11:37 26 Fevral 2018
1519 dəfə oxunub
Çap versiyası
...

Erməni ekspertlər Azərbaycanda prezident seçkisinin apreldə keçirilməsi barədə qərarın qəbul edilməsi ilə bağlı regionda yaranmış geosiyasi vəziyyəti təhlil edirlər. Onların bir qismi İrəvanın qarşısına çoxlu sayda suallar çıxarır. Aydın olur ki, Ermənistanda bəziləri hakimiyyətin daxili və xarici siyasətinin reallığa əsaslanmadığını, qeyri-rasional və perspektivsiz olduğunu anlamağa başlayıblar. Onlar bunu Azərbaycanın əldə etdiyi uğurların fonunda Ermənistanın faktiki olaraq heç bir irəliləyişə nail ola bilməməsi ilə müqayisədə deyirlər. Belə çıxır ki, İrəvanın vədlərinə rəğmən, Ermənistanın hətta ən yaxın müttəfiqləri olan İran və Rusiya belə Azərbaycanla əməkdaşlığa üstünlük verirlər. Burada hər şeyi başqasının üstünə atmaq ağılsızlıqdır. Əsas günahkar Ermənistan rəhbərliyidir. Onun indiyə qədərki fəaliyyəti tamamilə uğursuz prinsiplər üzərində qurulub və faktiki olaraq ölkəni fəlakətə gətirib çıxarıb. İndi Ermənistan heç bir regional layihədə iştirak edə bilmir, onun kənardan asılılığı getdikcə daha da artır. Belə şəraitdə nə etməli? Erməni hakimiyyəti və cəmiyyəti empatiya edə biləcəkmi? Artıq bu, ermənilərin öz problemləridir – "özü yıxılan ağlamaz"!

İrəvanın xəyalları suya düşdü: fəlakətə aparan siyasət

Ermənistan rəhbərliyinin verdiyi vədlərə baxmayaraq, onun fəaliyyətinin yararsızlığı barədə erməni ekspertlər indi açıq yazır. Lakin bu o demək deyil ki, Ermənistanda siyasi-analitik şüurda ciddi dəyişikliklər meydana gəlməkdədir. Çox güman ki, Azərbaycanın dalbadal əldə etdiyi geosiyasi, iqtisadi, humanitar uğurların fonunda İrəvanın nailiyyətləri çox cılız görünür və artıq "cidanı çuvalda gizlədə bilmirlər". Serj Sarkisyan nə qədər qaşlarını düyünləyib özünü ciddi lider kimi göstərməyə çalışsa da, ona bir ad qoyurlar – Rusiyanın marionetkası!

Biz bu barədə daim yazırıq ki, bu, təbiidir – Azərbaycan tərəfi həmişə obyektiv və ədalətlidir. Maraqlısı odur ki, artıq erməni siyasi, analitik və ekspert dairələrində reallıqları etiraf edənlərin sayı getdikcə artır. Son günlər onların Azərbaycanda prezident seçkisinin aprelə təyin edilməsi kontekstində regionda gözlənilən geosiyasi prosesləri təhlil edərkən bəzi həqiqətləri ifadə etdiklərini görürük (bax: məs., Призрак изоляции Армении: запущена железная дорога Азербайджан-Иран / "1in.am", 12 yanvar 2018 və Неприятный сюрприз от Ирана Армении / "Lragir.am", 13 fevral 2018).

Erməni ekspertlər məsələyə üç aspektdə yanaşırlar. Birincisi, Azərbaycanda prezident seçkisinin vaxtının dəyişməsi Dağlıq Qarabağ münaqişəsinə necə təsir göstərə bilər? İkincisi, bu şəraitdə Ermənistanın İranla əlaqələri inkişaf edə bilərmi? Üçüncüsü, böyük dövlətlərin region uğrunda geosiyasi mübarizəsi yeni şərtlər daxilində Ermənistanın taleyinə necə təsir göstərə bilər? Əslində, bu üç aspekt bir müstəvidə kəsişir – İrəvanın daxili və xarici siyasəti nə dərəcədə rasional, müstəqil, ölkənin suverenliyini təmin edən və səmərəlidir? Ermənistan bu siyasətlə geosiyasi proseslərin subyektidirmi, yoxsa obyektidir? Maraqlı olanı da məhz bu suala verilən cavabdır.

Konkret qiymətləndirmələrə baxaq. "1in.am" yazır: "Ermənistanın adına qaçılmaz olaraq Rusiyanın "altdövləti" statusu yazılır ki, bizim ölkə (erməni ekspert yazır – red.) öz subyektliyini itirir və demək olar ki, bütün regional inteqrasiya proseslərindən kənarda qalır" (bax: Призрак изоляции Армении: запущена железная дорога Азербайджан-Иран / "1in.am", 12 yanvar 2018). Deməli, etiraf edilir ki, Ermənistan müstəqil deyil və Rusiyanın forpostu, hətta onun əyalətlərindən biri kimi qəbul edilir. Bu, S.Sarkisyan və komandasının görüşlərdə müstəqillikdən dəm vurmasının sabun köpüyü olduğunu təsdiq edən faktlardan birdir. Xüsusilə Azərbaycanı cəmi 100 il bundan əvvəl yaradılmış dövlət kimi təqdim etməyə çalışan və bunun fonunda "qədim erməni dövləti" kimi ifadələr işlədən üzdəniraq erməni siyasətçi və analitikləri üçün qiymətli informasiyadır. Onlar bilmirlərmi ki, Ermənistan nəinki bir neçə əsr bundan öncə, heç indi də müstəqil dövlət deyil! O, Rusiyanın köləsi, forpostu və əlaltısıdır.

Etiraflar: erməni ekspertlər öz hakimiyyətlərini ittiham edirlər

Bu tezisi təsdiq edən digər faktlar erməni yazarın "bizim ölkə subyektliyini itirir" və "bütün regional layihələrdən kənarda qalır" kimi fikirlərində aydın ifadə edilib. Doğrudan da, bu, necə müstəqillikdir ki, nə geosiyasi proseslərdə suveren mövqeyinin olduğuna inam var, nə də regionda həyata keçirilən layihələrdə iştirakına icazə verən! Ermənistana daim anladırlar ki, Azərbaycanın torpaqlarından rədd olmasan, heç bir inteqrasiya prosesində iştirak edə bilməzsən! Hətta bir zamanlar ermənilər üçün həyat yolu olan İranın rəhbərliyi belə, Ermənistanla real iş görməyə risk etmir!

Digər tərəfdən, erməni ekspert vurğulayır ki, bu cür vəziyyət faktiki olaraq Ermənistanı dalana dirəyir ki, bu da Ermənistanın Qarabağ siyasətinin əsassız və səmərəsiz olduğunu təsdiq edir (bax: əvvəlki mənbəyə). "Status-kvonu saxlamağa yönəlmiş siyasət reallıqda rasional deyil" (bax: əvvəlki mənbəyə). Səbəbi ondan ibarətdir ki, status-kvo özlüyündə hərbi müstəvidə balans anlamına gəlmir; burada Azərbaycan və Ermənistan iqtisadiyyatının və demoqrafik gerçəkliklərinin müqayisəsi də ciddi amildir! Hər iki məsələdə isə Ermənistan Azərbaycandan çox geridə qalır. Üstəlik, sərhədlərin bağlı qalması Ermənistanın Rusiyadan asılılığını artırır, iqtisadiyyatı boğur. Belə vəziyyətdə "Azərbaycan mahiyyətcə bütün regional layihələrin açar aktoru halına gəlir" (bax: əvvəlki mənbəyə).

Təbii ki, bizim üçün bu fikirlərdə qeyri-adi və yeni heç bir məqam yoxdur. Bir istisna var – indi bunları ermənilərin özləri deməyə məcbur olublar! Deməli, Ermənistanda "bıçaq artıq sümüyə dirənib"!

Məqalə müəllifi fikirlərinə davam edərək vurğulayır ki, milyard dollarlarla gəliri olan Azərbaycan xaraba qalmış Ermənistan üçün təhlükədir. Bu aksiomu qəbul etməmək "dövlət və siyasi sistemin qeyri-adekvatlığı və irrasionallığının əlamətidir" (bax: əvvəlki mənbəyə). Bu səbəbdən, İrəvanın danışıqları uzatmaq əvəzinə, ondan maksimum dərəcədə, rasional əsasda yararlanması lazımdır. Yəni münaqişəni uzatmaq, yaxud dondurmaq deyil, onu həll etmək gərəkdir!

Bütün bunlara görə, zaman Ermənistanın əleyhinə işləyir, vəziyyəti ayıq dəyərləndirmək və nəticə çıxarmaq lazımdır. Erməni ekspertin bu qənaətləri təbii ki, maraqlıdır. Həm də müəyyən mənada rəsmi mövqeyə uyğun deyil. Çünki Moskvanın məsləhəti ilə Ermənistan rəhbərliyi daha çox status-kvonu saxlamaqdan bəhs edir.

Ermənistanın xarici siyasət problemləri bunlarla məhdudlaşmır. Bunu erməni ekspertlər Azərbaycanla İran arasında dəmiryolu əlaqələrinin yeni mərhələyə keçməsi fonunda etiraf etməli olurlar (bax: Неприятный сюрприз от Ирана Армении / "Lragir.am", 13 fevral 2018). Erməniləri xəyal qırıqlığına uğradan məqam ondan ibarətdir ki, onlar İrandan Ermənistanın xeyrinə qərar gözləyirdilər. Xeyli zaman idi ki, "dərin erməni analitikləri" iddia edirdilər ki, "Yeni İpək Yolu" layihəsi də daxil olmaqla, bütün böyük işlərdə İran Azərbaycana deyil, Ermənistana üstünlük verəcək. Reallıqda isə İran nəinki "Yeni İpək Yolu"nda, hətta öz təbii qazının Ermənistana satışı və tranziti məsələsində konkret addım atmır. Sözdə deyirlər, lakin əməldə heç nə yoxdur.

Bunun fonunda isə Azərbaycan konkret olaraq "Şimal-Cənub" dəhlizini işə salır. Yaxın vaxtlarda "Astara-Astara" dəmiryolu xəttinin rəsmi açılışı olmalıdır – artıq ilk sınaq qatarı bu marşrut üzrə hərəkət edib. Hadisəni Ermənistanın Rusiya və İran tərəfindən təcrid olunması kimi qələmə verməyə çalışırlar. Lakin gerçəklik ondan ibarətdir ki, S.Sarkisyan rejimi ağılsız, qeyri-rasional və müasir tələblərə cavab verməyən siyasəti ilə Ermənistanı məhvə sürükləməkdədir!

Beləliklə, Ermənistanın xarici siyasətinin yararsızlığı haqqında erməni ekspertlərin özləri getdikcə daha qabarıq şəkildə danışmağa başlayırlar. Onlar görürlər ki, S.Sarkisyanın nə deməsindən asılı olmayaraq, Azərbaycan inkişaf edir, regional inteqrasiyanın aparıcı gücü kimi fəallığını saxlayır. Ermənistan isə hətta ən yaxın müttəfiqləri (Rusiya və İran) tərəfindən belə müstəqil dövlət kimi qəbul edilmir. Onlar Ermənistandan yalnız əmrlərə əməl etməsini gözləyirlər.

Bu reallığı hiss edən ermənilər Azərbaycanda apreldə keçiriləcək prezident seçkisini təlaşla gözləyirlər. Bilirlər ki, Azərbaycan bu sınaqdan da şərəflə çıxacaq, Ermənistan isə daha qeyri-müəyyən vəziyyətə düşəcək. Ancaq bunun günahkarı Ermənistan rəhbərliyinin özüdür. Həmin səbəbdən ermənilər də məhz ondan haqq-hesab soruşmalıdırlar. Bunun əvəzində gah Rusiyadan, gah İrandan, gah da Qərb dövlətlərindən küsməyin mənası yoxdur!

Newtimes.az


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
15-08-2018
14-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5744 san