12:00 17 İyul 2018
Çap versiyası
...

2003-cü il oktyabr ayının 15-də keçirilən prezident seçkilərində qalib gələn İlham Əliyev, Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi kursu uğurla davam etdirməyə başladı. Müasir dünyada müşahidə edilən yeni meyllər və geopolitik dəyişikliklər, bu kursda müəyyən dəyişikliklər etməyi, ölkəni qarşıda görünən təhlükələrdən vaxtında xilas etməyi tələb edirdi. İlham Əliyevin rəhbərlik etdiyi dövr bu baxımdan böyük uğurlar, siyasi, iqtisadi və sosial sabitlik, davamlı inkişaf, diplomatik, mədəni və idman arenasında qazanılan uğurlarla diqqəti cəlb edir. 90-cı illərin siyasi kataklizmlərindən sonra əldə edilmiş siyasi və sosial stabillik, inkişaf əhalinin bütün təbəqələri tərəfindən dəstəklənməkdədir.
Siyasi stabilliyin əldə edilməsi bir sıra amillər üzərində qərarlaşır. Ölkənin düzgün xarici və daxili siyasəti, beynəlxalq arenada qazandığı imic, regional qərarların verilməsində oynadığı rol, iqtisadi inkişaf və əhalinin rifahı kimi faktorlar ölkədaxili sabitliyin, əmin-amanlığın qarantı kimi çıxış edir. Bu baxımdan ölkədə baş verən dinamik inkişaf, bütün sahələri əhatə edən yüksəliş, hətta dünya maliyyə böhranına baxmayaraq, geniş xalq kütlələrinin sosial müdafiəsinin təmin ediməsi xalqla hakimiyyət arasındakı qarşılıqlı anlaşmanı və dəstəyi daha yüksək səviyyəyə gətirib çıxarır. Müasir dövrdə Azərbaycanda həyata keçirilən regionların sosial-iqtisadi inkişaf proqramları əhalinin məşğulluğunun təmin edilməsində müstəsna əhəmiyyətə malikdir. Sosioloji araşdırmalar da göstərir ki, pozucu qüvvələr öz təxribatlarını həyata keçirmək, müxtəlif radikal siyasi və dini qruplara adamlar toplamaq üçün ilk növbədə işsizlər ordusuna müraciət edirlər. Ölkədə həyata keçirilən iqtisadi layihələrin böyüklüyü və müxtəlifliyi hər təbəqədən olan insanlar üçün iş yerlərinin yaradılmasına imkan verməkdədir. Daimi gəlir yeri və sabit həyat tərzi olan vətəndaşların radikal müxalifətin və onların xarici havadarlarının çağırışlarına qulaq asmaması, əksinə, ölkə rəhbərliyinin apardığı siyasətə daha inamla yanaşması olduqca təbiidir [1. s.45].
Dövlətin güclü olması, beynəlxalq miqyasda qazandığı uğurlar da vətəndaşlarda sabaha inam yaradır, onların ölkə rəhbərliyinə olan etimadlarını daha da möhkəmləndirir. Ölkə əhalisi prezidentin öz qarşısına qoyduğu məqsədlərdə xalqın rifahını və dövlətin güclənməsini gördükdə, real işlərlə tanış olduqda, artıq heç bir əlavə təbliğat vasitəsinə ehtiyac qalmadığını söyləyə bilərik. Prezident İlham Əliyevin hakimiyyətdə olduğu illər ərzində apardığı mütərəqqi sosial siyasət, dövlətin qüdrətinin və nüfuzunun artırılmasına yönəldilmiş tədbirlər göz qabağındadır. Bu münasibətlə cənab prezident bildirmişdir: “Mənim bir məqsədim, bir amalım vardır. Bu, güclü Azərbaycan dövlətidir. Ulu öndərin bizə miras qoyduğu dövlətçiliyi möhkəmləndirmək, iqtisadiyyatı inkişaf etdirmək, Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirmək mənim əsas vəzifələrimdir və son 10 il ərzində çalışmışam ki, bütün istiqamətlər üzrə ölkəmizin uğurlu inkişafını təmin edim” [2].
Prezidentin bu sözlərinin arxasında böyük iqtisadi və sosial dəyişikliklər durur. Prezident İlham Əliyevin hakimiyyətdə olduğu 13 ildən artıq müddət ərzində ölkə iqtisadiyyatı 3 dəfədən çox böyümüşdür. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Prezident İlham Əliyevin hakimiyyətə gəlişindən indiyə qədər dövlət büdcəsi 20 dəfədən çox artmış, milyon nəfərdən çox insan üçün yeni iş yerləri açılmış, yoxsulluq səviyyəsi cəmi 6 faizə enmişdir. Ölkə boyunca yüzlərlə iri zavod və fabriklər açılmış, Azərbaycan iqtisadiyyatının inkişafı dünya səviyyəli fenomenə çevrilmişdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyası davam etdirilərək yeni enerji strategiyasına statusuna yüksəlmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin ardınca dünyanın ən böyük investisiya layihələrindən biri olan “Şahdəniz-2” proyektinə start verilmişdir. Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol ynayacaq TANAP və TAP kimi böyük kəmərlərin tikintisinə başlanmış, ölkəmizə çoxmilyardlıq investisiyalar qoyulmuş, yeni nəhəng konsorsiumlar yaradılmışdır. Bütün bu tədbirlərin nəticəsini öz həyatında hiss edən sadə vətəndaş hazırki sosial- iqtisadi siyasətin davam etdirilməsində maraqlı olduğu kimi, siyasi stabilliyin və sabitliyin qorunub –saxlanılmasını özünün təminatlı həyatının qarantı olaraq görməkdədir [3, s.49].
Prezident İlham Əliyevin rəhbərliyi altında iqtisadi inkişaf tempinə görə dünyanın lider dövlətlərindən birinə çevrilən Azərbaycan, sosial ədalət prinsipi əsasında əhalinin bütün təbəqlərinin bu inkişafdan öz payını almasına çalışır. Görülən tədbirlərin nəticəsində məcburi köçkün və qaçqınlar üçün salınan şəhərciklər, əhalinin aztəminatlı təbəqəsinin dövlət tərəfindən dəstəklənməsi siyasətinin yeridilməsi, kənd yerlərindəə yaşayan insanların məşğulluq və mədəni səviyyəsinin yüksəldilməsi ən yüksək səviyyədə icra edilməkdədir. Ölkədə nəhəng infrastruktur layihələri həyata keçirilir, yeni-yeni təhsil və sağlamlıq obyektləri tikilərək xalqın istifadəsinə verilir [4].
Əldə edilən iqtisadi nailiyyətlər digər sahələrdə də özünü göstərməkdədir. Artıq Azərbaycan ordusu nəinki regionda, ümumiyyətlə dünyada özünün döyüş qabiliyyəti ilə seçilir. Azərbaycan ordusuna ayrılan maliyyə vəsaitinin Ermənistanın dövlət büdcəsindən daha artıq olması faktı, düşmən qarşısında hərbi üstünlüyün əyani göstəricisidir. Müasir dövrdə ordunun texniki təminatının yüksək səviyyədə olması, müasir silah və ləvazimatlarla təchiz edilməsi qələbə üçün zəruri şərtlərdən birincisi sayılır. Güclü orduya malik Azərbaycan tərəfi danışıqlar prosesində də öz şərtlərini diktə edir, hərbi qüdrəti ilə düşməni və onun havadarlarını daima qorxu içərisində saxlayır. Eyni sözləri beynəlxalq münasibətlərdə qazanılan uğurlara da şamil etmək olar. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi prezident İlham Əliyevin rəhbərlik etdiyi xarici siyasət kursunun böyük zəfəri kimi xalq tərəfindən qarşılanmışdır. Bu gün dünya dövlətlərinin əksəriyyəti Azərbaycanın haqq işini dəstəkləyir, təcavüzkarın işğal etdiyi torpaqlardan çıxmasını tələb edir.
Azərbaycanın beynəlxalq miqyasda uğurlarının digər göstəricisi mədəniyyət və idman sferasındakı nailiyyətlərdir. Dünya mədəniyyəti irsinin qorunmasında, ekoloji tədbirlərin həyata keçirilməsi və maliyyələşdirilməsində, Avropanın maddi-mədəniyyət abidələrinin bərpasında Azərbaycan Respublikası tərəfindən göstərilən yardımlar mühüm əhəmiyyətə malikdir. Müasir dünyada hər hansı bir ölkənin müsbət imicinin yaradılması onun mədəni fəaliyyəti ilə birbaşa bağlıdır. Avroviziya müsabiqəsinin Bakıda yüksək səviyyədə təşkil edilməsi Azərbaycanın qonaqərvər, müasir və zəngin ölkə imicinin formalaşmasında böyük rol oynadı [5]. Bakı-2015 Birinci Avropa Oyunlarından sonra qonaqlar ölkəmizdən xoş təəssüratlarla ayrıldılar. Təbii ki, belə böyük tədbirlərin keçirilməsi üçün yalnız müvafiq infrastruktur kifayət deyil, eləcə də təhlükəsizlik şərtləri təmin edilməli, ölkə daxilində siyasi stabillik yaradılmalıdır. Yalnız bu şərtlərə əməl olunduğu təqdirdə, nüfuzlu beynəlxalq qurumlar böyük idman və mədəni tədbirlərin keçirilməsinə razılıq verirlər. Hazırda Azərbaycan Respublikası beynəlxalq aləmdə ən stabil və tolerant mühitə malik dövlətlərdən biri kimi tanınır. Kifayət qədər qeyri-sabit və ziddiyyətli regionda yerləşməsinə, qonşu Ermənistanın hərbi təcavüzünə baxmayaraq, ölkəmizdə siyasi və sosial sabitliyi qoruyub saxlamaq mümkün olmuşdur və ölkə rəhbərliyi gələcədə də bu sabitliyin təmin edilməsinin qarantı kimi çıxış edir.
Məlum olduğu kimi, respublikada hökm sürən sabitliyi pozmaq cəhdləri müəyyən dairələrin təhriki ilə dəfələrlə göstərilmişdir. “Beşinci kolon” adlanan qüvvələr, beynəlxalq təşkilatların maliyyə yardımları ilə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, bir sıra radikal siyasi partiyalar və hərəkatlar ölkədə hökm sürən sabitliyin aradan qaldırılması, xaos və anarxiya yaradılması məqsədilə dövlətə və xalqa qarşı cinayətlərə təhrik ediliblər. Buna misal olaraq 2003-cü ilin prezident və 2005-ci ilin parlament seçkilərini göstərmək olar [6, s.76].
2003-cü ilin prezient seçkilərində İlham Əliyevin inamlı qələbəsiylə barışmaq istəməyən müxalifətin radikal qanadının fəalları ölkədə pozuculuq fəaliyyətinə başladılar. Paytaxt Bakıda ictimai asayişi pozmaq üçün müxtəlif təxribatlara əl atıldı, əhalinin geniş kütlələri tərəfindən dəstəklənmək effekti yaradılması üçün hadisələrin episentrinin Azadlıq meydanına keçirilməsi planı həyata keçirilməyə başladı. Lakin hüquq-mühaizə orqanlarının qətiyyətli və dəqiq tədbirləri bu planları pozdu, müxalifətin radikal qanadının hazırladığı çevriliş taktikası uğursuzluqla başa çatdı. Bu hadisədən sonra Azərbaycan xalqının müxalifətə simpatiyası olan hissəsi də hakim Yeni Azərbaycan Partiyası ətrafında sıx birləşdi, ölkədə prezidentlə xalq arasında qarşılıqlı inam ab-havası hökm sürməyə başladı.
2005-ci il parlament seçkiləri ərəfəsində avantürist qüvvələr xarici havadarlarının dəstəyinə arxalanaraq yenidən populist şüarlar irəli sürməyə başladılar. Regionda cərəyan edən “rəngli inqlablar”, Ukraynada və Gürcüstanda baş vermiş hakimiyyət dəyişiklikləri onlarda da hakimiyyətə gələcəkləri ilə bağlı illüziyalar yaratmışdı. Qərb ölkələrində yerləşən müxtəlif media strukturları və beynəlxalq təşkilatlardan dəstək alaraq, Azərbaycanda da “narıncı inqilab” etmək niyyətinə düşmüş radikal müxalifətçilər, bu dəfə də uğursuzluğa düçar oldular. Seçkilərdə xalqın mövcud hakimiyyətə göstərdiyi dəstək, eləcə də ölkə rəhbərliyinin “rəngli inqilab” texnologiyalarına qarşı tətbiq etdiyi uzaqgörən gedişlər onların labüd məğlubiyyətinə gətirib çıxardı. 2005-ci il parlament seçkilərini radikal müxalifətin tabutuna vurulan sonuncu mismar da hesab edə bilərik. Xalqın dəstəyini itirən müxalifət qüvvələri tədricən parçalanaraq siyasi səhnəni tərk etdilər, marginallaşdılar və hakimiyyət iddialarından birdəfəlik əl çəkmək məcburiyyətində qaldılar. Azərbaycan xalqı bütün bu çirkin niyyətlərə yox dedi, Azərbaycan iqtidarını dəstəklədi və bu gün bu dəstək bizim əsas güc mənbəyimizdir. Xalq ilə iqtidar arasındakı birlik Azərbaycanda sabitliyin qarantıdır. Bizim bütün uğurlarımıza xor baxanlar da bunu bilsinlər. Biz heç kimin qabağında gözükölgəli deyilik və öz sözümüzü deyirik, deyəcəyik. Azərbaycanın müstəqil həyatını təmin edəcəyik.” [8]
Yeri gəlmişkən qeyd etməliyik ki, bəzi hallarda regionlarda baş verən sosial münaqişələrdən hakimiyyətə qarşı istifadə etmək cəhdlərinə də rast gəlinir. Xaricdən maliyyələşən bəzi KİV əməkdaşları belə hadisələrə təxribatçı mövqedən yanaşaraq, yerli əhali arasında olan məişət qarşıdurmalarını siyasi etiraz aktı kimi qələmə verməyə çalışır, bununla da xarici havadarlarından növbəti qrantları əldə etməyi hədəfləyirlər [9]. Buna misal olaraq, Quba və İsmayıllı rayonlarında baş verən və əslində məişət məzmunu daşıyan lokal qarşıdurmaları göstərə bilərik. Avropa ölkələrində baş verən polis-vətəndaş qarşıdurmaları ilə müqayisədə, olduqca kiçik miqyas daşıyan bu hadisələri şişirtmək cəhdləri də fayda verməmişdir.
Radikal dini meyllər, terrorçuluq, dövlət maraqlarına zidd olan dini ideyaların yayılması hallarının qarşısı hüquq-mühafizə orqanları tərəfindən qətiyyətlə alınmaqdadır. Belə ünsürlərin Azərbaycan xalqı tərəfindən dəstəklənməsi hallarına rast gəlinmədiyi üçün, uzunmüddətli perspektivdə dini radikalizm meyllərinin artacağı istisna olunur [10].
Azərbaycan Respiblikası öz müstəqilliyini çox çətin şərtlər altında əldə etmişdir. 90-cı illərin əvvəllərində ölkəmizdə hökm sürən xaotik situasiya, hakimiyyət dəyişiklikləri, Ermənistanın hərbi təcavüzü, 1 milyondan artıq qaçqın və məcburi köçkün ölkədə ictimai-siyasi vəziyyəəti dözülməz həddə çatdırmışdı. 1993-cü ildə o zaman hakimiyyətdə olan AXC-Musavat cütlüynün yarıtmaz siyasəti nəticəsində ölkə parçalanma və vətəndaş müharibəsi təhlükəsi illə üzə-üzə qaldı [11] .
Belə bir ağır şəraitdə Azərbaycan xalqı taleyüklü qərar qəbul edərək, təkidli tələblərlə ümummilli lider Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra atəşkəs müqaviləsi imzalandı, ordu quruculuğuna başlanıldı, “Əsrin Müqaviləsi” imzalandı. İqtisadiyyat bərpa edilməyə başladı.
Azərbaycandakı siyasi stabilliyi, iqtisadi inkişaı və çiçəklənməni gözü götürməyən daxili və xarici qüvvələrin pozuculuq və təxribatçılıq tədbirləri həmişə uğursuzluqla sona çatmışdır. Siyasi stabilliyi pozmağa yönəldilmiş siyasi, dini, etnik ekstremizm meyllərini xalq kütlələri rədd etmiş, dövlət başçısının apardığı siyasi kursu dəstəkləmişlər. Bu səbəbdən də Azərbaycanda “rəngli inqilab” texnologiyalarının tətbiqi, göstərilən bütün səylərə baxmayaraq, mümkün olmamışdır.


Ədəbİyyat
1. Затулин Константин: Цветные революции вызваны глубоким кризисом новых независимых государств // Кремль.org: ежедн. интернет-изд. 2005, 5 июля. URL <http://www.kreml.org/other/91068294>
2. http://yap.org.az/az/view/pages/51
3. Həsənov Ə., Müasir Beynəlxalq Münasibətlər və Azərbaycanın Xarici Siyasəti, Bakı, 2005
4. http://www.respublica-news.az/index.php/dig-r-x-b-rl-r/dig-r-x-b-rl-r/item/1831-khalgimizin-mustaegillik-yolunda-apardighi-mubarizaenin-bunoevraesi
5. http://www.respublica-news.az/index.php/dig-r-x-b-rl-r/dig-r-x-b-rl-r/item/1831-khalgimizin-mustaegillik-yolunda-apardighi-mubarizaenin-bunoevraesi
6. Mehdiyev R. Vətəndaş cəmiyyətinə yol açan ideyalar. Bakı: Polygraphic Production 2006, 583 s.
7. http://www.president.az/articles/16220
8. Stephen Kellert, “Chaos Theory and Social Sciences”, http://web.hamline.edu/skellert/sample.htm
9. Bardos A. Public Diplomacy: An Old Art, a New Profession // Virginia Quarterly Review. Summer 2001 // http://www.vgranline.org
10. Müstəqil Azərbaycan Respublikası ulu öndər Heydər Əliyevin şah əsəridir.http://metbuat.az/news/260678/musteqil-azerbaycan-respublikasi-ulu-onder-heyder-eliyevin-s.html.
11. http://www.president.az/articles/16220

Açar sözlər: xaos, müasir beynəlxalq vəziyyət, ölkədaxili sabitlik, Azərbaycanın xarici siyasəti.

Ключевые слова: хаос, современная международная обстановка, внутренняя стабильность, внешняя политика Азербайджана.

Key words: chaos, modern international situation, internal stability, foreign policy of Azerbaijan.

Резюме
Азербайджанская Республика обрела независимость в очень сложных условиях. Хаотическая ситуация в начале 1990-х годов, частые смены власти, военная агрессия Армении, наличие более 1 миллиона беженцев и вынужденных переселенцев были причиной тяжелой социально-политической ситуации. Но четкий внешний и внутренний политический курс страны, завоеванный позитивный имидж на международной арене, роль, которую республика стала играть в принятии региональных решений, экономическое развитие и рост благосостояние населения, послужили гарантом стабильности в стране.

Summary
The Republic of Azerbaijan gained independence in very difficult conditions. The chaotic situation in the early 1990s, changes in the government, the military aggression of Armenia, more than 1 million refugees and internally displaced persons in the country made the socio-political situation unbearable. But the country's foreign and domestic policy, it’s image in the international arena, the role it plays in the adoption of regional decisions, economic development and welfare of the population, served as a guarantor of stability in the country.

 

 

Bəhruz Nəzərov
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

 

"GEOSTRATEGİYA" jurnalı №03 (45) MAY-İYUN 2018


 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
16-10-2018
15-10-2018
15.10.2018 Neft bahalaşıb
14-10-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.7596 san