20:59 10 İyul 2018
1332 dəfə oxunub
Çap versiyası
...

İyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident Rəcəb Tayyib Ərdoğanın bəyanatı

- Hörmətli cənab Prezident, əziz qardaşım.

Dəyərli mətbuat nümayəndələri.

Hörmətli xanımlar və cənablar.

Hörmətli qonaqlar.

Əvvəlcə sizləri öz adımdan və nümayəndə heyətim adından ən səmimi duyğularla salamlayıram. İyunun 24-də keçirilən seçkilərdən sonra dünən prezident kimi and içdim. Məndən əvvəl deputat yoldaşlarımız and içdilər. Prezident kimi and içdikdən sonra ilk səfərimi bu səhər qardaş, dost Azərbaycana etmək vəzifəmizi yerinə yetirmək istədim. İstər təkbətək, istərsə də nümayəndə heyətləri arasında görüşlərdə bu günə qədər harada idik və bundan sonra harada olmalıyıq - bunları müzakirə etmək, nəzərdən keçirmək imkanımız oldu.

Təbii ki, Azərbaycan ilə istər enerji sahəsindəki əlaqələrimiz, istərsə də müdafiə sənayesi istiqamətində addımlarımız çox böyük əhəmiyyət daşıyır. Bundan sonrakı prosesdə də TANAP layihəsi, - bizim üçün, Azərbaycan üçün həyati əhəmiyyətli layihədir, - təkcə Azərbaycan-Türkiyə deyil, eyni zamanda, Azərbaycan-Avropa bağlantısını qurmaq baxımından böyük əhəmiyyət kəsb edir. Bu layihə bizi ciddi mənada maraqlandırır və bu, qardaşlığımızın bir təzahürü olaraq, eyni zamanda, strateji investisiya yatırılması baxımından da əhəmiyyətlidir. TANAP ilə əlaqədar Əskişəhərdə atdığımız addım həqiqətən də həyati bir addımdır. Bütün bunlardan başqa, Azərbaycanın sərmayə sahəsində Türkiyədəki Əliağa layihəsi həqiqətən hər cür təqdirdən daha böyükdür. Bu layihə təməli qoyulduğu gündən get-gedə davam edən, böyüyən bir sərmayə olaraq özünü göstərir. İndi də, inşallah, bu sərmayəni daha da genişləndirməyin və reallaşdırılmaqda olan bəzi layihələrin də payızda açılışını etməklə bunları birlikdə həyata keçirəcəyik.

Təbii ki, bizim Türkiyə-Azərbaycan əlaqələrimiz, bildiyiniz kimi, “Bir millət, iki dövlət” anlayışı əsasında inkişaf edir. Bu anlayışa bağlı olaraq əlaqələrimizi bu səviyyəyə çatdırdıq və irəliyə aparmaqda davam edəcəyik.

Gəldiyimiz andan etibarən göstərilən ev sahibliyinə görə şəxsən öz adımdan və nümayəndə heyətim adından ayrıca təşəkkür edirəm. Hazırda ikitərəfli ticarət dövriyyəmiz hər keçən gün artır. Yüksək səviyyəli səfərlər gündən-günə artaraq davam edir. Bunlar aramızdakı qardaşlıq duyğularının nə qədər yüksək səviyyədə olduğunu göstərməsi baxımından çox vacibdir.

Müdafiə sənayesi sahəsində Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr də bu baxımdan əhəmiyyət daşıyır. Türkiyə müdafiə sənayesi sahəsində, bildiyiniz kimi, bundan 15 il əvvəl möhtac bir millət ikən, indi ehtiyaclarının böyük bir qismini artıq özü ödəyə bildiyi səviyyəyə gəlib - 20 faiz səviyyəsində ikən, hazırda 65 faizini özü ödəyən ölkəyə çevrilib. Bununla da müdafiə sənayesi sahəsində də ixracatı artıran bir Türkiyə var. Təbii ki, bunu qardaş ölkələrlə fərqli bir şəkildə bölüşmək istəyirik.

Digər bir məsələ ilə bağlı - xüsusilə Azərbaycanda FETÖ ilə mübarizəyə İlham qardaşımın verdiyi dəstəyə görə öz adımdan və millətim adından ona təşəkkür edirəm. Çünki onlar burada da özlərinə yer tapmağa cəhd göstərdilər. Bunun üçün hər vasitəyə əl atdılar. Fəqət, istər İlham qardaşımın bu məsələdə həssaslığı, istərsə də bizdə olub, Azərbaycan əleyhinə fəaliyyət göstərənlərə qarşı koordinasiyalı işimiz bir çox məsələnin ardıcıl həll olunmasını təmin etdi. Maarif Vəqfimiz ilə, inşallah, Azərbaycanın Təhsil Nazirliyinin birlikdə həyata keçirəcəyi fəaliyyətlə buradakı boşluğu da aradan qaldırmaq imkanı əldə edəcəyik.

Təbii ki, ikitərəfli ticarət məsələsində hədəfimiz, inşallah, mövcud rəqəmi iki, üç dəfə artırmaqdır. Digər bir məsələ isə xüsusilə Dağlıq Qarabağ və Naxçıvanla bağlı problemləri aradan qaldırmaq üçün Türkiyə olaraq əlimizdən gələni etdik. Bu məsələni daim diqqət mərkəzində saxladıq, bundan sonra da saxlamaqda qətiyyətliyik. Naxçıvanla ölkəmiz arasında quru yolundakı problemlər həll edilmiş vəziyyətdədir. İndi yeni bir addım olaraq, - bu məsələ ilə əlaqədar daha əvvəl də İlham qardaşımla danışmışdıq, - lazım gələrsə dəmir yolu məsələsini də həll etməklə aradakı bu əlaqələri daha yüksək səviyyəyə çatdırmaq hər iki ölkəyə əlavə güc verəcək.

Həmçinin cənab Prezident ilə gündəmə gətirdiyimiz səhiyyə sahəsində, Naxçıvanda yaşayan qardaşlarımızın xüsusilə Türkiyədəki sərhədboyu bölgələrdə tədris-müalicə ocaqlarında, dövlət xəstəxanalarında onlara hər cür rahatlığı öz xalqımıza təmin etdiyimiz kimi şərait yaratmaqla bağlı dəstək verəcəyimizi özünə bildirdim. Bu məsələdə də birliyimizin, həmrəyliyimizin olmasının vacibliyinə inandığımı xüsusilə söylədim.

Bu axşam İlham qardaşım da Brüsselə gedəcək, NATO zirvəsində, görüşlərdə iştirak edəcək. Mən də sabah səhər Brüsselə gedirəm. Orada istər xarici işlər nazirlərimiz, istərsə də biz bir arada olmaqla görüşlər keçirəcəyik. İstəyim odur ki, NATO zirvə toplantısı ilə bağlı keçirəcəyimiz görüşlərdə də bəzi ortaq problemləri gündəmə gətirərək həll etməkdir.

Fürsətdən istifadə edərək İlham qardaşımın timsalında bütün Azərbaycan xalqına öz adımdan və millətim adından ən səmimi hisslərlə salam, sevgi və ehtiramımı ifadə etmək istəyirəm. Bir daha sağlıqla qalın.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Cəbhədən SON XƏBƏR
09:54 22.09/2018
 
Xəbər başlıqları
22-09-2018
22.09.2018 Neft bahalaşıb
21-09-2018
21.09.2018 Neft bahalaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.1858 san