10:18 06 Avqust 2014
9627 dəfə oxunub
Çap versiyası

KİŞİ

 

Günlərin bir günü bir gənc bir məclisə düşür. Süfrə arxasında oturanlar soruşurlar ki, subaysan, yoxsa evli? Cavab verir ki, subay. Onda yaşlı nəslin adamları ona deyir ki,  “Ey sultanlar sultanı, keç yuxarı başa”. Bu gəncin xoşuna gəlir.

Üstündən illər keçir. Bu gənc evlənir. Günlərin bir günü yolu yenə də həmin məclisdən düşür. Məclis əhli də həmin gəncin evləndiyini bilirmiş. Bu dəfə ona xitabən “Ey kişilər kişisi, keç süfrə arxasına” deyirlər. Bu müraciət, yəni öz aləmində sultanlıqdan kişiliyə “eniş”  gənci əsəbləşdirir. Ona görə yenidən sultanlıq titulunu geri qaytarmaq üçün evə gedir, heç bir səbəb olmadan arvadı boşayıb, atası evinə qaytarır. Bir neçə gündən sonra yenə həmin məclisə gəlir. Bu dəfə məclis əhli ona acıqla baxaraq “rədd ol burdan, ey oğraşların oğraşı”deyib, qovur.

 

BALACA KİŞİ

 

Hər bir insan bu dünyaya ya oğlan, ya da qız doğulur. Doğulandan evlənənədək sultanlıq həyatı keçir. Yalnız evləndikdən, evə gəlin gətirdikdən sonra oğlan kişi, qadın isə xanım olur. Dünya xalqlarında bu, müraciətlərdə özünü biruzə versə də, Azərbaycanda son illərdə əhəmiyyətini itirib. Fransız cəmiyyəti də ərə getməyənə madumazel, ərə gedənə isə madam müraciətini birləşdirib “madam” etmək niyyətindədir. Amma bizdə bir yaşında uşaq da ağlayanda “yekə kişisən, kişi də ağlayar?” deyirlər. Atam bu məqamı üç yaşlı dayım oğlu Xəzriyə yazdığı “Yekə kişi” şeirində belə təsvir edib.

 

Xəzri bu səhər

Ağladı bərkdən,

-Bağçaya getmək

İstəmirəm mən.

Anası dedi:

-Xəzri, bu nədi?

Yekə kişisən,

Başa düşürsən?

Xəzri hıçqırıb

Soruşdu: - Məgər

Yekə kişi də

Bağçaya gedər?!

 

Bütün atalar istəyir ki, oğlan uşaqları kiçik yaşlarından başlayaraq kişilik  məktəbi keçsinlər. Bəziləri örnək olur, bəziləri isə eləcə dildə uşağına “yekə kişisən” deməklə çulunu sudan çıxarır. Hətta sünnət mərasimini əməlli başlı pulyığma mərasiminə çevirirlər. Arqumentləri də güclü olur: “Allah bilir bu uşaq nə vaxt böyüyəcək, arvad alacaq ya almayacaq, toy eləyəcək, ya qız qaçıracaq - o günü mən görəcəyəm, ya yox. Yaxşısı budur, toyu indi edim. Toylarına getdiklərim də gəlib “borc”larını – atdıqlarım pulu indi geri qaytarsınlar”.

 

KİŞİLİK MƏKTƏBİ

 

Vaxt ötür, il dolanır. Ömrü boyu “kişisən”, “yekə kişisən” sözü eşidən oğlan uşağı – “kişi qırığı” orta məktəbi qurtarır. Ata-ana valı dəyişir. “Oxu, yaxşı hazırlaş. Ali məktəbə girə bilməsən əsgərliyə aparacaqlar”. Əsgərlik isə əsl kişilik məktəbi sayılır. Bəs ata-ana niyə oğlunu bu yoldan saxlamaq istəyir. Aydındır ki, oxumaq lazımdır, daha yüksək bilik almaq üçün. Bunun əsgərliyə nə dəxli? Deyəcəksiniz ki, axı, bir il daxil olmasa, əsgərliyə getsə, bildikləri də yadından çıxacaq. Düz deyirsiniz. Amma gəlin özümü aldatmayaq. Oğlan, ali məktəbi qurtarır. İndi də magistraturaya girməlidir ki, əsgər getməsin. Sonra doktorantura və sairə. Nəhayətdə “Əlvida, kişilik məktəbi!” 25 yaşına çatan bir şəxs görəsən hansı məktəbi keçdi? Nəhayət evlənmək. Kişi olmaq. Yad bir ailənin qızını gətirib xanım etmək. Bir il yarımlıq əzablı, əziyyətli, mərhumiyyətli əsgərlik yollarından  keçmədən. Təsadüfi deyil ki, türklər əsgər getməyən gəncə qız vermirlər.

 

Bir subyektiv fikrimi deyim – razılaşa da bilərsiniz, razılaşmaya da. Azərbaycan qadını bu gün Azərbaycan kişisindən daha güclüdür. Çünki məktəbi güclüdür. Analar qızlarına daha yaxşı dərs keçir, nəinki atalar. Bu gün qadınlar daha yaxşı, yüksək məvacibli iş tapa bilirlər. Ailənin, ata-ananın dayağıdırlar. Əri, qaynanası, atası evdən qovan, uşaqlarıyla küçədə qalan ən pisi belə alqışa layiqdir. Özünü satar, amma... Bunu xırdalamaq istəməzdim. Bircə atalar sözü deyim başa düşün: “Uşaq atadan yox, anadan yetim qalır”...

Kişi olmaq isə çox asandır. Türk dilində cins bölümündə erkək yazırlar. Bizdə isə  yeni doğulmuşa da “kişi”.

 

KİŞİ TİTULU

 

Mənim aləmimdə  kişi – ailə quran, başında durmağı, hər təhlükədən qorumağı bacaran insana deyilir. Kişi olmaq böyük məsuliyyətdir.  Əlbəttə ki, bura xasiyyəti, xüsusi keyfiyyətləri də əlavə etmək lazımdır. Ailənin hər bir üzvü bu sözün təşəkkül tapmasında məsuliyyətlidir. Elə ola bilər ki, evin xanımı, qız-gəlin elə bir hərəkət edər ki, papağından - kişi adından məhrum olarsan. Keçmişdə bu qəbahəti, xəyanəti  qanla yuyardılar. İndinin özündə də belə hallar var. Sovet qanunvericiliyi belə xəyanətə görə qətl törədən kişilərə güllələnmə cəzası vermirdi. 7-8 il həbs cəzasıyla cəzalandırırdı. Türmədə də belələrinə böyük hörmətlə yanaşılırdı. Bəs indi necə? Deyim siz də gülün.

Televizorda göstəriblər. Daha doğrusu təbliğ ediblər. Arvadı çobana xəyanət edir. Çoban bunu bilir. Neyləsə yaxşıdır? İki-üç dənə qoyun satıb, puluna  evində kamera qurur, arvadının xəyanət epizodlarını lentə alıb, televiziyalardan birinə göndərir. Öz aləmində arvadını bütün el içində biabır edir. “Bərəkallah “kişi”!”

Yaxud da qadın jurnalistlərdən birinə kişilərdən pis-pis təkliflər gəlir. O isə ərinə demir. Feysbuka çıxaraq, həmin adamları adlarını açıqlamaqla hədələyir. Bəs görəsən ərinə niyə demir? Feysbuku kişi sayır, ərini yox?

 

KVN-in Kişi SÖHBƏTİ

 

Nə isə. Çox çətin məsələdir sözün əsl mənasında kişi olmaq. Yazdıqca uzanacaq. “Dəli Kür”ə baş vurub, başqasının arvadını qaçıran Cahandar ağadan da misal gətirmək olar, “Kişi sözü” adlı bədii filmdən də... Hələ “Avropa” otelinin qabağındakı “kişicik”ləri demirəm. Uzun məsələdir.

Məqsədim isə tam  başqadır. Çox hörmət bəslədiyim Hacıbala Abutalıbovun – “Azərbaycanda bir dənə Kişi var, o da bizim prezidentimizdir” cümləsi. İndi deyəcəksiniz ki, ilin əvvəlində söylənən bu sözə altı ay sonra qayıtmaqda Mahirin nə məqsədi? 

Mən o cümlənin mənasını gözəl başa düşürəm. Amma “KVN-Parni iz Baku” teatrının sonuncu tamaşasındakı 20 dəqiqəlik “Milli Məclisin iclası” bölümü, “Kişi söhbəti”ni gülüş hədəfinə çevirməyi  məni bu yazını yazmağa məcbur elədi. Bir də ki, fevral ayında bu mövzuda yazı yazmışdım. İzah etmişdim ki, Hacıbala Abutalıbov prezidentin fərmanıyla təyin olunmuş bir icra məmurudur. O Bakıda dövlət başçısının iradəsini həyata keçirir. Hər hansı sakinin ona minnətdarlığı prezidentimizə ünvanlanmış sayılmalıdır. Sakin də alqışı Hacıbala müəllimə yox, prezidentə ünvanlamalıydı. Amma ictimailəşdirmədim. Elə bildim ki, bəzi anlamazlar anlayacaqlar.

 

EVİN KİŞİSİ, EVİN XANIMI

 

Kişidən danışıb, arvaddan danışmamaq günah olardı. Çünki, yuxarıda qeyd etdiyim kimi kişini kişi edən qadındır. Yox, içki məclislərində arvaddanqorxan kişi təəssüratı yaradan bəziləri kimi sağlıq demirəm.

AzTV-də işləyirdim. Otaq yoldaşım Esmira Çərkəzqızı həm də “Səhər” proqramının şənbə buraxılışının aparıcısı idi. Hər verilişdə telefon bağlantıları olardı. Telefon edənlərin də çoxu evdar qadınlar idi. Verilişdən sonra otağa qayıdan Esmira xanım əsəbindən partlayardı: “Soruşuram ki, ay xanım, nə işləyirsiniz? Cavab verir ki, ev xanımıyam. Yaxşı, mən televiziyada işləyirəm, belə çıxır çöl xanımıyam?”. Biz də gülüşərdik.  Amma görürəm ki, telefon əlaqəsi yaradan qadınlar öz evdarlıqlarını yox, özlərini  evlərinin başçısı kimi təqdim edirlərmiş. Evin kişisi varsa, evin xanımı da olmalıdır.

 

“EVİN KİŞİSİNİ SORUŞARLAR”

 

Fərman Kərimzadənin “Axırıncı aşırım”  əsərini oxuyan az olsa da, bədii filmə hamı baxıb. Bir epizodu xatırladım. Şadlınski iki silahdaşıyla həyətə girir. Bunları Qəmlo qarşılayır. Qəzəblə soruşur ki, nə lazımdır, kimi istəyirsiniz? Abbasqulu bəy də cavab verir ki, “evin kişisini soruşarlar”.

Filmin bu yerinə çox baxmışıq. Ləzzət də eləyib. Görəsən Qəmlo kişi deyildimi? Tarixə müraciət etsək bu tarixi şəxsiyyət öz el-obasının qəhrəman övladlarından olub. Amma filmdə qaniçən kimi göstərilən bu adam da Kərbəlayının el-oba içində hörmətini-izzətini, ondan bir baş yuxarı, yəni ağsaqqal - evin kişisi olmasını qəbul edir. Əvvəlcə əlini tapançaya atsa da Abbasqulu bəyin bu sözlərini udur. Biz tamaşaçı və oxucular da bu detalı çox asanlıqla  qəbul edirik. Heç bir müzakirəyə varmırıq.  Görəsən niyə? Çünki ailədə, obada kişi cinsinə mənsub insan çox ola bilər. Amma evin kişisi, ağsaqqalı tək olur. O cümlədən də xanımı, ağbirçəyi.

 

“KİŞİ” KEÇDİ

 

Mən uşaq olardım. Yanımda atam və dostları söz danışanda tez-tez “kişi” sözü işlədərdilər. Başa düşmürdüm kimi deyirlər. Sonradan bildim ki, Bu “Kişi” o “kişi”dən deyilmiş. Atamgil bu sözü işlədəndə o zamanlar iki nəfəri nəzərdə tuturlarmış. 1937-53-cü illərdə yaşadıqları qorxulardan danışanda Azərbaycanın rəhbərlərindən olan Mir Cəfər Bağırovu, o biri isə həm də mənim müasirim olan, intibah dövrü yaşayan  respublikamızın rəhbəri Heydər Əliyevi. Demə o vaxt ratsiyayla milislər belə bir-birinə  “Kişi keçdi”, “Kişi yaxınlaşır” deyə xəbər ötürürlərmiş. Onu da qeyd edim ki, bu “Kişi” sözü, o biri “kişi” sözündən deyildi. Bu söz cümlənin əvvəlində də, ortasında da, axırında da böyük hərflə yazılırdı.

 

KİŞİ ADAM

 

“Əəə, sən öl, kişi adamsan”. Bu sözü məişətimizdə tez-tez eşidirik. Biri səndən borc pul istəsin, çıxart ver, o saat  belə deyəcək. Pulu verməsən deyəcək ki... Məsələn, məndən dostlar qonaqlıq istəyəndə, mən də imtina edəndə bilirsinizmi nə deyirlər? Deyirlər ki, “aton yaxşı kişiydi, o qədər qonaqlıqlar verib bizə. Heyf, sən ona oxşamadın. Heyf”.

Amma əslində bu söz mərd adamlara deyilir. Hansısa qeyri-adi addımlar atan, xalqının tarixində, qəlbində yaşayan insanlara şamil edilir. Yaxud da şəxsi münasibətlərdə sınanılan, sədaqət imtahanından üzüağ çıxan adamlara da kişi adam deyirlər. Mən bu sözü Heydər Əliyevin dilindən bir dəfə - 1997-ci il yanvarın 7-də eşitmişdim. Atam şair Qabilə demişdi. Əlbəttə ki, sədaqətinə, bütövlüyünə görə. AzTV-nin fondunda videoyazısı  durur.  

 

KÖHNƏ KİŞİLƏR

 

Bu sözə layiq insanlar çox azdır. Bəlkə də barmaqla göstərilir. Hər adam bu sözə layiq ola bilmir. Atamdan tez-tez eşidərdim bu sözü. Belə deyərdi. “Filankəs bir sözə bu məsələni həll etdi”. Bilirsinizmi niyə ad çəkmirəm? Çünki atamın həyatında belələri çox idi. Mənim indiki həyatımda belələri az qalıb. Yalnız birini yazıb qeyd eləmişəm. İstəsəniz oxuyarsınız. Adı belədir – “İlyas Əfəndiyev, Qabil, Hacıbala Abutalıbov köhnə kişilərdəndir”. O biriləri də vaxtı gəldikcə yazacağam.

 

HAMI BİR KİŞİNİ TANIYIR

 

Respublikamıza hansı qonaq gəlirsə, hamısı Azərbaycanın 1-ci şəxsiylə görüşməyə can atır. Buna nail olanlar özünü xoşbəxt sayırlar. Respublikada kimsə, hansısa haqsızlıqla qarşılaşırsa Prezidentdən imdad diləyir. Dövlət başçısına məktub yazır. İkinci ünvan isə Azərbaycanın 1-ci Xanımı Mehriban xanım Əliyeva olur. Onu da qeyd edim ki, “Azərbaycanın 1-ci Xanımı” tituldur,  rəsmi vəzifədir. Gündəlik həyatdakı müraciət, hörmət formasından fərqli olaraq “Xanım” sözü böyük hərflə yazılır.

Deyəcəksiniz ki, bunları hamı bilir, təkrarlamağa nə ehtiyac var? Düzdür, burda qeyri-adi bir şey yoxdur. Çünki Azərbaycan dövləti də böyük bir ailə, evdir. Yüz minlərlə ailənin, evin toplumudur, o cümlədən mənim, Hacıbala Abutalıbovun, İmanovların ailəsi də bu böyük ailənin bir zərrəciyidirlər. Bu dövlətin başında isə İlham Əliyevlə Mehriban Əliyeva durur. Bu ailənin, evin  Kişisi İlham Əliyev, Xanımı isə Mehriban xanım Əliyevadır. Bunu hamımız bilir, başa düşür, qəbul edirik.

Buna görə də Hacıbala Abutalıbovun heç bir mübaliğəyə, ifrata varmadan söylədiyi   “Azərbaycanda bir dənə Kişi var, o da bizim prezidentimizdir” cümləsini çox təbii qəbul edirəm. Hətta öz versiyamı da irəli sürərdim. Azərbaycanın  1-ci Kişisi İlham Əliyev, 1-ci Xanımı Mehriban Əliyevadır.

Amma KVN teatrının bu cümləni və mövzunu gülüş, satira və ya yumor obyektinə çevirməsi ilk baxışdan gülüş doğursa da mənim xoşuma gəlmədi. Hadisələrə həmişə çox həssas, incə yanaşan, böyük tarixi olan, bu sahədə uzun yol keçmiş, ən nəhayət böyük bəstəkar, köhnə kişilərdən olan Süleyman Ələsgərovun məktəbini keçmiş bir nəvənin rəhbərlik etdiyi teatr  bu mövzuda yanlışlığa yol verdi. Qırmızı xətti keçdi.  Sadə dillə desək, Kişi söhbətinə nahaq qarışdı. Özü də Heydər Əliyevin adını daşıyan sarayda.


Müəllifin digər yazıları

  1. ƏHMƏD ƏHMƏDZADƏ KİMDİR?
  2. NİZAMİ, QABİL BURDADI?
  3. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  4. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  5. "Arvad, qadın və sekskukla"
  6. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  7. Mahir Qabiloğlu - "Arvad və maşın"
  8. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  9. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  10. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  11. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  12. LUSİNE NERSESYAN, CAN, CAN...
  13. BULUDXAN XƏLİLOV VƏ MƏN
  14. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  15. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  16. AzTV nədir?
  17. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  18. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  19. TÖHMƏT
  20. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  21. JURNALİST VƏ XORUZ
  22. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  23. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  24. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  25. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  26. QAN
  27. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  28. Atam Qabilin “dərs”i
  29. “QATİLƏ”
  30. Hidayət Zeynalov nəvə toyu görmədi
  31. Öl deyəndə öl, qal deyəndə qal
  32. Arvada işim düşür...
  33. QURD YAĞI
  34. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  35. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  36. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  37. GÖZƏL İBRAHİM
  38. Zaur, bizi yetim qoyma!
  39. Mahir Qabiloğlunun köhnə arzuları
  40. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  41. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  42. Əmir Mustafayevin toyu
  43. HİDAYƏT VƏ FATMA
  44. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  45. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  46. Arvad, Allah verəndən gətir!
  47. İsmayıl Şıxlının böyük günahı
  48. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  49. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  50. Q. idi, Mən idim, Ş. idi...
  51. Bacarırsan yaşa, Bacarmırsan öl
  52. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  53. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  54. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  55. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  56. Sona Tağıyevanın məktəbi
  57. KİTAB OĞRUSU
  58. Ağasəlim Abdullayev, bağışla!
  59. BİZİM TELLİ PƏNAHQIZI
  60. Hacıbala Abutalıbovun Kişi sözü
  61. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  62. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  63. AĞACIN QARĞIŞI
  64. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  65. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  66. Milli komandamıza qara zurna kömək olsun
  67. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  68. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  69. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  70. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  71. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  72. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  73. RADİO VƏ DEPUTAT
  74. POLİS NƏCİB PEŞƏDİRMİ?
  75. Leyla Yunus papağı polisin başından qapdı və ...
  76. BOZQIRIN YALQUZAĞI
  77. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  78. DEBİL ARMEN -2
  79. DEBİL ARMEN - I
  80. Təhsil Nazirliyi və TQDK bir olsa...
  81. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  82. Vəzifəli balasından şikayət məktubu
  83. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-02-2018
19-02-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.468 san