19:26 19 Mart 2018
3054 dəfə oxunub
Çap versiyası
...

 

Respublikamızda bir çox sahələrdə olduğu kimi gənc və yeniyetmələrin fiziki inkişafına, sağlam gələcəyimizin formalaşmasına da xüsusi fikir verilir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə idman sahəsində müşahidə olunan inkişaf və əldə olunan nailiyyətlər məhz bu qəbildəndir. Paytaxt Bakı ilə yanaşı, bölgələrimizdə də tikilib vətəndaşların istifadəsinə verilən idman və sağlamlıq kompleksləri, eləcə də ölkəmizdə idmanın müxtəlif növləri üzrə keçirilən yerli və beynəlxalq əhəmiyyətli yarış və turnirlər bu fikri bir daha təsdiq edir.

Sıralarında xidmət edən şəxsi heyətin böyük bir qismini gənclər təşkil edən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında da idmanın inkişafına xüsusi diqqət yetirilir. Hərbi qulluqçularımızın müxtəlif idman yarışlarında əldə etdiyi qələbələr buna bariz nümunədir. Yüksək nizam-intizamı və nümunəvi xidməti ilə yanaşı, idmançı kimi bir çox qələbələrə imza atmış belə hərbi qulluqçularımızdan biri də Daxili Qoşunların “N” saylı hərbi hissəsinin zabiti kapitan Həşimov Aydın Balaşah oğludur.

Kapitan Aydın Həşimov 1978-ci il may ayının 29-da Bakı şəhərində anadan olub. 29.06.2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Hələ 12 yaşından idmanın “cüdo” növünə böyük maraq göstərən Aydın, “Lokomativ” İdman Cəmiyyətində bu peşənin “sirlərini” öyrənməyə başlayıb. 1992-2000-ci illərdə isə o, “cüdo” ilə yanaşı, həvəskar idmançı kimi idmanın “karate-do” və “sərbəst güləş” növləri ilə də məşğul olub. İdmanın məşğul olduğu hər üç növündə də qələbələr əldə edib və müxtəlif mükafatlarla təltif olunub.

2003-cü ildən Azərbaycan Respublikası Ciu-Citsu Federasiyasının milli yığma komandasının üzvü olan Aydın, xarici ölkələrdə keçirilən mötəbər yarışlarda respublikamızı yüksək səviyyədə təmsil edərək, dəfələrlə beynəlxalq turnirlərin qalibi olub. Belə ki, 2007-ci ildə Ukraynanın Yalta şəhərində keçirilən əlbəyaxa döyüş növləri üzrə “Dünya kuboku”nun qalibi və çempionatın “Ən yüksək texnikalı idmançı”sı adına layiq görülüb. Aydın həm də 2007-ci ildən Ciu-Citsu üzrə 1-ci Dan qarakəmər sahibidir. Onun nailiyyətləri bununla bitmir. 2007-2008-ci illərdə Əlbəyaxa döyüş üzrə iki dəfə “Respublika çempionu” adını qazanan kapitan A.Həşimov, 2008-ci ildə Moskvada keçirilən Ciu-Citsu üzrə beynəlxalq yarışın və Gürcüstanda təşkil olunan peşəkarlararası “Silver Sword-Grand Prix” beynəlxalq turnirin Çempionu adını qazanıb. 2009-cu ildə isə hərbi qulluqçumuz RF-nın Dağıstan Respublikasının Dərbənd şəhərində “Beynəlxalq dərəcəli idman ustası” adına layiq görülüb.

2012-ci ilin sentyabr ayından 2013-cü ilin fevral ayınadək Çinin Quanjou şəhərində Hərbi İdman Akademiyasında “uşu-sanda” idman növü üzrə təşkil olunan təlim kursuna cəlb olunan Aydın, burada da yüksək nəticələr göstərərək, respublikamızı layiqincə təmsil edib. Asiya, Afrika və Cənubi Amerika ölkələrinin müvafiq hərbi qurumlarını təmsil edən hərbi qulluqçular arasında kursu yüksək nəticələrlə başa vuraraq, birinci yerə layiq görülüb. Kurs ərəfəsində xarici ölkələrin idmançıları arasında uşu-sanda üzrə çempion, eyni zamanda “Ən güclü idmançı” adını qazanaraq, yarışın kubok və fəxri fərmanı ilə mükafatlandırılıb. Ən maraqlısı isə yarış zamanı yerli idman professorlarının bizim döyüş texnikamıza və üslubumuza xüsusilə böyük maraq göstərmələri olub. Onlar Aydının döyüş

üslubunu və texnikasını bəyənərək, filmə çəkilməyini təklif ediblər. Təklifi dəyərləndirən Aydın: “... Mən də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində bir neçə il ərzində aldığım təhsil və təcrübəni Çin müəllimlərinin təcrübəsindən üstün olduğunu nümayiş etdirmək məqsədilə bu təklifi qəbul etdim. Bununla da Azərbaycan hərbçilərinin fiziki hazırlıq və özünümüdafiə qabiliyyətinin hansı səviyyədə olduğunu qürurla nümayiş etdirdim” – deyir.

Daxili Qoşunların Baş İdarəsində fiziki hazırlıq rəisi polkovnik-leytenant Vaqif Yüzbaşıyev kapitan A.Həşimovu nizam-intizamlı və nümunəvi hərbi qulluqçu olması ilə yanaşı, əsl idmançı kimi ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil etməsini yüksək qiymətləndirdiyini dedi: “... Kapitan A.Həşimov həm hərbi qulluqçu, həm də bir idmançı kimi olduqca nizam-intizamlı və məsuliyyətlidir. Onun ən müsbət xarakterik xüsusiyyəti yarış öncəsi öz güvvəsinə və qələbəsinə inamının son dərəcə güclü olmasıdar. Bu isə Aydına iştirakçısı olduğu yarışlarda rəqibləri üzərində qələbələr qazanmasına imkan verir...”.

Məlumat üçün qeyd edək ki, kapitan A.Həşimov nümunəvi xidmətinə və yüksək nizam-intizamına görə Azərbaycan Respublikasının “Hərbi xidmətlərə görə” medalı ilə, həmçinin Daxili İşlər Naziri və Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı tərəfindən müxtəlif mükafatlarla təltif olunub.

Vətənimizə xidmətilə fəxr etdiyini deyən Aydının bir amalı var, bu da iştirak etdiyi bütün beynəlxalq yarışlarda Azərbaycanın üçrəngli Dövlət Bayrağını zirvələrə qaldırmaq və Dövlət Himnimizi səsləndirməkdir. Vətənpərvər silahdaşımız kapitan A.Həşimovu təbrik edir, xidmətində yeni-yeni uğurlar arzu edirik.

 

Kapitan Anar Əhmədov,

Daxili İşlər Nazirliyi,

Daxili Qoşunların zabiti


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
18-07-2018
17-07-2018
17.07.2018 Sabahın havası
17.07.2018 Neft bahalaşıb
17.07.2018 Avroliqada 3 oyun
17.07.2018 Masallıda yanğın
16-07-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6241 san