13:05 16 May 2018
3293 dəfə oxunub
Çap versiyası
...

40 il əvvəl Universiteti (indiki BDU-nu) bitirib Akademiyanın Tarix institutunda arxeoloqların sırasına qoşuldum. Zaman keçdikcə onların arasında böyüklüyünü daha çox anladığım neçə-neçə alim vardı: Məmmədəli Hüseynov, Cabbar Xəlilov, İdeal Nərimanov, Qara Əhmədov, İlyas Babayev…

 

İlyas Atababa oğlu Babayevlə 40 il həmkar kimi bir yerdə çalışdım. Bu  tanınmış arxeoloq-alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix üzrə elmlər doktoru, professor xatirəmdə necə qalıb?

 

İlyas müəllim zəhmətkeş bir alim idi. O, elm naminə çəkdiyi əziyyətlərdən usanmır, əksinə, hər dəfə zəhmətinin bəhrəsini görüncə elm yolunda axtarışlarını daha israrla davam etdirirdi. Onun həm namizədlik (“Azərbaycanın antik və ilk orta əsrlər dövrü qliptika abidələri”), həm də doktorluq (“Qafqaz Albaniyasının şəhərləri”) dissertasiyaları Azərbaycan arxeologiyasında tamamilə yeni mövzular idi. Leninqrad (indiki Sankt-Peterburq) elmi mühiti onun fəaliyyətində mühüm rol oynamışdı. İlyas müəllim elm yolunda bələdçisi olmuş müəllimlərini həmişə minnətdarlıqla yad edər, ağız dolusu onlardan danışardı. Sevimli müəllimi Saleh Qazıyevin foto-şəkli onun iş otağında diqqəti çəkirdi.

 

İlyas Babayev 1987-ci ildən başlayaraq düz 30 il Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr arxeologiyası şöbəsinin müdiri vəzifəsində çalışıb.  Həmin şöbənin önündə mənim Ağcabədi rayonundakı Qalatəpə antik və orta əsr alban şəhər məskənində apardığım qazıntıların iri plakat-şəkli asılmışdır. Bu şəklin yanında İlyas müəllimlə uzun-uzadı elmi müzakirələr aparardıq. Onun məsləhətləri mənə çox lazım idi. Xahişimi yerə salmadı, 2012-ci ildə Ağcabədiyə gəlib Qalatəpə abidəsi və onun qazıntıları ilə yaxından tanış oldu. Onunla apardığım fikir mübadiləsi bu abidə ilə bağlı bəzi məsələlərin araşdırılmasında mənə kömək etdi.

 

İlyas müəllim qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyası tarixinin ən gözəl bilicilərindən idi. Uzun müddət elə hesab olunurdu ki, bu dövlət e.ə. I əsrdə yaranmışdır. Lakin İlyas müəllimin tədqiqatları bu fikrin yanlış olduğunu, Albaniyanın e.ə. IV əsrin 30-20-ci illərində meydana gəldiyini göstərdi. İlyas müəllim hər zaman bir sözü deməyi xoşlayardı: “Mən Albaniya dövlətinin yaranma tarixini gününə qədər deyə bilərəm. E.ə. 331-ci il oktyabrın 1-də Makedoniyalı İsgəndər Əhəmənilər üzərində qələbə çaldıqdan sonra Albaniya dövlətinin əsası qoyulub”. Strabonun da yanlışlığını üzə çıxaran İlyas müəllim olub. O, deyirdi: “Strabon düz deməyib. Albanlar onun yaşadığı dövrdən 300 il əvvəl Makedoniyalı İsgəndərin pullarına oxşar çoxlu pul kəsmişdilər”.

 

İlyas Babayev Qəbələdə arxeoloji qazıntılara 1959-cu ildə S.Qazıyevin rəhbərliyi ilə başlamışdı. 2009-cu ildə Qəbələ qazıntıları ilə tanış olmağa getmişdik. İlyas müəllim bir sahəni ilk dəfə Qəbələdə olan gənc tədqiqatçılardan birinə göstərib dedi: “ Vüsal, bax, düz 50 il əvvəl mən burada qazıntı aparmışam”. Mən söhbətə qoşulub “50 il sonra, Vüsal, sən də deyərsən ki, düz 100 il qabaq İlyas müəllim bu sahdə qazıntı aparıb”.

 

Ömrünün ahıl çağlarında İlyas Babayev bütün gücünü iki böyük  beynəlxalq arxeoloji ekspedisiyanın fəaliyyətinə yönəltdi. Qəbələdə aparılan tədqiqatlarda yerli mütəxəssislərlə yanaşı Cənubi Koreyadan olan 30-dan artıq arxeoloq da iştirak edirdi. İlyas müəllimin rəhbərlik etdiyi Beynəlxalq Şəmkir-Qaracəmirli ekspedisiyasının tərkibinə isə Almaniya və Gürcüstandan olan arxeoloqlar qatılmışdı. Bu ekspedisiya Kür çayının sağ sahilində e.ə. V-IV əsrlərə aid şəhər tipli yaşayış yerində nəhəng (20 ha ərazini əhatə edən) sarayın qalıqlarını aşkar etmiş, burada ardıcıl olaraq bir neçə il kompleks tədqiqatlar aparmışdır. Arxeoloji qazıntılar nəticəsində həmin sarayın çoxlu sütunlu zalları, əsas binası, hasarlı həyəti və propleyası açılaraq üzə çıxarılmışdır. İlyas müəllimin fikrincə, bu yaşayış məskəni bütün Cənubi Qafqazı idarə edən inzibati mərkəzin qalıqlarıdır və onu Əhəmənilər imperiyasının mərkəzi şəhərləri olan Pasarqad və Persopolla müqayisə etmək olar. Əminəm ki, bu abidə İlyas müəllimin adını elm aləmndə daim yaşadacaq daha bir nişangaha çevriləcəkdir.

 

İlyas Babayev gərgin elmi işlərlə yanaşı, həm də pedaqoji fəaliyyətlə də məşğul olurdu. Yadımdadır, mütəqilliyimizin ilk illərində Azərbaycanda yeni-yeni ali məktəblər, universitetlər açılır, tədris proqramlarına yeni fənlər daxil edilirdi. Bu fənləri tələbələrə marksizm-leninizm ideologiyasından uzaq, azad və müstəqil dünyagörüşə uyğun tədris etməyi bacaran mütəxəssislərimiz çox az idi. Belə bir vaxtda   zəngin elmi fəaliyyəti və çoxillik pedaqoji təcrübəsi, ensiklopedik biliyi, eyni zamanda öz üzərində daim işləmək qabiliyyəti olan İlyas müəllim təhsilimizin köməyinə gəldi. O, uzun illər Azərbaycanın müxtəlif universitetlərində bir çoxlarının “boyun qaçırdığı” fənlərdən – “Tarixi antropologiya”, “Ümumdünya dövlət və hüquq tarixi”, “Azərbaycanın dövlət və hüquq tarixi”, “Roma hüququ”, “İslam hüququ”, “Antik dünya mədəniyyəti”,  “Qədim dünya tarixinin aktual problemləri”, “Tarixə köməkçi fənlər”, “Arxeologiya”, “Qədim Şərq tarixi”, “Antik dünya tarixi”, “Azərbaycanda və Qafqazda sinifli cəmiyyət və dövlətin yaranması”, “İbtidai icma tarixi” və başqa   fənlər üzrə mühazirələr oxudu. İlyas Babayev ali və orta məktəblər üçün bir sıra yeni  dərsliklərin hazırlanmasında da yaxından iştirak etmişdi.

 İlyas Babayev Təvəkkül Əliyev və Faiq Babayevlə Qalatəpənin (Ağcabədi rayonu) önündə. 2012-ci il.

Ölkəmizin elm və təhsil sistemi ilə bağlı ən yüksək qurumlarda obyektivliyinə, dürüstlüyünə görə İlyas Babayevə böyük etimad göstərilirdi. O, 2001-2012-ci illərdə Azərbaycan Respublikası  Prezidenti  yanında  Ali Attestasiya Komissiyasının tarix üzrə Ekspert Şurasının üzvü, tarix və siyasi elmlər üzrə bu Şuranın sədri vəzifəsində çalışmışdır. Elmi tədqiqatlara qrant ayrılması ilə əlaqədar bir sıra beynəlxalq və Respublika təşkilatlarında qiymətləndirmə zamanı İlyas müəllimin ekspert rəyi önəmli sayılırdı.

 

İnsanın həyat və fəaliyyətində daşıdığı adın hikməti, mənası az rol oynamır. Rəvayətə görə, peyğəmbərlərdən dördü diridir, indi də yaşayır. Onlardan da ikisi – İlyas və Xızır yer üzündədir və çətinliyə düşənlərə yardım edirlər. İlyas müəllim də bütün ömrü boyu kimin adını daşıdığını unutmamış, adına uyğun həyat tərzi sürmüşdür. O, xatirəmdə ehtiyacı olan hər kəsə kömək etməyə çalışan və  etdiyi köməyə görə heç nə ummayan, biliyini başqaları ilə bölüşən, məsləhətlərini əsirgəməyən xeyirxah insan, böyük və unudulmaz alim kimi əbədiləşib.

 

Təvəkkül Əliyev

 

Tarix üzrə fəlsəfə doktoru


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Göyçayda müəmma - VİDEO
19:05 21.05/2018
 
Xəbər başlıqları
23-05-2018
23.05.2018 Neftin qiyməti
22-05-2018
22.05.2018 La Liqada yeni klub

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5426 san