10:30 03 May 2018
Çap versiyası
...

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistan parlamentində yeni baş nazirin seçilməsi üçün xüsusi iclası keçirilib. Baş nazir vəzifəsinə yeganə namizəd, “Yelk” (Çıxış) fraksiyasının üzvü, ölkədə başlayan etiraz aksiyalarının lideri Nikol Paşinyan çıxış edib və deputatların çoxsaylı suallarını cavablandırıb.

Sonra səsvermə keçirilib. N. Paşinyanın lehinə 45, əleyhinə 56 deputat səs verib. Ermənistan parlamenti N. Paşinyanın baş nazir vəzifəsinə namizədliyini qəbul etməyib. Qanuna əsasən 7 gün ərzində parlament yeni baş naziri seçmək üçün ikinci cəhd göstərməlidir. Bu cəhd də alınmasa, prezident parlamenti buraxmalı və növbədənkənar seçki təyin etməlidir.

Bu gün səhər saatlarından isə bir neçə günlük fasilədən sonra Ermənistanın paytaxtı Yerevanda yenidən etiraz aksiyaları keçirilir. Ötən gün parlamentdə baş nazir seçilməyən, aksiyanın rəhbəri, müxalif deputat Nikol Paşinyan etirazçıları bütün respublika üzrə kütləvi tətilə çağırıb. Paşinyanın çağırışı ilə küçələrə axışan etirazçılar paytaxtdan "Zvartnos" hava limanına gedən avtomobil yolunu bağlayıb.

Məsələ ilə bağlı açıqlama verən millət vəkili, politoloq Elman Nəsirovun sözlərinə görə, Ermənistanda siyasi kataklizmlər özünün pik nöqtəsinə çatmaqdadır: “Bu vəziyyətdən çıxış yolu kimi Ermənistan parlamentində ötən gün baş nazir seçkiləri keçirildi. Yeri gəlmişkən, bu seçkilərdə məhz xalqın namizədi Nikol Paşinyan yeganə namizəd kimi iştirak edirdi. Seçkiöncəsi proqnozlarda birinci istiqamət belə idi ki, “Daşnaksütun”, “Çiçəklənən Ermənistan” və “Yelk” partiyası birmənalı şəkildə Paşinyanı müdafiə etdiklərini bildiriblər. Burada hər şey hakim “Respublika Partiyası”nın davranışından asılı olacaqdı. Onlar orada bu vəziyyəti qiymətləndirib Paşinyanın lehinə səs verəcəkdi, bununla da Paşinyanın seçilməsi təmin olunurdu.

İkinci variant o idi ki, parlamentdə böyük səs çoxluğuna, yəni, 58 səs çoxluğuna malik olan hakim “Respublika Partiyası” Paşinyanın baş nazir olmağının qarşısını alacaqdı. Burada ikinci versiya özünü doğrultdu. Məndə olan məlumata görə, həmin partiyadan yalnız bir deputat Paşinyanın lehinə səs verib, digərləri onun əleyhinə olan mövqe bildiriblər. Belə olan vəziyyətdə Ermənistan Konstitusiyasına görə, bir həftə ərzində ikinci dəfə baş nazir seçkisi olmalıdır. Bu seçkilərin də nəticəsində baş nazir seçilməsə, Konstitusiya ilə parlamentin buraxılması baş tutmalıdır. Bundan sonra artıq növbədənkənar parlament seçkilərinin keçirilməsi və yeni parlamentdə yeni baş nazirin seçilməsi reallaşdırıla bilər.

Lakin hadisələrin belə inkişafını görən Paşinyan dərhal, seçkilərin nəticələri bəlli olduqdan sonra məlum olanda ki, “Respublika Partiyası” onun baş nazir olmağının qarşısını aldı, o, parlamentdən bütün erməni əhalisini vətəndaş itaətsizliyinə çağırdı ki, bütün respublikada, paytaxtda, bütün bölgələrdə xalq ayağa qalxsın və onu müdafiə etsin. Bununla da Paşinyanın təzyiq altında baş nazir seçilməsi təmin edilsin. İndi hər şey xalqın ayağa qalxıb Paşinyanı hansı səviyyədə müdafiə etməsindən asılı olacaq. Bu müdafiə lazımi səviyyədə olmasa, belə olan təqdirdə Sarkisyan və onun əhatəsinin (yeri gəlmişkən onların əlində çox böyük kapital və maliyyə imkanları var) birləşməsi və Paşinyan əleyhinə fəallaşmaları labüd ola bilər. Bu isə sözün həqiqi mənasında Ermənistanda vətəndaş müharibəsinə gətirib çıxara bilər.

Digər bir variant da odur ki, Paşinyanın vətəndaş itaətsizliyinə çağırışı ilə xalq Sarkisyanın partiyasına qarşı etiraz edib onların sıralarının dağılmağını təmin edə bilər. Yəni bu, faktiki olaraq hakim partiyanın dağılmasına və hakimiyyətdən getməsinə səbəb ola bilər. İndi ən çox müzakirə olunan variantlar dediyim variantlardır. Dediyim kimi, inqilab qüvvələrilə əks-inqilab qüvvələrinin üz-üzə gəlməsi Ermənistanda vətəndaş müharibəsinə gətirib çıxara bilər.

Onduz da Ermənistan iqtisadiyyatına son 15 ildə çox güclü zərbə dəyib. Bundan əlavə, bildiyiniz kimi, hansı ölkədə inqilab baş verirsə, inqilabdan sonra çox ağır siyasi və iqtisadi təlatümlər olur. Buna görə də istənilən halda Ermənistan iqtisadiyyatına çox ciddi zərər dəyib. İndi orada praqmatik, güclü siyasətçinin hakimiyyətə gəlməsinə ehtiyac var. Elə bir hakimiyyət ki, həmin siyasətçi fərqində olmalıdır ki, Ermənistan niyə bu günə düşüb? Ən birinci səbəb Ermənistanın işğalçılıq siyasəti və onun yaratdığı bumeranq effektidir. Bax, bununla mübarizə aparmaq və işğala son qoymaq lazımdır. Belə olan vəziyyətdə yeni şərait yaranır və bundan sonra Azərbaycanın təşəbbüskar olduğu regional layihələrdə Ermənistanın iştirakına da baxıla bilər. Bu isə Ermənistanın gələcəyi deməkdir. Hesab edirəm ki, normal ağla sahib, praqmatik erməni siyasətçi bütün bunları dərk edib addımlarını atmalıdır. Bu addımlar atılmasa, əsas səbəblə deyil, yardımçı məsələlərlə mübarizə getsə, Ermənistan düşdüyü vəziyyətdən çıxa bilməyəcək”.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
26-09-2018
25-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.2087 san