19:19 19 Mart 2018
818 dəfə oxunub
Çap versiyası
...

Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak ediblər.

Dövlətimizin başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəldilər.

Milli geyimli uşaqlar meydanda rəqs edirdilər. İncəsənət ustalarının baharı, Azərbaycanı tərənnüm edən mahnılarının sədaları ətrafa yayılır, bayram şənliyinin iştirakçılarında xoş ovqat doğururdu.

Bahar qız dövlətimizin başçısına səməni təqdim etdi.

İçərişəhərin qala divarları üstündə və meydanda qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər dayanmışdılar.

Ulu Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzuladı.

Prezident İlham Əliyev Novruz tonqalını alovlandırdı.

Dövlətimizin başçısı bayram şənliyində nitq söylədi.

Azərbaycan Prezidenti İlham Əliyevin 
nitqi

- Əziz dostlar, mən sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Novruz bayramı bizim sevimli bayramımızdır. Əsrlər boyu Azərbaycan xalqı bu bayramı qeyd edir, öz qəlbində yaşadır. Milli-mənəvi dəyərlərimiz müasir Azərbaycan dövlətinin əsas dayağıdır. Azərbaycan dövləti müasir dövlətdir, ancaq, eyni zamanda, bizim dövlətimiz dərin milli-mənəvi dəyərlər, köklər üzərində qurulubdur. Elə etməliyik ki, gənc nəsil də milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alsın. Onlar da bizim kimi Vətənə bağlı olsunlar, milli maraqlarımızı hər şeydən üstün tutsunlar.

Azərbaycan Novruzu gözəl nəticələrlə qarşılayır. Ölkəmiz hərtərəfli inkişaf edir. Aparılan quruculuq işləri ölkəmizi gücləndirir, Azərbaycanın beynəlxalq nüfuzunu artırır. Daxili vəziyyət sabitdir. Bu sabitliyin əsas təminatçısı Azərbaycan xalqıdır. Xalq-iqtidar vəhdəti sabitliyin əsas təminatçısıdır. Daxili siyasətlə bağlı görülən işlər, aparılan islahatlar öz gözəl nəticələrini verməkdədir. Dünyada gedən proseslər bir daha onu göstərir ki, ancaq sabit olan ölkələr uğurla inkişaf edə bilər. Ancaq sabit olan ölkələrə xarici sərmayə qoyulur, insanlar rahat, təhlükəsizlik şəraitində yaşayırlar. Bu gün dünyanın müxtəlif yerlərində sabitlik pozulur, qanlı toqquşmalar baş verir, müharibələr alovlanır, yeni risklər yaranır. Bu gün dünya gündəliyinin əsas məsələsi məhz təhlükəsizlik məsələləridir. Azərbaycan bu istiqamətdə apardığı siyasətlə dünyada böyük rəğbət qazanmış ölkələrdən biridir. Ölkəmizdə daxili risklər üçün heç bir mənbə yoxdur. Xarici risklərdən isə biz özümüzü qoruyuruq və bundan sonra da qoruyacağıq, Azərbaycan xalqının rahat yaşamasını təmin edəcəyik.

Bizim beynəlxalq əlaqələrimiz genişlənir. Bu gün Azərbaycan dünya miqyasında çox yüksək reputasiyaya malik olan bir ölkədir və bizim təşəbbüslərimiz regional əməkdaşlığa təkan verir. Bir neçə gün bundan əvvəl VI Qlobal Bakı Forumu keçirilmişdir. Bu forumda 50-dən çox ölkədən 50-yə yaxın fəaliyyətdə olan və sabiq dövlət və hökumət başçısı iştirak etmişdir. Deyə bilərəm ki, Qlobal Bakı Forumu dünyada keçirilən ən mötəbər forumların arasında qısa müddət ərzində özünəlayiq yer tuta bilmişdir. Bu gün Bakı Forumunda müzakirə olunan məsələlər hesab edirəm ki, dünya üçün çox əhəmiyyətlidir. Gələn ay Bakıda Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransı keçiriləcəkdir. Bu da qlobal, mötəbər beynəlxalq tədbirdir. Bu tədbirin Azərbaycanda keçirilməsi Qoşulmama Hərəkatı və təşkilata üzv ölkələr tərəfindən bizə verilən növbəti dəstəyin təzahürüdür.

Azərbaycan regional əməkdaşlıq məsələlərində bir çox hallarda təşəbbüskar kimi çıxış edir. Bir neçə gün bundan əvvəl tarixdə ilk dəfə olaraq Bakıda Azərbaycan, İran, Gürcüstan və Türkiyənin xarici işlər nazirlərinin birinci görüşü keçirilmişdir. Hesab edirəm ki, bu, tarixi hadisədir, tarixi görüşdür. Bundan əvvəlki dövrlərdə yenə də bizim təşəbbüsümüzlə bir neçə regional format yaranmış və uğurla fəaliyyət göstərir. Azərbaycan-İran-Gürcüstan, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Rusiya üçtərəfli və nəhayət Azərbaycan-İran-Gürcüstan-Türkiyə dördtərəfli formatlar yaranmışdır. Qeyd etməliyəm ki, bütün bu çoxtərəfli formatların təşəbbüskarı Azərbaycan olmuşdur. Bu, bölgədə sabitliyi möhkəmləndirir, əməkdaşlığı gücləndirir və bu formatlarda iştirak edən ölkələrin iqtisadi maraqlarını təmin edir. Müzakirə olunan məsələlər siyasi, iqtisadi, mədəni, nəqliyyat və digər sahələri əhatə edir. Bildiyiniz kimi, bizim təşəbbüsümüzlə regionda çox böyük nəqliyyat layihələri icra edilir. Şərq-Qərb nəqliyyat marşrutu artıq reallaşıb. Keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun açılmasından sonra artıq bu marşrut fəaliyyətdədir. Yaxın gələcəkdə Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tam gücü ilə işləməsi nəticəsində Azərbaycan ərazisindən keçən yüklərin həcmi bir neçə dəfə artacaqdır. Hazırda biz Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə məşğuluq. Azərbaycan ərazisində bu marşrutla bağlı bütün işlər görülübdür. Eyni zamanda, Azərbaycan bu marşrutun tam həyata keçirilməsi üçün əlavə tədbirlər görəcəkdir. Həmçinin bu iki önəmli nəqliyyat dəhlizi yeni təşəbbüslərlə çıxış etmək üçün bizə imkan yaratdı və Bakıda dörd ölkənin xarici işlər nazirlərinin görüşündə, eyni zamanda, Cənub-Qərb nəqliyyat marşrutu müzakirə edildi. İlk dəfə olaraq, yenə də bizim təşəbbüsümüzlə. Beləliklə, baxmayaraq ki, Azərbaycanın açıq dənizlərə çıxışı yoxdur, biz Avrasiyanın önəmli nəqliyyat mərkəzinə çevriləcəyik və bu istiqamətdə artıq gözəl nəticələr var.

Bir daha demək istəyirəm ki, regional əməkdaşlıq sabitliyi möhkəmləndirir, əməkdaşlığı gücləndirir. Biz bu regionda yaşayırıq, ona görə əlbəttə ki, regional dövlətlərlə bizim uğurlu əməkdaşlığımız davam edəcəkdir.

Biz digər beynəlxalq təşkilatlarla, Avropa İttifaqı ilə fəal əməkdaşlıq aparırıq. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Bu gözəl mənzərə fonunda Ermənistan bütün regional əməkdaşlıq formatlarından tamamilə kənarda qalıbdır. Bu da təbiidir. Çünki bizim siyasətimiz məhz bundan ibarətdir. Ermənistan bütün məsələlərdən təcrid olunmuş vəziyyətdədir, bir dənə də olsun regional əməkdaşlıq formatında iştirak etmir. Təkcə ona görə yox ki, biz buna imkan vermirik, - halbuki, hesab edirəm, bu, əsas amildir, - eyni zamanda, ona görə ki, Ermənistan nə siyasi, nə iqtisadi, nə nəqliyyat baxımından heç bir maraq doğurmur. Siyasi baxımdan bu ölkə müstəqil deyil, bu, satellit ölkədir. Ermənistanın gələcəyi ilə bağlı ölkə daxilində qəbul edilmiş qərarlar böyük məna daşımır. Bu ölkəyə iqtisadi cəhətdən heç bir investisiya qoyulmur, investorlar maraqlı deyillər. Burada bir neçə amil rol oynayır, birinci növbədə, baş alıb gedən rüşvətxorluq, oğurluq, korrupsiya halları, digər tərəfdən vətəndaşların kütləvi surətdə Ermənistandan çıxması, yəni, köç kütləvi xarakter alıbdır. İnvestisiya iqlimi çox bərbaddır və bazar məhdudluğu imkan vermir ki, bu ölkəyə investisiya qoyulsun.

Belə bir mənzərə ilə üzləşən Ermənistan xalqı bir daha çox ciddi fikirləşməlidir və anlamalıdır ki, Ermənistan rəhbərliyinin Azərbaycana qarşı işğalçı siyasətinin gələcəyi yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü onsuz da bərpa edəcəkdir. Ancaq Ermənistan son illər ərzində bölgədə gedən regional əməkdaşlıq proseslərindən tam təcrid olunmuş vəziyyətdədir. Onlar siyasi səhnədə məğlub olublar, bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyir. BMT, onun Təhlükəsizlik Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, AŞPA, digər təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını tələb edən çoxsaylı qərar və qətnamələr qəbul etmişlər. Yəni, bu, Ermənistanın siyasi məğlubiyyətidir. Onlar diplomatik cəbhədə məğlubiyyətə uğrayıblar. Dağlıq Qarabağda keçirilmiş qondarma “referendum” heç bir ölkə tərəfindən tanınmayıb, beynəlxalq təşkilatlar da bunu tanımayıblar. Bu, bir daha təsdiqləyir ki, Dağlıq Qarabağ Azərbaycanın torpağıdır, Azərbaycanın əzəli torpağıdır və Azərbaycanın ayrılmaz hissəsidir.

Nəqliyyat siyasəti ilə bağlı Ermənistan dalan ölkədir və açıq deməliyik ki, bunu biz etmişik.

İki il bundan əvvəl Ermənistan döyüş meydanında üzləşdiyi məğlubiyyətdən bu günə qədər də özünə gələ bilmir. Bu gün Azərbaycan bayrağı Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının vaxtilə işğal altında olan torpaqlarında dalğalanır. Gün gələcək ki, bizim bayrağımız Şuşada və Xankəndidə dalğalanacaqdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ancaq və ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Bunun başqa yolu yoxdur. Dəfələrlə demişəm, bir daha demək istəyirəm, bunu hamı bilsin ki, Azərbaycan heç vaxt imkan verə bilməz ki, bizim tarixi torpaqlarımızda ikinci erməni dövləti yaradılsın. Dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, bugünkü Ermənistanın ərazisi tarixi Azərbaycan torpaqlarıdır. Bunu təsdiqləyən çoxsaylı kitablar, xəritələr var. O xəritələrdə indiki Ermənistanın ərazisindəki toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Tarixi kitablarda göstərilir ki, XIX əsrin əvvəllərində İrəvan xanlığının əhalisinin mütləq əksəriyyəti, daha doğrusu 80 faizi azərbaycanlılar olub. Bu, tarixdir, tarixi həqiqətdir. Bunu bilməyənlər də bilsinlər və ən önəmlisi Azərbaycan gəncləri bunu bilsinlər. Bilsinlər ki, indiki Ermənistanın böyük hissəsi Azərbaycanın tarixi torpağıdır. Biz bunu heç vaxt unutmuruq və unutmayacağıq.

Biz uğurla inkişaf edirik. Azərbaycan iqtisadi sahədə də böyük uğurlara imza atıb. Biz bu bayramı gözəl iqtisadi nəticələrlə qarşılayırıq. İki ayda ümumi daxili məhsul 1,3 faiz, qeyri-neft sektorunda isə 2,3 faiz artmışdır. Sənaye istehsalı 1,4 faiz, qeyri-neft sektorunda isə 8,4 faiz artmışdır. Kənd təsərrüfatı məhsullarının istehsalı təxminən 4 faiz, əhalinin gəlirləri isə 10,2 faiz artmışdır. İnflyasiya 4,7 faizdir. Yəni, bizim nəzərdə tutduğumuz vəzifələr icra edilir. İki ayda valyuta ehtiyatlarımız 2,1 milyard dollar artmışdır və hazırda 44 milyard dollara bərabərdir. Bu, böyük rəqəmdir. Biz valyuta ehtiyatlarımızı il ərzində daha da artıracağıq. Manatın məzənnəsi sabitdir. Bütün infrastruktur layihələri uğurla icra edilir. Bir sözlə, son müddət ərzində iqtisadi siyasətlə bağlı aparılan ciddi islahatlar öz gözəl nəticələrini vermişdir. Biz bu islahatları dərinləşdirəcəyik, bundan sonra da aparacağıq və Azərbaycan iqtisadiyyatının dayanıqlılığını bundan sonra da təmin edəcəyik.

Bu rəqəmlər özlüyündə bir göstəricidir və təbii ki, bizim siyasətimizi, aparılan işləri göstərir. Eyni zamanda, Azərbaycan ictimaiyyəti bunu bilir. Bunu bir daha demək istəyirəm ki, beynəlxalq maliyyə qurumları da bizim islahatlarımızı yüksək qiymətləndirirlər. Aparıcı beynəlxalq maliyyə institutları bizim islahatlarımıza yüksək qiymət verirlər. O ki qaldı, dünyanın bir nömrəli iqtisadi forumunun – Davos Forumunun hesablamalarına görə, - bu rəqəmlər dəfələrlə səslənib, bir daha səsləndirmək istəyirəm, - bu gün Azərbaycan dünyanın 35 ən rəqabətqabiliyyətli ölkəsi arasındadır.

Bizim uğurlu iqtisadi islahatlarımız çox ciddi sosial siyasətlə tamamlanır. Həmişə demişik ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Köklü iqtisadi islahatlar bəzən sosial sahəyə mənfi təsir göstərir. Ona görə hətta əvvəlki illərdə - bir-iki il bundan əvvəl iqtisadi böhran dövründə bir dənə də olsun sosial proqram ixtisara düşməmişdir, bütün sosial öhdəliklər vaxtında yerinə yetirilmişdir. İmkanlarımız artdıqca biz dərhal sosial məsələlərə daha da böyük diqqət göstərməyə başladıq. Daha doğrusu, daha böyük maliyyə vəsaiti ayırmağa başlamışıq. Bu il büdcədən maliyyələşən təşkilatlarda əməkhaqqı 10 faiz artmışdır. Əgər biz dünya xəritəsinə baxsaq, görərik ki, indiki dövrdə nadir ölkələrdə maaşlar artır. Biz imkan daxilində bunu edirik və bundan sonra da edəcəyik. Bir daha demək istəyirəm ki, iqtisadi göstəricilərimiz müsbətə doğru getməyə başlayandan dərhal sonra biz, ilk növbədə, sosial məsələlərin həllinə o maliyyəni ayırdıq. Maaşların, müavinətlərin, pensiyaların artırılmasına bu il büdcədən yüz milyonlarla manat vəsait ayrılır. Bu, bizim niyyətimizi, siyasətimizi göstərir. Onu göstərir ki, bizim əsas vəzifəmiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşları daha yaxşı yaşasınlar, onların rifah halı yaxşılaşsın, Azərbaycanda iqtisadi və sosial islahatlar bir-birini tamamlayaraq ölkəmizin inkişafına xidmət etsin.

Regionlarda böyük abadlıq-quruculuq işləri görülür. Bu il icra edilən Dövlət İnvestisiya Proqramı imkan verəcək ki, bölgələrdə bir çox məsələlər öz həllini tapsın. Sosial infrastruktur, məktəblər, xəstəxanalar, idman kompleksləri, yollar, digər infrastruktur layihələri. Keçən il 500 kəndin yolu salınmışdır, bu il ən azı 600-dən çox kəndin yolu salınacaqdır. Rayonlarımızın siması gözəlləşir, abadlaşır.

Artıq bu, həqiqətdir, Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilibdir. Bakıya gələn hər bir qonaq bunu qeyd edir. Bu gün Bakı doğrudan da, gözəlliyi, tarixi, insanların qonaqpərvərliyi baxımından turistlər üçün ən cəlbedici istiqamətlərdən birinə çevrilibdir. Ölkəmizə gələn turistlərin artan sayı bunun gözəl sübutudur. Gələn qonaqların sayı 2016-cı ildə 24 faiz, 2017-ci ildə 20 faiz, bu ilin iki ayında isə 12 faiz artmışdır. Hər bir gələn qonaq, hər bir qərəzsiz gələn qonaq əlbəttə ki, Bakının gözəlliyini etiraf edir, bunu görür, sonra sosial şəbəkələrdə öz çəkdiyi kadrları paylaşır. Bakı bizim qürur mənbəyimizdir, bizim tarixi şəhərimizdir, qədimliyi ilə müasirliyi özündə birləşdirən nadir şəhərlərdən biridir. Bakının inkişafı, gözəlləşdirilməsi, müasir infrastrukturunun yaradılması üçün bundan sonra da əlavə tədbirlər görüləcəkdir.

Biz indi qədim Qız qalasının önündə bu bayramı qeyd edirik. Qız qalası Bakının qədim rəmzidir və bizim böyük tarixi abidəmizdir. Ancaq, eyni zamanda, bu gün Bakının müasir rəmzləri də vardır. Onların arasında Heydər Əliyev Mərkəzi dünyanın ən gözəl binalarından biridir və bunu müxtəlif sorğular, reytinqlər təsdiqləyir. Alov Qüllələri həm Bakının rəmzini - alovu əks etdirir, eyni zamanda, göylərə ucalan binalar Azərbaycanın inkişafını göstərir və Bakıya əlavə gözəllik verir. Vaxtilə 3,5 kilometr olan bizim tarixi bulvarımızın uzunluğu indi 16 kilometrə çatıbdır və hər yer abadlaşıb, gözəlləşib. Hesab edirəm ki, bu, dünya miqyasında nadir istirahət və gəzinti zonasıdır. Yeni yollar, parklar, xiyabanlar salınır. Bakı bu gün parklar, bağlar şəhəridir.

Bakının ekoloji vəziyyəti yaxşılaşır. Vaxtilə şəhərimizin havasını çirkləndirən Balaxanı zibilxanası tamamilə aradan götürülübdür, indi park salınıbdır. Böyükşor gölü. Onun bir hissəsi, birinci mərhələsi tamamlanıb və təmizlənib. Bibiheybət buruqları ekoloji fəlakət mənzərəsi idi. Bu gün orada park, idman şəhərciyi salınıb. Bakının o hissəsi ilə bağlı bizim əlavə planlarımız var. Yeni yollar salınıb. Vaxtilə tikilmiş və yararsız vəziyyətə düşmüş binalar sökülür, vətəndaşlara kompensasiya ödənilir və həmin binaların yerində yeni ictimai zonalar yaradılır. Yəni, Bakının gələcək inkişafı ilə bağlı bizim böyük planlarımız var. Bakının nəqliyyat problemləri də həll olunur. Bakıda onlarla körpü, yol qovşağı tikilmişdir. Əgər vaxtilə tikilməsəydi, biz indi tıxacdan hərəkət edə bilməzdik. Şəhərimizin gələcək hərtərəfli inkişaf planı da diqqət mərkəzindədir. Şəhərimizin hər bir yerində abadlıq işləri getməlidir və əminəm ki, gedəcəkdir.

Əziz dostlar, bir daha demək istəyirəm ki, biz bu gözəl bayramı gözəl nəticələrlə, yaxşı əhval-ruhiyyə ilə qarşılayırıq. Əminəm ki, 2018-ci il də, ondan sonrakı illər də ölkəmiz üçün uğurlu olacaq. Azərbaycan uğurla inkişaf edəcək, qarşıda duran bütün vəzifələr icra ediləcək və ölkəmiz bundan sonra da bir çox ölkələr üçün nümunə olacaqdır.

Sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn gözəl bayram münasibətilə bir daha təbrik edirəm, bütün Azərbaycan xalqına uğurlar, cansağlığı, əmin-amanlıq və sülh arzulayıram. Sağ olun.

X X X

Sonra Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ümumxalq şənliyinin iştirakçıları Dənizkənarı Milli Parka gəldilər.

Azərbaycanın müxtəlif bölgələrindən gələn özfəaliyyət dərnəklərinin, rəqs və mahnı qruplarının çıxışları maraqla qarşılandı.

Dövlətimizin başçısını və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşıladılar.

Prezidenti və xanımını Kosa və Keçəl bayram münasibətilə təbrik etdilər, dövlətimizin başçısı ilə yumurta döyüşdürdülər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bayram konsertinə baxdılar.

Dövlətimizin başçısı, xanımı və ümumxalq şənliyinin digər iştirakçıları Novruz bayramı münasibətilə təşkil olunan “Şərq bazarı” ilə tanış oldular.

Burada bərəkətli Azərbaycan torpağında yetişdirilmiş məhsullar nümayiş etdirilir. Paytaxtla yanaşı, regionların da fəal qoşulduğu yarmarkada kənd təsərrüfatı məhsulları ilə yanaşı, əl işləri, sənətkarlıq nümunələri, milli mətbəximizə dair müxtəlif məhsullar təqdim olunur. Yarmarkada yaradılan şərait göstərir ki, son dövrlərdə ölkəmizdə aparılan siyasət nəticəsində digər sahələrdə olduğu kimi, kənd təsərrüfatında da mühüm nailiyyətlər qazanılıb. Bu gün Azərbaycan özünü keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin edir. Bu isə ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bundan əlavə, ekoloji cəhətdən təmizliyi ilə seçilən məhsullarımıza dünyada da böyük maraq və tələbat var.

Xalqımızın qədim ənənələrini, dəyərlərini, mətbəxini, məişətini əks etdirən stendlər Milli Parkda təşkil olunan bayram şənliyinə xüsusi çalar qatırdı. Burada ölkəmizin müxtəlif bölgələrini təmsil edən özfəaliyyət kollektivlərinin çıxışları və hazırlanmış sənətkarlıq nümunələri maraqla qarşılandı. Bir tərəfdə isə gənc pəhləvanlar qurşaq tutur, idmançılar məharətlərini göstərirdilər. Ulu babalarımızdan bugünkü nəslə yadigar qalan qədim el sənətlərinin nümayiş etdirildiyi şənlikdə, həmçinin Novruz bayramının rəmzi olan müxtəlif şirniyyat nümunələri də yer almışdı.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və şənliyin digər iştirakçıları bu səhnələri maraqla izlədilər, qədim el sənətlərinin nümunələrinə, Azərbaycan xalçalarına baxdılar, pəhləvanların, güləşçilərin çıxışlarını izlədilər, “Nənələr”, “Rəfti”, “Əvəsor” folklor özfəaliyyət kollektivlərinin, “Natiq” ritm qrupunun, aşıqların, Azərbaycan Dövlət Kukla Teatrının nəzdindəki “Oyuq” teatr-studiyasının kollektivinin ifalarını dinlədilər.

Çay süfrəsinə qonaq olan dövlətimizin başçısı və xanımı milli mətbəximizin müxtəlif nümunələrindən daddılar.

Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov məlumat verdi ki, Novruz bayramı münasibətilə milli mətbəximizə aid xüsusi olaraq 27 poçt markası hazırlanıb.

Prezident və xanımı poçt markalarını imzaladılar və möhürlədilər.

Novruz xalqımızın tarixi yaddaşından süzülüb gələn ənənələri yaşadan, keçmişimizi və gələcəyimizi bir-biri ilə bağlayan bayramdır. Elə bu səbəbdəndir ki, sovet hakimiyyəti illərində həyata keçirilən siyasət digər milli-mənəvi dəyərlərimiz kimi, Novruzu da Azərbaycan xalqının şüurundan silə bilmədi. Hər bir xalqın milli-mənəvi dəyərlərinin qorunmasında və inkişafında tarixi şəxsiyyətlərin də üzərinə böyük vəzifələr düşür. Ulu öndər Heydər Əliyevin tariximiz qarşısındakı xidmətləri sırasında Novruzun yenidən xalqımıza qaytarılması kimi ümummilli məsələ də var. Çünki məhz Heydər Əliyevin sayəsində ümumi mədəni hərəkatın tərkib hissəsi kimi milli bayramımız olan Novruz ötən əsrin 70-80-ci illərində əvvəlki dövrlərlə müqayisədə kütləvi qeyd olunmağa başladı. Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə isə Novruz təntənələri xalqımızın həyatına birdəfəlik daxil oldu. Bu gün Prezident İlham Əliyev də mədəni-mənəvi irsimizə xüsusi diqqətlə yanaşır. Novruzun gəlişi ilə bağlı dövlətimizin başçısının hər il xalqa ünvanladığı təbriklər də onun milli-mənəvi dəyərlərimizə böyük ehtiramla yanaşdığını göstərir.

Xalqımız özünün milli və tarixi ənənəsinə çevrilən Novruzu həmişə olduğu kimi, bu il də böyük sevinclə qarşılayır. Yazın gəlişi, təbiətin, bütün canlıların oyanışı, gecə ilə gündüzün bərabərləşdiyi bir günlə bağlı olan bu bayram Azərbaycan xalqının milli düşüncəsini və milli ruhunu özündə əks etdirir.

2010-cu ildə BMT-nin qərarı ilə martın 21-i Beynəlxalq Novruz Günü elan olundu. Bu, böyük bir arealda yaşayan 200 milyondan çox insanın milli-mənəvi yaddaşına dünyanın ən mötəbər qurumu səviyyəsində verilən dəyərin təzahürü idi. Qədim tarixə malik Novruz həm də əcdadlarımızın bizə töhfəsi, onlardan qalan dəyərli mirasdır. Tarixən milli düşüncə tərzinin və məfkurəsinin formalaşmasında, insanların yüksək əxlaqi dəyər və normalar çərçivəsində yaşamasında böyük rol oynayan Novruz bayramı özündə paklığı, nəcib insani dəyərləri təcəssüm etdirir. Varlığın yenidən canlanmasını müjdələyən Novruz əsrlər boyu həm də insanlarımızı işıqlı sabaha, xoşbəxt gələcəyə səsləyir. Bu bayram insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaradıb.

Dövlətimizin başçısı və xanımı Azərbaycan Gimnastika Federasiyasının stendində bədii, aerobika, akrobatika və idman gimnastlarının nümunəvi çıxışlarına baxdılar. Diqqətə çatdırıldı ki, martın 15-18-də Milli Gimnastika Arenasında Beynəlxalq Gimnastika Federasiyasının idman gimnastikası üzrə dünya kuboku yarışları uğurla təşkil olunub. Bundan başqa, Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə aprelin 12-15-də batut gimnastikası, tamblinq və ikili mini batut üzrə 26-cı Avropa çempionatı, aprelin 27-29-da bədii gimnastika üzrə dünya kuboku, iyunun 22-23-də isə yeniyetmələr arasında Olimpiya Oyunlarına vəsiqə qazandıracaq idman gimnastikası üzrə təsnifat yarışları keçiriləcək.

Son illər ölkəmizdə sürətlə inkişaf edən idman növlərindən biri də velosiped idmanıdır. 2016-cı ilin avqustunda İsmayıllı rayonunda “ISMA Bikes” velosiped istehsalı zavodunun fəaliyyətə başlaması ölkəmizdə bu idman növünün inkişafına böyük təkan verib. Hazırda bu müəssisədə istehsal olunan velosipedlərə daxildə və xaricdə böyük maraq var.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “ISMA Bikes” zavodunun istehsalı olan velosipedlərə baxdılar.

Qeyd olundu ki, 2018-ci il iyunun 5-9-da Azərbaycanda BMX velosipedi üzrə dünya çempionatı keçiriləcək. Çempionatda təxminən 2 min velosipedçinin iştirakı nəzərdə tutulur. Bu çempionatın keçiriləcəyi BMX treki beynəlxalq standartların dəyişməsi ilə əlaqədar ötən il tamamilə yenidən qurulub.

Prezident İlham Əliyevə BMX velosipedi üzrə dünya çempionatının ilk bileti təqdim olundu.

Son illər inkişafda olan idman növləri arasında cüdo da xüsusilə seçilir. Sentyabrın 20-27-də Bakıda cüdo üzrə dünya çempionatı keçiriləcək. Çempionatda 150-dək ölkədən 800-yə yaxın idmançının iştirakı gözlənilir. Azərbaycan milli komandası dünya çempionatında tam heyətlə iştirak edəcək. Yarışlar Milli Gimnastika Arenasında keçiriləcək.

Dövlətimizin başçısına cüdo üzrə dünya çempionatının ilk bileti təqdim edildi.

Azərbaycanda qılıncoynatma idmanının inkişafına da xüsusi diqqət yetirilir. İdmançılarımız bu il bir sıra beynəlxalq yarışlarda iştirak edəcəklər. Artıq 2005-ci il təvəllüdlü idmançılarımız Türkiyədə təşkil olunacaq beynəlxalq yarışa hazırlıq keçirlər. Bundan başqa, apreldə İtaliyada kadetlər və gənclər arasında dünya çempionatı, həmçinin şpaqa və sablya üzrə dünya kuboku yarışları baş tutacaq. İdmançılarımızın bu yarışlara hazırlığı çərçivəsində təlim-məşq toplanışları təşkil olunur.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kəmər güləşi üzrə idmançıların çıxışlarını da izlədilər. Məlumat verildi ki, kəmər güləşi türkdilli xalqlar arasında tarixən mövcud olmuş qədim qurşaq güləşinin müasir versiyasıdır. Hazırda kəmər güləşi idman növündə müasir qaydalar tətbiq edilir. Azərbaycan idmançıları kəmər güləşi üzrə dünya və Avropa çempionatlarında bir sıra mükafatlar qazanıblar. İyulda idmanın bu növü üzrə Azərbaycan çempionatı keçiriləcək. Çempionatın qalibləri sentyabrda təşkil olunacaq dünya oyunlarında iştirak edəcəklər.

Ümumxalq şənliyində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Novruz bayramına həsr olunmuş xüsusi stend hazırlanıb. Stenddə ulu öndər Heydər Əliyevin portreti əks olunmuş, “Müslüm Maqomayev”, “Tofiq Quliyev”, “Qara Qarayev”, “Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları”, “Standart buraxılış 2018”, “Novruz”, “2017”, “İt ili”, “Formula 1”, “XXI Yay Olimpiya Oyunları - Rio 2016”ya həsr olunmuş markalar, “Avropa Oyunları 2015”, “Azərbaycan”, “İçərişəhər”, “Qarabağ”, “Eurovision 2012” kitabları, habelə “Turizm”, “Avropa” adlı bukletlər və s. poçt məhsulları nümayiş etdirilir.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, “Azərmarka” MMC tərəfindən Azərbaycanın müstəqilliyinə, dövlət atributlarına, iqtisadi inkişafına, milli bayramlarına, memarlıq abidələrinə, görkəmli ictimai-siyasi xadimlərinə, beynəlxalq əhəmiyyətli mühüm tədbirlərə, Qarabağa aid poçt markaları çap olunaraq dövriyyəyə buraxılıb. Eyni zamanda, həmin markaların beynəlxalq aləmdə də yayımı təşkil edilib.

Dövlətimizin başçısı və birinci xanım Novruz bayramına həsr olunan markanın ilk nüsxəsini imzalayaraq möhürlədilər. Bununla da tarixi əhəmiyyət qazanan bu marka “Azərpoçt” MMC vasitəsilə dövriyyəyə buraxıldı.

Hazırda Bakı üçüncü dəfə Formula 1 yarışına hazırlaşır. Aprelin 27-29-da keçiriləcək Azərbaycan Qran-Prisinə hazırlıq işləri sürətlə davam etdirilir. Azərbaycanın bölgələrində gənclər, xüsusilə orta məktəblərin yuxarı sinif şagirdləri arasında Formula 1 yarışları, yol hərəkəti təhlükəsizliyi və avtomobil idmanı haqqında məlumatlılığın artırılması məqsədilə “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti və Azərbaycan Avtomobil Federasiyası regionlarda avtoidman üzrə maarifləndirmə ayı çərçivəsində “Sənin sürət formulan” şüarı altında altı regionda simulyatorda Formula 1 çempionatı keçirib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin nümayəndələri ilə görüşdülər.

Azərbaycan Prezidenti onun pişvazına və bayram gəzintisinə çıxmış Bakı sakinlərinə və paytaxtımızın qonaqlarına Novruz münasibətilə bir daha xoş arzularını yetirdi.

Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak edirdilər.

Bayram şənliyi incəsənət ustalarının, el sənətkarlarının ifasında rəngarəng konsert proqramı ilə davam etdi.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Erməni təxribatı
08:37 15.07/2018
 
Xəbər başlıqları
16-07-2018
16.07.2018 Neft ucuzlaşıb
15-07-2018
15.07.2018 Erməni təxribatı
14-07-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6018 san