12:57 20 İyul 2018
Çap versiyası
...

Xaçmaz Gömrük İdarəsinin əməkdaşları hava gəmilərində istifadə edilən külli miqdarda cihazın ölkə ərazisindən qanunsuz yolla aparılması cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən  bildirilib ki, həmin cihazlar cinayətkar qrupun üzvü tərəfindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasından Rusiya Federasiyasına aparılarkən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda aşkar edilib. Fakt əsasında Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə cinayət işinin istintaqı aparılıb.

İstintaq nəticəsində cinayətkar qrupun 4 üzvü, Azərbaycan Respublikasının vətəndaşları - Qarayev Ələddin Fəyyaz oğlu, Əhmədov Fərman Allahyar oğlu, Mehdiyeva Südabə Gülməmməd qızı və Rusiya Federasiyasının vətəndaşı Axundov İdris Nəsib oğlu təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddə ilə onlara ittiham elan edilib və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaqla müəyyən edilib ki, İdris Axundov hava gəmilərində istifadə edilən külli miqdarda cihazı Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmək barədə Ələddin Qarayev, Fərman Əhmədov və Südabə Mehdiyeva ilə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib.

Əldə edilən razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Ələddin Qarayev Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilərək Rusiya Federasiyasına göndərmək məqsədilə ümumilikdə 68 adda cihazı yaşadığı Ağcabədi rayonunun Qaradolaq kəndindən Bakı şəhərinə, Fərman Əhmədova göndərib.

Fərman Əhmədov isə həmin malları Bakı şəhərinin Qaradağ rayonu ərazisindəki “Sədərək” bazarında Südabə Mehdiyevaya təhvil verib. Nəhayət, həmin mallar sonuncu şəxs tərəfindən ölkənin gömrük sərhədindən bəyan etmədən qaçaqmalçılıq yolu ilə keçirilərkən gömrük əməkdaşları tərəfindən aşkarlanaraq götürülüb.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Sabah hava necə olacaq?
14:06 15.10/2018
 
Xəbər başlıqları
16-10-2018
15-10-2018
15.10.2018 Neft bahalaşıb
14-10-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
5.1563 san