14:19 28 Avqust 2018
1206 dəfə oxunub
Çap versiyası
...

Almaniya turizm baxımından olduqca rəngarəng ölkədir. Burada tipik alman məkanları ilə yanaşı, digər ölkələrdəki romantik və populyar yerlərə bənzəyən bir çox guşələr mövcuddur. Strategiya.az “Kiçik Venesiyadan” başlayaraq onlardan bir neçəsinə ekskursiyalar təklif edir.

“Kiçik Venesiya” Reqnits çayı sahilində Bavariyanın Bamberq şəhərində balıqçı qəsəbəsidir. Bu qədim şəhərin çoxsaylı abidələri UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Brandenburq əyalətində daha bir alman “Venesiyası” – Şprevald (Şpree çayı sahilində meşə) yerləşir. Yerli sakinlər bu ərazidəki çoxlu kiçik çaylarda və su kanallarında qayıqla üzür və turistləri gəzdirirlər. Əlbəttə, yastıdibli qayıqlar geniş göyərtəli Venesiya qondolaları kimi olmasa da, gəzinti çox romantikdir.

Şimal dənizindəki Helqoland adası materik hissəsinin qırx kilometrliyində yerləşir və açıq dənizdə, yəni Almaniyanın ərazi sularından kənarda olan yeganə alman adasıdır. Buradakı evlər Norveç Bergeninin tipik fasadlarını xatırladır. Hazırda adanın 1500 nəfər əhalisi var, lakin hər gün buraya on minə yaxın turist gəlir. Helqoland adası Avropa İttifaqında xüsusi gömrük statusuna malik olduğundan, bu məkan rüsumsuz şopinq həvəskarlarını cəlb edir.

Maraqlı məkanlardan biri də Lüneburq çölüdür. Bu alman qoruğunu bəzən Fransanın cənubundakı Provans bölgəsi ilə müqayisə edirlər. Lakin burada lavanda deyil, süpürgə kolları bitir. Bu məkan Hamburq, Bremen və Hannover şəhərlərinin arasında yerləşir. Süpürgə kolunun çiçək açması avqust-sentyabr aylarına təsadüf edir. Bu qaynar turizm mövsümündə Lüneburq çölündə atlı polislər təbiəti qorumaq üçün növbə çəkirlər. Qeyd edək ki, əsrlərdən bəri bu yerlərdə xüsusi Lüneburq cinsindən olan qoyunlar yetişdirilir.

Güzərgahımızda növbəti məkan Bavariya Alpıdır. Burada, Qarmiş-Partenkirxen şəhərinin yaxınlığında rənginə görə tropik su hövzələrini xatırladan mənzərəli Aybze gölü yerləşir. Almaniyanın ən yüksək dağı olan Tsuqşpitsedəki kanat yolundan gölə əla mənzərə açılır. Bavariyanın Alp landşaftı dünyanın o biri başında – Yeni Zelandiyadakı dağ mənzərələri ilə rəqabət apara bilər. Almanlar “Üzüklərin sahibi” trilogiya filminə baxdıqdan sonra Yeni Zelandiyanı özləri üçün kəşf ediblər. Əvvəllər onlar öz ölkəsindəki gözəl dağ landşaftını “İsveçrə” adlandırırdılar. İndi Almaniyada onlarca belə landşaft var. Ən məşhurlarından biri Saksoniyada (Sächsische Schweiz) yerləşir.

Kimze gölündəki adada isə Versal sarayının bənzəri olan Herrenkimze sarayı və parkı yerləşir. Bu saray məşhur Noyvanştayn qəsrini tikdirən kral II Lüdviqin göstərişi ilə ərsəyə gəlib.

Saksoniyanın paytaxtı Drezdeni “Elbada Florensiya” və ya “Şimali Florensiya” adlandırırlar. Bu cür müqayisə ilk dəfə XIX əsrin əvvəlində ədəbiyyatda aparılıb. Drezdenin muzeyləri və barokko memarlığı üslubunda tikilmiş abidələri bütün dünyada məşhurdur. Onların arasında Frauenkirxe kilsəsi və Drezden Rəsm Qalereyası xüsusi yer tutur.

 

Vüqar Seyidov


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
23-09-2018
23.09.2018 Faktiki hava
22-09-2018
22.09.2018 Neft bahalaşıb
21-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
7.5423 san