13:09 17 Mart 2018
598 dəfə oxunub
Çap versiyası
...

Son bir ay ərzində Dövlət Gömrük Komitəsi əməkdaşlarının apardığı risk təhlilləri nəticəsində külli miqdarda gömrük ödənişlərinin büdcədən yayındırılmasının qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, risklərin müəyyən edilməsi, onların təhlükəlilik ehtimalının və dövlətin iqtisadi, sosial və digər maraqlarına dəyə biləcək zərərin qiymətləndirilməsi, eləcə də riskə məruz qalmanın azaldılması və qarşısının alınması məqsədilə Dövlət Gömrük Komitəsində yaradılmış xüsusi risk qrupu tərəfindən müvafiq təhlillər aparılmaqdadır.

Mallara dair müşayiətedici sənədlərin düzgün təqdim olunmaması, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə mal kodunun, malın miqdarının, mənşəyinin, xassələrinin, dəyərinin və digər məlumatların düzgün bəyan olunmaması istiqamətində risk ehtimalı yaradan halların qarşısının alınmasının nəticəsi olaraq müəyyən nailiyyətlər əldə olunub. Belə ki, sadalanan istiqamətlər üzrə aparılmış bir sıra təhlillərin nəticəsi ilə əlaqəli bəzi faktlar aşkarlanıb.

“Manifest–20” MMC şirkəti tərəfindən ölkə ərazisinə idxal olunan Çin mənşəli müxtəlif təyinatlı malların gömrük rəsmiləşdirilməsi zamanı faktura dəyərinin, eləcə də mal miqdarının dəfələrlə aşağı olması faktı aşkarlanıb. Belə ki, müvafiq təhlillərin nəticəsində həyata keçirilmiş fiziki baxış zamanı 36 min ədəd eynək əvəzinə 7008 ədəd, 44 ədəd səs gücləndirici əvəzinə 30 ədəd və sair bəyan edilməsi müəyyən olunub.

Aparılmış təhlillərin nəticəsi olaraq ölkə ərazisinə idxal olunan bəzi malların dinamikası şübhələr doğurduğundan əlavə araşdırmaların aparılması üzrə ehtiyac yaranıb. Belə ki, “İRS İnşaat” MMC şirkəti tərəfindən Amerika mənşəli qabığı təmizlənməmiş badam kimi bəyan olunmuş mallara fiziki baxış keçirilməsi nəticəsində 31 min 298 kiloqram miqdarında faktiki dəyərindən yuxarı qabıqsız badam olduğu aşkarlanaraq 30 261 AZN məbləğində gömrük ödənişlərinin əlavə olaraq dövlət büdcəsinə köçürülməsi təmin edilib.

Eyni zamanda gömrük ödənişlərindən yayınma üsullarından biri kimi XİFMN üzrə mal kodlarının dəyişdirilərək gömrük tarif dərəcəsinə əsasən daha aşağı idxal gömrük rüsumuna cəlb olunması istiqamətində araşdırmalar aparılmaqdadır. Belə ki, “Dulce Nutrition” MMC tərəfindən ölkə ərazisinə idxal olunan bioloji aktiv qida əlavələri təbii və ya sintez edilmiş provitaminlər və vitaminlər qrupuna daxil edilərək bəyan olunub və gömrük tarif dərəcəsinə əsasən 0 faiz idxal gömrük rüsumu tətbiq edilməsinə cəhd göstərilib. Bununla əlaqədar malların tərkibi və XİFMN üzrə kodunun dəqiqləşdirilməsi məqsədilə Mərkəzi Gömrük Ekspertizası İdarəsinə ünvanlanmış müraciət məktubunun araşdırılması nəticəsində bəyan olunan malların daha yüksək tarif dərəcəsi müəyyən olunaraq 31 min 689 AZN məbləğində gömrük ödənişlərinin dövlət büdcəsinə köçürülməsi təmin edilib.

Risk ehtimalı yaradan hallar üzrə istiqamətlərdən biri də ölkə ərazisinə idxal olunan malın aşağı gömrük dəyəri ilə bəyan olunmasıdır. Belə ki, Muradov Nizami Məmməd oğlu tərəfindən idxal olunan boyanmış teksturasiya edilməmiş poliefir saplardan olan parçaların gömrük rəsmiləşdirilməsi zamanı yaranmış şübhələrin araşdırılması məqsədilə əlavə sənədlərin tələb edilməsi nəticəsində orijinal invoysun olması aşkarlanaraq əlavə 35 min 271 AZN məbləğində gömrük ödənişlərinin dövlət büdcəsinə köçürülməsi təmin edilib.

Ölkə ərazisinə idxal olunan malların gömrük rəsmiləşdirilməsi zamanı saxta sənədlərin təqdim olunması ilə bağlı bəzi faktlara nəzər salsaq müvafiq elektron sistem vasitəsilə bəyan olunan malların mənşə sertifikatının düzgünlüyünün yoxlanması nəticəsində “Arsenal Center” MMC şirkəti tərəfindən idxal olunan qara metaldan yastı prokatların saxta mənşə sertifikatı ilə müşayiət olunması faktı aşkarlanıb. Bununla əlaqədar, idxal olunan mallara gömrük rüsumları tətbiq olunması barədə müvafiq tədbirlər həyata keçirilib.

Ölkə ərazisinə idxal olunan heyvanlar üçün preparatlar və yem əlavələri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən təqdim olunan baytarlıq sertifikatı ilə müşayiət olunur. Aparılan təhlillərin nəticəsi olaraq “Aqropol” MMC tərəfindən idxal olunan heyvanlar üçün yem əlavəsinin gömrük rəsmiləşdirilməsi zamanı saxta baytarlıq sertifikatının təqdim olunması ilə bağlı müəyyən şübhələr yaranıb və Dövlət Baytarlıq Nəzarəti Xidmətinə müraciət ünvanlanıb. Nəticədə, təqdim olunan sertifikatın saxta olduğu faktı aşkarlanıb.

Ukraynanın “Slavyanskiye Oboi – KFTB” şirkəti tərəfindən “Uğur-İbo” MMC və “Metal Traders” MMC–nin ünvanına idxal olunan divar kağızlarının təhlili aparılıb. Azərbaycan hökuməti ilə Ukrayna hökuməti arasında gömrük əməkdaşlığı sahəsində əldə olunan razılaşmaya əsasən Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin əməkdaşlıq bölümündə Ukrayna hökuməti tərəfindən mal – müşayiətedici sənədlərində qeyd olunan məlumatların bəyan olunan invoys dəyərinin müqayisəsi zamanı qeyd olunan idxalçıların ünvanına idxal olunan divar kağızlarının invoys dəyərləri arasında ümumilikdə 124 min 58 ABŞ dolları (məzənnə nəzərə alınaraq) dəyərində fərq olduğu aşkar olunub. Nəticədə əlavə olaraq 38 min 477 AZN məbləğində gömrük ödənişlərinin dövlət büdcəsinə köçürülməsi təmin olunub.

Göründüyü kimi, dəfələrlə xəbərdarlıq edilməsinə, gömrük qanunvericiliyini pozan sahibkar və şirkətlərin adlarının ictimaiyyətə açıqlanması və digər tənbeh xarakterli tədbirlər görülməsinə baxmayaraq bəzi işbazlar gömrük orqanları qarşısında yaranan öhdəliklərini düzgün yerinə yetirmək əvəzinə hələ də qanunsuz yollara əl atırlar.

Dövlət Gömrük Komitəsi bir daha xatırladır ki, Azərbaycanın gömrük orqanları gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin fiziki, kimyəvi, bioloji və digər əlamətləri ilə yanaşı onların dəyərini müəyyən etmək üçün də müvafiq alət, mexanizm və biliklərə malikdir və dövlət büdcəsinə ödəniləcək vəsaitləri gizlətməyə çalışanlara qarşı qətiyyətli mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Sabahın havası
13:11 17.07/2018
Masallıda yanğın
08:04 17.07/2018
 
Xəbər başlıqları
17-07-2018
17.07.2018 Sabahın havası
17.07.2018 Neft bahalaşıb
17.07.2018 Avroliqada 3 oyun
17.07.2018 Masallıda yanğın
16-07-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4872 san