12:00 15 İyul 2018
Çap versiyası
...

 

Məlumdur ki, XIX-XX əsrin əvvəllərində Şimali Azərbaycan, xüsusən də onun Bakı quberniyasına aid torpaqlarında əhalinin əsas hissəsinin xəzinə torpaqlarında məskunlaşmış kəndlilər təşkil edirdilər. XIX yüzilliyin sonu-XX yüzilliyin əvvəllərində bu kəndlilərin başlıca yaşayış qaynağı olan pay torpaqlarının tədricən azalması prosesi gedirdi. Tədqiq edilən dövrdə xəzinə kəndlilərinin torpaq sahələrinin azalması və onların torpaqsızlaşmasının əsas səbəblərindən başlıcası xüsusi torpaq sahibləri və digər qeyri-kəndli təbəqələrinin nümayəndələri tərəfindən kəndlilərin istifadəsində olan pay torpaqlarının zəbt olunması idi. Həm xəzinə torpaqlarının, həm də bilavasitə xəzinə kəndlilərinin istifadəsindəki pay torpaqlarının imtiyazlı şəxslər tərəfindən zəbt olunması hökumətin də maraqlarına cavab vermirdi. Qafqaz Baş mülki rəisinin Əkinçilik və Dövlət Əmlak nazirinə ünvanladığı 1899-cu il 20 oktyabr tarixli məktubda yazılırdı: “Sizin əmrinizə əsasən 1897-ci ildə aparılmış xüsusi təhqiqat zamanı Yelizavetpol, Bakı və İrəvan qubernyialarında çoxdan bəri xəzinə torpaqlarının xüsusi şəxslər tərəfindən sistematik zəbt olunması halları müəyyən olunmuşdur ki, bu, əvvəllər də bizə məlum idi” [2, v. 185].
Qanunlardakı boşluqlar və yaxud qanunların icra olunmaması xəzinə kəndlilərinin torpaqlarının zəbt olunmasına gətirib çıxarırdı. Mübahəsələrlə nəticələnən sərhədlərin müəyyənləşdirilməsi işi çox çətin getdiyindən uzun illər ərzində çox az torpaq sahələri mərzləşdirilmişdi. Hətta çarizmin ən yüksək mənsəbli məmurları və dövlət idarələri etiraf edirdilər ki, “Cənubi Qafqazda torpaq mülkiyyətçiliyi qeyri-müəyyən qalırdı, bu isə torpaq münasibətlərində qarışıqlıq yaradırdı” [19, s. 51].
Torpaq mübahisələri dövlət (dövlət kəndliləri - müəllif) ilə xüsusi şəxslər, kəndli və kənd cəmiyyətləri, habelə ayrı-ayrı kəndlər arasında baş verirdi. XIX əsrin 80-ci illərinin əvvəllərində belə mübahisəli torpaqlarının sahəsi ümumi Göyçay qəzasında 718,5 desyatin, Şamaxı qəzasında 5 096,6 desyatinə [17, s. 40-41], Cavad qəzasında 772 desyatinə bərabər idi. Belə torpaq sahələrinin Göyçay qəzasında 667 desyatini, Şamaxı qəzasında 4321,46 desyatini, Cavad qəzasında isə 280 desyatini imtiyazlı şəxslərin istifadəsində idi. 80-ci illərin sonlarında mübahisəli torpaq sahələrinin miqyasında artım müşahidə olunmağa başladı. Əgər 1887-ci ildə Bakı qəzasında 8 250 desyatin, Cavad qəzasında 1 750 desyatin mübahisəli torpaq sahələri var idisə, 1888-ci ildə isə bu rəqəmlər belə idi: Bakı qəzasında 18 500, Cavad qəzasında 14 550, Göyçay qəzasında 5 500, Şamaxı qəzasında 35 100, Quba qəzasında isə 2 000 desyatin [2, v. 267].
Statistik məlumatın kasadlığı üzündən dövlət kəndlilərinin nə qədər torpaq sahələrinin zəbt edilməsi haqqında dəqiq rəqəmlər söyləmək çox çətindir. Lakin arxiv sənədlərində torpaqların zəbt olunması haqqında xeyli sənədlərə rast gəlmək mümkündür. 1893-cü ildə Göyçay qəzasının Alpout-Mehdıbəy cəmiyyətinin 175 kəndlisinin imzası ilə göndərilən şikayət ərizəsində onların istifadəsindəki 500 desyatin “Uzunaralıq” adlı qışlaq sahəsinin nüfuzlu sahibkar Ağabəy Əbdürrəhman Sultanov tərəfindən zəbt olunduğu göstərilirdi [1, v. 23-24]. 1895-ci ildə Şamaxı qəzasının Camcamlı kəndinin torpaqlarının böyük hissəsinin (1630,5 desyatin) Mərəzə (rus kəndi - müəllif) və Mərəzəli kəndlərinin sakinləri tərəfindən tutulmasına baxmayaraq, camcamlılar bütün torpaqlar üçün vergi verirdilər. Bu zaman Mərəzə kəndliləri 2056,62 desyatin (202 həyət), Mərəzəli kəndliləri 7048,66 desyatin (334 həyət), Camcamlı kəndliləri 742,79 desyatin (57 həyət) torpaq sahəsinə malik idilər və hər həyət başına bu kəndlilərdən birincisində 24,53, ikincisində 26,7, üçüncüsündə 13,1 desyatin torpaq sahəsi düşürdü [5, v. 12-15]. Bundan əlavə Mərəzə kəndinin 1483 desyatin yaylağı, Mərəzəli kəndinin 1050 desyatin yaylaq və 15000 desyatin qışlağı var idi. Camcamlılar isə yaylaq və qışlaqları ikinci əldən icarəyə götürirdülər. Qaynaqlarda saxlanılan materiallar sübut edir ki, torpaq sahələrinin zəbt olunması halları Bakı quberniyasının, demək olar ki, bütün qəzalarında geniş yayılmışdı.
Torpaq sahələrinin azalmasının “ədalətli” həllini tapmaq üçün kənd cəmiyyətləri yerölçənlərin gəlməsini tələb edirdi. Bir arxiv sənədində oxuyuruq: “Son zamanlar cəmiyyətimizin pay torpaq sahələri azalmışdır. Pay torpaq sahələrinin bir hissəsi Cənubi Qafqaz dəmir yoluna, bir hissəsi Ucar stansiyasında ticarətlə məşğul olanların əlinə keçmiş, bir hissəsi də Qarabörk kənd cəmiyyəti tərəfindən zəbt edilmişdir. İndi kənd cəmiyyəti (Ucar-Gəraybəyli cəmiyyəti - müəllif) pay torpaqlarının yarısından az sahəsindən istifadə edir ki, bunun da xeyli hissəsi şoran torpaqlardır. Bununla belə vergi idarəsi bizdən bütün torpaq sahələrinə görə vergi tələb edir” [10, v. 1а. -23].
Torpaq mübahisələri əsasən mərzləmə zamanı və zəbt olunan torpaqlar barəsində gedən məhkəmələrdə nüfuzlu və varlı torpaq sahiblərinin xeyrinə başa çatırdı. 1895-ci ildə Şamaxı qəzası Kürd kəndinin torpaq sahəsi mərzlənən zamanı mübahisəli 5100 desyatin 480 kv. sajenlik 5 torpaq sahəsi xüsusi şəxslərin mülkü hesab edilmişdi [8, v. 64]. 1902-ci ildə Kürdəmir kəndinin torpaqları mərzlənən zaman xəzinə və A.A. Lələyev arasında sahəsi 853 desyatin və 1435 desyatin olan 2 torpaq sahəsi, xəzinə ilə Xasay bəy və Surxay bəy Hüseyn bəy oğlu Nəzirovlar, Tərlan bəy Şirvəli bəy oğlu və Baloğlan bəy Nurli bəy Nəzirov, Mehdi bəy və Şirin bəy və b. arasında 16 desyatin 190 kv. sajen və 3 desyatin 960 kv. sajen torpaq sahəsi, ümumi torpaq sahəsi 1307 desyatin 280 kv. sajen olan torpaq sahəsi üstündə isə Q.Q. Yevanqulov arasında (100 desyatin), Əbdülhüseyn bəy Nurməmməd bəy oğlu arasında qalan torpaqların (1207 desyatin 280 kv. sajen) 1/2 hissəsi, Sultan bəy Ağasəf bəy oğlu arasında 1/6 hissəsi, Əlibəy Abdulla bəy oğlu arasında 1/6 hissəsi, Ağa bəy Mahmud bəy oğlu arasında 1/6 hissəsi üstündə mübahisə düşmüşdü [9, v. 75-75 а.]. Bakı dairə məhkəməsinin 10-13 iyun 1903-cü il tarixli iclasında həmin torpaqlardan 853 desyatin və 1435 desyatinlik iki torpaq sahəsi Lələyevın, 16 desyatin 190 kv. sajen və 3 desyatin 960 kv. sajen müvafiq bəylərin, 100 desyatini Yevanqulovun mülkiyyəti hesab olundu. Qalan 1207 desyatin 250 kv. sajenlik sahə iki hissəyə bölünərək, bir hissəsi dövlətə, digər hissəsi isə 1/2 və 1/6 hissələr olmaqla sahibkarlara verilmişdi [9, v. 87 а. - 88]. Tiflis Məhkəmə palatası 1910-cü ildə həmin qərarı təsdiq etdi [9, v. 159 və 161 a.]. Göyçay qəzası Yeniarx kəndinin mərzlənməsi zamanı xəzinə ilə Səlimbəy Sultanov arasında 1125 desyatin torpaq üstündə baş verən mübahisə 1905-ci ildə Bakı dairə məhkəməsi tərəfindən sahibkarın xeyrinə həll olundu. Dövlət əmlakı və əkinçilik idarəsinin əlində sahibkarın bu torpaqlardan yalnız 200 desyatinə sahib olması haqqında sənədlər olmasına baxmayaraq, Tiflis məhkəmə palatası 1910-cu ildə Bakı məhkəməsinin qərarını təsdiq etdi. Yerli torpaq sahəsinin mərzlənməsi zamanı 1903-cu ildə Umud bəy İsrafilbəy oğlu qonşu xəzinəyə məxsus olan Bayram-Kürd kəndinin sakinləşdiyi 748 desyatin 1440 kv sajen torpağını ələ keçirdi və Bakı dairə məhkəməsi 1905-ci, Tiflis Məhkəmə palatası isə 1910-cu ildə bunu təsdiq etdi. Mərzləmələr zamanı torpaq üstündə ortya çıxan torpaq mübahisələrin demək olar ki, hamısının varlıların xeyrinə qanuniləşdirilməsi kəndlilərə böyük zərbə idi. Bu torpaq sahələri onların istifadəsində olan pay torpaq sahələri idi.
Əkinçilik və Dövlət əmlakı nazirliyi hüquq məsləhəti idarəsi 1900-ci ilin 17 iyul tarixli məktubunda Dövlət Torpaq əmlakı departamentinə yazırdı: “Pay torpaq sahələrinin zəbt olunması halları hüquq məsləhəti hissəsinə çoxdan məlumdur. Belə zəbtlərlə vəsatət qaldırılması yolu ilə mübarizə aparmaq olar, lakin xəzinəyə məxsus torpaq sahələri ilə bağlı udulmuş işlərlə xəzinə “töycü qaynağı ” təşkil edilməlidir. Bu torpaqlar kəndlilərə və kənd cəmiyyətlərinə verilməməlidir ki, zəbtlər olsun” [20, v 2-2 а.]. 1902-cı ilin yanvarın 22-də Qafqaz Baş mülki rəisi qubernatorlara yazırdı: “Zəbtə ən çox dövlət torpaqları məruz qalır ki, bu torpaqların belə oğurlanması, dövlətə böyük və bağışlanmaz zərər vurur” [3, v. 119].
Mübahisəsiz mərzlənmiş torpaq sahələri isə kəndlilərə baha başa gəlirdi. Mərzləmə işi başa çatdırıldığı Quba qəzasının Qrız kəndi əhalisi 1901-ci ildə əvvəlki ilə nisbətən 4 000 rubl artıq vergi verməyə məcbur edilmişdilər. Kəndlilər həm də öz pay torpaq sahələrinin planlarını almaq üçün əlavə pul verməli idilər. Qrız kəndliləri planın sürətini almaq üçün birdəfəlik 707 rubl 70 qəpik pul vermiş və “pay torpaqlarının mərzlənməsi üçün 20 il müddətinə hər il həmin məbləğdə pul ödəməli idilər” [15, s. 198].
Bakı quberniyasında 1862-ci ildən başlnan mərzləmə işi çox ləng gedirdi. 1862-1889-cü illərdə Bakı quberniyası torpaq sahəsinin 0,1 faizi mərzlənmişdisə, 1893-cü ildə bu, 2,7 faiz təşkil etmişdi. Lakin sonrakı dörd ildə mərzləmə işi böyük sürətlə aparılmağa başlamışdı. Beləki, 1897-ci ilin yanvarın 1-nə olan məlumata görə artıq Bakı quberniyasında olan torpaq sahəsinin 47,6 faizi mərzlənmişdi [14, s. 9]. Mərzlənmənin sürətlə aparılması, gözlənilən islahatla bağlı olmuşdu. Onu da qeyd etmək yerinə düşərdi ki, islahat elan ediləndən sonra da Bakı quberniyasının xeyli torpaq sahələri hələ də mərzlənməmiş qalırdı. 1918-ci ilin yanvarın 1-nə olan məlumata görə təkcə Göyçay qəzasında 37 kəndin torpaq sahələrinin mərzlənməsi hələ də başa çatdırılmamışdı [13, v. 2; 16, s 141].
Torpaq sahələrinin mərzlənməsinin sürətlənməsi torpaq mübahisələri ilə bağlı ciddi çətinliklər yaradırdı. Ortaya çıxan torpaq mübahisələri isə məhkəmələrdə həddindən artıq gec həll olunurdu. Kənd məhkəmələrinin fəaliyyətində nəzarətsizlik saxtakarlığa, aldatmalara, özbaşına və qeyri-ciddi qərarların çıxarılmasına şərait yaradırdı. Belə hallar dairə məhkəmələrində də hökm sürürdü. Məhkəmələrdə işlərin çoxsaylı instansiyalardan keçməsi onların həllini gecikdirirdi. Barışıq və dairə məhkəmələrinin çıxardığı qeyri-qənaətbəxş qərarların yuxarı məhkəməyə - Tiflis məhkəmə palatasına təqdim edilməsi üçün 5 rubl 20 qəpik pul ödənilməli idi [18, s. 193]. Bakı dairə məhkəməsində 1900-1904-cü illərdə torpaq mübahisələri ilə bağlı 1843 məhkəmə işinin 104-nə qərar çıxarılmışdı ki, bunlar appelyasiya məhkəməsinə verilə bilərdi.
1897-ci il 6 noyabr tarixli çar fərmanına əsasən Cənubi Qafqazda torpaq sahələrinin torpaq sahiblərinin mülkləri kimi möhkəmləndirilməsi məqsədilə onlara şəhadətnamələrin verilməsi təsdiqləndi və belə şəhadətnamələrin verilməsi məhkəmələrə həvalə edildi [12, v. 2]. Gözlənilmədən verilmiş belə bir fərman torpaq sahələrinin mərzlənməsində yeni çətinliklər ortaya qoydu. Bakı quberniyası dövlət əmlakı idarəsi 5 noyabr 1900-cu ildə Əkinçilik və Dövlət Əmlakı nazirliyinin Qafqazdakı səlahiyyətlisinə yazırdı: “Mərzləmə üçün lazım olan sənədlər müxtəlif məhkəmələrdə və ayrı-ayrı vəzifəli şəxslərdədir və hazırda onlar haqqında məlumat əldə etmək mümkün deyildir” [7, v. 243-245 а.].
Məhkəmələrdə bir tərəfdən torpaq şəhadətnamələrinin alınması üçün təqdim olunmuş sənədlər, digər tərəfdən mərzlənmənin düzgün aparılmamasın-dan şikayət ərizələri toplanmışdı. Bu məhkəmələr bir ildə yalnız 13-20 şikayət ərizələri ilə bağlı qərarlar çıxarırdılar. Bakı dairə məhkəməsi 1900-cu ildə 21 926 desyatın 797 kv. sajen sahəsi olan 1 287 mübahisəli torpaq sahələrini əhatə edən 29, 1901-ci ildə 7 715 desyatin 740 kv. sajen sahəsi olan 238 mübahisəli torpaq sahələrini əhatə edən 26, 1902-ci ildə 7 119 desyatin 1 290 kv. sajen sahəsi olan 29 mübahisəli torpaq sahələrini əhatə edən 14, 1903-cü ildə 22588 desyatin 1500 kv. sajen sahəsi olan 125 mübahisəli torpaq sahələrini əhatə edən 13, 1904-cü ildə 9160 desyatin 1 823 kv. sajen sahəsi olan 164 mübahisəli torpaq sahələrini əhatə edən 22 işin həllinə dair qərar çıxarmışdı. 1905-ci ilin yanvar 1-ə olan məlumata görə məhkəmədə həll olunmamış 75 mərzləmə işi qalırdı. Həllini gözləyən həmin mübahisəli torpaqların sahəsi 50 min desyatinə bərabər idi [4, v. 29].
Bir sıra qəzalarda kənd cəmiyyəti üzvlərinin başqa (meşşan və s.) təbəqələrə keçməsindən sonra da bu “keçmiş” kəndlilər cəmiyyətin istifadəsindəki pay torpaqlarını qeyri-leqal yollarla öz əllərində saxlayır və bağlar salmaqla onları daçaya çevirirdilər. Bundan əlavə xüsusilə sənaye məqsədləri ilə zəbt edilmiş xəzinə torpaqları əvvəllər açıq satınalma yolu ilə əldə edilirdisə, indi bunun üçün məhkəmələrdən məharətlə istifadə olunurdu. Vergi müfəttişləri və Bakı quberniyası qəza rəislərinin 1903-cü il 16 iyun tarixli iclasında xəzinə cəmiyyətləri pay torpaqlarının xüsusi mülkiyyətə çevrilməsini qanunla tənzimlənmədiyi bildirilir və belə torpaq sahələrinin vergiyə cəlb edilməsi” [11, v 12 а. - 13] tələb olunurdu. Bəzi qaynaqların məlumatına görə Bakı quberniyasında bu yolla torpaq ələ keçirənlərin sayı 2 000 nəfərdən çox idi və onlar kənd cəmiyyətlərinin bölgüsü üzrə vergi verməkdən boyun qaçırır, özlərini xüsusi sahibkar hesab edirdilər [11, v. 13 аrx.].
Beləliklə, müxtəlif dövlət idarələrində xəzinənin pay torpaqları üzərində hüququn olmasını təsdiqləyən sənədlərin çatışmaması, mərzləmənin faktiki olaraq ləng aparılması, torpaq mübahisələrində yerli polis və məhkəmələrin qətiyyətsizliyi və korrupsiyalılığı [21, s. 5], rüşvətxorluğun və özbaşnalığın baş alıb getməsi xəzinə kəndlilərinin pay torpaq sahələrinin zəbt olunmasını asanlaşdırırdı və xəzinə kəndlilərinin minlərlə desyatin pay torpaq sahələrinin itirilməsinə şərait yaradırdı. Bu hal Bakı quberniyasında kənd əhalisinin çox böyük əksəriyyətini təşkil etdiyi xəzinə kəndlilərinin sosial-iqtisadi durumunu daha da ağırlaşdırırdı.

 

Ədəbİyyat
1. Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Arxivi, inventar 3 030.
2. Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Arxivi, inventar 4 028.
3. Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Arxivi, inventar 4189.
4. Azərbaycan Respublikası Dövlət Tarix Arxivi, fond 11, siy. 1, iş 325.
5. Azərbaycan Respublikası Dövlət Tarix Arxivi, fond 13, siy. 1, iş 98.
6. Azərbaycan Respublikası Dövlət Tarix Arxivi, fond 22, siy. 1, iş 1.
7. Azərbaycan Respublikası Dövlət Tarix Arxivi, fond 22, siy. 1, iş 43.
8. Azərbaycan Respublikası Dövlət Tarix Arxivi, fond 22, siy. 1, iş 1 066.
9. Azərbaycan Respublikası Dövlət Tarix Arxivi, fond 22, siy. 1, iş 1307.
10. Azərbaycan Respublikası Dövlət Tarix Arxiv, fond 22, siy. 3, iş 349.
11. Azərbaycan Respublikası Dövlət Tarix Arxivi, fond 43, siy. 3, iş 1 574.
12. Azərbaycan Respublikası Dövlət Tarix Arxivi, fond 54, siy. 1, iş 73.
13. Azərbaycan Respublikası Dövlət Tarix Arxivi, fond 56, siy. 1, iş 1 576.
14. Həsənova L.L. İslahatdan sonrakı dövrdə Azərbaycanda torpaq münasibətləri. Bakı: ADU, 1985.
15. İsmayılov M.Ə. XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda torpaq mülkiyyəti və torpaqdan istifadə formaları haqqında // Azərb. SSR EA Tarix İnstitutunun xəbərləri, 13-cü cild, 1958, s. 177-200.
16. Гасанов Г. Из истории Североазербайджанской деревни в конце XIX – начале XX вв. Баку: Тахсил, 2007.
17. Материалы для изучения экономического быта государственных крестьян Закавказского края. Т. 7, Тифлис, 1887.
18. Мильман А. Политический строй Азербайджана в XIX — начале ХХ веков. Баку: Азернешр, 1966.
19. Николаи А.П. Отчет по Главному управлению наместника Кавказского за первое 10-летие управления Кавказским и Закавказским краем князем Михаилом Николаевичем 6 декабря 1862 г.— 6 декабря 1872г.
20. Rusiya Dövlət Tarix Arxivi, fond 381, siy. 37, iş 647.
21. Туманов Г. Земельные вопросы и преступность на Кавказе. СПб.: 1900.

Açar sözlər: pay torpağı, zəbt, Bakı quberniyası, xəzinə kəndləri, Şimali Azərbaycan, Şamaxı qəzası

Key words: allotment land, seizure, Baku Governorate, state peasants, Northern Azerbaijan, Shamakhi district

Ключевые слова: надельная земля, захват, Бакинская губерния, казенные крестьяне, Северный Азербайджан, Шемахинский уезд


Севда Абдуллаева
О захвате надельных земель казенных крестьян Бакинской губернии в конце XIX – начале ХХ вв.
Резюме
В настоящей статье автором на основе многочисленных достоверных источников и материалов, собранных из литературы, предприняты попытки рассмотреть, проанализировать и сделать соответствующие выводы по одному из значительных социально-экономических процессов, а именно по захватам надельных земель казенных крестьян. Эти захваты, приводившие и еще большему расширению безземелья и малоземелья среди казенных крестьян получили в рассматриваемый период особенно широкий размах в казенных селениях вышеназванной губернии.

Sevda Abdullayeva
On the seizure of allotment lands of state peasants of the Baku Governorate in the late XIX - early XX centuries
Summary
In this article, the author, on the basis of numerous reliable sources and materials collected from the literature, attempts to review, analyze and draw the appropriate conclusions on one of the significant socio-economic processes, namely, on the seizure of allotment lands of state peasants. These seizures, which led to an even greater expansion of landlessness and land shortage among state peasants, were particularly widespread in the government settlements of the above-mentioned province during the period under review.

 

Sevda Abdullayeva
Lənkəran Dövlət Universiteti

 

 

"GEOSTRATEGİYA" jurnalı №03 (45) MAY-İYUN 2018


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
16-10-2018
15-10-2018
15.10.2018 Neft bahalaşıb
14-10-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.7074 san