11:37 19 Oktyabr 2014
Çap versiyası
Vüqar Rəhimzadə
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Giriş

Qlobal transformasiya və inteqrasiya proseslərinin cərəyan etdiyi müasir dünyada sivilizasiyanın inkişafının yeni mərhələsi ilə qarşılaşmaqdayıq. Sənaye cəmiyyətinin dəyişməsi üçün zəmin formalaşdırmış yeni ictimai-iqtisadi formasiyanın determinantları və indikatorları üzrə çıxır ki, o, "informasiya cəmiyyəti" adlandırılır. Artıq bu günün də reallığı olan postindustrial cəmiyyət konsepsiyasının əsas resursunu da informasiya təşkil edir.
Hələ XX əsrdə "informasiya" anlayışı bir çox elmi sahələrdə inkişafın əsas faktoru kimi xüsusi əhəmiyyət kəsb etməyə başlamışdı. Postindustrial cəmiyyət konsepsiyasının banilərindən sayılan D.Bell informasiya dedikdə, iqtisadiyyatda və sosiumda axtarılan, emal edilən və qorunan, yayılan aprior resursu nəzərdə tuturdu.[1, səh. 21]
Yeni fəlsəfi lüğətlərdə informasiyanı bilik və məlumatların cəmini ifadə edən ümumi elmi anlayış kimi dəyərləndirirlər. Sözügedən resurs əsasında qərar tutan "informasiya cəmiyyətinin" mahiyyətinə varınca, Y.Xayaşi, D.Bell, O.Toffler, Y.Masuda, U.Martin, A.Turen, M.Maklyuen və başqaları bildirir ki, insan bəşəriyyəti aqrar və sənaye inkişaf mərhələsindən sonra yeni – informasiyanın vacib resurs kimi qəbul edildiyi və ona yiyələnmənin əsas ideologiya olduğu "informasiya cəmiyyəti" bərqərar olur.
P.Drakerin, R.Xatçinsin, T.Husenin və başqalarının nəzəriyyəsində informasiya texnologiyalarının əhəmiyyəti qeyd olunur.
Bir sözlə, informasiya və kommunikasiya texnologiyalarının sürətlə inkişaf etməsi, iqtisadiyyatda və cəmiyyətin həyatında daha geniş istifadə edilməsi həqiqi surətdə sosiumun yeni inkişaf konsepsiyasının meydana çıxdığını əminliklə deməyə əsas yaradır. Bu da birmənalı olaraq "informasiya cəmiyyətidir".

“İnformasiya cəmiyyəti” nədir?

İnformasiya cəmiyyətinin yaranışı amerikalı alim Fris Maxlup və yapon sosioloqu Umesao Tadaonun adları ilə bağlıdır. Bu anlayış ABŞ və Yaponiyada onlar tərəfindən eyni vaxtda elmi dövriyyəyə çıxarılıb və sonradan informasiya cəmiyyəti konsepsiyası yapon sosioloqu və futroloqu Yonedzi Masuda, amerikalı iqtisadçı Mark Porat, ingilis alimi Tom Stounyer və başqaları tərəfindən inkişaf etdirilib.
İnformasiya cəmiyyəti anlayışı ilə yanaşı, eyni zamanda, “texnotron cəmiyyət”, “biliklər cəmiyyəti”, “postindustrial cəmiyyət”, “açıq cəmiyyət” kimi anlayışlardan da istifadə olunub və olunmaqdadır.
Piter Drаker "Postkapitalist cəmiyyəti" kitabında yazır ki, cəmiyyət kapital, torpaq və fiziki əmək üzərində qurulmuş cəmiyyətin daha üstün forması olan "informasiya cəmiyyəti"nə daxil olur. O, təsdiqləyir ki, cəmiyyətin bu tipi ümumi iqtisadiyyatın vəziyyətinə, biznesin idarəedilməsinə, təhsilin roluna güclü təsir edir və bütün sistemin fasiləsiz işləməsini şərtləndirir. Bu cəmiyyətdə insan həyatının bütün konstruksiyası dəyişir, dəyərlər sistemini fərqli rakursda inkişaf etdirir. Sənaye cəmiyyətindən fərqli olaraq, "informasiya cəmiyyətində" maddi məhsulların istehsalı və istehlakı deyil, burada intellekt, bilik istehsal olunur və istehlak edilir. [2, səh. 71] Yeni ictimai-iqtisadi formasiya daxilində dövlət idarəçiliyindən tutmuş iqtisadiyyat, sosial həyat, elm və təhsil, hüquq-mühafizə sistemi bütövlükdə insan həyatının bütün sahələri informasiya-kommunikasiya texnologiyaları əsasında realizə edilir. Yəni ana tezis ondan ibarətdir ki, "informasiya cəmiyyətində" sosium informasiya istehsal edən İKT vasitəsilə idarə olunur. "E-hökumət" layihəsinin də meydana gəlməsi birbaşa olaraq, bu tip cəmiyyətin tələbindən irəli gəlir.
İnformasiya cəmiyyəti – bu, cəmiyyətin hərtərəfli informasiyalaşdırılmasını xarakterizə edən sivilizasiyanın postindustrial inkişaf mərhələsində formalaşır və postsənaye dövrünü əvəzləyir. Bu cəmiyyətdə informasiyanın strateji resurs kimi rolu kütləni və ictimai şüuru manipulyasiya edən elektron kütləvi informasiya vasitələrinin inkişafı ilə yüksəlir. “İnsan intellektinin imkanlarını dəfələrlə artıran yeni sənaye inqilabı” dövründə kommunikasiya və informasiya texnologiyaları əsas qüvvəyə çevrilirlər. Bu gün bütün aparıcı ölkələr informasiya texnologiyalarından milli maraqlar naminə istifadə etməklə, qlobal informasiya cəmiyyətinə daxil olmaq üçün dövlət proqramları hazırlayır və həyata keçirirlər.
Professor U.Martin informasiya cəmiyyətini “postindustrial cəmiyyət”in inkişafı kimi başa düşür və onun əsas kriteriyalarını müəyyənləşdirir:
- Texnoloji: vacib faktor qismində çıxış edən informasiya texnologiyaları istehsalatda, təhsil sistemində, bir sözlə, cəmiyyətin bütün sferalarında aparıcı rol oynayır;
- Sosial: informasiya cəmiyyətin həyat şəraitinin keyfiyyətcə inkişafında, “informasiya şüuru”nun formalaşdırılmasında və reallaşdırılmasında əsas stimulyator rolunda çıxış edir;
- İqtisadi: informasiya iqtisadiyyatda resurs, xidmət, məhsul, məşğulluq və dəyər mənbəyi kimi mühüm faktor olaraq qəbul edilir;
- Siyasi: müxtəlif siniflər və təbəqələr arasında siyasi proseslərdə iştirakına və konsensusun əldə olunmasına təsir edən informasiya azadlığı;
- Mədəni: ayrı-ayrılıqda fərdlərin, yaxud da cəmiyyətin inkişafı maraqları baxmından informasiyanın mədəni dəyəri. [3, səh. 118]
İnformasiya cəmiyyətində İKT-nin inkişafı və geniş tətbiqi, informasiya texnologiyalarının cəmiyyətin bütün həyat sferalarını əhatə etməsi ictimai istehsalatda, sosial qrupların fəaliyyətində, fərdlərin tərbiyə edilməsində, həmçinin sosiumun sosial strukturunda iqtisadi və siyasi əlaqələrin inkişafında mühüm rol oynayır. Bununla da, insan cəmiyyətin siyasi, iqtisadi, dövlət, təhsil, ictimai həyatında aktivlik nümayiş etdirə bilir. İnformasiya cəmiyyətində sosiumun iki sinfə bölünməsi industrial cəmiyyətdən daha tez baş verir. Burada biliklərin (informasiyanın) daşıyıcısı olan intellektuallar və informasiya iqtisadiyyatına daxil olmayanlar sinfi ortaya çıxır. İnformasiya cəmiyyətində insanların həyat şəraiti, sosial qrupların dəyərlər sistemi dəyişir, beləliklə də, maddiliyə münasibətdə informasiya dəyərlərinin əhəmiyyəti yüksəlir. Bu mənada, E.Toffler qeyd edib ki, informasiya cəmiyyətinin bərqərar olması sosiumda istehsal sahəsində özü ilə birgə məcburən gətirəcəyi sosial yeniliklər ruhunda radikal dəyişikliklər baş verəcək. [4, səh. 34]
İnformasiya cəmiyyəti haqqında Y.Masuda isə öz konsepsiyasında onun fərqli əlamətləri kimi aşağıdakıları ayırır:
- yeni cəmiyyətin əsası - insana zehni işində kömək etməyə qabil olan kompüter texnologiyaları;
- koqnitiv informasiyanın, texnologiyaların və biliklərin kütləvi istehsalı;
- iqtisadiyyatın qabaqcıl sahəsi - intellektual istehsal;
- yeni cəmiyyətin başlıca məqsədi - vaxtın dəyərliliyinin realizasiyası. [5, səh. 155]
Beləliklə də, informasiya cəmiyyətinin xarakterik xüsusiyyətləri kimi informasiya böhranının aradan qalxmasını, informasiya axını və informasiya “qıtlığı” arasındakı ziddiyyətin həll olunması, informasiya və kommunikasiya texnologiyalarından istifadənin kütləvi hal alması, sosial və iqtisadi fəaliyyətin yeni formalarının yaranması, İKT vasitəsilə hər bir insanın, bütün sivilizasiyaların informasiya resurslarına sərbəst çıxışının reallaşmasını göstərmək olar.

İnformasiya yeni cəmiyyətin əsas faktoru kimi

İnformasiya elm adamları üçün artıq yarım əsrdən çoxdur ki, böyük maraq doğurur. Müasir zamanda “informasiya” anlayışına birmənalı təyinat vermək çətin olaraq qalır.
Ensiklopedik nəşrlərdə “informasiya” anlayışının latın “informati” sözündən yarandığı göstərilir. Materialist fəlsəfə nöqteyi-nəzərindən informasiya məlumatların (məlumatvermənin) köməyi ilə real dünyanın təsviri kimi nəzərdən keçirilərək dəyərləndirilir. Məlumatvermə isə informasiyanın nitq, mətn, şəkil, rəqəmsal göstərici, qrafik, cədvəl və s. təqdimatlar forması kimi səciyyələndirilir.
Çağdaş zamanda informasiya çox mühüm resurs kimi bəşər cəmiyyətinin əsas hərəkətverici qüvvələrindən biri hesab olunur. O, idrakımızdan asılı olmadan mövcuddur və bizim qavrayışda mütaliənin, siqnal formasında alınmanın, stimulların qarşılıqlı təsirinin nəticəsi kimi əksini tapır. İnformasiya çoxtəsvirlilik vəziyyətində istənilən material obyektdə mövcuddur və bir obyektdən digərinə qarşılıqlı hərəkət prosesi ilə ötürülür. Material dünyada, canlı təbiətdə, bəşər cəmiyyətində baş verən informatizasiya prosesləri demək olar ki, elmin bütün sferalarında nəzərə alınır və öyrənilir. Ayrılıqda isə informasiya özünün konseptual təyinatını “informatika” elmində tapır. Ötən əsrin ortalarında kibernetikadan ayrılaraq müstəqil elm sahəsinə çevrilən informatikanın predmetini də məhz informasiyanın yaranış metodu, qəbulu, emalı və ötürülməsi göstəriciləri xarakterizə edir.
Ümumi elmi anlamda informasiya insanlar arasında, həmçinin insanlar və qurğular arasında məlumat, canlı və cansız təbiətlə siqnallar mübadiləsini əks etdirsə də, onun müxtəlif təriflərinə rast gəlinir. Tanınmış Amerika sosioloqu Manuel Kastels informasiyaya bəsit tərif verir: “İnformasiya təşkil edilən və ötürülən göstəricilərdir” [6, səh. 233]. N.Vinner isə qeyd edir ki, “İnformasiya nə materiyadır, nə də enerjidir, informasiya elə informasiyadır”. [7, səh. 125]
İnformatizasiyanın tərifini tanınmış rusiyalı filosof Arkadi Ursul da verir. Onun təbirincə informatizasiya dedikdə, sivilizasiyanın intellektual səviyyəsinin köklü yüksəlməsi və bunun əsasında insanın bütün həyat fəaliyyətinin humanist yenidənqurulması məqsədilə informatika vasitələrinin köməyi ilə mühüm inkişaf resursu kimi informasiyaya tam malik olmağın yaradıcı prosesi başa düşülür. [8, səh. 93]
İnformasiyanın müxtəlif növləri arasında iqtisadi informasiya mühüm yer tutur. Fərqləndirici xüsusiyyəti kimi iqtisadi informasiyanı kollektivlərdə, təşkilatlarda idarəetmə prosesləri ilə bağlılıq səciyyələndirir. İqtisadi informasiya istehsal, bölgü, mübadilə və material nemət və xidmətlərin istehlakı proseslərini müşayiət edir. Onun əhəmiyyətli hissəsi ictimai istehsalla bağlıdır ki, bu da istehsal informasiyası kimi qəbul edilir.
Təriflərdən və onların mahiyyətindən irəli gələrək, demək olar ki, informasiya inkişafın ən mühüm istehsal, ictimai və sosial resursuna çevrilib, o, biliklər sinonimidir və ya başqa sözlə, biliklər informasiyanın özəyidir, onun mühüm hissəsidir, eyni zamanda, müasir informasiya sistemləri və texnologiyaları, onların qloballaşması vahid informasiya məkanına, mədəniyyətlərin, təhsilin, biliklərin və qismən iqtisadiyyatların qloballaşmasına gətirib.

KİV informasiya cəmiyyətinin aparıcı qüvvəsidir

İnformasiyanın, ölkədə və dünyada baş verən hadisələrin cəmiyyətə çatdırılmasında kütləvi informasiya vasitələrinin (KİV) rolu danılmazdır. KİV mürəkkəb proseslərdə müşahidəçi və iştirakçı rolunu oynamaqla informasiyanın cəmiyyətə çatdırılmasını təmin edir. Elə KİV-in funksiyaları – məlumatlandırmaq, maarifləndirmək, əyləndirmək onların cəmiyyətin inkişafındakı rolunu sübut etməyə yetərlidir. Cəmiyyətin informasiya ilə təmin olunmasında isə KİV özünəməxsus şəkildə sözünü deyir. Müasir dövrdə KİV dedikdə radio, televiziya, ənənəvi mətbuat (qəzet, jurnal) və İnternet nəzərdə tutulur. KİV-lər ictimai həyatı əks etdirir və İKT insanlar, dövlət orqanları və ümumilikdə, cəmiyyətin ünsiyyət qurması üçün bir vasitəyə çevrilir. Cəmiyyətin “güzgüsü” kimi KİV eyni zamanda demokratiya, siyasi proseslər, identiklik məsələsi, həmçinin ictimaiyyət və mədəniyyət problemlərində vacib faktor rolunu oynayır. Müasir dünyada KİV daha çox təbliğat və maarifləndirmə vasitəsi olmaqla, ictimai-siyasi və sosial-iqtisadi proseslərin idarə edilməsində də əhəmiyyətli yer tutur. Xüsusilə də, bu sahədə xüsusi aktuallığını qoruyub saxlayan ənənəvi media vasitələri – qəzet, jurnal və s. ictimai fikrin formalaşdırılması və idarə edilməsində öz sözünü deyir.
Amerikalı sosioloq E.Tofflerin informasiya cəmiyyətinin bərqərar olması ilə KİV-lə əlaqədar ortaya qoyduğu futuroloji fikirlər müəyyən mənada bu gün özünü doğrultmur. Toffler iddia edirdi ki, yeni cəmiyyətdə KİV-lər kütləvisizləşmə prosesi ilə üzləşəcək. O qeyd edir ki, yeni nəsil media və İKT vasitələrinin yaranması ilə xüsusilə də, ənənəvi mətbuat oxucu auditoriyasını itirməklə, əvvəlki rolundan məhrum olacaq. [4, səh. 109]
Lakin bu gün qloballaşma və transformasiya proseslərinin sürətlə getməsi və milli dövlətlərin ümumi sosio-mədəni identiklik prosesinə dirənməsi ənənəvi media vasitələrinin rolunun əvvəlki səviyyədə qalmasına əsas yaradır. Doğrudur, qəzet və jurnalların tirajlanmasında zəifləmə prosesi müşahidə olunsa da, onların ictimai fikrə təsiretmə gücü daha da yüksəlib. Bu mənada qəzet təkcə informasiya ötürücüsü deyil, çox böyük ictimai məlumatlandırma missiyası həyata keçirən vasitədir. Qəzet kütləvi şəkildə maarifləndirir – bu mənada qəzet bir müəllimdir. Qəzet tərcümə edir, izah edir, təhlil edir, deməli, qəzet analitikdir, güc, beyin mərkəzidir. Qəzet informasiya yayır, deməli, universal ötürücüdür. Qəzet bədii təfəkkür formalaşdırır, deməli, qəzet ədəbiyyatçıdır. Qəzet siyasi sistemi formalaşdırır, bu mənada qəzet siyasətçidir. Qəzet insanların hüquqlarını müdafiə edir, deməli, o həm də qeyri-hökumət təşkilatıdır, hüquq müdafiəçisidir. Qəzet insan hüquqlarını öyrədir və təbliğ edir, bu mənada qəzet hüquqşünasdır. Qəzet bizi özümüzə tanıdır, bu mənada qəzet psixoloqdur. Qəzet cəmiyyətdə olan neqativ və pozitiv prosesləri əks etdirir, bu mənada qəzet “aynadır”, “güzgüdür”. Qəzet mövcud problemlərin həlli yollarını göstərir, qəzet psixoloqdur və s. [9, səh. 6]
Radio, televiziya, sonda isə İnternet yarandıqdan sonra ənənəvi media digər KİV-lə rəqabətdə uduzmamaq üçün yeniliklərdən istifadə etməyə başladı. Belə ki, qəzet hadisə baş verəndən çox sonra bu barədə oxucuya informasiya verə bilir. Ona görə qəzetdə çalışan müxbirlər radioya məxsus olan canlı ünsiyyəti təmin etmək üçün reportaj janrından istifadəyə başladılar. Qəzetdə reportaj yazan jurnalist çox vaxt felin indiki zaman forması ilə danışaraq oxucunu hadisələrin iştirakçısına çevirməyə çalışır. Jurnalistlər nə qədər maraqlı, operativ analitik yazılar yaza bilsələr, yeni janrlar, formalar tapa bilsələr, oxucunu bu vasitələrlə nə qədər çox cəlb etsələr çap mediası o qədər də uzunömürlü olacaq.
Televiziya ilə rəqabətdə isə qəzetlər bu KİV-in bir sıra məhdudiyyətlərindən istifadə edərək uğur qazana bilər. Birincisi, televiziya yalnız kadrlar göstərə bildiyi hadisələrlə işləyir. O, vizual təsvirlərlə təchiz olunmamış materialla işləyə bilməz. Qəzetlərdə isə bəzən şəkil belə vermədən hər hansı hadisə haqqında informativ və ya analitik yazı vermək mümkündür. İkincisi, televiziyanın yarım saatlıq xəbər buraxılışını mətnə köçürsək bu qəzetin bir səhifəsini tuta bilər. Qəzet isə informasiyanı geniş və əhatəli şəkildə oxucuya çatdırmaq imkanına malikdir.
İnternetlə rəqabətdə isə mətbuat heç də ondan geri qalmır. İnternetin imkanlarından istifadə edən bir çox qəzetlər özlərinin İnternet variantlarını da yaradıblar. Beləliklə də, əldə etdikləri məlumatları daha geniş auditoriyaya və daha operativ təqdim etmək imkanı əldə ediblər. Eyni zamanda, internet portalları yalnız xəbər yaydığı və baş verən hadisənin əsl mahiyyətini açıb göstərə bilmədiyi üçün yenidən analitik yük qəzetlərin üzərinə düşür.
Qəzet mediasına meyil ənənəsi cəmiyyətdə hələ də davam edir və özünəməxsus keyfiyyətlərinə görə çap mediası elektron mediaya uduzursa, bunun əksi olaraq, elektron media da bəzi xüsusiyyətlərinə görə çap mediasından geri qalır. Arxivləşdirmə və intellektual keyfiyyətlərinə görə də, çap mediası yeni nəsil mətbuatdan daha etibarlıdır. Yəni qəzetdə araşdırmaya, maraqlı publisist yazılarına yer ayrılırsa, xəbəri özünəməxsus formada işləyib ictimaiyyətə çatdırırsa, geniş ictimai müzakirələrə yer verirsə, çap mediasının vaxtının keçməsi barədə danışmaq hələ tezdir. Elektron mediadakı rəqabət qəzetlə deyil, xəbərin operativ çatdırılmasına görə xəbər saytları arasında kimin qabağa düşməsi uğrunda gedən rəqabətdir. Bəzən elə olur ki, saytlarda yazılan xəbər operativ olsa da, birmənalı şəkildə “şok” effektə hesablanır, balans pozulur, qərəzli alınır.
Göründüyü kimi, informasiya cəmiyyətində medianın rolu danılmazdır və sosium inkişaf etdikcə, KİV-in əhəmiyyəti, ictimai-siyasi proseslərə təsiri və ictimai fikrin formalaşdırılmasında əhəmiyyəti getdikcə artır. Müasir İKT vasitələrinin meydana gəlməsi ilə yeni nəsil mətbuat vasitələrinin yaranması da yeni cəmiyyətin əsas indikatoru olan informasiyanın istehsalı, emalı və ötürülməsi işində KİV-lərin, xüsusilə də, ənənəvi medianın rolunu nəinki azaltmayacaq, əksinə, bu proses keyfiyyətcə yeni yüksəliş dövrü yaşayacaq.

 


ƏDƏBİYYAT

1. Белл Д. Наступление постиндустриального общества. Опыт социального прогноза. Москва, «Экзамен», 1973, стр. 118.
2. Дракер П. Посткапиталистическое общество. Новая постиндустриальная волна на Западе. Антология . под ред. В.Л.Иноземцева. Москва, «Academia», 1999. стр. 168
3. Мартин У. Дж. Информационное общество (Реферат). Теория и практика общественно-научной информации. Ежеквартальник. АН СССР. ИНИОН; Редкол. Виноградов В. А. Москва, 1990, № 3, стр. 115-123
4. Тоффлер Э. Шок будущего. Москва, «ACT», 2001. стр. 560
5. Масуда Е. Информационное общество как постиндустриальное общество. Москва, “ЭКСМО ПРЕСС”, 2003. стр. 448
6. Кaстельс М. Информационная эпоха. Экономика, общество и культура, Москва, ГУ ВШЭ, 2000. стр.608
7. Винер Р. Кибернетика. Москва, Наука, 1983. стр.344
8. Урсул А.Д. Информация, методологические аспекты. Москва, Наука, 1979. стр.293
9. “525-ci” qəzet. № 042 (3598), 8 mart 2012, səh.6


Müəllifin digər yazıları

  1. Azərbaycan mətbuatında varislik prinsipi cümhuriyyət dövrünün mediasının milli təfəkkürün inkişafındakı rolu kontekstində
  2. Vüqar Rəhimzadə: “Qoca qitə”nin İslam dünyasına baxışı ədalətsiz və qərəzlidir
  3. Forum sivilizasiyalararası dialoqa mühüm töhfələr verəcək
  4. Azərbaycanın KİV və İKT sahəsindəki uğurları ABŞ-da nəşr olunan beynəlxalq jurnalda
  5. Xalq öz Prezidentinə, Prezident isə öz xalqına arxalanır
  6. Ulu öndər Heydər Əliyevin yaratdığı dövlətçilik tarixi milli sərvətimizdir
  7. Sürətlə inkişaf edən, dəyişən dünyada xalqlar və dövlətlər yaxınlaşır, insanlar və talelər birləşir
  8. Müasir Azərbaycan mətbuatının inkişafı Heydər Əliyevin adı ilə bağlıdır
  9. Sosial transformasiya prosesində KİV-in funksiyaları
  10. YENİ ƏSRİN LİDERİ
  11. Əbədiyaşar lider
  12. KİV-İn İNFORMASİYA CƏMİYYƏTİNDƏ YERİ VƏ ROLU
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
25-09-2018
24-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.2898 san