14:15 01 Oktyabr 2014
33161 dəfə oxunub
Çap versiyası
İbrahim Əliyev
Tarix üzrə fəlsəfə doktoru, dosent

Strategiya.az saytı "Geostrategiya" jurnalına istinadən Tarix üzrə fəlsəfə doktoru İbrahim Əliyevin  "Azərbaycan Respublikasında təhsilin aktual problemləri" məqaləsini diqqətinizə çatdırır   

Müasir dövrdə hər bir sivil cəmiyyətin prioritetləri sırasında təhsil ən vaciblərindən birini təşkil edir. Dövlətlər və cəmiyyətlərin inkişaf reytinqində təhsilin öz yeri və sanbalı vardır. Son dövrlərdə ölkələrin ümumi inkişaf səviyyəsi ilbəil qiymətləndirilərkən başlıca meyarlardan təhsil səviyyəsi mühüm əhəmiyyət kəsb edir. Bu da təsadüfi deyildir.
Müstəqilliyi qazanmaq dövlətçilik atributlarına malik olmaqla bitmir. Bu həm də hər bir sahədə dövlətçiliyin mahiyyətini təşkil edən zəruri keyfiyyət səviyyəsinin təmin edilməsini ehtiva edir. Cəmiyyətin təhsil sistemi ümumi ictimai-iqtisadi sistemin tərkib hissələrindən biri olmaqla onun bütün elementlərinin mükəmməlliyinin səviyyəsində özünü göstərir.
Azərbaycanın müasir təhsili hələ XIX əsrdən formalaşmağa başlayaraq XX əsr ərzində böyük təkamül yolu keçmişdir. Sovet hakimiyyəti dövrünün bütün müsbət və mənfi irsindən danışarkən təhsil sahəsində əldə edilmiş yüksəliş işıqlı bir nailiyyət kimi müşahidə edilir. Sovet rejiminin Azərbaycan xalqının taleyində iz qoymuş bütün neqativ cəhətlərinə baxmayaraq, həmin dövrdə qazanılmış uğurların içərisində təhsilin inkişafı xüsusi yer tutur. Düzdür, bir çox məqamlarda milli əyalətlər üçün müəyyən məhdudiyyətlərin olması öz mənfi təsirini göstərmişdi. Lakin bu sahədə qazanılan nailiyyətlər kifayət qədər çox idi. Hazırkı məqalədə sovet dövrünün təhsil sisteminin müxtəlif cəhətlərinə toxunmaq məqsədimiz yoxdur. Burada diqqət müstəqilliyin əldə edilməsi, sosialist ictimai-iqtisadi sistemindən yeni iqtisadi sistemə keçid məqamında bu sahədə həyata keçirilən əsaslı islahatların bir sıra mühüm cəhətlərinə yönəldilir.
Dövlət müstəqilliyi qazanıldıqdan sonra bütün sahələrdə həyata keçirilən quruculuq işləri hər bir sahədə fundamental dəyişikliklərin edilməsini tələb edirdi. Təhsil sahəsində də bir sıra səbəblər köklü islahatların aparılması zərurəti mövcud idi.
Əvvəla, İmperiyadan qopub ayrılmış gənc Azərbaycan dövlətinin özünün ictimai mühitinə uyğun olan, daxili işlək mexanizmlərinə malik təhsil sisteminin yaranmasına ehtiyac yaranmışdı. Nəzərə alınsa ki, dəyərlər sistemində ciddi dəyişikliklər olmuşdu, ideoloji-mənəvi cəhətdən köhnə dəyərlərə söykənən məktəbin dəyişməsi qaçılmaz idi.
İkincisi, sovetlər ittifaqının dağılması təkcə sərhədlərin dəyişməsi və müstəqilliyin qazanılması deyildi. Eyni vaxtda sosialist təsərrüfat quruluşundan da imtina edilmişdi. Bu quruluşun malik olduğu ictimai münasibətlər, ona söykənən təsərrüfat tipləri iflasa uğradığından, həmin cəmiyyəti təmin edən təhsil də öz ideoloji dayaqlarından və iqtisadi təməlindən məhrum olmuşdu. Müstəqilliyin ilk illərində köhnə ictimai-iqtisadi quruluşun dağıldığı və yenisinin isə hələ yaranmadığı xaos şəraitində təhsildə də hər hansı ardıcıl, məqsədyönlü quruculuq işlərindən və düşünülmüş islahatlardan danışmaq çətin idi.
Üçüncüsü, müstəqillik qazanmış ölkənin siyasi orientasiyası dəyişildiyi kimi, onun inteqrasiya etdiyi məkanın çərçivələri və mühiti də dəyişir. Dünya durumunun müstəqil subyektinə çevrilmiş yeni dövlət öz seçimini etmək, ictimai-iqtisadi, siyasi və mədəni orientasiyasını dəqiqləşdirmək zərurəti ilə üzləşir. Şübhəsiz bu məqamlar ictimai həyatın ən vacib sahələrindən biri olan təhsilin yenidən qurulması, yeni standartların və rəqabət mühitinin tələblərinə uyğunlaşması məsələlərində öz təsirini göstərirdi.
Azərbaycan Respublikasının varlığının ilk günlərindən problemlərin həddindən şox olduğu bir vaxtda təhsil sahəsində də qeyd olunan istiqamətdə addımlar atılmağa başlayır. İlk növbədə daxili və xarici təzyiqlərə məruz qalan, müharibəyə sürüklənən respublikada başlıca səylər ölkənin malik olduqlarını qoruyub saxlamağa yönəlmişdi. Bütün sahələrdə olduği kimi, təhsildə də maddi və mənəvi itkilər kifayət qədər hissolunan idi. Baxımsızlıq üzündən mövcud infrastruktur xeyli dərəcədə dağılmışdı. Müharibə gedən ərazilərdə bütövlükdə məktəblər məhv edilmişdi.
İqtisadi çətinliklər üzündən məktəblərin pedaqoji potensialı əhəmiyyətli dərəcədə zəifləmişdi. Köhnəlmiş tədris proqramları, dərsliklər əlavə çətinliklər yaradırdı. Lakin bütün bu çətinliklərə baxmayaraq təhsildə neqariv tendensiyaların təsirini zəiflətmək, məktəbləri qoruyub saxlamaq mümkün oldu. Artıq 1990-cı illərin ortalarından etibarən ölkə həyatının bütün sahələrində geriləmə proseslərinin qarşısının alınması təhsildə də pozitiv quruculuq işlərini sürətləndirməyə imkan verdi. Xüsusən, ali məktəblərə qəbulda test üsulunun tətbiqi, ali təhsildə ikipilləli sisteminə keçid, yeni mühitin tələblərinə uyğun olaraq özəl təhsil müəssisələri şəbəkəsinin yaradılması yeni dəyişikliklərin başlanğıcı oldu.
Azərbaycan Respublikasının təhsil sahəsində reallaşdırdığı xətt Avropaya inteqrasiyaya istiqamətlənmişdi. İlk vaxtlar keçirilən islahatlar o qədər də nəzərə çarpacaq nəticələr verməsə də, gələcək genişmiqyaslı addımlar üçün zəmin hazırlayırdı. Təhsilin qanunverici bazası –
Konstitusiyadan tutmuş geniş inkişaf proqramlarına qədər hamısı ölkəni qabaqcıl Qərb iqtisadi-ictimai məkanına yaxınlaşdırırdı. (1,2,3) Qərb modelinə uyğun yeni təhsil müəssisələrinin açılması, onların təhsil standartlarına yaxınlaşmaq üçün proqramların təkmilləşdirilməsi, müasir tədris metodlarının tətbiqi, təhsil üzrə beynəlxalq layihələrdə yaxından iştirak günbəgün daha çox öz nəticələrini verirdi. Qərb təhsil modelinin xeyli elementləri Azərbaycanda tətbiq edilməyə başlayır. Qərbin inkişaf etmiş ölkələrinin nüfuzlu universitetlərində azərbaycanlı tələbələrin sayı ilbəil artır (4). Ayrı-ayrı təhsil müəssisələrinin xarici ali təhsil müəssisələri ilə başladıqları əməkdaşlıq gələcək geniş əlaqələrin əsasını təşkil edir.
Bu məsələlərdə inkişaf etmiş ölkələrin universitetlərinin postsovet dövlətlərinin təhsil məkanına böyük marağını qeyd etmək lazımdır. Bu məkan onlar üçün yeni idi və onun mənimsənilməsi uğrunda başlanmış rəqabət Azərbaycan tələbəsinin Qərb ali məktəblərinə cəlb edilməsində az rol oynamamışdı. Düzdür, bu zaman həmin təhsil müəssisələri özünün və öz ölkəsinin maraqları əsasında fəaliyyət göstərirdilər. Lakin bütövlükdə yeni dövlətlərin qazandıqları az deyildi.
2005-ci ildə Azərbaycan Respublikası ali təhsil sahəsində Avropada artıq 1999-cu ildə rəsmi olaraq başlamış Boloniya prosesinə qoşulması bu sahədə neçə illərdən bəri aparılan islahatların məntiqi yekunu idi. Bu addımı ilə Azərbaycan Qərb oriyentasiyasının qətiliyini bir daha təsdiq etdi və Avropanın təhsil məkanının rəqabət mühitinə daxil oldu. Eyni zamanda bu qoşulma Azərbaycan təhsilinin Qərbə, o cümlədən Avropaya inteqrasiyasında məqsədyönlülüyü və mütəşəkkilliyi artırdı. (5)
Ölkə daxilində təhsilin müxtəlif pillələrində aparılan quruculuq işləri ilə yanaşı xaricdə təhsil məsələlərinə xüsusi diqqət ayrılır. Artıq hər il minlərlə azərbaycanlı gənc müasir ixtisaslar üzrə xarici dövlətlərin tanınmış ali təhsil müəssisələrində təhsil alaraq mütəxəssis kimi hazırlanır və müxtəlif sahələrdə çalışırlar. Bu cür əməkdaşlıq bir tərəfdən Azərbaycan gənclərinə dünya miqyasına çıxmaq, özünü təsdiq etmək, ölkənin zəruri mütəxəssislərə olan ehtiyacını ödəmək imkanı verirdisə, digər tərəfdən qabaqcıl dünya nümunəsini Azərbaycana gətirir, yerli təhsil müəssisələri üçün rəqabət mühitini yaradırdı. Bu da Azərbaycanın təhsil strukturlarına, təhsil müəssisələrinə qabaqcıl nümunəni qəbul etməyə, daim yenilənməyə, öz işini təkmilləşdirməyə sövq edir.
Təhsil sahəsində kifayət qədər böyük işlər görülmüş olsa da, heç kim üçün sirr deyil ki, bu sahə mükəmməllikdən uzaqdır və görüləsi işlər bu vaxta qədər görülən işlərdən qat-qat çoxdur. Məsələ bundadır ki, bu sahədə son mütləq nöqtəni də axtarmaq mümkün deyildir. Təhsil həyatın daim dəyişən, yeniləşən, inkişaf edən sahələrinin ən vacib ehtiyaclarından birini təmin edən sahə kimi dinamik bir vəziyyətdə olması vacibdir. Bu mənada Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar daimi bir tələbatı ödəməyə istiqamətlənmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2013-cüil 24 oktyabr tarixli nömrəli sərəncamı ilə təsdiq edilmiş və həyata tətbiq edilməsinə başlanıldığı “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” (6) təhsildə yeni bir mərhələnin təməlinin qoyulmasından xəbər verir. Belə bir addımı müstəqilliyin ilk onilliyində və hətta bir neçə il bundan əvvəl atmaq mümkün deyildi. Bu vaxta qədər həyata keçirilən işlər yeni mərhələnin əsasını qoymağa imkan verir. Belə bir sənədin qəbul edilməsi təhsil sahəsində yeni mərhələnin başlanğıcını bildirməklə yanaşı ümumilikdə ölkə ictimai-iqtisadi və mədəni həyatında bu vaxta qədər əldə edilmiş hədlərin göstəricisi kimi başa düşülməlidir. Məhz həmin əldə edilmiş nailiyyətlər üzərində indi təhsilin daha da inkişaf etdirilməsi və növbəti mərhələnin təmin edilməsi üçün zəmin yaradılmış, gələcək inkişafın bünövrəsi qoyulmuşdur.
Ölkənin inkişafında əldə edilmiş nailiyyətlər, şübhəsiz, təhsilin də inkişafı və müasirləşməsi üçün şərait hazırlayırdı. Digər tərəfdən inkişafın özü təhsilin qarşısında mürəkkəb və vacib vəzifələr qoyurdu. Təhsilin son vəzifəsi isə əhalinin təhsil səviyyəsini yüksəltməklə onun ümumiləşən əmək bazarında rəqabətqabiliyyətliliyinin möhkəmləndirilməsi, onun maddi rifahının yüksəldilməsi, yeniləşən və qabaqcıl dünyaya inteqrasiya
edən ölkənin bütün sahələrdə müasir standartlara cavab verən kadrlarla təmin edilməsinə nail olmaq, ölkə əhalisinin dünya insan inkişafı indeksində yüksək mənsəbini təmin etməkdir.
Bütün bu qoyulan məqsədlərə çatmaq üçün isə bir sıra kompleks vəzifələrin yerinə yetirilməsi tələb olunur ki, bu da öz əksini 2014-cü ildə qəbul edilmiş “Təhsil strategiyasında” tapmışdır. Bu sənədin fərqli cəhəti ondan ibarətdir ki, burada təhsil qarşısında irəli sürülən uzunmüddətli strateji məqsəd konseptual şəkildə qoyulmaqla yanaşı bu məqsədi təmin etməli olan bütün amillər tam əhatə edilmiş və ona aparan yollar ən xırda detallarla işlənib hazırlanmışdır.
Bu gün təhsilin başlıca məqsədi Azərbaycan Respublikasının inkişaf konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi göstərilir və ona çatmaq üçün onun institusional əsasları, infrastrukturu və insan resurslarının inkişaf ön plana çəkilir. Sənəddə bu məqsədlər xüsusi vurğulanır: “Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. Təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq və ömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verir.”
Burada haqlı olaraq təhsilin cəmiyyət üçün vacib olan vəzifələrinə diqqət yetirilir.Əhalinin, onun hər bir fərdinin etik-əxlaqi normalara yiyələnməsində, geniş dünyagörüşə malik insanlardan ibarət vətəndaş cəmiyyətinin formalaşmasında təhsilin əvəzsiz rolu nəzərə alınır, bu istiqamətdə görülməli işlər məqsədyönlü şəkildə planlaşdırılır və həyata keçirilir.
Təhsil strategiyasında müstəqillik dövründə təhsil sahəsində əldə olunmuş nailiyyətlər - təhsilin normativ hüquqi bazasının təkmilləşdirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilmsi, müasir texnologiyanın, o cümldən informasiya-kommunikasiyasının tətbiqində aparılan işlər qoyulan məqsədlərə çatmağın zəmini kimi təqdim olunur. Birləşmiş Millətlər Təşkilatının 2010-cu il üzrə İnsan İnkişafı Hesabatına əsasən, 2005-ci illə müqayisədə Azərbaycan 34 pillə irəliləyərək 169 ölkə arasında 101-ci yerdən 67-ci yerə yüksəlmiş, “orta insan inkişafı” qrupundan “yüksək insan inkişafı” qrupuna daxil olmuşdur. Azərbaycan iqtisadi inkişaf tempini sürətləndirərək yoxsulluğun azaldılması və orta ömür uzunluğu göstəricisinin artması baxımından böyük nailiyyətlər əldə etməsi qeyd olunmaqla yanaşı hazırkı vəziyyətdə təhsildə olan çatışmazlıqlar və problemlər qabardılır və onları aradan qaldırmağın direktivləri verilir. “Bununla yanaşı, aparıcı beynəlxalq təşkilatların statistik təhlilləri Azərbaycan təhsilinin beynəlxalq rəqabətə davamlılıq göstəricilərinin və Azərbaycan Respublikasının ərazisində yerləşən ali təhsil müəssisələrinin reytinq səviyyəsinin yüksəldilməsinin zəruri olduğunu göstərilir .”- sənəddə qeyd olunur.
Beləliklə, təhsil strategiyasında ölkə təhsilinin vəziyyəti qiymətləndirilir. Bununla da islahatların bugünkü mərhələsinin start nöqtəsi müəyyənləşdirilmiş olur. Bir tərəfdən mövcud vəziyyətin real mənzərəsinin təsviri, digər tərəfdən isə təhsilin bütün göstəricilər üzrə qabaqcıl dünya səviyyəsinin ortaya qoyulması məqsədləri və vəzifələri dəqiq müəyyənləşdirməyə imkan verir. Bu vaxta qədər əldə edilmiş nailiyyətlər yeni irəliləyişlərin istiqamətlərinin, miqyasının, forma və məzmununun konturlarını göstərir.
Təhsil strategiyasında qoyulan məqsədlərə çatmaq üçün beş strateji istiqamət müəyyənləşdirilmişdir. Bu istiqamətlər Dövlətin təhsil sahəsində mövcud bütün problemləri, məqsəd və vəzifələri, fəaliyyət istiqamətlərini bütöv bir tam kimi əhatə edir.
Birinci strateji istiqamət vahid tamı təşkil edən təhsil sisteminin planlaşdırılması məsələsini nəzərdə tutur. Burada məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali olmaqla, bütün pillələri üzrə kurikulumları bir-birini tamamlayır. Burada təhsilin bütün pillələrinin yerinin, vəzifəsinin və hədəflərinin bir tam olaraq vahid sistemdə təqdim edilməsi onun ritmik işinin vacib şərtidir.
İkinci strateji istiqamət müasir tələblərə cavab verən, innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən müəllimlərin formalaşdırılmasına, onların peşəkarlığının yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını əhatə edir.
Üçüncü strateji istiqamət təhsilin idarəedilmə sisteminin təkmilləşdirilməsi və səmərələşdirilməsi məsələləri daxildir. Burada diqqət idarəetmənin şəffaflığı, keyfiyyətin təminatı və idarə edilməsinə yönəlmişdir.
Dördüncü istiqamət təhsilin maddi texniki bazasının gücləndirilməsi, infrastrukturun müasir tələblər səviyyəsinə qaldırılması məsələləri ilə bağlıdır. Bu məsələlərdə informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqinin təmin edilməsi, yeni təhsil texnologiyalarının təmin edilməsinə xüsusi diqqət ayrılır.
Nəhayət, beşinci strateji istiqamət ölkə təhsil sisteminin dünyanın aparıcı təhsil sistemləri standartları ilə eyni səviyyəyə uyğun maliyyələşmə modelinin qurulmasını nəzərdə tutur.
Ölkənin iqtisadi potensialında yüksək təhsil səviyyəsinə malik peşəlar kadrların çəkisi əhəmiyyətlidir. Sürətli texnoloji tərəqqi bilik və bacarıqların fasiləsiz olaraq yeniləşməsini tələb edir ki, bu da ömür buyu təhsilin zəruriliyini şərtləndirir. Bu həm də vətəndaşın daim dəyişən və yeniləşən inkişaf prosesində hazırlığını təmin edir.
Bilik və bacarıqlar təhsil müəssisələrinin sayı və təhsilin müddəti ilə deyil, öyrənmə prosesinin keyfiyyəti ilə əldə olunur. Buna görə də təhsilin keyfiyyətinin təminatı başlıca strateji prioritetə çevrilməlidir.
Təhsilin məzmununda olan bu köklü dəyişiklik onun formasında da dəyişiklikləri zəruri edir, onun müxtəlif formalarına yenidən yanaşılmasını tələb edir. Eyni zamanda təhsilin müxtəlif pillələrinin müddətinin dünya standartlarına üyğunlaşdırılması və onun maksimum səmərələşdirilməsi qarşıya qoyulan məsələlərdən biridir.
Təhsilin məzmununun qabardılması, onda nəzəri biliklərlə praktik vərdişlərin nisbətinin aktuallaşdırılması günün tələbindən irəli gəlir. Prioritetlərin dəqiq müəyyənləşdirilməsi təhsilin məqsədyönlülüyünü artırır. Tərtib edilən kurrikulumlarda forma və məzmunun vəhdətinə diqqətin artırılması, innovativ metodların geniş tətbiqi ölkə təhsilini müasir tələblərə yaxınlaşdırır. Sənəddə qeyd olunur ki, ümumi təhsil pilləsində şəxsiyyətin hərtərəfli formalaşdırılması prioritet olduğu halda, ali təhsildə əmək bazarının cari və gələcək tələbləri əsas götürülür. Ali təhsil kurikulumunun daimi inkişafı əmək bazarı subyektlərinin tələblərinin sistematik öyrənilməsini vacib edir. Bu proses əmək bazarında iş təklif edən, istər dövlət, istərsə də qeyri-dövlət sektorunda fəaliyyət göstərən bütün subyektləri ali təhsil prosesində başlıca maraqlı tərəfə çevirmişdir.
“Təhsil strategiyasında” vacib istiqamət kimi qoyulan
problemlərdən biri təhsilin başlıca fiqurlarından biri olan müəllimlərin – bilik verənlərin çoxsaylı problemlərinin yeni əsaslarla qoyulması və həlli yollarıdır. Onların sırasına müəllimlərin peşəkarlıq səviyyəsindən tutmuş onların əməyinin stimullaşdırılması, tədris fəaliyyəti üçün maksimum şəraitin yaradılması və s daxildir.
Müəllimin fərdi keyfiyyətləri ilə yanaşı tədris metodikasına xüsusi diqqət ayrılması təqdirəlayiqdir. Müəllimin peşəkarlıq səviyyəsi ilə müasir metodikaların tətbiqi, onların yaradıcı şəkildə inkişaf etdirilməsi, yaradıcı fəaliyyətin stimullaşdırılması bir birini tamamlayan məqamlardır və onların həllinə kompleks yanaşılması başlanmış işin uğuru üçün vacib şərtdir. İslahatlar keçirilən zaman idarəetmədə əsas hədəf bu sahədə münasibətlər sistemini yeni ictimai-iqtisadi münasibətlər mühitinin şəraitinə uyğunlaşdırmaqdır. İslahatlar ona görə zəruri olmuşdur ki, köhnə təhsil köhnə ictimai-iqtisadi münasibətlər sisteminin tərkib hissəsi olmaqla onun standartlarına uyğun idi və onun verdiyi məhsul – yəni hazırladığı mütəxəssislər, yetişdirdiyi vətəndaşların dünyagörüşü həmin sistemin təməli üzərində qurulmuşdu.
Burada söhbət təkcə təhsil alanın aldığı təhsilin məzmunundan getmir. Həm də idarəetmə, təhsil subyektlərinin münasibət sistemi, təhsil-praktika əlaqəsi problemləri, məhsulun keyfiyyətinə görə
cavabdehlik, təhsilin məhsulunun alıcısı və satıcısı məsələsi, maliyyələşmə mənbələri və onun sərfiyyətinə görə cavabdehlik mexanizmləri, təhsilə nəzarətin subyektləri və onların təsir formaları və sair bu kimi qlobal məsələlər ön plana çıxır. Təhsilin fəlsəfəsi dəyişir, Onun ictimai həyatın bütün başqa sahələri ilə əlaqəsi və münasibətlər sistemi yeni mühitin qaydaları əsasında qurulur.
Qloballaşma prosesi keçirilən islahatları labüd edir. Belə bir şəraitdə ləngiyən geridə qalmağa məhkumdür. Düzdür, bu prosesdə hər bir dövlətin potensialı mühüm rol oynayır. Elə layihələr vardır ki, onu həyata keçirmək kiçik dövlətlərin gücü çərçivəsində deyildir. Lakin bu vəziyyətdən də çıxış mövcuddur. Düzgün istiqamət götürüldüyü təqdirdə ümumdünya prosesləri çərçivəsində hər bir müşkülü, o cümlədən təhsil sahəsində olan problemləri uğurla həll etmək olar. Qloballaşma şəraitində dünyanın təhsil potensialından bəhrələnmək mümkündür. Bunula yanaşı belə bir şəraitdə diqqət milli özünəməxsusluğun qorunması, milli maraqların təmin olunmasının daim diqqət mərkəzində olmasıdır. (7)
Müasir dövrdə Azərbaycanda keçirilən təhsil islahatlarında keyfiyyət problemlərinin ön plana çıxarılması qanunauyğundur. Çünki bu sahədə təkcə statistik artımla istənilənə nail olmaq mümkün deyildir. Yalnız keyfiyyətli nəticələrlə Azərbaycan təhsilinin rəqabətqabiliyyətliliyini təmin etmək olar. Azərbaycan təhsilinin müxtəlif pillələrinin problemləri proqram sənədlərində, o cümlədən “Təhsil strategiyasında” qaldırılır və onların həlli istiqamətində əsaslı addımlar atılır.

 

 qeydlər:

1. http://www.edu.gov.az/view.php?lang=az&menu=71
2. http://www.edu.gov.az/view.php?lang=az&menu=72
3. http://www.edu.gov.az/view.lang=az&menu=83&id=74
4. http://xaricdetehsil.edu.gov.az/uploads/Statistika.pdf
5. İ.Z.Əliyev, C.M.Cəfərov Avropada Boloniya prosesi və onun Azərbaycanda perspektivləri, Bakı, 2009
6. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası. http://www.president.az/articles/9779
7. İ.Z.Əliyev. Qloballaşma dövründə Azərbaycanda orta məktəb məzunlarının təhsil və məşğulluq problemləri, Bakı, 2010
?lang=az&menu=72


Müəllifin digər yazıları

  1. YENİDƏNQURMA DÖVRÜNDƏ SSRİ-də ALKOQOLİZMƏ QARŞI MÜBARİZƏ VƏ ONUN NƏTİCƏLƏRİ HAQQINDA
  2. Qarabağ münaqişəsinin nizamlanmasının başlıca maneələrindən biri mövcud status-kvodur
  3. AZƏRBAYCANLI “ZİYALININ” ERMƏNİSAYAĞI GEDİŞLƏRİ
  4. Azərbaycan Xalq Cümhuriyyəti müasir dövlətçilik tarixində
  5. Ermənistanda dəyişikliklər nə vəd edir?
  6. Azərbaycan torpaqlarının ermənilər tərəfindən zəbt edilməsi tarixindən
  7. 2017-ci il: gözləntilər və nəticələr
  8. AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜSTƏQİLLİYİNİN BƏRPASI VƏ İNKİŞAFI DÖVRÜNDƏ AZƏRBAYCAN-TÜRKİYƏ MÜNASİBƏTLƏRİ
  9. 1980-ci İLLƏRDƏ SSRİ-də Y.ANDROPOV HAKİMİYYƏTİ VƏ ONUN İSLAHATLARI
  10. SSRİ-nin beynəlxalq münasibətlər sahəsində Heydər Əliyevin xidmətləri
  11. SSRİ-NİN İFLASININ SƏBƏB VƏ NƏTİCƏLƏRİ HAQQINDA
  12. AZƏRBAYCAN RESPUBLİKASI 25
  13. Müasir Azərbaycan dövlətçiliyində Konstitusiyalar
  14. Azərbaycanda müasir demokratik dövlətçiliyin təkamülü
  15. Qarabağ problemi son hadisələr işığında
  16. Müstəqil Azərbaycan Respublikasında turizmin inkişafı
  17. Azərbaycan Respublikasında dövlət-din münasibətlərinə dair
  18. Ali təhsildə keyfiyyətin müasir vəziyyəti və onun aktual problemləri
  19. Azərbaycanda III sektor və onun mövcud vətəndaş cəmiyyətində yeri
  20. AZƏRBAYCANDA MİLLİ DÖVLƏTÇİLİYİN DİRÇƏLİŞİ VƏ ONUN TARİXİ KÖKLƏRİ
  21. Postsovet məkanında müstəqil dövlətlərin yaranması və onların müasir dünya durumunda yeri
  22. “Erməni soyqırımı” əfsanəsi və müasir dövrdə onun hədəfləri
  23. BEYNƏLXALQ ALƏMDƏ AZƏRBAYCANA QARŞI TƏZYİQLƏRİN ARTMASI VƏ ONUN REAL MAHİYYƏTİ
  24. Müasir dünya durumunda Azərbaycanin aktual problemləri
  25. Müasir Azərbaycan beynəlxalq norma və prinsiplər kontekstində
  26. Azərbaycan Respublikasında təhsilin aktual problemləri - EKSKLÜZİV
  27. Prezidentin çıxışı söykəndiyi reallıqlarla güclü idi
  28. Qarabağ münaqişəsi ətrafında bəzi mülahizələr
  29. Yenidənqurma dövründə Sovetlər İttifaqında milli məsələ və etnik konfliktlər
  30. DAĞLIQ QARABAĞ KRIM DEYİL ...
  31. Sovet xalqının insanların yeni tarixi birliyi olmasiı haqqında tezis və onun 1970-80-ci illərində sovet dövlətinin milli siyasətində yeri
  32. AZƏRBAYCANIN HAZIRKI İNKİŞAF KURSUNA ALTERNATİV YOXDUR
Son xəbərlər
 
Xəbər başlıqları
21-07-2018
20-07-2018
20.07.2018 Neft bahalaşıb
19-07-2018
19.07.2018 Bakıda yanğın

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.96 san