olunmurdu və vahid düşmənə qarşı birləşmiş millətlər öz aralarında olan problemləri ikinci plana atmışdılar. Soyuq Müharibənin bitməsindən sonra Qərbin siyasi düşüncəsi etnik münaqişələrə müəyyən qədər fərqli yanaşmağa başladı. İlk öncə Qərb öz kapitalı vasitəsiylə inkişaf etməkdə olan ölkələrə siyasi və hərbi müdaxilələr etməyə başladı, xüsusən də post-kommunist ölkələrinə demokratiya, bazar iqtisadiyyatı, qanunun aliliyi və s. kimi dəyərlərin inkişafı və müdafiəsi altında aparılan siyasi müdaxilələr geniş vüsət aldı. Bu islahatların uğurla həyata keçirilməsi üçün isə etnik münaqişələrin olmadığı siyasi sabit mühitin mövcudluğu vacib şərt idi. Bundan əlavə, Balkanlar, İraq, Türkiyə, Şri-Lanka, Efiopiya və s. ərazilərdə baş verən etnik müharibələr çoxsaylı qaçqınların Qərbə tərəf üz tutmalarına səbəb olurdu ki, bu da Qərbdə terrorizm, miqrantlar və s. problemlərlə nəticələnirdi. BMT, NATO, Avropa Şurası, ATƏT kimi beynəlxalq təşkilatlar, bir sıra qeyri-hökumət təşkilatları, bir çox dövlətlər etnik münaqişələrin qarşısının alınması, yumşaldılması və ya sülh yolu ilə tənzimlənməsi üçün müxtəlif siyasi yanaşmalar işləyib hazırlamağa başladılar.
Etnosiyasi münaqişələrin sayının artması prosesinə paralel olaraq bu münaqişələri anlamaq və araşdırmaq prosesi də inkişaf etməyə başladı. Belə ki, son onilliklərdə, xüsusən də Soyuq Müharibə bitdikdən sonra dövlətlər və beynəlxalq təşkilatlar etnosiyasi münaqişələri qlobal miqyaslı təhlükəsizlik problemi kimi görməyə başladılar və etnik münaqişələrin tənzimlənməsinə dünyada sülh, sabitlik və insan haqlarının qorunmasının təbliği kimi yanaşılmağa başlanıldı.
“Soyuq müharibə”nin başa çatması dünyanın hər yerində insanların rahat nəfəs almasına səbəb oldu, belə ki, o, nüvə və adi müharibələr riskini xeyli azaltdı, siyasi demokratiyanın və iqtisadi liberallaşmanın genişlənməsinə rəvac verdi. Amma bundan sonra keçmiş Yuqoslaviyada və sabiq Sovet İttifaqının Cənubi Qafqaz bölgələrində etnik münaqişələrin artması böyük təəccüb və məyusluq doğurdu. “Soyuq müharibə” zamanı qarşı-qarşıya duran ideoloji düşərgələrdə üst-üstə düşən azsaylı düşüncələrdən biri din, dil və ya irqi əsasda münaqişələrin qəbuledilməzliyi idi. Rəsmi kommunist ehkamı bəyan edirdi ki, sinfi mübarizə yeganə real mübarizədir, “bütün insanlar qardaşdır”, buna görə də macarlar və rumınlar bir-birlərinə qarşı inamsızlığa son qoymalı, bütün dünyanın zəhmətkeşləri varlı istismarçılara qarşı birləşməlidir. Liberal qərbdə isə, etnik münaqişələrə, 1 qayda olaraq, keçmişin təkrarlanması, faşistləri və nasistləri motivə edən bir şey kimi baxılırdı. Liberallarla marksistlər araasında siyasi və ya iqtisadi demokratiya, mətbuat və söz azadlığı, yaxud da maddi rifah nemətlərindən bərabər şəkildə faydalanma kimi daha vacib məsələlərdə kəskin fikir ixtilafları mövcud idi. Amma onların hər ikisi dini, yaxud mədəniyyət fərqliliyi səbəbindən müharibə etməyin kifayət qədər axmaqlıq olması, prinsipcə, Birinci və İkinci Dünya Müharibələrini məhz bu cür münaqişələrin doğurması, bu səbəblərin köhnəlmiş baxışları əks etdirməsi və onların daha müasir baxışlarla əvəz edilməsi fikri ilə bir çox cəhətdən razılaşırdı. NATO və Varşava Müqaviləsi Təşkilatlarının qarşıdurması dövründə etnik məsələlərlə məşğul olan müşavirlər hər iki düşərgədə kölgədə qalmışdılar.
Alman filosofu və siyasətçisi, marksizm və lelinizm nəzəriyyəsinin banisi Karl Marks proqnozlaşdırırdı ki, sinfi inqilabi mübarizə XX əsrdə bütün dünyanı dəyişəcək. Lakin, əksinə olaraq XX əsr etnik münaqişələr dövrü oldu. 1814-cü il Vyana konfransı və 1919-cu il Versal müqaviləsinin imzalanması arasında olan dövrdə milli azadlıq və ya muxtariyyət uğrunda aparılan müharibələr bu dövr ərzində baş verən bütün müharibələrin cəmi 1/5 hissəsini təşkil edirdi. Versal müqaviləsinin imzalanmasından 2001-ci ilə qədərki dövrdə isə etnomilli müharibələrin payı 45% idi. Soyuq müharibənin bitməsindən sonra isə bu rəqəm 75% oldu. [3, s 316]
Etniklik anlayışı kütləvi informasiya vasitələrində və beynəlxalq münasibətləri tədqiq edən müəlliflər tərəfindən həddindən artıq çox istifadə olunan bir anlayışdır. Bununla belə, çox az insan bu terminin dəqiq izahı və mənası ilə maraqlanır. Lakin bu çox vacib məsələdir, belə ki, bu anlayış müxtəlif etnik münaqişələrin izahı və şərhi üçün istifadə olunur. Ted Qarr qeyd edir ki, etnik qrup psixoloji birliyin bir parçasıdır. Yəni, onların vahid tarixləri, identiklikləri, mədəni dəyərləri, inamları, dilləri və ümumi “Ana Vətən”ləri vardır [6, s 5]. Digər bir müəllif Stuart Kaufmann yuxarda sadalanan xüsusiyyətlərə ümumi ad, eyni mənşədən gəlmə, ümumi adətlər və dərinin rəngi kimi xüsusiyyətləri də əlavə edib. [8, s 150]
Antoni Smitə görə, etnik identiklik 6 şərtlə müəyyən olunmalıdır:
1) Ad - ən vacib şərtdir, şəxsiyyəti tərənnüm edir.
2) Ümumi keçmiş – qrupun ayrı-ayrı şəxslərinin bir-birlərinə qarşı bağlılığını təmin edir.
3) Tarix- qrupa mənəvi ilham verir və qrupda vahid keçmiş və ortaq tale əhval-ruhiyyəsi yaradır.
4) Mədəniyyət - ən böyük kateqoriyadır, özündə geyim, yemək, musiqi, memarıq adət-ənənəsini və ən əsası din və dil faktorlarını birləşdirir.
5) Ərazi – etnik qrupun tarixən yaşadığı bölgəni nəzərdə tutur. Etnik qrup sürgündə yaşayarsa, ərazi anlayışı çox vaxt simvolik xarakter daşıyır.
Həmrəylik – qrup üzvləri arasında bağlılığın gücünü göstərir, qrupun birliyinin təcəssümüdür. [5, s 4]
Etnik münaqişə - ölkədaxili və ya ölkələrarası səviyyədə vətəndaş qarşıdurmasının bir formasıdır ki, bu qarşıdurmada tərəflərdən ən azı biri etnik icma adından çıxış edir və ya fəaliyyətini bu istiqamətdə müəyyənləşdirir. Etnosiyasi münaqişələr ideoloji və siyasi qarşıdurmanın əsasını təşkil edən etnik prinsiplərə görə yaradılmış müxtəlif sosial qrupların mübarizəsidir. [4, s 193]
Etnik münaqişələrin yaranmasının əsas səbəblərindən birini millətlərin qarşılıqlı ərazi iddiaları təşkil edir. Belə münaqişələr dövlətlərarası, regionlararası və yerli səviyyədə yaranır. Lakin etnosiyasi münaqişələrin yaranmasının əsas səbəbləri təkcə ərazi iddiaları deyil, siyasi status, müstəqillik, hakimiyyətdə təmsil olunma, maddi ehtiyyatlara sahib olma, dil azadlığı, din azadlığı, iqtisadi mənafelər və s. ola bilər.
Bir çox etnosiyasi münaqişələr özü-özlüyündə bir sıra geosiyasi faktorların cəmidir. Bu səbəbdən onları geoetnosiyasi münaqişələr kimi də nəzərdən keçirmək olar. Regional səviyyədə baş verən etnosiyasi münaqişələr müxtəlif etnomilli birliklərin maraqlarını təmsil edən siyasi institutlar arasındakı ziddiyyətlərin nəticəsidir. Müasir dövrdə etnosiyasi münaqişələr daha çox Avropa, Asiya və Yaxın Şərq regionlarında baş verir. Xüsusilə də, Priney yarımadasından başlayaraq Balkanlar və Qafqazdan keçən Tibet və İndoneziyada bitən geniş Avrasiya münaqişələr zolağını qeyd etmək lazımdır. Regional etnosiyasi münaqişələrin baş verdiyi digər bir region Afrika qitəsidir. Bu qitədə baş verən etnosiyasi münaqişələrin digərlərindən əsas fərqi ondadır ki, bu münaqişələr müstəmləkə ərazilərinin müstəmləkəçilikdən azadolunması prosesində yaranan ərazi problemləri səbəbiylə baş vermişdir.
İstənilən etnosiyasi münaqişə ilk öncə cəmiyyətdə müəyyən gərginliyin yaranması ilə başlayır. Etnoslararası gərginlik etnik cəmiyyətin elə bir psixoloji halıdır ki, etnosun maraqlarını, onun vəziyyətinin sabitliyini pozan və inkişafını ləngidən əlverişsiz şərait qarşısında etnosda yaranan birlik hissidir. Etnoslararası gərginlik halı nəinki münaqişələrin psixoloji aspektlərini əks etdirir, həmçinin etnosun öz maraqlarını müdafiə etməkdən ötrü bütün daxili və xarici resurslarını səfərbər etməsini stimullaşdırır. Etnoslararası gərginlik və etnosiyasi münaqişələr yalnız etnik sferanın varlığı ilə deyil, etnosferanın pozulmasına olan təhdidlərə görə baş verir. [1, s 42]
Etnosiyasi münaqişələr qədim dövrlərdən bəri baş versələr də, bu cür münaqişlələrin öyrənilməsinə bir qədər gec başlanmışdır. Bugünkü günümüzdə etnik münaqişələrin öyrənilməsi ayrıca bir elmi istiqamətə çevrilib. Çoxsaylı elmi jurnallar və tədqiqat mərkəzləri, institutlar, ayrı-ayrı politoloqlar etnik münaqişələr problemini araşdırırlar. Etniklik və etnosiyasi münaqişələr məsələsi bir çox nəzəriyyələr tərəfindən izah olunsa da, 3 yanaşma – primordialist, instrumentalist və konstruktivist yanaşma daha məşhurdur.
Primordializm. Primordialist yanaşmanın tərəfdarları etnikliyi çoxəsrlik tarixi təcrübə nəticəsində yaranan davamlı sosial fenomen kimi izah edirlər. Bu nəzəriyyə eyni zamanda fərdin əsas xüsusiyyəti kimi doğulduğu gündən bəri əldə edilən etnik kimliyi görür, etnikliyin üstünlüyünü və onun fərdin psixologiyasına təsirini vurğulayır. Primordializmə essensializm və ya substansionalizm də deyilir. Primordialist yanaşma etnosiyasi münaqişələrin səbəbini güclü avtoritar rejimlər daxilində hökm sürən “qədim düşmənçilik”də görür. Avtoritar rejim zəiflədikdə həmin “qədim düşmənçilik” yenidən baş qaldırır. Primordialist yanaşma tərəfdarları serb və xorvatlar arasındakı münaqişəni bu xalqların bir-birlərinə qarşı olan nifrətinin nəticəsi kimi izah edirlər və qeyd edirlər ki, Yuqoslaviyada Tito rejiminin zəifləməsi bu nifrətin yenidən alovlanmasına səbəb oldu. [2, s 189]
Primordialistlərə görə, etnik münaqişələrin əsas səbəbi cəmiyyətdə olan etnik kimliklərin fərqli olmasıdır. Hər bir fərd dünyaya gəldikdə öz etnik kimliyini qazanır və bunu nəsildən-nəsilə ötürür. Primordializmə görə, etnik kimlik dəyişməz və yaxud çox çətin dəyişilə bilən bir faktordur. Primordialist yanaşmanın tərəfdarı hesab edirlər ki, etnik münaqişələrin əsasında hökmranlıq altına düşmə, sürgün olunma və hətta nəslin yox olması təhlükəsi durur və bu qorxu etnosda zorakı hərəkətlərə, vəhşiliklərə səbəb ola biləcək dərin emosiyalar yaradır. Primordializmə görə, dünya tarixində ən faciəvi soyqırım sayılan 1994-cü il Ruanda soyqırımı, Yuqoslaviyada, Konqo Demokratik Respublikasında baş vermiş soyqırımlar, kütləvi qırğınlar, zorakılıqlar yalnız yüksək dərəcədə nifrət və düşmənçilik hissinin təsiri altında baş verə bilərdi. [7, s 147]
İnstrumentalizm. Antoni Smit qeyd edir ki, instrumentalist yanaşma 1960-1970-ci illərdə ABŞ-da məhşurlaşdı. Bu yanaşmada etniklik həlledici amil hesab olunmur. Bu yanaşmanın tərəfdarları etnik fərqliliyin bir çox münaqişələrin əsas hissəsi olmasını və bir çox insanın məhz bu fərqliliklər uğrunda mübarizə apardığını düşündüklərini inkar etmirlər, sadəcə olaraq, onlar hesab edirlər ki, etnik fərqliliklər bu münaqişələri izah etmək üçün kifayət etmir. Onlar inanırlar ki, etnik münaqişə müəyyən etnik qrupun digərinin hesabına əldə etdiyi üstünlüklər səbəbindən baş verir. Bu bərabərsizlik və diskriminasiya etnik qeyri-stabilliyin əsas səbəbidir. [9, s 158]
İnstrumentalizmə görə, etnik münaqişə etnik qruplar arasındakı münasibətlər siyasiləşdiriləndə və yaxud siyasi və sosial-iqtisadi üstünlüklər əldə etmək üçün etnik qrupun mənafelərinin digər etnik qrupun xeyrinə qurban veriləndə baç verir. İnstrumentalist yanaşma etnosiyasi münaqişələri xalqların arasında olan “qədim düşmənçilik” kimi deyil, xalqlararası rəqabət nəticəsində meydana gələn instrument və ya resurs kimi görür, etnikliyi münaqişələrin səbəbi hesab etmir. Bu yanaşmaya görə etnosiyasi münaqişələrin səbəbi etnik qrupların uyğunsuzluğu deyil, iqtisadi və ya təbii sərvətlər uğrunda gedən qruplararası rəqabətdir. İnstrumentalist yanaşmaya əsasən serb və xorvatlar arasındakı münaqişə siyasi liderlər tərəfindən bu iki etnik qrupu bir-birlərinə qarşı toqquşdurulmasının nəticəsidir. [2, s 189]
Konstruktivizm. Konstruktivizm ABŞ, Kanada və Avstraliya kimi emmiqrant ölkələrin etnopolitologiyasında daha geniş yayılmışdır. Kontruktivist nəzəriyyə etnik kimliyi müxtəlif vasitələr, o cümlədən işğal, müstəmləkəçilik və ya immiqrasiya nəticəsində formalaşmış bir sosial qrup hesab edir. Etnik kimlik sosial, iqtisadi və siyasi proseslər nəticəsində formalaşır. Konstruktivistlər hesab edir ki, hər bir cəmiyyətdə siyasətçilərin asanlıqla idarə edə biləcəkləri qruplar mövcuddur. Kontruktivistlərə görə etnik münaqişə konkret tarixi proseslərin məhsuludur və bu tarixi proseslər etnik qruplar arasındakı münasibətlər təsir edərək düşmənçiliyə səbəb olur. [7, s 149]
Konstruktivist yanaşma da instrumentalist yanaşma kimi hesab edir ki, etnik mənsubiyyət özü-özlüyündə münaqişələrə səbəb ola bilmir. Münaqişələrin baş verməsinin və böyüməsinin əsas səbəbi bu münaqişələrdən öz maraqları üçün istifadə edən hakimiyyət elitasıdır. [2, s 189]
Göründüyü kimi, etnik münaqişələrə dair bütün nəzəriyyələr münaqişələrə müxtəlif aspeklərdən yanaşsalar da, bu münaqişələrin destruktiv xarakterini və qarşısının alınmasının vacibliyini qeyd edirlər. Etnosiyasi münaqişələr və beynəlxalq terrorizm XXI əsrin ən böyük problemlərindəndir. Hər iki problem nəinki regional, həmçinin qlobal təhlükəsizlik üçün böyük təhdiddir. Bu səbəbdən etnosiyasi münaqişələrin öyrənilməsi, onların vaxtında qarşısının alınması dünyada sülh və təhlükəsizliyin qorunması üçün olduqca vacibdir.


Ədəbİyyat
1. А. Н. Асаул, М. А. Джаман, П. В. Шуканов “Этногеографические факторы глобализации и регионализации мира”. Санкт-Петербург 2010. 197s.
2. Тишков В.А., Шабаев Ю.П. “Этнополитология: политические функции этничности”. Москва 2011. 376s.
3. Andreas Wimmer, Brain Min, Lars-Erik Cederman. American Sosiological Review, 2009. Vol 74 april. 337s.
4. Andreas Wimmer “Facing ethnic conflicts: Toward a new realism. UK 2004. 384s.
5. Brown, Michael E. Ethnic Conflict and International Security. Princeton. Princeton University Press 1993. 288s.
6. GURR Ted R. / HARFF Barbara, Ethnic Conflict in World Politics, Boulder, Westview Press, 1994, 256 s.
7. How useful are the main excisting theories of ethnic conflict?” Academic Journal of İnterdisciplinary Studies, MCSER Publishing, Rome-Italy. Volume 4. N 1. March 2015. 508 s.
8. KAUFMAN, Stuart J., “An ‘international’ theory of inter-ethnic war” Review of International Studies (1996), Volume 22, 232s.
9. “The causes of ethnic conflict in Multi-ethnic societies”. World Scientific News. Author: Hossien Mohammadzadeh. Volume 42 (2016). 316 s.
10. Ulrich Schneckener, Stefan Wolff “Managing and Settling Ethnic Conflicts: Perspectives on Successes and Failures in Europe, Africa and Asia”. London 2004. 291 s.


Açar sözlər: etnik münaqişələr, etnik azlıqlar, etnoslararası gərginlik.

Ключевые слова: этнические конфликты, этнический меньшинства, межэтносная напряженность

Keywords: ethnic conflicts, ethnic minorities, interethnic tension

 

Резюме
Этнополитические конфликты как один из видов международных конфликтов
Хумай Тагиева
В наше время, самым распространенным видом международных конфликтов являются этнополитические конфликты. Этнополитические конфликты - это, как правило. геополитическая борьба за материальные и моральные ресурсы. После Второй Мировой Войны, большое количество гуманитарных организаций начали работу над предотвращением международных военных конфликтов на этнической основе, но количество конфликтов, приведших к большому количеству человеческих смертей, большим экологическим, политическим и экономическим проблемам, не только не уменшилось, но начало расти. По этой причине, задача изучения и предотвращения международных конфликтов является очень актуальной и обсуждаемой. В статье отражены как теоретические аспекты изучения этнических конфликтов, так и их влияние на мировую политику.

Summary
Ethnopolitical conflicts as the type of international conflicts
Humay Taghiyeva
Nowadays, ethnopolitical conflicts are the most widespread type of international conflicts. Ethnopolitical conflicts are as a rule geopolitical struggle for material and moral resources. After World War II large number of humanitarian organization started to work on prevention of international military conflicts on ethnic base. However, the number of conflicts that led to large number of human deaths and big ecological, political and economic problems not only did not decrease but started to grow. For this reason, the task of researching and preventing international conflicts is very actual and discussed. The article represents both theoretical aspects of ethnic conflicts and their influence on global politics.

 

"GEOSTRATEGİYA" jurnalı №06 (42) NOYABR-DEKABR 2017


Humay Tağıyeva
Bakı Dövlət Univeriteti



Şərh yaz




Enter Code*:

Son xəbərlər
Zəmanəmizin lideri
19:19 14.05/2018
 
Xəbər başlıqları
22-05-2018
22.05.2018 La Liqada yeni klub
22.05.2018 Neftin qiyməti

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.546 san