Mİllİ İnnovasİya sİstemlərİ konsepsİyası, dövlətİn İnnovasİya sİyasətİndə rolu - Azərbaycan nümunəsİ

11:00 / 30.05.2018

Öncə qeyd olunmalıdır ki, Milli innovasiya sistemləri konsepsiyası dövlətin innovasiya siyasətinin tədqiqinə əsas yanaşmalardan biri hesab olunur.
Postindustrial dünyanın mövcud tələbləri, yüksək informasiya texnologiyalarına və biliklərə əsaslanan iqtisadi inkişaf elmi cəmiyyətləri texniki tərəqqinin xarakteri haqqında düşünməyə məcbur etmişdir. Heç də təəccüblü deyil ki, bu şəraitdə XX əsrin 80-ci illərində, milli innovasiya sistemləri (MİS) konsepsiyası formalaşmağa və inkişaf etməyə başlamışdır. Bu mövzu üzrə elmi araşdırmaların, yazılan elmi məqalələrin sayının durmadan artması onu göstərir ki, konsepsiya müasir dövrümüzdə olduqca populyarlaşmış, onun nümayəndələri isə MİS-i ümumilikdə innovasiya prosesini çoxlu sayda elementləri ehtiva edən bir sistem kimi araşdırmağa başlamışdırlar. Bu da MİS-in elmi-nəzəri tədqiqatlarda vacib və mürəkkəb alətə çevrilməsinə səbəb olmuşdur. Siyasi elmi yanaşmalar isə bu sistemdə mövcud olan müxtəlif aktorlar arasında münasibətlər sistemini müəyyən etməyə və təhlil etməyə, həmçinin onlar arasında qarşılıqlı əlaqə və fəaliyyətin xüsusiyyətlərini üzə çıxartmağa yardım edir.
Milli innovasiya sisteminin qurulması, dövlət səviyyəsində bir-birini tamamlayan ən azı iki əlaqəli proseslə müşayət olunur ki, bu da son nəticədə siyasi sistemin özünə təsir edir. Bir tərəfdən, milli siyasətin həyata keçirilməsi və milli maraqların təzahürü kimi, digər tərəfdən innovasiyalı “komponentlərlə” dolmuş cəmiyyətin bütün sahələri: Həmin komponentlər bunlardır; iqtisadi sahədə - innovasiyalı məhsul istehsalının artması; sosial sahədə - insan kapitalının keyfiyyətinin təmin edilməsi (səhiyyə, təhsil və s. sahələrinin yaxşılaşması); siyasi sferada - vətəndaşların siyasi həyatda aktiv iştirakı.; ekoloji sahədə - ətraf mühitlə yeni qarşılıqlı əlaqə prinsiplərinin axtarışı; xarici siyasətdə - dünya innovasiya kompleksinə inteqrasiya olunma və s.
MİS-in səmərəli fəaliyyəti üçün mühüm şərtlərdən biri onunla izah edilir ki, cəmiyyətin bütün üzvləri tərəfindən qəbul oluna bilən innovasiya dəyərləri yaradıla bilsin [7,s.40-45]. MİS-in siyasi proseslərə təsiri ilk öncə bu amillərlə dəyərləndirilməlidir.
Lakin, burada biz ziddiyyətlərlə qarşılaşmış oluruq. Belə ki, innovasiyalar ümumi mənada müsbət qəbul olunsa da lakin innovasiyalarla əlaqəli olan subyektlərə müəyyən cəmiyyətlərin etimad səviyyəsi aşağı olaraq müşahidə edilir. Yəni innovasiyaların cəmiyyət həyatına yardım edə bilməsinə əhali qruplarının münasibəti istənilən səviyyədə baş vermir. Hakimiyyətin bir çox institutlarına və sahibkarlıq sektoruna etimad səviyyəsi əhali qrupları tərəfindən kifayət qədər aşağı səviyyəli kimi qiymətləndirilir [8]. Bu problemin həlli kompleksli olmalı, əhalinin hakimiyyət institutlarına münasibətinin dəyişilməsinə istiqamətlənməlidir.
Başqa sözlə desək, MİS - yeni texnologiyaların yaradılması və yayılmasına aparan dövlət və özəl sektorda fəaliyyət göstərən dövlət və özəl strukturların faktiki şəbəkəsinin birgə səmərəli fəaliyyəti nəticəsində ərsəyə gələ bilər. Beləliklə, innovasiyaların yaradılmasında, tətbiqində və yayılmasında aparıcı rolu dövlət, biznes və elmin simbiozu olan “üçbucaq” oynaya bilər. Tədqiqatçılar qeyd edirlər ki, innovasiya prosesinin səmərəliliyi yalnız bu strukturların və onların elementlərinin öz-özlüyündə işləməsindən deyil, bu elementlərin vahid bir sistem kimi əlaqəli olmasından asılıdır. Bizim fikrimizcə bu və ya digər səpgidə MİS-in ayrı-ayrı hissələrinin tədqiqi zamanı görmək olar ki, öz-özlüyündə ayrı-ayrı elementlər səmərəli fəaliyyət göstərsə də, ümumi nəticə heç də hər zaman arzuolunan səviyyədə ola bilmir. Başqa sözlə desək, hissələrin məcmusu heç də hər zaman bütövlüyün keyfiyyətini və xarakteristikalarını ifadə etmir. Bunun üçün dövlətin innovasiya prosesinin təmin edilməsində əsasən hüquqi bazanın təkmilləşdirilməsi mühüm vəzifə kimi çıxış edir. Hüquqi baza nəinki “oyunçular” arasında “oyun” qaydalarını, hətta onların hüquq və vəzifələrini də müəyyən edə bilir. Sözsüz ki, bu dövlətin müstəsna səlahiyyətində olan məsələdir və onun funksiyalarından biri də elə, müvafiq qanunvericiliyin işlənib hazırlanması, qəbul edilməsi və onlara nəzarətdir.
Yuxarıda göstərildiyi kimi, milli innovasiya sisteminin fəaliyyət göstərməsində əsas rolu dövlət oynayır. İnnovasiyaların səmərəli yayılmasında isə müxtəlif hakimiyyət institutları, həmçinin biznes-strukturları və elmi cəmiyyətlər müstəsna rola malikdirlər.
Hər bir halda MİS-in inkişaf strategiyası dövlət vasitəsilə aparılan makroiqtisadi siyasət, normativ hüquqi təminat, birbaşa və bilavasitə dövlət tənzimlənməsi, elmi texnoloji və sənaye potensialının, daxili əmtəə bazarı, əmək bazarı, həmçinin tarixi və mədəni ənənələri və xüsusiyyətləri ilə müəyyən edilir.
MİS-in yaradılması əsasında milli iqtisadiyyatın rəqabət qabiliyyətli inkişafı ilk növbədə bilik iqtisadiyyatına keçidi tələb edir. Onun başlıca xarakteristikası isə yüksək texnologiyalı sahələrin dinamik inkişafı, tədqiqat və işləmələrə investisiya qoyuluşunun sürətli artımı, məhsul və xidmətlərin elm tutumluluğunun, müəssisələrin innovasiya fəallığının yüksəldilməsi və iqtisadiyyatda innovasiya mənfəətinin artırılmasına nail olunmasıdır. MİS-in fəaliyyətində mühüm yeri elmi-texniki informasiya sistemi, informasiya kommunikasiya texnologiyaları (İKT) əsasında innovasiya fəaliyyətinin informasiya təminatı, biznesin və dövlətin fəaliyyəti üçün elektron mühitin yaradılması, internet şəbəkəsinin istifadəsi tutur [9].
MİS-in bünövrəsini təşkil edən milli iqtisadiyyatın bazis sahələrinə gəlincə bunlara aşağıdakılar aid edilə bilər: biliyin generasiyası (elm və onun digər sahələrində olan seqmenti); biliyin yayılması və tətbiqi, elmi-texniki və innovasiya fəaliyyəti yeniliyin (tədqiqat və işləmə məhsulunun istehsalı və xidməti) kommersiyalaşması; təhsil və kadrların peşəkar hazırlıqları; innovasiya-maliyyə təminatlı infrastrukturu; idarəetmə və tənzimlənmə (hüquqi baza, dövlət makroiqtisadi və innovasiya siyasəti, korporativ idarəetmə, bazar mexanizmi) və s.
Bu gün milli innovasiya sistemlərinin vahid tərifi və onun vahid formalaşma metodologiyası mövcud deyil. Hətta bir sıra alimlər belə nəticəyə gəlirlər ki, innovasiya sisteminin universal modelini ifadə etmək mümkün deyil [2]. Lakin ümumi şəkildə MİS-ə tərif verməyə çalışsaq bunu belə ifadə edə bilərik; Milli innovasiya sistemi deyəndə, «milli sərhədlər çərçivəsində elmi bilik və texnologiyaların istehsalı və kommersiya satışı ilə məşğul olan bir-biri ilə əlaqəli təşkilatların (strukturların) məcmusu (iri və kiçik şirkətlər, universitetlər, dövlət laboratoriyaları, texnoparklar və inkubatorlar) başa düşülür»
Deyilənlərdən bu qənaətə gələrək, Milli innovasiya sistemi (MİS) - innovasiya fəaliyyəti iqtisadi mexanizmlər əsasında formalaşan və onu həyata keçirən dövlət və qeyri-dövlət subyektlərinin qarşılıqlı təsirini inkişaf etdirən elementlər və ya obyektlərin məcmusudur.
Bu ümumi modelin çərçivəsində MİS-in milli xüsusiyyətləri formalaşır. Bu xüsusiyyətlər göstərilən formaların icra edilməsində dövlətin və özəl sektorun rolunda, böyük və kiçik biznesin rolunda, fundamental, tətbiqi tədqiqatlar və işləmələrin münasibətində, inkişaf dinamikasında, innovasiya fəaliyyətinin sahələr üzrə və regional quruluşlarında təzahür olunur.
Hər bir dövlət unikal bir hadisə olaraq və özündə yalnız MİS strukturunun fəaliyyət elementlərinin xarakteristikalarını deyil, həm də dövlətdə innovasiya prosesinə bu və ya digər şəkildə təsir edən tarixi ənənələri və mədəni xüsusiyyətləri birləşdirir. Bundan başqa, MİS-nin ölkələrdən asılı olaraq müxtəlif hədəfləri var. Misal üçün hal-hazırda Fransada əsas vəzifə - əlavə iş yerlərinin yaradılması, Almaniyada - daha səmərəli innovativ texnologiyaların yaradılması və onların səmərəli istifadəsi, tətbiqi və s. göstərmək olar.
Müasir Azərbaycan dövləti, bu gün müasir bazar iqtisadiyyatına keçdikdən sonra onun qarşısında əsas iqtisadi məqsədlər olaraq, güclü iqtisadi sistemin yaradılması, olkənin qeyri-neft sektorunun inkişafının təmin edilməsi, iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdirilməsi, olkənin istehsal gücünün artırılması, ixrac potensialının stimullaşdırılması və s. kimi müəyyənləşdirilmişdir. Bu məqsədlərə nail olmaq üçün heç şübhəsiz güclü və çevik Milli İnnovasiya Sisteminin yaradılması mühüm əhəmiyyət kəsb etməyə başlamışdır. Bu sahədə ölkəmizdə olduqca intensiv işlər həyata kecirilir, müvafiq qanunvericilik bazası və infrastruktur yaradılır, sənaye parkları, texnoparklar və sənaye rayonlarının yaradılması prosesi sürətlə davam edir. Bütün bu proseslərin həyata keçirildiyi bir zamanda, Azərbaycanın Milli İnnovasiya Sisteminin yaradıldığı bir dövrdə onun elementlərinin təşkili strukturunun təkmilləşdirilməsi məqsədi ilə Milli İnnovasiya Sistemlərinin ayrı-ayrı ölkələrdə olan formalarının tədqiqi və onların təcrübələrinin oyrənilməsi əlbətdəki bizim üçün xususi əhəmiyyətə malikdir. Milli İnnovasiya Sistemlərinin ayrı-ayrı formalarını təmsil edən ölkələrin Milli İnnovasiya Sistemlərinin tədqiqi onların əsas üstün və mənfi cəhətlərinin muəyyənləşdirilməsi və onların təcrübələrinin bizim Milli İnnovasiya Sisteminə tətbiqi imkanlarının müəyyənləşdirilməsi vacib məsələlərdəndir.
İnkişaf etmiş ölkələrdə milli sərvətin böyük hissəsini insan kapitalı təşkil edir və intellektual əmək isə üstün xüsusi çəkiyə malikdir. Azərbaycanda da ölkənin dayanıqlı inkişafını təmin etmək məqsədilə insan kapitalının formalaşdırılması və ondan səmərəli istifadə olunması əsas prioritet hesab olunur və bu istiqamətdəki addımlar dövlət tərəfindən daim dəstəklənməkdədir. Ötən illər ərzində insan kapitalının inkişafı ilə bağlı tədbirlər müəyyən edilərək icra olunmuş və hazırda icra olunan bir sıra strategiya, dövlət proqramları və konsepsiyalarda bu öz əksini tapmaqdadır.
Azərbaycanın strateji dövlət sənədlərinə gəlincə, burada innovasiya siyasəti və innovativ iqtisadiyyatın qurulması əsas prioritet məqsədlərdən biri kimi dəyərləndirilməlidir. Bu istiqamətdə hazırlanmış və hal-hazırda icra olunan sənədlərdə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə Elmin inkişafı üzrə Milli Strategiya"sı, eləcə də “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritə”ləri insan kapitalinin inkişafı, bilik və innovasiyalara əsaslanan inkişaf prioritet istiqamət olaraq müəyyən edilmişdir. Ali təhsil müəssisələrində yetişdirilən mütəxəssislərin isə dövlətin və özəl şirkətlərin idarə olunmasında, iqtisadi artımda və əmək məhsuldarlığının yüksəldilməsində fəal iştirak etməsi prioritet istiqamətlər olaraq müəyyənləşdirilmişdir.
Hər bir sənədin əsas qayəsi məhz belə bir fikirdə öz əksini tapmış olur ki, bu da innovasiyaəsaslı modelin inkişaf etdirilməsi üçün fiziki, insan, institusional və sosial kapitalla təmin olunması fikridir.
Ölkəmizdə MİS-in strukturunun yaradılması və milli iqtisadiyyatın rəqabət qabiliyyətli inkişafını təmin etməkdən ötrü hazırlanmış "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası bu baxımdan olduqca maraqlıdır.
Konsepsiyada - mövcud ehtiyatlarlardan maksimum istifadə edərək, onların qeyri-neft sənayesinin tələbatlarının ödənilməsinə yönəldilməsi və bu amilin reallaşdırılması üçün elmi-texniki tərəqqinin ən yeni nailiyyətləri əsasında istehsalın daha da inkişaf etdirilməsi və hərtərəfli formalaşdırılmış müasir sənaye sahələrinin təşəkkülü prosesinin həyata keçirilməsi, sürətli inkişaf templəri fonunda bilik iqtisadiyyatına keçidin təmin olunması üçün zəruri şərtlər hesab olunur. [3,s.109]. Başqa sözlə desək innovasiya fəallığı artırılmalı, ölkənin uzunmüddətli davamlı iqtisadi inkişafının sürətləndirilməsi, yeni innovasiya və rəqabət yönümlü məhsul istehsalının təmin edilməsi zərurətə çevrilməlidir.
İnkişaf Konsepsiyasında “Elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsi” sahəsində əsas istiqamətlər - uzunmüddətli davamlı iqtisadi inkişafı təmin etmək, bilik iqtisadiyyatını formalaşdırmaq, elmtutumlu texnologiya, məhsul (işlər, xidmətlər) yaradılmasını sürətləndirmək məqsədi ilə innovasiya fəaliyyətinin genişləndirilməsi zəruri hesab olunur. [3, s. 18].
İnnovasiya fəallığının yüksəldilməsi və genişləndirilməsini təmin etmək məqsədilə ölkə başçısının sərəncamı ilə qəbul olunan "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə Elmin İnkişafı üzrə Milli Strategiya" [4] innovasiya fəaliyyətinin inkişaf etdirilməsi, biznes inkubatorlar şəbəkəsinin genişləndirilməsi, texnoloji mərkəzlər, texnoparklar və innovasiya fəaliyyətinə dövlət tərəfindən maliyyə dəstəyinin verilməsi, dövlətin elmi-texnoloji və innovasiya siyasətinin əsas istiqamətləri olaraq müəyyənləşdirilmiş, hansi ki bu tədbirlər sonradan Konsepsiyada daha konkret şəkildə müəyyənləşdirilmişdir.
İlk olaraq qeyd etməliyik ki, insan kapitalının inkişafı ilə bağlı müddəalar “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında ən əsas faktor olaraq qabardılır və bu cür ifadə olunur; - insan kapitalının inkişafı Konsepsiyanın əsas prioritetlərindən biridir. Təhsil və səhiyyədə keyfiyyətin yüksəldilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, gender bərabərliyinin təmin olunması və ailənin inkişafı, gənclərin potensialının və idmanın inkişaf etdirilməsi bu prioritet çərçivəsində əsas istiqamətlərdəndir [3,s.12].
Bu sənəddə artıq İnnovasiyaəsaslı inkişaf modelinə keçid çağırışları fonunda ən mühüm təkmilləşdirmə istiqamətlərindən biri və ən əsası kimi insan kapitalının hazırlanması prosesinin keyfiyyətinin daha da yüksəldilməsi fikri öz əksini tapmışdır.
Bu fikirlər Strateji Yol Xəritəsində daha geniş şəkildə, Ali təhsil müəssisələrində “təhsil-tədqiqat-innovasiya” formatında inkişafın təşviqini irəli sürür - “Universitet klasterlərinin yaradılması araşdırma və təkmilləşdirmələrin həyata keçirilməsini, elmi nəticələrin istehsala tətbiqini stimullaşdırılması, “təhsil-elm-istehsal” əlaqələrinin səmərəliliyinin yüksəldilməsini nəzərdə tutur [5, s.87].
Təsadüfi deyildir ki, Azərbaycanda fəaliyyət göstərən Universitetlərdə iqtisadiyyatın indiki inkişaf səviyyəsinə əsasən mövcud elmtutumlu sənaye müəssisələrində istehsal proseslərini təşkil etmək və innovativ texnologiyalarla işləmək bacarığına malik mütəxəssislərin hazırlığı həyata keçirməkdədir.
Bu gün ölkəmizdə təhsil sahəsində aparılan islahatlar Təhsil Nazirliyinin hər il verdiyi hesabatlarında öz əksini tapmaqdadır. Universitetlərin İT fakültələrində tədris keyfiyyətinin yaxşılaşdırılması, gənclərin xaricdə təhsilinin genişləndirilməsi və İT peşə məktəblərinin yaradılması, həmçinin regional İT Universitetinin təsis olunması İKT-nin prioritet bir sahə kimi inkişafı üçün vacib olan insan resurslarının yaradılmasına istiqamətlənmiş və bu sahədə olduqca vacib addımlar hesab oluna bilər
Təsadüfi deyildir ki, “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə “Elmi-tədqiqat fəaliyyətinin inkişafı və biliklərə əsaslanan cəmiyyət quruculuğunun dəstəklənməsi” adlı hissəsi Azərbaycanda elmin inkişafı, elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi, tədqiqatların nəticələrinin istehsala tətbiqinin təşviqi ilə bağlı tədbirləri əhatə edir: Əsas hədəflər isə bu cür müəyyən olunur: “Elmin inkişafı təşviq ediləcək, özəl sektor tərəfindən araşdırma və təkmilləşdirmələrə investisiya qoyuluşunu təmin etmək üçün stimullaşdırıcı tədbirlər görüləcək” [5, s.88].
İnsan kapitalının inkişafında iştirak edən fiziki və texnoloji infrastrukturun təkmilləşdirilməsi - Elm, təhsil və istehsal sahələrində maddi-texniki bazanın müasir tələblər səviyyəsinə çatdırılması, elmi tədqiqatların aparılması, sınaqdan keçirilməsi və tətbiqini, “elm-istehsal-bazar” əlaqələrinin optimallaşmasını, köməkçi qurumların yaradılmasını təşviq edir. “Təhsil-elm-istehsal” əlaqələrinin optimallaşması, bu təşkilatlara ixtisaslı kadrların hazırlanması, bazara hədəflənən elmi tədqiqat və işləmələrin həyata keçirilməsi üçün maliyyə imkanının yaxşılaşması məqsədilə maliyyə-kredit infrastrukturunun (büdcə və qeyri-büdcə fondu, kommersiya bankı) inkişafı nəzərdə tutulur. “Təhsil-elm-istehsal” infrastrukturunun çevik işləmə mexanizminin qurulması üçün regional və funksional universitet və istehsal klasterlərinin yaradılması fəaliyyətləri həvəsləndirilməli, fasiləsiz təhsil sistemi, universitet kompleksləri, elmi-tədqiqat müəssisələri və iqtisadi effektivliyi artıran istehsal və xidmət sahələrin inkişafı dəstəklənməlidir [5, s.90].
“İnnovasiya fəaliyyətinə investisiya qoyuluşunun təşviq edilməsi” Strateji yol Xəritəsində öz əksini bu cür tapmışdır: - Azərbaycanda innovasiyanın təşviqini stimullaşdıracaq fəaliyyət planları və dövlət proqramları hazırlanarkən, innovasiya fəaliyyətini stimullaşdırmaq üçün ölkə elmi araşdırma və təkmilləşdirmələrə yüksək texnologiyalı məhsulların istehsalına görə mükafatlar və kreditlər vermək yolu ilə geniş diapazonlu bilik şəbəkəsi yaratmağı nəzərdə tutur [5, s.92].
Azərbaycan Milli Elmlər Akademiyasının “elm-təhsil-istehsal” zəncirində aktiv iştirakını təmin etmək məqsədilə artıq Prezident İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkı yaradılmışdır. AMEA Yüksək Texnologiyalar Parkının (AMEA YTP) yaradılmasında məqsəd bu cür ifadə olunur; iqtisadiyyatın davamlı inkişafı, rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya, yüksək texnologiya sahələrinin genişləndirilməsi, elm, texnologiya və innovasiya vasitəsilə ilə milli iqtisadi inkişafa töhfə verməyi, Milli innovasiya sistemini genişləndirmək və bu sahəyə investisiya axınını gücləndirməyi hədəf alaraq uğurlu layihələrin həyata keçirilməsini dəstəkləyir. Öz məqsədləri daxilində Respublikada elmin inkişafı, elmi-tədqiqat işləri, innovasiya layihələri istiqamətində müvafiq ictimai, özəl və ya beynəlxalq institutlarla əməkdaşlıq edir, texnologiyaların transferi, elmin biznesə çevrilməsi istiqamətində müvafiq işlər görür. Gələcəkdə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqinə dair layihələrin həyata keçirilməsi planlaşdırılır. Fikrimizcə AMEA YTP-ı qarşısına qoyduğu məqsədlər baxımından ümidlə söyləmək olar ki, Azərbaycanın qlobal istehsal zəncirində iştirakına öz böyük töhvəsini yaxın gələcəkdə vermiş olacaqdır.
Hazırda AMEA “elm-təhsil-istehsal” zəncirini qurmaq və tədqiqat universitetinin yaradılması ilə bağlı addımlar atır. Bu da biznes mühitinin yaxşılaşdırılması şirkətlər tərəfindən araşdırma və təkmilləşdirmələrə investisiyaları stimullaşdırmaqla, elmin maliyyələşməsində özəl sektorun çəkisini artıra bilər [6].
Təqdirə layiq haldır ki, Strateji yol xəritələrinin həyata keçirilməsi dövlətimiz tərəfindən ciddi nəzarətə götürülmüş və bu səpgidə aparılan işlərə ümumi rəhbərliyi eləcə də nəzarəti Azərbaycan Respublikasının Prezident Administrasiyası həyata keçirir. Strateji yol xəritələrində nəzərdə tutulmuş fəaliyyətlərlə bağlı monitorinq, qiymətləndirmə və kommunikasiya tədbirlərini isə Azərbaycanda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirməkdədir.
Göründüyü kimi, strateji əhəmiyyətli sənədlərdə vurğulanan məqsədlərə nail olmağın yeganə yolu cəmiyyətin innovasiyaəsaslı inkişaf modelinə keçilməsilə bağlıdır. Bu yola keçilməsi üçün artıq ölkəmizin qlobal miqyasda rəqabətədavamlı milli innovasiya sisteminin, həmçinin ictimai həyatın bütün sahələrində innovasiya fəaliyyətini dəstəkləyən infrastrukturun formalaşdırılması prosesinə başlanılmışdır.
Bu gün ölkəmizdə aparılan məqsədyönlü siyasətin nəticəsində ölkəmiz bir sıra nüfuzlu reytinq cədvəllərində özünəməxsus layiqli yerini tutmağa başlamışdır. Belə ki, Dünya İqtisadi Forumunun hazırladığı İnsan Kapitalı İndeksinə (2015-ci il) əsasən, Azərbaycan 124 ölkədən 63-cü, yuxarı-orta gəlirli 30 ölkə üzrə isə Azərbaycan insan kapitalına görə 15-ci yerdə qərarlaşmışdır [5, s.25]. 2016–2017-ci illər üçün açıqladığı Qlobal Rəqabətlilik Hesabatında isə Azərbaycan 138 ölkə arasında artıq 37-ci yerə yüksəlmişdir [5, s.82]. Bu göstəricilərin belə dinamik yüksəlişi ondan xəbər verir ki, ölkəmizin artıq formalaşmış insan kapitalına, həm də rəqabət qabiliyyətini yüksəltmək imkanlarına malik olduğunu sübut edir. Qətiyyətlə söyləmək olar ki, gələcəkdə Azərbaycan, bu imkanlardan səmərəli istifadə etməklə və insan kapitalını daha da inkişaf etdirməklə rəqabət qabiliyyətini artırmış olacaqdır.


Ədəbiyyat
1. Alıyev İ.H., Məmmədov Y.Ə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının tətbiqi: “Azərbaycan Respublikasında qeyri-neft sənayesinin İnkişaf Proqramı” : Bakı, “Avropa” nəşriyyatı, 2014,134 s.
2. Amable В. The diversity of Modern Capitalism. - Oxford: Oxford University Press, 2004.
3. “Azərbaycan : 2020 gələcəyə baxış” İnkişaf Konsepsiyası / Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. http://www.president.az/files/future_az.pdf 39 s.
4. “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkisafı üzrə Milli Strategiya”nın və Dövlət Proqramı” nın təsdiq edilməsi haqqında “Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 4 may 2009-cu il, №255 http://archive.president.az/articles.php?item_id=20090504071619376&sec_id=30
5. Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi//http://azertag.az/store/files/untitled%20folder/_STRATEJI%20YOL%20XERITESI_.pdf
6. Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının rəsmi internet səhifəsi // http://www.ameaytp.az/content.aspx?id=2
7. Lundvall B.A. National Systems of Innovation: Towards a Theory of Innovation and Interactive Learning. London: Pinter 1992, 342 p.;
8. http://www.levada.ru/2012/11/02/doverie-institutam-vlasti/
9. Rəhimli R.Z “Dövlət idarəçiliyində səmərəliliyin təmin olunmasında dövlət qulluqçusu-vətəndaş münasibətləri”//“Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə”, N3(47) 2014, s.163
10. Хантингтон С. Политический порядок в меняющихся обществах. М.: Прогресс-Традиция, 2004. — 480 с. ISBN 5-89826-194-Х

 

Açar sözlər: Milli innovasiya sistemi, milli iqtisadiyyat, strateji dövlət sənədləri, insan kapitalı, İnnovasiya əsaslı inkişaf modeli, “Təhsil-elm-istehsal” üçbucağı

Ключевые слова: Национальная инновационная система, национальная экономика, стратегические правительственные документы, человеческий капитал, треугольник - “Образование-наука-производство”

Key words: National Innovation System, National Economy, Strategic Government Documents, Human Capital, ‘Education-Science-Production’ Triangle

Концепция национальных инновационных систем, роль государство в инновационной политике - практика Азербайджана

Резюме́
В статье рассматривается концепция национальной инновационной системы (НИС). Автор анализирует место и роль данной концепции в управлении на государственном и местном уровнях с учетом традиционных и современных источников, а также международной практики.
Так, по мнению автора, создание национальной инновационной системы должно в первую очередь сопровождаться взаимосвязанными процессами, дополняющими друг друга на правительственном уровне, в результате чего обеспечивается воздействие на саму политическую систему. В данном контексте важно то, что все сферы жизни общества должны выполнять потребности инноваторов.
Автор oтмечает, что благодаря стратегии, реализуемой в последнее время в Азербайджане и ориентированной на достижение конкретных результатов, а также успехам, экономическому развитию, уверенному взгляду в будущее и лидирующему положению в регионе, страна сумела занять специфическое и достойное место в ряде престижных рейтинговых таблиц. Автор подчеркивает, что это продолжится и в будущем.

Concept of National Innovation Systems, role of Government in Innovation Policy - Practice of Azerbaijan
Summary
The Article of R.R.Maharramov discusses a very topical issue of the modern time, the Concept of National Innovation Systems (NIS). In the Article, the place and role of this Concept in the public administration is analyzed by considering traditional and modern theoretical researches and the international practice.
Thus, creation of a National Innovation System should first be accompanied with interrelated processes completing each other at the government level, which will in its turn influence the political system itself and the important issue here is that all spheres of a society should meet the demands of innovations.
The Author also tries to give a definition of the NIS generally and compares available ideas in his Article.
It is pointed out that thanks to the goal oriented policy recently implemented in Azerbaijan and the country’s achievements, economic development, confident looks to the future, and its leader position in the region, the country has gained a specific deserved place in a range of prestigious rating tables, and it is very confidently stressed that it will continue.

 

Rəşad Məhərrəmov
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)

 

"GEOSTRATEGİYA" jurnalı №02 (44) MART-APREL 2018


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM