12:00 10 İyul 2018
701 dəfə oxunub
Çap versiyası
İbrahim Əliyev
Tarix üzrə fəlsəfə doktoru, dosent

1980-cı illərdə SSRİ-nin süqutu ərəfəsində bu dövlətdə ictimai həyatın bütün sahələrində baş verən hadisələr və gedən proseslər tədqiqatçılar tərəfindən araşdırılır, onların hər birinin bu qlobal hadisədə və onun nəticələrində rolu dəyərləndirilir. Xüsusən “yenidənqurma” adlanan mərhələdə partiya və dövlət adından müəyyənləşdirilən və atılan addımlar müasir dövrdə birmənalı qəbul olunmur. O vaxtdan xeyli müddət keçməsinə baxmayaraq, onlar haqqında fərqli fikirlər qalmaqdadır.
1985-ci ildə M.Qorbaçov tərəfindən başlanmış bu kampaniya həmin zaman başlanan yeni bir işin ayrılmaz tərkib hissəsi idi. Bütövlükdə onların hamısı bir məqsədə istiqamətlənmişdi. Yenidənqurmanın mahiyyəti, məqsədləri, hədəfləri, qanunauyğunluqları nə idisə, onun tərkib hissəsi olan qərarların, görülən konkret işlərin də mahiyyəti o idi. Onların hər birinin səbəblərini, məqsədlərini və vəzifələrini, əldə olunan nəticələri düzgün dərk etmək və dəyərləndirmək üçün dövrə və aparılan siyasətə düzgün qiymət verilməsi vacibdir. Bu gün onların hər biri haqqında ziddiyyətli fikirlərin olması onların hələ də müasir dövlətlərin yeritdiyi siyasətdə təsir gücünə malik olmasından irəli gəlir.
SSRİ-nin iflasa yetirilməsi məqsədyönlü siyasətin nəticəsi idimi və ya tarixin obyektiv inkişafımı bu iflası şərtləndirmişdi – indi də bu suala tam əminliyi ilə verilən cavab yoxdur. Bu sual indi də davam edən araşdırmaların mövzusudur.
Belə məsələlərdən biri də 1985-ci ildən Sovet dövlətinə rəhbərlik etmiş M.Qorbaçovun “alkoqolizmə və sərxoşluğa qarşı mübarizə” pərdəsi altında həyata keçirdiyi xəttin real məqsədləri, onun ölkənin ictimai-siyasi mühitinə, iqtisadiyyatına təsiri bu günə qədər hamı tərəfindən qəbul edilə bilən qiymətini almamışdır. Bu məsələlərdə ziddiyyətli məsələlər, normal məntiqə sığmayan məqamlar çoxdur. Zaman keçdikcə bu məsələnin yeni-yeni cəhətləri üzə çıxır ki, onlar da bu reallığın qaranlıq məqamlarına aydınlıq gətirməyə imkan verir. Görününr onların həqiqi qiymətinin verilməsi üçün hələ zamana ehtiyac vardır.
Göründüyü kimi, hazırkı məqalənin obyekti yenidənqurma dövründə konkret bir sahəni əhatə edən məsələlərin araşdırılmasıdır. Birmənalı şəkildə onu demək olar ki, həmin dövrdə Sovet dövlətinə, onun ümumittifaq təsərrüfatına, o cümlədən ayrı-ayrı respublikaların iqtisadi potensialına vurulan ağır zərbələrdən biri məhz bu kampaniya ilə edilmişdir.
7 may 1985-ci ildə Sov.İKP MK-nın “Sərxoşluğun və alkoqolizmin qarşısının alınması haqqında” (1) və SSRİ Nazirlər Sovetinin 410 N-li “Sərxoşluğun və alkoqolizmin qarşısının alınması, samoqon istehsalının kökünün kəsilməsi haqqında” qətnamələri (2) qəbul edildi. Bununla da SSRİ tarixində növbəti dəfə alkoqolizmə qarşı mübarizə kampaniyası başlandı. Lakin bu kampaniya bu dövrə qədər keçirilmiş bütün əvvəlki kampaniyalardan özünün bütün xüsusiyyətlərinə görə fərqlənirdi. (3)
Kampaniyanın məqsədlərinə gurultulu sözlərlə humanist rəng verilsə də, onun nəticələri cəmiyyətdə daha böyük bəlalara yol açdı, ictimai-iqtisadi həyatda yaranan xaosun tam gücü ilə kök salmasına zəmin yaratdı. Kampaniyanın nəticələri reallıqda səsləndirilən məqsədlərə deyil, ölkənin dağılmasına, təsərrüfatın ritminin pozulmasına xidmət edirdi. Baxmayaraq ki, bu həqiqət kampaniyanın başlandığı gündən hər kəsə aydın oldu, lakin onun qarşısının alınmasına heç bir cəhd edilmədi. Əksinə, onun əlehdarları gəzalandırıldı. Nəticədə iqtisadiyyatda neqativ proseslərrin təkan alması və genişlənməsi üçün münbit şərait yaradı. Cəmiyyətin ehtiyacında yaranmış boşluğu kölgə iqtisadiyyatı doldurdu.
Sovet hakimiyyətinin iflas ərəfəsində aldığı ən böyük zərbələrdən biri məhz bu kampaniyadan gəldi.
- Spirtli içkilər istehsalının azalması təsərrüfatın bu istiqamətinin zəifləməsinə səbəb oldu, Bu da işsizlik, məşğulluq məsələlərində özünü göstərdi.
- Ölkənin üzümçülük təsərrüfatına, o cümlədən Azərbaycanın kənt təsərrüfatı potensialına öldürücü zərbə vuruldu. Ən ağırı isə o idi ki, aparılan kampaniya əvvəlcədən bəyan edilən məqsədlərin heç birinə gətirib çıxarmadı. Bu kampaniya daha çox üzümçülük-şərabçılıq təsərrüfatının məhv edilməsindən başqa bir şey vermədi.
Sovet dövləti təkcə ticarətdə 1986-cı ildə 12 milyard manat, 1987-ci ildə isə 7 milyard manat itirdi. (4)
Sovet partiya və dövlət rəhbərliyi ölkədə ictimai həyatın butun sahələrində kök salmış böhrandan çıxmaq üçün müxtəlif vasitələrə əl atır, hər vasitə ilə cəmiyyətin problemlərini həll etməyə çalığırdı. Lakin seçilən metod və vasitələr heç də qarşıda duran maneələrin aradan qaldırılmasına uyğun deyildi. Çünki əksər hallarda yaranmış problemlərin kökündə duran səbəblərin qarşısını almaq əvəzinə onun nəticələrini aradan qaldırmağa çalışırdılar. Bu halda isə əldə olunan ilkin pozitiv nəticə müvəqqəti xarakter daşıyırdı və bir qədər sonra daha qlobal problemlərə yol açırdı. Spirtli içki istehsalını azaltmaq, xüsusən də üzümlükləri məhv etməklə günbəgün maddi vəziyyəti ağırlaşan insanları qadağalar yolu ilə alkoqolizmdən uzaqlaşdırmaq mümkün olmadı. Qoyulan məhdudiyyətlər isə gizli yolla spirtli içki istehsalı, samoqon hazırlanması və onun qeyri-qanuni satışı üçün əlverişli şərait yaradırdı. Xüsusən partiya və dövlət orqanlarının bütün təbəqələrini əhatə etmiş hərc-mərclik, qeyri-ardıcıl idarəcilik şəraitində iqtisadiyyatda neqativ proseslər dönməz olurdu.
Ölkədə gedən neqativ proseslərə münasibət əhalinin müxtəlif kateqoriyaları arasında birmənalı deyildi. Xüsusən üzümçülük və şərabçılığın inkişaf etdiyi respublikalarda bu siyasi xəttin ağır nəticələri daha qabarıq şəkildə hiss olunur, bu sahədə insanların sosial vəziyyətini pisləşdirirdi. (5;6)
Ümumiyyətlə, SSRİ-nin süqutu ziddiyyətli bir hadisə olduğundan onu izləyən proses və hadisələrin səbəbləri də birmənalı qəbul edilmir. Tarixdə belə bir fikir mövcuddur ki, Qorbaçov komandası əvvəlcədən məqsədyönlü şəkildə SSRİ-nin və dünya sosializm düşərgəsinin iflasa uğradılması istiqamətində fəaliyyət göstərmiş, bu prosesi məntiqi nəticəsinə gətirib çıxarmışlar. Uyğun olaraq, ictimai həyatın bütün sahələrində həyata keçirilən siyasi xətt bu başlıca məqsədə xidmət edirdi. Düzdür, həmin neqativ hadisə və proseslər üçün zəmin Sovet dövlətinin özünün malik olduğu problemlər üzündən böhranı yetişdirmişdi. Qorbaçov hakimiyyəti onları məntiqi sona yetirməkdə xüsusi rol oynamışdılar.
Digər yanaşmaya görə, SSRİ-nin iflasının səbəbi bu vaxta qədər üst-üstə toplanmış problemlərin yaratdığı böhran olmuşdur. 1980-ci illərdə həmin böhranın qarşısının alınması məqsədi ilə başlanan islahatlar nəzarətdən çıxması üzündən iflas labüd oldu.
Hər iki nöqteyi-nəzərdə müəyyən həqiqətlər vardır. Lakin Qorbaçov hakimiyyətinin atdığı konkret addımların qərəzsizliyinə inanmaq çox çətindir. SSRİ-nin və dünya sosializm düşərgəsi ölkələrində eyni ssenari ilə münaqişə ocaqlarının yaradılması, ölkə təsərrüfatının dağılmasına rəvac verən addımların təsadüfi olması ağlasığan deyildir. O cümlədən, ölkənin maliyyə durumuna ağıq zərbə vuran, ayrı-ayrı respublikaların kənd təsərrüfatının böyük bir hissəsini əhatə edən sahələrin, xüsusən, üzümçülük təsərrüfatının məhvi elə başlanğıcdan yaxşı bir şey vəd etmirdi. Alkoqolizmin kökünü kəsmək üçün kənd təsərrüfatının müvafiq sahəsini məhv etmək normal məntiqə sığmır. Ən azı həmin istehsalın istiqamətini dəyişdirmək olardı. Şərabçılıq məhsullarının xarici bazarlara yönəldilməsi istiqamətində addımlar atmaq olardı. Bunun əvəzinə isə ölkənin böyük vəsaitlərə, valyutaya böyük ehtiyacı olduğu bir vaxtda, ərzaq qıtlığı yarandığı bir vaxtda kənd təsərrüfatına belə zərbənin vurulmasını heç bir şeylə izah etmək mümkün deyildir. Xüsusən nəzərə alsaq ki, kampaniya başlanandan bir qədər sonra onun səhv olduğu aydın oldu və onun təşəbbüskarları öz günahlarının ört-basdır etsələr də, həmin siyasətin zərəri göz qabağında idi. Hətta M.Qorbaçov öz memuarlarlnda bu kampaniyanın səhv bir addım olduğunu etiraf edirdi (7; 8)
Antialkoqol siyasətinin düzgün siyasət olmadığını daha əyani şəkildə müşahidə etmək üçün bu məsələnin konkret nəticələrinə və statistikasına müraciət etmək faydalı olardı.
Rusiya imperiyası və Sovet dövləti tarixində müxtəlif vaxtlarda bu məzmunda keçirilmiş islahatlar heç vaxt gözlənilən nəticəni verməmişdir. Haqqında danışılan kampaniya isə özünün qeyri-münasib vaxtda və şəraitdə keçirilməsi ilə fərqlənirdi. Ölkədə ictimai-iqtisadi, siyasi xaosun yarandığı bir mühitdə qadağalarla nəyəsə nail olmaq mümkün deyildi və bu siyasəti aparanlar onun çətinliyini və qeyri-reallığını hamıdan əvvəl başa düşürdülər. Xüsusən bu kampaniyanın SSRİ ali partiya və dövlət xadimləri tərəfindən birmənalı qarşılanmaması buna bir daha əyani sübutdur.
Antialkoqol kampaniyası dövründə Azərbaycana vurulan ziyan daha böyük, hədəfləri isə daha məkrli olmuşdur. Çünki bu addımlar Azərbaycanın yalnız son dövrlərdə əldə etdiyi nailiyyətlərə qarşı çevrilməmişdi. 1980-cı illərdə Azərbaycan ittifaq miqyasında üzümçülük və şərabçılıq məhsullarından qazanılan xarici valyutanın həcminə görə birinci yerdə dayanırdı. Bu göstərici Azərbaycan neftindən qazanılan gəliri üstələyirdi.
Azərbaycanın kənd təsərrüfatında xüsusi yeri olan bu sahənin öz ənənələri və əhəmiyyəti var idi. Hətta daha dərinə gedərək, qeyd etmək istərdik ki, həmin kampaniyanın məkrli məqsədlərindən biri 1970-ci illərdə xüsusilə geniş vüsətlə inkişaf edən Azərbaycanın potensialını zəiflətmək, onun inkişaf imkanlarını məhdudlaşdırmaq olmuşdur. (9, s.395)
Azərbaycan qədimdən üzümçülüyün yüksək inkişaf etdiyi ölkələrdən biri olmuşdur. Ölkə tarixinin ən müxtəlif dövrlərini əhatə edən tarixi mənbələrdə üzümçülük təsərrüfatlarından, müxtəlif üzüm sortlarının olmasından geniş məlumat verirlir. Müharibələr zamanı bu təsərrüfatlara ağır zərbə vurulsa da, hər vaxt bu təsərrüfatlar bərpa olunmuşdur. Mövcud təbiətin üzüm bitkisi üçün əlverişli olması bu sahənin dirçəldilməsinə təkan verrmişdir. Üzumçülük təsərrüfatı Azərbaycanda kənd təsərrüfatında tarixin bütün dövrlərində mühüm yer tutan bir sahəsi olmuşdur.
Tarixin bütün dövrlərində üçümçülüklə sıx bağlı olan şərabçılıq təsərrüfatı da Azərbaycanda güclü tarixə və ənənələrinə malikdir. İslam dini şərabı, şərabçılığı inkar etsə də Azərbaycanda şərabçılıq həmişə olmuş, inkişaf etmişdir. Sovet dövründə də Azərbaycanda üzümçülüyün və şərabçılığın inkişafı mövcud ənənələrə və imkanlarına söykənirdi. Çünki Azərbaycan böyük SSRİ məkanında yüksək keyfiyyətli üzüm sortlarının yetişdirildiyi məhdud ərazilərdən biri idi.
1970-ci illərdə Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə Azərbaycanda üzümçülüyün genişləndirilməsi, şərabçılığın respublika təsərrüfatının mühüm bir sahəsinə çevrilməsi ilə səciyyəvidir. Məhz 1970-ci illərdə üzümçülük təsərrüfatı birdən birə çox genişləndirilmiş, ona müvafiq olaraq çoxsaylı üzüm emalı zavodları inşa edilərək istifadəyə verilmişdir.
1970-1980-ci illərdə respublikada üzümçülük sürətlə inkişaf etməyə başladı. On il ərzində 180 min hektar sahədə yeni üzümlüklər salındı. Üzümlüklərin ümumi sahəsi 270 min hektara çatdırıldı. Üzümçülük təsərrüfatlarında şərab istehsalı üçün başlıca xammal olan sənaye üzüm sortlarına üstünlük verilirdi. Azərbaycan təbiətinə adaptasiya edilmiş bu üzüm sortları özünün yüksək keyfiyyəti ilə seçilirdi. 1980-1985-ci illərdə Azərbaycanda sənaye miqyaslı üzüm bağlarının 85,3%-ni texniki üzüm sortları, 14,7%-ni isə süfrə sortalrı təşkil edirdi. Üzümün yeni məhsuldar sortlarının yetişdirilməsi üçün geniş elmi tədqiqat işləri aparılır, dəyərli nəticələr əldə edilirdi. Qeyd olunan dövrdə respublikada üzümçülük və şərabçılığın intensiv inkişafını təmin etmək üçün perspektivli 10 təbii-iqtisadi bölgə müəyyənləşdirilmiş və bu bölgələrdə iri üzümçülük aqrar-sənaye birlikləri və sovxozlar fəaliyyət göstərmişdir.
H.Əliyevin şəxsi təşəbbüsü və səyi ilə Mərkəzi Komitənin bürosunda «Üzümçülüyün inkişafında ciddi nöqsanlar və respublikada üzüm istehsalını və şərabçılığı daha da yüksəltmək sahəsində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsini təmin etmək tədbirləri haqqında» məsələ müzakirə edildi. 1970-ci illərdə də 672 təsərrüfat üzüm istehsalı ilə məşğul olmuş, o cümlədən 244 ixtisaslaşdırılmış üzümçülük sovxozları təşkil edilmişdir. Bu dövrdə 1973-cü ildə üzüm tədarükünün həcmi 397 min ton və ya 1972-ci ildəkindən 114 min ton və ya 1971-ci ildəkindən 186 min ton çox oldu. 1970-ci ildə üzümlüklərin sahəsi 121,6 min hektara, 5 il ərzində 50 min hektardan çox yeni üzümlüklər salınaraq 1975-ci ildə 178,1 min hektara çatdırılmışdır. 1970-ci ilə nisbətən 1975-ci ildə məhsul istehsalı 2 dəfəyə qədər artaraq 351,7 min tondan 706,2 min tona qədər artmış, məhsuldarlıq isə 46,8 s/ha-dan 65,1 s/ha-ya yüksəlmişdir.
Xüsusən, Sov.İKP MK və Nazirlər Sovetinin «Kənd təsərrüfatı istehsalının daha da ixtisaslaşdırılması və Azərbaycanda üzümçülüyün və şərabçılığın inkişafına dair tədbirlər» haqqında 22 fevral 1979-cu il tarixli qərarı respublikada üzümçülüyün və şərabçılığın inkişaflna yeni təkan verdi. Həmin qərara əsasən 1990-cı ildə respublikada üzüm istehsalının 2,5-3,0 mil­yon tona çatdırılması nəzərdə tutulmuşdur.(10)
1980-1984-cü illərdə respublikada üzüm istehsalı 1,7-2,1 mln. tona, hektardan məhsuldarlıq müvafiq olaraq 70-100 sentnerə çatdırıldı. Artıq 1984-cü ildə üzümlüklərin əkin sahəsi 284,1 min hektar, üzüm yığımı 2,126 min ton, hektardan məhsuldarlıq respublikada ən yüksək həddinə çataraq 99,2 sentner təşkil etdi. Azərbaycan üzüm istehsalının həcminə görə keçmiş İttifaqda birinci yerə çıxdı.(11)
Təsərrüfatın bu sahəsinin inkişafı təkcə respublika iqtisadiyyatının göstəricilərində deyil, əhalinin sosial iqtisadi vəziyyətində də ciddi yaxşılaşmaya səbəb oldu. Əvvəlki illərə nisbətən üzümçülük-şərabçılıq məhsullarının istehsalı sahəsində Azərbaycan öz yerini daha da möhkəmləndirdi. Belə bir şəraitdə birdən birə antialkoqol mübarizə pərdəsi altında təsərrüfatın bu sahəsinin son dərəcə məhdudlaşdırılması respublika iqtisadiyyatına məhvedici təsirə malik idi. Bu səbəbdən də qəbul olunmuş bu qərar və ona uyğun olaraq atılan addımlar Azərbaycanda da narazılıqla qarşılanır. Lakin totalitar iqtisadi idarəçilik sistemi şəraitində onun qarşısını almaq mümkün olmadı.
SSRİ-də «Alkoqolizm və sərxoşluğa qarşı mübarizə tədbirləri» haqqında 1985-ci ildə qəbul olunmuş qərardan sonra Azərbaycan iqtisadiyyatında aparıcı sahə olan üzümçülük və şərabçılığa böyük zərbə vuruldu, bar verən üzümlüklər sökülməyə başlandı, uzun illər böyük zəhmət hesabına yaradılmış infrastruktur dağıdıldı, qiymətli yerli və alınma üzüm sortları məhv olmaq təhlükəsi ilə üz-üzə qaldı. 1985-ci illə müqayisədə üzümlüklərin sahəsinin 2 dəfə, məhsul istehsalının 1,500 min ton, məhsuldarlığın isə 58 s/ha qədər kəskin azaldığı aydın olmuşdur. Yenidənqurma dövründə ağır zərbə almış üzümçülük-şərabçılıq təsərrüfatı müstəqilliyin ilk illərində sosial-iqtisadi və siyasi böhran şəraitində daha da zəiflədi. Müharibə zonasında bütövlükdə dağıdılmış kənd təsərrüfatında üzümlük və şərabçılığın payı kifayət qədər böyük idi. 1992-1993-cü illərdə bar verən üzüm bağlarının ümumi sahəsi 286 min hektardan 10 min hektara enmişdir. 43 min hektar üzüm bağları erməni isğalı altında qalmışdır. Nəticədə üzümçülük və şərabçılıq kompleksi böhran vəziyyətinə düşmüşdür.
Azərbaycan kənd təsərrüfatının mühüm sahələrindən biri olan üzümçülük və şərabçılığın bərpasına son dövrdə xüsusi diqqət yetirilir. Bir-birinin ardınca qəbul edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair” dövlət proqramlarında bu sahənin dirçəldilməsinə xüsusi yer tutur. Respublika Prezidentinin 11 fevral 2004-cü il tarixli, 24 saylı Fərmanı ilə təsdiq olunmuş həmin Dövlət Proqramına əsasən, iqtisadi rayonlar üzrə bitkiçiliyin bütün sahələri ilə yanaşı üzümçülüyün də inkişaf etdirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin təsdiq etdiyi Dövlət Proqramı (2004-2008-ci illər üçün) aqrar sahənin, o cümlədən üzümçülüyün inkişafı üçün geniş perspektivlər açmışdır.
Üzümçülüyün inkişafı üzrə tədbirlərin də nəzərdə tutulduğu “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” və “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” kimi mühüm sənədlər təsdiq edilmişdir. Bununla yanaşı, Respublika Prezidenti bölgələrə etdiyi mötəbər səfərlərində üzümçülüyün prioritet sahə olduğunu dəfələrlə qeyd etmişdir.
“2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçü­lüyün inkişafına dair Dövlət Proqramı”nda da sahənin inkişafına güclü təkan verilmişdir. “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nda 2012-2020-ci illərdə 50 min hektar yeni üzüm bağlarının salınması nəzərdə tutulur. 2020-ci ildə təxminən 455 min ton üzüm istehsal olunacaq. (12)
SSRİ-nin süqutu ərəfəsində bütövlükdə ittifaq dövlətinin, ayrılıqda isə ayrı-ayrı sovet respublikalarının həyatında dərin iz qoymuş bu siyasi xəttin müasir dövrün reallıqları və aşkar edilmiş yeni faktların işığında araşdırılması sayəsində yeni-yeni nüanslar üzə çıxır. Onlar həmin dövrün mahiyyətini, dərindən dərk etməyə imkan verir.

Qeydlər:
1. «О мерах по преодолению пьянства и алкоголизма» «Правда», 1985, 17 мая
2. «Постановление Совета Министров СССР 7 мая 1985 г. “О мерах по преодолению пьянства и алкоголизма, искоренению самогоноварения» «Правда», 1985, 17 мая
3. Указ Президиума Верховного Совета СССР 16 мая 1985 г. «Об усилении борьбы с пьянством» «Правда», 1985, 16 мая
4. http://sovietwine.com/history/antialcogol.html
5. .«Правда» 31 мая 1986г.
6. «Известия» 23 декабря 1987г.
7. «Комсомольская правда», 2015, 15 мая
8. https://www.kp.ru/daily/26381/3259739/
9. Heydər Əliyev. İki cilddə, I cild,Bakı, 2013, s.395
10. http://vitis.agro.gov.az/uzumculuk-ve-serabciligin-inkisafinda-heyder-eliyevin-rolu/
11. http://www.wine-grape.az/az/view-page/2/Azərbaycanda+üzümçülüyün+və+şərabçılığın+inkişaf+tarixi
12. http://www.e-qanun.az/framework/22694

Açar sözlər: Antialkoqol kampaniya; yenidənqurma dövrü; üzümçülük və şərabçılıq; SSRİ-nin iflası; kənd təsərrüfatı

Ключевые слова: Антиалькогольная кампания; период «перестойки»; виноградарство и виноделие; распад СССР; сельское хозяйство

Keywords: Anti-alcohol campaign; period “perestoyki”; viticulture and wine production; the collapse of the USSR; Agriculture


Резюме
И.З.Алиев
О борьба против алькоголизма в СССР в период перестройки и его последствиях
В статье рассматриваются некоторые моменты проводимой в СССР в период «перестройки» борьбы против алькоголизма и пьянства, его последствиях в судьбе страны. Уделяется особое внимание влиянию этой политики экономическому потенсиалу Азербайджана. Говорится, что проводимая данная политика, вопреки декларированных целей послужила интересам сил против страны в целом и конкретных республик. Поэтому необходимо дальнейшее исследование данного вопроса и освещение подлинных причин и последствий явления.

Summary
I.Z.Aliyev
About the struggle against alcoholism in the USSR during the period of perestroika and its consequences
The article examines some aspects of the struggle in the USSR during the period of “perestroika” against alcoholism and drunkenness, its consequences in the fate of the country. Special attention is paid to the influence of this policy on the economic potential of Azerbaijan. It mentions that in spite of declared goals the current policy has served for the interests of the forces against the country and some republics. Therefore, further investigation of this issue and clarification of the true causes and consequences of the phenomenon is necessary.

 

"GEOSTRATEGİYA" jurnalı №03 (45) MAY-İYUN 2018


Müəllifin digər yazıları

  1. YENİDƏNQURMA DÖVRÜNDƏ SSRİ-də ALKOQOLİZMƏ QARŞI MÜBARİZƏ VƏ ONUN NƏTİCƏLƏRİ HAQQINDA
  2. Qarabağ münaqişəsinin nizamlanmasının başlıca maneələrindən biri mövcud status-kvodur
  3. AZƏRBAYCANLI “ZİYALININ” ERMƏNİSAYAĞI GEDİŞLƏRİ
  4. Azərbaycan Xalq Cümhuriyyəti müasir dövlətçilik tarixində
  5. Ermənistanda dəyişikliklər nə vəd edir?
  6. Azərbaycan torpaqlarının ermənilər tərəfindən zəbt edilməsi tarixindən
  7. 2017-ci il: gözləntilər və nəticələr
  8. AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜSTƏQİLLİYİNİN BƏRPASI VƏ İNKİŞAFI DÖVRÜNDƏ AZƏRBAYCAN-TÜRKİYƏ MÜNASİBƏTLƏRİ
  9. 1980-ci İLLƏRDƏ SSRİ-də Y.ANDROPOV HAKİMİYYƏTİ VƏ ONUN İSLAHATLARI
  10. SSRİ-nin beynəlxalq münasibətlər sahəsində Heydər Əliyevin xidmətləri
  11. SSRİ-NİN İFLASININ SƏBƏB VƏ NƏTİCƏLƏRİ HAQQINDA
  12. AZƏRBAYCAN RESPUBLİKASI 25
  13. Müasir Azərbaycan dövlətçiliyində Konstitusiyalar
  14. Azərbaycanda müasir demokratik dövlətçiliyin təkamülü
  15. Qarabağ problemi son hadisələr işığında
  16. Müstəqil Azərbaycan Respublikasında turizmin inkişafı
  17. Azərbaycan Respublikasında dövlət-din münasibətlərinə dair
  18. Ali təhsildə keyfiyyətin müasir vəziyyəti və onun aktual problemləri
  19. Azərbaycanda III sektor və onun mövcud vətəndaş cəmiyyətində yeri
  20. AZƏRBAYCANDA MİLLİ DÖVLƏTÇİLİYİN DİRÇƏLİŞİ VƏ ONUN TARİXİ KÖKLƏRİ
  21. Postsovet məkanında müstəqil dövlətlərin yaranması və onların müasir dünya durumunda yeri
  22. “Erməni soyqırımı” əfsanəsi və müasir dövrdə onun hədəfləri
  23. BEYNƏLXALQ ALƏMDƏ AZƏRBAYCANA QARŞI TƏZYİQLƏRİN ARTMASI VƏ ONUN REAL MAHİYYƏTİ
  24. Müasir dünya durumunda Azərbaycanin aktual problemləri
  25. Müasir Azərbaycan beynəlxalq norma və prinsiplər kontekstində
  26. Azərbaycan Respublikasında təhsilin aktual problemləri - EKSKLÜZİV
  27. Prezidentin çıxışı söykəndiyi reallıqlarla güclü idi
  28. Qarabağ münaqişəsi ətrafında bəzi mülahizələr
  29. Yenidənqurma dövründə Sovetlər İttifaqında milli məsələ və etnik konfliktlər
  30. DAĞLIQ QARABAĞ KRIM DEYİL ...
  31. Sovet xalqının insanların yeni tarixi birliyi olmasiı haqqında tezis və onun 1970-80-ci illərində sovet dövlətinin milli siyasətində yeri
  32. AZƏRBAYCANIN HAZIRKI İNKİŞAF KURSUNA ALTERNATİV YOXDUR
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-07-2018
20.07.2018 Neft bahalaşıb
19-07-2018
19.07.2018 Bakıda yanğın

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6383 san