11:08 14 İyul 2014
5513 dəfə oxunub
Çap versiyası
Elçin Əhmədov
Siyasi elmlər doktoru, dosent, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərlkəzinin rəhbəri

 “Azərbaycanın çox uğurlu xarici siyasəti vardır və əminəm ki, gələcək illərdə ölkəmizin artan gücü və nüfuzu hesabına

 biz beynəlxalq arenada mövqeyimizi daha da möhkəmləndirəcəyik.”

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanın siyasi kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli  mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi.  Bu dövrdən başlayaraq həyata keçirilən siyasət məhz ümummilli liderin adı və onun fəaliyyəti ilə bağlıdır. Özünün zəngin dövlətçilik təcrübəsinə əsaslandıraraq dövlətimizin yeni siyasi kursunun əsas istiqamətlərini müəyyənləşdirən Prezident Heydər Əliyevin bu siyasi xəttində ilk növbədə bir sıra ən mühüm və  təxirəsalınmaz vəzifələrin yerinə yetirilməsi qarşıya qoyulmuşdu.

Demokratik dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra üzləşdiyi sosial iqtisadi və siyasi problemlərin müvəffəqiyyətlə həll olunması ölkəmizin beynəlxalq aləmdəki mövqeyi və ayrı-ayrı ölkələrlə milli dövlət maraqlarına cavab verən qarşılıqlı faydalı əlaqələri və dünya birliyinə inteqrasiyası prosesinin intensivliyi ilə sıx bağlı idi. Bu mənada Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutması üçün dünya siyasətinin formalaşmasında aparıcı rol oynayan dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərin tənzimlənməsi və inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edirdi.

Məhz buna görə də dünya birliyinə bərabərhüquqlu üzv kimi daxil olmağa çalışan və müstəqilliyinin ilk addımlarını atan, eləcə də Ermənistanın hərbi təcavüzü nəticəsində ərazi bütövlüyü pozulmuş Azərbaycan Respublikasının xarici siyasətində dünya birliyinə inteqrasiyası, ikitərəfli və çoxtərəfli münasibətlər, o cümlədən beynəlxalq və regional təşkilatlarla əlaqələrin yaradılması və inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin fəaliyyətinin başlıca istiqamətlərindən birini təşkil etmişdir.

         Ümummilli  lider çox bacarıqlı, son dərəcə təcrübəli dövlət başçısı və yetkin siyasi xadim kimi bu çətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə və  böyük ustalıqla gəlmək  bacarığı nümayiş  etdirdi. Ölkəmizin sistemli şəkildə dünya birliyinə inteqrasiya olunmasında ikitərəfli  və çoxtərəfli siyasi  münasibətlərin genişlənməsi istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan  Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsi və beynəlxalq  mövqelərinin möhkəmləndirilməsinə güclü təkan verdi. “Əsrin müqaviləsi” və sonrakı illərdə imzalanmış çoxsaylı neft müqavilələrin Azərbaycanın dünya birliyinə inteqrasiyasını sürətləndirdi.

1993-2003-cü illər ölkəmiz üçün həlledici illər olmuş, məhz həmin illərdə dövlətçiliyimizin möhkəm təməli qoyulmuşdur. O illərdə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətlə bağlı strateji xətti müəyyən edilmiş, Azərbaycan dünya birliyinə qovuşmuşdur. Azərbaycan beynəlxalq təşkilatlara üzv olmaqla yanaşı, onların işlərində müntəzəm, eləcə də fəal surətdə  iştirak etməklə səmərəli əməkdaşlıq ölkəmizin  problemlərini dünya ictimaiyyətinə çatdırmaq  üçün mühüm əhəmiyyət kəsb etmişdir. Bu illər ərzində görülmüş işlər hazırda ölkəmizin uğurlu inkişafını şərtləndirmiş, o dövrdə başlanmış layihələr bu gün çox uğurla davam etdirilir.

Əsası  ümummilli lider tərəfindən qoyulmuş və bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurlu  həyata keçirilən xarici siyasət strategiyası dövlətlərarası  regional və beynəlxalq əlaqələrə  daha yaxından  qatılaraq, Şərq və Qərb dəyərlərinin sintezindən yaranmış cəhətləri özündə də əxz edərək, dünya birliyinə sıx inteqrasiya olunmaq xəttini seçmişdir. Bu seçimi reallaşdırmaq üçün Azərbaycan dövləti bir tərəfdən dünya təcrübəsini öyrənərək, özünün iqtisadi və siyasi  inkişaf modelini müəyyənləşdirir, digər tərəfdən isə beynəlxalq aləmdə qəbul edilmiş prinsiplərə uyğun olaraq öz milli maraqlarını qoruyaraq dövlətlərarası əlaqələrə girir.

         Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu novatarcasına və dinamik şəkildə davam etdirən cənab İlham Əliyev yüksək diplomatik fəaliyyəti sayəsində ölkəmizin dünyanın  siyasi-iqtisadi mənzərəsini müəyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri keyfiyyətcə yeni müstəvidə daha da inkişaf etdirmişdir. Nəticədə, Azərbaycan yalnız beynəlxalq regionda gedən proseselərdə deyil, eyni zamanda beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir  göstərmək imkanı qazanmışdır

         Dövlət başçısı İlham Əliyev Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsində bildirmişdir: “Xarici siyasətimiz daxili siyasətimizin davamıdır.  Bu gün Azərbaycanın xarici siyasəti prinsipiallığı və müstəqilliyi ilə seçilir. Bunun əsas səbəbi, əlbəttə ki, güclü siyasi iradənin mövcudluğudur. Çünki güclü siyasi iradə olmasa, heç bir ölkə müstəqil siyasət apara bilməz. Bu siyasi iradə vardır. Bu siyasi iradə özünü həm daxili, həm xarici siyasət məsələlərində göstərmişdir”.

         Eyni zamanda, cənab Prezident qeyd etmişdir ki, ölkəmizin uğurlu inkişafı və son illərdə iqtisadi müstəqilliyimizin tam şəkildə təmin olunması bizə imkan verir ki, xarici arenada da öz sözümüzü deyək, öz maraqlarımızı müdafiə edək. Ona görə, son illərdə həm siyasi, həm iqtisadi islahatların aparılması ölkəmizin çox böyük inkişafına səbəb olmuşdur: “Bu gün Azərbaycan nadir ölkələrdəndir ki, gələcəyini özü müəyyən edir, tam şəkildə müstəqil siyasət aparır. Azərbaycanda iqtisadi müstəqillik tam təmin edilibdir. Azərbaycan özünü təmin edən ölkədir”.

Azərbaycan artıq Cənubi Qafqaz  regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir.  Hazırda bu istiqamətdə əsas diqqət Azərbaycanın ərazi  bütövlüyünün tezliklə bərpa edilməsi, regionda sabitliyin və təhlükəsizliyin gücləndirilməsi, Xəzər dənizi hövzəsinin  demilitarizasiyası, Avroatlantik strukturlara inteqrasiya və s. məsələlərə yönəldilmişdir.

 Hazırda mühüm geosiyasi məkan kimi Azərbaycan regionda  sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli  tərəfdaş hesab  edilir. Artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və dövlət başçısı cənab İlham Əliyev qeyd etdiyi kimi “Regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz”.

 Azərbaycanın neft sektorunun inkişafı artıq ölkəmizin iqtisadi yüksəlişinə töhfə vermiş, regional və qlobal əməkdaşlıq üçün əlavə imkanlar yaratmışdır. Bakı-Supsa, Bakı-Tibilisi-Ceyhan neft və Bakı-Tibilisi-Ərzurum qaz kəmərləri kimi Cənubi Qafqazda regional  layihələr  regionun əhəmiyyətini artırmış. Avropa üçün yeni və həyati əhəmiyyətli enerji mənbələrinin əsasını qoymuşdur. Yalnız enerji istahsalçısı və ixracatçısı kimi Azərbaycanın regionun əsas iştirakçısı və beynəlxalq arenada əhəmiyyətli aktor olaraq imkanları getdikcə artmqadır.

Cənubi Qafqaz regionu üzərindən beynəlxalq  nəqliyyat və komunikasiya dəhlizlərinin genişləndirilməsi və Azərbaycanın tranzit imkanlarının gücləndirilməsi ölkə iqtisadiyyatının və qeyri-neft sektorunun inkişafının vacib elementidir. Bununla yanaşı, Azərbaycan Türkiyə və Gürcüstanla geostrateji əhəmiyyət kəsb edən Bakı-Tibilisi-Qars dəmir yolu xəttinin çəkilməsi istiqamətində əməkdaşlıq edir.

Müasir geosiyasi şəraitdə Azərbaycan Avropa İttifaqı ilə münasibətlərində  öz xarici prioritetlərinə uyğun olaraq daha çox ikitərəfli əlaqələrə üstünlük verir. Avropa İttifaqının regional layihələrində iştirak etməklə yanaşı, Cənubi Qafqazdakı ümumi iqtisadi tərəqqidəki payına görə lider dövlət olan Azərbaycan İttifaqın xarici əlaqələrində müəyyən mövqe tutmağa çalışır. Odur ki,  Azərbaycan dövləti Avropa İtifaqı ilə ikitərəfli əlaqələrin yeni formatlarını yaradır, onunla yaxınlaşmaq üçün zəruri olan bütün təsisatları inkişaf etdirərək İttifaqın ümumavropa iqtisadi, siyasi və təhlükəsizlik məkanına inteqrasiya olunmaq istəyini nümayiş etdirir.

Belə ki, hazırda ölkəmiz Avropa təhlükəsizlik  arxitekturasının etibarlı tərəfdaşı kimi qitənin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Azərbaycan 2004-cü ildə əsas məqsədi Cənubi Qafqaz dövlətlərinin siyasi, iqtisadi cəhətdən Avropa dəyərlərinə yaxınlaşmasını sürətləndirməkdən ibarət olan “Avropa Qonşuluq Siyasətinə” qoşulmuş, 2006-cı ildə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında  enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumunu imzalamış, 2008-ci ildə isə İttifaqın “Şərq tərəfdaşlığı” proqramına qoşulmaqla  bu siyasi, iqtisadi əməkdaşlıq daha da genişlənmiş və keyfiyyətcə  yeni mərhələyə qədəm qoymuşdur. 2011-ci ilin yanvar ayında  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Xose Manuel Barrozu tərəfindən “Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə”nin imzalanması ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan mühüm addım oldu.

          Bununla yanaşı, qlobal və regional məsələlərin həllində  İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə də sıx əməkdaşlığını inkişaf  etdirərək, təşkilatın struktur və funksiyalarının daha da genişləndirilməsi, Avropa təşkilatları ilə əməkdaşlıq mexanizmlərinin yaradılması istiqamətində səylər göstərməklə qurumun siyasi rolunun artırılması və beynəlxalq  problemlərin həllində  təsiri imkanlarının  gücləndirilməsi istiqamətində fəal siyasətini davam etdirir.

         Azərbaycanın İƏT ilə apardığı səmərəli və faydalı əməkdaşlığın bütövlükdə  İslam aləmində qazandığı  nüfuzun mühüm göstəricisi olmuşdur. Ölkəmiz bu yüksək  etimadı doğrultmağa  çalışaraq, mədəniyyətlər və dinlərarası dialoqun  təşviqi, müxtəlif millətlər və dinlər arasında dözümlülüyün  və qarşılıqlı anlaşmanın, eləcə də  tolerantlığın inkişafına xidmət edən  səmərəli meyarların hazırlanması, beynəlxalq ictimaiyyətdə, ilk  növbədə Avropada İslamın, onun mədəniyyət, dəyər və fəlsəfəsinin düzgün dərk edilməsi məqsədilə fəal səylər göstərmiş, genişmiqyaslı bir sıra  beynəlxalq təşəbbüslər həyata keçirmişdir.

         Bununla yanaşı, Azərbaycanla İKT-nin müxtəlif strukturları arasında  münasibətlərin inkişaf  edib  möhkəmləndirilməsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xarici ölkələrdə dövlət siyasətini, milli maraqlarımızı ifadə edən layihələr həyata keçirilir. Onu da qeyd etmək lazımdır ki,  beynəlxalq səviyyədə tanınmış elmi tədqiqatçıların və mütəxəssislərin iştirakı  ilə Bakıda mədəniyyətlərarası dialoqa dair  möhtəşəm tədbirlərin  keçirilməsi, eləcə də Bakının 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı  elan edilməsi ilə bağlı qərar da, İKT ilə əməkdaşlığın və Azərbaycanın birinci xanımının yorulmaz fəaliyyətinin nəticəsidir

Azərbaycan müasir dövrün hədə və təhdidlərinin əlaqələndirilmiş şəkildə qarşısının alınması, eləcə də  aradan qaldırılması üçün beynəlxalq birliyin səylərini səfərbər etmək məqsədilə qlobal və regional təşkilatların işində fəal iştirak  edir. Ölkəmiz sülhün və təhlükəsizliyin  təmin olunmasında universal beynəlxalq təşkilat kimi BMT-nin  mərkəzi rolunun daha da  artırılması istiqamətində göstərilən səyləri dəstəkləməklə  təşkilatın müxtəlif  təsisatları və ixtisaslaşdırılmış  qurumlarında təmsilçiliyini daha da artırmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev dövlətimizin xarici siyasətinin əsas prioritetlərindəni biri olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi şərti ilə nizama salınmasının vacibliyini bildirmiş və beynəlxalq təşkilatların bu sahədə səylərini gücləndirməsinin zəruriliyini bəyan etmişdir. Bununla yanaşı, 2004-cü il oktyabrın 29-da BMT Baş Məclisinin sessiyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı məsələ iclasın gündəliyinə salınmış, daha sonra BMT Baş Məclisinin 2006-cı il sentyabrın 7-də keçirilən 60-cı sessiyasının 98-ci və 2008-ci il martın 14-də keçirilən 62-ci sessiyanın 86-cı plenar iclaslarında “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamələr qəbul edilmişdir.

Həmin sənədlərdə Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşdırılması, həmin ərazilərdə yanğınların törədilməsi pislənilir, Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə istinad edilməklə erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, təmamilə və qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Bununla yanaşı, qətnamələrdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyünə hörmət ifadə olunur, eləcə də öz torpaqlarından qovulmuş azərbaycanlıların doğma yurdlarına qayıtmaq hüququ bir daha təsdiqləndi.

         Ümumiyyətlə, münaqişənin dinc vasitələrlə nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər Azərbaycanın mövqeyinin bir daha gücləndirilməsi və məsələnin beynəlxalq hüquq prinsipləri əsasında həllinin təsdiqlənməsi deməkdir. Bu baxımdan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıqı Təşkilatının qərarları da əhəmiyyətlidir və ölkəmizin ədalətli mövqeyinin beynəlxalq səviyyədə müdafiəsi üçün hüquqi əsasdır. Son zamanlar isə, Avropa Parlamenti və NATO-nun Zirvə toplantılarında qəbul olunan qərarlarda birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və işğala son qoyulması bildirilir.

         Bununla yanaşı, Azərbaycan xalqının XX əsrdə yaşadığı ən dəhşətli faciələrdən biri olan Xocalı soyqırımının tanıdılması və anılması, Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində mühüm işlər görülmüşdür. Belə ki, bu günə qədər Amerika Birləşmiş Ştatlarının 15 ştatında, eləcə də Kolumbiya, Çexiya, Rumıniya, Serbiya, Honduras, Peru, Panama, Pakistan, Meksika, İordaniya, Bosniya və Herseqovina parlamentlərində Xocalı soyqırımı rəsmən tanınmış, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə edilmiş, o cümlədən ölkəmiz bu dövlətlər tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilmişdir.

Göründüyü kimi, artıq müstəqil dövlətimiz bütün sahələr üzrə inkişafını davam etdirir, beynəlxalq aləmdə  müqavilələrini daha da möhkəmləndirir, xüsusilə xarici siyasət sahəsidəki uğurlarını intensivləşdirir. Məhz bunun nəticəsidir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin  nizamlanması istiqamətində dövlət başçısı cənab İlham Əliyevin mövqeyi dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri tərəfindən yüksək qiymətləndirilir və müdafiə olunur. Azərbaycan xarici ölkələrin iqtisadiyyatına sərmayə yatıran, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətə, sivilizasiyalararası dialoqun, qlobal siyasi, iqtisadi, mədəni problemlərin müzakirə olunduğu məkana çevrilmişdir

Azәbaycanın yüksələn iqtisadi gücü, dünyada artan nüfuzu bizə imkan verir ki, bundan sonra da ölkəmiz prinsipial xarici siyasət yürütsün. Bu siyasət beynəlxalq birlik tərəfindən də təqdirlə qarşılanır və Azərbaycanın beynəlxalq nüfuzu, ölkəmizlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır. Azərbaycan dünyada, beynəlxalq arenada artıq özünü etibarlı tərəfdaş və etibarlı dost kimi təsdiq edə bilmişdir.

Bunun nəticəsidir ki, Azərbaycan 2011-ci il oktyabrın 24-də 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə  BMT-yə üzv olan 193 dövlətdən 155 dövlətinin dəstəyini qazanaraq inamlı qələbə qazanmışdır. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması  Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla ölkəmizin son illər dünya miqyasında artan siyasi nüfuzunun bariz sübutu olaraq qəbul edilməlidir. Belə ki, Azərbaycan, ötən on il ərzində stabil inkişaf edən, yüksək iqtisadi göstəricilərə nail olan və beynəlxalq siyasətdəki əməlləri ilə dünya ictimaiyyətinin rəğbətini qazanan dövlət olaraq bütün bu müvəffəqiyyətlərin nəticəsində beynəlxalq səviyyədə ən mötəbər qurumun üzvlüyünə seçilmişdir. Digər tərəfdən, bu hadisə son illərdə Azərbaycanın dünya siyasətindəki müxtəlif qlobal  problemlərin müzakirəsinə cəlb olunması, ölkəmizin regional siyasətlə yanaşı, dünya siyasətinin də  əsas aktorlarından birinə çevrilməsidir.  Çünki beynəlxalq münasibətlər sisteminin böyük miqyaslı məsələlərinin müzakirəsi prosesində ölkəmizin  artan fəallığı danılmaz faktdır. Bu  müstəqillik illərində ölkəmizin davamlı inkişafına, dünyada qazandığı hörmətə, qlobal təhlükəsizliyə töhfələrinə verilən beynəlxalq qiymət olmuşdur.

         Beynəlxalq təhlükəzizliyə töhfə verən ölkə kimi, iki il ərzində Azərbaycan BMT Təhlükəsizlik Şurasında beynəlxalq hüququ və ədaləti müdafiə etmişdir. Belə ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasında dünyada təhlükəsizliyin və sülhün bərqərar olması, eləcə də sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına dair beynəlxalq gündəlikdə duran ən aktual məsələlər üzrə müxtəlif səviyyələrdə müzakirələr və qərarların qəbul edilməsində bilavasitə iştirak etmişdir. İki il ərzində Azərbaycan iki dəfə - 2012-ci ilin mayında və 2013-cü ilin oktyabrında Təhlükəsizlik Şurasına sədrlik etmiş və bir sıra əhəmiyyətli mövzular üzrə müzakirələr, eləcə də yüksək səviyyəli tədbirlər təşkil etmişdir. 2012-ci ilin mayında Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi və BMT-nin baş katibi Pan Gi Munun iştirakı ilə Təhlükəsizlik Şurasının “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə törətdiyi təhdidlər: Terrorçuluqla mübarizə üzrə öhdəliklərin yerinə yetirilməsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi” mövzusunda yüksək səviyyəli iclası keçirilmiş və yekun sənəd kimi Təhlükəsizlik Şurası sədrinin bəyanatı qəbul edilmişdir.

         2013-cü ilin oktyabrından etibarən BMT Təhlükəsizlik Şurasında başlayan ikinci sədrlik dövründə isə BMT tarixində ilk dəfə olaraq, Azərbaycanın təşəbbüsü ilə qurumun “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda yüksək səviyyəli iclası təşkil edilmişdir. Azərbaycanın Təhlükəsizlik Şurasında fəaliyyəti müddətində dörd qətnamə, o cümlədən Afrika və Yaxın Şərqlə bağlı bir sıra sənədlər qəbul olunmuşdur. Afrikadakı Böyük Göllər bölgəsinə regional səfərlər təşkil edilmiş və Afrika Birliyinin BMT Təhlükəsizlik Şurası ilə birgə tədbirləri həyata keçirilmişdir.

         BMT Təhlükəsizlik Şurası ilə yanaşı, Azərbaycan BMT-nin digər strukturları, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Körfəz Əməkdaşlıq Şurası, Afrika İttifaqı, Ərəb Dövlətləri Liqası və digər beynəlxalq və regional təşkilatlarla fəal əməkdaşlığını davam etdirmişdir. Bir çox hallarda məhz Azərbaycanın irəli sürdüyü təkliflər və təşəbbüslər bu təşkilatlar çərçivəsində əməkdaşlığın yeni formalarının müəyyən edilməsində və səmərəliliyinin artırılmasında mühüm rol oynamışdır.

Son iki il ərzində ölkəmizin İsveçrə Konfederasiyasında, Avstraliya İttifaqında və Vyetnam Sosialist Respublikasında yeni səfirlikləri, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş konsulluğu, Kolumbiya və Uruqvayda isə təmsilçilik ofisləri açılmışdır. Azərbaycanda isə Əfqanıstan İslam Respublikasının, Sudan Respublikasının, Kolumbiya Respublikasının, İsveç Krallığının, İspaniya Krallığının və Malayziyanın səfirlikləri, habelə bir sıra digər dövlətlərin fəxri konsulluq və nümayəndəlikləri fəaliyyətə başlamışdır. Hazırda Azərbaycan Respublikasının xarici ölkələrdə 57 səfirliyi, 5 beynəlxalq təşkilat yanında daimi nümayəndəliyi, 9 baş konsulluğu, 7 təmsilçilik ofisi və 7 fəxri konsulluğu fəaliyyət göstərir. Respublikamızda isə 58 dövlətin səfirliyi, 4 baş konsulluq, 10 fəxri konsulluq və 20 beynəlxalq təşkilatın nümayəndəliyi mövcuddur.

Bununla yanaşı, ölkəmizin dünyada artan imicinin nəticəsi kimi, MDB ölkələrindən yeganə olaraq Azərbaycan Meksikada keçirilən “Böyük iyirmilik”in (G-20) üzvü olan ölkələrin Xarici İşlər Nazirlərinin işçi toplantısına dəvət aldı. Seulda keçirilən nüvə təhlükəsizliyinə qarşı mübarizəyə həsr olunmuş Sammitdə, NATO-nun Çikaqo zirvə toplantısında Prezident İlham Əliyevin məntiqli çıxışı çox maraqla qarşılanmışdır.

Azərbaycan artıq sivilizasiyalararası dialoqun, multikulturalizmin mərkəzinə, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu məkana çevrilmişdir. 2011 və 2013-cü illərdə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yüksək səviyyədə təşkil olunmuş və bu sahədə Azərbaycan tərəfindən reallaşdırılan təşəbbüslər regional müstəvidən çıxararaq qlobal səviyyəyə qaldırılmışdır. Dövlət və hökumət başçılarının, Nobel mükafatı laureatlarının, dünyada tanınmış ictimai-siyasi xadimlərin iştirakı ilə Bakı Beynəlxalq Humanitar Forumu artıq ənənə halını almışdır.

Bununla yanaşı, “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda Dünya İqtisadi Forumuna, Madrid Klubunun toplantısına, Birinci Cənubi Qafqaz Forumuna, Avronest Parlament Assambleyasının Avropadan kənarda ilk iclasına, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assamleyasına, BMT-nin VII İnternet İdarəçilik Forumuna və digər möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan bir daha göstərdi ki, ölkəmiz Cənubi Qafqazda bütün sahələr üzrə müasir dövrün aktual məsələlərinin müzakirə olunduğu geosiyasi əhəmiyyətli məkandır və  Bakı artıq dünyanın qlobal səciyyəli tədbirlərinin keçirildiyi mərkəzlərdən biri kimi qəbul olunur.

         2014-cü ilin iyun ayında Avropa Şurasının Nazirlər Komitəsində sədrliyə başlamış və Azərbaycan Prezidenti Avropa Şurasının Parlament Assambleyasında nitqində  dinamik şəkildə inkişaf edən   ölkəmizin prioritetlərini çox məntiqlə və lokanik şəkildə Avropa parlamentarilərinin diqqətinə çatdırması mühüm əhəmiyyət kəsb edir və artıq dünyanın bir sıra aparıcı KİV-lərində geniş təhlil edilir. Eləcə də dövlət başçısı İlham Əliyevin Bakıda ATƏT Parlament Assambleyasının iyirmi üçüncü illik sessiyasının plenar iclasının açılışı zamanı çıxışında Azərbaycan sürətli iqtisadi inkişafını nümayiş etdirdiyini vurğulamaqla yanaşı, əsas diqqəti  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsinə yönəltmiş və qeyd etmişdir ki, bu münaqişə region üçün əsas təhlükə mənbəyidir. Gərginliyin azaldılması, etimad doğuran mexanizmlərin yaradılması tədbirlərin gücləndirilməsi üçün ən münasib yol erməni qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasının başlanması ola bilər. Dövlət başçısı Azərbaycanın  ayrı-seçkiliyə əsaslanan yanaşmanın şahidi olduğunu bildirərək demişdir: “...Buna görə də ümumi meyarların, beynəlxalq təşkilatların qərarlarının həyata keçirilməsi mexanizmlərinin işlənib hazırlanması Avropa Şurasının Nazirlər Komitəsinin sədri kimi bizim, o cümlədən beynəlxalq ictimaiyyət üçün prioritetlərdən biridir. Belə olmasa, mühüm təşkilatların qərarları kağız üzərində qalacaqdır. Həmin təşkilatlara olan etimad da azalacaqdır.” Eyni zamanda, cənab Prezident beynəlxalq hüquq normalarının qlobal səviyyədə bərqərar olunması üçün mexanizmlərin işlənib hazırlanması və beynəlxalq təşkilatların qərar və qətnamələrinin icra mexanizmləri vacibliyini diqqətə çatdıtmışdır.

Göründüyü kimi, ümummili lider Heydər Əliyevin siyasi kursunu layiqincə və çox uğurla davam etdirərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına xüsusi diqqət yetirən Azərbaycan Prezidenti İlham Əliyev bu məsələdə yalnız respublikamızın milli və dövlətçilik maraqlarını daim üstün tutduğunu nümayiş etdirir. Ümummili lider tərəfindən müəyyənləşdirilmiş prinsiplərə sadiq qalan dövlət başçısı İlham Əliyev ölkəmizin xarici siyasətinin əsas prioriteti olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi şərti ilə nizama salınmasının vacibliyini bildirmiş və beynəlxalq təşkilatların bu sahədə səylərini gücləndirməsinin zəruriliyini bəyan etmişdir.

Aparılan danışıqlar prosesində dövlət başçısı cənab İlham Əliyevin dəfələrlə və birmənalı olaraq “Azərbaycan ərazi bütövlüyü  danışıqların mövzusu deyil olmayıbdır və olmayacaqdır” fikrini irəli sürməsi ölkəmizin milli mənafelərinin qorunması şərtilə  münaqişənin ədalətli şəkildə  həll olunacağı ilə bağlı ümidləri daha artırmışdır. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev bəyan  etmişdir ki, Dağlıq Qarabağa heç vaxt  müstəqillik verilməyəcək, dünya birliyi heç vaxt Dağlıq Qarabağın müstəqilliyini tanımayacaqdır.

Dövlət başçısı cənab  İlham Əliyev Azərbaycan xalqı və dövlətinin bu  işğal, etnik təmizləmə siyasəti və torpaqlarımızı azad etmək üçün əsasımızın olduğunu və bunun beynəlxalq hüquq  normaları  ilə  təsdiq edildiyini vurğulamışdır.  Ona görə ancaq Azərbaycan xalqının  iradəsinə, gücünə arxalanmağı bildirən dövlət başçısı bu məqsədlə iqtisadiyyatımızı və ordumuzu gücləndirməyin  vacibliyini bildirməklə yanaşı qeyd etmişdir ki, “Biz danışıqlar aparırıq, ancaq bununla bərabər, hər an torpaqlarımızı işğalçılardan hərbi yolla azad etməyə hazır olmalıyıq”.

         Bütün yuxarıda göstərilənlər önu deməyə əsas verir ki, bu gün  Azərbaycanın xarici siyasət strategiyasının çox uğurla həyata keçirilməsi  respublikamızın dünya  miqyasında nüfuzunu xeyli  yüksəltmiş, ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirmişdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət strategiyasının dinamik şəkildə inkişaf etdirilməsi,  müstəqil dövlətimizin artan gücü və nüfuzu hesabına dünya birliyində mövqelərinin möhkəmlənəcəyinə olan ümidləri daha da artırmışdır.

 

 


Müəllifin digər yazıları

  1. QANLI 20 YANVAR – MÜSTƏQİLLİYƏ GEDƏN YOLDA XALQIMIZIN ŞƏRƏF VƏ QƏHRƏMANLIQ SALNAMƏSİ
  2. Güclü siyasi lider, novatorluq və dinamik inkişaf
  3. AZƏRBAYCANIN MÜSTƏQİL XARICİ SİYASƏT KURSU VƏ QƏRBİN İKİLİ STANDARTLAR SİYASƏTİ
  4. ELÇİN ƏHMƏDOV: "Boyük dövlətlərin mövqeyi təcavüzkar Ermənistanın vaxt uzatmaq siyasəti ilə üst-üstə düşür"
  5. Azərbaycan dünya miqyaslı forumların keçirildiyi mühüm məkana çevrilmişdir
  6. AZƏRBAYCAN – TÜRKİYƏ HƏMRƏYLİ VƏ STRATEJİ TƏRƏFDAŞLIĞININ MÜHÜM GÖSTƏRİCİLƏRİ
  7. AZƏRBAYCAN - İRAN - RUSİYA ÜÇTƏRƏFLİ ƏMƏKDAŞLIĞI REGİONAL TƏHLÜKƏSİZLİYIN MÜHÜM PLATFORMASIDIR
  8. Ermənistanın hərbi təcavüzünün nəticələri – Ağdamın işgalından 23 il keçir
  9. HEYDƏR ƏLİYEVİN ERMƏNİLƏRİN ƏSASSIZ ƏRAZİ İDDİALARINA QARŞI MÜBARİZƏSİ (1969-1982)
  10. HEYDƏR ƏLİYEVİN SİYASİ KURSU DİNAMİK ŞƏKİLDƏ İNKIŞAF ETDİRILİR
  11. Azərbaycan Xalq Cümhuriyyəti - Şərqdə ilk demokratik, parlamentli respublika
  12. AZƏRBAYCANI QARABAĞSIZ TƏSƏVVÜR ETMƏYƏN DAHİ LİDER
  13. Heydər Əliyev: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir”
  14. Azərbaycan Prezidenti İlham Əliyev: “Heç vaxt imkan verməyəcəyik ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın”
  15. Müasir geosiyasi şəraitdə Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı dinamik inkişaf etdirilir
  16. Qaradağlı soyqırımı Xocalı soyqırımının başlanğıcı idi
  17. Ermənistanın ərazi iddiaları və hərbi təcavüzünün başlanması: Malıbəyli və Quşçular kəndlərinin işğalından 24 il keçir
  18. ATƏT-in Minsk qrupu həmsədrlərinin mövqeyi Ermənistanın status-kvonu qoruyub saxlamaq siyasəti ilə üst-üstə düşür
  19. QARABAĞ MÜNAQİŞƏSİ VƏ QANLI 20 YANVAR FACİƏSİNƏ APARAN YOL
  20. Azərbaycanı QARABAĞSIZ təsəvvür etməyən dahi LİDER
  21. BMT necə və nə üçun yaradıldı?
  22. Ermənistanda siyasi, sosial-iqtisadi və demoqrafik böhranı şərtləndirən amillər
  23. Heydər Əliyev Azərbaycanın milli maraqlarını hər zaman uca tutmuşdur
  24. Heydər Əliyevin siyasi kursu yeni və dinamik inkişaf mərhələsində
  25. ŞUŞA: TARİXİ, İQTİSADİ, MƏDƏNİ VƏ STRATEJİ ƏHƏMİYYƏTƏ MALİK ŞƏHƏR
  26. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində legitim seçkilər yalnız orada tarixən yaşamış azərbaycanlı əhalinin öz doğma torpaqlarına qayıtmasından sonra keçirilə bilər
  27. Türkiyənin Ermənistanla sərhəddini bağladıgı gündən 22 il keçir
  28. Böyük dövlətlər təcavüzkarın qarşısını almaq istəyirlərsə Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər
  29. 20 Yanvar - Xalqımızın şərəf və qəhrəmanlıq səlnaməsi
  30. Azərbaycanın siyasi kursu: Güclü siyasi lider, novatorluq və dinamik inkişaf
  31. Dağlıq Qarabağa dair təkzibolunmaz mənbələrə əsaslanan fundamental elmi əsər
  32. Ermənistan beynəlxalq birliyin iradəsinə tabe etdirilməlidir
  33. Azərbaycanın düşünülmüş konseptual yanaşmaya söykənən xarici siyasəti və diplomatik uğurları
  34. ATƏT-in Misnk Qrupunun həmsədrlərinin fəaliyyət(sizliy)i
  35. Heydər Əliyev: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir”
  36. ŞUŞA - Tarixi, mədəni və strateji əhəmiyyətə malik şəhər
  37. Kəlbəcərin Ağdaban kəndi Dağlıq Qarabağdan əvvəl işğal edilmişdi
  38. KƏLBƏCƏRİN İŞĞAL STATİSTİKASI
  39. Ermənilərin Azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırım və təcavüzkar siyasətinin mərhələləri
  40. Qaradağlı soyqırımı - Xocalıya gedən yol
  41. Ermənistanın Azərbaycana təcavüzün nəticələri və XRONİKASI
  42. 20 Yanvar - Xalqımızın şərəf və qəhrəmanlıq səlnaməsi
  43. Yuxarı Qarabağın zəbt olunması - Analitika
  44. Elçin Əhmədov: "Ermənilərin 22 il əvvəl törətdikləti cinayət terrorizmin zirvəsi idi"
  45. Azərbaycanın dinamik inkişafının əsas göstəriciləri
Код информера готов: SELECTORNEWS - покупка, обмен и продажа трафика
Şərh yaz




Enter Code*:

Son xəbərlər
ALMANLAR AZƏRBAYCANDA
08:50 19.12/2016
 
Xəbər başlıqları
20-01-2017
19-01-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.1322 san