10:22 07 Oktyabr 2014
5913 dəfə oxunub
Çap versiyası

 

KASIB AİLƏ

Axşam saat 9-dur. Kasıb ailə şam eləyib. Televizorun qabağında oturub türk serialına baxır. Bu dəm qapının zəngi çalınır.  Evin kişisi qapıya çıxır.

-         Ay xoş gəlib, səfa gətirmisiniz.

-         Xoş gününüzə gələk.

-         Buyurun, keçin içəri.

HAŞİYƏ:

Belə bir lətifə var. Günlərin bir günu kasıb ailə şam edir. Birdən arvad əlindən bıçağı salır.

-         Ay kişi, qonaq gələcək.

Elə bu dəm qapının zəngi çalınır. Kişi qapını açır. Dörd nəfərdən ibarət qohum dəstəsi içəri girir. Süfrə açıq olduğundan onları da stola dəvət edirlər. Kişiylə qadın əlini yeməkdən çəkir ki, qonaqlara bir şey çatsın. Bir az keçir arvad yenə də bıçağı əlindən yerə salır.

- Ay kişi, qonaq gələcək.

Bu dəm yenə qapı döyülür. Kişi qapını açır. Üç qohum da belə gəlir. Onlar da süfrə arxasına oturur.  Bu dəfə ana “uşaqlar dərslərini hazırlamalıdırlar” bəhanəsiylə onları süfrədən uzaqlaşdırır. Ki, qonaqlara yemək çatsın. Bir az keçir arvad yenə bıçağı əlindən salmaq istəyir. Onu güdən əri bıçağı göydəcə tutur. Kişi sevincək:

-         Ay arvad, yaxşı ki, bıçağı göydə tutdum. Yoxsa yenə qonaq gələcəkdi,- deyir.

Amma bu dəm yenə qapı döyülür. Ortada isə yemək yox. Soyuducu da boş. Kişi qanıqara qapını açır. Kandarda qonşusunu görüb sevinir.

-         Qonşu, xeyir ola?

-         Qonşu, sizə qonaq gəlib. Liftə qalıblar. Gəl kömək elə, çıxaraq. SON.

Qonaqlar içəri keçir.

-         Ay arvad,  əziz qonağımız var.  Allah verəndən gətir düz stola.

Arvad çaş-baş qalır. Əvvəl tezcə çay dəmləyir. Soyuq dəyəndə uşaqlar üçün  saxladığı zoğal mürəbbəsindən  qaba tökür. Səhər uşağın dərsə aparacağı peçenyeni qabından çıxarıb səliqəylə boşqaba düzür. Çayı süzüb podnosda  aparıb süfrəyə düzür. Sonra yenidən mətbəxə qayıdır. Soyuducunu açır. Baxır. Görəsən Allah verəndən soyuducuda nə qalıb? Gözünə kərə yağı, “Üç inək”  pendiri, bir də 7 qəpiklik yumurta sataşır. Altı dənə yumurtanı bir qaba vurur. Üstünə azça çay sodası tökür ki, köpsün.  Yaxşıca çalır. Yağ dağa düşəndən sonra tavaya tökür. Pendiri dilim-dilim doğrayır. Yayda bağladığı badımcan kürüsü də yadına düşür. Çörəyi doğrayır. Podnosa qoyub süfrəyə aparır.  Kişi də çebuş arağı qoyur ortalığa. Arvad:

-         Pendir kənd pendiridir. Anam rayondan göndərib.

-         Bəh-bəh-bəh! – kişi arvadın sözünə qüvvət verir.

-         Yumurtaları da anam göndərib. Həyətimizdəki qara toyuğun yumurtasındandır.

-         Bəh-bəh-bəh ! – kişi yenə əlavə edir.

-         Çörək də öz təndirimizdən çıxıb.

-         Bəh-bəh-bəh! – kişi başını razılıqla tərpədir.

-         Nuş olsun. Bir az tez gəlsəydiniz anamın kənddən göndərdiyi beçəni çığırtma bişirmişdim. Neynək. Gələn dəfə əvvəlcədən xəbər verərsiniz. Bu dəfə xəcalətliyik yanınızda.

ORTABAB  AİLƏ

Axşam saat 9-dur. Ortabab ailə şam eləyib. Televizorun qabağında oturub rus kanallarına baxır. Bu dəm qapının zəngi çalınır.  Evin kişisi qapıya çıxır.

-         Ay xoş gəlib, səfa gətirmisiniz.

-         Xoş gününüzə gələk.

-         Buyurun, keçin içəri.

Qonaqlar içəri keçir.

-         Ay arvad,  əziz qonağımız var. Allah verəndən gətir düz stola.

Arvad özünü itirmir. Əvvəl tezcə çay dəmləyir. Qonaq üçün saxladığı şaftalı, əncir  mürəbbəsindən ümumi qaba tökür. Uşaqların əlindən gizlətdiyi, qonaq üçün saxladığı şokolad konfeti çıxarıb qənddana tökür. Çayı süzüb podnosda  aparıb süfrəyə düzür. Sonra yenidən mətbəxə qayıdır. Soyuducunu açır. Baxır. Görəsən Allah verəndən soyuducuda nə qalıb? Çəkilmiş mal əti. Bundan tezcə kotlet bişirmək olar. Yanında da kartof qızartması. Bir də vermişel dəmləsəm yerinə düşər. Həm də tezbazar. Yaxşı ki, yayda qoyduğum tutmalar var. Hələ bolqarski peresi demirəm. Qonaqların yanında xəcalətli qalmaram. Tezcə bunları hazırlayıb, podnosa qoyub süfrəyə aparır. Evin kişisi də bardan yaxşı moskovski araq götürüb ortaya qoyur.

Gələn qonaq da məəttəl qalır ki, bu qısa zaman ərzində evin xanımı bu qədər neməti necə hazırlayıb süfrəyə düzdü. O saat deyirlər:

-         Əhsən. Bərəkallah.

 

HAŞİYƏ: Atam Qabil piyada gəzməyi çox sevirdi. Buna piyada demək də olmazdı. Bir də görürdün Mərkəzi univermağın yanından  Lökbatana qohumlarımız İsmayıl Babayev və Sara xanımgilə piyada gedərdi. Hətta bunu xalq yazıçımız İsmayıl Şıxlı da qələmə almışdı:

“Qabildə qəribə xasiyyət var. Kefi yuxarı olanda ya piyada Şağana, ilk şeirini bəyənən mərhum şair Bəbir Məmmədzadənin qəbrinin üstünə, ya da Lökbatana, dostu İsmayılın evinə gedərdi. Bir gün yenə gecə yarıdan keçmiş, kefi yuxarı halda, asta addımlarla qəbiristanlıqdan keçib “Volçi-vorot”a doğru addımlayır. Bunu milisionerlər görür və fikirləşirlər ki, “görəsən bu nə canlı-cinlidir və gecənin bu vaxtında hara gedir?” Motosikleti sürüb enişin başında onun dalından çatırlar. Qabil dərhal əlini qoltuq cibinin üstünə qoyub qışqırır.

-         Mən sizə “prava” verən deyiləm. Qaydanı pozmamışam. Öz yolumla gedirəm.

Milisionerlər təəccüblənirlər.

-         Ay kişi, nə prava, nə yol, sən nə danışırsan?

-         Necə yəni nə danışırsan, mən sizi yaxşı tanıyıram. İstəyirsiniz ki,  pravamı da, maşınımı da əlimdən alasınız.

-         Ay yoldaş, maşın nədir, sən piyada gedirsən.

-         Onda nöşün mənə ilişibsiniz?

-         İlişməmişik. Bilmək istəyirik gecənin bu vaxtında piyada hara gedirsiniz?

-         Sizə nə var, özüm bilərəm. Lap Lökbatana gedirəm, sonra?

-         Axı, siz kimsiniz?

-         Nəyinizə lazımdır?

-         Bax, çox oyan-buyan eləsəniz, sizi tutarıq.

-         Tuta bilməzsiniz. İxtiyarınız yoxdur. Mən şair Qabiləm.

Milisionerlər Qabil adını eşidən kimi yumşalırlar və başlayırlar onu dilə tutmağa.

-         Qabil müəllim, inciməyin, tanımamışıq. Gəlin qayıdın evinizə.

-         Yox, mən Lökbatana gedəcəm.

Milisionerlər görürlər ki, onu inadından döndərmək çətindir və yolu əlinə alıb enişaşağı gedir. Dalından çatıb motosikleti yanında saxlayırlar.

-         Qabil müəllim, oturun aparaq.

-         Hara?

-         Lökbatana.

-         Bax, bu oldu əla.

Onu motosikletin yüyürəyində əyləşdirirlər və yola düşürlər. Qabili dərhal mürgü basır və xəbəri olmur ki, motosiklet enişi enib dəniz sahilinə çıxır, dövrə vurub geri qayıdır.

Şıx çimərliyindən Bayıldan keçib Hüsü Hacıyev küçəsində dayanır.

-         Şair, çatdıq, düş.

O, oyanıb soruşur:

-         Hara, Lökbatana?

-         Bəli.

Düşür. Motosiklet aralanır. Qabil diqqətlə binaya baxıb çiynini çəkir.

-         Heç nə başa düşmürəm. Lökbatan niyə bizim evə oxşayır?!”

Atama milislər mane olmayanda Lökbatana gecəyarı çatırdı. Sara xala da Allah verəndən stolun üstünə düzürdü. Kotlet, kartoşka qızartması, vermişel. Atam da zarafatca bu yeməklərin adını “dejurnı kotlet” qoymuşdu. SON.

 

VARLI AİLƏ

Axşam saat 9-dur. Varlı ailə şam eləyib. Televizorun qabağında oturub xarici kanalda ingiliscə xəbərlərə baxır. Bu dəm qapının zəngi çalınır.  Evin kişisi qapıya çıxır.

-         Ay xoş gəlib, səfa gətirmisiniz.

-         Xoş gününüzə gələk.

-         Buyurun, keçin içəri.

Qonaqlar içəri keçir.

-         Ay arvad,  əziz qonağımız var. Allah verəndən gətir düz stola.

Arvad yerindən tərpənmir. Gözüylə xidmətçiyə işarə edir. O da mətbəxə keçib çay və  kofe dəmləyir. Xarici şokoladları səliqəylə qənddana düzür. Cənnət alması, qoz, zeytun mürəbbəsini qaba tökür. Bon-apetitdən, AZZA-dan sifariş edilən tortu, pirojnaları doğrayır. Podnosda  aparıb süfrəyə düzür. Sonra yenidən mətbəxə qayıdır. Soyuducunu açır. Baxır. Görəsən Allah verəndən soyuducuda nə qalıb? Beş cür xarici kolbasa, qara-qırmızı kürü, vetçina, balık, ləvəngi, burjanina. Bir də şamdan qalan plov, iki cür qara. Tezcə bunları da qızdırıb, podnosa qoyub süfrəyə aparır. Evin kişisi də servantı açıb viski, tekila götürüb ortaya qoyur.

-         Siz Allah, bağışlayın da. Bivaxt gəlmisiniz. Allah verəndən nuş eləyin. Bir pənco-pənco da boğazımızı yaşlayaq.

-         Allah süfrənizi açıq eləsin.

ALLAH YETİRƏN

Allah təkdir. Allah adildir. Amma nədənsə yetirəndə birinə qayğanaq verir, birinə də qara kürü. Birinə çebuş içizdirir, o birinə viski. Biri qonağa uşağının boğazından kəsdiyini yedizdirir, o biri isə özgələrinin boğazından kəsdiyini. Görəsən niyə? Tapdım. Kim ki, bu dünyaya Cənnət deyib, təamlar yeyəcək, onlar o biri dünyada cəhənnəmlik olacaqlar. Kim ki, bu dünyada kasıbçılıqla yaşayacaq, daha doğrusu sürünəcək, o dünyada cənnətlik olacaqlar. Məncə Cənnətə getmək üçün bu dünyada cəhənnəmlik olmağa dəyməz.

 


Müəllifin digər yazıları

  1. DİN və din
  2. ƏHMƏD ƏHMƏDZADƏ KİMDİR?
  3. NİZAMİ, QABİL BURDADI?
  4. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  5. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  6. "Arvad, qadın və sekskukla"
  7. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  8. Mahir Qabiloğlu - "Arvad və maşın"
  9. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  10. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  11. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  12. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  13. LUSİNE NERSESYAN, CAN, CAN...
  14. BULUDXAN XƏLİLOV VƏ MƏN
  15. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  16. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  17. AzTV nədir?
  18. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  19. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  20. TÖHMƏT
  21. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  22. JURNALİST VƏ XORUZ
  23. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  24. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  25. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  26. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  27. QAN
  28. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  29. Atam Qabilin “dərs”i
  30. “QATİLƏ”
  31. Hidayət Zeynalov nəvə toyu görmədi
  32. Öl deyəndə öl, qal deyəndə qal
  33. Arvada işim düşür...
  34. QURD YAĞI
  35. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  36. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  37. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  38. GÖZƏL İBRAHİM
  39. Zaur, bizi yetim qoyma!
  40. Mahir Qabiloğlunun köhnə arzuları
  41. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  42. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  43. Əmir Mustafayevin toyu
  44. HİDAYƏT VƏ FATMA
  45. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  46. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  47. Arvad, Allah verəndən gətir!
  48. İsmayıl Şıxlının böyük günahı
  49. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  50. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  51. Q. idi, Mən idim, Ş. idi...
  52. Bacarırsan yaşa, Bacarmırsan öl
  53. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  54. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  55. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  56. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  57. Sona Tağıyevanın məktəbi
  58. KİTAB OĞRUSU
  59. Ağasəlim Abdullayev, bağışla!
  60. BİZİM TELLİ PƏNAHQIZI
  61. Hacıbala Abutalıbovun Kişi sözü
  62. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  63. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  64. AĞACIN QARĞIŞI
  65. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  66. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  67. Milli komandamıza qara zurna kömək olsun
  68. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  69. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  70. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  71. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  72. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  73. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  74. RADİO VƏ DEPUTAT
  75. POLİS NƏCİB PEŞƏDİRMİ?
  76. Leyla Yunus papağı polisin başından qapdı və ...
  77. BOZQIRIN YALQUZAĞI
  78. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  79. DEBİL ARMEN -2
  80. DEBİL ARMEN - I
  81. Təhsil Nazirliyi və TQDK bir olsa...
  82. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  83. Vəzifəli balasından şikayət məktubu
  84. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
17-08-2018
16-08-2018
15-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.2214 san