00:48 22 İyun 2018
2154 dəfə oxunub
Çap versiyası
...

 

AMEA Fəlsəfə İnstitutunun böyük elmi işçisi, f.ü.f.d. Radif Mustafayev

 

         Bir mütəxəssis kimi bizi də tədqiqat dairəmizdə olan orta əsrlər müsəlman Şərqində Antik Yunan-Roma fəlsəfəsinin əsasında elmi-fəlsəfi istiqamətin “İslam fəlsəfəsi”, nümayəndələrinin isə “İslam filosofları” adlandırılması maraqlandırmaya bilməzdi. Bunun Antik irsə sadiqlikləri və ən başlıcası peşəkar fəlsəfəni yeni reallıqlarda yüksək səviyyədə inkişaf etdirmiş Şərq peripatetiklərindən Yəqub Kindiyə, Əbu Nəsr Farabiyə, İbn Sinaya, əslən Azərbaycandan olmuş Əbülhəsən Bəhmənyara və digər Şərq peripatetiklərinə, məşşailərə aid edilməsi fikrimizcə, dolaşıqlıqlara gətirib çıxartdığı kimi elmi baxımdan yanlış, amma bütün bunlara baxmayaraq günümüzdə belə təəssüflər olsun ki, təkrarlanan qüsurlardandır.

Adətən “İslam fəlsəfəsi” və “İslam filosofları” deyərkən Şərq peripatetizminin, məşşailiyin fəlsəfəsini və nümayəndələrini nəzərdə tutanlar ən yaxşı halda İslam regionu mədəniyyətindən söhbət getdiyinə görə, ən pis halda isə peşəkar elmi-fəlsəfi təlimlə hikmət, müsəlman teosofiyası, xüsusən də, bütövlükdə İslam dini və dünyagörüşü arasındakı fərqliklərə vara bilmədiklərinə görə bu cür davranmaqdadırlar. Öz növbəmizdə təkcə elmi metodologiya ilə kifayətlənməyib, elə həmçinin fəlsəfi dünyagörüşün də imkan verdiyi müqayisəli (komporativistik) və hermenevtik (anlama, şərh etmə, təfsir üsulu) yanaşmalara əsaslanaraq sözügedən məsələyə münasibətimizi hörmətli oxucularla bölüşmək istərdik.

         Əlbəttə xalq müdrüklüyünə istinad etsək, “Od olmayan yerdən tüstü çıxmaz” deyiminə görə sözügedən fəlsəfi təlimin və peşəkar filosofların “İslam fəlsəfəsi” və “İslam filosofları” adlandırılmasının dolaşıqlığı qədər də dərin səbəblərinin olduğunu güman etmək yerinə düşür. Amma bu səbəbin heç də daxildən (orta əsrlər müsəlman Şərqi irsindən) deyil, elə bu irsi öyrənməyə çalışıb, amma fərqli məqsədlərlə bunu həyata keçirməkdə olan çoxsaylı tədqiqatçıların, o cümlədən də İslam dininə münasibətdə spesifik mövqe sərgiləyən dövlət və cəmiyyətlərin maraqlarına, onlarda tarixən formalaşmış adət və ənənələrə əsasən orta əsrlər müsəlman Şərqini təfsir etməyə və anlamağa çalışan xarici, yad və ən başlıcası yanlış olan amillərdən qaynaqlandığını iddia edə bilərik. Çünki, elə ən azından orta əsrlər müsəlman Şərqi irsinə müraciət etmək kifayət edir ki, hələ XI-XII əsrlərdə yaşamış görkəmli İslam alimi və mistik (sufi) Əbuhamid Məhəmməd ibn Məhəmməd Qəzalinin (1059-1111) 1095-ci ildə tamamladığı məşhur “Filosofları təkzib” (və ya “Filosofların ardıcıl olmamaları” kimi də tərcümə edilən) “Təhafüt əl-fəlasifə” əsərində sözügedən məşşaizmi və onun nümayəndələrini İslam mövqeyindən araşdıraraq Şərq peripatetiklərini üç məsələdə kafir (! – R.M.), on yeddi məsələdə bidətçi (!-R.M.) elan etdiyini heç cür təsadüfi hesab etməyək. Əlbəttə, adətən bu əsərə cavab kimi qələmə alınmış Şərq peripatetiki İbn Rüşdün (1126-1198) “Təkzibi təkzib” (və ya “Ardıcılsızlığın ardıcılsızlığı”) “Təhafüt ət-təhafüt” kitabı misal göstərilsə də, bu əsərdə də məşşai filosofun ideya sələflərinə bəraət qazandırmaqla yanaşı daha çox barışdırıcı mövqe tutduğu göz önündədir. Nəticədə İbn Rüşdün mövqeyi “ikili həqiqət” və ya öz adının latınlaşdırılmış ifadəsi ilə “averroizm” şəklində məşhur olaraq həm dinin, həm də fəlsəfənin həqiqət olduğunu iddia etmişdir. Bəlkə də bu səbəbədən də fəlsəfi dünyagörüşə xas olan prinsipiallıq yumuşaldığından sonrakı dövrdə müstəqil elmi-fəlsəfi istiqamətin deyil, daha çox dinə və dini dünyagörüşlərə tabe etdirilmiş fəlsəfi təlimlərlə rastlaşmış oluruq. Halbuki, bütün bunlar orta əsrlər müsəlman Şərqində peşəkar elmi-fəlsəfi dünyagörüşün mövcud olmadığına və ucdantutma bütün təlimlərin “İslam fəlsəfəsi” və nümayəndələrinin “İslam filosofları” adlandırılmasına heç bir əsas vermir. Odur ki, biz, qeyd etdiyimiz müqayisəli – hermenevtik yanaşmaya da müraciət edib qarşımızda fərqli bir mənzərə aşkarlandığından qənaətlərimizi ilk növbədə elmi-fəlsəfi ictimaiyyətin diqqətinə təqdim edirik.

         Məlum olduğu kimi, orta əsrlər müsəlman Şərqində antik irslə tanışlıq müsəlmanların Suriyanın – “Terra philosophy” (Fəlsəfə diyarının, torpaqları, ərazilərinin) fəthindən sonra, xüsusən də Abbasi xəlifələri dönəmlərində “Darül –hikmə” adlı mərkəzin açılması ilə tərcüməçilik işinə təşviq etdiklərindən sonra baş vermişdir. Buna qədər isə, müsəlman Şərqində kəlam (sxolastika), fiqh (hüquq) və sufilik (mistika) geniş yayılmış və demək olar ki, hakim mövqeləri əldə etmişdilər. Ümumiyyətlə qeyd edək ki, nəinki müsəlman aləminə, eləcə də bütün Şərqə yad olmuş Antik dövrün fəlsəfi təlimləri və buradakı fəlsəfi dünyagörüş əsasən yunan dili qrammatikası və qanunçuluğu adı altında məhz “fəlsəfə” adı altında ilk dəfə olaraq müsəlmanlar tərəfindən dövriyyəyə daxil edilmişdir. Belə olduğu təqdirdə də qanunauyğun olaraq tərcümə fəaliyyətinin həyata keçirildiyi bu mərkəzin heç də “Fəlsəfə evi” anlamına gələn “Dar əl-fəlsəfə” deyil, elə “Darül-hikmə” və ya “Beytül-hikmə”, başqa sözlə “Hikmət evi” adlandırılması heç də təsadüfi və anlamsız deyidir. Halbuki, çox güman, əksər tədqiqatçılar “hikmət”in elə “fəlsəfə” olduğuna şübhə etməyərək buradan əldə edilmiş nəticələrin elmi dünyagörüşü və peşəkar fəlsəfəni formalaşdırdığından əslində həmin dövrə xas olmuş və elə Əbuhamid Qəzalinin də tənqidindən sonra yenidən üzərinə qayıdılaraq yeni bir səviyyədə inkişaf etdirilmiş İlahi hikmətin başa düşülməsi qayəsini unutmaqda və ya gözardı etməkdədirlər. Bəziləri isə, hətta orta əsrlər müəlliflərinin “hikmət” kimi müəyyənləşdirdikləri əsər adlarını belə “fəlsəfə”tək tərcümə edib, əslində filosof deyil, elə məhz onların dinin fəlsəfi izahatlarını verməklə məşğul olduqları üçün “İslam filosofları”, əsərlərinin isə dini fəlsəfə olduğundan “İslam fəlsəfəsi” (teosofiya) olduğu və bu işdə idrak nəzəriyyələrində belə açıq-aydın intuisiyaya (mərifətə) müraciət etmiş həkimləri (teosofları) filosoflar adlandırmaqdadırlar.

Bu məqam oxuculara daha da aydın olsun deyə biz, qeyd edilmiş şəkildə münasibət bildirilmiş bir neçə əslən azərbaycanlı müsəlman teosoflarının və ya həkimlərinin baxışlarına müraciət etsək, məsələn, onların da birmənalı şəkildə filosoflar kimi qəbul edilməsini doğru hesab etmədiyimiz və filosoflara qarşı mübarizə apardıqları kimi, teosofları da dinə münasibətdə kafirlikdə ittiham etmiş mütəkəllim və fəqihlər tərəfindən gənc yaşlarında edam edilərək faciəli aqibət yaşamış Eynəlqüzat Miyanəcinin (1099-1131) və bütün dünyada “İşraq şeyxi” kimi tanınmış Şihabəddin Sührəvərdinin adlarını qeyd edə bilərik. Halbuki, bunlardan mərhum müəllimim, AMEA-nın müxbir üzvü, professor, f.e.d. Zakir Məmmədovun qeyd etdiyi kimi, əgər Eynəlqüzat Miyanəci hətta Avropadakı spinosizmə təsir etdiyi güman edilərək dünyada Vəhdəti-vücüd təliminin banisi hesab edilən İbn Ərəbini özünün, bizə görə, teosofik ideyasında mərkəzi yer tutmuş dialektik baxışı ilə qabaqlamışdırsa, Şihabəddin Sührəvərdinin işraqilik təliminin geniş yayılmasında misilsiz əhəmiyyət daşımaqda olan şərqşünas H.Korben tərəfindən “İşraq teosofiyası” adlandırmasına baxmayaraq həmçinin bizə görə də teosofun özünün əsərlərinin adlarında belə “hikmət” sözünü istifadə etməsi fikrimizcə, heç də təsadüfi sayıla bilməz. Belə ki, əslində teosofiyaya xas xüsusiyyət kimi Şihabəddin Sührəvərdinin də müsəlman mistikası olan təsəvvüfə, sufiliyə aid əsərlərini belə nəzərdən qaçırmayıb elə “Əqaid əl-hükəma” (“Həkimlərin (teosofların) görüşləri (əqidələri, baxışları)”) və “Hikmət əl-işraq” (“İşraq hikməti (teosofiyası)”) adlı əsərlərinin təkcə adlarına diqqət etmək kifayət edir ki, irəli sürdüyümüz iddianın, yəni adıçəkilənlərin teosof və əsərlərinin teosofiya, başqa sözlə, həkimlər və hikmət olduğunu, o cümlədən də baxışlarını İslam dini əsasında qurduqlarından elə bu qəbildən olanların əsərlərinin “İslam fəlsəfəsi”, özlərinin isə həmçinin “İslam filosofları” adlandırılmasının doğru olduğunu aşkarlamış oluruq. Amma qeyd edək ki, biz, bəhs etdiyimiz bu mövqeyin doğruluğunu daha geniş bir şəkildə isbatlayacaq növbəti, artıq elmi məqalələrimizin nüfuzlu yerli və xarici elmi dərgilərdə nəşrinə nail olmaqla nəticədə orta əsrlər müsəlman Şərqi irsindəki elmi-fəlsəfi təlim kimi bütövlükdə Şərq peripatetizminə və onun ardıcıllarına “İslam fəlsəfəsi” və “İslam filosofları” ibarələrinin doğru ünvanlanmadığını müəyyən etmiş qənaətlərimizi gələcəkdə də işıqlandırmaq niyyətindəyik.

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
“Canlı oyuncaq”
08:36 12.06/2018
Həyatın tablosu
08:32 08.06/2018
 
Xəbər başlıqları
20-07-2018
20.07.2018 Neft bahalaşıb
19-07-2018
19.07.2018 Bakıda yanğın

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6559 san