12:56 01 İyun 2018
8246 dəfə oxunub
Çap versiyası
Zöhrə Əsgərova
Yazıçı-publisist

 

Xatirəmdə yaşayan o gündən 30 il ötüb...Sevimli aktyorumuz Fuad Poladov haqqında məqalə yazmaq fikrində idim. Onunla qrim otağında görüşdük. O, əvvəlcədən öz şərtlərini bildirdi ki, yazı elə səviyyədə olmalıdır ki, oxucunu düşündürsün, teatrın magik aurası hiss edilsin. Adi, hamıya verilən eyni sualları cavablandırmağı xoşlamıram. Ona verəcəyim suallar da elə bil yadımdan çıxdı. Ani tərəddüddən sonra onunla sağollaşdıq. Fuad Poladovun sözlərini unuda bilməsəm də onun haqqında yazmağın nə qədər məsuliyyətli bir iş olduğunu dərk etdim. Onun etimadını qazana bilmək, teatrla, onun oynadığı rollarla bağlı dərin təhlillər etməyə özümdə bir cəsarət tapmadım. Bir sözlə, nə yazmaq, necə yazmaq, nədən yazmaq dilemması qarşısında qaldım. Yazı masamın arxasında sanki yeni obrazımı “məşq” edirdim. Hansı suallarla onun qarşısına çıxmalıyam? Mən İncəsənət Universitetinin məzunu, bu sahəyə mənəvi cəhətdən yaxın olsam da anladım ki, Fuad Poladov adi aktyor, insan, ziyalı deyil. Onun qəribə aurası, cazibəsi var idi. O, danışarkən susmaq və onu dinləmək istəyirsən. Düşündüm ki, onun haqqında yazım sonraya qalsın. Çünki o, elə şəxsiyyət idi ki, səhnə ilə həyatı heç vaxt bir-birinə qarışdırmırdı. Həyat səhnəsində isə öz xarakteri, prinsipləri, düzlüyü ilə dəyişməz idi, o, öz “obrazına” sadiq qalmışdı. Səhnədə də, həyatda da, ailədə də səmimi, dürüst idi...Bu isə, ağır sınaqdır, ədalət naminə dost, yaxın bildiklərini itirmək deməkdir...

Mən Fuad Poladovun uzun illər çalışdığı teatr səhnələrində və kino filmlərdəki rollarından danışmaqdan çox uzağam. Atalar demişkən, görünən dağa nə bələdçi. Vaxtı ikən ürəklənib onun haqqında yazmadığım ürək sözlərimi gec də olsa etiraf etmək istəyirəm. Lakin təəssüf ki, bu, vida yazısıdır.

Mən memar olsaydım onun məğrur heykəlini yaradardım, rəssam olsaydım portretini çəkərdim. Yaradıcılıq zirvəsini fəth edən bir sənət adamı kimi. Sağ olsaydı, bəlkə də bu fikirlərlə razılaşmazdı. Çünki o, həmişə təvazökarlıq göstərib, özünü sıravi aktyorlardan biri kimi adlandırardı. Qəribədir, istedadlı insanlar ucaldığı zirvədə öz tənhalığını daha çox hiss

edirlər...Fuad Poladov da bu mənəvi tənhalığın zirvəsindəydi, Hamlet kimi. “Olum ya ölüm, budur məsələ, hansı şərəflidir? Azğın taleyin müdhiş oxlarına susub dözməkmi yoxsa fəlakətlər dənizlərinə qarşı silahlanıb üsyanmı etmək ya qələbə çalmaq, ya həlak olmaq?” O, bu monoloqda inanıram ki, qələbə çalmağa üstünlük verərdi.

Onun teatr səhnəsində oynadığı şah Qacar, Hamlet rolları azərbaycan tamaşaçısına Fuad Poladovun ifasında nə verdi? Əslində bu, aktyorun bəşəri hisslərini, azad şəxsiyyətin əzəmətini göstərən ləyaqətinin təcəssümü idi. Şekspir həyatı teatr adlandırmış, lakin bu “teatrda” aktyorlar deyil, insanlar öz obrazlarını olduğu kimi qrimsiz təqdim edir. Bu insanlardan biri Fuad Poladovdur.

O, başqalarından fərqli olaraq, evə, işə, tədbirlərə ictimai nəqliyyatla, piyada gedirdi. Demək olar ki, öz fikirləri ilə tək qalmaq, fikrini yayındırmamaq üçündür . Dönə-dönə onu metroya daxil olan görmüşəm. Başı aşağı iri addımlarla yol gedirdi. Onun yerişində də bir əzəmət duyulurdu, sanki gizli fikirləri də addımlarının səsinə qarışır, sükutu da danışırdı. Hansı monoloqlar doğulub yaşayırdı onun qəlbində? Əgər ağır xəstəlik olmasaydı Fuad Poladovun polad kimi iradəsi sarsılmazdı...Verilişlərin birində o, demişdi ki, metroda üzbəüz oturan baba ilə nəvəni müşahidə etməsi nəticəsində Gənclik dayanacağında düşmək əvəzinə Əhmədli dayanacağında düşmüşdü. Kasıb bir babanın əngəlli olan nəvəsi ilə mehriban, səbrli davranışı Fuad Poladovu yaman təsirləndirmişdi. Zahirən zabitəli görünən bu insannın əslində çox kövrək, həssas qəlbi var idi. Müsahibələrinin birində qeyd etmişdi ki, mən narahat olanda rahat oluram, narahatamsa deməli, mən yaşayıram.

Bu gün yazıçı kimi onun oynadığı rollar haqqında fikirlərimi bölüşə bilərdim. Lakin onun böyük ustalıqla oynadığı müxtəlif obrazların təhlili haqda məqalə deyil, kitablar yazmaq lazımdır. Kitabı “May fəslinin əfsanəsi” adlandırardım. May ayında dünyaya gəlmiş, həmin ayda da dünyasını dəyişmişdir.

Bircə onu deyə bilərəm ki, teatr səhnələrində oynadığı tamaşalara böyük həvəslə getmişəm. Kino filmlərdən fərqli olaraq, teatrın tozu ilə nəfəs alan görkəmli aktyorun canlı nəfəsini duymaq, canlı səsini səhnədən eşitmək tamaşaçıya unudulmaz anlar yaşadır. Bu bayramı görməyin, eşitməyin sevincini yaşamışam. Əllərimiz alqışlarımızla ona öz xeyir-duasını vermişdir. Yeseninin şeiridir:

Sifət aydın görünməz üz-üzə dayananda

Nəhəng şey uzaqlardan daha aydın görünər...

İllər keçəcək, biz Fuad Poladovu aktyor-şəxsiyyət kimi daha dərindən tanıyacağıq. Öz xarakteri, xüsusiyyətləri ilə sonradan daha aydın dərk ediləcək. Həyatı dərk edib yaşamaq ağır imtahandır, ya zamanın nəbzini tutmalı, ya da özün kimi, olduğun kimi qalmalısan. Fuad Poladov olduğu kimi qaldı, vicdanının əleyhinə getmədi. Şah Qacarı, Hamleti onun ifasında, səsində görmək, eşitmək tarixə səyahət qədər cazibəli, unudulmaz səyahətdir.

“Anlamaq dərdi”nin dərmanı zamandır. Şair Rəsul Rza demişkən:

Saatımı bərk qursam

sına bilər,

Nə qəm, onu təmir etmək olar.

Bəd başında yenisini alaram.

Ürəyimi sındırmayın,

Təmiri mümkün deyil.

Yenisini almaq olmaz,

Tələsməyin, tələsməyin.

Bir gün özü sınacaq,

Dayanacaqdır, vallah.

Qeyd edim ki, teatr səhnəsində fransız dramaturqu Erik Emmanuel Şmittin “Müsyo İbrahim və Quran çiçəkləri” pyesindəki son sözləri məhz Fuad Poladovun ifasında daha simvolik məna daşıyır: “Ölmürəm, gözəgörünməzə qovuşuram”.Tamaşaçılara dediyi son etiraf. O gün onunla vidalaşmağa gələn kövrək duyğularla köklənən tamaşaçıların, tələbələrin, dostların hərarətli, uzun sürən alqışları altında səhnəni həmişəlik tərk etmək, baxışlarınla tamaşaçı zalına “əlvida” demək aktyor üçün nə qədər təsirli və ağır olduğunu qələm ifadə etməkdə acizdir...

Hələ ruhu onu sevənləri tərk etməyib. Vəfatından 40 günə az qalıb. Səhnələrdə eşitdiyi tamaşaçı alqışları, sevgisi onun ruhunu oxşamaqda davam edir. Adı böyük hərflərlə yazılan Fuad Poladov artıq Allah dərgahında haqq dünyasındadır. Görəsən, ordan yaşadığımız həyat necə görünür? Yaxşılıq və pislik, şər və xeyir hansı rəngdədirlər? Bunları təsvir etməyə rəssam fırçasının gücü çatarmı?

Fuad Poladov teatr həyatına pauza verdi səhnədə yeri daha da çox görünmək üçün. Cismi bizdən uzaq olsa da səsi yaşayır. Onun səhnə qəhrəmanları heç vaxt bizi tərk etməyəcək. Bu rollar aktyor haqqında bizə əvəllər bəlkə də fərqinə varmadığımız bir çox həqiqətləri deyəcək...Bəlkə onda biz onu daha yaxından hiss edib tanıyacağıq.

Qədirbilən tamaşaçılar, televizor ekranlarından onun oynadığı rollara baxarkən səmimi alqışlarınızı ondan əsigəmiyin. Alqışlara layiq layiqli bir ömür yaşadı Fuad Poladov!


Müəllifin digər yazıları

  1. “Canlı oyuncaq”
  2. Həyatın tablosu
  3. “Mən ölməmişəm, gözəgörünməzə qovuşuram”
  4. Ünvanı dəyişilməyən xatirələr - Fotolar
  5. Dahilərlə “danışan” xanım
  6. Torpağa əsgərlər deyil, silahlar basdırılsın - Foto
  7. İlk dialoq
  8. Bir nəfəslik ölü sözlər
  9. Burdan mələk ötüb ...
  10. Sürrealizmin təfəkkür formaları
  11. Sürrealizmin təfəkkür formaları
  12. Azərbaycan sülh və ədalət dilində danışır
  13. “Divarları qapılara çevirək”
  14. Kölgə haqqında ballada
  15. “Cənnətdə kölgələr”in izi ilə
  16. “Qəhrəmanlığı məşq etmək mümkün deyil”
  17. Quran kitabı əsrlərin sınağından çıxıb
  18. Tarixi yaddaş və qondarma əhvalatlar - X hissə
  19. Tarixi faktlar və qondarma əhvalatlar IX hissə
  20. Tarixi yaddaş və qondarma əhvalatlar - VIII
  21. Tarixi yaddaş və ya qondarma əhvalatlar- VII hissə
  22. Tarixi yaddaş və qondarma əhvalatlar - VI
  23. “Tarixi yadddaş və qondarma əhvalatlar” kitabından hissələr - V
  24. “Tarixi yaddaş və qondarma əhvalatlar” kitabından hissələr - IV
  25. “Tarixi yaddaş və qondarma əhvalatlar” kitabından hissələr - III
  26. “Tarixi yaddaş və qondarma əhvalatlar” kitabından hissələr - II
  27. Tarixi yaddaş yaxud qondarma əhvalatlar
  28. Etiqadın gücü
  29. Etiqadın gücü
  30. Nalın tarixi möhürləri
  31. Bəlkə mənə ismarıcın var, ana
  32. Dünyanı uşaqlara verək
Şərh yaz




Enter Code*:

Son xəbərlər
“Canlı oyuncaq”
08:36 12.06/2018
Həyatın tablosu
08:32 08.06/2018
Altaylardan gələn Kişi...
08:24 06.06/2018
 
Xəbər başlıqları
21-06-2018
20-06-2018
20.06.2018 Yay gəlir...
20.06.2018 Neft bahalaşıb
20.06.2018 Həbs edildi
19-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6683 san