15:23 14 Avqust 2018
4202 dəfə oxunub
Çap versiyası
Reyhan Mirzəzadə
Publisist-politoloq

 

Nina Çavçavadze  böyük məhəbbətin heç vaxt ölmədiyinin sübutu olaraq  sədaqət, vəfa simvolu kimi tarixə düşüb. Bu əbədi sevgi tarixi 1828-ci il avqustun 22-də rəsmiləşib. Həmin gündən 190 il ötür.

 

“Qriboyedov – çox nəhəng ağıl  və gözqamaşdırıcı qabiliyyətlər sahibi bir insan... O, yeganə bir təzahür olaraq  meydana çıxıb. Bəlkə də onunla yanaşı heç kəsi qoymaq olmaz”.

                                                                    Anatoli Vasilyeviç Lunaçarski

 

Deyirlər, şair Aleksandr Sergeyeviç Puşkin Qriboyedovun hələ təzə olan məzarına baş çəkmiş və onun qarşısında diz çökmüşdür, ayağa qalxanda isə onun gözlərində yaş parlamışdır.

 

“Qriboyedovun zövcəsi Nina Aleksandrovna  Çavçavadze ötən yüzilin ən parlaq qadınları sırasına  daxildir. Öz ləyaqətinə  görə  o, Nekrasovun  rus  dekabristləri  xanımlarının  qəhrəmanlığını  təsvir  etdiyi  “Rus qadınları” poemasında  yer tuta bilərdi. Bu qadının həssas sevgisi və ərinin xatirəsinə  sədaqəti fədakarlığın  və şəxsi qəhrəmanlığın nadir misalı kimi indiyədək  rus və gürcü ədəbiyyatında qeyd olunur”.

         (Tanınmış gürcü şairi, rus  şairlərinin dərin bilicisi,  sevdalısı və  tərcüməçisi Titsian Tabidzenin 1929-cu ildə  Nina Çavçavadze- Qriboyedova  haqqındakı məqaləsindən)

 

Zəngin və məşhur əsilzadə ailəsinə mənsub olan Aleksandr Sergeyeviç Qriboyedov 1795-ci il yanvarın 15-də Moskvada anadan olub. Atası  sekund-mayor Sergey İvanoviç, anası Nastasiya Fyodorovna övladları Aleksandra  və  Mariyaya  zadəgan ənənələrinə uyğun olaraq, müasir təhsil verməyə çalışırdı. Aleksandra fransız dili ilə bərabər, latın və alman dilləri də öyrədilirdi ki, bu da ona qərbin ədəbi xəzinəsi ilə yaxından tanış olmağa kömək edirdi. Qriboyedovun ilk müəllimi görkəmli ensiklopediyaçı alim İvan Daniloviç  Petrozilius olmuş və o, musiqi dərslərini o qədər gözəl təşkil etmişdi ki, Aleksandr Sergeyeviç musiqinin nəzəri cəhətlərini də mükəmməl öyrənə bilmişdi.

Aleksandr kiçik yaşlarından o zamanın ən yaxşı məktəbi sayılan Moskva Universiteti yanında Nəciblər Leyli məktəbinə daxil olmuşdu. Görkəmli rus şairi, yazıçısı, maarifçisi  Mixail  Matveyeviç  Xeraskov tərəfindən təsis edilən bu məktəbin məqsədi gənc zadəganları hərbi və mülki xidmətə hazırlamaq idi.

On iki yaşında ikən Aleksandr Moskva  Universitetinə dinləyici kimi qəbul olunmuşdur. Dərdə həmişə mürəbbisi, hüquq elmləri doktoru Boqdan İvanoviç İonla bərabər gedən Qriboyedova tələbəlik həyatı gözəl təsir bağışlayırdı. Bu təhsil ocağında tanınmış rus alimləri işləyirdi. Ədəbiyyat fakültəsində natiqlik və poeziya kafedrasının müdiri rus şairi, tənqidçi və tərcüməçisi, fəlsəfə doktoru, professor Aleksey Fyodoroviç Merzlyakov Qriboyedova olduqca böyük təsir göstərirdi. O, burada biliyini artırır, istedadını inkişaf etdirir, zehni əməyə və elmi məsələləri ətraflı tədqiq etməyə alışırdı.

Artıq iki ildən sonra ədəbiyyat elmləri namizədi adını alan Qriboyedov, əxlaq və siyasi elmlər fakültəsinə daxil olub, 1810-cu ildə hüquq elmləri namizədi adına layiq görülür.

1812-ci ildə Qriboyedov universiteti bitirir. 17 yaşında o, artıq bir neçə xarici dil- fransız, ingilis, alman və italyan dillərini gözəl mənimsəmişdi. Professor Demonşdan ərəb və fars dillərini öyrənməyə başlamışdı.

Lakin həmin ildə müdhiş hadisələr baş verir. Napoleonla müharibənin qızğın dövründə hökumət Moskva Universitetinin tələbələrinə müraciətnamə göndərir.Qriboyedov könüllü olaraq qraf Sergey Vladimiroviç Saltıkov tərəfindən təşkil edilən qusar alayına daxil olur.1812-ci ildən 1815-ci ilə qədər ordu sıralarında xidmət edən Qriboyedov, şəxsən döyüşlərdə iştirak etməsə də, ordu üçün yaxşı süvarilər hazırlanmasına yaxından kömək edir. O, eyni zamanda müxtəlif qəzet və jurnallara məqalələr yazır. Aleksandr Sergeyeviçin mətbuatda ilk çıxışı 1814-cü ilə aiddir ki, həmin il “Vestnik Yevropı” jurnalında onun “Brest-Litovskidən nəşruyyatçıya məktub” adlı məqaləsi çap olunmuşdur. Daha sonra Qriboyedov “Süvari ehtiyat hissələri haqqında” adlı məqaləsində vətənini, xalqını sevən və onun zəkası ilə düşünən publisist kimi çıxış edir.

Qriboyedov hərbi qulluqdan istefaya çıxdıqdan sonra ədəbi yaradıcılıqla daha çox məşğul olur. Fransız şairi, dramaturqu və ictimai-siyasi xadimi Oqyust Kryöze de Lesserin “Ailə sirri”, fransız dramaturqu Nikola  Toma Bartın “Yalançı xəyanət” komediyalarının tərcümələri, rus şairi, dramaturqu, tənqidçi və tərcüməçisi Pavel Aleksandroviç Kateninlə birlikdə yazdığı “Tələbə” komediyası, rus dramaturqu və teatr xadimi Aleksandr Aleksandroviç Şaxovskinin xahişi ilə onun “Mənim ailəm” komediyasına etdiyi əlavələr, bir sıra şeir və məqalələri məhz həmin illərin məhsulu idi. 1815-ci ildə onun “Gənc ər-arvad” adlı tərcümə əsəri Peterburq teatrında tamaşaya qoyulmuşdu.Bütün bunlar gənc və istedadlı Qriboyedovu qısa bir zamanda mütərəqqi cəmiyyətdə tanıtdı və İ.Yakuşkin, A.Yakuboviç, Muravyovlar, P.Çaadayev, V.Küxelbeker, N.Qreç, A.Puşkin, N.Xmelnitski, A.Jandr, K.Rıleyev, A.Bestujev-Marlinski, M.Bestujev-Ryumin, S.Trubetskoy, A.Odoyevski və dövrün başqa görkəmli, azadfikirli qabaqcıl şəxsiyyətləri ilə yaxınlaşdırdı. Onu da deyim ki, Qriboyedov rus tarixində qəhrəmanlıq mövzusu ilə bərabər, başqa xalqların şifahi xalq ədəbiyyatından alınmış mövzular əsasında da bir neçə dəyərli əsərlər yazmışdır. “1812-ci il”, “Rodamist və Znobiya”, “Gürcüstan gecəsi” və s. əsərlər buna misal ola bilər. Ədib eyni zamanda M.V.Lomonosov haqqında “Bilicinin gəncliyi”, ruslarla polovestlərin mübarizəsini əks etdirən “Sercan və İtlyar” dramlarını yazmaq üçün planlar hazırlamışdı. Lakin onun “Ağıldan bəla”sı Puşkinin “Onegin”i ilə bərabər, rus həyatının bədii təsvirini verən ilk nümunəvi əsər oldu.

Universiteti bitirdikdən sonra, 1817-ci ildə  Qriboyedov Peterburqda xarici işlər Kollegiyasında  işə girir və burada xidmət edən Aleksandr Sergeyeviç Puşkinə görüşür. Müasirlərindən biri yazır ki, Puşkin Qriboyedovu ilk dəqiqələrdən sevir, onun parlaq zəkasını, ağlını, istedadını layiqincə qiymətləndirir. Puşkin Qriboyedovu rus xalqının nadir şəxsiyyətlərindən hesab edir.

1818-ci ilin iyulunda Aleksandr Sergeyeciç Qriboyedov İrandakı rus diplomatik nümayəndəliyinin katibi təyin olunur.

Qafqaz səfərindən bir az əvvəl Qriboyedov öz yaxın yoldaşlarından biri olan Stepan Beqiçevə yazır: “...Təsəvvür et ki, məni mütləq harasa göndərmək istəyirlər, səncə hara göndərsələr yaxşıdır?!- İrana, özü də orada yaşamalıyam .Nə qədər boyun qaçırıramsa, bir şey çıxmır...”. Bəzi mənbələrin qeydinə görə, əslində Qriboyedov 1818-ci ildə böyük hay-küyə səbəb olan bir dueldə sekundant kimi iştirak etdiyi üçün cəza olaraq İrana xidmətə göndərilirdi.

Aleksandr Sergeyeviç Qriboyedovun öz dostlarına yazdığı məktublarında onun şəxsiyyətinə xas olan nəcib keyfiyyətlər: səmimiyyət, mərdlik, qayğıkeşlik, yoldaşlıqda sədaqət və prinsipiallıq özünü qabarıq şəkildə büruzə verir. Bu məktublardan birini yada salmaq yerinə düşər.5 sentyabr 1818-ci ildə Qriboyedov Beqiçevə yazır: “Sən evdəki kazarma qottentotlarından şikayətlənirsən, bu həmişə ağıllı adamların qisməti olmuşdur; mənim əzizim, ömrün çox hissəsini axmaqlarla keçirmək! Heç bilirsənmi onlar hər yanda necə boldur! Az qala soldatlardan da boldur. Nəhayət, Moskvadan birtəfər əkildim. Səninlə Peterburqda göz yaşı ilə vidalaşdığım kimi, burada da eyni səhnəni təkrar etməli oldum; axı başqa cür də olmazdı: anamla bacım öz meyllərini  mənə o qədər salmışlar, o dərəcədə mənə bağlıdırlar ki, mən onların bu məhəbbətinin əvəzində lazımi istiqanlılıq  göstərməsəm, daşqəlblik etmiş olardım. Onlar üçün ən böyük təsəlli mənimlə bir yerdə olmaq, mənimlə birgə yaşamaqdır.Yox! Mən xudpəsənd olmayacağam. İndiyə qədər mən ancaq sözdə oğul və qardaş olmuşam; İrandan qayıdandan sonra isə işdə, həqiqətdə oğul və qardaş olacağam, öz ailəm üçün yaşamağa başlayacağam, onları özümlə götürüb Peterburqa gətirəcəyəm. Moskvada hər şey mənim istədiyim kimi deyildir. Oradakı kefcillik, zinət-bəzək düşkünlüyü adamlarda heç bir xeyirxahlığa, yaxşılığa meyl qoymamışdır. Keçmişdə orada musiqiyə meyl göstərirdilər, indi onu da gözdən salıblar; heç kəsdə incə və nəcib şeyə həvəs yoxdur, bir də axı məsəl var: “Heç kəs öz elində, öz yurdunda, öz evində peyğəmbər olmur”. Mənim elim, əqrabam, evim Moskvadadır. Oradakıların hamısı məni bir Saşa kimi, əzizbala kimi tanıyırlar.

...Mənim əzizim... sən mənim qəlbimdə xeyirxahlığa məhəbbət kimi elə bir keyfiyyət oyatdın ki, ancaq o vaxtdan etibarən mən namuslu olmağın və insan qəlbinin əsl gözəlliyi olan hər şeyin qədir-qiymətini bilməyə başladım... Sənin yanında olanda əxlaqca  saflaşıram, xeyir əməl sahibinə dönürəm. Əgər məndən yaxşı oğul çıxarsa, bunun üçün anam sənə minnətdar olmalıdır...”.

Bu səmimi etiraflarla dolu sətirləri öz ürək dostu ilə vidalşarkən yazan Qriboyedov, at arabasında üç min kilometrdən çox olan Moskva-Tiflis səfərinə çıxır.Oktyabr ayında Qriboyedov Mozdoka yetişir.Qafqazın başı qarlı qocaman dağlarının əzəmətli görkəmi şairin qəlbində dərin izlər buraxır.Lakin o, öz təəssüratını şeirlə deyil, məşhur bir əfsanəni xatırlamaqla ifadə edir: “Mozdokdan Tiflisə  gedirik. Başımızın üzərindən qartallar uçur. Onlar Prometey bağrını didənlərin nəslidir...”.

Şair-yazıçı birinci səfərində 28 nəfər müşaiyətçi atlı dəstəsi ilə Borçalı yolu ilə  gedib Xram çayının sahilinə yetişir. Qriboyedovun diqqətini ilk cəlb edən şey Xram çayı üstündə rəvayətə görə romalılar tərəfindən salınmış tağlı körpü olur. O, səfər gündəliyində (31 yanvar 1918-ci il) yazır: “Körpü gözümü aldı, hər tərəfini gəzdim; kərpicdəndir.Tağları məharətlə vurulmuşdur; müəzzəmdir! Çay, körpünün ancaq yarısını döyür, o biri yarısı karvansaradır, daha doğrusu, yarıuçuq karvansaraya qatılmış yeni bir tikilidir; körpünün dörd tağdan ibarət olan o biri hissəsinin çox zərif bir zövq ilə tikilməsi mənim bu fikrimi təsdiq edir. Körpünü quraşdıran mütləq tənazürdən xəbərdar imiş...Bu körpüdən bir neçə sajen uzaqda başqa bir körpünün özülü qoyulmuşdur.Özülü sal daşdan qoyulmuş bu ikinci körpü yəqin ki, daha əzəmətli olmalı imiş. Ancaq başa düşmürəm, niyə birinci körpüyə bu qədər yaxın qurulub və niyə bu vaxta qədər tikilib qurtarmayıb; bir də belə bir kiçik çaydan keçmək üçün bu qədər zəhmətin səbəbini anlaya bilmirəm.Halbuki qədim Kür çayı üstündə buna bənzər heç bir şey yoxdur.Necə olursa-olsun, Sınıq körpü və ya ruslar dediyi kimi, “Qırmızı körpü” buranın şahlarından birisinin və ya gözəl sənətkarlıq həvəskarı olan Səfəvilərin yaxşı çağlarının şahididir”.

Özünün yazdığı kimi, Qriboyedov çayın üstündəki körpünü gözəl memarlıq əsəri kimi qiymətləndirir və məktubunda onu “Sınıq körpü” adlandırır. Nümayəndəliyi müşaiyət edən azərbaycanlı süvarilərin at çapmalarından xoşlanır. Atlılar talalardan cəldliklə ötür, xəndək və kolluqlardan keçir, dağlaracan çapır, havaya güllə atır və “Min bir gecə”dəki padşahın Kəşmir sultanının nişanlısını bir göz qırpımında atın belinə qoyub buludlara qalxması kimi duman içində yox olurlar”.

Sonra  Qazağın içindən ötüb Dilican dərəsi istiqamətində İrəvana yola düşürlər. Qriboyedov bu barədə 1819-cu il 2 fevral tarixli məktubunda yazır: “...Dörd gündür ki, atlı-eşşəkli Tiflisdən yola düşmüşük, İrəvana çatmağa üç günlük yol qalır; bizi Dilican dərəsi ilə çox qorxudurlar...”.

Qriboyedov 1819-cu ilin sentyabrında İrandan qayıdır.O, əsir düşmüş rus əsgərlərinin bir dəstəsini müşiyət edir. Sentyabrın 4-də Təbrizdən yola düşən dəstə 6 gündən sonra Naxçıvana yetişir.Qriboyedov Naxçıvandan Tiflisə kəsə yolla getməyi qərara alır. O, yazır: “Biz dağlara qalxdıq, bir neçə saatlıq yoldan sonra zənnimcə, dörd yarım fərsəng keçib, məşhur İlan qayaları yanına çatdıq; biz burada Qazançı adlanan kəndə qalxdıq”.

İlan dağı, Qazançı kəndi Naxçıvanın Culfa rayonu ərazisində yerləşir.Deməli, Qriboyedov həmyerlilərini Naxçıvan-Əlincə çayı boyu Qazançı kəndi istiqamətində müşaiyət etmiş, sonralar Qarabağ və Gəncədən keçib Tiflisə gəlmişdir. Bu çətin, lakin qısa yol idi.

Azərbaycan xalqının görkəmli alimi, filosofu, yazıçısı, şairi, tarixçisi, şəqrşünası, maarifpərvər övladı Abbasqulu ağa Bakıxanov 1820-ci ildən Tiflisdə  general  Aleksey Petroviç Yermolovun başçılıq etdiyi Qafqaz ordusunun baş komandanlıq idarəsində məsul işdə çalışırdı. İranda bir müddət işlədikdən sonra geri dönən Qriboyedov, 1821-ci ilin sentyabrından 1823-cü ilin martına qədər heç yerə getmədən Tiflisdə yaşamış və Bakıxanovla həmin vaxtlar  tanış olmuşdu.

V.Həbiboğlunun bu barədə maraqlı qeydləri diqqətimi cəlb edir. Müəllif yazır ki, Abbasqulu rus dilini öyrənməyə xüsusi fikir verirdi. O, görürdü ki, bu dili mükəmməl bilməsə, tərcüməçilik fəaliyyəti məhdudlaşa bilər.Onun rus zabitlərindən olan dostları arasına daha bir dost əlavə olundu. Mirzəcan Mədətovun məclisində iştirak edən bir nəfərlə onu tanış etdilər. Sonralar bu tanışlıq möhkəm dostluğa çevrildi.  Bu, Aleksandr Qriboyedov idi.  Abbasqulu onun adını çox eşitmişdi, lakin ilk dəfə idi ki, özünü görürdü.

A.Qriboyedovla tanışlıq Abbasqulunun qəlbində xoş hisslər yaratmışdı. O, rus ədəbiyyatı və diplomatiyası tarixində mühüm xidmətləri olan bu sadə rus zabiti ilə tez dil tapa bildi.  Əslində Abbasqulu da A.Qriboyedovun xoşuna gəlmişdi. Onlar şair kimi bir-birini yaxşı başa düşürdülər.

...Həmin gün Abbasqulu Aleksandr Qriboyedovla xeyli söhbət etdi.  O sadə insanın səmimiliyi, Şərq poeziyasına vurğunluğu  onu valeh etmişdi.  O, fars dilində şeirləri xüsusi  vurğu ilə deyirdi, dili çətinliklə yatsa da, fars dilində şeirlər onun ləhcəsində Abbasquluya xoş təsir bağışlayırdı. Abbasqulunu fikir götürmüşdü: “Görəsən Aleksandr Sergeyeviç Rusiyada fars dilini necə öyrənib? Bəlkə heç Rusiyada deyil, İranda öyrənib? Axı o İranda bir qədər işləyib, müxtəlif şəhərləri gəzib. Yox, bu az müddətdə dili belə öyrənmək olmaz”

Bu fikirləri beynindən keçirdikcə, Abbasqulu öz suallarına cavab tapa bilmirdi. Aleksandr Sergeyeviç isə sanki öz məharətini nümayiş etdirirdi. Sədi Şirazinin “Gülüstan”ından hekayətlər danışır, fars dilində şeirlər oxuyurdu.

Abbasqulu da yeri gəldikcə söhbətə müdaxilə edir, özü də hiss etmədən həmsöhbətini öz təfəkkürü, yaddaşı və məntiqi ilə heyrətləndirirdi.

Aleksandr Qriboyedov sanki Abbasqulu ağanın qəlbindən keçənləri duyurmuş kimi dedi:

–Abbasqulu ağa, yəqin ki, mənim farsca danışmağım səni təəccübləndirir, özlüyündə fikirləşirsən ki, mən bu dili harda, necə öyrənmişəm. Elə deyilmi? Əziz dost, bu dili mənə sənin həmyerlilərin öyrədib.  Bəli, bəli, həmyerlilərin. Peterburqda iki nəfər həmyerlin işləyir, onlar Şərq dilləri üzrə böyük mütəxəssisdir. Mirzə Cəfər Topçubaşov və Mirzə Kazım bəy.  Bütün Rusiyada məşhurdurlar. Məgər sən onları tanımırsan?  Məsləhət görürəm, onlarla əlaqə saxla, Peterburqa yolun düşəndə, mütləq görüş. Səninlə tanış olmağına çox sevinərlər.

Qriboyedovun fars dilinə böyük marağı olsa da, o, təkbaşına bu dili öyrənə bilməzdi.  Çünki o, İrana diplomatik xidmətə göndərildiyinə görə Mirzə Cəfər Topçubaşov və Mirzə Kazımbəy ona fars dilini öyrətmək üçün təhkim olunmuşdu... Aleksandr təkcə Şərq dillərini deyil, həm də şərq ölkələrinə aid ədəbiyyatı, tarix və coğrafiyanı, iqtisadiyyatı belə öyrənmişdi.  Onun yazdığı məktublardan aydın olurdu ki, o məşhur səyyah Adam Olearinin “Moskva və İrana səyahət”, Malkolmun “İran tarixi” adlı çoxcildli kitablarını oxuyub tanış olmuşdur.

...A.Qriboyedovun Tiflis həyatı dövründə ona Şərq dillərinə aid incəliklərin öyrədilməsində Abbasqulu ağa Bakıxanovun mühüm xidmətini qeyd etməmək olmaz.  Çünki bu iki böyük sənətkarın bir-birinə bağlılığı o qədər möhkəm olmuşdur ki, rus yazıçısı və diplomatı Şərqdə bütün diplomatiya məsələrində onunla məsləhətləşirdi. O, A.A. Bakıxanovun istedadını, düşüncə qabiliyyətini yüksək qiymətləndirirdi.

A. A.Bakıxanov rus şairinə Qafqazın ayrı-ayrı şəhərlərinin adət və ənənəsi, tarixi barədə geniş məlumat verirdi.Əlbəttə, bu sözlər heç də təsadüfi yazılmamışdır. Çünki Abbasqulu ağa Bakıxanovun şirin söhbətləri bütün onun ətrafına toplaşanları, o cümlədən A.Qriboyedovu da valeh edirdi. Yəqin ki, o düşərgədə ömrünün ən yaxşı anlarını keçirmişdir.

Sonralar A.Qriboyedov öz qeydlərində yazırdı:

“Abbasqulu danışır ki, Yelizavetpol döyüşü Nizaminin qəbri üzərində həkk olunub”

A. Qriboyedov 1821-ci ilin payızından başlayaraq Tiflisdə bir müddət general A.Yermolovun dəftərxanasında xarici işlər üzrə katib işləyir. Elə həmin andan etibarən Abbasqulu ağa Bakıxanovla daha yaxından ünsiyyət saxlayır. A.Yermolov tez-tez Qafqazın müxtəlif regionlarına gedərkən A.Qriboyedovu da özüylə aparırdı. O isə yerli adət-ənənəni yaxşı bilmədiyindən Abbasqulu ağanı da özüylə bərabər götürərdi.  Belə səfərlərdə Abbasqulu ağanın çox xeyri dəyirdi, o, tərcüməçilikdən əlavə, yerli əhali ilə dil tapıb danışır, xalqın xahiş-minnətini Qafqazın baş hakiminə çatdırır, yeri düşdükcə, gəzdiyi yerlər barədə ona ətraflı məlumat verirdi.

A.Qriboyedovun İran, Təbriz barədə topladığı məlumatlar Abbasquluda ona qarşı rəğbət hissini daha da artırmışdı. Rus şairinin gözəl yaddaşı vardı. O, yer adlarını, rəqəmləri çətinlik çəkmədən deyirdi. Abbasqulunun ona heyrətlə baxdığını duyan A.Qriboyedov demişdi:

- Əziz dost, Şərqə belə maraq göstərməyim, hər şeyi yaddaşımda saxlamağım səni təəccübləndirməsin. Qismət olsa, gələcəkdə bu barədə yazacağam.  Unutma ki, diplomat kimi xidmət etdiyin şəhərin, ölkənin bütün tarixini, adət-ənənəsini, adamların yaşayış tərzini, memarlıq abidələrini, hətta əfsanə və rəvayətlərini öyrənmək çox vacibdir, axı bu öyrəndiklərim mənə daim lazım olur...”.

Rusların  Qafqaza və Şərqə gətirdikləri (1813-cü il Gülüstan müqaviləsindən sonra) Avropa qanun-qaydaları ticarətin və əkinçilyin tərəqqisinə az da olsa, təkan yaradırdı.Yeni həyat şəraitini təcrübədən keçirmiş azərbaycanlılar daha şahlıq və xanlıq üsul-idarəsinə tabe olmaq istəmirdilər. Bu cür adamları Abbas Mirzə amansızcasına təqib edir, vəhşicəsinə cəzalandırırdı. Hələ XIX əsrin əvvəlində Naxçıvanda Kəlbəli xanın oğlu, Naxçıvan batalyonunun komandiri İshaq xan Rusiya ilə yaxınlıq etməkdə təqsirləndirilərək, İran cəlladları tərəfindən gözləri çıxarılmışdı. Qriboyedov İrandan qayıdarkən onunla görüşüb əhvalını soruşduqda İshaq xan gülümsəyib demişdi: “Slava Boqu! Boq nas ne obijaet”.

Qriboyedov öz müşahidələrinə əsasən nəql edirmiş ki, Fətəli şah yay mövsümü yaxınlaşdıqda saysız-hesabsız xidmətçiləri ilə bərabər, ölkənin sərin vilayətlərinə köçür və vaxtını orada keçirirdi.Şahzadə Abbas Mirzənin daimi iqamətgahı isə Təbrizdə yerləşirdi.Odu ki, Türkmənçay müqaviləsini hazırlamaq üçün Qriboyedov tez-tez Abbas Mirzə ilə görüşüb danışmalı olurdu.Qriboyedovun Azərbaycana dair ciddi fikir və mülahizələrinə bu görüş və danışıqlarda da rast gəlinir. Abbas Mirzə ilə gedən danışıqların bəzilərində həm mütərcim, həm də məşvərətçi kimi Abbasqulu ağa Bakıxanov da iştirak edirdi.

Qriboyedov qulluğu ilə əlaqədar olaraq Şimali və Cənubi Azərbaycanın müxtəlif yerlərində olmuşdur.Onun yazılarında Təbriz, Naxçıvan, Şuşa, Qazançı, Sədərək kimi şəhər və kəndlərin adları çəkilir.Krıma aid yol qeydlərindən məlum olur ki, Qriboyedov Zaqatala zonasında da olmuşdur. Şair 1825-ci ildə Baydar vadisini dolaşarkən oranı Qutqaşen (indiki Qəbələ) vadisi ilə müqayisə edir: “Baydar vadisi... gözəldir, Qutqaşen vadisinə bənzəyir.Damlar kirəmitlidir, düşünürsən ki, təsərrüfatda səliqə-sahman vardır... Burada, bütün Asiyada olduğu kimi, taxılın necə döyülməsini gördüm: dərzi vələ qoşulmuş atların ayaqları altına töküb xırmanda döyürlər”.

Qriboyedov 1827-ci ildə Naxçıvanda bir aydan çox qalmışdır. O, 22 iyin tarixli qeydində Sədərəkdə gecələməsini xatırlayır. 25 iyun tarixli qeydində isə İran tərəfi ilə danışıqlardan sonra Naxçıvan yaxınlığındakı rus düşərgəsinə qayıtmasından bəhs edir.

 Onun Naxçıvanla bağlı digər bir qeydinə nəzər salaq: “26 iyun 1827-ci ildir, Naxçıvandan bir az aralıdayıq.Olduğumuz təpələrdən Arazın o tayında Abbasabad görünür. Naxçıvan vadisinin geniş sahəsi nəzəri cəlb edir, şimal-şərq istiqamətində Dağlıq Qarabağ mənzərələri füsunkar təbii cizgilərlə insanı valeh edir. Sonra İlan dağı və Arazın o tayında ona bənzər daha iki dağ da görünür; nəhayət, qərb tərəfdə nəhəng Ağrı (dağın adı Ararat da qeyd edilirdi – R.Mirzəzadə) ucalır. Naxçıvanın özü də uzun bir təpəlik üzərində yerləşir ki, bu da Qarabağ dağlarının davamıdır.

 “İrəvan yürüşü” ilə Qriboyedovun məktubları bir-birini tamamlayır.Bu tarixi sənədlərdə məlumatlardan əlavə, təbiət təsvirlərinə, xalq arasında geniş yayılan əfsanə və rəvayətlərlə bağlı olan çoxlu yer adlarına da rast gəlmək mümkündür.Qriboyedov və Bakıxanov Naxçıvanda həmişə bir yerdə olmuşlar.İki yazıçının səmimi söhbətləri onların qeyd, xatirə və digər yazılarında əksini tapmışdır.

Nəzər çatdırım ki, İlanlı dağ Qriboyedovun yazılarında müxtəlif cür qeyd olunur: Pompey qayası, İlanlı qaya, İlan dağı və s. Görünür, bu dağın xalq arasında yayılmış və rəsmi sənədlərdə, yazışmalarda qeyd olunan müxtəlif adları, məsələn, “İlan dağ”, “İnan dağ”, “Əylən dağ” adları Qriboyedova məlum imiş.Son iki ad Nuhun gəmisi ilə əlaqədardır.(qeyd edim ki, bu rəvayət rus dilinə tərcümə olunmuş və 1882-ci ildə  “Сборник по описанию местностей и племён Кавказа” məcmuəsində dərc edilmişdir). Rəvayətə görə, Nuhun gəmisi gecə üzərkən bu qayaya toxunmuş və onu uçurtmuşdur.Onda Nuh kinayə ilə demişdir: “İnan ki, bu da dağ”. Guya “İnan dağ” sözü belə yaranmışdır. Başqa bir rəvayətə görə, Nuhun gəmisi gecə gözlənilmədən suyun altından peyda olan qaya ilə toqquşmuş və Nuh qışqırmışdır: “Əylən, dağ!”.

“İlanlı dağ” sözü ilə əlaqədar müxtəlif əfsanələr mövcuddur. XIX əsrin 40-cı illərində Naxçıvanda olan alman alimi Avqust fon-Haksthauzen yazır ki, guya məkrli bir qız ilan qiyafəsində bu dağlarda dolaşdığından həmin ad yaranmışdır.Bunula belə, belə bir rəvayət də məlumdur ki, guya Makedoniyalı İsgəndər arvadlarının keşiyini çəkməkdən ötrü bu dağlara əfsunlanmış ilanlar buraxmışdır.Həmin adlar içərisində xalq arasında ən çox işlənən məhz “İlanlı dağ”dır. Ola bilsin ki, “Pompey qayası” adı ilə bağlı olan əfsanə və rəvayətlər də mövcuddur, lakin bu haqda bizim məlumatımız  yoxdur.

“İrəvan yürüşü”ndənsə aydın olur ki, Qriboyedov ölkəni səfalətə sürükləyən müharibəyə mənfi münasibət bəsləmişdir. Şair-diplomat bu yazısında qeyd edir ki, Araz boyunca yerləşən kəndlərin zəmiləri sapsarı saralmış, lakin məhsulu yığanlar yoxdur. Çünki adamlar qaçhaqaç  zamanı doğma yerlərini tərk etmişlər.

Qriboyedovun  “İrəvan yürüşü” adı ilə məşhur olan və  əsasən Rus-İran müharibəsi dövründə tərtib edilən gündəlik qeydlərində də Naxçıvan haqqında xeyli məlumat vardır.Ümumiyyətlə, diplomat-yazıçının tərcümeyi-halında və yaradıcılığında Naxçıvan xüsusi yer tutur: burada Qriboyedov Bakıxanovla birlikdə İran tərəfi ilə danışıqlara hazırlaşmış, İrandan köçürülmüş ermənilərin qəbulu ilə əlaqədar tədbirləri müzakirə etmişdir. Nəhayət, 1829-cu ildə işgəncə ilə öldürülən yazıçının cənazəsi ilk dəfə burada qarşılanmış və matəm mərasimi keçirilmişdir. (bu barədə yazımın növbəti hissəsində ətraflı bəhs edəcəyəm). Qriboyedovun cənazəsini qarşılayanlar arasında dostlarından biri, rus şairi V Qriqoryev də olub. Naxçıvan haqqında tədqiqat aparan Qriqoryev 1833-cü ildə “Naxçıvan əyalətinin statistik təsviri”  adlı qiymətli əsərini çap etdirib.

Azərbaycanın tarixi və ədəbiyyatı haqqında söhbətlər Qriboyedovu daha çox maraqlandırırdı.Hələ 1823-cü ildə Qriboyedov dekabrist V. Küxelbekerə yazdığı məktubunda Azərbaycanın tarixindən məlumat verirdi. Şübhəsiz, o, bu məlumatları Bakıxanovdan eşitmişdi.Qriboyedov məktubunda yazırdı: “Bərdə, Şamxor xərabələrində və Şamaxıda ərəb abidələri önündə qədim əfsanə və rəvayətlərdən bihuş olub özümü itirdim...”.

Azərbaycana aid hər hansı bir fakt və ya hadisə Qriboyedovun diqqətindən yayınmırdı.İki faktı qeyd etmək istəyirəm. O, öz qayınatası məşhur gürcü şairi Aleksandr Çavçavadzenin evində ziyafətdə olduğu zaman görkəmli şərqşünas Adolf Berje ilə yaxından tanış olur və söhbət əsnasında Berje ona ərəb hərfləri ilə yazılmış bir əlyazması göstərərək deyir: “Bu, sizin maraqlandığınız  Azərbaycan poeziyasının bulağı, daha doğrusu, baş çeşməsi Molla Pənah Vaqifin şeirləridir, özü də Qazaxdandır, o Qazaxdan ki, siz İrana səfər edəndə orada olmuşsunuz”.

Digər fakt da maraqlıdır. Bakıxanov Abbasabadda Qriboyedovu bir nəfərlə tanış edir.Yazıçı həmin adamın boynyndakı gümüş medalyona diqqət yetirir. Bakıxanov dostunun xahişi ilə medalyondakı şeiri tərcümə edir.Qriboyedov İslam aləmi və dünyada tanınmış fars şairi Mövlana Cəlaləddin Ruminin sözlərini həvəslə öz xatirə dəftərçəsinə qeyd edir:

Mən o padşah deyiləm ki,

Taxtdan enəm, tabuta minəm...

Mənim fərmanımdakı yazı

Ölməzlik və əbədiyyətdir.

Qeyd etdiyim kimi, Qriboyedov Azərbaycan xalqının etnoqrafiyasına, tarixinə, mədəniyyinə ciddi maraq göstərir və onları həvəslə qələmə alırdı. Ədib 1825-ci ildə yazdığı məktublarının birində müğənni Əlyarın ifasında Azərbaycan bayatılarını dinləməsindən xoş əhval-ruhiyyə ilə söz açır.

Qriboyedovun özünün də musiqi istedadı haqqında müasirləri çox yazmışlar. Məşhur rus bəstəkarı Mixail İvanoviç Qlinka bir neçə vals müəllifi olan Qriboyedovu “yaxşı musiqiçi” adlandırmışdı. M.Qlinkanın “Ruslan və Lyudmila” operasındakı “İran xoru”nun motivi “Qalanın dibində” adlı  Azərbaycan mahnısı əsasında yazılmışdır. Həmin motivin bəstəkara məhz Qriboyedov tərəfindən verilməsi məlumatı da təsdiq olunmuşdur.

Qriboyedov zəhmətkeş Azərbaycan xalqına xas olan əməksevərliyə, öz əməyi ilə yaşamağı hər şeydən əziz tutmaq meylinə böyük qiymət verirdi. O, Azərbaycanın bir sıra şəhərlərində - Təbrizdə, Miyanədə, Marağada, Mərənddə, Xoyda, Makuda olduğu vaxt azərbaycanlıların ağır və üzücü zəhmətdən qorxmadıqlarının, həmişə özlərini ən ağır işə verdiklərinin bilavasitə  şahidi olmuşdur. Hətta bir dəfə Qriboyedov Qəzvində quyuqazan əlikülünglü  bir kənkanın coşqun və yanıqlı səslə oxuya-oxuya işlədiyini gördükdə dayanıb Abbasqulu ağa Bakıxanovdan xahiş etmişdi ki, onun adını və oxuduğu mahnının mənasını öyrənib desin. Abbasqulu ağa da onun xahişini yerinə yetirmişdi. Azərbaycanlı kənkanın (əl ilə quyuqazan) adı Fərhad imiş. Qriboyedov gülümsəyərək demişdi ki, demək, Nizaminin yaratdığı Fərhad surəti Azərbaycan xalqına məxsus xarakterik bir surət imiş! Yazıçı hər yerdə bu xalqı  qurub-yaradan, əkib-becərən, tikib-ucaldan, abad edən görür. Bəlkə də Qriboyedov vaxtsız həlak olmasaydı, çox ehtimal ki, Azərbaycana dair xüsusi bir əsər yazacaqdı.

Qriboyedovu rus cəmiyyətində, rus ədəbi aləmində yüksəldən onun “Ağıldan bəla” komediyası olmuşdur.Bu əsər böyük bir xalqın faciəsini əks etdirən komediyadır. Bu komediya böyük Belinskinin dediyi kimi, başdan-başa qəzəb və nifrət alovu içində coşan sənətkarın qəlbindən qopan acı lstehza idi. Elə buna görə də komediya yazıldığı dövrdə böyük hay-küyə səbəb olmuş, əsər hələ çap olunmamış əldən-ələ gəzmişdi.

1824-cü ildə Qriboyedov Peterburqa məzuniyyətə gələrkən tamamladığı komediyasının əlyazmasını da gətirmişdi.Onun qaldığı Demuta mehmanxanası dostları və tanışları ilə dolmuş, müəllif öz əsəri ilə hamını tanış etmişdi.Komediyanın oxunuşu bir dəfə Qriboyedovun keçmiş dostu N.Xmelnitskinin çay sahilindəki xüsusi malikanəsində təşkil olunmuşdu. Bu maraqlı görüşdə iştirak edən aktyor Pyotr Andreyeviç Karatıgin sonralar öz xatirələrində deyirdi ki,bu komediyanın dinləyicilərə necə böyük təsir bağışladığını sözlə ifadə etmək çətindir.

Qabaqcıl təfəkkürlü adamlar komediyanın yüksək siyasi əhəmiyyətini, onun bədii xüsusiyyətlərini dərhal qiymətləndirmişdilər.Senzura tərəfindən “Ağıldan bəla” əsərinin mətbuata, səhnəyə buraxılması qəti qadağan edilməsinə baxmayaraq, bu pyes nəinki təkcə Peterburqda, hətta onun hüdudlarından kənarda da böyük şöhrət qazandı.O dövrün müasirlərindən birinin dediyinə görə, elə bir ev yox idi ki, həmin əsərdən nümunə olmasın.

Pyesin mətnini ilk dəfə dekabristlər mükəmməl öyrənmiş, “Ağıldan bəla”nı geniş bir surətdə yayaraq, siyasi təbliğat məqsədi üçün istifadə etmişdilər. Aleksandr Sergeyeviç rəsmən dekabristlər cəmiyyətinə daxil olmasa da, qəlbən onlara bağlı idi. Bütün dekabristlər kimi o da böyük Rusiyanı təhkimçilik quruluşunun zülmündən azad etmək uğrunda mübarizə aparır, ucqar xalqların azad yaşamasını istəyirdi. Qriboyedov A.Odoyevskinin İsaakiyevsk meydanında yerləşən mənzilinə gəlir, (Qriboyedov həmin mənzildə Rıleyev, Kaxovski və digər dekabristlərlə də görüşmüşdü) axşamlar yığışaraq bir neçə adam həmin əsərin üzünü köçürürdü. Belə əlyazmalardan birini İvan İvanoviç Puşşin həmin vaxtlar Mixaylovski kəndində olan Aleksandr Sergeyeviç Puşkinə gətirmişdi.

Qriboyedov “Ağıldan bəla”sında ilk növbədə ağlın, zəkanın faciəsini yaratdı.Çünki yeni gənclikdə vətəndaşlıq hissi , ağıl parlaq şəkildə oyansa da, o, hələ həbsdə idi, cəllad baltasına, nadan gülləsinə hədəf olmuşdu. Ağılsızlar tərəfindən lağa qoyulur, təqib edilirdi.Bu mənada “Ağıldan bəla” yeni rus gəncliyinin, onların yetişmiş ağlının, təfəkkürünün faciəsi idi. Eyni zamanda bu iş böyük gələcəyi olan ədəbi-ictimai hərəkatın ilk addımları, başlanğıcı idi. Bütün bunları Qriboyedov bilavsitə öz gözləri ilə görmüş, acısını dadmış, sonra qələmə alıb ifşa hədəfinə çevirmişdi.

Məhz buna görə də Qriboyedov özü ilə əsərinin baş qəhrəmanı Çatski arasında bir yaxınlıq, bir oxşarlıq görürdü.Bəzən də elə müəllifin özünü əsərin baş müsbət qəhrəmanı adlandırırdılar.Qriboyedov öz fikirlərini Çatskinin dili ilə ifadə edirdi. Təsadüfi deyildir ki, “Komediyada ağıllı qəhrəman kimdir?” sualına Puşkin: - “Qriboyedov özüdür!” – cavabını vermişdi.

Qriboyedov öz qəhrəmanını təsadüfi olaraq Çatski adlandırmamışdı.Qəhrəmanın soyadı da onun əsərdəki rolunu müəyyənləşdirməyə  kömək edir. Çünki rus dilində çad - boğucu qaz mənasında işlədilir.

Qriboyedov bu barədə məktublarının birində yazırdı: “Mənim komediyamda bircə nəfər ağıl sahibi 25 sarsağa qarşı vuruşur. Onu heç kəs başa düşmür, heç kəs bağışlamaq istəmir, çünki o, başqalarından üstündür”.

Kiçik yaşlarından yetim qalan Çatski uşaqlığını Famusovun evində keçirir. O burada Famusovun qızı Sofiya ilə birlikdə böyüyür. Onların arasında dostluq yaranır, sonradan bu dostluq məhəbbətə çevrilir. Lakin illər keçdikcə bu zəngin mülkədar həyatı və  məişəti onu sıxmağa başlayır.  Komediyanın bir yerində Sofiya bu haqda deyir:

 

Çatskilə düzdür, birgə boy atdıq,

Bu arada yaxın dostluq yaratdıq.

Sonra onun bizdən xoşu gəlmədi,

Çıxıb getdi, bizdə az-az göründü,

Sonra yenə artdı eşqi, rəğbəti,

Mənə qarşı yenə həssas göründü.

 

Bir müddət Famusovun ailəsində yaşayan Çatski, sonralar bu ailəni tərk edərək səyahətə gedir. Çatskinin səyahətə çıxmasından başlıca məqsəd qabaqcıl fikirləri daha dərindən öyrənmək idi.

Çatskiyə doğma Moskvadan və sevdiyi Sofiyadan ayrılmaq çətin gəlsə də, o, vətəninə, xalqına xidmət etmək üçün bunların hər ikisindən müvəqqəti olaraq əl çəkir, ölkələri, şəhərləri gəzir, xalqın vəziyyəti ilə yaxından tanış olur. Bu dövrdə Çatski də dekabristlər kimi ədəbiyyatla maraqlanır, ictimai fəaliyyət göstərir. Yeni, qabaqcıl ideyalarla silahlanmış, həyatı dərindən öyrənmiş azadfikirli Çatski bir neçə ildən sonra Moskvaya qayıdır.

 Çatski vətən qarşısındakı borcunu namusla yerinə yetirməyə çalışan, insanın cəmiyyətdəki rolunu və vəzifəsini yaxşı dərk edən, şəxsiyyətin müstəqilliyini və azadlığını müdafiə edən insanpərvər bir adamdır.  Bütün bu nəcib xüsusiyyətlər Çatskidə mövcud quruluşa, təhkimçilik qaydalarına, mülkədar həyatına qarşı nifrəti qat-qat artırır və bu nifrət ictimai quruluşa qarşı kəskin etiraza çevrilir.

 

Çatski cəmiyyətin daha başqa mühüm məsələlərinə –elm, maarif, mədəniyyət məsələlərinə toxunur. Çatski Avropa mədəniyyətinə kor-koranə pərəştiş edən, uşaqlarına fransız tərbiyəsi verən adamların əleyhinə çıxır. Öz milli mühitindən, mədəniyyətindən uzaq düşən Rusiyanın mədəni inkişafını xarici ölkələrin mədəniyyətiylə bağlamağa çalışan mülkədar ziyalılarının barışmaz düşməni kimi çıxış edir:

 

...Dedim ki, ola, Allah-təala

Birinin qəlbinə elə od sala,

Ki, o mənliyilə, kəskin sözüylə

Bizi yad təsirdən qurtara bilə.

Qoyun köhnəpərəst desinlər mənə,

Lakin o zaman ki, adət-ənənə,

O müqəddəs keçmiş və bu doğma dil

Aldı tamamilə başqa bir şəkil...

 

Lakin bunlar heç də Çatskinin Avropa mədəniyyətinə nifrətini göstərmir.  Vətənini, xalqını sevən Çatski Avropa mədəniyyətinin qabaqcıl ideyalarının öyrənilməsinin tərəfdarıdır. Onun kəskin çıxışları ilə öz üzünü milli zəminindən, milli mədəniyyətindən, xalqından və vətənindən ayrılmış ziyalılara tutmuşdur.

Komediyada ikinci cəbhəyə - köhnəliklə yaşayan, təhkimçilik qaydalarını mühafizə etməyə çalışan cəbhəyə Famusov, Skalozub Molçalin və s. obrazlar daxildir.

Famusov çoxlu təhkimli kəndliyə malik olan, zəngin həyat keçirən Moskva mülkədarlarının tipik bir nümayəsidir.Qriboyedov bu obraz vasitəsilə rus mülkədarlarına xas olan tipik xüsusiyyətləri böyük bir ustalıqla ümumiləşdirə bilmişdir. Famusov Rusiyadakı mövcud quruluşun, təhkimçilik qaydalarının qızğın müdafiəçisidir. Saraya yaxın olan bu adam böyük bir məmurdur. Famusov yeniliyin düşmənidir. O, keçmişi, ötən günləri arzu edir.

Famusovlar mühitində insanın hüquqları tapdalanır. Mülkədar kəndli ilə istədiyi kimi rəfdar edir. Kəndlilər itlə dəyişdirilir. İnsanlar, onların namus və şərəfi satılır.

Famusovu düşündürən yalnız dünya malıdır. Onun fikrinə görə, insanlara qiymət vermək üçün yeganə meyar var-dövlətdir:

Ta qədimdən bəri bizdə, məsəlçin;

Oğula atayla qiymət qoyarlar;

Sonra da baxarlar varmı dövlətin,

İki min təhkimçi varınsa əgər,

Özün də pis olsan, adaxlı sənsən.

Daha cəld olsa da başqa dilavər,

Dünyaya sığmayıb təkəbbüründən,

Desə ki, ədəbdə mənə tay olmaz

Bunula heç kəsi heyrətə salmaz

Və heç kəs qız vermək istəməz ona!

Famusova görə, həyatda müəyyən bir mövqe tutmaq üçün savadlı olmaq vacib deyildir, bunun üçün “mühitə uyğunlaşmaq bacarığı” kifayətdir.Çatskinin dili ilə Qriboyedov famusovları belə ifşa edir:

Amma vay o günə gənclərdən biri

Göz yuma rütbəyə, mövqeyə, ada.

Ola elm aşiqi, bilik əsiri

Meyl edə sənətə, ədəbiyyata.

“Yanğın! Haray!”-deyə səs salar onlar,

O gənc də qorxulu bir şəxs adlanar.

 

Qriboyedov Famusov, Skalozub, Molçalin və s. obrazların xarakter və hərəkətləri vasitəsilə cəmiyyətdəki ictima bəlaları, mütləqiyyəti ifşa edir.

 

Əsərin sonunda Çatski onu dəli adlandırıb ondan üz çevirənlərə elə üzünü də onlara tutub, bu “dəliliyin” səbəbini belə izah edir:

Mənə bir ağızdan dəli dediniz,

Bəli, haqlısınız, şəksiz, şübhəsiz:

Sizinlə bircə gün qalan bir kəsin,

Sizlə bir nəfəs alan bir kəsin,

Xarab olmamışsa başı, o, əlbət,

Od, alov içindən çıxar səlamət.

Çatski həyatdakı bütün haqsızlıqları görür, lakin onların aradan qaldırılması üçün nə etmək, necə hərəkət etmək lazım olduğunu bilmir. O, “dəlilər aləmindən” yaxasını qurtaraq üçün yeganə çıxış yolunu yalnız Moskvadan baş götürüb getməkdə görür:

Əlvida Moskva, heyhat səni mən tərk edirəm,

Qoca dünyanı gəzib ah, taparam bəlkə də mən.

Burda təhqir olunan qəlbimə bir yurd, məskən.

Əsəri əlyazması şəkilndə oxuduqdan sonra Puşkin demişdi: “Qriboyedov “Ağıdan bəla”nı yazmaqla öz işini gördü”.

“Ağıldan bəla” komediyası rus ədəbiyyatı tarixində dəfələrlə dahiyanə əsər adlandırılmışdır. Belinskiyə görə, bu əsər Rusiyadakı iyrənc həyat əleyhinə, məmurlar, rüşvətxorlar, sərxoş əxlaqsızlar əleyhinə, kübar cəmiyyəti əleyhinə, cəhalət, könüllü köləlik və s. əleyhinə qüvvətli, özü də hələ birinci etirazdır.

V.Q. Belinski  “Ədəbiyyatın növlərə və şəkillərə bölünməsi” məqaləsində Qriboyedovun yaradıcılığından bəhs edərək yazırdı: “Puşkinin mənzum romanı “Yevgeni Onegin” onun müasiri Qriboyedovun dahi əsəri “Ağıldan bəla” ilə birlikdə yeni rus poeziyasına, yeni rus ədəbiyyatına möhkəm bir təməl qoymuşdur...Qriboyedovun komediyası... qüvvətli istedadın, dərin, müstəqil ağlın məhsulu olmaq etibarı ilə heç bir təqlidçilik, yalançı motivlər və süni boyalara malik olmayan, həm ümumiyyətlə və həm ayrı-ayrı hissələrində, həm süjeti, həm xarakterləri,həm ehtirasları, həm hərəkətləri, həm fikirləri, həm də dili başdan-ayağa rus həyatının dərin həqiqətini daşıyan birinci rus komediyası idi...Nə eşidilməmiş bir şeydir: bu əsər hələ çapdan çıxmamışdan təqribən on il əvvəl əlyazmalarında bütün savadlı Rusiya tərəfindən əzbərlənmişdi...”.

Doğrudan da “Ağıldan bəla” komediyası nəinki rus ədəbiyyatında, bütün dünya ədəbiyyatında orijinal bir hadisə idi. Belindki daha sonra qeyd edirdi ki, Qriboyedovun yaradıcılığı olmasaydı, Qoqol və digər rus yazıçıları da həyat həqiqətini bu qədər dərindən təsvir də bilməzdilər.

Əsərdən götürülən “Bəxtiyar olanlar saata baxmaz”, “Qulluq etmək xoşdur, qul olmaq yaman”, “Pis dil tapançadan yamandır, düzü”, “Öz doğma yurduna dönüncə yenə, onun tüstüsü də xoş gəlir sənə” və bu kimi çoxsaylı fikirlər səmimi oxucuda xoş ovqat yaratdığı anlarda böyük Puşkinin sözlərini xatırlamamaq mümkün deyil: “Şeirlər barədə danışmıram, onların yarısı zərb-məsəl kimi işlənməyə layiqdir”.

“Ağıldan bəla” komediyası çox haqlı olaraq, rus dramaturgiyasının şah əsəri hesab olunur. Bir çox görkəmli rus yazıçısı – Belinski, Gertsen, Çernişevski, Dobrolyubov, Qonçarov, Ostrovski, Qorki əsər haqqında yüksək fikirdə olduqlarını bildirmişlər.

Cəlil Məmmədquluzadə 1911-ci ildə “Molla Nəsrəddin” jurnalında yazırdı: “Sərdarların əksəri özlərini rus ədiblərindən məşhur Qriboyedovun Fomusovuna mürid hesab edib kamali-iftixarla məclislərdə deyirlər: “Mənim xidmətçilərimin çoxu ya mənim öz qohumlarım, ya da arvadımın əmioğlu, dayıoğlanlarıdır”.

“Ağıldan bəla” əsərini əbədiləşdirən mühüm cəhətlərdən biri də onun dilidir. Başqa sahələrdə olduğu kimi, dil sahəsində də Qriboyedov novator idi. Süni dildə yazan bir çox müasirlərindən fərqli olaraq, Qriboyedov gözəl və sadə xalq dilindən, təbii və canlı xalq danışığından istifadə edirdi. Dilindəki sadəlik və təbiilik əsərin realizmini qüvvətləndirmişdi.

“Ağıldan bəla” komediyası Ana dilimizə müvəffəqiyyətlə tərcümə edilmiş, 1931-ci ildə bu əsər Azərbaycanda ilk dəfə S.Mayorovun quruluşu, S.Yefimenkonun bədii tərtibatı ilə S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində tamaşaya qoyulmuşdur.

Qriboyedov 1827-1828-ci illərdə Gürcüstanda olduğu zaman Qafqaz xalqlarının ədəbiyyatı ilə maraqlanmış və bu dövrdə “Gürcüstan gecəsi” əsəri üzərində işləməyə başlamışdır. Əsərin planına görə onun məzmunu belə olmalı idi: gürcü knyazlarından biri başqa bir knyazdan at alır və atın əvəzinə öz qullarından birini ona verir. Atla adamın dəyişdirilməsi adi şey olduğu üçün knyaz bunun nəticəsi haqqında düşünmür. Sonra məlum olur ki, knyaza verdiyi gənc qul qızının dayəsinin oğlu imiş. Bu qadın knyazın yanına gəlir, qeyri-insani hərəkətinə görə onu danlayır, xidmətlərini yada salır və oğlunun geri alınmasını tələb edir, knyazı cəhənnəm əzabı ilə hədələyir. Knyaz dayənin bu hərəkətlərindən qəzəblənir. Lakin sonra dayəyə oğlunu geri alacağına söz verir. Günlər keçir, knyaz verdiyi vədi unudur. Oğlundan ayrılmış qoca ana bu dərdə dözə bilmir, knyazdan intiqam almağa hazırlaşır.  O, meşəyə gedir, burada şeytanlarla əlaqə yaradır, ittifaq bağlayır. Onların vasitəsiylə  rus zabiti ilə knyaz qızı arasında məhəbbət yaradır. Qız zabitə qoşulub qaçır. Bu xəbəri eşidən knyaz qəzəblənir, sevgililərdən intiqam almaq üçün dağlara gedir.  Qızını və onun sevgilisini dağın başında görür. Zabiti öldürmək üçün nişan alır, lakin şeytan onun gülləsinin istiqamətini dəyişir. Güllə knyazın qızına dəyir. Bu hadisəni görən dayə zalım knyazı öldürmək istəyir. Onun atdığı güllə knyaza yox, təsadüfən bura gəlib çıxan dayənin öz oğluna dəyir. Hər iki intiqamçı (knyaz və dayə) çox ağır bir vəziyyətə düşürlər...

“Gürcüstan gecəsi” əsərinin bizə qədər gəlib çatan parçalarından aydın olur ki, yazıçı mövzusunu Qafqaz xalqlarının şifahi ədəbiyyatından aldığı bu əsərinə ictimai-siyasi məna vermək istəmiş, hadisələri müasir cəmiyyətlə bağlamağa çalışmışdır.Qriboyedovun belə bir mövzu seçməsi Rusiyada təhkimçilik dövründə kəndlilərin alınıb – satılması, dəyişdirilməsi, uşaqların öz valideynlərindən ayırılması məsələləri ilə əlaqədar olmuşdur.

Qafqaz həyatı Qriboyedovun şəxsi həyatında da böyük rol oynamışdı.Füsunkar Tiflis bu nadir varlıqlardan olan gəncin qarşısına taleyinin Nina adlı mələyini çıxarmışdı.Kim idi bu mələk? Hansı ocaqdan çıxmışdı?

Ninanın atası Aleksandr Qarsenoviç Çavçavadze II İraklinin zamanında məşhur diplomat olmuş, 1783-cü ildə Rusiya ilə müqavilə bağlamış Qarsen Çavçavadzenin oğlu idi. Aleksandr Çavçavadze nüfuzlu ədəbiyyat adamı olmaqla bərabər, tanınmış hərbçi, dövlət xadimi idi. Ninanın anası Salome İvanovna kiçik övladı Orbeliani ilə məğul olduğundan qızı Ninanı ailənin yaxını olan Axverdova soyadlı  qadın tərbiyə etmişdi. Xanım Axverdova qeyri-adi ağla malik, ləyaqətli və yüksək təhsil görmüş qadın idi. Qriboyedov də qapısı həmişə fərasətli gənclərin üzünə açıq olan bu qadının daimi qonaqlarından idi və onun Nina Aleksandrovna ilə ilk görüşü də bu evdə baş tutmuşdu.

1812-ci ildə anadan olan Nina Çavçavadze öz zahiri gözəlliyi, qeyri-adi qabiliyyəti ilə seçilirdi. Aleksandr Sergeyeviç onunla musiqi ilə məşğul olur, ədəbiyyat və elm barədə söhbətlər aparırdı. Onların arasında getdikcə sevgi hissləri yaranmışdı.Nina da uşaqlıqdan Aleksandrı özünə yaxın hesab edir və qəlbən ona bağlanmışdı...

Dekabrist hadisələrindən qorxmuş I Nikolay bütün ölkə ərazisində üsyan edənlərin tərəfdarlarını axtarırdı.İstintaqa cəlb olunmuş 600 adam arasında Qriboyedovun da adı vardı. 1826-cı ilin qışında o, paytaxta gətirildi.İstintaq 4-5 ay çəkdi. Lakin onun dekabristlərlə əlaqəsi haqqında heç bir əsaslı dəlil yox idi. Həbsdən azad edildikdən sonra Qriboyedov tez bir zamanda öz iş yerinə qayıtdı.

V.Həbiboğlunun qeyd etdiyi kimi, beş aylıq həbs şairə çox pis təsir etmişdi, o bir müddət Peterburqda qalmaq istəyir. Dekabristlərin asılması, Peterburqda baş verən hadisələr, yüzlərlə adlı-sanlı zabitin doğma yurddan sürgün olunması, şaxtanın, çovğunun tüğyan elədiyinə baxmayaraq bir çox vəfalı qadınların öz ərlərinin ardınca sürgün yerlərinə getməsi onun bütün daxilini didib parçalayır, sarsıdıcı zərbələr vururdu.  Şair məhz burada ağlına sığmayan cəzaların tətbiq olunduğu Peterburqda ilk dəfə olaraq mütləqiyyətin nə olduğunu, onun gücünü, qaniçənliyini anlayıb dərk edir. O, dekabristlərə xüsusi əsər həsr etmək, Vətənin bu mərd oğullarının başına gətirilən müsibətləri qələmə almaq arzusu ilə yaşayırdı. Amma bu arzunu üzə çıxartmaq da qorxulu idi.

Şair həbsdə olarkən Qafqazda keçirdiyi xoş günləri dəfələrlə xatırlayırdı. Əslində həbsxana elə yerdir ki, burada xatirələrsiz yaşamaq da mümkün deyil.  İnsan istəsə də, istəməsə də onun taleyinə yazılmış üzüntülü dəqiqələri,  saatları və günləri başa vurmaq üçün olub-keçənləri bir-bir yadına salır,  xəyalında yaxın dostları, əzizləri ilə söhbət edir, hətta vaxtilə məhəl qoymadığı hər kiçik əhvalatı, söhbəti belə xatirində canlandırır. Qriboyedov da həbs vaxtı bir çox yaxın yaxın dostları arasında Bakıxanovla etdiyi söhbətləri yadına salırdı.  Onun hikmətli söhbətləri, avazla şeir deməsi rus şairini burada da darıxmağa qoymurdu. Xüsusilə Tiflisdən çıxıb Qroznıya getməzdən əvvəlki görüşlərini daha çox xatırlayırdı. Abbasqulu ağa onu yola salmağa tək gəlməmişdi, yanında bir neçə həmyerlisi, dayısı oğlu da vardı. Onlar ayaqüstü də olsa tanış olmuşdular, sonra Abbasqulu ağa ona bir şeir söyləmişdi.  Şeirin məzmunu Aleksandr Sergeyeviçi məftun etmişdi. O qayıtdıqdan sonra bu şeirin mütləq tərcüməsi ilə məşğul olacağına söz vermişdi.

Qriboyedov öz dostuna hamıdan çox ürək qızdırırdı. O, burada ikilikdə etdiyi söhbəti də xatırlamışdı.

Əhvalat belə olmuşdu. Bir dəfə onlar Aleksandr Çavçavadzenin evindən ziyafətdən qayıtdıqdan sonra yolda Aleksandr Sergeyeviç Abbasqulu ağadan soruşmuşdu:

- Abbasqulu ağa, sən hələ çoxmu tək-tənha qalmaq fikrindəsən?

Abbasqulu ağa əvvəlcə sualı başa düşməmişdi. O, elə bilmişdi ki, şair dostu onun evdə tək yaşamasına işarə edir. Bu, hətta onu bir qədər təəccübləndirmişdi də... Axı kim bilməsə də, Aleksandr Sergeyeviç bir şair kimi nəzərə almalıydı ki, az-çox yaradıcılığa malik olan bir şəxs tənhalıqda daha yaxşı yazıb-yarada bilər. Vaxtını kənar söhbətlərə, işlərə sərf etməz. Düşündüyü mövzu, yaxud şeirlə yaşaya bilər, sonra isə onu kağıza köçürər. Bir də məgər o, tənha yaşamaq üçün dayısının evindən köçməmişdimi? Hələ bu günədək dayısının ailəsi ondan narazılıq edirdi.

Aleksandr Sergeyeviç onun köməyinə çatdı, düşüncəyə daldığını görüb soruşdu:

- Abbasqulu, görürəm çox fikrə getdin. Məgər sən ömrün boyu subay qalmaq istəyirsən?

Abbasqulu dostunun ürəyindəki mətləbi indi başa düşdü. Qəhqəhə çəkib güldü, sonra öz düşüncələrini onunla bölüşdü. Hər ikisi birlikdə gülüşdülər.

-Olmaya, sən də Məcnun eşqinə düşmüsən, Saşa? Bəs görəsən Leylin kimdir?

-Darıxma, dostum. Hər şeyi sənə açıb deyəcəyəm.  Bilirsənmi, Abbas, mən də sənin fikrinlə şərikəm.  Biz tənha olduqda daha yaxşı işləyə bilirik.  “Ağıldan bəla”nı mən belə yazmışam. Ancaq açığını deyim ki, biz Çavçavadzenin evinə gedib-gələndən bəri onun qızı Nina mənə rahatlıq vermir.  Mən onun sual dolu məsum gözlərini hər gün yuxuda görürəm. Elə bil hara gedirəmsə, onun aydın, təmiz baxışları məni müşahidə edir. Bax, elə bu günü götürək. Məgər sən hiss etmirdinmi ki, o, mənimlə maraqlanır, yorulmadan sual yağdırır, maraq dünyamı öyrənməyə çalışır. Bunlar nədir? Abbasqulu, sən məndən bir qədər yaşlısan, həm də həssas adamsan. Ninanın bu marağı uşaq şıltaqlığıdır, yoxsa sadəcə olaraq sevgi hissləridir, hə? Necə bilirsən?

Abbasqulu dostunu dinlədikcə xəyalı onu ayrıldığı doğma torpağa aparırdı. O, dünən evdən məktub almışdı. Atası bu il onun toyunu edəcəyini xəbər verirdi. Əmisi qızı Səkinə xanımı ona deyikli etmişdilər. Mirzə Məhəmməd xan toya tədarük görməyi  öz yaxın dostlarına xəbərdarlıq etməyi tapşırırdı.  İndi Abbasqulu dostunun sözlərini eşitdikcə Səkinə xanımı – sevimli əmisi qızını bir daha yadına saldı, onun şən, maraq dolu çöhrəsi gözü önündə canlandı...

 Aleksandr Sergeyeviç sözünə davam etdi:

–Son vaxtlar ürəyimə qarmaqarışıq fikirlər də gəlir.

Hiss edirəm ki, qarşıda məni nə isə ciddi bir imtahan gözləyir. Bəlkə Peterburqa getdim, qayıdandan sonra mütləq ürəyimi ona açacağam. Necə bilirsən, atası Aleksandr Çavçavadze bu məsələyə necə baxar?

Abbasqulu dostunun narahat ürək çırpıntılarını dinlədikcə fikirləşirdi: Sevgi ən qüvvətli, ən böyük adamları da mum edir, riqqətə gətirir.

–Bilirsənmi, Aleksandr Sergeyeviç, mən burada qeyri-təbii heç nə görmürəm. Fikrimcə, dostumuz Çavçavadze bu izdivaca razı olmalıdır.  Axı hansı ata öz qızının xoşbəxtliyini istəməz. Amma əsas məsələ qızın özüdür.  Gərək imkan tapıb onunla söhbət edəsən. Mənə elə gəlir ki, hər şey yaxşı olacaq.

Aleksandr Sergeyeviç dostunun məsləhətlərinə təmkinlə qulaq assa da, burada özünü saxlaya bilmədi.

– Elə məsələ də bundadır ki, qız razıdır. Onunla söhbətimiz olub.  Amma bu işin bir əngəli var. Eşitdiyimə görə, qızı öz qohumuna vermək istəyirlər. Buna sözün nədi? Həm də məni narahat edən bu deyil, bu məsələni həll etmək olar. Məni narahat edən odur ki, gürcülər öz qızlarını başqa millətə verərlərmi?

Burada Abbasqulunu gülmək tutdu.Qriboyedov dayanıb maraqla onun bu vəziyyətinə tamaşa elədi. O, nəyişə düzgün demədiyini hiss elədi. Amma Abbasqulunun bu gülüşündən heç nə başa düşmədi.

Abbasqulu gülüb sakitləşdikdən sonra yaşarmış gözlərini sildi:

–Eh, dostum Aleksandr Sergeyeviç, sən gör bir nəyin fikrini çəkirsən. Axı sən özün yaxşı bilirsən ki, məhəbbətin qarşısında heç bir qüvvə dura bilməz. Sənin fikrin müsəlman adət-ənənəsinə getməsin. Bizim adətə, şəriətə görə qız ilə oğlanın görüşüb sevişməsi mümkün deyil, yolverilməzdir. Sən Şərqin böyük dühalarının yaratdıqları məhəbbət dastanlarına baxma. Onlar hamısı şairlərin ideal arzularıdır. Həyatda azad sevgini tərənnüm edənlərin  özləri də yaxşı bilirdilər ki, Şərq aləmində bu səddi aşmaq üçün hələ çox illər lazım olacaq.  Bir də bir neçə nəfərin görüşüb-sevişməsi və öz istəyi ilə ailə qurmasını hələ hamıya, bütün xalqa şamil etmək olmaz.

Siz xristianlarda isə belə deyil. Sən qızla danışıb onun fikrini bildiyin halda nə üçün narahat olursan? Aleksandr Çavçavadze gürcülərin tanınmış ziyalısıdır. Mənə elə gəlir ki, o, bu məsələlərdə ağlı, zəkanı hər şeydən üstün tutar. Öz ürəyinin hökmünə yox, qızının və sizin sevgi ilə döyünən qəlbinizin hökmünə qulaq asar.

Bilirsənmi, Aleksandr Sergeyeviç, məni çoxdandır ki, belə bir mövzu düşündürür. Şərq aləmində iki sevgilinin iztirablarını, onları əhatə edən mühitin gənclərə qarşı münasibətini qələmə almaq üçün əlverişli imkan axtarıram. Burada bir çox şeirlər də verəcəyəm. Amma əsas məqsədim Şərq mühitində sevgililərin bir-birinə qovuşması üçün nə qədər böyük maneələrin olduğunu göstərmək olacaq. Hiss edirəm ki, yaxşı bir əsər olmalıdır. Bax, bu əsəri yazanda sizin iztirabları da qələmə almaq mənə borc olsun.

Hər ikisi gülüşdü. Sonra Abbasqulu ona dedi ki, qoy səni gürcülərin başqa millətlərə qız verib-verməməsi narahat etməsin.  Bax, elə mənim anam, Sofiya xanımı götürək, məgər o gürcü deyilmi?

Aleksandr Sergeyeviç Abbasquluya diqqətlə baxdı:

–Deyirəm axı, səndə nə üçün gürcülərə belə oxşarlıq var?  Bəs bunu mənə niyə demirsən, dost? Amma öz aramızdır, valideynlərinin heç birinin xətrinə dəyməmisən ha?

–Necə məgər?

–Çox adicə. Sənin xarici görkəmin gürcülərə oxşasa da, bütün daxili aləmin, ruhun Şərqə bağlıdır, yəni ata tərəfinə çəkmisən...

Aleksandr Sergeyeviç Qafqaza gələnə qədər bütün yol boyu xatirələrə dalır, Tiflisdəki öz qələm dostlarını, digər xidmət yoldaşlarını xatırlamaya bilmirdi. O, indi Tiflisə əvvəlkindən də artıq tələsirdi. Bu qədim şəhərdə dostları, bir də sevimli Nina səbirsizliklə onun yolunu gözləyirdilər...

Qriboyedov Tiflisə üçüncü dəfə 1826-cı ilin avqustunda gəlir.Bu zaman Rusiya-İran müharibəsinin ən qızğın vaxtları idi.İran şahzadəsi Abbas Mirzə qəflətən hücuma keçmiş, Azərbaycana soxulmuş, Gəncə vilayətini və Qarabağ xanlığını ələ keçirmişdi. I Nikolay həmin vaxtlar Yermolovun Qafqazda olan rus ordusu içindəki yüksək nüfuzundan və əvvəllər dekabristlərlə əlaqəyə girmək istəməsi cəhdlərindən ehtiyatlanaraq, onu 1827-ci ilin martında qraf Paskeviçlə əvəz etmişdi. Rus Qafqaz ordusunun yeni baş komandanı İvan Fyodoroviç Paskeviç işə başladığı ilk gündən Qriboyedova belə bir tapşırıq vermişdi : “Türkiyə və İranla olan mübahisəli sərhəd məsələlərinin həllini sənə tapşırıram. Buna görə  dəftərxana və arxivdə olan rəsmi yazışmalardan istifadə etmək üçün sizə lazım olan tərcüməçilərdən kimi məsləhət bilisinizsə, ondan istifadə edin”.

Bundan sonra istedadlı gənc diplomat böyük bir həvəslə  işə girişir, Rusiyanın İran və Türkiyə sərhədləri ilə bağlı məsələlərinin həllində onun ən yaxın köməkçisi Abbasqulu ağa Bakıxanov olur. Paskeviçin razılığı ilə bütün diplomatik mübahisəli məsələlərdə Bakıxanov iştirak edir.

Rus tarixçi-publisisti Rudolf Nikolayeviç İvanov yazır ki, Qriboyedovun Qafqazdakı uğurlu diplomatik fəaliyyətini həm Qafqazın baş komandanı A.P.Yermolov, həm də ondan sonra bu vəzifəyə təyin olunan general İ.F.Paskeviç yüksək qiymətləndirmişdi. İranla 1828-ci il fevralın 10-da imzalanan Türkmənçay sülh müqaviləsinin hazırlanması və bağlanmasında A.S.Qriboyedovun xidmətləri xüsusilə qeyd edilmiş və o, artıq tarixi şəxsiyyətə çevrilmişdi.

1828-ci il martın 16-da Qış Sarayında böyük qəbul təşkil olundu, həmin qəbulda Nikolay Pavloviç gənc diplomatı özü şəxsən əzizlədi. Aleksandr Qriboyedov mülki müşavir rütbəsi, II dərəcəli Müqəddəs Anna ordeni və qraf Paskeviçin xahiş etdiyi kimi 4000 çervon məbləğində pulla mükafatlandırıldı. Gənc diplomat məmurun mülki müşavir rütbəsinə layiq görüldüyünü Rusiyanın bütün əsas qəzetləri təcili olaraq xəbər verdilər.

Müqəddəs Anna ordeni, bir qayda olaraq, ən aşağı 4-cü dərəcədən başlamaqla verilsə də, A.S.Qriboyedov istisna edilmişdi: ona nüfuzlu ordenin 2-ci dərəcəsi bəxş olunmuşdu.

Qriboyedovun hökmdar imperator tərəfindən qəbul edildiyi gün İranla müharibəni qurtarması şərəfinə “İran müharibəsi uğrunda” medalı təsis olundu və rusiyalılardan birinci olaraq A.S.Qriboyedov bu medalla mükafatlandırıldı.

Bu arada rəsmi Peterburq nazir-rezident A.S.Qriboyedova yeni parla­maqda olan ulduz kimi baxırdı, artıq dövlət dairələrində onunla hesablaşırdılar, imperator özü də ona yaxşı ümid bəsləyirdi. Doğrudur, eyni zamanda dövlət ərkanlarından heç biri düşünmürdü ki, İranın çox qədim mədəniyyəti yalnız Avropanın deyil, hətta ona qonşu olan Şərq ölkələrinin, məsələn, Türkiyənin də mədəniyyətinə bənzəmir, buna görə də bu ölkədə işləyən diplomata təkcə dahiyanə ağıl deyil, həm də İranın tarixini, adət və ənənələrini gözəl bilmək lazım idi.  Və təkcə fars dilini bilmək və İranın bir neçə nüfuzlu əyanı ilə tanışlıq İran sarayında səlahiyyətli səfir vəzifəsinin uğurla yerinə yetirə bilmək üçün hələ çox az idi.

Onun şərəfinə təşkil edilən təmtəraqlı ballarda da Qriboyedov özünün bəstələdiyi və onun adını daşıyan valsı rəqs edirdi. Teatr aləmi də Qribo­yedovu çoxdan özününkü hesab edirdi. Tanınmış aktyorların bir çoxu özünün Qriboyedovla yaxınlığını vurğulamaq və bir daha diqqəti özünə çəkmək üçün hökmən onu müşayiət etməyə çalışır və bunu özü üçün böyük şərəf sayırdı. Qriboyedovu bəstəkarlar tanıyır, qiymətləndirir və sevirdilər. Böyük bəstəkar M.İ.Qlinkanın belə bir gündəlik qeydi saxlanmışdır:

“Təxminən bütün günü “Ağıldan bəla”nın müəllifi Qriboyedovla bir yerdə olduq. O, çox yaxşı musiqiçi idi və bir gürcü mahnısının mövzusunu mənə danışdı, tezliklə A.S.Puşkin ona bir romans yazdı: “Oxuma yanımda, sən ey cadugər!”

Qriboyedov dəlicəsinə vurulduğunu ətrafdakılardan gizlətmirdi, Nina da qəlbən onu eyni cür məhəbbətlə sevirdi. Ancaq öz taleyini Nina ilə birləşdirmək istəyən adlı-sanlı və ləyaqətli namizədlər o qədər çox idi ki, bu yolda A.S.Qriboyedovun qarşısına ciddi maneələr çıxmışdı. Bu çoxtərəfli rəqabətin hətta duellə nəticələnmək təhlükəsi də vardı. Lakin Ninanın gözündə A.S.Qriboyedov hər cür rəqabətdən kənar idi və o, sabiq musiqi müəllimi və ailəsinin sevimlisini qeyd-şərtsiz hamıdan üstün tutdu.

1828-ci ilin 22 avqust axşamı Tiflisin Sion kilsəsində Aleksandr Sergeyeviç Qriboyedov ilə Nina Aleksandrovna Çavçavadzenin kəbini kəsildi. Kəbin mərasimi zamanı Qriboyedovu dəhşətli qızdırma ağrısı tutdu və o, bu nigah abu-havasının qarmaqarışıqlığında az qala öz nişan üzüyünü itirəcəkdi. ...Kəbin mərasimi uğurla başa çatdı.

Tiflisdə olmayan general Paskeçivə bu nigah barədə əvvəlcədən xəbər verilməmişdi və general öz qohumunun bu hərəkətindən bərk narazı qalmışdı. Paskeviçin nigah mərasimində iştirakı onu yalnız daha da şadlandırar və mötəbərliyini artırardı. Lakin bu nigah yüksək rəhbərliyin icazəsi olmadan baş tutmuşdu, general Paskeviç isə bu münasibətlə Peterburqa, qraf Nesselrodeyə

 məlumat göndərmək məcburiyyətində qalmışdı:

“Parlaq cənabınıza əlbəttə, artıq məlumdur ki, İran sarayına təyin edilən səlahiyyətli nazirimiz, mülki müşavir Qriboyedov İrana yola düşməzdən qabaq, evlənməyə icazə almadan, ən tanınmış gürcü mülkədarlarından biri olan general-mayor, knyaz Çavçavadzenin qızı ilə evlənib.

Bununla əlaqədar vəzifə borcumu yerinə yetirərək, parlaq cənabınıza bildirirəm ki, Qriboyedovun evlənməsi bir qədər qəfil, müxtəlif səbəblərin üst-üstə düşməsi nəticəsində, xüsusilə də Əlahəzrət İmperatorun yüksək iradəsini təcili yerinə yetirmək üçün tez bir vaxtda İranda olması və həmin nigahın sonraya saxlanılmasının  mümkünsüzlüyü səbəbindən baş verib, - buna görə də Qriboyedovun bu barədəki təkidli xahişinə əsasən ona bu nigah üçün icazə verməyi mən öz üzərimə götürdüm.

Buna görə də sizdən, lazım bildiyim təqdirdə, bunu Əlahəzrət İmperatorun Yüksək diqqətinə çatdırmağınızı xahiş edirəm”.

 

“Alazan qıvrılıb axan  yerdə”. Qriboyedov  bu şeirini olduqca gözəl və  münbit Kaxetiya torpağına, yerli sakinləri  yüksək qəhrəmanlığa,  fədakar mübarizəyə ruhlandıran “qızmar səma altındakı çılğın və qüdrətli sevgi”yə   həsr edib. Bu şeirin yazılma tarixi bəlli deyildir.  Bəllidir ki,  Qriboyedov Kaxetiyada evlənməzdən öncə olmuşdur. V.Küxelbekerə ünvanladığı  1 oktyabr 1822-ci il tarixli məktubunda  yazırdı: “Yenicə nikahlanmışdım ki,  mənə Kaxetiyanın Klends şəhərindən getməli olduğumu  xəbər verdilər. İngilis Robert Layolun “Rusiya, Krım, Qafqaz və Gürcüstan boyunca səyahət ”  kitabından  bəllidir ki,  Qriboyedov Kaxetiyaya bu kitabın müəllifi ilə birlikdə 1822-ci ilin iyununda da getmişdir. Dramaturq  Gürcüstanın bu bölgəsini  xüsusilə Aleksandr Çavçavadze ilə dostlaşandan və ardınca isə qohumlaşandan sonra  xüsusilə tez-tez səfər edərmiş.  Çavçavadzenin malikanəsi – Sinandali Kaxetiyada, Alazan çayının sahilində  idi. Qriboyedov  əbəs yerə arvadına “Sinandali  rahibi” olacağını vəd etmirdi.  Belə bir fikir var ki, “Alazan qıvrılıb axan  yerdə”  şeiri  “Qərib yolçu”  poemasının (1821-1822-ci illərdə yazılıb) qaralama variantlarından biridir, onun yalnız “Qalyançı” şərti başlıqlı bir parçası bizə gəlib çatmışdır:

Naz-nemət və sərinlik  var,

Alazan qıvrılıb axan  yerdə.

Purpur  üzümü dünyadan çıxar,

Bağlarından bəhər yığılan yerdə,

Erkən arayar, dostu sevərlər...

Tər çiçəkləri gur, parlaq,

Kotan görməmiş torpaq,

Bağbanlara  ərməğanı

Qızılı rəngdə üzüm –

O diyar  sənə tanışdırmı?

Qərib yolçu, qızmar səma altındakı

Röyalarına gələn rəfiqən yox,

Eşq nədir bilirsənmi?

Ona qanın qaynardımı?

Onunla nəfəs alar, yaşar,

Düşər yolların ağına,

Savaşlarda  can qoyarlar,

Ölərlər adları qəlbdə, dildə.

Səmum təki güneydən əsib

Çölləri yandırıb-yaxarlar...

Nədir tale, ayrılıq, ölüm, bilirsənmi!..

         “Kim bir vaxt sevməyibsə və qadınların  təsirinə məruz qalmayıbsa,  o heç vaxt böyük bir əsər yaratmayıb və  yaratmayacaq, ona görə ki, özü ruhən balacadır...” – Mələklə evlənmiş Aleksandr qadınlar barədə belə düşünürdü.Nikah mərasimindən sonra gənc ər-arvad  knyaz Çavçavadzenin Sinandali malikanəsinə yollanmışdılar. Orada Aleksandr  İrana xidmətə yollanmaq qərarını vermişdi.  Nina evdə qalmaqdan imtina etdi və bildirdi ki, əri ilə birlikdə gedəcəkdir.

 Yola düşməzdən əvvəl bir dəfə  ər-arvad  malikanənin ətrafında gəzişirlər və Qriboyedov  birdən Mtasminda dağını göstərib arvadına deyir:  “Əgər başıma bir iş gəlsə, məni bax orada dəfn edin"

Cavabında Nina səslənir:  “Yox, Aleksandr, biz əbədi yaşayacağıq...  sənin poetik istedadın sönməz olduğu kimi, bizim  məhəbbətimiz də sönməyəcək”.  Beləliklə, ər-arvad  sanki öz gələcəklərini müəyyən etmişdilər.

Heyhat, “bal ayı”, heç bir ay da çəkmədi, günlər çox sürətlə  ötüb keçdi və tezliklə ər-arvad    Qriboyedovlar  yola düşdülər.   İndi təsəvvürə gətirmək olmur,  bu səyahət hələ çox gənc olan, sonra ana olmağa hazırlaşdığı üzə çıxmış təzə gəlin üçün  nə qədər çətin keçmişdi.  Ər-arvad böyük bir məiyyətlə yol gedirdilər,  dözülməz soyuğun hökm sürdüyü, dağ küləklərinin sümüyə işlədiyi dağlarda çadırlarda gecələyirdilər. Nina  ərinə olan sevgisindən bütün bu çətinliklərə mərdanəliklə dözürdü.  Qriboyedov  dostlarına yazırdı: “Ninuşa, mənim zövcəm,  şikayətlənmir, hər şeydən məmnundur...”.  Bu “məmnunluğun” gənc xanıma  nəyə başa gəldiyini yalnız təsəvvürə gətirmək olardı.

Qriboyedovun İran səfərinin hazırlıq işlərində Abbasqulu ağa Bakıxanov yaxından iştirak etmişdi. 25 adamdan çox olan atlı müşaiyət dəstəsinə  erməni və gürcülərdən başqa Qazaxdan da bir neçə zirək və etibarlı şəxslər daxil edilmişdi.Sənədlərdən və Qriboyedovun özünün müxtəlif ünvanlara yazdığı məktublardan, yol qeydlərindən görünür ki, o özü də İrana at belində getmiş və Tiflisdən çıxanda onun yol bələdçisi Qazaxdan olan bir bəy olmuşdur.Bu adam rus dilində danışaraq, Qazağın kəndləri, əhalinin həyat tərzi, məişət və adətləri haqqında ona məlumat vermişdir.

Qriboyedov Qazağın İncə kəndində bir evdə qonaq qalır.Evdəki xalça onun diqqətini cəlb edir.Savadsız, təhsilsiz bir kəndli qadının toxuduğu gözəl xalça onu heyran edir.

Deyilənlərə görə, Şəmir bəyin (yəqin ki, Şəmil bəydir) vasitəçiliyi ilə Qriboyedova xalça, xurma, heybə kimi bir neçə hədiyyə verilir.

Yol boyu təzə səfirin - Qriboyedovun tez-tez xəstələnməyi karvanı ləngidir.Neçə müddətdi ki, Tiflisdən çıxan səfir və onun dövrəsindəki adamlar Culfaya 1828-ci il oktyabrın 1-də çatır. Həmin vaxt Qriboyedov narahatlıq hissləri ilə Paskeviçə geniş bir məktub yazır. Məktubda deyilir: “Türkmənçay müqaviləsindən sonra ermənilərin Naxçıvan vilayətinə köçürülməsi düşünülməmiş bir siyasətdir. Çünki rus hökumətinin belə bir köçə razılıq verməsi Naxçıvanda yerli və köklü əhalinin haqlı etirazına səbəb olur... Bu köçəcən Naxçıvanda əvvəllər çox az miqdarda - barmaqla sayılası qədər erməni yaşayıb.Türkmənçaydan sonra İrandan köçürülən ermənilərin sayı süni surətdə Naxçıvanda yaşayan köklü müsəlman əhalisinin sayına çatdırılır. Düzdür, burada – yəni Naxçıvanda gəlmələrin-yəni ermənilərin vəziyyəti başqa yerlərə nisbətən yaxşıdır. Amma tatarların (Azərbaycan türklərinin - R.Mirzəzadə) şüurundakı narazılıq və etiraz ən yüksək həddinə çatmaqdadır”.

Qriboyedov daha sonra bu konfliktə səbəb olan problemin özgə bir diplomatik həllini təklif edir: “Köçürülən erməni ailələrini başqa yerə yollasınlar. Onsuz da onların yaşamağa yeri - yurdu yoxdur. Belə çıxır ki, biz yerli bəy və xanların hakimiyyətini əlindən alırıq, əvəzində isə yerli əhaliyə yad və dolaşıq qanunlar sırımaq fikrindəyik...Yenə təkrar etməyi özümə borc bilirəm. Burada elə vəziyyət yaranmasın ki, yerli xalq arasında böyük hörmət və etibar qazanmış şəxslərin və din xadimlərinin başının üstündən tamam yad bir millətin qanunlarını zorakı şəkildə qüvvəyə mindirək”.

Əslində  bu etirafa diqqət etsək, görərik ki, Qriboyedovun ermənilərə xüsusi sevgisi və pərəstişi olmayıb. O, istedadlı yazıçı, savadlı məmur, ictimai - siyasi xadim, gözəl diplomat olduğu ilə kimi də ölkəsinin təəssübkeş  və  uzaqgörən vətəndaşı idi. Qriboyedovun rus imperatoruna yazdığı məktubdakı bu fikirlər onun ermənilərin xarakterinə yaxından bələd olduğu və onları düzgün qiymətləndirdiyi anlamına gəlir. Aleksandr Sergeyeviç  yazır: “Əlahəzrət, mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə verməyin. Onlar elə tayfadırlar ki, bir neçə on il yaşadıqdan sonra dünyaya hay - küy salacaqlar və  “bura bizim qədim dədə - baba torpağımızdır”- deyəcəklər”.

Qriboyedov hələ Sankt-Peterburqda olarkən səfirlik heyətinin bəzi üzvləri müəyyənləşdirilmişdi.Rusiya Xarici İşlər Nazirliyi tərəfindən İ.Maltsov səfirliyin birinci katibi, Adelunq səfirliyin ikinci katibi vəzifəsinə təyin edilmişdi.Qriboyedova imkan verilmişdi ki, səfirliyin əməkdaşlarının seçilməsində və təyinatında özü şəxsən iştirak etsin.Ona görə də həm Sankt-Peterburqda, həm də Tiflisdə  olarkən Qriboyedovun təklifi əsasında bir neçə əməkdaş vəzifələrə təyin olunmuşdu.Lakin rus tarixçilərinin də etiraf etdiyi kimi, Dadaş bəylə Rüstəm bəyin səfirliyə qəbul edilməsində Qriboyedov ciddi səhvə yol vermişdi.

1828-ci il oktyabrın 7-də səfirlik heyəti qeyd edildiyi kimi,Təbrizə çatır. Rusiyanın baş konsulluğu Təbrizdə yerləşirdi.Tehranda isə Rusiya səfirliyi hələ mövcud deyildi. Həmin səfirliyin təşkilatlandırılması məsuliyyəti Qriboyedovun üzərinə düşürdü.Tehranda hələ səfirlik binası olmadığından qərara alınmışdı ki, Qriboyedov öz sənədlərini İran şahına təqdim etmək üçün Tehrana gedib onunla görüşsün, bir müddətdən sonra yenidən Təbrizə qayıtsın.Buna görə də Qriboyedov Ninanı Tehrana aparmağı lazım bilmir və  sevimli xanımını Təbrizdə saxlayır.

Öz növbəsində isə  Qriboyedovun müasirləri qeyd edirdilər: “Təkcə gözəlliyi ilə deyil, həm də mənəvi keyfiyyətləri ilə parlayan bir qadının qəlbini fəth etməklə, Qriboyedovun  öz  bəxtəvərliyini dərk etməyə və bu səadəti ilə  - çox sürətlə, bir göz qırpımında ötüb keçən səadəti ilə  qürur duymağa tam haqqı vardı”.

 Arvadını mürəkkəb danışıqların gedişində baş verə biləcək təhlükələrə məruz qoymamaq üçün Aleksandr Ninanı  özünün Təbrizdəki iqamətgahında  saxlayır, özü isə şaha təqdim olunmaq üçün Tehrana yola düşür.  Ninanın onsuz da asan olmayan həyatı daha da çətinləşir.  Ona iqamətgahın darvazasından bayıra ayaq basmaq, kimsə ilə bir kəlmə kəsmək yasaq olur. Üstəlik də hamiləliyini ağır keçirən Ninanın sevimli ərinin yanında  olmaması vəziyyətini daha da ağırlaşdırır. Hər gün ər-arvad  bir-birinə könül oxşayan məktublar göndərirlər. “Mənim misilsiz rəfiqəm! Sevməyin nə olduğunu  mən  indi hiss edirəm”, -  deyə Aleksandr yazır. Gənc arvadının xiffətini  çəkdiyindən, zərif formalı mürəkkəbqabı sifariş verir və onun üzərinə fransız dilində “Mənə tez-tez yaz, mənim mələyim Ninobi”  sözlərini həkk etdirir.

1828-ci il dekabrın əvvəlində Aleksandr Sergeyeviç səfirliyin katibləri İ.Maltsov, Adelunq, səfirliyin təchizat işlərinə məsul olan Dadaş bəylə Rüstəm bəy,16 mühafizəçi kazak, 30 nəfərlik xidmət personalı və digər əməkdaşlardan ibarət heyətlə Tehrana yola düşür. Yolda Aleksandr sevimli Ninaya məktub göndərir:(Məktub kiçik ixtisarla təqdim olunur)

N.A.Qriboyedovaya

9-cu məktub.

24 dekabr 1828-ci il. Qəzvin.

“Əzizim. Sabah biz Tehrana yola düşürük, orayadək buradan atla dörd günlük yoldur. Dünən mən bizim bir təbəəmiz vasitəsilə sənə məktub  yazdım, lakin sonra hesab etdim ki, o, iyirmi günə gedib sənə çatmayacaq, eləcə də m-me Macdonalda yazmışdım, mənim zərflərimi siz birlikdə alacaqsınız.  Mənim dəyərli dostum, sənsiz günlərim  möhnətli keçir, daha dözə bilmirəm. İndi mən gerçəkdən duyuram ki, sevmək  nə olan şeymiş.  Öncələr də bərk bağlı olduğum çoxları ilə ayrı  düşürdüm, fəqət bir, iki gün, bir həftə keçir – xiffətim yox olub gedirdi, indisə  səndən ayrı düşdüyüm günlər keçib getdikcə, möhnətim daha da artır.

Burada əsirlərin işi məni dəli edibdir. Bəzilərini vermirlər, digərləri özü qayıtmaq istəmir. Onlar üçün mən burada mənasız yerə vaxt sərf etdim, tamamilə mənasız yerə.

Evimiz əladan əla və soyuqdur,  buxarıları yoxdur,  manqallardan isə hamını başağrısı tutub.

Dünən məni buranın vəziri, Mirzə Nəbi qonaq çağırmışdı, qardaşı buradakı Şahzadənin  qızı ilə evlənirdi və toy ziyafəti on dörd gündür davam edir, çox böyük həyətdə bir neçə otaq var, onlarda  yemək-içmək, çərəzlər, şam yeməkləri hazırlanır,  bütün həyət  geniş parça zolaqları ilə örtülüb,  bir növ çadır əmələ gəlib və əla işıqlandırılıb, ortada teatr səhnəsi,  bizim Təbrizdə gördüklərimizə  bənzəyən müxtəlif  səhnəcikər göstərilir,  zəngin bəzəkdə olan təzə bəy özü mənə yaxınlaşdı. Lakin əzizim, bizim toy daha şən keçmişdi, baxmayaraq ki, sən şahzadə qızı, mən də əyan-əşrəfdən deyiləm. Mənim misilsiz rəfiqəm,  yadındadırmı necə nişanlandıq,  vasitəçilərsiz,  arada üçüncü adam yox idi. Yadındadırmı, səni ilk dəfə necə öpdüm, çox tezcə və səmimiliklə, və əbədi olaraq isinişdik...

Əzizim!..

Yanına nə vaxt dönəcəyəm? Bilirsənmi, sənə görə məni qorxu hissi bürüyüb, nəsə  mənə  elə gəlir ki,  səninlə yenə, mənim yola çıxmağımdan iki həftə öncə olan  eyni hal baş verəcək. Ümidim yalnız Derecanadır, gecələr ayıq yatır və səndən bir addım aralanmaz. Onu öp, əzizim, Filippə və Zaxariyə de ki,  sənin məktubuna əsaslanıb, onlara təşəkkür edirəm. Əgər sən onlardan razısansa, mən də onları məmnun etməyi bacararam.

Bu yaxınlarda  bu şəhərciyi gözdən keçirdim, zəngin məscidlər, bazar, karvansara, lakin hamısı ümumilikdə bu dövlətin özü kimi xarabalıq içindədir. Gələn il ehtimal ki, biz bu yerləri birlikdə keçib gedəcəyik və o zaman hər şey mənə gözəl görünəcək.

Əlvida, Ninoçka, mənim mələyim. İndi axşam saat 9-dur, yəqin ki yatmağa hazırlaşırsan, mənim isə artıq beş gecədir gözümə yuxu getmir. Doktor deyir ki, çoxlu qəhvə içməkdəndir.  Mən isə düşünürəm ki, səbəb tamam başqadır.  Toy məclisinin qurulduğu həyət  mənim yataq otağıma yaxındır, içirlər, böyük səs-küy var, bu nəinki məndə ikrah doğurmur,  əksinə, hətta  hiss edirəm ki,  heç olmasa tamam tənha deyiləm. Əlvida mənim misilsiz rəfiqəm,  bir də deyim, Aqalobek, Montis və digərlərinə təzim et. Sənin dodaqlarından, sinəndən, əllərindən, ayaqlarından və səni başından-ayağınadək öpürəm. Cansıxıcıdır.

Bütün  varlığı ilə sənin olan A.Qr”.

Dekabrın 30-da heyət Tehrana yetişir. Səfirlik heyətinin qarşılanması üçün görülən mərasim tədbirləri heyətin çox xoşuna gəlir. Maltsov öz qeydlərində etiraf edir ki, indiyə kimi İranda heç bir Avropa ölkəsinin səfirliyinə belə bir yüksək səviyyəli qarşılanma mərasimi olmamışdı. Səfirlik üçün bir neçə binadan və geniş həyətdən ibarət yer ayrılır.İqamətgah ətrafında xüsusi mühafizə dəstəsi qoyulur. Qriboyedovun şah sarayına çatdırılması üçün səltənət tövləsindən at ayrılır. Səfirliyin heyət üzvləri yoldan ötəndə insanlar səfiri görüb dayanır, kişilər hörmət əlaməti olaraq papaqlarını başlarından çıxarırlar.Fətəli şahın sarayında da Qriboyedov həmin ehtiramla qarşılanır.Qriboyedovun əyləşməsi üçün salona ayrıca bahalı stul qoyulur. Rusiya səfirinin şah hüzurunda qəbulu bir saata yaxın davam edir.

Qriboyedov Tehrana bu səfərində müşahidələrini belə qələmə alır: “Tehrana az qalıbdır. Sol tərəfdə Nehristan dağları görünür.Dəmavəndin başı buludlar içindədir, irəlidə qədim Midiya ibadətgahlarının xərabələri görünür, sağımızda isə məscid vardır. Sədr-əzəm diribaş bir qocadır. Fətəli şah, başda  Abbas Mirzə olmaqla bütün şahzadələrlə əhatə edilmişdir...Şaha və onun hərəkətlərinə göz qoyuruq. O, bizə qarşı çox qonaqpərvərdir...”.

Mürəkkəb dövrün qarmaqarışıqlığı içində müxtəlif cəbhələrə qulluq edən qüvvələrin gizli və aşkar çəkişmələri Rusiya və İran arasında münasibətlərin yenidən gərginləşməsinə, təzədən müharibə qığılcıçlarının alovlanmasına xidmət edirdi.

Qriboyedovun qeydlərində bu məqamları da diqqətdə saxlayıram.Yazıçı-diplomat Türkmənçay müqaviləsinin 6-cı bəndinə uyğun olaraq, İran hökumətinin məğlubiyyətdən sonra ödəyəcəyi təzminat, bu təzminatın ödənmə ardıcıllığı barədə öz fikirlərini bildirib qeyd edir ki, müharibədən sonra tamam kasıblayan İran hökumətinin həmin təzminatı vaxtlı-vaxtında ödəmək imkanı yoxdur: “Şahın oğlu Abbas Mirzənin təkidi ilə sarayındakı adamlar, hətta Abbas Mirzənin zövcələri belə, öz libaslarından brilyant düymələri qoparıb bizə verirdilər. Mən heç yerdə belə vəziyyətlə bu vaxta qədər rastlaşmamışdım”.

İranın həmin vaxtlarda  və həmin vəziyyətdə təzminatı vaxtlı-vaxtında yerinə yetirməyə  çətinlik çəkdiyi üçün Abbas Mirzə Qriboyevdən rica edir ki, rus hökuməti təzminatın şərtlərini bir qədər yüngülləşdirsin.

Qriboyedov rus dövlətinin bir elçisi kimi öz etirazını bildirir.Deyir ki, madam ki, şah bu müqaviləni imzalayıb, mən də öz ölkəmin elçisi kimi bu şərtlərin İran dövləti tərəfindən yerinə yetirilməsini təkid edirəm.

Lakin eyni zamanda Aleksandr Sergeyeviç bir təklif irəli sürür ki, həmin təzminatı, yəni 20 milyon gümüş pul miqdarında olan borcu digər əmtəə ilə, məsələn, pambıqla, ipək-qumaşla, başqa  qiymətli parçalarla, taxıl, yaxşı atlar və qeyri məhsullarla da ödəmək mümkündür...

Tehranda on minlərlə yürüşçüdən ibarət kütlənin Rusiya səfirliyinə qəfil hücuma keçməsi, hər iki tərəfdən çoxsaylı insanların qılıncla doğranaraq qanına qəltan edilməsi ən müxtəlif mənbələrdə ən böyük həyəcanla təsvir edilib.

İ.Yenikolopovun “Qriboyedov və Şərq” kitabında oxuyuruq: “...Tehran hadisəsindən daha düzgün məlumatları həmin gün səfirlik işçilərindən yeganə sağ qalmış Maltsov verə bilərdi. Ancaq İran dövləti onu uzun müddət Rusiya ilə diplomatik münasibətlərin pozulduğunu elan etməmək üçün Rusiyaya buraxmırdı.Maltsov Tehrandan çıxmağa nail olan kimi, elə rus sərhəddindən başlayaraq, həmin dəhşətli hadisələrdə özünün necə sağ qalması və baş verənlər barədə xəbər və məktublar göndərməyə başlamışdı. Ayrı məkanda olan Maltsov qəzəblənmiş kütlənin həyətdə o baş-bu başa necə dəhşətlə hərəkət etdiyini görmüşdü. Ancaq təsadüf nəticəsində o, qiyafəsini dəyişərək saray tərəfə qaça bilmiş və orada sığınacaq tapmışdı.

Maltsov tərəfindən təqdim edilmiş məlumatlar Qriboyedovun hansı şəraitdə həlak olduğu barədə təsəvvür yaratmaq imkanı verir.Onun yazılarının birində deyilir: “Üsyançılar uzun müddət əsas darvazaları dağıtmağa çalışırdılar. Daş seli səfirlik binasının üzərinə tökülürdü. Bu arada bazardan, ya başqa yerlərdən küllü miqdarda kətmənəbənzər iri çəkiclər gətirilmişdi. Darvaza parçalandı. Bu dəhşətli səsə qaragüruhçuların səs-küyü qarışdı. Səfirliyin bütün keçidləri bu kütlə ilə dolmağa başladı. Kazaklar və səfirlik qaravulçuları uzun müddət hücum edən kütləyə böyük mətinliklə müqavimət göstərməyə, içəri həyətə daxil olmalarının qarşısını almağa çalışırdılar...

Qriboyedov öz otağının pəncərəsindən bu səhnəni görcək, başqa əsgərlərlə  səfirliyin  ikinci mərtəbəsinə aparan pilləkənlərdə toplaşmağı və şah sarayından yardım gələnə qədər oranı qorumağı əmr etdi. Özü isə kütlə ona ehtiram göstərərək dayanacağını zənn edib, bütün təltif olunduğu ordenlərlə bəzədilmiş təntənəli libasını geyindi. Ancaq onun gümanları əbəs idi. Qaragüruhçular artıq heç nəyə baxmır, heç nədən qorxmurdular...

Səfir üst mərtəbədəki  otaqda bir neçə  mərd və cəsur kazakların əhatəsində səfirlik binasının mühasirə olunmasına xeyli müddət dözdü.Təxminən on beş nəfər məmur və xidmətçidən ibarət insan onun otağına  yığılaraq  qapıları  saxlamağa  çalışırdı. Daxil olmağa cəhd edənlər qılıncla  doğranırdıar. Ancaq birdən rusların  son sığınacağı olan otağın  tavanı alışdı. Dar və sıx həyətdə toplaşmış kütlə  güclü müqavimətlə  rastlaşaraq dama qalxdı, səfir tərəfindən qorunan otağın damını  dağıdaraq  orada toplaşanların  başlarına daş və taxtalar yağdırmağa  başladı. Xəncər yarası alan Qriboyedov yıxıldı...

Sonradan Qriboyedovun eybəcər hala salınmış cəsədini bir vaxtlar Yakuboviçlə dueldə itirdiyi çeçələ barmağına görə ayırd edə bildilər...”.

Rus tarixçisi, arxeoqraf və qafqazşünası Adolf Petroviç Berje “Qriboyedovun ölümü” adlı monoqrafiyasında 1829-cu il hadisəsini təhlil edərkən Tehran mücahidinin bu hadisədəki iştirakına xüsusi diqqət ayırmışdır. “Ancaq bir şəxs- deyə o, yazır, Tehran şeyxi Molla Məsih bu hadisənin baş verməsinə (yaxud dayandırılmasına) təsir edə bilərdi; ancaq məhz yırtıcılaşmış kimi, xristianların, xüsusən də rusların qatı düşməni olan Məsih  alovlanmış ocağa yağ tökərək bir kəlmə “cihad” sözü ilə bizim bütün kiçik koloniyamızı məhv etdi”.

İvan Sergeyeviç Maltsov məktublarında 30 yanvarda baş vermiş faciəli hadisələri təsvir edərkən səfirlik binasına hücumu məhz Molla Məsihin təşkil etdiyini göstərir.Qriboyedovun öldürülməsində Molla Məsihin şəxsən iştirak etməsi bir çox sənədlərlə şəxsən sübuta yetirilmişdir.

Rusiya ilə münasibətlər korlanmasın deyə, məsciddə səfirliyin fitvasını vermiş ayətulla Mirzə Məsih Mücdəhid İrandan qovulur və o, Kərbəla şəhərində özünə məskən tapır.

Aleksandr Qriboyedovun həyat və yaradıcılığı, diplomatik fəaliyyətinin araşdırıcısı olan tanınmış tarixçi, Rusiyanın əməkdar mədəniyyət işçisi, Rusiya Yazıçılar Birliyinin katibi Sergey Dmitriyevin dedikləri də həqiqətlə üst-üstə düşür:

“Qriboyedov ilyarımdan çox indiki İranın şimal hissəsində, Azərbaycanda yaşayıb. Məşhur  “Ağıldan bəla” əsərini də Azərbaycanda yazmağa başlayıb. O, İrana gedərkən yolunu hər zaman Azərbaycandan salıb, Azərbaycanın bir çox şəhərlərində olub. 1819-cu ildə yazdıqlarına baxsanız, görərsiniz ki, Qriboyedov Naxçıvanı, Culfanı və gəzdiyi digər Azərbaycan şəhərlərini necə təsvir edib. Bir çox xarici dilləri bilən Qriboyedov Azərbaycan dilini də öyrənib. Bu işdə ona yaxın dostu, dahi Azərbaycan mütəfəkkiri Abbasqulu Ağa Bakıxanov yaxından kömək edib. Bakıxanovla Qriboyedov arasında yaxın dostluq əlaqələri olub…

 Dağlıq Qarabağa ermənilərin köçürülməsi ilə bağlı tarixi məqama toxunan S.Dmitriyev bildirib ki, A.Qriboyedov ermənilərin bu ərazilərə köçürülməsində iştirak etsə də, bu işdə tam günahkar deyil: “Qriboyedov iki dəfə Tehrana getmişdi. İlk dəfə 1919-cu ildə 6 aylıq müddətə, daha sonra isə 1828-ci ildə. İkinci gedişində məlum faciəvi hadisə baş verdi. Qriboyedovu səfirliyin binasında vəhşicəsinə öldürdülər. Nəyə görə bu hadisə baş vermişdi? Tarixçilər bir sıra versiyalar irəli sürürlər. Qriboyedovun ikinci dəfə Tehrana göndərilməsi əslində ona qarşı hazırlanmış tələ idi. 1828-ci ildə bağlanan Türkmənçay müqaviləsi məğlub ölkə İran üçün olduqca ağır idi. Çünki bu müqavilə ilə Naxçıvan və İrəvan xanlığı Rusiya imperiyasının tərkibinə daxil oldu. Həmin müqavilənin şərtlərinə görə, İran Rusiyaya pul ödəməli, əvvəlki illərdə əsir götürdüyü şəxsləri geri qaytarmalı idi. Vacib məsələlərdən biri də ermənilərin köçürülməsi məsələsi idi. Həmin illərdə 70 min erməni 2-3 il ərzində İrandan Azərbaycana köçürüldü. Belə alındı ki, həmin ermənilər Qarabağ və Naxçıvan xanlığının ərazisinə köçürüldülər. Burada vacib olan məsələ odur ki, Qriboyedov Naxçıvanda olan zaman bu məsələlərlə şəxsən özü məşğul olub. Hətta o, nazirə məktubunda bildirir ki, ermənilər yerləşdirilən zaman yerli əhalinin tələbləri mütləq diqqətə alınsın, köçürülmə bərabər hüquqlu şəkildə həyata keçirilsin. Lakin Qriboyedovu eşidən olmadı. Qriboyedovun günahı onda idi ki, bu köçürülməyə sona qədər nəzarət edə bilmədi. 6 aydan sonra Qriboyedov öldürüldü. Əgər o, sağ qalsaydı, çox güman ki, ermənilər Azərbaycan ərazilərinə köçürülən zaman yerli əhalinin tələbləri nəzərə alınacaqdı. Qriboyedovun özünü yazdığı hesabatda 4 min erməni ailəsinin İrandan köçürüldüyü qeyd olunub. Bu köçürülmə 1828-ci ilin sonunda baş vermişdi.

... Türkmənçay müqaviləsini Qriboyedov özü yazmışdı. Lakin müqaviləyə 15-ci, ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi maddəsinin əlavə olunması məsələsinə gəldikdə, deyə bilərəm ki, bu məsələ 1813-cü ildə imzalanan Gülüstan sülh müqaviləsində də öz əksini tapmışdı. Ona görə də erməni köçünün Qriboyedovun təşəbbüsü ilə həyata keçirilməsini demək əsassızdır. Burada bir məsələ də var. 1795-ci ildə Qacar Tiflisi işğal edən zaman çoxlu xristian əhalini əsir almışdı. Türkmənçay müqaviləsinin bu bəndində həmin xristian əsirlərin də geri qaytarılması vardı”.

 S. Dmitriyev A.Qriboyedovun qətlinin əvvəlcədən planlaşdırıldığını qeyd edir: “Həmin illərdə Rusiya-Osmanlı müharibəsi gedirdi. İngilislər Rusiyanı zəiflətmək üçün İranla Rusiya arasında yeni müharibənin olmasını istəyirdilər. Ona görə də Tehrandakı səfir Aleksandr Qriboyedov vəhşicəsinə qətlə yetirildi. Bu işdə həm ingilislər maraqlı idi, həm də şah aristokratiyasında təmsil olunan qüvvələr...”

 Rusiyalı  tarixçi A. Qriboyedovun qətlində İran şahının xacəsi olan milliyyətcə erməni şəxsin rolunu xüsusi vurğulayır: “Milliyyətcə erməni olan xacə İran şahının maliyyə məsələlərinə baxırdı. O, Tiflisdə əsir götürülən ermənilərdən idi. Bir sıra tarixçilər erməni xacənin ingilis kəşfiyyatının casusu olduğu qənaətindədirlər. O, Aleksandr Qriboyedovun ölümü ilə nəticələn təxribatın törədilməsinin əsas səbəbkarı idi. Bu işdə əsas rolu xacə oynayırdı. Onu Qriboyedovun yanına göndərmişdilər ki, orada iğtişaş salsın. İran şahı xacəni pul oğurlamaqda ittiham edir, xacə isə Qriboyedovla görüşməyə can atırdı. Qriboyedov onu qəbul etmək istəməsə də, xacə rüşvət müqabilində Qriboyedovun qəbuluna düşə bilmişdi. İngilislər İran tərəfinin oğru bir şəxsin rus səfiri tərəfindən himayə olunmasının mənfi reaksiya doğuracağını yəqin etmişdilər. Belə də oldu, səfirlikdə Qriboyedovla birlikdə olan 37 nəfər vəhşicəsinə qətlə yetirildi. Erməni xacənin ingilis casusu olmasına dair çoxlu sübutlar var”. 

Qriboyedov öldürülərkən Bakıxanov  Qubada idi. O, Rusiya-Türkiyə müharibəsi başa çatdıqdan sonra icazə alıb doğma ocağı Qubaya getmiş, və bir müddət burada təsərrüfatla məşğul olmuşdu.

Gərgin müharibələrdən sonra doğma ailə üzvləri ilə görüşmək, tanıdığı- bildiyi kənd adamları ilə söhbət eləmək ona xoş gəlirdi.

Atası Mirzə Məhəmməd xanın uçmağa qanadı yox idi. Oğlu yeni rütbə almış, yaxasında dördüncü dərəcəli Müqəddəs Vladimir ordeni ilə kəndə qayıtmışdı...

Abbasqulu ağa dostu və həmkarı Aleksandr Qriboyedovun Tehranda vəhşicəsinə öldürülməsi xəbərini eşitdikdə, inanmadı. Qubada yerləşən hərbi rus komendantlığına gəldi. Orada da məsələni ətraflı bilmirdilər. Abbasqulu ağaya xüsusi hörməti olan komendant dedi ki, hələ Aleksandr Aleksandroviçin qətlə yetirilməsi barədə müfəssəl məlumatımız yoxdur. Sizi Tiflisə çağırırlar. Yəqin ki orada hər şeyi ətraflı öyrənə biləcəksiniz.

Abbasqulu ağa komendantla bir qədər söhbət elədikdən sonra onunla xudahafizləşdi. Bir gün sonra komendantın ayırdığı iki nəfər əsgərlə Tiflisə yola düşdü.

O, Qriboyedovun ölümünü eşitdikdən sonra onunla keçirdiyi günləri xatırlamaya bilmirdi. Yol boyu bu xatirələr onun yaddaşında oynayıb çözələnir, qələm dostu ilə bəzi söhbətlərini yada salırdı. ..

...Təbrizdə Novruz bayramı ərəfəsində keçirdiyi günlər şirin bir xatirə kimi beynində canlandı. O vaxt Abbasqulu ağa təxminən dörd ay cənubda qalıb, Arazın o tayındakı qardaşlarımızın adət və ənənəsi ilə tanış olmuş, qədim əlyazmaları ilə maraqlanıb oxumuş, Türkmənçay müqaviləsində göstərilən bəzi məsələlərin həllində iştirak etmişdi. Onlar İranın bir çox şəhərlərini gəzib  dolaşmışdılar. Təbrizdə müctəhid Mir Fəttah ağa Novruz ərəfəsində onları öz evinə dəvət eləmişdi.

Mir Fəttah ağanın əhali arasında çox böyük hörməti var idi, hamı onun nüfuzunu saxlayır, bir sözünü iki eləmirdi.

Aleksandr Qriboyedov Şərqdə Novruzun keçirilməsi barədə çox eşitmişdi. O, hətta Tiflisdə, Azərbaycanın bəzi yaşayış yerlərində Novruz bayramının keçirilməsi ilə maraqlanmışdı. Abbasqulu ağa da ona bu haqda müəyyən məlumat vermişdi. Amma İranda keçirilən Novruz bayramına o xüsusi maraq göstərirdi.

Mir Fəttah ağa ona Novruz bayramı barədə məlumat verir, bu bayramın gözəl keyfiyyətlərindən danışırdı:

- Ağayi vəziri-muxtar, - A. Qriboyedovu İranda belə çağırırdılar. – Novruz bayramında bütün küsülülər barışır, evdəki uşaqlara təzə pal-paltar alınır, kasıblara əl tutulur, ev-eşik təmizlənir, rəhmətə getmişlər yada salınır, onlar üçün yasin, quran oxunur, gənc ailələr yaşlıların evinə gedir, ən əziz yeməklər, şirniyyatlar bişirilir, xonçalar bəzənir, hamı bir-birinin evinə gedib yaz bayramını təbrik edir, qarşıdakı ildə can sağlığı arzulayır.

Vəziri-muxtara ərz edim ki, İranda Novruz bayramı süfrəsinə “Sofreye həft in” deyirlər. Yəni yeddi “S”süfrəsi deməkdir. Bu süfrəyə adı “s” hərfi ilə başlanan yeddi şey düzülməlidir: səməni, sirkə, sikkə, senged (iydə), sumaq, sarımsaq və səbzeh (göyərti) mütləq hər süfrədə olmalıdır. Bu nemətlərin düzüldüyü süfrə bərəkətli olar, həmin evə bolluq gətirər.

Müctəhid Mir Fəttah ağanın söhbətlərinə qulaq asan vəziri-muxtar bir anlıq fikrə gedib ona belə bir sualla müraciət etmişdi:

- Mir Fəttah ağa, bəs Novruz bayramının hər il mart ayının 21-də keçirilməsi nə ilə bağlıdır? Şərqdə il təqvimi niyə məhz həmin gündən hesablanır?  Rusiyada, bir çox Avropa dövlətlərində yeni il yazda deyil, qışda başlanır. Bunu nə ilə izah edərsiniz?

Abbasqulu ağa o vaxt Mir Fəttah ağaya baxmış, o isə onu başa düşərək cavab verməyinə başı ilə razı olduğunu bildirmişdi.

- Aleksandr Aleksandroviç, Novruz sözünün mahiyyətinə fikir verin. Nov – yeni, ruz isə gün deməkdir, yəni yeni gün. Həmin gün gecə ilə gündüz bərabərləşir, köhnə ili yeni il əvəz edir. Təbiətin oyanışı başlanır, elə-yurda yaz gəlir. Hamı qışdan yaza salamat çıxmağını bayram edir, yazın gəlişi ilə bir-birinin qapısını xoş niyyətlə açır. Ağaclar çiçək açır, bolluğun-barın əsası qoyulur. Insan yaratmaq, əkib-becərmək eşqi ilə yaşayır. Buna görə də Şərqdə yazın gəlişi ilə yeni il hesablanır.  Incimə, əziz dost, fikrimcə, yeni ilin qış ayında başlaması qətiyyən düz deyil.

 – Bilirsənmi, Abbasqulu ağa, novruz əgər həqiqətən sizin dediyiniz mahiyyəti daşıyırsa, bu, xalqın bayramıdır. Amma eşitdiyimə görə bu bayramı başqa cür yozanlar da var. Məsələn, mən hələ Peterburqda olarkən maraqlanıb öyrənmişdim ki, novruz türklərdə yeni günün, yəni düşdükləri yerdən çıxdıqları günün şərəfinə keçirilir. Siz yəqin bu əfsanədən xəbərdarsınız. Deyilənə görə, amansız döyüşdən sağ qalan iki türk oğlu və iki türk qızı bu fəlakətdən canlarını götürüb qaçmışlar.  Onlar gecə-gündüz yol gedib bir meşənin kənarına çatırlar. Bir gün qarşılarına bir iz çıxır. Bu, insan izi deyildi. Qızlardan biri xallı maralı görüb sevinir.  Onlar maralı qovmağa başlayırlar.  Yol çox sərt və dar olduğundan keçmək çətin idi. Onların hamısı uca bir yerdən aşağı yuvarlanırlar.  Özlərinə gəlib ətrafına baxıb görürlər ki, bura çəmənzardır.  Elə bil cənnətin bir guşəsidir. Onlar burada heç bir insana rast gəlmirlər, düz 400 il şad-xürrəm yaşayıb nəsil artırırlar.  Amma onlar buradan heç yana çıxa bilmirlər, çünki hər tərəf keçilməz sıldırımlıqlar, uca dağlarla əhatə olunmuşdu.

Bir gün bu yurdda bir qurd görünür.  Çoban qurdu görüb onun gəldiyi yolu tapır.  Hamıya xəbər verir.  Hamı buradan çıxmaq sevinci ilə aşıb-daşır. Amma qurdun keçdiyi oyuq çox dar olduğundan türklər oradan çıxa bilmirlər.

Çoban özünü itirmir, dərhal od-ocaq qalayıb, ağır gürzlə qayanı vurub parçalayır. Bütün türklər oradan çıxıb hər yerə yayılırlar. Türklərin həmin cənnətməkan yerdən çıxıb yayıldığı günə yeni gün deyirlər. Bu da farsca Novruz ifadəsinə uyğun gəlir. İndi mən sizin dediklərinizi eşitdikdə istər-istəməz bu əfsanə yadıma düşdü.

Abbasqulu ağa dostunun belə məlumata malik olmasından xəbərsizdi. O, özü bu əfsanəni ilk dəfə idi ki, eşidirdi. Qriboyedov onlara baxıb cavab gözləyirdi.

– Əziz dost, Novruz haqqında başqa bir rəvayət də var. Bəziləri Novruz bayramını imam Həzrət Əli Əleyhüssəlamın taxta çıxdığı günlə əlaqəndirirlər.

Amma xalqın bu əziz bayramının dinlə heç bir bağlılığı yoxdur. Əbu Reyhan Büruni bu bayramın zərdüştilikdən və islamiyyətdən çox-çox əvvəllər mövcud olduğunu qeyd edir.  Amma mən deyərdim ki, insan yaranandan bəri o yaz bayramını keçirməyə başlamışdır. İnsan təbiətin mühüm bir varlığı kimi payız və qış aylarında sərt iqlim şəraitində yaşadığından, özünə azuqə toplamaq, yaşayışını təmin edən vasitələri tapmaq imkanından məhrum idi.  O buzun əriməsini, şaxtanın-çovğunun yerini günəşin tutmasını, təbiətin oyan­masını səbirsizliklə gözləyirdi. Odur ki, lap qədim dövrlərdən başlayaraq insanlar gecə ilə gündüzün bərabərləşdiyi günü yaz bayramı, yəni insanın məişətinə yeni günün daxil olduğu bayram kimi qəbul etmişlər. Həmin ənənə bu gün də davam edir. Elə axtarsaq, tarixin müxtəlif mərhələlərinə qədər bu ənənə bütün xalqlar tərəfindən yerinə yetirilib.  Axı insanlarının hamısının inkişaf tarixi bir kökdən başlanır, əziz dost. Elə deyilmi?..

Abbasqulu ağa yol boyu bu haqda fikirləşir. A. A. Qriboyedovla bağlı hər söz-söhbəti beynində canlandırırdı: – “Hə, yadıma düşdü, o vaxt o, mənim sualıma birdən-birə cavab vermədi. Sonra fikirləşib, – deyə Abbasqulu ağa düşündü:

–Sənin məntiqli, tutarlı müddəaların məni inandırmaya bilməz. Diqqətlə fikir verdikdə, həqiqətən bu bayramın müsbət cəhətlərini görməmək olmur. Şərq öz mədəniyyəti, poeziyası kimi qədim bayramlara da malikdir.  Necə deyərlər, Novruz bayramınız mübarək olsun! – deyə hər üçü ucadan gülmüşdü.

“Qarşıdan yenə novruz gəlir. Vəziri-muxtar bu bayramı görə bilmədi” – deyə o, fikirləşdi.

Beləcə o, bütün yol boyu öz qələm dostunu düşünə-düşünə Tiflisə yaxınlaşdı.Uzaqdan alçaq, üstü kirəmitli evlər dumanın içində çətinliklə seçilirdi.

Abbasqulu ağa Ninanı fikirləşdi: yazıq qız, yenicə evlənmişdilər, görəsən vəziyyəti necədir?

Nina hamilə olduğundan əri onu İrandan atası evinə -Tiflisə göndərmişdi.

Yaxşı ki, o, vaxtında Ninanı yola salmışdı, yoxsa azğınlaşmış kütlə onu da öldürərdi, qadınlığına baxmazdı. “Kafir arvadıdır”- deyib ona rəhm etməzdilər.

Abbasqulu ağa Tiflisə gəldikdən sonra eşitdi ki, Ninanın hamiləliyi də pozulmuşdur. Deməli, Aleksandr Qriboyedovun ölümü ilə onun nəsli kəsil­mişdir. Əgər uşaq sağ qalsaydı... Eh, gör mən nə fikirləşirəm. Rusiya o böyüklükdə şair itirib, mən isə , – deyə öz-özünü məzəmmətlədi.

...Bəs Aleksandr Qriboyedovun öldürülməsi nə ilə bağlıdır? Tehran əhli öz torpaqlarında qonağa niyə əl qaldırıb? Axı həmin vaxtlar Tehranda ingilislərin də nümayəndələri var idi. Amma onlara toxunulmadı.

A.Qriboyedovun ölümü  ilə əlaqədar tarix kitablarında müxtəlif fərziyyələr irəli sürülür.

Rus tədqiqatçısı, tarixçi və qafqazşünası  Anatoli Fadeyev “Россия и Кавказ в первой трети XIX века”  kitabında göstərir ki, Tehranda ingilis diplomatiyasının təcavüzkar fikirlərinə qarşı mübarizədə Qriboyedov fəal müdafiə taktikası seçmişdi. İngilislər tərəfindən orta Şərqdə antirus blokunun yaradılması ideyasına qarşı çıxıb, o, Abbas Mirzəni Rusiya ilə siyasi və hərbi əməkdaşlıq etməyə yönəltmişdi.

O vaxt müasirlərindən biri A.Qriboyedovun fəaliyyətini çox yüksək qiymətləndirərək yazmışdı: “Qriboyedov İranda öz yerindədir. O, burada tək-tənha 20 min ordunu əvəz edirdi”.

Əlbəttə, bu fikir şişirdilmiş olsa da, hər halda rus diplomatının İranda nə qədər lazımlı olduğunu, böyük işlər gördüyünü göstərən bir faktdır.

Şah sarayında isə bir həyəcan, bir təlatüm yaşanmaqda idi.Bu ciddi narahatçılıq rus çarına ünvanlanmış məktubda da əksini tapmışdı: (Məktub Rudolf İvanovun araşdırmasına istinadən təqdim olunur)

 

         Şahzadə Abbas Mirzədən – Hökmdar İmperatora

 

Hər şeydən əvvəl bütün sirlərdən agah və bütün dünyaya sahib olan, bütün günahları bağışlamaq və hökmdarlara qüdrət bəxş etmək iqtidarına malik Uca Allahı mədh edərək, sonra Onun doğru yola yönəldən ulu müqəddəslərinə və ilahi sirrdən xəbərdar olan və haqq-hesab günü bizim əvəzimizdən xahiş edən peyğəmbərlərə itaətkarlığımızı bildirərək, Siz Əlahəzrət İmperatora, - qüdrətli, mülayim, ədalətli, Dara kimi, səltənətdən məhrum edən və onu bəxş eləyən, tərifəlayiq keyfiyyətlərə malik olan, çox ləyaqətli, öz rəhmi və mərhəməti ilə bütün dünyada tanınan əziz əmimə və bütün Rusiyanın padşahına bildirirəm ki, fani taleyin gərdişi ilə İranın öz üstünü örtdüyü xəcalət heç bir təsvirə sığmasa da, mən siz Əlahəzrətin lütfünə və alicənablığına güvənirəm.

Ötən il İran öz qəlbi və ürəyi ilə yüksək Rusiya dövlətinin dostluğuna nail oldu. Bunun üçün Allahın lütfü və Əlahəzrət İmperatorun alicənablığı sayəsində çox ürəkdən istədiyini əldə edənə qədər nə əməyini, nə ləyaqətini əsirgəmədi.  Bu il isə mən bu dostluğun möhkəmlənməsi üçün və bəzi digər işlərə görə Əlahəzrət İmperatorun görüşünə layiq görülmək üçün yola çıxmaq niyyətində idim.

Bu arada Rusiyanın səlahiyyətli səfirinin başına elə bir iş gəldi ki,  İranda heç vaxt belə bir şey baş verməmişdir və onun qabaqcadan qarşısını almaq imkanı olmamışdır.  Hər sirdən xəbərdar olan, bu dünyanı yaradan Allah şahiddir ki,  mən İranın bu rüsvayçılığa düçar olmasını görməkdənsə, bütün qardaşlarım və oğlanlarımla bir yerdə ölməyi üstün tutardım.  Bütün əyanlar və İran sarayının adlı-sanlı şəxsləri bu bədbəxt hadisəyə görə indi yasa bürünmüşlər. Əlahəzrət Şah böyük hüzn içərisindədir. İranın ötən il keçirdiyi bütün narahatlıq, əziyyət və itkilərindən rum olmaq istəmədiyinə heç bir şübhə ola bilməz.  Mən özüm Əlahəzrət İmperatorla görüşə gəlmək istəsəm də, hazırkı vəziyyətdə yola çıxmağa heç vaxt razı olmaram. İran xalqı, həm əyanlar, həm də qara camaat Rusiya ilə düşmənçiliyin acısını və dostluğun şirinliyini dəfələrlə sınaqdan keçiriblər və buna görə də o, heç cür yaxşını pisə, dincliyi narahatlığa dəyişmək arzusunda ola bilməz.

Hər şeyə qadir Allaha və hökmdarların tacına and içirəm ki, bu idbar və rüsvayçı hadisənin mənbəyi sadə adamların qəzəblənməsi olmuşdur. Qayda-qanundan və abadlıqdan uzaq olan şəhərlərdə, xüsusilə də Türkiyənin paytaxtı Konstantinopolda, cahil qara kütlənin bu cür qiyamları tez-tez olur, ancaq ötən ilə kimi İran şəhərlərində heç vaxt belə hadisə olmamışdır. Bizim Rusiya ilə keçənilki müharibəmiz səbəbindən başqa heç bir işlə məşğul olmaq mümkün olmadığından İranın bəzi şəhərlərindəki bu cür qarışıqlıqlar və narazılıqlar baş vermişdi ki, hökümət buna görə cəza verə bilməzdi. Tehranda baş verən indiki hadisəyə gəldikdə isə, hökümət qiyamçıları və təhrikçiləri cəzalandırmaq üçün bütün səylərindən istifadə edəcəkdir. Mən yeganə bir arzu ilə Siz Əlahəzrət İmperatorla görüşmək istəyirdim ki, Allahın köməyi ilə iki dövlət arasındakı səmimi həmrəylik və rəğbət möhkəmlənsin və Siz Əlahəzrət İmperatorun yüksək keyfiyyətləri sayəsində Rusiya ilə düşmənçilik səbəbindən qırılmağa məruz qalmış əlaqələr yenidən çiçəklənsin.  Bundan sonra isə, Allahın lütfü, Əlahəzrət İmperatorun diqqəti ilə İranda bütün qarışıqlıqlara son qoyulacaqdır. İndi baş vermiş hadisənin düzəldilməsi üçün ən yaxşı vasitə tamamilə Əlahəzrət İmperatorun xeyirxah sərəncamını verməkdir. Sonda cürət edib, Əlahəzrət İmperatordan İranın bu rüsvayçılığı yumasına imkan verməsini xahiş edirəm,mənə gəldikdə isə Əlahəzrət İmperatorun qarşısında dayanmağa tələsirəm”. 

 

...İran şahı yenidən müharibəyə başlamaq niyyəti ilə Rusiyanın İrandakı səfiri A.S.Qriboyedovun öldürülməsinə görə qan bahası olaraq rus imperatoruna qiymətli bir hədiyyə göndərmək qərarına gəldi. O, öz adamları ilə məsləhətləşdikdən sonra yəqin etdi ki, mərhum səfirin  Rusiyada təkcə bir səfir kimi deyil, həm də yaxşı bir şair kimi böyük nüfuz və hörməti var idi.  Şah özü şeiri, sənəti yüksək qiymətləndirirdi.  Odur ki, bunu nəzərə alan şah, şairin qan bahası kimi rus imperatoruna öz xəzinəsindən ən qiymətli “Şah” almazını vermək qərarına gəlir.  Maraqlıdır ki, o vaxt bu almaza qızıl pulla 80 min manat qiymət qoyulmuşdu.

Bu məşhur almaz çox qəribə, həm də maraqlı bir yol keçmişdir.  Hindistanın Krışna çayı sahillərindəki  zəngin almaz yataqlarından tapılmış bu daş Fətəli şaha gəlib çatana qədər demək olar ki, bütün dünyanı dolaşmış və əldən-ələ keçmişdi.  Almaz əvvəlcə Qərbi Hindistanın Əhmədnahar əyalətinin sultanı müsəlman II Bürhan Nizam şaha satılır. O isə 1591-ci  ildə daşın üzərinə öz adını həkk elətdirir, bu almazı ən qiymətli daş-qaş kimi saxlayır.

Lakin çox çəkmir ki, bu almaz da digər məşhur qiymətli daş-qaşlar kimi öz ünvanını dəyişir. Böyük Moğol şahı Əkbər 1559-cu ildə Əhmədnaharı işğal edir və bu almazı da götürüb özü ilə aparır. 1641-ci ildə isə onun nəvəsi Cahan şah öz adını almaz üzərində həkk elətdirir.

Böyük Moğollar sülaləsi süquta uğramağa başlayır, bütün ölkəni feodal çəkişmələri bürüyür. Bundan istifadə edən Nadir şah 1737-ci ildə moğollarla ikiillik müharibə apardıqdan sonra onları məğlub edir və Dehli şəhərini tutur. O, Hindistandan 60 sandıq ləl-cəvahirat gətirir. Səkkiz dəvəyə yüklənmiş taxt-tac və başqa varidatlar da qarət olunub İrana gətirilir. Məşhur “Şah” almazı da bu daş-qaşların içərisində idi.  Amma maraqlıdır ki, bu almaz Nadir şaha da qismət olmur.  1747-ci ildə Muğanda ona sui-qəsd edirlər.  İran taxtı uğrunda vuruşmalarda qalib gələn Ağa Məhəmməd şah Qacar da bu almaza çox sahib ola bilmir, o, 1797-ci ildə Şuşada öldürülür.  Taxt-taca sahib olan Babaxan Fətəli şah adı ilə İrana uzun müddət padşahlıq edir.  O, 1824-cü ildə “Şah” almazına öz adını həkk elətdirir. Üçüncü yazı belədir: “Hökmdar Qacar – Fətəli şah Sultan 1242-ci il”.

Beləliklə, Şərq ölkələrinin bir çoxunu dolaşıb gəzmiş bir almaz indi iki dövlət arasında münasibətləri yenidən qaydaya salmaq  məqsədilə hədiyyə göndərilirdi.

Çar əldə etdiyi məlumatlarla tanış olduqdan sonra Abbas Mirzəyə cavab yazır. Bildirir ki, baş verən hadisə Rusiyanın nüfuzu üçün çox ciddi zərbədir və Rusiyanın dövlət nüfuzunun bərpa edilməsi üçün o, yeni müharibənin başlanması ilə bağlı qərar qəbul etmişdi. Amma aldığı məlumatlarla tanış olduqdan sonra  o da Qacar sarayının A.S.Qriboyedovun qətlində gühahkar olmadığını, Qacar sarayı tərəfindən bu hadisənin qarşısının alınması üçün cəhdlər göstərildiyini qəbul edir.Rusiya çarı dolayısı yolla erməni xacəsinin fitnəsinə uyan Qriboyedovun həlak olmasında onun özünün də günahkar olduğunu etiraf edir. Sonra I Nikolay bildirir ki, baş vermiş hadisə ilə bağlı Abbas Mirzənin Rusiya paytaxtına gəlməsi indiki halda məsləhət deyil.Çünki müəyyən qüvvələr bundan istifadə edib ölkə daxilində sabitliyi pozmağa çalışa bilər.Rusiya çarı Abbas Mirzənin diqqətinə çatdırır ki, üzrxahlıq üçün öz övladlarından birini Sankt-Peterburqa göndərməsi kifayətdir.

Bu hədiyyəni şahzadə Xosrov Mirzənin başçılığı ilə  Peterburqa İran nümayəndə heyəti aparırdı. İran şahı rus çarına qiymətli hədiyyələrlə bərabər, son dərəcə dəyərli nadir kitablar da göndərirdi ki, indi həmin kitab və əlyazmalar Sankt-Peterburqda Dövlət Ermitajı və M.E.Saltıkov-Şedrin adına Rusiya Milli Kitabxanasında saxlanılır.

Səfir A.S.Qriboyedovun meyidi Rusiya tərəfinə yalnız 1829-cu il aprelin 30-da verilir.

Qriboyedovun Naxçıvan qarşısında xidmətləri az deyildi. O, xüsusilə də köçkün ermənilərin məskunlaşmış müsəlman torpaqlarında yerləşdirilməsinə haqlı olaraq kəskin şəkildə etiraz etmişdi. İndi isə Naxçıvanlılar səlahiyyətli nazir Qriboyedovun fani cənazəsinə özlərinin son ehtiramını bildirirdilər...

...Qriboyedovun cəsədi İran ərazisi bitdikdən sonra Arazın sağ sahilində yerləşən Gərgərə gətirildi. Burada onu Rusiya hökümətinə təhvil verdilər. Araz çayı keçildikdən sonra tabut xüsusi olaraq düzəldilmiş taxt-rəvan üzərində quruldu: bu isə tabutdakının hörmətli, möhtərəm bir insanın meyidi olduğuna dəlalət edirdi.

1829-cu il aprelin 30-da Amburger qraf Paskeviçə məlumat göndərdi ki, Naxçıvan ətrafında yerləşdirilən Rusiya hökumət nümayəndələri və rus qoşunu nazir Qriboyedovun cənazəsini Arazın sahilində qarşılayacaq və sonra cənazə oradan bizim mərhum nazirin rütbələrinə layiq şan-şövkətlə Naxçıvana gətiriləcəkdir.

Lakin çoxsaylı təşkilati, təsərrüfat və texniki işləri, təbii ki, kor Kəlbəlı xanın ortancıl oğlu, mahal naibi Ehsan xan yerinə yetirəcəkdi.

 Naxçıvanda tabut və bahalı materialdan gözəl bir taxt-rəvan hazırlanmışdı, çoxlu at qoşulan iri cənazə arabası seçilmiş və Rusiyanın mərhum səlahiyyətli səfiri Qriboyedovun şanına layiq matəm kortejinin Naxçıvandan Tiflisə hərəkətinin təşkili üçün lazım olan bütün zəruri ləvazımatlar bir yerə toplanmışdı.

Naxçıvan həmişə istər sevincli, istərsə də kədərli məqsədlərə gələn müsafirlərini böyük qonaqpərvərliklə qarşılamış və yola salmışdır. Ancaq bu matəm mərasiminin təşkili qədim Naxçıvanın zəngin tarixində xüsusi və unudulmaz bir səhifəyə çevrilmişdi.

1 may 1829-cu il. Naxçıvan şəhəri və bütün mahal matəmə bürünüb. Həmişə özü ilə sevinc və şadlıq gətirən bu may günü bu dəfə ağsaçlı diyar üçün böyük kədər və qəm gününə çevrilib. Bu gün mərhum səlahiyyətli nazirin cənazəsi İranı tərk edərək Arazdan keçib Qriboyedovun həyatından da çox sevdiyi Rusiya imperiyasının ərazisinə daxil olub. Görüş üçün Abbasabaddan keşiş, Tiflisdən iki səhra topu ilə piyada batalyonu göndərilib.

Naxçıvan mahalının rəisi polkovnik Ehsan xan Naxçıvanski, məmurlar, general-mayor Merlini başda olmaqla, Naxçıvanda yerləşən qoşunların komandirləri səlahiyyətli nazirin cənazəsini qarşılamağa çıxıblar. Qriboyedovun Kəlbəli xanın nəvəsi Kəlbəlı Sultanın başçılıq etdiyi 50 atlı ilə müşayiət olunan cənazəsi sıra ilə düzülmüş batalyon əsgərlərinin arasından keçir, onlar onu hərbi qaydada salamlayırlar.

...Ona hərbi ehtiram göstərilir və “Əbədi xatirə” duası oxunur, bundan sonra cənazə ehtiyatla Naxçıvanda xüsusi olaraq A.S.Qriboyedov üçün sevgi ilə düzəldilmiş yeni tabuta qoyulur...

“...Dəfnə doğru marş!” əmri verildikdən sonra möhtəşəm matəm cərgəsi qəmgin musiqi sədaları altında hərəkətə gəlir. Cənazə arabasına altı seçilmiş at qoşulmuş və onların hər birinin belinə qara matəm çulu atılmışdı. Tabutun hər iki tərəfində əlində yanar şam tutmuş 12 nəfər şamçı addımlayırdı. Bu görünməmiş mənzərə ətrafdakı insanlarda, xüsusilə də həmin vaxt Naxçıvanda olan iranlılarda dərin, unudulmaz təəssürat oyadırdı. Rus keşişindən başqa, ətraf bölgələrin müxtəlif dinləri təmsil edən ruhaniləri də mərhumu yad etməyə gəlmişdilər. Onların ardınca qoşun və Naxçıvan mahalının sakinləri addımlayırdılar...

...Küçəyə yığışan naxçıvanlılar son illər ərzində ilk dəfə olaraq Naxçıvanda bu qədər əhali yaşadığını təəccüb içərisində etiraf etməli oldular. Çünki bütün şəhəri bürüyən bu matəm demək olar ki, sakinlərin hamısını evlərindən çıxarıb küçələrə tökmüşdü.

...Kilsədə olan yüksək rütbəli hərbiçilər İrəvan yolundakı ikinci bulağa qədər korteji müşayiət etdilər. Burada tabutu cənazə arabasından düşürdülər, tabut ətrafında əsgərlərdən ibarət dördbucaq təşkil edildi, rus keşişi cənazə duasını icra etdi və “Ədəbi xatirə” duasını oxudu. Bundan sonra mərhuma son borcalarını yerinə yetirən və ona son ehtiramlarını nümayiş etdirən naxçıvanlılar yavaş-yavaş şəhərə qayıtdılar. Matəm cərgəsi ilə Tiflisə doğru öz yolunu davam etdirdi...

 

1829-cu il iyulun 17-də axşamçağı matəm korteji Tiflisə daxil oldu... Qriboyedovun arzusuna uyğun olaraq onun cəsədi 1829-cu il iyulun 18-də Tiflisdən xeyli yüksəkdə, Mtatsminda dağında yerləşən Müqəddəs David monastrının yaxınlığında torpağa verildi.

Məzarın üzərində italyanəsilli rus heyləltaraşı Santin Petroviç Kampioni tərəfindən işlənib hazırlanmış qara mərmərdən qızılı xaçla təsviri olan abidə, abidənin ətəyində isə bürüncdən hazırlanmış dizi üstə çöküb ağlayan qadın heykəli qoyulmuşdur. Heykəl oturacağının ön tərəfində yazıçının barelyefi, yanında “Ağıldan bəla” kitabının rəsmi, onun aşağı hissəsində “Aleksandr Sergeyeviç Qriboyedov, 1795-ci il 04 yanvar tarixində anadan olmuş, (4 yanvar tarixi köhnə təqvimlə qeyd olunub, yeni tarixlə 15 yanvar- R.Mirzəzadə) 1829-cu il yanvarın 30-da (yeni təqvimlə fevralın 11-də) Tehranda qətlə yetirilmişdir”, cənubunda “Sənin zəkan və əməllərin rus xalqının yaddaşında əbədi qalacaqdır, bəs mənim məhəbbətim niyə səndən çox yaşadı?” cümləsi, şimal tərəfində isə “Unudulmayana onun Ninasından” kəlmələri həkk olunmuşdur.

 

Yada salım ki, Nerçinsk mədənlərində katorqa cəzası çəkən şair-dekabrist Aleksandr İvanoviç Odoyevski Qriboyedovun ən yaxın dostu və qohumu idi və Qriboyedov onun Qafqaza dəyişdirilməsinə xeyli çalışmışdı. Orada Aleksandr Sergeyeviçin ölüm xəbərini eşidən Odoyevski, kövrək və qəmgin duyğularla bu şeirini yazmışdı:

A.S.Qriboyedovun ölümünə elegiya

(bir parça)

Hardadır o? Onu kimdən soruşum?

Harda ruhu? Harda cismi?.. Uzaq diyarda.

Axıb getsin göz yaşlarım

Suvarsın o məzarı,

Nəfəsim onu qızdırsın;

Sonsuz iztirablarım ilə

Onun torpağında fəryad qoparım,

Bu itkimə ürəyimi boşaldım.

Qəbrindən götürülmüş bir çimdik torpağı

Əziz dostum kimi bağrıma sıxım.

Dostum kimi!..

O, bu torpağa qarışıb

Bu torpaq mənə doğmadır

Qəlbimin kədəri ilə orada tənha

Pozulmaz  bir sakitlikdə,

Mənim sevgimin, qutsal istəyimin

 Qüvvəsinə uyaraq ağac tək

Onun məzarı başında bitim,

Ona canlı başdaşı olum...

Dekabrist  Andrey Yevgeneviç Rozen qeyd edirdi ki, Odoyevski 1837-ci ildə Gürcüstana dəyişdiriləndə  tez-tez  Qriboyedovun məzarı başına gedir, onun xatirəsinə şeirlər yazır, Gürcüstanı özünün gözəl şeirləri ilə tərənnüm edirdi.Tiflisdə Odoyevski  Qriboyedovun qayınatası – görkəmli gürcü şairi, onun “Qızılgül və  Bülbül” şeirini gürcü dilinə tərcümə edən Aleksandr Çavçavadze ilə  görüşmüşdü.

Qriboyedovun zavallı arvadı Nina Aleksandrovna Çavçavadzenin sonrakı taleyi necə oldu? Sevimli ərini və körpə oğlunu itirəndən sonra o, ərinə həmişəlik sadiq qaldı.Qriboyedovun xanımına hakimiyyət tərəfindən beş min rubl kağız pulu həcmində (30 min rubl həcmində birdəfəlik müavinətdən savayı) təqaüdayrıldı. 1849-cu ildə M.S.Voronstovun xahişi ilə təqaüd 540 rubl 50 qəpik artırıldı, belə ki, Nina Aleksandrovna əvvəlki beş min rubl əvəzinə, indi iki min rubl gümüş pul alırdı.

... Onun sədaqətliliyi əfsanəyə çevrildi və geniş şəkildə Tiflisdən uzaqlara yayıldı.

Bir çox ləyaqətli pərəstişkarları Nina Çavçavadze ilə evlənməyə can atsalar da, on altı yaşlı qadın ölənəcən bütün parlaq təkliflərdən imtina edərək ərinin xatirəsinə sadiq qaldı və bir daha ərə getmədi...

...Gülərüz və öz cənub gözəlliyi ilə başgicəlləndirən Nina Aleksandrovna uzun illər qara paltarda gəzdi. Tezliklə dul Qriboyedovanın qara libasına öyrəşdilər. Tiflisdə ona artıq “Tiflisin qara qızılgülü” adını qoymuşdular. On yeddi yaşında qara paltar geyinən bu qadın onu düz iyirmi səkkiz il əynindən çıxarmadı.

Nina Tiflisdə yaşayarkən ona əziz olan qəbri ziyarət etmək üçün Müqəddəs David dağına tez-tez çıxmalı oldu. O, həmişə qeyri-adi mərhəmət, xeyirxahlıq, başqasının dərdini anlamaq və onu özününkü bilmək xislətinə malik olmuşdur. Əbədi amansız kədər onun mehriban və mərhəmətli olmasına əngəl törətmirdi. Onun yanımcıl qəlbi başqalarının dərdinə dərhal şərik olurdu və 1857-ci ildə Tiflisdə vəba xəstəliyi yayılanda o, şəhəri tərk etmədi. Bu dəhşətli xəstəlikdən qorxub çəkinmədən öz xəstə qohumlarına qulluq göstərməyə davam etdi, ancaq vəbanın ona da yazığı gəlmədi. Rəfiqəsi Monana Orbeliani ölüm ərəfəsində Ninanın sanki sevimli Sandrosuna müraciət edirmiş kimi, söylədiyi son sözlərini eşidib:

“Gözlə, mən tezliklə, çox tezliklə sənin yanına gələcəyəm. Mən sənsiz çox darıxmışam. Sən bu dünyadan köçəndən sonra  sənin zavallı Ninon nələr çəkib. Bu dünyada yaşayan mən yox, mənim kölgəm olub. Qəlbim də, ürəyim də sənin yanında idi... Ölməyi nə qədər arzulamışdım. Bax, indi o da gəldi. Biz tezliklə görüşəcəyik, görüşəcəyik... və mən sənə hər şeyi danışacağam. Və biz əbədi bir yerdə olacağıq...”.

Nina 1857-ci il iyunun 29-da hələ 45 yaşı tamam olmamış vəfat etdi. O, ölümdən qorxmurdu və həyatdan dodaqlarında təbəssümlə ayrıldı.Onun ümidləri doğruldu və Nina öz sevimli ərinə o dünyada əbədi olaraq qovuşdu...

...Fransız yazıçısı xanım Jorj Sandın çox dəyərli bir fikri var: “Həyatda dostluqdan gözəl bir şey çətin tapılar”. Həqiqi dostluq möhkəm kökü olan nəhəng bir ağaca bənzəyir: ən güclü fırtına da onu qoparıb yıxa bilməz.

Rus və gürcü xalqlarını bir – birinə bağlayan bu dostluq telləri də nəhəng ağacın kökü qədər möhkəm və unudulmazdır. Qoy tarixin səhifələrini bəzəyən və nurlandıran bu xoş kəlmələr də hamımızın qəlbini bir da dostluq, qardaşlıq eşqi ilə rövnəqləndirsin:

Böyük rus dramaturqu Aleksandr Ostrovski sağlamlığını qaydaya salmaq  və onun üçün yeni olan bu ölkə ilə tanış olmaq üçün 1883-cü ilin payızında Qafqaza gəlir. Tiflisdə onu çox hərarətlə qarşılayırlar. Yerli aydınlar onun şərəfinə ədəbi axşamlar təşkil edirlər. O, “Tiflis dərnəyi”nin 26 sentyabr 1883-cü ildə təşkil etdiyi axşam yeməyi mərasimində çıxış edərkən deyir:

“Mənim ədəbi fəaliyyətimə səmimi hüsn-rəğbətinizə görə sizə bütün qəlbimlə minnətdaram, lakin  siz mənim xidmətlərimi şişirdirsiniz.  Tiflis üzərindəki hündür dağda Qriboyedovun  böyük məzarı ucalır və onun dühası  başımız üzərində eyni yüksəklikdə qanad çalır. Həyati həqiqətlərin rus dram ədəbiyyatına  canlı axınına biz, indiki zamanın yazıçıları deyil, o səbəb olmuşdur...”.

Moskvada 1944-cü ilin yazında  rus və gürcü yazıçılarının görüşündə  gürcü xalqının böyük dostu Nikolay Tixonov demişdir:

“... Gürcü  yazıçıları və şairləri ilə bizim bu günkü görüşümüz  müharibənin sonunda bizim üçün ilk dəfədir baş tutur...

Gürcü  yazıçıları və şairləri – bizim köhnə, sınaqlardan çıxmış dostlarımızdır.  Keçmişə baş vursaq, bu dostluğun rus ədəbiyyatı ustalarının  ölməz əsərlərində  qoyduqları aydın izlərini tapa bilərik. Puşkin,  Qriboyedov, Lermontov, Tolstoy, Qorkinin adları, eləcə də  sonrakı dövrün bir çox şairlərinin adları Gürcüstanla qırılmaz şəkildə bağlıdır.

Sovet  dönəmində gürcü və rus ədəbiyyatlarının bu qarşılıqlı anlayışı və qarşılıqlı zənginləşməsi  daha da genişləndi...

Qoy bizim Moskvadakı bu görüşümüz gürcü və rus şairlərinin əsl dostluğunu daha da möhrəmləndirsin!”

         Moskvada Böyük Teatrda  15 yanvar 1945-ci ildə Aleksandr Qriboyedovun 150 illiyi ilə bağlı olaraq  keçirilən təntənəli iclasda Leonid Leonov demişdir:

“...Budur o, mehrab qarşısında tanınmış gürcü yazıçısı Çavçavadzenin qızı Nina ilə yanaşı dayanıb. Bu qızın saf sevgisi onun sağlığındakı natamam şöhrətinin ən bahalı çələngi idi. Bizim Qriboyedova görə Gürcüstana təşəkkürlər, Ninaya təşəkkürlər.  Gürcü və rus ədəbiyyatlarının qədim qan qohumluğu öz mənşəyini buradan götürür!.. Sonra oradan gedir. Sərhəddə taun...  Dörd ay keçmiş  tarix qatilin əli ilə  rus təfəkkürünün bu parlaq təzahürü üzərində pərdəni endirir.

Ardınca Qriboyedov  vətənə qayıdır. Vətənə Qriboyedov bu tərzdə qayıdır. “Arabaya qoşulmuş bir cüt öküz  yoxuşa qalxır. Bir neçə gürcü arabanı müşaiyət edir. – Haradan gəlirsiniz, - mən onlardan soruşuram. – Tehrandan gəlirik. – Apardığınız nədir: - Qriboyed.  Bu, qətlə yetirilmiş Qriboyedovun Tiflisə müşayiət olunan cənazəsi idi”. Bütün dünya ədəbiyyatında  bizim üçün bundan kədərli sətirlər yoxdur.  Şairin Nina ilə son görüşünün təfsilatını  göz yaşları axıtmadan təsəvvürə gətirmək mümkün deyildir,  -  çökmüş qaranlığı cırmaqlayaraq titrəşən  məşəl alovları,  özünü uzun qara tabuta çırpıb ağlayan dul gürcü qızı,  rus qadını Nina Qriboyedova...”.

Aleksandr Qriboyedovun  1945-ci ildəki yubileyi günlərində  tanınmış gürcü şairi, rus  şairlərinin dərin bilicisi,  araşdırmaçısı və  tərcüməçisi Georgi Leonidze “Qriboyedov  Gürcüstanda” adlı böyük  məqalə dərc etdirmişdir. Ondan bir parça:

“Cəsarətlə söyləmək olar ki, Qriboyedov Puşkin və Lermontovdan öncə və dərinliklə Gürcüstanın həyatını, onun keçmişini, ürək döyüntülərini öyrənmişdir.

Onun həyatının sonlarında şair  ömrünün bəzəyi və təskinliyi bir gürcü qızı oldu, bu qız eynilə Nəstan kimi, öz sədaqətli sevgisi və vəfalı dostluğu   ilə onun kədər və skeptisizm ilə  dolmuş qəlbini isitdi...

Qriboyedov və Aleksandr Çavçavadzenin dostluğu gürcü və rus yazıçıları qardaşlığının tarixi simvoludur.

Qriboyedovun Gürcüstanla dostluğu - gürcü və rus xalqlarının qardaşlıq ittifaqının simvoludur...”.

Mixail Şoloxov 1961-ci ildə Gürcüstanda qonaq olanda Sinandalidə Aleksandr Çavçavadzenin Ev-müzeyində olmuş, çoxlu maraqlı materialların cəmləşdirildiyi bu muzeyin müsafirlər  kitabında bu sətirləri yazmışdı:

“Çavçavadzenin adı ilə, Gürcüstan tarixi ilə, Qriboyedovun riqqətli sevgisi ilə bağlı olan hər şeyi qayğı ilə qoruyub saxlayın. Bu  bizim qədim qohum mədəniyyətlərin ümumi tarixi, ölümsüzlüyə qovuşmuş qüssəli və qəlbə yaxın tarixdir”.

22 avqust 1828-ci il tarixi də bizlər üçün də ölümsüzlüyə qovuşmuş qüssəli və qəlbə yaxın tarixdir. Eyni zamanda şərəf, ləyaqət, sədaqət, vəfa və etibar tarixidir. Aleksandr və Nina sevgisinin əbədi tarixidir. Bu tarixin 190-cı ili tamam olmağa hazırlaşır. Hələ bundan sonra da neçə-neçə 190 illər bir-birini əvəz edəcək və neçə-neçə qələmlər Nina və Aleksandr sevgisinə  yazılı abidə qoyacaqdır. Mən də qəlblərə yaxın olan bu tarixə öz töhfəmi vermək istədim. Lakin bacardığım qədər...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Müəllifin digər yazıları

  1. Uşinskinin, Çernyayevskinin, Suxomlinskinin əziz xatirəsinə
  2. Uşinskinin, Çernyayevskinin, Suxomlinskinin əziz xatirəsinə
  3. Millətin zəkası ilə düşünən şair-diplomat; Qriboyedov rus xalqının nadir şəxsiyyətlərindən idi
  4. A.P.Çexov: “Xalqın gücü və nicatı namusla fikirləşən, duymağı və işləməyi bacaran ziyalılarındadı”
  5. QAFQAZ OĞLU, RUS ÖVLADI – QÜDRƏTLİ MAYAKOVSKİ
  6. Publisist Reyhan Mirzəzadənin “Rus ədəbiyyatı qəlbimin işığında” kitabı çapdan çıxıb
  7. Maksim Qorki – 150
  8. Pedaqogikada misli görünməmiş təcrübə
  9. Bir ailənin üç dahisi - onlar əfsavəvi şəxsiyyət idi
  10. Rusiyada təhsilin, teatrın və maarifin inkişafına böyük təsir göstərən qüdrətli sənətkar
  11. Azərbaycanı Rusiyaya və Avropaya tanıdan ilk rus yazıçısı
  12. Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır
  13. “Avropada rus yazıçılarından Turgenev qədər çox oxunan ikinci bir yazıçı yox idi”
  14. “Böyük şairlər xalqın vicdanıdır”
  15. “Nə qədər ki, rus sözü qulaqlarda səslənir, sən yaşayacaq və ölməyəcəksən!”
  16. Mir Cəlal Paşayev: “Yazıçının ən böyük arzusu insanların səadətidir”
  17. “...Onlar Rusiyanı necə bir ölkəyə çevirmişlərsə, Rusiya eləcə də olacaqdır...”
  18. "Qoqolun yaratdığı surətlər rus həyatı qədər ölməzdir”
  19. “...Şeiriylə dolaşdı Yer kürəsini, Puşkin- Rusiyanın şair balası...”
  20. PARLAQ MƏFKURƏLİ İNSAN
  21. RUS ƏDƏBİYYATININ BÖYÜK KLASSİKİ - NEKRASOV
  22. QARDAŞ XALQIN ZƏFƏR BAYRAMI
  23. AZADLIQ CARÇISI
  24. BÖYÜK XALQIN PARLAQ QƏLƏBƏSİ
  25. ZƏNGİN MƏDƏNİYYƏTİ OLAN XALQ
  26. ......27 iyul.....Dan Ulduzu-tale ulduzu....
  27. Ərəb xalqının böyük oğlu
  28. MOABİTDƏ - FAŞİST ZİNDANINDA UCALAN HAQQIN SƏSİ
  29. BƏŞƏRİN ÖLMƏZ DÜHASI, HƏQİQİ İNSAN AŞİQİ
  30. Vurğunam Bakıya ona görə ki, qoynunda Yesenin inci yaratdı
  31. MİR CƏLAL VƏ RUS ƏDƏBİYYATI
  32. MİR CƏLAL VƏ LEV TOLSTOY
  33. İstedadlı yazıçı, böyük alim, sevimli ata
  34. Müsaid bin İbrahim əs-Süleym: "Hər bir Səudiyyə insanının ürəyində Azərbaycanın xüsusi yeri var."
  35. Qanlı döyüşlərdə Dağıstanın və Azərbaycanın mərdliklə müdafiəsi Əziz Əliyev gücünün təzahürü idi - Foto
  36. Ailəsinə və xalqına bağışlanan zəngin irs - Eksklüziv fotolar
  37. Babaların vətənpərvərlik məfkurəsi - FOTO
  38. 2 aprel - Beynəlxalq Uşaq Kitabı günüdür
  39. DÜNYANI MAARİFLƏNDİRƏN DİN - İslam aləmi Qurban bayramına hazırlaşır
  40. Böyük ədibə məhəbbətlə
  41. "Yapon xalqı əsrimizin tapmacasıdır"- FOTOLAR
  42. Polşa Konstitusiyası Avropanın ən qədim konstitusiyasıdır-FOTOLAR
  43. Ürəklərdə əbədi məhəbbət məşəli yandıran insan - FOTOLAR
  44. Mehriban Əliyeva: “Mən kitab adamıyam”
  45. "Uşaqlar valideynlərindən daha çox zəmanələrinin övladlarıdır"- Foto
  46. Dühalar diyarı - Fotolar
  47. "Poeziya hər şeydən əvvəl həyat, sonra isə incəsənətdir"
  48. Dünyanın ən sirli və maraqlı xalqı-FOTOLAR
  49. HƏYATIN MÜQƏDDƏS AMALI
  50. MERDEKA-İNDONEZİYA DİLİNDƏ AZADLIQ DEMƏKDİR
  51. Dost və qardaş Mərakeşdə taxt-tac günü qeyd ediləcək - Fotolar
  52. İslam- paklıq, ədalət, namus, bərabərlik, doğruluq dinidir
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
23-09-2018
23.09.2018 Faktiki hava
22-09-2018
22.09.2018 Neft bahalaşıb
21-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.0689 san