10:48 22 May 2018
1071 dəfə oxunub
Çap versiyası
...

Almaniyanın Kansleri Angela Merkel Soçidə Vladimir Putinlə görüşüb. Kütləvi informasiya vasitələrinin yaydığı məlumatlara əsasən demək olar ki, tərəflər qlobal siyasətin aktual məsələlərini müzakirə ediblər. Bu zaman onlar siyasi, geosiyasi və təhlükəsizlik aspektləri ilə yanaşı, iqtisadi sferaya da diqqət yetiriblər. Merkel-Putin danışıqlarının detalları barədə geniş məlumat verilməsə də, aydın olur iki, iki böyük geosiyasi güc dünyada baş verən hadisələrə təsir etmək niyyətindədirlər. Rusiya onsuz da müxtəlif regionlarda fəaldır. Almaniya da son illər aktivliyini xeyli artırıb. İndi onlar üçün ortaq fəaliyyət sahəsinin axtarılıb tapılması önəm kəsb edir. Hələlik bu istiqamətdə əhəmiyyətli irəliləyiş əldə edilməyib. Demək olar ki, bütün istiqamətlərdə fikir ayrılığı mövcuddur. Buraya ilk növbədə Suriya müharibəsi, Ukrayna ətrafında münaqişə, "Şimal axını-2" layihəsi, Skripal məsələsi və digərləri daxildir. Ancaq ekspertlər də vurğulayırlar ki, A.Merkelin Soçiyə uçması Almaniyanın Rusiyaya verdiyi önəmə işarə edir. Bu müstəvidə Soçi görüşünün geosiyasi aspektini təhlil etməyə dəyər.

"Küskün" Avropa: ABŞ-dan imtina və Rusiyaya yaxınlaşma arasında

Amerikanın xarici siyasətdə atdığı addımlar qlobal vəziyyəti getdikcə daha da gərginləşdirir. Donald Tramp İranla imzalanan nüvə sazişindən çıxıb, ABŞ səfirliyini Qüdsə köçürüb. Hər iki hadisəyə dünya dövlətləri ciddi reaksiya veriblər. Hətta Vaşinqtonun avropalı müttəfiqləri belə bu qərarları müsbət qarşılamayıblar. Onların sırasında Almaniya daha çox narazı görünür. Kansler Angela Merkel diplomatik fəallıq nümayiş etdirir. O, əvvəlcə ABŞ-a səfər edib, sonra isə Rusiyada Vladimir Putinlə görüşüb. Ekspertlər vurğulayırlar ki, Almaniya Kanslerinin hər iki görüşdə apardığı danışıqların detalları gizli saxlanır, lakin KİV-ə sızdırılan informasiyalara əsasən söhbətin nələrdən getdiyini müəyyənləşdirmək olar.

Almaniya rəhbərliyini İran və Fələstin məsələləri narahat edir. İranla imzalanan sazişin pozulması Avropa şirkətlərini çətin vəziyyətə salır. ABŞ onlara qarşı sanksiyalar tətbiq edə bilər. Bunun nəticəsində Avropa ölkələri külli miqdarda maliyyə itirirlər. Bundan əlavə, Almaniyanı məsələnin geosiyasi və təhlükəsizlik aspektləri narahat edir. Bu istiqamətlərdə çoxlu sayda risklər meydana çıxa bilər.

Hər şeydən öncə, beynəlxalq sazişlərə olan inam azala bilər. Amerika indi hansısa sazişdən imtina edirsə, sabah eyni məntiqlə digər böyük dövlətlər özlərinə sərf etməyən istənilən müqavilədən çıxa bilərlər. Buna qarşı hansısa ciddi arqument qoymaq çətin olar, çünki artıq presedent vardır.

Belə bir gedişat bütövlükdə beynəlxalq hüququn dövlətlərarası münasibətlərdə mövqeyini zəiflədə bilər. Təbii ki, bu, başqa məqamlarla yanaşı, beynəlxalq təşkilatların da səmərəli fəaliyyət göstərmək imkanına ciddi zərbə olardı. Onsuz da BMT kimi təşkilat bir sıra məsələlərin həllində acizlik göstərir. Vaşinqtonun son davranışları BMT-nin də nüfuzunu çox aşağı salır.

Almaniyanı narahat edən başqa məqam İranın əks-reaksiya kimi nüvə silahı istehsalını reallaşdıra bilməsi ilə bağlıdır. Tehran əslində artıq bu məsələni milli vəzifə kimi bəyan edib. Belə çıxır ki, çox qısa zamanda Yaxın Şərqdə nüvə silahına malik və bir sıra istiqamətlərdə aqressivlik nümayiş etdirən müsəlman dövləti meydana gələ bilər. Bu prosesin digər müsəlman ölkələrini də eyni addımı atmağa təkan verəcəyini təxmin etmək çətin deyil. Sonucda bir neçə müsəlman ölkəsi nüvə silahına malik olar ki, bu da ümumən dünyada tamamilə yeni bir geosiyasi mənzərə formalaşdırar.

Deməli, Almaniya üçün Qərbin təhlükəsizliyi yeni səviyyədə məzmun kəsb etməyə başlayır. Bu problemin həllində Almaniya kiminlə əməkdaşlığa üstünlük verə bilər? A.Merkelin gedişləri göstərir ki, Berlin Moskvanı arxa plana atmaq istəmir. Bu məqamda bir incəliyi vurğulamaq lazımdır. Məsələ onda deyil ki, A.Merkel Vaşinqtondan sonra dərhal Soçiyə uçmaqla Rusiya ilə müttəfiqlik niyyətində olduğunu nümayiş etdirir. Düşünürük ki, Berlin belə bir mövqedən uzaqdır. Ancaq ünvan kimi Rusiyanın seçilməsi Avropa İttifaqının Kreml ilə olan münasibətlərə çox önəm verdiyini göstərir. A.Merkel V.Putinlə problemləri müzakirə edə bilər. Bunun əsasında da Avropanın təhlükəsizliyi ilə bağlı müəyyən ortaq nəticəyə gəlinər. Həm də o səbəbdən ki, Aİ artıq ABŞ-ı özünün təhlükəsizliyinin təminatçısı kimi qəbul etmək istəmir. A.Merkel bir neçə dəfə bəyan edib ki, Avropa öz başına çarə qılmalıdır.

Qüvvələr nisbəti: dəyişə bilərmi?

Bu tezisdən çıxış edərək, Angela Merkelin Soçiyə səfərinin geosiyasi incəlikləri üzərində düşünmək olar. Belə görünür ki, Almaniya ABŞ-ın təhlükəsizlik çətirindən imtina edəndən sonra Rusiya ilə münasibətləri yenidən qura bilər. Buraya Avropa şirkətlərinin Rusiya ilə əməkdaşlığı bərpa etməsi də daxil ola bilər. Həmin kontekstdə "Şimal axını-2" layihəsi ətrafında A.Merkellə V.Putinin müzakirə aparması xeyli düşündürücüdür. KİV-də yayılan məlumata görə, Almaniyanın Kansleri Ukraynanın zərər görməməsi məsələsini qaldırıb. V.Putin isə bəyan edib ki, əgər avropalı tərəfdaşlar Ukrayna ərazisindən keçən enerji xəttinə ehtiyac duysalar, o, işləyəcək. Yəni, Rusiya üçün bu məsələ siyasi deyil, iqtisadi məna kəsb edir.

Bununla bağlı Rusiya prezidenti təminat verir ki, "Şimal axını-2" layihəsinin reallaşması enerji nəqlinin diversifikasiyasından başqa bir məqsəd güdmür. Doğrudan da, Moskvaya Ukrayna istiqamətində qaz nəqlinin dayandırılması sərf etmir, çünki bu halda həmin ölkəyə təsir rıçaqlarından birini itirmiş olur. Rusiya üçün iqtisadi güc önəm daşıyır. Bundan başqa, Ukrayna istiqamətində qaz nəqlinin dayanması həmin məkana alternativ mənbələrin, həm də Rusiya ilə rəqabət aparan dövlətlərin müdaxiləsi deməkdir.

Bunlar onu göstərir ki, Moskvaya Ukrayna istiqamətini bağlamaq deyil, ondan maksimum dərəcədə faydalanmaq sərf edir. Rusiya üçün bu məsələyə Aİ-nin münasibəti maraqlıdır. Brüssel əslində Rusiyadan enerji asılılığından qurtulmaq niyyətindədir. Bütövlükdə bunu reallaşdırmaq mümkün deyil. Xüsusilə Amerikanın son zamanlar atdığı addımlar xeyli risklərin meydana çıxması ehtimalını artırıb. Avropa Vaşinqtonun iradəsi ilə hərəkət etsə, yaxın perspektivdə tənha qala bilər. Ancaq o, tamamilə Rusiyadan asılılığı da qəbul etməz. Bu bağlılıqda Aİ də enerji nəqlinin diversifikasiyasında maraqlıdır. Alternativ enerji nəqli marşrutları nə qədər çox olarsa, Avropanın manevr etməsi üçün də bir o qədər geniş məkan yaranmış olar.

Bütün bunlara görədir ki, Soçidə Merkel-Putin görüşündə "Şimal axını-2" layihəsinin də yer alması tamamilə təbii görünür. Tərəflər bu kimi məsələləri Suriya münaqişəsi kontekstində müzakirə ediblər. Suriyada Rusiyanın üstünlük əldə etməyə başlaması Amerika ilə yanaşı, Avropanı da narahat edir. Çünki Yaxın Şərqdə Rusiyanın geosiyasi üstünlüyü avtomatik olaraq Aİ-nin qlobal geosiyasi güc olaraq mövqeyinə təsir edir. Brüssel bunu qəbul edərmi? Çətin, çünki belə olduğu halda Brüsselin dünya miqyasında geosiyasi fəaliyyətində müəyyən məhdudiyyətlər meydan gələ bilər. Bu isə ilk növbədə Berlinin qlobal geosiyasi proseslərdə tutmaq istədiyi aparıcı rol məqsədinə uyğun gəlmir.

Hələlik Aİ ilə Rusiya Suriya məsələsində ortaq mövqeyə malik deyillər. Burada Ukrayna münaqişəsinin də ciddi rol oynadığını vurğulamaq lazımdır. Ukraynada vəziyyət əvvəlki kimi gərgin olaraq qalır. Donbasda döyüşlər davam edir. Tərəflər bir-birinə ağır zərbələr endirirlər. Belə təəssürat yaranır ki, Rusiya orada yerini hərbi cəhətdən möhkəmlədib və geri çəkilmək fikri yoxdur. Krım körpüsünün çəkilməsi isə Kremlin uzağa gedən planlarından xəbər verir. Bir sözlə, Rusiya Ukrayna məsələsində hələlik bir addım da güzəştə getməyib. Bunun fonunda A.Merkellə V.Putinin Minsk razılaşmalarından danışmaları və "Normand formatı"na qayıtmağın zəruriliyini vurğulamaları müəyyən məna kəsb edir.

Konkret desək, bu, onu göstərir ki, Avropa ölkələri (Böyük Britaniya, Fransa və Almaniya) Ukrayna məsələsində Rusiyaya təzyiq göstərmək taktikasının səmərəsizliyini etiraf etmiş olurlar. Onlar yenidən masa arxasına oturmaqla problemi həll etməyə üstünlük verirlər. Lakin bu prosesin nə qədər sürəcəyini proqnozlaşdırmaq çətindir. Görünən odur ki, Rusiya ilə Avropa arasında qüvvələr nisbəti kəskin dəyişməyincə, tərəflərin bir-birinə güzəşt etməsi imkansızdır. Yəni Ukrayna böhranı hələ uzun illər qalmalı olacaq.

Vurğulanan məqamlar onu göstərir ki, A.Merkelin Soçidə V.Putinlə görüşməsinə fövqəladə geosiyasi əhəmiyyət vermək tələskənlikdir. Tərəflər daha çox fikir mübadiləsi edib gələcəkdə meydana çıxa biləcək ortaq maraqların müəyyənləşməsi aspektində müzakirə aparıblar. Müəyyən mənada bunu diplomatik manevrlər kimi də qiymətləndirmək olar.

Ancaq bu səfərin qlobal geosiyasətin dinamikası baxımından əhəmiyyətini də inkar etmək olmaz. Görünür, dünya daha çox çoxqütblülük modelinə doğru meyllidir. Bir sıra Avropa dövlətlərinin ABŞ-ın hegemon rolundan imtina etmək fikrinə düşmələri bu prosesin ilk əlamətlərindəndir. Lakin hələ irəlidə çox proseslər var.

Newtimes.az


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
24-06-2018
23-06-2018
23.06.2018 Neft bahalaşıb
22-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6683 san