09:11 12 Avqust 2014
8900 dəfə oxunub
Çap versiyası

Qonaq.  Allah qonağı.  “Allaha da qurban olum, qonağına da”. “Qonaq qonağı istəməz, ev yiyəsi heç birini”.

Qonaq haqqında çox misallar, lətifələr var. Neçəsi də sizin yadınıza düşdü. Amma elə qonaq var ki, gündəlik həyatımızda onları seçmirik. Qonaq da çağırmamışıq, vaxtsız qonaq kimi gəlişinə sevinməmişik. O evimizin yeganə sevimli qonağı olub.  Sadəcə düyməciyə basmışıq, nağıllardakı kimi qarşımızda peyda olub. Hətta adını nağıllardakı kimi “Sehrli güzgü” də qoymuşuq. Mən də ağlım kəsəndən,  1970-ci ildən bu televiziyanın pərəstişkarlarından olmuşam.

Ordan bizə baxanların adlarını, familiyalarını, apardıqları verilişlərin adını əzbər bilirdim. Bəzilərinin ailə həyatını da. Çünki atam tez-tez Azərbaycanda yeganə olan AzTV-nin qonağı olurdu. Onda AzTV demirdilər. Telestudiya çağırırdılar. İlk adı belə olduğundan. Atam da o Bakı Telestudiyasında bir müddət çalışmışdı – Ənvər Əlibəyli, Seyfəddin Dağlı, rəssam Ağarəhim və digərləriylə birlikdə. Ona görə də televizorda kimisə görəndə əlavə şərhini də verirdi. Bu Gülşəndir – Məmməd Əkbərin qızı, bu Şahindir, bu Şəfəq – Ənvər Əlibəylinin övladları, İlqar Əlfi Qasımovun oğludur, Yusif Günaydın müəllimim Mirzə Cavadın oğlu. Qorxmaz Əlili  Cəfər Cabbarlının müasiri böyük aktyorumuz   Məhəmməd Əlilinin övladıdır. Təqdimatlar çox idi. Hamısını yazsam mövzudan çox kənara çıxaram.

Bu verilişlər içində ən çox sevdiyim isə “Günün ekranı” idi. Bilməzdim ki, nə vaxtsa özüm də bu redaksiyada işləyəcəyəm. Amma əksər jurnalistləri üzdən tanıyır, ad-familiyalarını əzbər bilirdim. Diktor-aparıcıları demirəm, onları bütün respublika tanıyırdı. Hamı elə bilirdi ki, televiziyada onlardan böyük adam yoxdur,  televiziyamızın rəhbərləri də məhz onlardır. Amma onlar televiziya sədrlərindən irəlidəydilər. Müasir dildə desək AzTV-nin siması -brendləriydi. Rafiqlər, Hicran, Sabir,  Roza, Şərqiyyə, Tamilla, Gülşən, Sevda,  Kəmalə, Nailə, Ofelya, Davud. Çoxları onların heç familiyasını da bilmirdilər. Çünki hər evin doğma övladlarıydılar.

Belə bir qayda var. Yazı yazanda ad çəkməzlər. Kimsənin adı yadından çıxarsa, həmin adamlar müəllifdən inciyə bilər. Amma yazmaq lap yadımdan çıxsa  belə, nəinki onlar, bütün AzTV və qocaman radiomuz həmişə mənim yaddaşımda, ürəyimdədir.

Amma televiziyamızda elə simalar da olub ki, onlar özləri ayrılıqda  bir simvola – brendə çevriliblər. “Xəbərlər” proqramında çalışarkən, demək olar ki, hər gün Ənvər Qafarlının adı çəkilirdi. “Səhər” proqramı deyəndə Qullu Məhərrəmli o saat yada düşür. “Retro” kino zalı Ayaz Salayevin yetirməsidir.  “Səhər görüşləri”ni, “Dalğa” proqramını, “215KL”-i  necə, yaddan çıxaran varmı? Əsla. Bu seriyaya bir verilişi də əlavə etmək istərdim:  Telli Pənahqızının müəllifi olduğu “Mədəniyyət xəbərləri”ni. İndi irad tutacaqsınız ki, Telli xanımı niyə quru-quru təqdim etdim. Əvvəlinə tanınmış telejurnalist, tele-aparıcı, televiziya xadimi, şairə, tərcüməçi, müəllim, rəhbər, iş yoldaşım  kimi təqdimatlar qoymadım. Hələ rəsmi dövlət təltiflərini demirəm. Tələsməyin.

İLK TANIŞLIQ

Cəmiyyətin ən həssas təbəqəsi ziyalılar sayılır. Çox çətin adamlardır. Hər biri fərdi  yanaşma tələb edir. Jurnalist ona yaxınlaşmazdan qabaq, oxumasa da, eşitməsə də, görməsə də heç olmasa bir iki əsərinin adını əzbərdən bilməlidir ki, istədiyini, yəni ki, müsahibəni ondan ala bilsin. Azərbaycan televiziyasında bu sahənin asları çox idi. Nahid Hacızadə, Mailə Muradxanlı, Vəlixanlılar, həm də televiziyanın rəhbərliyində təmsil olunanlar. Çünki ziyalılar cəmiyyətin qaymaqları olduğu üçün televiziya ekranı da məhz onların üzünə açıq idi.

Belə bir dövrdə xüsusi olaraq “Günün ekranı” proqramının sonunu gözləyirdim. Bilməyənlərə deyim ki, “Günün ekranı” sovet vaxtı 21.00 –da efirə çıxan yarım saatlıq informasiya proqramı idi. Moskvanın “Vremya” proqramı kimi. Məhz bu proqramın sonunda mədəniyyət xəbərləri gedirdi. Və Telli Pənahqızının mədəniyyət  tədbirləriylə bağlı süjetləri diqqəti xüsusilə cəlb edirdi. Məlahətli, ürəyə yatımlı səsini demirəm hələ. Hər həftənin şənbə reportajı isə xüsusilə maraqlı olurdu. Xüsusi bənzətmələri, təsvirləriylə bəzənən süjeti quru, boz  xəbərlər proqramına bir istilik gətirirdi. Mən onu ilk dəfə belə tanıdım.

ŞƏXSİ TANIŞLIQ

1996-cı ildə sədr Nizami Xudiyevin xeyir duası, Proqram baş direktoru Məmmədəli Zülfüqarovun məsləhətiylə məni Az.TV-yə, Proqram direktorluğuna buraxılış redaktoru götürdülər. Yadınıza gələr. Adına AzTV-2 deyirdilər. Səhv etmirəmsə 18.00-da başlayar, gecə saat 11-12-yə işini yekunlaşdırardı. Əsasən AzTV-1-də yayımlanan verilişlərin təkrarı gedirdi AzTV-2-də. Buna da hesablanmışdı. İş əsnasında Telli xanımla yaxından tanış olduq. Böyük kabineti vardı. Sol əlinin ətrafında müxtəlif telefonlar. Birinin üstündə gerb vardı. Heyrətimi gizlətmədim:

-         Telli xanım sizin Hökumət telefonunuz da var? Deyəsən dörd nömrədir, hə?

Cavab vermədi. Sadəcə gülümsündü. Onda başa düşdüm ki,  belə şeylərə əhəmiyyət vermir. Özünü sadəcə jurnalist sayır. Bir müddətdən sonra Telli xanımın otağında əlavə stol- stullar qoyulmağa,  AzTV-2 özü veriliş istehsalına başladı. Kollektivdə digər jurnalistlərimizlə də tanış olmağa başladım. Əvvəllər qadın koloniyalarındakı məhbuslarla bağlı çox kövrək, yanğılı verilişlər hazırlayan Firuzə Nadir, şirin ləhcəsi və  qələmi olan Şərəf Cəlilli, adı kimi özü də, verilişləri də gözəl Ceyran Rəhimova, gənc jurnalist, sonralar “Xalq Qəzeti”ndə birgə çalışdığım  Aida Aysa, professional operator, mərhum Dünyamin Hüseynov, rejissor Elxan, indi estrada ulduzu olan balaca Xəyalə Manaflı və onun kiçik bacısı. Hazırlanan verilişlər də orijinallığı və yüksək səviyyəsiylə seçilir, sevilirdi. Xüsusilə də Xəyalə Manaflının və bacısının aparıcısı olduqları, balacalar üçün  “Çərək, çərək, gəl görüşək” verilişi. Bir buraxılış redaktoru kimi vəzifə borcum idi  verilişləri izləmək. Amma “Çərək, çərəy...”i çox sevirdim. Musiqi məktəbində oxuduğum illəri yadıma salırdı. Vlades Pelşin ORT kanalında “Uqaday melodiyu” verilişinin açılmasına hələ illər qalırdı.

MƏDƏNİYYƏT XƏBƏRLƏRİ

AzTV-2-nin orijinal verilişlərindən biri də  Telli Pənahqızının aparıcısı da olduğu “Mədəniyyət xəbərləri” həftəliyi idi. Paralel olaraq AzTV-1-də də gedirdi bu veriliş.  Telli xanım həftənin mədəniyyət mənzərəsinə son qoyurdu bu verilişlə. Şəxsən ziyalı ailəsindən olan məni qane edirdi.  AzTV-2 ayrıca kanal  təəsüratı yaradaraq əməlli başlı səs-küy qoparmışdı. Müsəlman mühitində yaşadığımızı, mentaliteti  nəzərə alsaq belə davam edə bilməzdi. Hökmən badalağ qoşub, verilişləri bağlayıb, kollektivi isə  pərən-pərən salmaq lazım idi. Belə də oldu. Bəlkə də AzTV-2-nin kollektivi özü buna  şərait yaratdı. Beləcə kanal içində yaradılan kanalın xoş ovqatına son qoyuldu. İşçilərin bəzisi radioyaya keçirildi, bəziləri də digər redaksiyalara.  Heyf.

AzTV-2 ləğv edildi

Kollektiv ixtisara salınmaqla yanaşı  AzTV-2  də ayrıca qurum kimi yox, Baş proqram direktorluğunun bir şöbəsi kimi fəaliyyətə başladı. Telli xanım da direktorun müavini oldu.  “Xəzər” redaksiyasının “Üz-üzə” verilişi də çox maraq doğururdu. Bir müddətdən sonra isə İctimai Televiziyanın yaranmasıyla bağlı ümumiyyətlə ləğv edildi. “Mədəniyyət xəbərləri”  isə yaxşı ki, bu ixtisardan kənarda qaldı.

 

TELLİ XANIMIN İŞÇİSİ SAYILA BİLƏRƏM

Yaxşı bilirsiniz ki, mədəni tədbirlər əsasən axşam vaxtı olur. Teatr da, konsert də, yubiley də eyni vaxtda başlanır. Yox düz demədim – tamaşalar da, konsertlər də, yubileylər də eyni vaxtda başlanır. Indi gəl bunların hamısını lentə al və həftə sonu efirə gedən “Mədəniyyət xəbərləri”ndə işıqlandır.

Deyə bilərsiniz ki, birini ya ikisini yaddan çıxarsaydı nə olacaqdı ki, dünya dağılacaqdı? Düz bildiniz. Çünki səhəri gün inciklik, umu-küsü dolu telefon zənglərinə məhz proqramın yaradıcısı və aparıcısı Telli xanım cavab verməliydi. “Telli xanım, unutmusunuz deyəsən məni”, “Telli xanım, nə əcəb mənim yubileyimi işıqlandırmadınız?”, “Telli xanım, sən Allah, düzünü de, Nizami (Nizami Xudiyev –Az.TV-ninsədri) çıxartdı məni efirdən?” və sairə ilaxır. Hələ süjet nədir, ayrı-ayrı ziyalılar öz sifətlərini “Mədəniyyət xəbərləri”ndə görməyəndə də zəng edirdilər: “Öz gözümlə gördüm, Dünyamin çəkdi. Amma siz efirə vermədiniz”.

Ona görə Telli xanım bütün mədəniyyət xadimlərinə çox diqqətlə yanaşırdı. Bir operator idi, bir özü, bir də rejissor. Hər şeyi də çatdırırdı. Necə?

Mədəniyyət tədbirlərinə “Xəbərlər” proqramı da gedirdi. Mən də onda  “Xəbərlər” redaksiyasında işləyirdim. Şair, ziyalı çörəyi yediyimdən elə bil ki, məni propiska eləmişdilər sərgi salonlarına, yazıçılar, bəstəkarlar, rəssamlar ittifaqlarına, akademiyaya, konservatoriyaya, Mədəniyyət və incəsənət universitetinə. Bəzən bir gecədə iki-üç yerə gedirdim. Hamısına da quru, xəbərlərsayağı 30-40 saniyəlik bir şey yazıb ötürürürdüm efirə. Amma kasetləri pozmurdum. Telli Pənahqızının mədəniyyətimizə, ziyalılara, öz verilişinə, öz sənətinə böyük məhəbbətinin xatirinə. Çəkdiklərimi məndən götürür, süjet hazırlayıb elə bir şövqlə tamaşaçıya təqdim edirdi ki, mənim efirə verdiklərim olurdu ...

Bəzən sancmadan, bir müəllim kimi məsləhətlərini də verirdi. Hiss edirdim ki, “Günün ekranı”nda bir vaxtlar hazırladığı  mədəniyyətlə bağlı süjetləri, şənbə reportajları yadına düşür: “Bax, yazırsan “payız”. Nə olar ki, əvvəlinə artır “qızılı payız”, Quru ifadələrdən çıx. Təsvirlərə yer ver. Axı, şair oğlusan?!”

Bir şeyi unutdum. AzTV-2 bağlansa da Telli xanımın nə otağını əlindən aldılar, nə də verilişini başqa redaksiyaların yedəyinə qoşdular. Avtonom qaldı. Atam Qabil demişkən: “Ayrıca gəmiyəm, öz bayrağım var”.

ŞAİRƏ TELLİ PƏNAHQIZI

Günlərin bir günü Telli xanım mənə kitab verdi ki, “atana çatdır. Şeirlər kitabımdır.  Təzəcə nəşr edilib”. Mən də çatdırdım. Üstündən üç gün keçmişdi ki, atam zəng elədi: “Telliyə de ki, o əsl şairdir. Belə də de”. Yaxınlaşıb, atamın sözünü ona dedim. Zəng edib minnətdarlığını bildirdi. Sonra ərkyana: “dediyini yazsa Qabil müəllim mənimçün böyük qiymət olardı” dedi. Atama çatdırdım bu arzunu. Razılaşdı.  Heyf ki, xəstəliyi mane oldu.  Bu sözləri isə qısa da olsa yazmaq mənə qismət oldu.

 

SPACE

Üstündən illər keçdi. Mən AzTV-dən ayrıldım. Üç ay Speysdə  işlədim. Burda da “Mədəniyyət xəbərləri” adlı veriliş gedirdi. Amma Telli xanımın hazırladığı verilişin yerini vermirdi. 2007-ci il dekabrın 31-də mənim  televiziya fəaliyyətim başa çatdı.

 

TELLİ XANIM HARDAN YADIMA DÜŞDÜ?

Amma televiziyada işlədiyim illər heç yadımdan çıxmadı.  Çünki orda işləyənlər yadımdan çıxmır. Böyük dərs keçdilər mənə. Özləri də bunu hiss etmədən. Hamısından yığdım. Doğurdan da böyük məktəb idi. Həyatımda üç böyük məktəb keçdim. Birinci Qabilin və onun ədəbi mühitinin məktəbini, ikincisi əsgərlik – kişilik məktəbini, üçüncü isə AzTV məktəbini. AzTV-dən uzaqlaşanı mənim köhnə həmkarlarımın, müəllimlərimin  əksəriyyətini görmürəm. Təsadüfən bu gün  internetdə rast gəldim ki, Telli xanım bu yaxınlarda öz yubileyini qeyd edib. Vallah, xəbərim olmayıb. Dəstəyi götürüb quruca təbrik də etməmişəm. Bir də ki, altı yaş nədir ki, bunu təbrik də edəsən. Amma günahımın böyük olduğunu nəzərə alıb ürək sözlərimi  yazmağa qərar verdim. Yazıda xətalara yol verdiyimi bilirəm. Hansı?

HAŞİYƏ: Bir gülüş ustası haqqında yazı hazırlayırdım. Dedi ki, mən oxumamış çapa vermə. Yazdım. Adının yanına görkəmli gülüş ustalarımız Yaşar Nuri, Nəsibə Zeynalova, Səyavuş Aslan və digərlərini də əlavə etdim. Güclü alınsın deyə. Yazını bitirib, kağıza çıxarıb gəldim yanına. Qələmi əlinə alıb birinci elə onların adının üstündən xətt çəkdi. “Yazı mənim haqqımdadır, bunların adını bura niyə əlavə etmisən? deyərək. (SON)

Telli xanım, sizin haqqınızda yazdığım bu yazı istərdim ki, davamlı olsun. Və müasirim, bir vaxtlar sadəcə iş yoldaşlarım olan  digər televiziya korifeylərimiz də nə vaxtsa başladığım bu layihənin qəhrəmanlarına, gənc nəsillər üçünsə  bir örnəyə çevrilsinlər.

SON

Hər dəfə televiziya fədailərimiz haqqında fikirləşəndə bir atalar misalı yadıma düşür. “Çörəyi ver çörəkçiyə, birini də üstəlik”. Çörəkçilər sağdırlar, tam həyat enejisiylə doludurlar, istedadlarının, bilik və bacarıqlarının pik nöqtəsindədirlər. Bircə çörəyi onlara vermək qalır, özü də birini də üstəlik.

Əvvəldə etmədiyim təqdimatın lap yeridir -  tanınmış telejurnalist, tele-aparıcı, televiziya xadimi, şairə, tərcüməçi, pedaqoq, rəhbər, iş yoldaşım və ən nəhayət  Azərbaycan Mədəniyyətinin brendi olan “Mədəniyyət xəbərləri” verilişinin yaradıcısı, aparıcısı  Telli Pənahqızı, bizim Telli xanım, yubileyin mübarək!

 


Müəllifin digər yazıları

  1. DİN və din
  2. ƏHMƏD ƏHMƏDZADƏ KİMDİR?
  3. NİZAMİ, QABİL BURDADI?
  4. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  5. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  6. "Arvad, qadın və sekskukla"
  7. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  8. Mahir Qabiloğlu - "Arvad və maşın"
  9. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  10. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  11. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  12. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  13. LUSİNE NERSESYAN, CAN, CAN...
  14. BULUDXAN XƏLİLOV VƏ MƏN
  15. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  16. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  17. AzTV nədir?
  18. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  19. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  20. TÖHMƏT
  21. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  22. JURNALİST VƏ XORUZ
  23. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  24. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  25. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  26. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  27. QAN
  28. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  29. Atam Qabilin “dərs”i
  30. “QATİLƏ”
  31. Hidayət Zeynalov nəvə toyu görmədi
  32. Öl deyəndə öl, qal deyəndə qal
  33. Arvada işim düşür...
  34. QURD YAĞI
  35. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  36. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  37. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  38. GÖZƏL İBRAHİM
  39. Zaur, bizi yetim qoyma!
  40. Mahir Qabiloğlunun köhnə arzuları
  41. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  42. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  43. Əmir Mustafayevin toyu
  44. HİDAYƏT VƏ FATMA
  45. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  46. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  47. Arvad, Allah verəndən gətir!
  48. İsmayıl Şıxlının böyük günahı
  49. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  50. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  51. Q. idi, Mən idim, Ş. idi...
  52. Bacarırsan yaşa, Bacarmırsan öl
  53. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  54. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  55. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  56. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  57. Sona Tağıyevanın məktəbi
  58. KİTAB OĞRUSU
  59. Ağasəlim Abdullayev, bağışla!
  60. BİZİM TELLİ PƏNAHQIZI
  61. Hacıbala Abutalıbovun Kişi sözü
  62. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  63. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  64. AĞACIN QARĞIŞI
  65. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  66. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  67. Milli komandamıza qara zurna kömək olsun
  68. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  69. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  70. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  71. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  72. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  73. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  74. RADİO VƏ DEPUTAT
  75. POLİS NƏCİB PEŞƏDİRMİ?
  76. Leyla Yunus papağı polisin başından qapdı və ...
  77. BOZQIRIN YALQUZAĞI
  78. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  79. DEBİL ARMEN -2
  80. DEBİL ARMEN - I
  81. Təhsil Nazirliyi və TQDK bir olsa...
  82. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  83. Vəzifəli balasından şikayət məktubu
  84. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
17-08-2018
16-08-2018
15-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.0571 san