20:56 10 İyul 2018
804 dəfə oxunub
Çap versiyası
...

İyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər.

Əvvəlcə dövlətimizin başçısı İlham Əliyev bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

-Əziz Qardaşım, hörmətli cənab Prezident.

Hörmətli qonaqlar.

Xanımlar və cənablar.

Cənab Prezident, Sizi Azərbaycanda səmimi qəlbdən salamlayıram, ölkəmizə, öz Vətəninizə xoş gəlmisiniz.

Fürsətdən istifadə edərək, ilk növbədə, Sizi prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə bir daha ürəkdən təbrik edirəm, Sizə gələcək fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Biz çox şadıq ki, Siz seçkilərdən sonra ilk rəsmi səfərinizi Azərbaycana edirsiniz. Dünən Türkiyədə Sizin andiçmə mərasiminiz keçirilmişdir və bu gün Siz Azərbaycanda rəsmi səfərdəsiniz. Bu, bir daha onu göstərir ki, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı sarsılmazdır, əbədidir. Sizin səfəriniz bir daha Türkiyə-Azərbaycan qardaşlığının nümunəsidir, bir daha bizim birliyimizi göstərir.

Türkiyə xalqı Sizə yenidən böyük etimad, dəstək göstərmişdir. Siz uzun illər ərzində Türkiyənin inkişafı üçün çox böyük işlər görürsünüz. Sizin liderliyiniz ilə Türkiyə böyük və şərəfli yol keçmişdir, dünya miqyasında böyük gücə çevrilmişdir. Türkiyə bu gün beynəlxalq məsələlərdə söz sahibidir. İqtisadi islahatlar uğurla aparılır. İqtisadi inkişafa görə Türkiyə dünya miqyasında ən qabaqcıl yerlərdədir. Sizin liderliyinizlə Türkiyədə sabitlik tam bərqərar olub. Biz Azərbaycan xalqını Türkiyənin uğurları çox sevindirir. Türkiyə-Azərbaycan əlaqələrinin bu səviyyəyə çatmasında bizim birgə səylərimiz də mühüm rol oynayır. Bizim aramızda şəxsi dostluq əlaqələri mövcuddur və bu əlaqələr ölkələrimizi bir-birinə daha sıx bağlayır. Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir. Biz bütün məsələlərdə bir yerdəyik, bütün beynəlxalq məsələlərdə bir-birimizi daim dəstəkləyirik, bir-birimizin yanındayıq. Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində daim Azərbaycana böyük dəstək göstərir. Dünya miqyasında bu məsələ ilə bağlı Azərbaycana ən böyük dəstək verən ölkə Türkiyədir.

Bildiyiniz kimi, uzun illərdir ki, torpaqlarımız Ermənistan tərəfindən işğal edilib. Bu işğal nəticəsində xalqımız etnik təmizləməyə məruz qalıb. Bu münaqişənin tezliklə həlli beynəlxalq hüquq normalarının bərpası demək olacaqdır. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 4 qətnamə qəbul etmişdir. Orada açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri Azərbaycanın torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr icra edilməlidir, ölkəmizin ərazi bütövlüyü bərpa olunmalıdır.

Türkiyənin bu məsələ ilə bağlı mövqeyi beynəlxalq hüquq normalarına uyğundur və eyni zamanda, Türkiyə-Azərbaycan qardaşlığına, dostluğuna əsaslanır. Azərbaycan da öz növbəsində, bütün məsələlərdə daim Türkiyəni dəstəkləyir. Bizim birgə fəaliyyətimiz bundan sonra da davam etdiriləcəkdir.

Bu gün keçirdiyimiz görüş əsnasında bir çox məsələlər haqqında fikir mübadiləsi aparıldı. Görülmüş işlər təhlil edildi, gələcək planlar haqqında müzakirələr aparıldı. Bizim ticarət dövriyyəmiz artır və daha da artmalıdır. Qarşılıqlı sərmayə qoyuluşu davam edəcək. Bu günə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına 13,9 milyard dollar sərmayə qoyub. Türkiyə şirkətləri isə Azərbaycana 12 milyard dollardan çox vəsait yatırıblar. Bu böyük rəqəmlər, əslində, bizim əlaqələrimizi göstərir. Çünki ancaq qardaş ölkələrə bu qədər böyük sərmayə qoyula bilər.

Bildiyiniz kimi, biz ölkələrimiz, xalqlarımız və dünya üçün böyük əhəmiyyət daşıyan enerji layihələrini birlikdə həyata keçiririk. Keçən ay Əskişəhər şəhərində TANAP-ın açılışında bərabər olmuşuq. Bu, təbiidir və çox böyük məntiqə əsaslanır. Çünki TANAP layihəsinin təməlini biz 2012-ci ildə İstanbulda birlikdə qoymuşuq. Aramızda imzalanmış TANAP üzrə saziş artıq gerçəkləşdi və bu tarixi layihəyə start verildi.

“Cənub Qaz Dəhlizi” layihəsinin uğurla icrası başa çatır. TANAP layihəsinin başa çatması bu istiqamətdə atılan çox böyük addımdır. Bildiyiniz kimi, əvvəlki illərdə də digər böyük enerji layihələri birlikdə həyata keçirilib. Türkiyə və Azərbaycan Avrasiyanın enerji xəritəsini yenidən tərtib ediblər.

Nəqliyyatla bağlı layihələr həm ölkələrimizi gücləndirir, eyni zamanda, qitələr arasında sağlam bağlantı yaradır. Yəni, bizim birgə səylərimiz nəinki ölkələrimiz üçün, bütün bölgə üçün və Avrasiya üçün böyük əhəmiyyət daşıyır. Türkiyə-Azərbaycan birliyi, dostluğu regional sabitlik üçün böyük fayda verir. Əminəm ki, Türkiyənin və Azərbaycanın birgə səyləri ilə bölgədə sülh yaranacaq. Türkiyənin hərbi potensialı çox güclüdür. Dünya miqyasında Türkiyə Ordusu ən güclü ordular sırasındadır. Hərbi sahədə bizim əməkdaşlığımız çox uğurla davam edir. Bu il hərbçilərimiz arasında yeddi hərbi təlim keçiriləcəkdir, onlardan üçü keçirilib. Azərbaycan Türkiyədən böyük sayda hərbi texnika alır. Ötən ay Azərbaycanda keçirilmiş hərbi paradda bu texnikanın bir hissəsi göstərilmişdir.

Bizim əlaqələrimiz çoxşaxəlidir. Əlaqələrin təməlində xalqlarımızın, dövlətlərimizin birliyi, ortaq maraqları dayanır. Biz dostuq, qardaşıq. Türkiyə Prezidentinin seçkilərdən sonra birinci səfərini Azərbaycana etməsi bunu bir daha göstərir.

Əziz Qardaşım, Sizi bir daha salamlayıram. Sizə gələcək fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Sağ olun.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-07-2018
20.07.2018 Neft bahalaşıb
19-07-2018
19.07.2018 Bakıda yanğın

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7229 san