08:43 07 Avqust 2014
9128 dəfə oxunub
Çap versiyası
Elçin Əhmədov
Siyasi elmlər doktoru, dosent, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərlkəzinin rəhbəri

Ermənistan-Azərbaycan, Dağlıq  Qarabağ münaqişəsi zonasında qoşunların təmas xəttində yaranmış vəziyyət indi bütün Azərbaycan xalqını narahat edir. Xüsusilə son günlər erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərmişlər. Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınmışdır. Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilimişlər. Təəssüflər olsun ki, Silahlı Qüvvələrimizin bölmələri də itki vermişlər.

Bu hadisələrdən sonra ABŞ Dövlət Departamenti, Rusiya XİN, Avropa İttifaqı və digər səlahiyyətli qurumlar verdiyi bəyanatlarda  həlak olanların və yaralananların ailələrinə başsağlığı verilir, tərəfləri gərginliyin azaldılması üçün təcili tədbirlər görməyə və atəşkəs rejiminə hörmət etməyə çağırış öz əksini tapmışdır. Bununla yanaşı, bəyanatda qeyd edilir ki, qisasçılıq aktları və zorakılığın davam etdirilməsi münaqişənin dinc yolla tənzimlənməsini yalnız mürəkkəbləşdirər. Təəssüf ki, bu bəyanatlarda Ermənistan silahlı qüvvələrinin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrə məhəl qoymadan, suveren Azərbaycanın ərazisinin 20 faizini, o cümlədən Dağlıq Qarabağ regionunu hələ də işğal altında saxladığı qeyd edilmir, münaqişənin danışıqlar yolu ilə həll edilməsinə üstünlük verilir.

Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması istiqamətində aparılan danışıqların tarixinə nəzər salsaq, qeyd edə bilərik ki, 1992-ci ildən ATƏT-in Minnsk qrupunun, beynəlxalq təşkilatların və  böyük dövlətlərin vasitəçilik səyləri ilə yanaşı,  1999-cu ilin aprelindən başlayaraq yeni formada da addımlar atılmışdır. Bu, Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa dialoqunun aparılması olmuşdur. Həmin vaxtdan indiyə qədər iki respublikanın prezidentləri Moskvada, Vaşinqtonda, Cenevrədə, Yaltada, İstanbulda, Davosda, Nyu-Yorkda, Minskdə, Parisdə, Ki-Uestdə, Soçidə, Kişinyovda, Praqada, Strasburqda, Varşavada, Astanada, Kazanda, Rambuyedə, Buxarestdə, Sankt-Peterburqda, Sürixdə, Münhendə, Həştərxanda və  habelə iki respublikanın sərhədi – Sədərəkdə 45-dən çox görüş keçirmişlər.

Ancaq çox ağır və çətin keçən danışıqlar zamanı Azərbaycan tərəfi öz haqlı mövqeyini müdafiə edərkən bir sıra çətinliklərlə qarşılaşır.  Çünki münaqişə başlayandan keçən dövr ərzində aparılan danışıqlarda təcavüzkar Ermənistan qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq siyasətindən əl çəkmir. Digər tərəfdən isə, dünya birliyinin “ikili standartlar” prinsipindən çıxış etməsi, BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz təklif və qətnamələrini həyata keçirmək üçün konkret fəaliyyət göstərməməsi danışıqlar prosesində irəliləyişin əldə olunmasına maneə törədir.

Buna baxmayaraq, Azərbaycan dövləti beynəlxalq təşkilatların, xüsusilə də münaqişəni dinc vasitələrlə nizama salmaq üçün fəaliyyət göstərən ATƏT-in sülhyaratma təkliflərinə hörmətlə yanaşaraq onun işində müntəzəm və əməli şəkildə iştirak edir. Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycanın Prezidenti İlham Əliyev keçən dövr ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə 70-dən çox görüş keçirmiş və bu da münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda Azərbaycanın ilk növbədə sülh variantına üstünlük verdiyinə sübutdur.

Çox təəssüf ki, yarandığı vaxtdan etibarən ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilsə də, indiyə qədər bu qurumun fəaliyyəti sülh prosesində arzu olunan nəticəni verməmişdir. Buna səbəb bir tərəfdən Ermənistan  Res­publikasının      qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq siyasətini davam etdirməsi, digər tərəfdən beynəlxalq təş­­kilatların, xüsusilə, münaqişənin dinc vasitələrlə nizama sa­­lınması üçün əsas rol oynayan ATƏT-in Minsk qrupunun qar­şı­­lıqlı güzəşt prinsipini üstün tutaraq təcavüzkarla təcavüzə məruz qalanı eyniləşdirməsidir. Bundan istifadə edən Ermə­nis­tan Respublikası ərazi ələ keçirmək məqsədilə başladığı tə­ca­­vüz üçün daşıdığı məsuliyyətdən qaçmağa can atır, Dağlıq Qa­ra­­bağ ermənilərinin münaqişədə iştirak edən tərəf kimi ta­nın­masını bütün vasitələrlə Azərbaycana qəbul etdirməyə çalışır. Daha doğrusu, təcavüzkar dövlət mövcud ststus-kvonu mümkün qədər uzatmağa çalışır.

Bununla yanaşı, keçən dövr ərzində ATƏT çərçivəsində yaradılan Minsk qrupu və bu qrupa həmsədrlik edən ABŞ, Fransa və Rusiya kimi böyük dövlətlər münaqişənin ədalətli həll olunmasında məsuliyyət daşımamış və təcavüzkara qarşı heç bir təzyiq göstərmək niyyətində olmamışlar. Bundan əlavə, münaqişədə Ermənistanın Azərbaycana təcavüzündən birbaşa danışmadan, işğal etdiyi ərazilərdən çıxmasını tələb etmədən və qəbul edilən sənədlərdə  bu barədə heç nə demədən münaqişənin ədalətli həlli yolunda müsbət irəliləyişə nail olmaq çətindir. Eyni zamanda, təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi ATƏT-in nüfuzuna xələl gətirməklə bərabər, onun tərkibində yaradılan Minsk qrupuna olan ümidləri də heçə endirmişdir.

Bundan başqa, Ermənistanın Azər­bay­ca­na qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şu­ra­sının  822, 853, 874  və 884 saylı qət­na­mələri, eləcə də Təhlükəsizlik Şu­ra­sı sədrinin qəbul etdiyi 7 bəyanatda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sər­həd­lərinin toxunulmazlığının zəruriliyi bildirilir. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin işğal etdik­lə­ri  Azərbaycan ərazilərindən dərhal çıxması qeyd olunsa da, bu sənədlər qəbul edilərkən Şuranın üzvü olan böyük dövlətlər, xüsusilə də ABŞ, Rusiya, Fransa nümayəndələri Ermənistanın təcavüzkar dövlət kimi tanınmasına  ra­zı­lıq verməyərək münaqi­şənin atəşkəs və danışıqlar yolu ilə həll olunmasına    üs­tünlük verdilər.

Beləliklə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə aradan qal­dırılması sahəsində BMT və dünya birliyinin göstərdiyi səy­lər Ermənistan Respublikasının açıq-aşkar hər­bi işğalçılıq mövqeyi tutması ucbatından təsirli nəti­cə­lər verməmişdir. BMT-nin regionda sülhpərvərlik fəaliyyətinin uğur­suzluqlarının başlıca səbəbi məhz Azər­bay­can Respub­li­ka­sı­na qarşı Ermənistan Respublikasının birbaşa təcavü­zü faktının etiraf olunmaması ilə bağlıdır.

Ermənistan Res­pub­li­kası BMT Nizamnaməsinin 1-ci və 2-ci maddələrində və ATƏT-in Yekun Aktında ifadə olunmuş beynəlxalq hüququn əsas prin­siplərini kobud şəkildə pozmasına baxmayaraq, adı çəki­lən nüfuzlu beynəlxalq təşkilatların faktlar toplamaq sahə­sin­də çoxsaylı missiyaları öz nəticələrini çıxararkən Ermə­nis­tan silahlı qüvvələrinin münaqişədə           bi­la­vasitə iştirakını etiraf etməkdən çəkinir və ya bunu etmək istəmirlər. Halbuki BMT Təhlükəsizlik Şurasının məlum qət­na­mələri və Təhlükəsizlik Şurası sədrinin bəyanatlarında və sonralar digər beynəlxalq təşkilatların məlum sənədlərində Er­mənistan Respublikasının münaqişədə bu və ya başqa for­ma­da iştirakı etiraf olunmuş, təcavüz faktları öz əksini tapmışdır. Bu isə beynəlxalq cinayətdir və BMT Baş Məclisinin 1974-cü ildə keçirilən 29-cu ses­si­ya­sında təcavüzün istənilən forması (birbaşa, yaxud dolayısı ilə) hərbi cinayət elan edilmişdir.

Ermənistanın Azərbaycana qarşı açıq-aşkar təcavüzü bütün beynəlxalq hüquq norma və prinsiplərinə ziddir. Belə ki, dünyada sülhün və təhlükəsizliyin təminatçısı olan BMT Nizamnaməsinin 1-ci maddəsinin 1-ci bəndində təş­ki­latın əsas vəzifəsi kimi “beynəlxalq sülhü qorumaq və bu məq­sədlə təcavüz hərəkətlərinə və ya sülhün pozulmasına yö­nəl­miş digər pozuntulara qarşı təsirli kollektiv tədbirlər hə­ya­ta keçirmək” nəzərdə tutulur. Nizamnamə nəinki təcavüzü, həm də dövlətlərarası münasibətlərdə qüvvə və ya hədə tətbiq et­məni də qadağan edir (2-ci maddənin 2-ci bəndi), dövlətlər        ara­sında baş verə biləcək hər cür mübahisələri ancaq dinc va­si­tələrlə həll etməyi tələb edir (2-ci maddənin 3-cü bəndi).

Təcavüz aktının baş verməsilə təcavüzə məruz qalmış döv­lət BMT Nizamnaməsinin 39-cu maddəsinə uyğun olaraq BMT Təh­lükəsizlik Şurası qarşısında təcavüzkar dövlətin məsuliy­yəti məsələsini qoyur. Təcavüz anlayışının müddəalarının bi­rində göstərilən faktın olması kifayət edir ki, Təh­lü­kə­siz­lik Şurası təcavüzkara qarşı Nizamnamənin VI-VII fə­sil­lə­rinə uyğun olaraq məcburiyyət tədbirləri görsün. BMT  Baş Məc­lisinin 1967-ci il 18 dekabr tarixli 2330 (XXII) saylı qət­namə layihəsində təcavüz hərəkətlərinin qarşısını almaq və BMT Nizamnaməsinə uyğun olaraq beynəlxalq sülhü və təhlü­kə­sizliyi qorumaq, eləcə də təsirli tədbirlər həyata keçirmək üçün tə­cavüz anlayışının mahiyyəti öz əksini tapmışdır.

1974-cü il dekabrın 14-də BMT Baş Məclisinin XXIX ses­siyasının 3314 (XXIX) saylı qətnaməsində ilk dəfə olaraq tə­cavüz anlayışının mahiyyəti və məzmunu açıqlandı və ona bey­nəlxalq hüquqi qiymət verildi.   8 maddədən ibarət olan qətna­mə­də təcavüzün nədən ibarət olması müəyyənləşdirildi.

1-ci maddədə göstərilirdi ki, bir dövlət tərəfindən di­gər dövlətin suverenliyinə, ərazi bütövlüyünə və siyasi müs­tə­qilliyinə qarşı silahlı qüvvə tətbiq edilməsi BMT Nizam­na­məsinə ziddir və təcavüzkarlıq hesab olunur.

2-ci maddədə deyilir ki, dövlətin BMT Nizamnaməsini po­zaraq birinci olaraq silahlı qüvvə tətbiq etməsi təcavüz ak­tına sübutdur.

3-cü maddədə: a) bir dövlətin silahlı qüvvələrinin di­gər dövlətin ərazisinə müdaxilə və ya hücum etməsi, yaxud mü­vəq­qəti xarakter daşımasından asılı olmayaraq hər hansı bir hər­bi işğal və ya müdaxilə nəticəsində ərazinin ilhaqı; b) bir döv­lətin silahlı qüvvələri tərəfindən digər dövlətin əra­zi­si­nin bombardman edilməsi; c) bir dövlət tərəfindən və ya onun adından, silahlı qüvvələrin, qeyri-nizami dəstələrin və ya muz­dluların göndərilməsi və s. təcavüz aktı kimi qiymət­lən­di­rilir.

Qətnamənin 5-ci maddəsində göstərilir ki, heç bir siya­si, iqtisadi, hərbi və ya başqa mülahizələr təcavüzə haqq qazan­dı­­ra bilməz; təcavüz beynəlxalq sülhə, əmin-amanlığa  qarşı ci­­nayətdir və bu cinayəti törədənlər beynəlxalq məsuliyyət da­şı­­malıdırlar; təcavüz nəticəsində ərazi əldə edilməsi və ya­xud hər hansı mənfəət qazanılması qeyri-qanunidir. Ermənistan Respublikası tərəfindən qətnamədəki hər hansı bir bəndin, ümumiyyətlə əksər maddələrin pozulması belə bir nəticəyə gəlməyə imkan verir ki, bu, əsl təcavüz hərəkət­lə­ri­dir.

Ermənistanın bu təcavüzkarlığı BMT Nizamnaməsində nəzərdə tutulan öz müqəddəratını təyin etmək hüququnun həyata keçirilməsi deyil, Nizamnamənin 2-ci maddəsinin 4-cü bəndinin kobud şəkildə pozulması – başqa dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı zor işlədilməsi deməkdir. Bunu belə bir fakt da təsdiq edir ki, Ermənistan parlamenti  bütün  beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, hələ 1989-cu ildə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi, yəni qonşu dövlətin ərazisinin bir hissəsinin ilhaq olunması haqqında qeyri-qanuni qərar qəbul etmiş və bu qərarın indi də qüvvədə qalması Ermənistanın Azərbaycana qarşı dövlət səviyyəsində ərazi iddiasında olmasına sübutdur.

 Ümumiyyətlə, Ermənistan Respublikası bütün beynəlxalq hüquqi sənədləri, xüsusilə BMT Nizamnaməsinin     I və II maddələrində, 1970-ci il  24 oktyabr tarixli beynəlxalq hüququn prinsipləri haqqında bəyannamədə, eləcə də 1975-ci il 1 avqust tarixli ATƏM/ATƏT-in Helsinki Yekun Aktında  ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini kobudcasına pozmuşdur. Bununla yanaşı, Ermənistan başqa dövlətlərin ərazisində yaşayan erməni icmalarının hüquqlarını müstəqil xalqların əsas kütləsinin hüquqları ilə qəsdən qarışdırır və müstəqil dövlətlərin ərazi bütövlüyünə münasibətdə erməni etnik qruplarının hüquqlarına əsassız üstünlük verir. Beynəlxalq hüquq normalarının bu cür ermənisayaq təfsiri dövlətlərin ərazi bütövlüyü və sərhədlərin pozulmasının qeyri-mümkünlüyü haqqında     1990-cı il noyabrın 21-də qəbul edilmiş yeni Avropa üçün Paris Xartiyasına da tamamilə ziddir və qəbuledilməzdir.

Bundan əlavə, beynəlxalq hüquqa görə soyqırım sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab edilir. Bu barədə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi qəbul edilmiş və 1961-ci ildən qüvvəyə minən “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” konvensiyada soyqırım cinayətinin hüquqi əsası təsbit olunmuşdur.

Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit edilmiş soyqırım cinayətini təşkil edən bütün əməllər azərbaycanlılara qarşı tətbiq olunmuşdur. Bu işğalçı dövlətin yürütdüyü təcavüzkar siyasət 20 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir.

Bununla yanaşı, münaqişənin dinc vasitələrlə nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər də Azərbaycanın mövqeyinin bir daha gücləndirilməsi və məsələnin beynəlxalq hüquq prinsipləri əsasında həllinin təsdiqlənməsi deməkdir. Bu baxımdan, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə, ATƏT, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının qərarları da əhəmiyyətlidir və Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq səviyyədə müdafiəsi üçün hüquqi əsasdır. Son zamanlar isə Avropa Parlamenti və NATO-nun Zirvə toplantılarında qəbul olunan qərarlarda birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və işğala son qoyulması bildirilir.

Ona görə də böyük dövlətlər müasir beynəlxalq münasibətlər üçün təhlükəli olan təcavüzkarın qarşısını almaq istəyirlərsə, BMT Nizamnaməsinin VII  fəslinə müvafiq surətdə, qəti praktik addımlar atmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər.

Bu faktı da qeyd etmək vacibdir ki, etnik təmizləmə nəticəsində hazırda Ermənistan mono-etnik, yəni milli azlıqların yaşamadığı dövlətə çevrilmişdir. Bununla yanaşı, bu gün özünü təcrid vəziyyətinə salmış Ermənistan əhalisinin sayı durmadan azalır. BMT İnkişaf  Proqramının himayəsi altında çap olunmuş İnsan Potensialının İnkişafı haqqında məruzədə göstərilir ki, hər il Ermənistanı 23-27 min adam tərk edir. XX əsrin  80-ci illərinin sonunda 3,7 milyon əhalinin yaşadığı Ermənistanda əhalinin 1,5  milyondan çoxu (ümumi əhalinin 40%-i) müstəqillik dövründə aclıq, işsizlik, səfalət ucbatından xarici ölkələrə mühacirət etmiş və bu proses indi də davam etməkdədir.

Hazırda münaqişənin nizama salınması prosesi Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Aparılan danışıqların gedişi konfidensial səciyyə daşısa da, Azərbaycan Prezidenti İlham Əliyev bu gün danışıqlar masası üzərində bütün işğal edilmiş Azərbaycan torpaqlarının qaytarılması və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı məsələlərinin mövcudluğunu bildirmişdir. Bununla yanaşı, Ermənistanın danışıqlar prosesini süni şəkildə uzatdığını və bu taktikanın heç bir perspektivinin olmadığını söyləyən dövlət başçısı      İlham Əliyev nə bu gün, nə on il, nə də yüz il sonra Dağlıq Qarabağın müstəqil olmayacağını vurğulamışdır.

 Bu səbəbdən Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına Azərbaycan dövləti və xalqı heç vaxt imkan verməyəcək. Dağlıq Qarabağa yalnız Azərbaycanın tərkibində hər hansı bir status verilə bilər. Lakin bu Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür. Bu prinsipdən kənarda heç bir məsələnin həll oluna bilməyəcəyini bildirən dövlət başçısı Azərbaycanın bununla əlaqədar öz prinsipial mövqeyindən geri çəkilməyəcəyini bəyan etmişdir.

 


Müəllifin digər yazıları

  1. Qaradağlı soyqırımı - Xocalı soyqlrımının başlanğıcı idi
  2. Biz nəinki Cocuq Mərcanlıya, eləcə də Daglıq Qarabaga, Xankəndinə, Xocalıya və Şuşaya qayıdacagıq!
  3. QANLI 20 YANVAR – MÜSTƏQİLLİYƏ GEDƏN YOLDA XALQIMIZIN ŞƏRƏF VƏ QƏHRƏMANLIQ SALNAMƏSİ
  4. Güclü siyasi lider, novatorluq və dinamik inkişaf
  5. AZƏRBAYCANIN MÜSTƏQİL XARICİ SİYASƏT KURSU VƏ QƏRBİN İKİLİ STANDARTLAR SİYASƏTİ
  6. ELÇİN ƏHMƏDOV: "Boyük dövlətlərin mövqeyi təcavüzkar Ermənistanın vaxt uzatmaq siyasəti ilə üst-üstə düşür"
  7. Azərbaycan dünya miqyaslı forumların keçirildiyi mühüm məkana çevrilmişdir
  8. AZƏRBAYCAN – TÜRKİYƏ HƏMRƏYLİ VƏ STRATEJİ TƏRƏFDAŞLIĞININ MÜHÜM GÖSTƏRİCİLƏRİ
  9. AZƏRBAYCAN - İRAN - RUSİYA ÜÇTƏRƏFLİ ƏMƏKDAŞLIĞI REGİONAL TƏHLÜKƏSİZLİYIN MÜHÜM PLATFORMASIDIR
  10. Ermənistanın hərbi təcavüzünün nəticələri – Ağdamın işgalından 23 il keçir
  11. HEYDƏR ƏLİYEVİN ERMƏNİLƏRİN ƏSASSIZ ƏRAZİ İDDİALARINA QARŞI MÜBARİZƏSİ (1969-1982)
  12. HEYDƏR ƏLİYEVİN SİYASİ KURSU DİNAMİK ŞƏKİLDƏ İNKIŞAF ETDİRILİR
  13. Azərbaycan Xalq Cümhuriyyəti - Şərqdə ilk demokratik, parlamentli respublika
  14. AZƏRBAYCANI QARABAĞSIZ TƏSƏVVÜR ETMƏYƏN DAHİ LİDER
  15. Heydər Əliyev: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir”
  16. Azərbaycan Prezidenti İlham Əliyev: “Heç vaxt imkan verməyəcəyik ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın”
  17. Müasir geosiyasi şəraitdə Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı dinamik inkişaf etdirilir
  18. Qaradağlı soyqırımı Xocalı soyqırımının başlanğıcı idi
  19. Ermənistanın ərazi iddiaları və hərbi təcavüzünün başlanması: Malıbəyli və Quşçular kəndlərinin işğalından 24 il keçir
  20. ATƏT-in Minsk qrupu həmsədrlərinin mövqeyi Ermənistanın status-kvonu qoruyub saxlamaq siyasəti ilə üst-üstə düşür
  21. QARABAĞ MÜNAQİŞƏSİ VƏ QANLI 20 YANVAR FACİƏSİNƏ APARAN YOL
  22. Azərbaycanı QARABAĞSIZ təsəvvür etməyən dahi LİDER
  23. BMT necə və nə üçun yaradıldı?
  24. Ermənistanda siyasi, sosial-iqtisadi və demoqrafik böhranı şərtləndirən amillər
  25. Heydər Əliyev Azərbaycanın milli maraqlarını hər zaman uca tutmuşdur
  26. Heydər Əliyevin siyasi kursu yeni və dinamik inkişaf mərhələsində
  27. ŞUŞA: TARİXİ, İQTİSADİ, MƏDƏNİ VƏ STRATEJİ ƏHƏMİYYƏTƏ MALİK ŞƏHƏR
  28. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində legitim seçkilər yalnız orada tarixən yaşamış azərbaycanlı əhalinin öz doğma torpaqlarına qayıtmasından sonra keçirilə bilər
  29. Türkiyənin Ermənistanla sərhəddini bağladıgı gündən 22 il keçir
  30. Böyük dövlətlər təcavüzkarın qarşısını almaq istəyirlərsə Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər
  31. 20 Yanvar - Xalqımızın şərəf və qəhrəmanlıq səlnaməsi
  32. Azərbaycanın siyasi kursu: Güclü siyasi lider, novatorluq və dinamik inkişaf
  33. Dağlıq Qarabağa dair təkzibolunmaz mənbələrə əsaslanan fundamental elmi əsər
  34. Ermənistan beynəlxalq birliyin iradəsinə tabe etdirilməlidir
  35. Azərbaycanın düşünülmüş konseptual yanaşmaya söykənən xarici siyasəti və diplomatik uğurları
  36. ATƏT-in Misnk Qrupunun həmsədrlərinin fəaliyyət(sizliy)i
  37. Heydər Əliyev: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir”
  38. ŞUŞA - Tarixi, mədəni və strateji əhəmiyyətə malik şəhər
  39. Kəlbəcərin Ağdaban kəndi Dağlıq Qarabağdan əvvəl işğal edilmişdi
  40. KƏLBƏCƏRİN İŞĞAL STATİSTİKASI
  41. Ermənilərin Azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırım və təcavüzkar siyasətinin mərhələləri
  42. Qaradağlı soyqırımı - Xocalıya gedən yol
  43. Ermənistanın Azərbaycana təcavüzün nəticələri və XRONİKASI
  44. 20 Yanvar - Xalqımızın şərəf və qəhrəmanlıq səlnaməsi
  45. Yuxarı Qarabağın zəbt olunması - Analitika
  46. Elçin Əhmədov: "Ermənilərin 22 il əvvəl törətdikləti cinayət terrorizmin zirvəsi idi"
  47. Azərbaycanın dinamik inkişafının əsas göstəriciləri
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
31-03-2017
30-03-2017
30.03.2017 Yevlaxda qətl
30.03.2017 Neft bahalaşıb
30.03.2017 Qubada yanğın
29-03-2017
29.03.2017 Ronaldo TOP-10-da

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.2755 san