08:24 28 İyun 2014
8416 dəfə oxunub
Çap versiyası

(Hekayə)

Axır ki, arzuma çatmışdım. Həm 16 mərtəbəli bina tikib varlanacaqdım, həm də bir mərtəbəni özümə götürüb anamı, atamı, bacı-qardaşlarımı başıma yığacaqdım. Qaçqın həyatımıza beləcə son qoymaq fikrindəydim. Kənddə olduğu kimi yenə bir həyətdə,  qapıbir qonşu olacaqdıq. Hərəmizin də ayrıca mətbəxi, tualet-hamamı. Bir var ki, qışda-soyuqda qarı yara-yara evdən iyirmi addım aralıda olan ayaqyoluna gedib-gələsən. Bir də var ki, hər şey evin içində. Kranı da açacaqsan isti su gələcək. Atama söz vermişəm ki, mənzilinə “ceyran” peçi də qoyduracağam. Nə olsun ki, kombi var. Zavod çörəyini peçin üstünə qoyub qızdırmadın, ətri təndir çörəyi təki aləmi götürmədi, arasına yağ, “Üç inək” pendiri qoyub yemədin day o evin nə ləzzəti? Çaydan üstündə samovar kimi ahəstə qaynamadı, çay yavaş-yavaş dəm almadı day mən o mənzili neyləyirəm? Nə olsun ki, şəhərdir, 16-cı mərtəbədir, insan gərək kökündən ayrılmasın.

Pul məsələsini bankla həll etmişəm. Tikinti üçün sahə də ayırıblar. Əhmədlidə havası təmiz olan ərazidə yarım hektarlıq bir yerdir. Tikinti sahəsi yox e... bağ-bağat. İyirmi-iyirmi beş dənə otuz  illik şam ağacı yaxınlıqdakı xruşşovkalara boy verir. Gedəndə atamı da aparmışdım ki, bir ağsaqqal kimi xeyir-dua versin. Ağacları görən kimi ürəyi açıldı.

-         Bax, ay oğul, burda skameyka qoyarsan, besedka düzəldərsən, təndir salarıq, samavar qoyub qaynadarıq. Bildin?

-         Baş üstə, dədə.

Mən isə öz aləmimdəydim. Xəyallarımda on altı mərtəbəli evi artıq tikmişdim. Hələ satmışdım da. Bahalı xarici maşın almışdım. Arvadın, özümün, uşaqların əyin-başını düzəltmişdim. Brilyant-qızıl da öz yerində. Hər gün dosta-qohuma qonaqlıq verirdim.  Bütün bunlar xəyal idi. Amma bir addımlığında dayanmışdım.

Atam isə ağacları gğrüb  elə düşünürdü ki, həyət evi tikdirirəm. Başa düşmürdü ki, burda bir dənə də ağac qalmamalıydı. Hamısını kəsib dərin  bünövrə qazdırmalıyam. Nə olsun ki, mənim də ağaclara heyfim gəlirdi. İki-üç dənə olsaydı bəlkə də bir təhər dözmək olardı.  İyirmi-iyirmi beş dənə otuz illik şam ağacını böyrü üstə qoymaq isə hər adamın işi deyildi. Başqa əlacım da yox idi. Evi tikib başa çatdırmalı, satıb varlanmalı, adam arasına çıxmalıydım. Bu mənim son şansım idi. Bir də ki, geriyə də yol yox idi. Sahə ayrılmış, sərəncam verilmiş, bankdan isə pul ayrılmışdı. Bircə o qalmışdı ki, işə başlayım. Tikinti briqadasının rəisiylə əraziyə baxıb yenidən İcra Hakimiyyətinə qayıtdıq. Baş memarın otağına girdik.

-         Hə. Necədir? Xoşunuza gəldi? – deyə memar soruşdu.

-         Gəldi ye... amma.

-         Nə “amma”? Hər şey qaydasındadır. Müraciət eləmisiniz, torpaq ayırmışıq. Rüsumu da ödəmisiniz. Biz heç bir “əmma” qoymamışıq. Bəs siz  “amma”nı hardan çıxartdınız?

-         Sahədə iyirmidən çox ağac var. Özü də nə boyda.

-         Ərazidə heç bir dənə gül kolu da yoxdur, o ki qalsın ağac...

-         Necə yəni yoxdur? İndi ordan gəlirik. İri-iri ağaclar var.

-         Ay sahibkar, indi mən sənə inanım, yoxsa dövlətin mənə verdiyi xəritəyə, sənəd-sünədə? Deyirəm ki, orda heç bir dənə  kol da yoxdur. Gəlin xəritəni sizə də göstərim. Bax həmin ərazidir. Elə deyilmi?

-         Hə.

-         Burda ağac görürsən?

-         Yox. Bomboz yerdir.

-         Qurtardıq da. Gedin işinizi görün. Allah xeyir versin.

-         Bəs ağaclar necə olsun? Axı orda yaşıllıq salınıb.

-         Hə... Bu başqa söhbətdir. O sahə tikinti üçün, şəhərin inkişafı üçün nəzərdə tutulan ərazidir. Və mənə də ixtiyar verilib ki, oranı tikinti yerinə verim. İndi yaxın evlərin sakinlərindən kimsə otuz il əvvəl öz cibindən pul verib, xərc çəkib  ağac alıb, əkib, böyüdübsə, bu artıq mənim problemim deyil. Ağaclar qeyri-qanunidir. Həmin adamlar da dövlətin tikinti üçün nəzərdə tutulan sahəzinə ağac əkməklə qanunu pozublar. Onları tapın, qulaqlarını çəkək. Bununla da iş qurtarsın getsin.

-         Bəs mən həmin adamı necə tapım?

-         Ay rəhmətliyin oğlu, burda çətin nə var ki? Gedirsən əraziyə, hasar çəkmək üçün beş- altı turba, bir də dəmir şifer listlər tökürsən ora. O saat özləri tökülüşüb gələcəklər.

Yenidən əraziyə qayıtdıq. Baş memar dediyi kimi də etdim. Elə bunu görmüşdüm. Qadınlı-kişili on-on beş nəfər tökülüşüb gəldi. Heç sual verməyimə ehtiyac da qalmadı:

-         Tikməyə başqa yer tapmadınız? İndi də ağacları qırıb bizi bağımızdan etmək istəyirsiniz? Bunu mənim rəhmətlik atam əkib, qulluq edib, evdən vedrə ilə su gətirib dibinə töküb. İndi istəyirsiniz ki, bircə saatın içində hamısını kəsib böyrü üstə qoyasınız?

-         Ay bacı, sizə nə dəxli var ki? Siz Harda yaşayırsınız?

-         Bax bu yaxınlıqdakı xruşşovkada. Burda anadan olmuşam. Gözümü açandan da bu ağacları görmüşəm. Qoymaram bir budağına da əl dəyəsiniz.

-         Hansı ünvanda yaşayırsınız? Ünvanı deyin.

-         Danzaverski küçəsi 10, mənzil 15. Əhmədzadə Kulona.

Tez ünvanı yazıb yenidən Baş memarın yanına qayıtdım.  Ağac əkənin adını, ünvanını ona verdim.

-         Gedin. Narahat olmayın. Qulaqlarını çəkdirərəm, onda başa düşərlər.

Üstündən beş gün keçdi. Amma memardan səs-soraq çıxmadı. Tikintinin rəisiylə yenidən qəbuluna getdik.

-         Hə, çox qəliz məsələdir. – memar kresloda özünü dartıb aramla danışmağa başladı. - O arvad var e... çox problemli adamdır. Oğlu əsgərlikdə, özü də ki, əlil. Üstə də gəl vısşi sort demaqoq. Məhlədə bir şey əskik oldusa, onu ataman kimi qabağa verirlər. Deyirlər atası da bu cür olub. Leninin movzoleyinə məktubu məktub dalıyca göndərirmiş. Nə isə, mən pas. Özünüz bir əlac qılın.

-         Bəlkə gedim pulla ələ alım?

-         Rəhmətliyin oğlu, bunu pulla alacaqsan, o biri çıxacaq ki, mən də varam. Bunlara pul çatdırmaq olar? Day denən mənzilləri satıb bunlara paylamalısan da... Sən pulunu qoru, bundan sonra  o qədər qonaq-qaran olacaq ki... sayı-hesabı yox.

-         O gün ekoloqlar da gəlib ağacları sayıb nömrələdilər.

-         Necə?

-         Təbaşirlə.

-         Təbaşiri suyla yumaq olar. Cəriməsin banka keçirəcəksən, vəssalam. Onları yaşıllıq yox, “yaşıl” maraqlandırır. Dollar e dollar. Bildin?

-         Nə deyirəm axı, mən hazır. Amma bu qədər ağacı necə kəsdirəcəyəm?

-         Baş işlət. Pulu mən qazanmayacağam a... Sən milyoner olacaqsan. Misalı da bilirsən də... Könlü milyon istəyənin, quyruğu suda olmalıdır. Di get. Bir əlac tap. Elə et ki, məsələni sülh yolu ilə həll et. Rayonun adı hallanmasın. Səsi çıxmasın. Mən də səni dəstəkləyirəm.

Memarın yanından çıxdıq. Lap ATƏT-in sədri kimi danışırdı. Münaqişənin həllində razılığa gəlin, biz sizi dəstəkləyirik”.  Amma demirdi ki, necə. Geriyə də yol yox idi. Bankın faiz sayğacı işləyir, ustalar, fəhlələr “biz hazırıq, müqavilə də bağlamışıq. Bizə dəxli yoxdur pulumuzu verəcəksən” deyir, sakinlər də pusquya yatıb, gecə-gündüz növbəli keşik çəkirdilər. Əraziyə qorxumdan yaxın da gedə bilmirdim. Ekoloqlar da hər gün zəng edir “bax a, ordan bir dənə ağac əksik ola ya... səni polisə verərik” deyirdilər. Deyəsən gözləməkdən əsəbləri çat vermişdi.

Mən isə çıxış yolu axtarırdım. Bir vaxlar icrada işləyən Hüseyn əmioğlu vardı. Getdim onun yanına. Hal-qaziyəni danışdım. Şaqqanaq çəkib güldü.

-         Ay Nəbi əmoğlu, burda çətin nə var ki. Sadəcə səsə-küyə nahaq salmısan. Mənə əvvəlcədən desəydin həmən həll edərdim. Sumqayıt yolunda o qədər elə ağacı böyrü üstündə qoymuşam ki.

-         Necə? Heç səsi də çıxmayıb. Bəs ekoloqlar?

-         Nə ekoloqlar? İndiyəcən analiz aparırlar, institutları cəlb ediblər bu problemə ki, neçə oldu yüzlərlə ağac bir ayın içində yanıb-qurudu. Hələ dünya botanika elmi bu cür halla heç vaxt rastlaşmayıb. Amma nə edirlərsə tapa bilmirlər ki, bilmirlər.

-         Nə qədər xərcin çıxdı ki, bu qədər ağacı böyrü üstə qoymağa?

-         Böyrü üstə qoymaq? Sən nə danışırsan? Əksinə, özləri gəlib, akt yazıb, kəsilməyinə icazə verdilər. Mənə də yalvardılar ki, “siz Allah, bizdə o qədər texnika, işçi qüvvə yoxdur. Özümüz eləsək gərək idarənin bir illik büdcəsini bura xərcləyək”.  Mən də  “neynək, ərazi bizimdir də, canım çıxar bir əncam çəkərəm” deyə  minnət də qoydum.

-         Neylədin axı? Fəndini qağana da de.

-         Gəl deyim. Goruma aparmayacağam a... Fəhlələrə qəpik-quruş  verdim. Hər ağacın yanında dərin oyuq qazdılar. Sonra ağacı növbəylə, yavaş-yavaş, gecənin qaranlığında, on-on, ehmalca, səliqəylə kökündən  kəsib qazdıqları dərin oyuğa soxdular. Yaxşıca ətrafın möhkəmləndirdilər. Köklərin də çıxarıb maşına yüklədilər. Bir aydan sonra da ağaclar yanıb saralmağa başladı. Mən də tələsik zəng etdim ekoloqlara, həyəcan təbili çaldım, jurnalistləri tökdüm əraziyə ki, bəs qoymayın ağaclar əldən gedir. Bir əndrabadi xəstəlik adı  da tapıb işlətdim. Havayı yerə dissertasiya yazıb, müdafiə edib, biologiya elmləri doktoru olmamışam a... Ekoloqlar da gəlib baxdılar. Ərazidən nümunələr götürdülər. Analiz etdilər.  Baş aça bilmədilər. Əlacsız qalıb kəsilməyinə icazə verdilər. Qağan da ağacları kəsdi, torpağı da altı sot-altı sot bölüb,  satıb qoydu hara?

-         Hara?

-         Cibişdana.

-         Allah bərəkət versin.

-         Sağ ol. Qəm yemə üç-dörd dənə ev tik-sat, sən də mənə çatarsan inşallah. Nəsildə varlı adam nə qədər çox olsa, bir-birinə arxadır.

-         İnşallah. Görək də... Amma orda çətin ki, sənin iş metodun keçə.

-         Düz deyirsən. Artıq küyə salmısan. Başqa bir yol tap. Bəlkə xalaoğluya dəyəsən. O da uzun müddət JEK müdiri işləyib.

-         Soruşaram. Yəqin onun da təcrübəsi böyükdür bu sahədə. Yadımdan çıxdı soruşum. Uşaq necədir a? Balaca kişini deyirəm.

-         Necə olacaq? Gözümün qabağında əriyə-əriyə gedir. Ağ qan xəstəsidir də.  İldə iki dəfə aparıram onu İspaniyaya. Müalicəsi ancaq ordadır deyirlər. Həkimlər nə lazımdır edirlər, amma sağalması qalıb allaha. Sadəcə bahalı dava-dərman edib ömrünü uzadırlar.  Bütün qazandıqlarımı qoyuram onun yolunda. Bu yandan qızım da astma olub. Bilmirəm, vallah, başımı itirmişəm.

-         Allah şəfa versin. Allah köməyin olsun.

Sahə rəisiylə ordan çıxıb Xanoğlan xalaoğlugilə yollandıq. Elə hey fikirləşirdim ki, bəlkə kəsməyim ağacları. Təzədən müraciət edim, başqa yer versinlər. Amma ki, yox. Qeyri-ciddi adam kimi tanıyacaqdılar.Əsəbləşib işi əlimdən alıb başqasına da verə bilərdilər. Nə çox mənim kimi yoluqlar.  Layihəyə, banka, hazırlıq işlərinə tökdüklərim də batacaqdı. Bir də ki, varlanmağın bir addımında idim. Ağac-zad vecimə deyildi.

Bu fikirlərlə gəlib çıxdıq Xanoğlan xalaoğlugilə.  Dərdimi ona danışdım. O da şaqqanaq çəkib güldü.

-         Nəbi xalaoğlu, vallah, sən lap uşaqmışsanki? İşi bu boyda niyə böyütmüsən? Nə var ki, orda? Cəmi-cümlətanı  iyirmi dənə ağacdır da. Rəhmətliyin oğlu, onun acarı mənzil istismar sahəsinin rəisindədir.

-         Necə axı?  O boyda rayonun memarı bir şey edə bilmədi, “JEK” necə kömək edəcək?

-         Ay Nəbi, axı ağac nə böyük şeydi ki, ona görə memarın yanına qaçmısan? Gedərdin JEK-in yanına, görüm-baxım edərdin, özü hər şeyi həll edəcəkdi. O qədər elə işlər yoluna qoymuşam ki. Bir dəfə biri gəldi yanıma ki, bəs ağac kəsib ev tikməliyəm. Qonşular imkan vermir, kömək elə. Dedim baş üstə. Fəhlələrin hərəsinin əlinə bir dənə lom verib düşdüm sahibkarın yanına. Dedim ki, göstər sahibkarlığın inkişafına mane olan o qeyri konstruktiv, destruktiv qüvvələri, nadürüstləri. O da göstərdi.

-         Xanoğlan, “qeyri-konstruktiv, destruktiv qüvvələr” nə deməkdir?

-         Rəhmətliyin oğlu, mən nə bilim nə deməkdir. Dördüncü sinfi güclə bitirmişəm. Televizorda eşitmişdim. Nə isə...Baxdım ki, biri evini  üç metr qabağa çəkib, artırma tikib. Yalandan lomla iki dəfə divarına vurduq. Səsə çıxıb başladı qışqır-bağır salmağa. Məni qəzetlə, televiziyayla qorxuzmağa başladı.  Dedim, ə, nə qışqır-bağır salmısan? Balkonu vermisən qabağa? Vermisən. Yaşıllıq zolağını zəbt eləmisən? Eləmisən. İndi bunu söküb, yerində ağac əkməliyəm. Şəhərdə yaşıllaşdırma aylığı keçirilir. Düşdü ayağıma ki, qurban olum eləmə. Üstəlik cibimə pul da basdı. O biri qonşunun camaatın istirahət yerində tikdiyi qarajı lomlayandan sonra o da geri çəkildi. Beləcə hamısını zərərsizləşdirdim. Peşman oldular sahibkarın xətrinə dəyməyə. İndi day keçdi. Məndən sənə məsləhət. Heç vaxt yuxarılarla iş görmə, aşağılarla işini gör. Nə səsi çıxsın, nə də səmiri.

-         İndi mən nə edim? Bir məsləhət ver.

-         Get dayıoğlunun yanına. Bəlkə o bir əncam çəkə.

-         Kimya institutunda işləyir. Onun bu sahədən başı çıxır ki, hələ bir əncam da çəksin?

-         Get. O çox şey bilir. Kimyagərdir.

-         Bu ağac başımı o qədər qatıb ki, heç soruşa da bilmədim. Uşaqlar necədir?

-          Necə olacaqlar? Oğlan qurşanıb içkiyə, qız da beş ayın gəlini oldu, qayıtdı üstümə. Bu yaşımda mənə böyük dərd oldular. Uşaqları düzgün tərbiyə elə, Nəbi. Mənim başım qarışdı işə, pul qazanmağa, uşaqlara vaxt ayıra bilmədim. Axırı da belə oldu.

-         Allah köməyin olsun, xalaoğlu.

Tikintinin rəisiylə üz aldıq Rauf dayıoğlunun yanına. Yol boyu yenə də arzularım bir-bir gözümün qabağından keçirdi. Bütün yuxularım çin çıxacaqdı, çin. Əvvəllər yuxuda görürdüm bunları. Fikrim isə daha da qətiləşirdi. Ağacları nəyin bahasına olursa olsun kəsməliyəm.

Şatdıq Rauf dayıoğlugilə. Hal-qaziyyəni ona da danışdım.  O da şaqqanaq çəkib güldü.

-         Ay, bibioğlu. Vallah, sən uşaqsan. Orta məktəbdə oxuyan uşağa desəydin, sənə yolun göstərərdi. Burda nə var ki? Gedirsən təzə bazara. Otuz-qırx koka-kola qabı kislota alırsan. Gətirib tökürsən ağacın dibinə. Vəssalam-şüttəmam.

-         Yox, dayıoğlu. Bu lap qansızlıq olar. Ürəyim gəlməz.

-         Ay rəhmətliyin oğlu, kəsməyə ürəyin gəlir, kislota tökməyə yox?

-         Kəsmək belədir ki... elə bilərəm yenə də kənddə yaşayırıq, mən də meşəyə oduna getmişəm. Amma kislota tökmək mənlik deyil.

-         Ay, biboğlu, meşədə ağacların qurumuş budağını budayırdılar. Biz də yığıb gətirirdik. Sən isə kökündən kəsirsən e... O başqa, bu başqa.

-         Yox! Bacarmaram.

-         Səninki lap Çapayevin məsələsinə döndü ye. Bilirsən də əhvalatı.

-         Yox.

-          Deməli Çapayevin dəstəsi döyüşlərin birində  ağ qvardiyacı zabiti əsir götürür. Nə edirlərsə əsir hərbi sirri vermək istəmir. Onda Çapayev tapşırır ki, zabitin dırnaqlarını çıxarsınlar. Onun dediyi kimi dəeləyirlər. Amma əsir işgəncəyə dözüb yenə də danışmır. Bu dəfə Çapayev deyir ki, çəkiclə ayaqlarını sındırsınlar. Elə də edirlər. Amma zabit yenə də danışmır. Bu dəfə Çapayev əmr verir ki, rus zabitinə nə qədər ürəyi  istəyir araq versinlər. Səhər oyananda, poxmelə araq istəyəndə içki verməsinlər. Bu zaman Çapayevin əsgəri nə desə yaxşıdır?

-         Nə?

-         Vasili İvanoviç, mən sizi bu qədər də ürəksiz insan bilməzdim.

Dayıoğlunun gülməyi otağı götürdü. Mən isə pərtlikdən bilmirdim, nə edim. Gülüm, yoxsa ağlayım.

-          Bəlkə bibinoğluna deyəsən. – handan-hana Rauf gülməyini kəsərək dilləndi.

-         Ömrü boyu sanepidemstansiyada işləyib. O, nə bilir belə şeyləri.

-         De. Bəlkə köməyi dəydi.

-         Yaxşı, heç soruşmuram. Şad xəbər var?

-         Yox e, ay dayığlu. On beş ildir ki, müalicə müalicə dalıyca edirik. Pir-məscid, molla qalmayıb getməmişik. Amma yenə də övlad həsrətindəyik.

-         Allah böyükdür. İnşallah övlad qismət eləyər.

Tikintinin rəisiylə ordan da durub getdik Qasım bibioğlugilə. Bizi diqqətlə dinlədi. Bığının altında gülümsəyib.

-         Mən bir aya bu işi xırda məsrəflə sakitcə həll edərdim. Amma heyf ki, səs-küyə salmısınız.

-         Necə? Bəlkə işimizə yarıdı.

-         A dayıoğlu, bilirsənmi, mən sanepidemstansiyada işləyəndə bir bina vardı. Siçovullar daraşmışdı ora. Nə dərman tökürdüm xeyri olmurdu. Axırda biri ağıllı məsləhət gördü mənə. Dedi ki, get bomjları topla başına. Denən ki, ölü siçovul alırsan, birini on qəpikdən.

-         Əcəb yol göstəriblər sənə. Bibioğlu, dolamısan məni? Bunun ağaca nə dəxli?

-         Tələsmə. Hövsələn olsun. Axıracan qulaq as. Nə isə, bomjları axtarıb tapdım. Təklifimi verdim. Onu da əlavə etdim ki, hər gün səhər saat onda onları binanın qabağındakı zibillikdə gözləyirəm.

-         Hə, sonra?

-         Nə başını ağrıdım. Saat 10-da gəldim vədələşdiyimiz yerə. Üç nəfər idi. Hərəsinin də əlində bir dolu meşok. Məni görcək meşokun ağzını açıb ölü siçovulları boşaltdılar yerə. Ürəyim gəldi ağzıma. Özümü güclə saxladım. İşimin xatirinə bir təhər dözdüm. Hərəsi otuz-qırx dənə siçovul öldürüb gətirmişdi. Bir-bir saydırdım. Pullarını ödədim. Sonra dəmir zibil qablarına tökdürdüm. Üstünə benzin töküb yandırdım. “Kabab” iyi götürdü aləmi.

-         A bibioğlu, day yandırmaq niyə. Yazıq heyvanlar sənə nə etmişdi ki? Öldürməyin az deyil, hələ bir yandırdın da...

-         Bilirsən dayıoğlu, bomjlardan ikisi rus idi, biri azərbaycanlı. O azərbaycanlı olan mən gözdən itən kimi ölü siçovulları zibil yeşiyindən çıxarıb təzədən yığacaqdı meşoklara, səhəri gün də təzədən satacaqdı özümə. Day gedib, əziyyət çəkib, siçovul axtarmayacaqdı, ona görə. Beləcə, bu minvalla siçovulun kökünü kəsdim.

-         Day balalayıb eləmədi? Deyilənə görə yaman tez artırlar, axı.

-         Nə artmaq, canım. Bomjların üfunətli iyi gələn kimi yoxa çıxırdılar. Sağ qalanlar da qaçıb canlarını qurtardılar. Beləcə həm problemi həll etdim, həm də dərman-zəhərdə qənaət etdim. Onsuz da xeyri olmurdu.

-         Yaxşı, bunun ağaca nə dəxli?

-         Necə yəni nə dəxli? Bomja desəydin ki, ağacın birinə 5 manat verirəm, uça-uça gedərdi, üstəlik əlindən də öpərdi. Eybi yox. Cavansan. Heç vaxt yuxarılarla iş görmə. Səs-küyü, xərci çox olur.

-         Yox e, axı bu ağacdır, siçovul deyil. Əvvəl-axır səsi çıxacaqdı.

-         Heç səsi çıxan deyildi. Birinci içəridən başlayacaqdılar.

-         O necə olur?

-         İsmayıllıya getmisən?

-         Hə.

-         Yolboyu ağaclar göz oxşayır. Maşından düşüb, beş addım içəri geçirsən, görürsən ki, ağaclar seyrəkdir. Bax, görürsən, necə ağıllı adamdırlar. Gözlə görünən yerə dəymirlər, amma içəriləri xımır-xımır kəsib-doğrayırlar.

-         Başa düşmədim.

-         Nə qanmaz adamsan ə, sən. Elə bil kənd uşağı deyilsən. Qurd ağacın, meyvənin  birinci harasını yeyir? İçini, yoxsa qabığını?

-         İçini.

-         Bu bomjlarda ərazini əvvəlcə içindən təmizləyəcəkdilər. Qıraqdan baxan da elə biləcəkdin ki, ağaclar  hamısı yerindədir. Ən axırda da bayırına keçəcəkdilər. Beləcə bir aya ərazi olacaqdı tərtəmiz.

-         Bəs kəsdiklərini neyləyəcəkdilər.

-         Qabığını soyub yeyəcəkdilər. Ə, qış vaxtı kəsilən ağacı bomj neyləyər? Yandırıb isinər.

Yeni-yeni sözlər eşidirdim. Dünyada nələr varmış, mənim xəbərim yoxmuş. Vallah halaldır. Amma neyləyim? Bu qədər fəndlər, çıxış yolları, ağıllı qohumlarım ola-ola ağaclara əncam çəkə bilmirdim. İş böyümüşdü. Amma, yenə də ümidimi kəsmirdim. Bir Əsəd xalaoğlu da vardı. Üz tutdum onun yanına. Dərdimi  danışdım.

-         Problem yoxdur.

Bu Əsəd xalaoğlunun ən sevimli sözü idi. Yanına məsləhətə, köməyə kim gəlirdisə birinci bu sözü deyərdi. Lap gələnin işinə yaramasa belə. Xoşu gəlmirdi insanların ümidini qırmaqdan. Ona görə də nəsildə hamı xətrini çox istəyirdi.

-         Problem yoxdu,- deyə xalaoğlu bir də təkrar elədi,- sadəcə bizə bir nadyojnı jurnalist lazımdır. Özü də ki, xodgedən, adlı-sanlı, bir süjetiylə ev yıxan, vəzifəli adamları ağlar qoyan  televiyaların birindən.

-         Ay Əsəd xalaoğlu, sən allah məni dilə-dişə salma. Camaat jurnalistdən qaçır, sən isə mənə jurnalist məsləhət görürsən. Neyləyəcək bu jurnalist - özü də kameralısı -  gəlib ağac kəsəcək?

-         Tələsmə də... Hövsələn olsun. Birinci de görüm, belə bir tanışın var, ya yox? Həm pul alan olsun, həm tənqidi süjetləriylə el arasında ad çıxaranı.

-         Var. Özü də GTV-dən. İnstitutda bir yerdə oxumuşuq. Adil  Haqsevən.

-         Lap yaxşı. Elə isə qulaq as...

***

Xalaoğludan ayrıldım. Tələbə yoldaşıma zəng vurdum. Çayxanaya görüşdük.

-         Bilirsənmi, sənə işim düşüb.

-         De, əlimdən nə gəlsə kömək eləyərəm.

-         Bizim evin yanında bir yaşıllıq zolağı var. Ağacları da kəsib, yerində göydələn tikmək istəyirlər.

-         Qələt eliyirlər. Mən ölmüşəm ki, ağac kəssinlər? Çəkib efirə verərəm, atalarını yandırarlar.

-         Mən də ona görə sənə zəng etdim. Bildim ki,  ancaq sən kömək edə bilərsən. Hara yazmışıq xeyri olmayıb. O biri tərəfi də mənim boynuma.

-         Heç nə lazım deyil. Sənin sözün mənə qanundur. Başlarına elə oyun açaram ki, bir də qələt eləyib mənim xəbərim olmadan ağac kəsməzlər. Yaxşı, nə vaxt çəkiliş edək?

-         Sabah. Sabah saat 11-də. Özüm gələcəm dalınızca GTV-yə. Amma bircə dənə də xahişim var. Çəkilişdən sonra kasseti mənə verərsən.

-         Problem yoxdur. Verərəm. Danışdıq. Səhər kameramla gözləyirəm. Bomba süjet alınacaq.

-         Amma, sən Allah məni podvodit eləmə ya. Çəkilişdən sonra kasseti hökmən ver. Nə xərci də var, mənim boynuma.

-         Baş üstə. Bu xırda şeydir. Gör indi qaqaşın o ev tikən sahibkarın başına nə oyun açacaq da... Dizin-dizin sürünəcək qarşımda.

Ertəsi gün tezdən bir maşın turba, dəmir şifer tökdüm əraziyə. Fəhlələr torpaqda dəlik açıb turbaları basdırdılar. Alabaşına-külbaşına  dəmir listləri yan-yana calayıb ərazini hasara aldılar. Dedim ki, zəngimi gözləyin. Mən deyəndə başlayarsınız ağacları kəsməyə. Özüm isə sahə rəisinin maşınına minib getdim GTV-yə. Müxbir dostum qapıda məni gözləyirdi. Oturdu maşına. Gözlərindən od yağırdı. Mən bu qədər sənətini sevən adam görməmişdim. Maşında qərar tuta bilmirdi. İstəyirdi ki, düşüb maşından qabaq qaçsın ki, tez hal-qaziyyə baş verən yerə çatsın. Tıxaclar da bu yandan onu qıcıqlandırırdı.

-         Tikinti şirkətinin adı necə oldu?

-         Ay qağa, onlar xırda şeydir. Sən çəkilişini elə, müsahibələrini al, sakinlərə qahmar çıx. Sonra oturarıq maşında hamısını sənə bir-bir deyəcəm.

-         Yaxşı. Nə deyirəm ki. Sən deyən olsun.

-         Sən canın, kasset məsələsini unutmamısan ki?

-         Yox, sözümüz sözdür. Dedim verəcəm, deməli verəcəm. Yadigar saxlayarsan. Ya da ki, bir yerə şikayət edəndə əlinizdən tutar. İstəsən diskə köçürüb saytlara da yerləşdirərsən. Qoy ataları yerli-dibli yansın. İndi özün görəcəksən də qağan nə qan eləyəcək orda.

-         Ekoloqlar da ordadır.

-         Departamentdən?

-         Elə dedilər.

-         Yaxşı, onlardan müsahibə alarıq. Çox qalıb?

-         Çatırıq.

Tikintiyə az qalmış fəhlələrə zəng etdim ki, başlayın. Özüm isə maşını aralıda saxlatdırıb:

-         Qağa, sən çək. Mən burda gözləyirəm. Bilməsinlər ki, sizi mən çağırmışam. Sən isə işini yüksək səviyyədə gör. Nə xərci var mənlikdir. Ağlat analarını.

-         Baş üstə.

Mən maşından düşdüm. Qıraqdan baxmağa başladım. Ərazi artıq tam hasara alınmışdı. Qonşular da fəhlələrlə az qalırdılar ki, əlbəyaxaya çıxsınlar. Müxbiri görcək aldılar onu əhatəyə.

-         Ay müxbir, ağac yaşıllıqdır. Bizə oksigen verir. Bunları kəssələr boğulub öllük.

-         Ay müxbir,  oğlum da əsgərlikdədir, özüm də 2-ci qrup əliləm. Bunları da atam əkib. Ölərəm, amma qoymaram bu ağacları kəssinlər.

Bu an müxbir dönüb nə desə yaxşıdır? “Deməklə heç nə olmur. Bəlkə hasarı sökəsiniz, biz də çəkək. Belə effektli alınar”. Bunu deməyini görmüşdüm. İkinci qrup əlil Brüsli kimi hoppanıb bir təpik vurdu hasara. Dəmir list ortadan qatlandı. O birilər də lomu, beli fəhlələrin əlindən alıb başladılar hasarı döyəcləməyə. Beş dəqiqə beləcə davam etdi. Elə bil ki, mitinq idi. Müxalifət polisə hücum edib armatur parçalarıyla  qalxanları döyəcləyirdilər.

-         Yaxşı, yaxşı. Bəsdir.- müxbirin səsi gəldi.  - Çəkdik. Day qurtarın. Kameranı görüb özünüzü göstərməyin.  Bunlara da bir hay lazımdır ki, qızışsınlar.   Bura hansı JEK-ə baxır?

-         301-ə.

-         Harda yerləşir?

-         Bax o doqquzmərtəbənin altında.

-         Ora sonra gedərəm. Birinci gəlin siz müsahibə verin. Amma qısa. Ay bacı, birinci sən gəl. Səhərdən dil-dil ötürsən.

-         Baş üstə.

-         Tələbiniz nədir? Bizi bura niyə çağırmısınız?

-          Kim çağırıb ki? Biz sizi çağırmamışıq.

-         Yaxşı vacib deyil. Tələbiniz nədir?

-         Bildiyiniz kimi, respublikamızda bütün sahələrdə inkişaf gedir. Abadlıq işləri aparılır, yeni yaşıllıqlar salınır. Səkilər dəyişdirilir, yeni işıqlandırma sistemləri qurulur. Bakımız gündən-günə gözəlləşir.

-         Ay bacı, uzatma. Bunları mən bilirəm. Tələbin nədir?

-         Biz – Danzaverski küçəsinin sakinləri - imkan vermərik ki, min bir zəhmət hesabına salınan bu yaşıllığı məhv etsinlər. Olar qızım da danışsın. Məktəbdə işləyir – vojatı.  İcra başçısı da televizorda baxıb görsün ki, çox fəaldır. İrəli çəksin.

-         Gəlsin danışsın.

-         Biz Danzaverski küçəsinin sakinləri prezidentimizin daxili və xarici siyasətini ürəkdən dəstəkləyirik. Bu yolda ona uğurlar arzulayırıq.

-         Ay qız, prezident pri-çem. Sən faktdan danış. Burda nə baş verir?

-         Burda terror aktı baş verir. Ağaclara, ana təbiətə  qarşı terror edirlər. Bunları mənim babam əkib. Mən hər gün burdan keçib məktəbə gedəndə babam yadıma düşürdü. Badruqalarımın yanında qürrələnirdim. İndi ağacları kəssələr mən babamı necə yada salacağam?

-         Şəkli yoxdur?

-         Var.

-         Get şəklini qoy telefona. Gündə neçə dəfə istəyirsən bax, ağla da.

-         Ay müxbir,- deyə əlil qadın yenidən yaxınlaşdı,- xərci nədir bacın verəcək. Məni ağac-zad maraqlandırmır. Bunları atam əkməyib, yalandan deyirdim. Məqsədim burda tikilən evdən iki otaqlı mənzil qopartmaqdır. Sən də sahibkarın üstünə yaxşıca düş. Əl çəkmə. Ta mənə mənzil boyun olunca.

Müxbir sakinlərdən bir-bir müsahibə aldı. Sonra:

-         Hanı ekoloqlar. Hardasınız?

-         Burdayıq.

-         Hansı təşkilatdansınız?

-         “Təbiəti qoruyaq, ağacları böyüdək” qetri-hökumət təşkilatından.

-          Bəs eşitdiyimə görə, özünüzü ekologiya nazirliyinin işçisi kimi təqdim etmisiniz.

-         Ay müxbir, elə deməsək üzümüzə də baxmazlar.

-         Bəs qorxmursunuz ki, nazirlikdən də gələrlər?

-         Ay müxbir, bizimlə onların fərqi bilirsinizmi nədir. Biz ağac kəsilməmiş qapını kəsdiririk, onlar isə ağac kəsiləndən sonra – cərimə yazmağa. Əllərindən başqa heç nə gəlmir. Öz aramızda sizə bir söz deyək?

-         Hə.

-         Qanunla, xəritəylə bu ərazidə heç  yaşıllıq  yoxdur.

-         Nə isə. Gəlin siz də danışın. Tikintinin sahibi hanı?

-         Qaçıb gizlənib.

-         Lap yaxşı. Stəndrap edərəm ki, bəs GTV-nı görüb qorxdu gizləndi. Belə daha təsirli çıxar. Onsuz da harda olsa üzə çıxacaq. Yaxşı, sağ olun. Axşam efirdə baxarsınız. Sağ olun.

Müxbir dostumla operator tikintidə maşına mindilər. Məni də yolüstü götürdülər.

-         Nəbi, bomba bir material alınacaq. Gördün də, nə oyun çıxartdım. Ssenari qurdum e. Hər adam bunu bacarmır. Ona görə də ad çıxartmışam da. Bir tənqidi şey olan kimi qaçırlar üstümə. Yarıdıram, ona görə. O arvad da yaman aferistdir a... Deyir ki, reportajlarını davam elə. Ta ki, mənə burda tikiləcək binadan mənzil verənəcən. İştahı böyükdür. Nə bunları, nə də ekoloqları  ağac-zad maraqlandırmır. Vay-vay, JEK yadımdan çıxdı. Qayıdaq. Ondan da müsahibə götürməliyəm.

-          Eybi yox, onun da cəriməsini mən verərəm.

-         Yox, nömrəsini tapıb zəng edərəm.

-         Lap yaxşı. Kasseti verirsən də mənə.

-         Əlbəttə, danışdığımız kimi. Gedim montaj eləyim. Sonra diskə köçürüb verərəm.

-         Nə montaj? Başın xarabdır? Səninlə əvvəldən necə danışdıq? Çəkirsən, kasseti də verirsən mənə. Sən də razılaşdın.

-         Ay Nəbi, bu professional kassetdir – betekam. Buna harda baxacaqsan ki? Montaj edim, köçürüm üzünü verim də sənə. Mən sözümdən qaçmıram ki...

-         Mənə montaj –zad lazım deyil. Bax danışdığımız kimi, götür bu pulu, ver kassetimi. Mənə efir-zad lazım deyil.

-         Bəs axı, mən sakinlərə söz verdim ki, axşam baxarsınız. Bir də ki, o sahibkarı dizin-dizin süründürməliyəm qarşımda.

-         Ay sürücü, saxla maşını.

Maşını saxlatdırdım. Müxbiri  maşından düşürtdüm. Qarşısında diz çöküb başladım dizin-dizin sürünməyə.

-         Bunu istəyirdin? Razı qaldın? İndi ver kasseti.

-         Ay Nəbi, bu nə hərəkətdir? Mən səni demirdim e. Mən sahibkarı nəzərdə tuturdum.

-         Ə, anlamaz, sahibkar mənəm də. Ver kasseti.

Müxbir dostum operatora göz elədi. O da çıxarıb kasseti verdi mənə. Ortaya sükut çökdü. Telefonla tikinti sahə rəisinə zəng etdim:

-         Başlayın kəsməyə. Kasset məndədir. Bir azdan özüm də gəlirəm. Cəld işləyin.

Sonra yenidən maşına əyləşdim. Yerimizdən tərpəndi. Jurnalist dostum pərtliyindən heç nə danışmırdı. Maşını sürdürdü elektronika mağazasına -  təzə kasset aldı. Köhnə kassetin üstündəki nömrəsini ehmalca çıxarıb yapışdırdı təzəsinə.

-         Nəbi, sən Allah məni başa sal. Bu nə hoqqadır açırsan başıma.

-         Ə, niyə başa düşmürsən? Mən orda ev tikməliyəm. Sakinlər də narazıydı. Başlasaydım ağacları kəsməyə, neyləyəcəkdilər?

-         Zəng edəcəkdilər GTV-yə.

-         Siz neyləyəcəkdiniz?

-         Biz də gəlib çəkəcəkdik. Sonra da verəcəkdik efirə.

-         Səs-küyü də götürəcəkdi aləmi. Rayonun adı hallanacaqdı, sərəncamımı da ləğv edəcəkdilər və sairə, ilaxır. Eləmi? Sonda nə xeyri olacaqdı?

-         Heç nə. Bu vaxtadək nə xeyri olub ki? Çəkmişik də, vermişik də, yenə də öz bildiklərini ediblər. Ağaclar da kəsilib, evlər də tikilib. Hürmək isə bizə qalıb.

-          Mən də bütün bunları bildiyim üçün səni əvvəlcədən çağırdım da. İndi rahat gedib ağacları kəsə bilərəm. Nə bir sakin, nə də ekoloq yaxın gələ bilməz. Özlüklərində deyəcəklər ki, bu sahibkarın arxası gör nə qədər bağlıdır ki, GTV də bununla bacarmadı. Başa düşdün?

-         Başa düşdüm.

Televiziyaya çatdıq. Dostum operatoruyla düşüb getdi. Biz isə geri qayıtdıq. Ağacları artıq böyrü üstə qoymuşdular. Xırda-xırda doğrayırdılar.  Qadın atılıb-düşməyə başlayanda kasseti gözünə soxdum ki, bəs dediklərin burdadır. Sənə ağac yox, demə mənzil lazımmış, hə? Ekoloqlar yaxına gələndə isə dedim ki, indi ekologiya nazirliyindən gələrlər, onların hüzurunda danışarıq. Həmən yoxa çıxdılar. JEK isə gəlib başladı yalvarmağa ki, sən allah tez elə.  Belə şeyləri gecə vaxtı edərlər. Sən lap qurd ürəyi yemisən. GTV gəlsə batdım.

Beləcə ağacları kəsib qurtardım. Heç kim də yaxın gəlmədi. Ümidləri bircə GTV-yə idi. O ümidi də mən öldürmüşdüm. Artıq bünövrə qazmaq əmrini vermişdim.

Bu zaman zəng gəldi. Arvadım idi.

-         Nəbi, sən Allah özünü çatdır bolnitsaya. Atanla uşaq avariya düşüb.

-         Salamatçılıqdır?

-         Evimiz yıxılıb, ay Nəbi. Atan yerindəcə keçinib. Uşağın isə fəqərə sütunu zədələnib.

***

Fəhlələrə tapşırıq verib özümü xəstəxanaya çatdırdım. Uşaq əməliyyat olunmalıydı. Amma həkimlər ümidli danışmırdılar. Məsləhət görürdülər ki, xaricə aparaq. Dedim ki, qoy dəfni yola verim, bir əncam çəkərəm. Anasını uşaqla qoyub, zəng etdim qohumlara. Birinə çadır qurmağı tapşırdım. Özüm isə yollandım qəbiristanlığa. Qəbir yeri götürdüm. Başladılar qazmağa. Bu dəm zəng gəldi. Tikintinin rəisi idi:

-         Nəbi, bir də başın sağ olsun, neynirsən?

-         Dədəmin qəbrini qazdırıram. Siz neynirsiniz?

-         Biz də başlamışıq bünövrəni qazmağa. Hər şey qaydasındadır. Sən narahat olma.

-         Arxayınam sənə. Day qonşulardan banlayan-zad yoxdur ki?

-         Yox. Bircə o arvad gəlmişdi. Eləcə baxıb ağlayırdı. Heç nə demirdi.

-         Eybi yox. Fikir vermə. İşində ol.

-         Day mən burdayam da. Üzürlü say. Dəfnə gələ bilməyəcəyəm. Heç soruşmuram uşaq necədir?

-         Nəsə ciddi məsələdir. Xaricə aparmalı olacağam.

-         Hə, Nəbi. Qardaşımgil mənzil almaq istəyir burdan. Bünövrədən qiyməti necəyədir?

-         Kvadratı min manata.

-         Üç otaqlı istəyir. 30 faizin də əvvəldən verir. Müqavilə bağlayım?

-         Bağla. Kak-raz uşağın əməliyyatına pul lazım olacaq. Lap yerinə düşdü.

-         Baş üstə, Nəbi.

Bu dəm qəbir qazanlar yaxınlaşırlar.

-         Nəbi müəllim, qəbri qazdıq, daşları da hördük. 150 manat eləyir.

-         Başçı sənsən deyəsən, hə? Götür. Bu da 150 manat.

-         Mən həm də bu ərazinin sahə rəisiyəm. İstəsəniz buranı hasarladaq sizinçün. Üzr istəyirəm. “Sizinçün” dedim. Savadsızlığıma bağəşlayın. Uzunu 9 metrdir eni 6 metr. Nə deyirsiniz? Yəqin pul probleminiz yoxdur?

-         Yoxdur. Amma istəyirəm ki, eni 5, uzunu 10 metr olsun.

-         Elə niyə?

-         Qabağı açıq qalsın. Əhatəsinə isə hər bir metrədən  bir dənə şam ağacı əkəcəyəm. Bu da edəcək 25 ağac. Qəbirin yanında skameyka qoyacağam. Bulaq çəkəcəyəm. Həm atamın arzusu çin olsun, həm də ki, təbiətə borcum var.

 

***

O vaxtdan çox keçib. On altı mərtəbəli binam göy dəlir. Hər şeyim var. Bütün arzularıma  çatmışam. Axşamlar yeganə oğlumu əlil arabasına mindirib həyətdə gəzdirirəm. Danışa da bilmir. Sadəcə gözlərini  gözümə dikib baxır. On altı yaşı var. Tayları məktəbi bitirir.  Dünyanın elə bir klinikası, həkimi qalmayıb ki, aparmayım. Dərdinə çarə qılan tapılmayıb ki, tapılmayıb. O qədər şəkli var ki... Parisdə, Londonda, Berlində. Amerikanski maşınımın rulunun arxasında, bağdakı basseynin yanında.  Hər şeyim var. Bircə əvvəlki kasıb, xoşbəxt həyatım yoxdur. Arvad deyir ki, itin nəfsinə gəlmişik. Bu qədər qır-qır olar. Xata olmadı ki, varlandıq, adam arasına çıxdıq. Mən isə bilirəm bu nədir. Məni ağacların qarğışı tutub. Özü də əbədi.


Müəllifin digər yazıları

  1. ƏHMƏD ƏHMƏDZADƏ KİMDİR?
  2. NİZAMİ, QABİL BURDADI?
  3. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  4. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  5. "Arvad, qadın və sekskukla"
  6. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  7. Mahir Qabiloğlu - "Arvad və maşın"
  8. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  9. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  10. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  11. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  12. LUSİNE NERSESYAN, CAN, CAN...
  13. BULUDXAN XƏLİLOV VƏ MƏN
  14. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  15. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  16. AzTV nədir?
  17. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  18. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  19. TÖHMƏT
  20. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  21. JURNALİST VƏ XORUZ
  22. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  23. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  24. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  25. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  26. QAN
  27. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  28. Atam Qabilin “dərs”i
  29. “QATİLƏ”
  30. Hidayət Zeynalov nəvə toyu görmədi
  31. Öl deyəndə öl, qal deyəndə qal
  32. Arvada işim düşür...
  33. QURD YAĞI
  34. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  35. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  36. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  37. GÖZƏL İBRAHİM
  38. Zaur, bizi yetim qoyma!
  39. Mahir Qabiloğlunun köhnə arzuları
  40. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  41. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  42. Əmir Mustafayevin toyu
  43. HİDAYƏT VƏ FATMA
  44. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  45. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  46. Arvad, Allah verəndən gətir!
  47. İsmayıl Şıxlının böyük günahı
  48. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  49. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  50. Q. idi, Mən idim, Ş. idi...
  51. Bacarırsan yaşa, Bacarmırsan öl
  52. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  53. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  54. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  55. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  56. Sona Tağıyevanın məktəbi
  57. KİTAB OĞRUSU
  58. Ağasəlim Abdullayev, bağışla!
  59. BİZİM TELLİ PƏNAHQIZI
  60. Hacıbala Abutalıbovun Kişi sözü
  61. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  62. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  63. AĞACIN QARĞIŞI
  64. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  65. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  66. Milli komandamıza qara zurna kömək olsun
  67. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  68. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  69. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  70. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  71. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  72. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  73. RADİO VƏ DEPUTAT
  74. POLİS NƏCİB PEŞƏDİRMİ?
  75. Leyla Yunus papağı polisin başından qapdı və ...
  76. BOZQIRIN YALQUZAĞI
  77. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  78. DEBİL ARMEN -2
  79. DEBİL ARMEN - I
  80. Təhsil Nazirliyi və TQDK bir olsa...
  81. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  82. Vəzifəli balasından şikayət məktubu
  83. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-02-2018
19-02-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4615 san