16:17 25 Aprel 2018
1372 dəfə oxunub
Çap versiyası
...

Aprelin 25-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın
bəyanatı

- Əziz qardaşım, cənab İlham Əliyev.

Hörmətli nümayəndə heyətlərinin üzvləri, dəyərli mətbuat nümayəndələri.

Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevi Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası münasibətilə Ankarada qəbul etməkdən böyük məmnunluq hissi duyuram.

Dəyərli qardaşıma və nümayəndə heyətinə şəxsən öz adımdan və xalqım adımdan “Xoş gəldiniz!” deyirəm.

Bildiyiniz kimi, cənab İlham Əliyev aprelin 11-də keçirilmiş və böyük səs çoxluğu ilə qələbə qazandığı prezident seçkilərindən sonra ilk səfərini Türkiyəyə edir. Bu rəsmi səfər münasibətilə xalqım adından xüsusi minnətdarlığımı bildirmək istəyirəm.

İlk növbədə, bu uğur münasibətilə hörmətli Prezident İlham Əliyevi təbrik edirəm. İnşallah, əziz qardaşımın siyasi liderliyi ilə “Can Azərbaycan” inkişaf etməyə, güclənməyə, bölgənin sabitlik zirvəsi kimi parlamağa davam edəcək.

İnşallah, Türkiyə olaraq bu müddətdə Prezident İlham Əliyevlə birlikdə çiyin-çiyinə hər sahədə - siyasi, hərbi, iqtisadi, ticari, mədəni sahələrdə birgə fəaliyyət göstərməyə və gələcəyi qurmağa davam edəcəyik. Bu məsələdə mövqeyimiz qətidir.

Xatırladığınız kimi, mən də Prezident seçildikdən sonra ilk xarici səfərimi Azərbaycana etmişdim. Bunun ənənə halı alması aramızdakı qardaşlıq əlaqələrinin ən gözəl, ən konkret nümunəsidir. İnşallah, iyunun 24-dən sonra mən də ilk xarici səfərimi Azərbaycana etmək niyyətindəyəm.

Dəyərli mətbuat nümayəndələri, bu gün cənab İlham Əliyevlə həqiqətən səmimi müzakirələr apardıq. Əvvəlcə təkbətək, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə görüşlərimiz oldu. Nümayəndə heyətlərinin iştirakı ilə görüşdə nazirlərimiz apardıqları təkbətək görüşlər barədə bizə məlumat verdilər. Həm iclasın əvvəlində, həm də sonunda biz liderlər öz fikirlərimizi bildirdik.

Ötən il oktyabrın 30-da - Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VI iclasından əvvəl Azərbaycanın paytaxtında Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışını etdik. Dünyanın ən mühüm nəqliyyat dəhlizlərindən biri olan bu xəttin səmərəli şəkildə istifadəsi istiqamətində işlərimiz davam edir. İnşallah, bu fəaliyyətimizi çox qısa müddətdə başa çatdıracağıq. Gələcək üçün yeni layihələrimiz var, onları da həyata keçirəcəyik. Təbii ki, bunlardan ən mühümü iqtisadi sahədə milli valyutaya keçməyimiz olacaq.

Bununla yanaşı, yenə də birlikdə həyata keçirməyi nəzərdə tutduğumuz layihələr var ki, bunlar çox əhəmiyyətlidir. Təbii ki, hazırda önümüzdəki ən böyük layihə məlumdur. Yaxın vaxtlarda Transanadolu təbii qaz kəməri - TANAP-ın açılışını edəcəyik. Bu açılış mərasimi, inşallah, iyunun əvvəllərində olacaq. Bu, seçkiöncəsi həm xalqımıza, həm də bütün dünyaya bizim ən yaxşı müjdəmiz olacaq.

Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsi olan TANAP layihəsi yalnız Türkiyə ilə Azərbaycan arasında təbii qaz mübadiləsini nəzərdə tutmur, eyni zamanda, bütün Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək. Digər tərəfdən, hazırda İzmirin Əliağa rayonunda inşası davam edən “Star” neft emalı zavodunun tikintisi də yaxın vaxtlarda başa çatacaq. İnşallah, onun da açılışını sentyabrda-oktyabr aylarında yenə qardaşımla birgə həyata keçirəcəyik. Beləliklə, Azərbaycan Türkiyədə ən böyük investora çevrilir. Beləliklə, Türkiyədə bir nömrəli sərmayəçi Azərbaycan olacaq. İqtisadi və ticari əlaqələrimizin daha da inkişaf etdirilməsi prioritet hədəfimizdir. Burada ən mühüm məqsəd müdafiə sənayesi sahəsində birlikdə atacağımız addımlar olacaq.

Təbii ki, bu gün əslində önəmli bir addım atdıq. Preferensial ticarət sazişi üzrə müzakirələrə dair Anlaşma Memorandumunun imzalanmasından böyük məmnunluq duyduğumu xüsusi vurğulamaq istəyirəm. İnanıram ki, memorandumu qısa müddətdə həyata keçirəcəyik. İkitərəfli əlaqələrimizlə yanaşı, Azərbaycanla birlikdə Gürcüstan, Türkmənistan, İran və Pakistanla yaratdığımız üçtərəfli əməkdaşlıq formatı da çox mühüm əhəmiyyət kəsb edir. Bu formatlar ölkələrimiz və regionumuz üçün faydalı olacaq layihələrin davam və inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Dəyərli mətbuat nümayəndələri, 2018-ci il mayın 28-də 1918-ci ildə müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunacaq. Bu yubiley münasibətilə bütün Azərbaycan xalqını indidən təbrik etmək istəyirəm. Eyni zamanda, bu müstəqilliyin möhkəmlənməsində və Azərbaycanın sərhədlərinin müəyyənləşməsində töhfəsi olan Qafqaz İslam Ordusu da 100 il əvvəl yaradılıb. 2018-ci ildə Qafqaz İslam Ordusunun qəhrəman şəhidlərinin xatirəsini də layiqincə anmaq üçün ölkələrimiz lazımi hazırlıq işləri görür. “Bir millət, iki dövlət” kəlamı boş yerdən yaranmayıb. Bu kəlama görə Heydər Əliyevi rəhmətlə anırıq. Bu ifadənin altında əziz şəhidlərimizin qanları ilə yazdıqları imza var. Çanaqqala dastanında Bakının qurtuluşunda məhz bu qardaşlıq ruhuna şahid oluruq. Ölkələrimiz arasında əməkdaşlıq və həmrəylik bu gün də eyni anlayışla davam edir. Biz ortaq mövqeyimizi Dağlıq Qarabağ məsələsində də, Afrində də bütün dünyaya eyni ilə göstərmişik. 2016-cı il 15 iyun xain dövlət çevrilişi cəhdindən dərhal sonra bizə dəstək verən ilk liderlərdən biri dəyərli qardaşım İlham Əliyev olub.

Azərbaycan bu gün başda “FETÖ” olmaqla, terror təşkilatları ilə mübarizəmizdə bizə ən çox dəstək verən ölkədir. Türkiyə Silahlı Qüvvələrinin “Zeytun budağı” əməliyyatı zamanı da istər Azərbaycan hökuməti, istərsə də Azərbaycan xalqı hər zaman bizim yanımızda oldu. Biz də Dağlıq Qarabağ məsələsini lap əvvəllərdən öz problemimiz olaraq qəbul etdik. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində təcili həlli ən böyük arzumuzdur. Bu məsələdə Azərbaycana verdiyimiz dəstəyi bundan sonra da qətiyyətlə davam etdirəcəyik. Hərbi və müdafiə sənayesi sahələrindəki əməkdaşlığımızı da gücləndirməkdə qərarlıyıq.

Dəyərli qonaqlar, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası həm aramızdakı əlaqələrimizin müzakirə edilməsi, həm də mühüm qərarların verilməsi baxımından son dərəcə faydalı oldu. Bir az əvvəl imzalanan sənədlər bunun təsdiqidir. Burada müzakirə etdiyimiz bütün məsələləri həyata keçirməyə çalışacağıq və strateji münasibətlərimizi daha da genişləndirmək üçün bütün imkanlarımızdan istifadə edəcəyik.

Bu düşüncələrlə qardaşım cənab İlham Əliyevə və nümayəndə heyətinə bir daha “Türkiyəyə xoş gəldiniz!” deyirəm. Buradan bütün azərbaycanlı qardaşlarımı ən səmimi duyğularla salamlayıram.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Cəbhədən SON XƏBƏR
09:34 14.08/2018
 
Xəbər başlıqları
17-08-2018
17.08.2018 Ağdaşda yanğın
17.08.2018 Bakıda yanğın
16-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5634 san