22:35 03 Aprel 2018
Çap versiyası
...

      Sevinc İncəli 

Dünya dövlətçilik tarixinə    müsəlman şərqinin ilk dünyəvi hüquqi dövlətinin yaradıcısı kimi həkk edilmiş Azərbaycan Cümhuriyyətinin yaradılması və fəaliyyəti bizim üçün tarixi örnəkdir. 1918-1920-ci illər qədim Oğuz türk yurdu olan Qərbi Azərbaycan və Naxçıvan ərazisi erməni-müsəlman qırğınlarının əsas mübarizə meydanlarından birinə çevrilmişdir.  O,  dövrün nəsillərə örnək olacaq qəhrəmanlarını minnətdarlıq duyğusu ilə anmaq bizim mənəvi borcumuzdur. Bu gün məhz bu qəhrəmanlardan biri haqqında  Əhməd  bəy Vəkilov haqqında söhbət açacağıq. Əhməd bəy Həsən bəy oğlu Vəkilov Naxçıvan Xanlığının Şərur-Dərələyəz qəzasının naibi olmuş Həsənalı Sultan Vəkilovun nəvəsidir.

       Şərur-Dərələyəz qəzasının Çivə kəndi erməni-müsəlman qırğınlarının başlanması bölgədə  xalq qəhrəmanı Balo bəy Vəkilovun(Əhməd bəy Vəkilovun əmisi Cəlil bəy Vəkilovun oğludur)  rəhbərliyi ilə könüllü özünümüdafiə dəstəsinin yaradılmasına səbəb oldu. Bu dəstənin ən fəal üzvülərindən biri  də Əhməd bəy Vəkilov idi. O, bütün döyüşlərdə Balo bəy Vəkilovla birlikdə şücaətlə iştirak etmişdir. Dəstədə   İsmayıl bəy, Əli bəy, Hüseyn bəy, Qafar bəy, Yusif bəy, Kərbəlayı Əşrəf  bəy,  Kərbəlayi Firudin bəy və başqa Vəkilovlar  Kəllo və Məmili tayfaları ermənilərə qarşı şücaətlə  vuruşurdu.

         Ermənilərin hücumlarından birində Balo bəy, Əhməd bəy  və Kərbəlayi Əşrəf bəy öz döyüş dostları ilə birlikdə böyük bir kötüyün içini oyub oraya çoxlu miqdarda barıt doldururlar. Sonra həmin kötüyü partladırlar. Ermənilər gurultunu eşidib vahimələnirlər. Ermənilər Çivəyə Osmanlı  Türkiyəsindən  top gətirildiyini düşünərək böyük bir ərazini qoyub qaçırlar. Sonralar ermənilər Çivəni bir neçə dəfə mühasirəyə alırlar. Ancaq müdafiəçilərin müqavimətini qıra bilmirlər. Ağır döyüşlərdən sonra Dərələyəzin müdafiəçiləri Çivə ətrafına yığışırlar. Bu zaman Vedibasar istiqamətində də qızğın döyüşlər gedirdi. Orada müdafiəçilərə Abbasqulu bəy Şadlinski başçılıq edirdi. Qüvvələr nisbətinin kəskin döyüşməsi ilə əlaqədar Dərələyəzin , Naxçıvanın (o cümlədən Vedibasarın) əhalisi geri çəkilməli olur. Əhməd bəy Vəkilov əmisi oğlu xalq qəhrəmanı Balo bəy Vəkilov və Çivə müdafiəçiləri də Naxçıvanın bütün əhalisi ilə birlikdə Arazın o tayına–Cənubi Azərbaycana üz tuturlar.  Mərhum tarixçi alim Əli Əliyev özü bu hadisələrin canlı şahidi olmuş və "Biz əzablı bir ömür yaşadıq" xatirə memuarında Balo bəy Vəkilov və Çivə müdafiəçilərinin Cənubi Azərbaycana keçməsini təsvir etmişdir. Əhməd  bəy Vəkilov ailəsi ilə birlikdə  xalq qəhrəmanı Balo bəy Vəkilovla  Arazın  keçsələr də  İran ərazisində xalq qəhrəmanı Balo bəy Vəkilovdan ayrı düşürlər. Onların ayrı düşdükləri ağır dönəmlərdə yaşadıqları həyacanlı günlər bir romanın mövzusudur. Bu ağır dönəmlərin şahidi olmuş  Əhməd bəy Vəkilovun həyat yoldaşı Şəhrəbanu xanım  da həyacanlı günləri ömrünün son günlərinə kimi yaddaşında yaşadmışdır.          

      Bir müddət Cənubi Azərbaycanda müdafiəçilər yenidən geri qayıdır. Bu zaman Əhməd bəy Vəkilovun atası  Məşhədi Həsən bəy bu hadisələrin ağırlığına , xalqın faciəli vəziyyətinə dözmür, Naxçıvan şəhərində vəfat edir. Xalq qəhrəmanı  Balo bəy Vəkilov  geri qayıdandan sonra  Bakıya gedir, Məhəmməd Əmin Rəsulzadə ilə görüşür. Məhəmməd Əmin Rəsulzadə onlara  öz kəndlərinə qayıtmağı məsləhət görür. Bu dövrdə Dərələyəzin əhalisinin bir hissəsi Qarabağa köçür. Balo bəy və Çivə müdafiəçiləri isə öz kəndlərinə qayıdır. Yenidən döyüşlər şiddətlənir. Bu döyüşlərdə xalq qəhrəmanı Balo bəy Vəkilov  və Çivə müdafiəçiləri o cümlədən Əhməd bəy Vəkilov  özlərini məğlubedilməz qəhrəman kimi göstərirlər. Ermənilər Əhməd bəy Vəkilovun silahdaşı xalq qəhrəmanı  Balo bəy Vəkilov  başına mükafat təyin edirlər.  Lakin ermənilər istəklərinə nail ola bilmirlər. 

  Azərbaycan  Cümhuriyyəti hakimiyyətinə son qoyuldu və  Azərbaycan Sovet hakimiyyəti quruldu.   1923-cü ildə bolşevik imperiya siyasətinin və yerli bolşeviklərin köməyi ilə əhalisi yalnız Azəraycan türklərindən ibarət olan Çivə kəndi Ermənistanın inzibati ərazi bölgüsünə daxil edildi. Əhməd bəy Vəkilov və xalq qəhrəmanı Balo bəy Vəkilovun  mənsub olduğu  vəkilovlar nəsli  repressiyalara , təqib və təzyiqlərə məruz qaldı. Onların bütün mülkiyyəti evləri, torpaq sahələri , bağları alınıb kolxoza verildi.  Vəkilovların bir hissəsi 37-ci il faciəsinin qurbanı oldu  bir hissəsi isə el-obanı tərk etmək məcburiyyətində qaldılar.  Əhməd bəy Vəkilov   isə öz doğma kəndlərində qaldı. Əhməd bəy Vəkilovun ailəsini  bəy nəslindən olduqları üçün   1940-cı ilə kimi kolxoza üzv olmağa qoymurlar. Nəhayət , Əhməd bəy Vəkilovu da 1951-ci ildə ailəsi ilə birlikdə  Qərbi Azərbaycan ərazisindən deportasiya edirlər. Əhməd bəy Vəkilovun  adı köçmə sənədinə qeyd edilsə də o, gedə bilmir. Hadisələrin ağırlığı və faciəliliyi onun da həyatla vidalaşmasına səbəb olur. Övladları isə öz doğma yurd –yuvalarından deportasiya olunaraq Bərdə rayonunun İmirli kəndinə köçməil olurlar. 

    Şübhəsiz ki,  Azərbaycan xalqının tarixində silinməz iz buraxmış əsasən  Qazax-İrəvan-Naxçıvan ərazilərində məskunlaşmış vəkilovlar nəslinin nümayəndəsi olan Əhməd bəy Vəkilovun parlaq xatirəsinə həsr edilmiş bu məqalə onun döyüş yolunun və keşməkeşlərlə dolu həyatının kiçik bir hissəsidir.

 

 

 

  


Son xəbərlər
 
Xəbər başlıqları
25-09-2018
24-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.5561 san