08:00 28 May 2018
2769 dəfə oxunub
Çap versiyası
İbrahim Əliyev
Tarix üzrə fəlsəfə doktoru, dosent

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 yaşı tamam olur. Bu hadisə Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutur. Yarandığı gündən bu qədər vaxtın keçməsinə baxmayaraq onun hələ də tam tədqiq olunmamış kifayət qədər problemləri vardır ki, bu məsəlıələr bu gün də böyük aktuallıq kəsb edir və müxtəliq maraqları güdən qüvvələrin diqqətini özünə cəlb edir. Əvvəlcədən qeyd edək ki, Sovet hakimiyyəti dövründə onun tarixi saxtalaşdırılmalara məruz qalmış, haqqqında olan tarixi sənədlər təkcə sıravi insanlardan deyi, həm də tədqiqatçılardan gizlədilmişdir. Yalnız SSRİ dağıldıqdan və Azərbaycanın dövlət müstəqilliyi bərpa olunandan sonra onun tarixini araşdırmaq, onun haqqında olan həqiqətləri aşkara çıxarmaq və işıqlandırmaq mümkün olmuşdur. Bu mübahisələrdə diqqəti cəlb edən Azərbaycanda dövlətin bərpasına gətirib çıxarmış proseslərin qanunauyğunluqları olmuşdur. Bu da təsadüfi deyildi: Azərbaycanın bir müsəlman ölkəsi olaraq müstəqilliyinə qovuşması metropoliyanın maraqlarına uyğun deyildi. İşğal olunduğu gündən Rusiya imperiyasının Cənubi Qafqazda siyasəti burada milli dövlətçiliyin yenidən dirçəlməsinin qarşısını almaq, bu prosesləri nəzarət altında saxlamaq olmuşdur. Müsəlman əhalinin hakimiyyət strukturlarında və ictimai əhəmiyyətli işlərdə fəaliyyətə yaxın buraxılmaması, müsəlman elitasının – bəylərin, xanların və ağaların zadəgan hüquqlarının son dərəcə məhdudlaşdırılması, təhsildə, mədəni inkişafda maneələrin qoyulması, keçirilən burjua islahatlarının Cənubi Qafqazın müsəlman əhalisi yaşayan ərazilərinə yarımçıq tətbiq edilməsi həmin məqsədə xidmət edirdi. Bu ərazilərə xristian əhalisinin köçürtülməsi, xüsusən ermənilərin kütləvi şəkildə burada yerləşdirilməsi və onların xəyanətkar xidmətindən geniş istifadənin məqsədlərinə də daxil olan başlıca məsələ müsəlman-azərbaycanlı əhalinin siyasi iradəsini dirçəlməsinə imkan verməmək, milli ruhun oyanmasını, milli hərəkatın formalaşmasını əngəlləmək idi.(1; 9)
Lakin belə bir məhdudiyyətlər və məhrumiyyətlər şəraitində Azərbaycanın milli ruhunun dirçəlməsi prosesinin qarşısını almaq mümkün olmadı, bu özünü müstəmləkə rejiminə qarşı vaxtaşırı alovlanan üsyanlarda, məhdudiyyətlərə baxmayaraq elmin və mədəniyyəti, ədəbiyyatın müxtəlif sahələrində soz sahibi olan şəxsiyyətlərin yetişməsində, milli hərəkatın önündə getməyə qadir olan maarifçi ziyalılar dəstəsinin formalaşmasında ifadə olundu. Artıq XX əsrin əvvəllərində Rusiya imperiyasını bürüyən inqilabi hərəkatda Azərbaycan həmin dövrün qabaqcıl ziyalıları sırasında duran şəxsiyyətləri ilə seçilirdi. (2; 3; 8) Onlar əsrin əvvəllərində ölkədə milli siyasi hərəkatın canlanmasında, milli mətbuatln inkişafında, mədəniyyətin müxtəlif sahələrinin çiçəklənməsində əhəmiyyətli nəticələr əldə etdilər ki, bu da milli hərəkatın dirçəlişinin və yüksək səviyyəsinin göstəricisi idi. Təsadüfi deyildir ki, imperiya hakimiyyəti bu milli hərəkatın qarşısını almaq, demokratik azadlıqlara doğru xalqın iradəsinin qarşısını almaq üçün əh mənfur fitnələrə əl atırdı. 1905-ci ildə, 1918-ci ildə törədilmiş milli qırğınlar törətmişdilər. (4)
1918-ci ilin mayın 28-də uzun fasilədən və əzablı asılılıq mərhələsindən sonra Azərbaycanda dövlət müstəqilliyi bərpa edildi. Yaradılan bu dövlət artıq tarix boyu mövcud olmuş orta əsrlər dövləti tipi deyildi. Azərbaycanın dirçəlməkdə olan dövləti zamanın tələblərinə cavab verən demokratik bir dövlət idi və həmin dövrün qabaqcıl Avropa standartları əsasında qurulmuşdu. Bu hadisə bir tərəfdən minilliklər boyu Azərbaycan xalqının qorunub saxlanmış dövlətçilik iradəsinin reallaşması idisə, digər tərəfdən müasirləşməyə, ən qabaqcıl dünya standartlarına uyğun siyasi ənənənin təzahür etməsinin real ifadəsi idi. Müsəlman Şərqinin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhüriyyəti təkcə müsəlman aləmində deyil, dünya miqyasında bir sıra yeniliklər etmişdi ki, bu faktlar tarixi yaddaşda mövcuddur və onları inkar etmək mümkün deyildir.
Lakin burada tarixi reallığın inkar edilməsinə diqqət yönəltməyimiz təsadüfi deyildir. Azərbaycanın bu gün mövcud olan demokratik dövləti özünün yüz illik yubileyini qeyd etməyə hazırlaşsa da bu yüz il ərzində onun mövcudluğu həmişə təzyiqlərə, yalan və böhtanlara, saxtalaşdırmalara məruz qalmış, Azərbaycanı sevməyən qüvvələrin narahatlıq mənbəyini təşkil etmişdir. Bu münasibət bu gün də davam edir. Müxtəlif tədqiqat əsərlərində ciddi cəhdlə Azərbaycanın müasir tarixi təhrif edilir, onun tarixini qısaltmağa çalışırlar.
Azərbaycanın müasir dövr dövlətçilik ənənəsinin reallaşmasına qərəzli münasibət təkcə tədqiqat əsərlərində, elmı məqalələrdə müşahidə olunmur, bu münasibət ayrı-ayrı dövlətlərin, siyasi qüvvələrin onun siyasətinə, varlığına, münasibətdə tutulan mövqedə də hər addımda özünün göstərməkdədir. Bu mənada Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin dərindən araşdırılmasına, onun bütün anlarınının isıqlandırılmasına həmişə ehtiyac olmuşdur. Çünki bu tarixə olan bu ciddi maraq təkcə tarixi obyektiv əks etdirmək kimi professional maraqdan irəli gəlmir. Xüsusən müasir dövrdə - Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanın müasir tarixinə, onun müxtəlif mərhələlərinə maraq artmışdır. Bu maraq bir tərəfdən üzun illər məxvilik qrifi altında saxlanılmış milli tariximizin qaranlıq səhifələrini işıqlandırmaq, onda baş vermiş hadisə və proseslərə düzgün qiymət vermək, onlara münasibətdə tarixi ədaləti bərpa etmək ehtiyacından irəli gəlirdi.
Digər tərəfdən Azərbaycanın müasir tarixinə son illərdə, xüsusən onun dövlət müstəqilliyi bərpa olunduqdan sonra maraq bir başqa məsələ ilə bağlıdır. Məlumdur ki, SSRİ–nin parçalanması nəticəsində müstəqilliyə qovuşmuş respublikaların əksəriyyətində onların yaranma tarixi 1918-ci ildən götürülür. Bu fakt isə müəyyən dairələrdə qısqanclıqla qarşılanır. Bu yanaşma əsasında yazılan tədqqiqat əsərlərində qərəzli fikirlərin və məqsədli saxtalaşdırmaların şahidi oluruq.
Azərbaycanın müasir tarixinə bu cür mövqedən yanaşmanın nümunəsi kimi Rusiya tarixçiləri Vadim Muxanov və Mixail Volxonskinin bir birinin ardınca yazdıqları “Azərbaycan Xalq Cümhuriyyərinin tarixinin izi ilə” və “Rusiya Qafqazda: tarixin beş əsri” kitablarını göstərmək olar. .(6; 7) Həmin kitablarda Azərbaycan Demokratik Respublikasının da tarixi araşdırılır. Xüsusən birinci kitab məhz həmin dövlətə, onun özündən sonra qoyduğu izə, müasir Azərbaycan tarixinə bilavasitə aiddir və onun başlıca məsələlərinə münasibət bildirilir. Kitabların mənbə bazası çox genişdir. Orada tədqiqqata çoxlu sayda maraqlı materiallar, sənədlər, faktlar cəlb edilir. Görünür, bu müəlliflərin mənbəşünaslıq baxımından imkanları çox geniş olmuşdur. Həmin dövrün istənilən tədqiqatçısı onların bu imkanına qibtə edə bilər. Butün bu geniş imkanlara baxmayaraq bu kitablarda çlxarılmış nəticələr heç də həmişə elmi tədqiqatın təməl prinsiplərinə cavab vermir. Əslində gətirilən faktlar bir reallığı təsdiq etdiyi halda çıxarılmış nəticələrdə onun tam ziddinə olan qənaətə gəlinir. Çox hallarda real həqiqəti təsdiq edən faktlar ya gizlədilir, ya da təhrif edilir. Bir sözlə M.Volxonski və V.Muxanovun bu kitablarında məqsəd obyektiv reallığın aşkar edilməsi deyil, əvvəlcədən qoyulmuş məqsədin əsaslandırılmasıdır. Müəlliflər öz məqsədlərini heç də gizlətmirlər. Onlar Azərbaycan Xalq Cümhuriyyətinin tarixini araşdırarkən başlıca hədəfləri müasir Azərbaycan Respublikası olmuşdur. AXC-nin tarixini araşdırarkən əslində Azərbaycan xalqının dövlətçilik ənənəsini, dövlətçilik tari­xini hədəfə götürür, onun yaranmasının qanunauyğunluğunu, müasir demokratik dövlətçiliyinin formalaşmasını şübhə altına alırlar. Onların fikrincə, SSRİ-nin iflasından sonra müstəqilliyini bərpa etmiş dövlətlərin əksəriyyətinin 1918-20-ci illərdə mövcud olmuş dövlətlərlə heç bir əlaqəsi olmadığını iddia edirlər. Bununla da müasir dövrdə müstəqillik qazanmış dövlətlərin tarixini son onilliklərlə məhdudlaşdırır, onların tarixi köklərini inkar edirlər. Bu da sadəcə olaraq tarixi obyektivlik xatirinə edilmir. Bu cür konsepsiyanı irəli sürənlərin maraqları daha müəmmalı məsələlərlə bağlıdır.
Hər şeydən öncə onu diqqətə çatdırmaq lazımdır ki, Azərbaycanın tarixinə böhtan atanların ziddinə olaraq, Azərbaycan Xalq Cümhuriyyəti yaşı Azərbaycanın minilliklərlə ölçülən dövlətçilik ənənəsinə köklənir. Dünyada yananan ilk dövlətlərin sırasında bu ərazidə təşəkkül tapmış dövlətlər də olmuşdur. Bundan sonrakı minilliklər ərzində Azərbaycanın ərazisi dünyanın aktual tari­xi proseslərin getdiyi mərkəzlərdən biri olmuşdur. Qədim dünya və orta əsrlər dövründə Azərbaycanın zəngin dövlətçilik tarixi hər kəsə məlumdur və müasir dövrümüzdə də inkarolunmaz bir reallıq kimi qəbul edilir. Tarixin müəyyən məqamlarında dövlətin zəifləməsi, təzyiqlərə, işğalçı yürüşlərə məruz qalması, müəyyən müddət üçün bu və ya digər işğalçı dövlətin işğalına məruz qalması bütün dünya xalqlarının tarixi üçün xarakterikdir və həmin xalqın dövlətçilik ənənəsinin olmamasına, onun siyasi iradəsinin olmamasına dəlalət etmir. Bütün xalqların tarixində belə enmə və qalxma məqamları mövcuddur. Əsas amil isə bu xalqın həmin mürəkkəb və ziddiyyətli dövrün çətinliklərindən çıxa bilməsi və öz iradəsini təsdiq etməsindədir. Azərbaycan da öz dövlətçilik tarixində belə bir zəngin, keşməkeşli yol seçmiş, öz dövlətçilik iradəsini XX əsrin əvvəllərində mübariz milli hərəkatın nəticəsi kimi demokratik dövlətini qurması ilə təsdiq etmişdir.(3; 8)
Düzdür, ola bilsin ki, 1917 -18-ci illərdə Rusiya imperiyasının iflası anında yaranmış dövlətlərin xeyli hissəsi tarixin ümumi axınında bir epizod kimi meydana çıxmışdı. Lakin Azərbaycanın dövlətinin yaranması və mövcud olmasıını həmin təsadüflərlə izah etmək ədalətsizlik olardı. ADR mövcud olduğu qısa müddət ərzində ictimai həyatın bütün sahələrində atdığı addımlar və nümayiş etdirdiyi mükəmməl dövlət quruculuğu, təsərrüfat işləri, daxili və xarici siyasət, hərbi təhlükəsizlik fəaliyyəti deyilən həqiqəti əyani şəkildə sübut edir.
Çox zaman Azərbaycan tarixinə qərəzli münasibət nümayiş etdirən tədqiqatçılar və müasir siyasi qüvvələr dediklərinin sübutu kimi AXC-nin iki illik mövcudluqdan sonra süqut etməsini əsas götürürlər. Onlar bu zaman belə bir faktı susmağa üstünlük verirlər ki, Rusiya imperiyasından qopub ayrılmış ərazilər son anda yenə də başqa ad altında imperiyanın SSRİ adlı yeni varisinin hüdudlarına qatılmışdı. Müstəqilliyin itirilməsi iddia edilən təsadüfiliyi təsdiq etmirdi. Məqamı yetişəndə Azərbaycanın öz müstəqilliyini bərpa etmək imkanını reallaşdırması, edilən ağır təzyiqlərə baxmayaraq müstəqilliyə qovuşması xalqın dövlətçilik iradəsini təsdiq etdi.
1917-1918-ci illərdə Rusiya imperiyasının iflası nəticəsində yaranmış müstəqil dövlətlərin heç birində Azərbaycandakı qədər maneələr olmamışdı. Azərbaycanın imperiya üçün strateji əhəmiyyətli ərazidə yerləşməsi, onun mərkəzi regionu olan Abşeronda zəngin neft ehtiyatları olması və onun uğrunda dünya güclərinin gərgin mübarizə aparması baş verən hadisələrin və gedən proseslərin dramatikliyini, amansızlığını şərtləndirirdi. Azərbaycan Xalq Cümhuriyyətinin müstəqil dövlət kimi elan olunması ərəfəsində burada rəngarəng siyasi qüvvələrin cəmləşməsi, Birinci Dünya müharibəsində iştirak edən hərbi blokların və onlara daxil olan ayrı-ayrı dövlətlərin buraya can atması vəziyyəti daha da gərginləşdirirdi. Partiyalar, milli qurumlar, ictimai-siyasi təşkilatlar arasında münasibətlərin və ölüm-dirim mübarizəsinin kəskinliyinə görə Azərbaycan, xüsusən Bakı şəhəri imperiyanın mərkəzi şəhərləri olan Peterburq və Moskva ilə müqayisə oluna bilən vəziyyətdə idi. 1917-ci il fevral və oktyabr inqilablarından sonra Rusiyanın başlıca siyasi qüvvələrinin başı özlərinə qarışdığı bir vaxtda da Bakı yaddan çıxmır, burada gedən inqilabi proseslərin qarşısını almaq, milli azadlıq mübarizəsini boğmaq üçün ən iyrənc fitnələr törədilir. Azərbaycan xalqına qarşı törədilmiş mart soyqırımı, regionlarda aparılan və dəstəklənən mülli münaqişələr hakimiyyətə can atan bolşeviklərin fitvası və ermənilərin icrası ilə həyata keçirilirdi. Belə bir mürəkkəb şəraitdə fəaliyyət göstərməli olan milli hərəkatın müstəqilliyə gətirib çıxarması onun gücündən, mükəmməlliyindən, liderlərinin səviyyəsindən xəbər verirdi. (1, 12-14)
Bolşeviklər və onların sifarişi ilə Azərbaycanda təxribat, terror, qırğınlar törətmək yolu ilə fəaliyyət göstərən qüvvələr başa düşürdülər ki, Azərbaycan xalqını asanlıqla yolundan döndərmək, onun dövlətçiliyin bərpasına hərdəflənmiş iradəsinin qarşısını almaq mümkün olmayacaq. Onlar bu xalqın gücünü bilir və ona qarşı müvafiq vasitələrlə mübarizə aparır, onun siyasi iradəsini qırmağa çalışırdılar. Lakin hadisələr göstərdi ki, onlar buna nail ola bilmədilər. Bakı şəhərində mart qırğınının yaratdığı əlverişli şərait sayəsində Bakıda bolşevik-daşnak xarakterli hakimiyyət yaratsalar da, o uzun müddət davam gətirə bilmədi. 1918-ci ilin 25 aprelində yaradılmış Bakı Kommunası iyulun axırında iflasa uğradı. Bu hakimiyyətin Azərbaycan mühitinə yad olduğu praktikada sübut olundu. Onun yerində yaradılmış menştvik-daşnak diktaturası – mərkəzi Xəzər Diktaturası isə Azərbaycan Xalq Cümhuriyyətinin türklərin köməyə gəlmiş hərbi missiyasl ilə birgə yaratmış olduğu Qafqaz İslam ordusunun zərbələri altında bir günün içində dağılaraq Azərbaycanı tərk etdilər.
Mövcud olduğu iki il ərzində dövlət quruculuğu, ölkənin ictimai həyatının bütün sahələrində qarşıya çıxan maneələrin dəf edilməsi və inkişafa nail olunması dövlətin uğurlu irəliləyişindən xəbər verirdi. Əlbəttə, burada konkret məsələlər üzərində dayanmasaq da, ümumi pozitiv inkişaf göz qabağında idi. Bütövlükdə Azərbaycan Xalq Cümhuriyyəti həmin Rusiya imperiyası tərkibindən qopub ayrılaraq müstəqillik əldə etmiş dövlətlərin içərisində öz mükəmməl dövlət quruluşu, ardıcıl daxili və xarici siyasət kursu, ictimai-iqtisadi və mədəni sahədə quruculuq işi ilə seçilirdi. Hər bir sahədə üzləşilən çətinliklərə baxmayaraq bu dövlət güclü nəzəri və praktik dayaqlara, idarəçilik imkanlarına malik olduğunu əyani sübut etmişdir. İki illik tarixinə bütöv bir nəzər saldıqda onun yarandığı gündən süqutuna qədər daim irəliləyən, təkmilləşən, təkamül edən, təsdiq edilən bir yol keçdiyini müşahidə etmək olar. Bu qısa müddət ərzində dövlət quruculuğu sahəsində ciddi nailiyyət əldə edildi. Dövlətin yaranmasının elan edilməsindən hakimiyyət strukturlarının yaradılması, səlahiyyətlərin bölüşdürülməsi, parlamentin yaradılması, dövlət simvollarının qəbul edilməsi inkişaf yolu keçmişdi. Azərbaycan 1918-ci ildə dövrün ən demokratik parlamentini formalaşdıra bilmişdi. (1; 7; 10; 11, s.11-12)
İki il ərzində ölkə parlament, nazirlər kabineti yerli idarə strukturları öz fəaliyyətlərini təkmilləşdirmiş, peşəkarlığını artırmışdılar. Qarşısında duran bütün prooblemləri tam həll edə bilməsə də yeni yaranmış gənc bir dövlətin hökuməti kimi kifayət qədər irəliləyişlərə nail ola bilmişdi.
Təhlükəsizlik sahəsində mühüm işin əsası qoyulmuşdu. Sıfır səviyyəsindən start götürülərk milli ordunun əsası qoyulmuş, qısa müddətdə ölkənin müdafiəsi təşkil edilmişdi. Mövcud olduğu dövr ərzində daim müharibə şəraitində olan bir ölkədə təhlükəsizliyin təmin edilməsi qəti iradədən, ardıcıl, gərgin hərbi quruculuğun uğurundan xəbər verirdi. Düzdür, fasiləsiz hərbi təzyiqlər, ermənilərin silahlı təxribatları ölkənin müdafiəsinə zərbə vurur, quruculuq işlərinə böyük əngəllər törədirdi. Lakin Sovet Rusiyasının həbi təcavüzünü nəzərə almasaq, Azərbaycan Xalq Cümhuriyyəti özünü müdafiə edə bilmişdi. İkinci Dünya müharibəsinin nəticəsində məğlub olan Osmanlı dövlətinin öz qoşunlarını aparandan sonra Azərbaycan öz müdafiəsini təmin edə bilmişdi.
Ölkənin sosial iqtisadi inkişafında irəliləyiş göz qabağında idi. Düzdür, fasiləsiz hərbi təzyiqlər, ermənilərin törətdikləri təxribatlar ölkənin bütün güc və resurslarını özünə cəlb etsə də, Azərbaycan hökuməti sosial-iqtisadi və mədəni problemlərə diqqət ayırır, bu sahələrin fundamental məsələlərini həll etməyə çalışırdı. Buna görə də kəndlilərin torpaq mülkiyyəti məsələsini, neft sənayesinin bərpası və s. məsələləri tam həll etmək mümkün olmasa da, bu sahələrdə mümkün olan bütün işlər görülmüşdü.
Azəbaycanın müstəqil dövlət kimi hüquqlarının təsdiq edilməsi, onun suverenliyinin tanınması xarici siyasət qarşısında duran başlıca problem idi. Dünyanın aparıcı dövlətləri imperiyadan qopub ayrılmış xalqlarının, xüsusən müsəlman xalqlarının öz dövlətlərini yaratmasına qısqanclıqla yanaşırdılar. Belə bir mürəkkəb beynəlxalq şəraitdə Azərbaycan beynəlxalq aləmdə çox çətin məsələləri həll etməli olurdu. Bütün çətinliklərə baxmayaraq AXC diplomatlarının gərgin fəaliyyəti sayəsində onun müstəqilliyinin Paris konfransı iştirakçıları tərəfindən De-fakto tanınması çox böyük uğur idi.
Qeyd olunduğu kimi, çox böyük çətinliklərə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, yaşamaq uğrunda mübarizəsi, həyatın bütün sahələrində diqqəti çəkən nailiyyətlərin əldə edilməsi Azərbaycan xalqının dövlətçilik ruhunun, müstəqillik iradəsinin parlaq ifadəsi idi.
Lakin bu dövləti qoruyub saxlamaq mümkün olmadı. 1920-ci ilin aprelində bolşevik Rusiyasının təcavüzü nəticəsində bu dövlət süqut etdi. Bu süqut bir sıra tədqiqatlarda onun zəifliyi, həyati qabiliyyətinin olmaması, təsadüfi xarakter daşımasının sübutu kimi göstərilir. Qeyd etmək lazımdır ki, AXC-nin süqutu təkcə onun özünün zəifliyinin nəticəsi deyildi. Məsələ ondadır ki, kommunizm təbliğatı ilə silahlanmış Sovet Rusiyası o dövrün nəhəng bir qüvvəsinə çevrilmişdi və onun təcavüzünün qarşısını nəinki yenicə müstəqillik qazanmış xırda dövlətlər gələ bilmirdi, dünyanın böyük gücləri onların təzyiqi qarşısında geri çəkilir, onunla hesablaşmalı olurdular. Rusiya imperiyası ərazisində təşəkkül tapmış müstəqil dövlətlərdən heç biri bu qismətdən qaça bilmədi. Tez və ya gec onların hamısı Rusiya imperiyasının davamı olan Sovetlər ittifaqının tərkibinə daxil edilmişdi. AXC-nin də süqutu məhz bu hadisə ilə bağlı idi. (1)
Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycanın müasir tarixində yeri və rolu onun iki illik tarixi ilə bitmir. 1920-ci ildə onun işğalı və süquta yetirilməsinə baxmayaraq Azərbaycanın sonrakı taleyində öz əhəmiyyətli təsirini göstərməkdə davam edirdi. Azərbaycanın Sovet hakimiyyəti dövründə formal olsa da respublika statusunu saxlaması AXC-nin mövcudluğu və tarixdə qoyduğu dərin izlə şərtlənirdi.
“Xalqların öz müqəddəratını təyin etmək hüququnun təmin edilməsi” şüarı ilə çıxış edən Sovet hakimiyyəti imperiyadan ayrılmış xalqların respublika quruluşuna malik olmaq reallığı ilə barışmalı olurdu. Azərbaycanın da belə bir respublika kimi tanınması onun dövlətçiliyinin təsdiqi mənasında keçdiyi yol və tarixi reallıqla, xalqın siyasi iradəsinin olması ilə bağlı idi.
Lakin bu yeni şəraitdə də Azərbaycanın siyasi hüquqlarının tanınması və sovet sosialist respublikası statusunda yaranmaqda olan SSRİ-nin subyektləri sırasına daxil olması müxtəlif vasitələrlə əngəllənirdi. Bunun üçün 1922-ci ildə SSRİ yaranmamışdan öncə Azərbaycan, Ermənistan və Gürcüstanın daxil olduğu Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası (ZSFSR) yaradıldı. Bununla da Azərbaycanın Sovet Sosialist Respublikası hüququnda Sovetlər İttifaqının subyektlərində biri olmasına imkan verilmədi. Düzdür, bir qədər sonra tarixi reallığın təsiri altında bu maneə aradan qalxdı. SSRİ-nin 1936-cı ildə qəbul olunmuş yeni konstitusiyasına görə Azərbaycanın və digər müsəlman respublikaların müttəfiq respublika hüququ təsbit edildi.
Bundan sonrakı dövrdə də Azərbaycana çoxsaylı maneələr yaradılsa da Azərbaycan SSR mövcud olmuş, zaman keçdikcə oz suveren hüquqlarını gücləndirmişdir. Xüsusən ötən əsrin 70-ci illərində - Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi zaman onun iqtisadi cəhətdən güclənməsi, ittifaqın inkişaf etmiş respublikalarından birinə çevrilməsi Azərbaycanın mülli dövlətçiliyinin gücləndirilməsində də böyük rol oynadı
1991-ci ildə Azərbaycanın müstəqilliyi bərpa olunan zaman müasir demokratik respublikanın tarixinin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından götürülməsi, Azərbaycan Respublikasının AXC-nin varisi və davamçısı elan edilməsi qanunauyğundur və tarixi ədalətin təmin edilməsinə xidmət edir. Bu irsiliyin təsdiqi və qəbul olunmuş rəsmi sənədlərdə təsbit edilməsi Azərbaycanı istəməyənlərin arzusunun ziddinə olaraq onun 100 illik vahid tarixə malik olduğunu təsdiq edir və bununla da Azərbaycan Xalq Cümhuriyyətinin müasir tarixdə oynadığı rolu və tutduğu layiqli yeri bir daha təsdiq edir. (12)

Ədəbİyyat
1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I və II c. Bakı, 2004.
2. И.С.Багирова, Политические партии и организации Азербайджана в начале XX века , Б., 1997
3. А Балаев., Азербайджанское национально – демократическое движение 1917 – 1920 гг., Б., 1990
4. A.C. İskəndərov. Azərbaycanda türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı 1918-1920-ci illər. Bakı, 2006.
5. Михаил Волхонский, Вадим Муханов. По следам Азербайджанской Демократической Республики 2007
6. Михаил Волхонский, Вадим Муханов. Россия на Кавказе. Пять веков истории», «Объединенная редакция МВД России», 2009 г.
7. Aзepбaйджанская Демократиская Pecnублика (1918-1920), Законодательные акты (сборник документов), Б., 1998;
8. M.Məmmədzadə. Milli Azərbaycan hərəkatı. Berlin, 1938
9. X. Ю. Вердиева, «Переселенческая политика Российской им- перии в Северном Азербайджане (XIX - начале XX вв.)» Баку, «Ecoprint», 2016
10. Azərbaycan Parlamentinin Tərkibi (Адрес-календарь.Азербайджанской Республики за 1920 год, ч 3. Баку,1920 с.21-23) Архивировано 29 августа 2011 года.
11. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920), Parlament (Stenoqrafik hesabatlar). I cild. - Bakı, “Azərbaycan” nəşriyyatı, 1998.
12. http://files.preslib.az/projects/republic/az/azr4_2.pdf

Açar sözlər: Azərbaycan Xalq Cümhuriyyəti; Milli hərəkat; Demokratik dövlət; Müstəqillik; İstiqlal bəyannaməsi
Ключевые слова: Азербайджанская Демократическая Республика; Национальное движение; Демократическое государство; Независимость; Деклорация независимости
Key words: Azerbaijan Democratic Republic; National movement; Democratic state; independence; declaration of Independence

Резюме
И.Алиев
Азербайджанская Демократическая Республика в истории современной государственности
В данной статье рассматриваютя вопросы, касаюшиеся место и значения Азербайджанской Демократической Республики в современной истории государственности страны. В этом году отмечается 100-летний юбилей образования этого государства, которое сыграло огромную роль в становлении современного демократического государства Азербайджана. Это событие стало осуществлением политической вольи народа к своей независимости. Здесь рассматриваются закономерности возникновения Азербайджанской республики, этапы его развития, показывается наследственная связь с всех его этапов.

Summary
İ.Aliyev
Azerbaijan Democratic Republic in the history of modern statehood
This article examines issues related to the place and significance of the Azerbaijan Democratic Republic in the modern history of statehood of the country. This year marks the 100th anniversary of the formation of this state, which played a huge role in the formation of the modern democratic state of Azerbaijan. This event became the realization of the political will of the people to their independence. Here, the laws of the origin of the Republic of Azerbaijan, the stages of its development, and the hereditary connection from all its stages are examined.

 

"GEOSTRATEGİYA" jurnalı №02 (44) MART-APREL 2018


Müəllifin digər yazıları

  1. YENİDƏNQURMA DÖVRÜNDƏ SSRİ-də ALKOQOLİZMƏ QARŞI MÜBARİZƏ VƏ ONUN NƏTİCƏLƏRİ HAQQINDA
  2. Qarabağ münaqişəsinin nizamlanmasının başlıca maneələrindən biri mövcud status-kvodur
  3. AZƏRBAYCANLI “ZİYALININ” ERMƏNİSAYAĞI GEDİŞLƏRİ
  4. Azərbaycan Xalq Cümhuriyyəti müasir dövlətçilik tarixində
  5. Ermənistanda dəyişikliklər nə vəd edir?
  6. Azərbaycan torpaqlarının ermənilər tərəfindən zəbt edilməsi tarixindən
  7. 2017-ci il: gözləntilər və nəticələr
  8. AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜSTƏQİLLİYİNİN BƏRPASI VƏ İNKİŞAFI DÖVRÜNDƏ AZƏRBAYCAN-TÜRKİYƏ MÜNASİBƏTLƏRİ
  9. 1980-ci İLLƏRDƏ SSRİ-də Y.ANDROPOV HAKİMİYYƏTİ VƏ ONUN İSLAHATLARI
  10. SSRİ-nin beynəlxalq münasibətlər sahəsində Heydər Əliyevin xidmətləri
  11. SSRİ-NİN İFLASININ SƏBƏB VƏ NƏTİCƏLƏRİ HAQQINDA
  12. AZƏRBAYCAN RESPUBLİKASI 25
  13. Müasir Azərbaycan dövlətçiliyində Konstitusiyalar
  14. Azərbaycanda müasir demokratik dövlətçiliyin təkamülü
  15. Qarabağ problemi son hadisələr işığında
  16. Müstəqil Azərbaycan Respublikasında turizmin inkişafı
  17. Azərbaycan Respublikasında dövlət-din münasibətlərinə dair
  18. Ali təhsildə keyfiyyətin müasir vəziyyəti və onun aktual problemləri
  19. Azərbaycanda III sektor və onun mövcud vətəndaş cəmiyyətində yeri
  20. AZƏRBAYCANDA MİLLİ DÖVLƏTÇİLİYİN DİRÇƏLİŞİ VƏ ONUN TARİXİ KÖKLƏRİ
  21. Postsovet məkanında müstəqil dövlətlərin yaranması və onların müasir dünya durumunda yeri
  22. “Erməni soyqırımı” əfsanəsi və müasir dövrdə onun hədəfləri
  23. BEYNƏLXALQ ALƏMDƏ AZƏRBAYCANA QARŞI TƏZYİQLƏRİN ARTMASI VƏ ONUN REAL MAHİYYƏTİ
  24. Müasir dünya durumunda Azərbaycanin aktual problemləri
  25. Müasir Azərbaycan beynəlxalq norma və prinsiplər kontekstində
  26. Azərbaycan Respublikasında təhsilin aktual problemləri - EKSKLÜZİV
  27. Prezidentin çıxışı söykəndiyi reallıqlarla güclü idi
  28. Qarabağ münaqişəsi ətrafında bəzi mülahizələr
  29. Yenidənqurma dövründə Sovetlər İttifaqında milli məsələ və etnik konfliktlər
  30. DAĞLIQ QARABAĞ KRIM DEYİL ...
  31. Sovet xalqının insanların yeni tarixi birliyi olmasiı haqqında tezis və onun 1970-80-ci illərində sovet dövlətinin milli siyasətində yeri
  32. AZƏRBAYCANIN HAZIRKI İNKİŞAF KURSUNA ALTERNATİV YOXDUR
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-07-2018
20-07-2018
20.07.2018 Neft bahalaşıb
19-07-2018
19.07.2018 Bakıda yanğın

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7187 san